BAKI-2021
4.Hidroloji rejim və axımın ölçü vahidləri.
Su obyektlərinin rejimi və ya hidroloji rejimi dedikdə, onların vəziyyətinin zamana görə dəyişmələrinin səciyyəvi xüsusiyyətlərinin toplusu başa düşülür.
Hidroloji rejim aşağıdakı ünsürlərin, çoxillik, mövsümi, sutkalıq tərəddüdlərində təzahür edir:
• suyun səviyyəsinin(səviyyələr rejimi);
• sululuğun (axım rejimi);
• buz hadisələrinin (buz rejimi);
• suyun temperaturunun (temperatur rejimi);
• axının nəql etdiyi gətirmələrin miqdarının və tərkibinin (gətirmələr
rejimi);
• həll olmuş maddələrin tərkibinin və konsentrasiyasının (hidrokimyəvi
rejimi);
• çay məcrasının dəyişməsinin (məcra prosesinin rejimi);
Dalğalanma rejimi, axının sürətlər rejimi və s. kimi terminlər də işlədilir.
Səviyyənin və sululuğun zamana görə tərəddüdləri birlikdə su rejimi adlanır.
Buz hadisələri müşahidə olunan su obyektlərinin vəziyyətindəki dəyişikliklərin toplusuna qış rejimi deyilir.
Hidroloji rejimə təsir göstərən hidrotexniki qurğuların olub-olmamasından asılı olaraq, tənzimlənmiş və təbii rejim anlayışlarından istifadə edilir. Su obyektlərinin növünə görə çayların rejimi, göllərin rejimi, bataqlıqların rejimi, yeraltı suların rejimi terminləri işlənir.
Hidroloji rejim elementləri dedikdə hadisə və proseslər (məsələn, səviyyənin, sululuğun, suyun temperaturunun və s. tərəddüdləri) nəzərdə tutulur ki, onların məcmusu su obyektlərinin hidroloji rejimini səciyyələndirir.
Hidroloji rejimin xarakteristkaları arasında çay axımı daha böyük praktiki əhəmiyyətə malikdir. Ərazinin su ilə təmin olunma səviyyəsi, hidroenerji
ehtiyatları və s. oradakı çayların axımının kəmiyyəti ilə müəyyən olunur.
Dostları ilə paylaş: |