TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix26.02.2017
ölçüsü3,9 Mb.
#9663
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

Abidələrin  icmalı.  Orta  Tunc  dövrü  Qafqaz  və  qonşu  ərazilərin  maddi 

mədəniyyətində  əvvəl  mövcud  olmuş  ümumiliyin  aradan  çıxması,  kiçik  ərazili 

mədəniyyətlərin  yaranması  və  inkişafı  ilə  səciyyələnir.  Hər  şeydən  əvvəl  bu, 

memarlıqda düzbucaqlı tikililərin inşasında, metalişləmə və dulusçuluq sənətində yeni 

formalı predmetlərin istehsalında öz əksini tapır. Ötən dövrdə atribut rolunu oynayan 

dairəvi  gil  manqallara,  yarımkürə  formalı  qulplara  və  ümumiyyətlə,  dulusçuluqda 

qabların  qulpla  təchizolunma  hallarına  demək  olar  ki,  rast  gəlinmir.  Azərbaycanın 

cənub  ərazilərində  boya  naxışlı,  qırmızı,  şimalında  isə  qazma  naxışlı  qara-boz  saxsı 

məmulatı  Orta  Tunc  dövrü  abidələrinin  mədəni  mənsubiyyətinin  göstərici  əlamətini 

təşkil edir. 

Azərbaycanda  Orta  Tunc  dövrü  abidələri  Naxçıvanda,  Kür  və  Araz 

vadilərində,  Urmiya  gölü  hövzəsində,  Qarabağ  düzənliyində,  Muğanda,  Qobustanda, 

Abşeronda və bir sıra başqa bölgələrdə məlumdur və qismən öyrənilmişdir. 

Urmiya gölü hövzəsində Göytəpədə yaşayış hələ neolit dövründə başlamışdır. 

E.ə.  III  minilliyin  ortalarında  uzunmüddətli  yaşayışdan  sonra  sakinlər  oranı  tərk 

edirlər.  Müəyyən  fasilədən  sonra  orta  tunc  dövründə  Göytəpə  yenidən  məskunlaşır. 

Yeni sakinlərin Göytopədə yaratdığı maddi mədəniyyət ilk tunc dövrü üçün səciyyəvi 

deyildir.  Bu,  hər  şeydən  əvvəl,  dulus  məmulatına,  onun  çoxrəngli  naxışlı  qab-

qacağına  aiddir.  Yaşayış  yeri  daş  bina  üzərində  çiy  kərpicdən,  3,6  m  qalınlığında 

müdafiə  qalası  ilə  əhatə  olunmuş,  evlər  bir  neçə  otaqdan  ibarət  dördkünc  formada 

tikilmişdir. 

Urmiya  gölü  hövzəsində  Həftəvan  yaşayış  yeri  kərpic  divarla  əhatə 

olunmuşdur.  Bəzi  sahələrdə  müdafiə  divarının  qalıqları  3,3  m  hündürlükdədir. 

Düzplanlı  təsərrüfat  və  yaşayış  binalarının  inşasında  kvadrat  kərpiclər  (31x31x9,5; 

36x36x8,5  m)  tətbiq  olunurdu.  Otaqlardan  birinin  divarı  dibində  möhrədən 

səkiyəbənzər yataq yeri aşkar olunmuşdur. 



108 

 

Bu dövrün mədəniyyəti əldə və yaxud çarxda hazırlanmış dulus məmulatında 



az-çox  dolğun  əks  olunur.  Dulus  məmulatında  ən  maraqlı  əlamət  onun  boyalı  naxışı 

olmasıdır. 

Naxçıvanın  I  və  II  Kültəpə  yerlərində  Orta  Tunc  dövrü  təbəqələri  İlk  Tunc 

dövrü Kür-Araz mədəniyyəti mədəni təbəqəsi üzərində yerləşir. Evlər düzplanlıdır. II 

Kültəpədə  yaşayış  yeri  3  ha  sahəni  əhatə  edir.  Onun  üçdə  bir  hissəsi  bürcləri, 

dayaqları olan müdafiə divarı ilə əhatə olunmuşdur. Eni 2 m olan qala divarı palçıqla 

bərkidilmiş daş bünövrə üzərində hörülmüşdür. Divarın özünün inşasında iri kvadrat 

kərpiclərdən  istifadə  olunmuşdur  (32x32x11  sm;  38x38x12  sm;  40x40x12  sm; 

44x44x12  sm).  Az  keçmədən  qala  divarı  dağıntıya  məruz  qalır  və  öz  müdafiə 

əhəmiyyətini  itirir.  Ancaq  bir  qədər  sonra  o  bərpa  olunur,  lakin  sahəsi  xeyli  kiçilir. 

Qalanın  şərq  və  cənub  hissəsində  köhnə  divar  əvəzinə  yenisi  tikilir.  Yaşayış  və 

təsərrüfat  tikililəri  düzplanlı  olub,  palçıqla  bərkidilmiş  daşdan    hörülmüşdür.    Bəzi  

evlər bir neçə otaqlıdır.   Güclü və qəflətən baş  vermiş  yanğından tikintilər dağılmış, 

yaşlı bir adam sümükləri yanğın qalıqları içərisindən tapılmışdır. 

Orta  Tunc  dövründə  II  Kültəpədə  dörd  inşaat  qatı  və  4  m-dən  artıq  mədəni 

təbəqə  burada  yaşayışın  uzunmüddətli  olması  haqqında  təsəvvür  yaradır.  Yaşayış 

yerindən  çoxlu  və  müxtəlif  material  tapılmışdır.  Burada  rast  gəlinən  daş  gürzlər 

müxtəlif sahələrdə istifadə olunmuşdur. Çox güman ki, onların zərif nümunələri silah 

kimi tətbiq edilmişdir. 

Yaşayış yerindən dən üyütməkdə istifadə olunan daş alətlər, çaxmaq daşından 

oraq dişləri, taxıl qalıqları, ev heyvanlarının sümükləri,  metal əşyalar, metal  tökmək 

üçün  gil  buta,  əldə,  qismən  də  çarxda  hazırlanmış  müxtəlif  formalı  sadə  və  boyalı 

qab-qacaq məlumdur. Naxış əksər halda həndəsi fiqurlardan ibarət olsa da, insan, quş 

və heyvan təsvirlərinə də rast gəlinir. 

Bir  və  bir  neçə  rənglə  naxışlanmış  Orta  Tunc  dövrü  gil  məmulatı  Naxçıvan 

ərazisində Şortəpə, Nəhazir, Əznəbüt, Xalac abidələrindən məlumdur. 

Kür-Araz  ovalığında  Orta  Tunc  dövrü  abidələri  Bərdə  rayonunda  Şortəpə, 

Ağdam  rayonunda  Rəsultəpə,  Göytəpə,  Çinartəpə,  Ağcabədi  rayonunda 

Çaqqallıtəpədə və b. yerlərdə müəyyən edilmişdir. Maraqlı materiallar Üzərliktəpə və 

Qaraköpəktəpə qazıntılarından məlumdur. 

Bu  dövrün  ən  yaxşı  öyrənilmiş  yaşayış  yerlərindən  olan  Üzərliktəpə  Ağdam 

şəhərinin  şərq  kənarında  yerləşir,  3  ha  sahəni  tutur.  Üzərliktəpədə  üç  inkişaf 

mərhələsini əks etdirən 6  metrlik qalın  mədəni təbəqə əmələ gəlmişdir. Yaşayış  yeri 

iri,  kvadratşəkilli  kərpicdən  hörülmüş,  eni  2  m  olan  müdafiə  qalası  ilə  əhatə 

olunmuşdur.  Qalanın  şərq  divarında  giriş  yolunun  hər  iki  tərəfındə  çöl  üzdən 

düzbucaqlı dayaqlar hörülmüşdür. Yaşayış yeri güclü yanğından iki dəfə dağılmışdır. 

Bir  evin  döşəməsində  daş  həvəng,  dəndaşı,  çaxmaqdaşından  oraq  dişləri,  cilalı  qara 

qablar, tunc xəncər, iynə və başqa əşyalar vardı. İri gil qabda və torbada olan buğdanı 



109 

 

tələsikdə apara bilməmişlər. Yanğından sonra müdafiə hasarı öz əhəmiyyətini itirir və 



Üzərliktəpə  müdafiəsiz,  açıq  yaşayış  məskəninə  çevrilir.  Azərbaycanın  bütün  Orta 

Tunc  dövrü  yaşayış  yerləri  üçün  səciyyəvi  olan  düzplanlı  tikililər  burada  da  inşa 

olunurdu. 

Üzərliktəpənin dulus məmulatı sadə və boyalı qablar qrupuna bölünür. Birinci 

cilalı  qablar qrupu  yaşayış  yerinin  bütün  mərhələlərində  davam  edərək,  bir  neçə  əsr 

ərzində  dulus  məmulatının  müxtəlifliyini  və  inkişafını  aydın  əks  etdirir.  Onun  bəzi 

nümunələrinin cızma naxışları ağ maddə ilə doldurulmuşdur. 

Üzərliktəpənin  ikinci  mərhələsində  təmiz  gildən  yaxşı  bişirilmiş,  üzərində 

birrəngli boya naxışları olan qırmızı qablar meydana gəlir. 

Orta  Tunc  dövrünün  bir  yaşayış  yeri  də  Köndələnçayın  sahilində  Füzuli 

şəhərinin  qarşısında  yerləşir.  O,  Qaraköpəktəpədə  İlk  Tunc  dövrü  yaşayış  yerinin 

üzərində salınmışdır. Orta Tunc dövrünün mədəni təbəqəsinin qalınlığı 2,5 m-ə çatır. 

Bu  yaşayış  yeri  də  müdafiə  divarı  ilə  əhatə  olunmuşdur.  Yaşayış  yerinin  sakinləri 

oturaq  həyat  tərzi  keçirir,  əkinçilik  və  maldarlıqla  məşğul  olur,  ətrafın  otlaq 

sahələrindən istifadə edirdilər. Yaşayış yerində dulusçuluq, toxuculuq və başqa sənət 

sahələri inkişaf etmişdi. 

Böyük Qafqazın cənub yamaclarında və dağətəyi qurşaqda Orta Tunc dövrünə 

aid abidələr hələ ki, az məlumdur. Ancaq Şəki rayonunda bu dövrün bir qrup kurqan 

qəbirləri öyrənilmişdir. 

Azərbaycanın  Xəzərsahili  boyu  məskunlaşmış  qəbilələrin  yaşayış  yerləri, 

cənub  və  qərb  vilayətlərinin  yaşayış  yerlərindən  fərqli  olaraq,  uzunmüddətli 

olmamışdır; buna görə də onların mədəni təbəqələri zəifdir. Belə yaşayış yerlərindən 

biri Qobustanda Böyükdaşdağı üzərində aşkar olunmuşdur. Burada daşdan hörülmüş 

düzplanlı yaşayış və təsərrüfat tikililərinin qalıqları öyrənilmişdir. 

Muğanın Orta Tunc dövrü yaşayış yerlərində də mədəni təbəqə zəifdir. Belə ki, 

Mişarçayda  mədəni  təbəqə  cəmi  0,6  m-dir.  Dəvəçi  rayonunda  Sərkərtəpə  yaşayış 

yerində orta tunc dövrü mədəni təbəqəsinin qalınlığı cəmi 0,4 m-ə çatır. Zəif mədəni 

təbəqəyə malik yaşayış yerlərinin qalıqları Abşeronda da vardır (Bəndüstü, Dübəndi, 

Türkan).  Ola  bilsin  ki,  Xəzərsahili  rayonları  orta  tunc  dövrü  yaşayış  yerlərində 

qısamüddətli  həyat onların  sakinlərinin təsərrüfatında  köçəri  maldarlığın güclənməsi 

ilə əlaqədar olmuşdur. 

Orta Tunc dövrü mədəniyyət qalıqlarının ikinci böyük qrupunu dəfn abidələri 

təşkil  edir.  Orta  dövrün  qəbir  abidələrinin  bir  növü  daş  kromlexli  kurqanlardır. 

Kromlex (daşdan dairə) qəbrin ətrafında qurulurdu. Qəbir adətən kromlexin ortasında 

qazılır,  üzərində  daş  və  torpaqdan  təpə  düzəldilirdi.  Kurqanlar  əhalinin  maldarlıqla 

məşğul  olan,  hərəkətli  həyat  tərzi  keçirən  hissəsinə  mənsubdur.  Düzən  sahələrdə  və 

çay  vadilərində  yerləşən  əhaliyə  gəldikdə  isə  onlar  ölüləri  adətən  xarici  əlaməti 

olmayan qəbirlərdə dəfn edirdilər. Məhz bununla əlaqədardır ki, oturaq-əkinçi əhaliyə 



110 

 

mənsub  Orta  tunc  dövrü  qəbiristanlığı  indiyə  qədər  aşkar  olunmamışdır.  Ordubad  



rayonunda  Plovdağ adlanan yerdə tədqiq  olunmuş ətrafına daş dairə çəkilmiş, bəzən 

üzərində çətinliklə müşahidə edilən daş qalığı olan torpaq və daş qutu tipli qəbirlərdən 

ibarət nekropol müstəsna hal təşkil edir. 

Urmiya  gölü  sahilində  Göytəpə  yaşayış  yerində  və  Naxçıvan  ərazisində 

Qızılvəngdə də Orta Tunc dövründə daş qutularda dəfnetmə adətinə rast gəlinmişdir. 

Azərbaycanda  həmin  dövrə  aid  qəbir  abidələri  yüksək  dağlıq  ərazilərdə  alp 

çəmənliklərindən (Daşkəsən rayonunda, Xaçbulaq yaylağı), düzənlə dağın qovuşduğu 

hissədən  (Tərtər  rayonunda  Borsunlu,    Naxçıvanda    Əznəbürt),    həm    də    düzən  

rayonlardan (Muğanda) məlumdur. 

Orta  Tunc  dövrü  qəbir  abidələrində  ötən  dövrə  xas  olan  bir  sıra  əlamətlər 

saxlanılır. Bu, özünü qəbir tikililərin quruluşunda və dəfnetmə adətində göstərir. Son 

Tunc dövründə də belə ənənə müşahidə olunur. 



' 

Ölülər  böyrü  üstdə,  bükülü  vəziyyətdə  müxtəlif  əşyalar,  bəzən  də  azuqəsilə 

birlikdə  basdırılırdı.  Dəfndən  sonra  qəbrin  içində  tonqal  qalanması  və  ölüyandırma 

(kremasiya)  mərasiminin  keçirilməsi  halları  da  qeydə  alınmışdır.  Muğanda 

Əliköməktəpədə  Orta  Tunc  dövrünə  aid  qəbirdə  kremasiya  aydın  müşahidə 

olunmuşdur. Azərbaycan ərazisində hələ İlk Tunc dövründə geniş yayılmış qəbirlərdə 

tonqalvurma və kremasiya adəti burada Tunc dövrünün sonlarına qədər davam edir. 

Təsərrüfat.  Mənbəyi  minilliklərin  dərinliyindən  başlayan  əkinçilik  və 

maldarlıq  Orta  Tunc  dövrü  təsərrüfatının  əsasını  təşkil  edir.  Ölkə  ərazisinin  xeyli 

hissəsində,  başlıca  olaraq  düzənlikdə  və  çay  vadilərində  uzunmüddətli  oturaq  həyat 

tərzini  əks  etdirən  yaşayış  məskənləri  əkinçilik  təsərrüfatı  mərkəzləri  olmuşlar. 

Taxılın biçilməsində və üyüdülməsində tətbiq olunan əmək alətləri (çaxmaqdaşından 

oraq  dişləri,  dəndaşları,  sürtgəclər  və  daş  dəstəklər)  yaxşı  məlumdur.  Torpağın 

şumlanmasında  ağac  xışlardan  istifadə  olunurdu.  Bəzi  yaşayış  yerlərinin  su 

mənbələrindən  kənarda,  münbit  torpaqlarda  bina  olunması  suvarma  əkinçiliyinin 

sonrakı  inkişafını  göstərir.  Orta  Tunc  dövrü  yaşayış  yerlərindən  müxtəlif  taxıl 

növlərinin yanıb kömürləşmiş qalıqları əldə edilmişdir. 

II  Kültəpədən  yabanı  arpa,  Üzərliktəpədən  müxtəlif  növ  buğda,  o  cümlədən 

yumşaq,  bərk,  xırda  buğda,  həm  də  mədəni  arpa  dəni  tapılmışdır.  II  Kültəpə  və 

Üzərliktəpədə  bəzi  quyuların  dibində  darı  qalıqları  qeydə  alınmışdır.  Əkinçilik 

mədəniyyəti barədə başqa maddi dəlillər də məlumdur. 

Orta tunc dövrü yaşayış yerlərinin sakinləri çörək bişirirmişlər. 

II Kültəpə yaşayış yerində sacabənzər saxsı əşyalar tapılmışdır. Üzərliktəpədən 

tapılmış çörəkbişirmə üçün hazırlanan gil əşya tamamilə başqa görkəmə malikdir. O, 

bir qədər yastılanmış, hündür divarlı manqala bənzəyir. Belə əşya Son Tunc dövründə 

daha geniş yayılır. Üzərliktəpədə ocaqların birindən tapılmış tağalaqvari gil kökə də 

həmin dövrdə çörəyin bişirilməsini sübuta  yetirir.  Çörəyi  təqlid edən həmin gil kökə 



111 

 

yanmış  taxıl  və  qədim  əkinçilikdə  məhsuldarlıq  rəmzi  kimi  pərəstiş  edilən  qadın 



fiquru  ilə  birlikdə  tapılmışdır.  Azərbaycanın  qədim  oturaq  əhalisinin  inkişafında 

əkinçiliyin rolu nə qədər böyük olsa da, o həmişə maldarlıqla birgə olmuşdur. 

Üzərliktəpə  yaşayış  yerinin  materialına  görə, onun  əhalisi  ən  çox iribuynuzlu 

heyvan saxlayırdı, ikinci yeri xırdabuynuzlu heyvan tuturdu, sonra isə ev donuzu və at 

gəlir.  Maraqlıdır  ki,  Üzərliktəpə  yaşayış  yerinin  osteoloji  materialı  içərisində,  qulan 

və  ceyranı  nəzərə  almasaq,  vəhşi  heyvan  sümükləri  yoxdur.  Sürüdə  ev  donuzunun 

olması  Üzərliktəpə  sakinlərinin  yaxşı  otlaq  sahələrindən  istifadə  edərək,  oturaq 

maldarlıqla məşğul olduğunu göstərir. 

İstər xırdabuynuzlu, istərsə  də  iribuynuzlu ev  heyvanları  sümükləri Naxçıvan 

yaxınlığında  II  Kültəpədən  də  tapılmışdır.  Buradan  həm  də  at  sümüyünə  təsadüf 

olunmuş  və  ilk  dəfə  uzunqulaq  sümüyü  tapılmışdır.  Yeri  gəlmişkən,  bu, 

Zaqafqaziyada uzunqulağın istifadə olunması haqqında birinci ən qədim məlumatdır. 

Ata gəldikdə, o, Eneolit dövründən  məlum olsa da, Azərbaycanda ev heyvanı 

kimi  sonrakı  dövrlərdə  məhdud  miqyasda  saxlanılırdı.  Zaqafqaziyanın  Orta  Tunc 

dövrü  abidələrindən  atın  qoşquda  və  nəqliyyatda  istifadəsi  haqqında  material  əldə 

edilməmişdir.  Ancaq  Cənubi  Azərbaycanda  atın  qoşquda  istifadəsini  göstərən 

məlumatlar vardır. 

Orta  tunc  dövründə  xırdabuynuzlu  heyvan  sürüsünün  artması  ilə  köçəri 

heyvandarlıq özünün sonrakı inkişafını tapır. Təsərrüfatın bu növü ilə bağlı əhalinin 

xeyli hissəsi hərəkətli həyat tərzi keçirirdi. Yayda heyvan alp çəmənliklərinə aparılır, 

qışda  isə  düzən  -  aran  rayonlara  qaytarılırdı.  Bu  rayonlarda  onların  dəfn  abidələri 

yaxşı  məlumdur.  Məsələn,  Xaçbulaq  yaylağında  dəniz  səviyyəsindən  2000  m 

hündürlükdə, Qobustan, Abşeron, Muğan qışlaqlarında və s. 

Çoxlu  miqdarda  heyvan  saxlamaq  maldar  qəbilələrin  varlanmasında  əsas 

mənbə olan izafi məhsul almaq imkanını yaradırdı. 

Beləliklə,  əkinçilik  və  maldarlıq  təsərrüfatının  Orta  Tunc  dövründə  sonrakı 

inkişafı  müşahidə  olunur.  Əgər  oturaq  əhalinin  təsərrüfat  əsasını  əkinçilik  və 

maldarlıq təşkil edirdisə, hərəkətli əhalinin təsərrüfatında demək olar ki, başlıca sahə 

maldarlıq idi. 

Sənətkarlıq.  Orta  Tunc  dövründə  metallurgiyanın  inkişafında  yeni  mərhələ 

başlanır.  Əvvəllər  məlum  olmayan  alət,  silah,  bəzək  formaları  yaranır,  alətlərin 

hazırlanma texnikasında bəzi yeniliklər tətbiq olunur, tunc məmulatı istehsalında yeni 

elementlərin  qatılmasından  istifadə  olunur.  Məhz  bu  dövrdən  başlayaraq  metal 

əşyaların  hazırlanmasında  qalay  qatımlı  tuncdan  (qalay  5-10  %)  daha  çox  istifadə 

olunur. Belə tuncdan, məsələn, Üzərliktəpədən, Göytəpədən və Qobustandan tapılmış 

xəncərlər  hazırlanmışdır.  Qatma  element  kimi  qalayla  birlikdə  mərgmüş  və  sürmə, 

həm də qurğuşun işlənirdi  və beləliklə, ərinti çoxkomponentli olurdu.  Ancaq  yüksək 

keyfiyyətli tunc istehsalını qatma element kimi qalay təmin edirdi. 


112 

 

Müxtəlif  tipli  məmulat,  misəritmə  istehsalı  qalıqları,  metal  əşyaların 



tökülməsində  istifadə  olunan  formalar  metallurgiyanın  və  metalişləmənin  geniş 

inkişafını aydın sübuta yetirir. 

Əsas  xammal  mənbələrini,  görünür,  yerli  mədənlər  təşkil  edirdi.  Demək  olar 

ki,  hər  bir  yaşayış  yerində  metal  əşyaların  istehsalı  ilə  məşğul  olurdular.  Misəritmə 

istehsalı  ilə  əlaqədar  qalıqlar  Üzərliktəpədə  aşkar  olunmuşdur.  Orada  posa  (şlak) 

parçası,  həm  də  piyalə  formalı  gil  buta  tapılmışdır.  II  Kültəpədə  və  Qobustan 

Böyükdaş yaşayış yerində gil çömçələrə rast gəlinmişdir. Həftəvan yaşayış yerində ox 

ucluğu tökülən daş qəlibin tapılması böyük əhəmiyyət kəsb edir. 

Metal  məmulatı  adətən  çoxlu  miqdarda  dəfn  abidələrdən  əldə  edilir. 

Əliköməktəpə  qəbirləri  belə  abidələrdəndir.  Onlardan  balta,  nizə  ucluqları,  xəncər 

tiyəsi, borulu qarmaq,  mis qazan, dördtilli bizlər, çoxlu düymələr, sürmədən bikonik 

muncuqlar,  qızıl  və  gümüşdən  asmalar  və  s.  tapılmışdır.  Öyrənilən  dövrdə  silah  və 

alətlər  tökmə  üsulu  ilə  hazırlanır,  sonra  isə  onların  ağız  hissəsi  qismən  döyülür  və 

yararlı  işlək  hala  salınırdı.  Əvvəllər  olduğu  kimi,  indi  də  mumdan  və  ya  başqa 

tezəriyən  materialdan  istənilən  əşyanın  modeli  düzəldilir,  üzəri  gillə  suvanır  və 

əridilmiş  metal  modelə  tökülərkən  onun  formasını  alırdı.  Əşyanı  çıxarmaq  üçün  gil 

forma sındırılmalı idi. Bu üsulla əşyanı yalnız bir dəfə almaq olar. 

Orta Tunc dövründə xəncər və borulu nizələr geniş yayılmış silah tiplərindən 

idi.  Bəzi  hallarda  onların  hazırlanma  texnologiyası  mürəkkəb  olurdu.  Tərtər 

rayonunun Borsunlu kurqanından  əldə  edilən bir  xəncərin  tiyəsinin içərisində  məftil 

olduğu  müəyyən  edilmişdir.  Modelə  əridilmiş  metal  tökülməzdən  əvvəl  məftil  onun 

ortasına  qoyulmuşdur.  Bundan  da  məqsəd  xəncərin  möhkəmliyini  təmin  etmək  idi. 

Analoji üsullar Son Tunc dövründə də tunc silahların (xəncər, bıçaq) hazırlanmasında 

tətbiq olunurdu. 

Şəki  rayonunda  bir  kurqandan  məlum  olan  xəncərin  hazırlanmasında  başqa 

üsuldan  istifadə  olunmuşdur.  Onu  tunc  təbəqədən  düzəltmişlər.  Tunc  təbəqədə 

uzunsov  üçbucaq  formasında,  baş  tərəfdə  dilçək  yeri  qoymaqla  xəncər  tiyəsini 

kəsmişlər. Ağzı əlavə olaraq işlənib itilənmiş və ucu şişlənmişdir. 

 

Xəncər və başqa silah növlərindən fərqli olaraq, borulu nizələrin hazırlanması 



daha  mürəkkəb  proseslə  əlaqədar  yüksək  ustalıq  vərdişi  tələb  edirdi.  Əvvəldən 

hazırlanmış  tunc  lövhəni  elə  əymək  və  düzəltmək  lazım  idi  ki,  onun  bir  yarısı  boru, 

digər  yarısı  yarpaqvari  formanı  alsın.  Bütöv  tökülmüş  borulu  nizələrin  hazırlanması 

orta tunc dövründən başlanır, ancaq geniş inkişafını sonrakı dövrdə e.ə. II minilliyin 

ikinci yarısında tapır. 

Orta Tunc dövründə rast gəlinən asimmetrik tunc baltalar Qafqazda çox azdır. 

Onlara  Talış-Muğan  zonasında  nisbətən  çox  rast  gəlinir.  Belə  baltalardan  ibarət  bir 

dəfinə Astara rayonunda Lovain kəndindən təsadüfən tapılmışdır. 

Orta tunc dövrü abidələrində metaldan xırda məmulata da rast gəlinir. 


113 

 

Şəki  kurqanlarından  və  Ordubad  rayonunun  Plovdağ  nekropolundan  çoxlu 



tunc  sancaqlar,  Göytəpədə  Orta  Tunc  dövrü  təbəqəsindən  göbələkvari  başlıqlı 

sancaqlar  da  tapılmışdır.  Onlara  oxşar  nümunələr  Naxçıvanın  qəbir  abidələrindən 

məlumdur. 

Tunc  məftildən qeyri-adi qıvrım bəzək əşyaları Quba rayonunda və Daşkəsən 

rayonunda Xaçbulaq kurqanlarının birindən tapılmışdır. Onlar belə düzəldilirdi: məftil 

iki  dəfə  yarım  dairə,  sonra  bütöv  dairə  və  bundan  sonra  yenə  də  iki  yarım  dairə 

şəklində  əyilirdi.  Bu  qıvrım  əşyalar  saç  bəzəyi  kimi  istifadə  olunurdu.  Eyni  formalı 

tunc bəzək İranda Qodintəpə qəbrindən məlumdur. 

Azərbaycanda  və  Zaqafqaziyada  metallurgiyanın  və  metalişləmənin  sonrakı 

inkişafı ona gətirib çıxarır ki, orta tunc dövründə əmək aləti və silah hazırlamada daş 

və  sümük  material  kimi  öz  əhəmiyyətini  itirir.  Bununla  belə,  çaxmaqdaşı  bəzi  alət 

növlərinin  hazırlanması  üçün  istifadə  olunurdu.  Hələ  də  yığma  oraq  dişləri 

çaxmaqdaşından  hazırlanırdı.  Əvvəllər  olduğu  kimi,  dənin  üyüdülməsi  daşdan 

hazırlanmış  alətlərlə  aparılırdı.  Buna  görə  də  hər  yaşayış  yerində  dən  daşlarına, 

sürtgəclərə rast gəlinir, daş həvəng və dəstəklər isə azdır. 

Metal  silahların  çoxdan  meydana  gəlməsinə  baxmayaraq,  ox  ucluqları 

çaxmaqdaşından və dəvəgözündən hazırlanırdı. 

Azərbaycanın  orta  tunc  dövrü  abidələrində  ağacişləmə  və  toxuculuğun 

inkişafına dair mühakimə yürütməyə əsas verəcək dəlillərə olduqca məhdud miqdarda 

rast  gəlinmişdir.  Bununla  belə,  bir  sıra  dolayısı  dəlillər  həmin  istehsal  sahələrinin 

inkişafını göstərir. Məlumdur ki, balta, nizə, xəncər dəstələri və başqa əşyalar ağacdan 

hazırlanır,  damları  örtməkdə  tirlərdən  istifadə  olunur,  arabanın  gövdəsi  və  təkərləri 

ağacdan  düzəldilirdi.  Şübhə  etmədən  demək  olar  ki,  orta  tunc  dövründə  ağacişləmə 

sənəti və toxuculuq istehsalı inkişafda olmuşdur. 

Orta  tunc  dövründə  toxuculuq  dəzgahının  tətbiq  olunması  haqqında  dəqiq 

məlumatımız  yoxdur.  Ancaq  Azərbaycanın  həmin  dövr  abidələrindən  (II  Kültəpə, 

Üzərliktəpə)  gildən  və  sümükdən  iy  baslıqlarının  tapılması  toxuculuğun  inkişafını 

sübuta yetirir. Onlar, öz formalarına görə, Zaqafqaziyada həm əvvəl, həm də sonrakı 

dövrlərdə yayılmış alətlərdən heç cür seçilmir. 

Azərbaycanın  orta  tunc  dövrü  əkinçi-maldar  əhalisinin  sənət  sahələrindən  ən 

geniş  yayılmış, eyni zamanda  ən vaciblərindən biri dulusçuluq olmuşdur. Ötən dövr 

dulusçuluq məmulatının bir sıra xüsusiyyətlərinin davam etməsinə baxmayaraq, indi 

xeyli  yeniliklər  meydana  gəlir.  Urmiyaətrafı  ərazidə,  Kür-Araz  ovalığında, 

Naxçıvanda  orta  tunc  dövründə  boyalı  qablar  istehsalı  geniş  yayılır.  Qablar  əldə  və 

eləcə də dulus çarxında hazırlanırdı. Azərbaycanın şimal rayonlarında və Xəzərsahili 

ərazidə  boyalı  qablara,  demək  olar  ki,  rast  gəlinmir.  Burada,  əvvəllər  olduğu  kimi, 

qab-qacaq əl üsulu ilə hazırlanırdı. 


114 

 

Orta  tunc  və  əvvəlki  dövr  dulus  məmulatı  bir-birindən  fərqlənir.  Bu  dövrün 



qablarında  Kür-Araz  mədəniyyəti  dulus  məmulatı  üçün  səciyyəvi  olan  naxış  və 

yarımkürə  qulplara  təsadüf  olunmur.  Gil  manqallar,  sacayaqlar,  qab  qapaqları 

məişətdə  artıq  istifadə  olunmur.  Qırmızı  bişimli  həm  də  qara,  boz  rəngli  qabların 

gövdəsi adətən naxışla yaraşıq üçün ağ maddə ilə doldurulurdu. 

Boyalı  qablarda  naxış  adətən  bir  rənglə  vurulurdu,  çox  rənglə  naxışlanmış 

qablar  da  vardır.  Qabların  yuxarı  yarısında  qırmızı  və  sarı  şirə  (anqob)  üzərində 

müxtəlif  həndəsi  naxışlar  çəkilirdi.  İnsan,  heyvan,  quş  təsvirlərinə  olduqca  az  rast 

gəlinir.  Qara  və  boz  qablarda  canlı  təsviri  heç  yoxdur.  Onlarda  naxışlanma  cızma 

üsulu  ilə,  həm  də  dişli  qarqara  ilə  aparılmışdı.  Naxışlama  kompozisiyalarında  əsas 

yeri tağvari fiqurlar, bir-birinin içərisində yerləşən asma yarımdairələr tutur, sınıq və 

dalğavari  xətlərə,  bəzən  də  meandr  (həndəsi  ornament)  və  qıvrım  təsvirlərinə  rast 

gəlinir. Bəzən qablar cızma bəzəklərlə bəzədilirdi. 

Ümumiyyətlə, bütün Cənubi Qafqazda olduğu kimi, Azərbaycanda da ayrı-ayrı 

zonaların tunc dövrü dulusçuluq sənətkarlığında müxtəliflik çox nəzərə çarpır. 

Azərbaycanın dulus ustaları tunc dövrünün bütün inkişaf mərhələlərini keçərək 

zəmanəmizə qədər gəlib çatan gil nehrələrin hazırlanmasını davam etdirirdilər. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin