TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix26.02.2017
ölçüsü3,9 Mb.
#9663
1   2   3   4   5   6   7   8   9   ...   37

Mənəvi  mədəniyyət.  Mezolit  dövründə,  bəlkə  daha  da  əvvəllərdə 

Azərbaycanda  yaşayan  insanlar  fiziki  tipinə  görə  müasir  əhaliyə  qohum  olmuşdur. 

Şübhə  yoxdur  ki,  Qobustanda  Mezolit-Neolit  mədəniyyətinin  yaradıcıları 

Azərbaycanın yerli qəbilə və qəbilə qrupları olmuşdur. 

Əldə edilən çoxlu faktik dəlillər göstərir ki, o dövrün insanları yaşayır, yaradır, 

o cümlədən bəzəyə, incəsənətə və s. az vaxt sərf etmirdilər. 

Azərbaycanın  Mezolit-Neolit  dövrü  əhalisinin  mənəvi  aləmi  haqqında  dəfn 

abidələri,  bəzi  incəsənət  nümunələri,  qayaüstü  təsvirlər  və  s.  müəyyən  təsəvvürlər 

yaradır.  Qobustan  düşərgələrində  iki  dəfn  aşkar  olunmuşdur.  Onlardan  biri  Firuz,  o 

biri  isə  Kənizə  düşərgəsindədir.  Firuz  düşərgəsində  mezolitin  sonuna  aid  qəbirdə  on 

iri  adam  və  bir  uşaq  dəfn  olunmuşdur.  Skeletlər  pis  vəziyyətdə  saxlanmışlar,  ölülər 

qəbrə eyni vaxtda, bükülü vəziyyətdə qoyulmuşdur. 

Qəbirdə  dəfn  olunanların  ancaq  yoluxma,  zəhərlənmə  və  düşmən  əlindən 

öldüyünü güman etmək olar. 

Bu  qəbir  düşərgənin  mədəni  təbəqəsində  aşkar  olunmuşdur.  Hələ  Paleolit 

dövründən  başlayaraq  geniş  ərazilərdə  müşahidə  olunan  düşərgədə  dəfnolunma 

ölənlərin  diri  qohumları,  doğma  ocaq  və  s.  ilə  əlaqədar  olması  haqqında  icma 

üzvlərinin təsəvvürlərindən xəbər verir. Bütün ölülər daş muncuqlardan boyunbağına 

malik  idilər.  Muncuqlar  arasında  sümükdən  düzəldilmiş  amulet,  iri  və  xırda  heyvan 

dişindən, donuzun qılınc dişindən, molyusk mərcanqulplarından asmalara da təsadüf 

olunmuşdur.  Bəzək  əşyaları  içərisində  xırda  çaydaşından  trapesiya,  dördbucaqlı  və 

insan  ayağı  formada  üç  ədəd  amulet  də  var  idi.  Bəzək  əşyalarından  əlavə  qəbirdən 

maral  buynuzundan  iri  yerqazan  alət  və  ya  nizə,  balıq  toru  toxumaq  üçün  sümük 

alətlər, ucundan deşilmiş daş pərsənglər (yaxud atma silah), balıq vurmaq üçün zərif 

iynəvari sümük alətlər, asmaq üçün deşiyi olan sümük xəncər tapılmışdır. 

Kənizə düşərgəsində aşkar olunan qəbir Neolit dövrünün sonuna aiddir. İki kişi 

və  bir  qadın  dəfn  olunmuş  bu  qəbirdə  yuvarlaq  formalı  daş  toppuz,  ağzı  cilalanmış 

daş balta, sümük bizlər, qum daşından seqmentşəkilli iri alət və s. predmetlər var idi. 

Məlum  olmuş  faktlar  Azərbaycanın  Mezolit  və  Neolit  dövrləri  əhalisinin 

müəyyən  dini  etiqadlarla  əlaqədar  əcdadlara  sitayişin  formalaşdığını  göstərir. 

Qəbirlərdə tapılan əşyalar insanların axirət dünyasına inamı haqqında məlumat verir. 

Bu  baxımdan  Qobustanda  qazıntı  zamanı  üzərində  təsvirlər  olan  bəzi  daş 

məmulatı  da  maraq  doğurur.  Çaydaşından  hazırlanmış  bir  sürtgəc  şaquli  xətlər  və 

xətlər  arasında  nöqtələrdən  ibarət  cərgələrlə  bəzədilmişdir.  Digər  sürtgəcdə  bəzək 



73 

 

köndələn döymə xətlərdən ibarətdir. Oxun çubuğunu hamarlayıcı alətin biri üzərində 



heyvan  təsviri  çəkilmiş  və  o  çoxlu  çərtmələrlə  naxışlanmışdır.  Bəzi  qadın  və  öküz 

rəsmləri  tatuirovka  ilə  bəzədilmişdir.  Rəsmlərin  bir  qismi  qayalara  boya  ilə 

çəkilmişdir.  Bütün  bunlar  Qobustanın  qayaüstü  rəsmləri  kolleksiyasında  qədim 

Qobustan  sakinlərinin  yüksək  estetik  duyğularını    əks    etdirən    ibtidai    incəsənət 

abidələridir.  Rəsmlərdə  nəinki  təsərrüfat  fəaliyyəti,  həm  də  qədim  Azərbaycan 

əhalisinin mənəvi aləmi sahəsində maraq doğuran çoxlu səhnələr təmsil olunmuşdur. 

İndiyədək  Qobustanda  Böyükdaş,  Kiçikdaş,  Şıxqaya  və  Şopqar  dağları 

sahəsində  və  Cingirdağda,  Yazılıtəpədə,  eləcə  də  qədim  düşərgə,  yaşayış  yerləri, 

kurqan  və  digər  abidələrdə  qazıntı  zamanı  qaya  və  ayrı-ayrı  daşlar  üzərində  altı 

mindən  artıq  erkən  mezolitdən  orta  əsrlərin  sonunadək  geniş  tarixi  dövrə  aid  qədim 

rəsmlər aşkar edilmişdir. 

Qobustanın  qayaüstü  təsvirlərindən  beli  kəmərçinli,  hündür  qamətli,  aralı 

qoyulmuş güclü baldırlara malik kişi, iri döşlü, incə belli, iri ombalı, yoğun qıçlı və 

bəzən  bədəni  tatuirovka  edilmiş  qadın  təsvirləri,  real  və  mütənasib  verilmiş  öküz, 

ceyran  və  gur  rəsmləri,  kollektiv  rəqs,  kollektiv  əmək,  balıq  ovu  səhnəsi  və  gəmi 

təsvirlərinin bəziləri Mezolit və Neolit dövrlərinə aid edilir. 

Kişilərin öndən verilmiş, qadınların oturmuş və yarımoturmuş olmaqla yandan 

verilmiş  siluet  təsvirləri  Qobustanda  ən  qədim  rəsmlərdir.  Qobustanın  bəzi  insan 

təsvirləri Qərbi və Şərqi Avropanın paleolit dövrü heykəl və rəsmlərinə yaxındır. 

Qobustan  qayalarındakı  kişi  təsvirləri  icmanın  hörmətli  üzvlərinin,  cəsur 

ovçuların və  yaxud icma başçılarının şəkilləridir. Qadın rəsmləri, görünür, "nənə"ni, 

"ana"nı, "qız"ı əks etdirir. 

Kişi  və  qadınlar  əsasən  düşərgələrdə  təsvir  olunurdular.  O  dövrün 

təsəvvüründə  hesab  edilirdi  ki,  guya  adam  öləndən  sonra  da  ruhən  öz  tayfası 

içərisində yaşamaqda davam edir. Ölülərin düşərgələrdə dəfn edilməsi də yəqin ki, bu 

məqsədi güdür. 

Qobustan  qayaüstü  təsvirləri  ayrı-ayrı  cadugərlik  elementlərinə  baxmayaraq, 

cadugərlik  kimi  izah  edilə  bilməz.  O  dövr  adamlarının  dünyagörüşləri,  birinci 

növbədə  dini  təsəvvürləri  haqqında  Kənizə  düşərgəsindən  tapılmış  iki  qadın 

heykəlciyi qırığı məlumat verir. Onlar əhəngdaşından səliqə ilə hazırlanmışdır. Forma 

və  quruluşuna  görə  bu  fiqurlar  Qobustan  qayalarındakı  qadın  təsvirlərini  təkrar 

edirlər.  Maral  düşərgəsindən  tapılmış  eyni  formalı  və  ölçülü  qadın  fiqurunun  beldən 

aşağı hissəsi qırmızı rənglə boyanmışdır. 

Fiqurların  ikisi  yarıoturmuş  vəziyyətdədir.  Qobustan  Mezolit  dövrü  qaya 

rəsmləri içərisində belə görkəmdə qadın təsvirləri geniş yayılmışdır. 

Məhsuldarlıq  təcəssümünü  ulu  ana  obrazında  ifadə  edən  bu  qadın  fiqurları, 

şübhəsiz, pərəstiş obyekti rolunu oynamışdır. 


74 

 

Qeyd  etmək  lazımdır  ki,  Qobustan  incəsənətində  qadın  təsvirlərinin 



görkəmində  və  işlənmə  üslubundakı  ənənəvi  cəhət  çox  qədimdir.  Külli  miqdarda 

analoji materiallar əsasında ehtimal etmək olar ki, heykəlciklər və bu qəbildə işlənmiş 

qadın  rəsmləri  ana  ilə  qohum  kollektivin  eyniləşdirilməsi  haqqında  təsəvvürləri  əks 

etdirir.  Qadın  nəsli  davam  etdirir,  ana  kimi  əmin-amanlıq  yaradır  və  kollektivi 

yedizdirir.  Bu  surət  kollektivin  qırılmaz  əlaqələri,  onun  daim  təkrar  istehsalı, 

fəallığının  əsas  istiqamətlərini  və  geniş  xarici  aləmlə  əlaqələrinin  səbəblərini 

qavramaq və izah etmək labüdlüyündən doğmuşdur. 

Qədim  Azərbaycan  əhalisinin  dünyagörüşündən  danışarkən  Qobustan  qaya 

rəsmlərindəki  səhnələrə  xüsusi  diqqət  vermək  lazımdır.  Gec  dövr  "Yallı"  rəqsi 

səhnəsini  özündən  yuxarıda  verilən  qədim  qadın  təsvirlərinə  ilahi  qüvvəyə  -  ana 

əcdadına sitayiş kimi qəbul etmək lazımdır. 

Qobustanın VII-VI minilliklərinə aid qaya rəsmlərində iri döşlü, bütün bədəni 

tatuirovka  ilə  örtülmüş  qadın  təsvirlərinə  də  rast  gəlinir.  Bu  qadın  təsvirlərini 

məhsuldarlıq rəmzi saymaq olar. 

Beləliklə,  Azərbaycanda  minilliklər  ərzində  qadına  -  ulu  anaya  pərəstiş  çox 

inkişaf etmişdir. Təbii qüvvələrə sitayişi burnunda günəş olan gəmi rəsmləri və astral 

işarələrdə  görmək  olar.  Öküz  və  maral  təsvirlərinin  çoxlu  miqdarda  olmasına 

baxmayaraq,  öküz  sümükləri  olduqca  az  miqdarda  tapılmış,  ovlanmış  maral 

sümüyünə  isə  rast  gəlmirik.  Ceyran  və  gur  sümükləri  isə  düşərgələrdən  əldə  edilən 

osteoloji materialın 70 faizini təşkil etsə də, onların təsvirlərinə nadir hallarda təsadüf 

olunur.  Bu  faktların  bir  qismini  qədim  Qobustan  əhalisinin  pərəstiş  və  totemik 

görüşləri  ilə  izah  etmək  olar.  Material  göstərir  ki,  Mezolit-Neolit  dövründə 

formalaşan zəngin maddi və mənəvi mədəniyyət əsasında Azərbaycan əhalisinin yeni, 

yəni metal dövrünə keçməsinə şərait yaranır. 



75 

 

III   F Ə S İ L 



 

AZƏRBAYCANDA ENEOLĠT DÖVRÜNÜN 

ƏKĠNÇĠ-MALDAR TAYFALARI 

 

Abidələrin  icmalı.  Eneolit  sözü  latınca  aenus  (mis)  və  yunanca  litos  (daş) 

sözlərinin  birləşməsindən  ibarətdir.  Cəmiyyətin  tarixi  inkişafının  ən  mühüm 

mərhələlərindən birində - Eneolit dövründə insanlar mis külçəsinin döyülmə xassəsini 

icad edərək ondan  əşyalar hazırlamağa başladılar. Mis-daş dövrü daşdan tunca keçid 

mərhələsi  idi.  Bəzi  ölkələrdə  bu  mərhələ  nisbətən  tez,  digərlərində  isə  gec 

başlanmışdır.  Birinci  dəfə  mis  əşyalar  Qədim  Şərq  ölkələrində  meydana  gəlir. 

Azərbaycan və bütün Cənubi Qafqaz misişləmə peşəsinə çox erkən yiyələnmiş ölkələr 

sırasına  daxildir.  Azərbaycanda  Eneolit  dövrü  eramızdan  əvvəl  VI  minillikdən 

başlanır  və  IV  minilliyin ortalarına  qədər davam edir. Eneolit dövründə  iqtisadiyyat 

və mədəniyyətdə ümumi yüksəliş müşahidə olunur, əkinçilik və maldarlıq təsərrüfatın 

əsas  sahələri  olur,  əhalinin  sayı  xeyli  artır,  əkinçi-maldar  qəbilələri  geniş  ərazilərdə 

yayılır,  qəbilələrarası  əlaqələr  güclənir.  Bu  dövrdə  Qədim  Şərqin  bəzi  rayonlarında 

siniflərin və dövlətin meydana gəlməsi üçün zəmin yaranır. 

Eneolit  dövründə  Azərbaycanda  oturaq  həyat  sürən  qəbilələr  məskən 

salmışdılar.  Əkinçilik  mədəniyyəti  onlara  yaxşı  məlum  idi.  Onlar  müxtəlif  taxıl 

növləri  becərir,  əkin-biçin  alətləri  hazırlayır,  məhsulu  yığır,  döyür  və  istifadə 

edirdilər.  Onların  sürülərində,  demək  olar  ki,  bütün  əsas  ev  heyvanları  var  idi. 

Əkinçilik  və  maldarlıq  məhsulları  Azərbaycanın  Eneolit  dövrü  qəbilələrinin  başlıca 

ərzaq mənbəyini təşkil edirdi. 

Zaqafqaziyada  eneolitin  öyrənilməsi  50-ci  illərdə  Naxçıvan  şəhəri 

yaxınlığındakı I Kültəpə  yaşayış  yerinin qazıntılarından başlandı.  Həmin illərdə  Mil 

düzündə  aparılan  arxeoloji  tədqiqat  işləri  böyük  marağa  səbəb  oldu.  Burada  aşkar 

edilən  yaşayış  yerlərində  I  Kültəpənin  qədim  mədəni  təbəqəsi  üçün  səciyyəvi  olan 

saxsı  məmulatının  varlığı  müəyyən  edildi.  Abidələrdən  əldə  edilən  material  Eneolit 

dövrü  mədəniyyətinin  Şimali  Azərbaycanda  böyük  ərazidə  yayılması  və  onun  Ön 

Asiya aləmi ilə əlaqəli inkişafını söyləməyə əsas verdi. 

60-cı  illərdən  başlayaraq  Mil-Qarabağ  düzənliyində  Qarqar  çayından  şimalda 

yerləşən  abidələrin  öyrənilməsi  göstərdi  ki,  buradakı  erkən  əkinçilik  mədəniyyətini 

əks  etdirən  çoxsaylı  yaşayış  məskənlərinə  Azərbaycanın  və  bütün  Zaqafqaziyanın 

digər  vilayətlərində  rast  gəlinməmişdir.  Zaqafqaziyada  eneolit  mədəniyyətinin  lokal 

xüsusiyyətlərinin,  əlaqələrinin  və  qarşılıqlı  təsirlərin,  xronoloji  məsələlərin 

öyrənilməsində  Ağdam  rayonunda  Çalağantəpə,  İlanlıtəpə  və  Leylatəpə 

qazıntılarından əldə edilən məlumatlar mühüm əhəmiyyət kəsb edir. 



76 

 

Eneolit  yaşayış  yerlərinin bir qrupu  da  Muğanda  Cəlilabad rayonu  ərazisində 



aşkar edildi və 1971-ci ildən Əliköməktəpə yaşayış yerində qazıntı işləri aparıldı. 

Cənubi  Azərbaycanda,  xüsusi  ilə  Urmiya  gölü  rayonunda  bir  neçə  erkən 

əkinçilik  mədəniyyəti  abidələri  öyrənildi.  Həsənli,  Hacı  Firuz,  Dəlmətəpə  və  s. 

abidələrdə  erkən  əkinçi  mədəniyyəti  qalıqları  aşkar  olundu.  1948-ci  ildə  Urmiya 

gölünün  qərb  sahilində  Göytəpə  yaşayış  yerində  İlk  Tunc  dövrü  təbəqəsindən  altda 

eneolit və daha qədimə aid mədəni təbəqənin varlığı müəyyən edildi. 

Sonralar  eyni  vəziyyətə  Urmiya  gölünün  şərqində  Yanıqtəpə  yaşayış  yerində 

rast  gəlindi.  Ancaq  Cənubi  Azərbaycanın  həmin  bölgələrdəki  abidələri  öz 

xüsusiyyətlərinə görə fərqlənirlər, bu isə eramızdan əvvəl VI-IV minilliklərdə burada 

bir neçə lokal əkinçi mədəniyyətlərini ayırmağa əsas verdi. 

Azərbaycan  və  bütün  Cənubi  Qafqaz  ərazisində  Kür  çayının  orta  axarında 

aşkar edilən eneolit yaşayış yerlərinin çox böyük əhəmiyyəti oldu. Ötən əsrin 50-70-ci 

illərində  Şəmkir  və  Qazax  rayonlarında  çox  maraqlı  eneolit  abidələri  tədqiq  edilib 

öyrənildi.  Bunlardan  birinci  növbədə  Şomutəpə,  Töyrətəpə,  Babadərviş, 

Qarğalartəpəsi, Rustəpəsi, Keçili və s. yaşayış yerlərini göstərmək olar. 

Topoqrafik, memarlıq və mədəni qalıqların xarakterinə görə eyni tipli yaşayış 

yerləri  Gürcüstanın  Azərbaycanla  qonşu  rayonlarında  da,  xüsusən,  Marneuli 

düzənliyində tapılmış, ilk dəfə Şomutəpə mədəniyyəti altında qeyd olunan bu yaşayış 

məskənləri çox güman ki, Ön  Asiya  - Qafqaz aləminin şimal həndəvərində  yayılmış 

ən qədim əkinçi qəbilələrin vahid etno-mədəni mənsubiyyətini əks etdirir. 

Cənubda,  xüsusən  Naxçıvan  ərazisində,  Mil,  Qarabağ  və  Muğan  düzlərində 

yayılmış abidələr I Kültəpə tipli mədəniyyəti əks etdirir və görünür, eneolit dövrünün 

başqa etno-mədəni şaxəsini təşkil edir. 

80-ci  illərdə  Ağdam  rayonundakı  Leylatəpə  yaşayış  yerində  aparılan 

tədqiqatlar  göstərdi  ki,  eramızdan  əvvəl  IV  minilliyin  başlanğıcında  Azərbaycanın 

Qarabağ  düzənliyinə  Mesopotamiyanın  Obeyd  mədəniyyəti  ilə  oxşar  mədəniyyətə 

malik qəbilələr köçmüşlər. Onlar Zaqafqaziyaya bir sıra mədəni və texniki yeniliklər, 

o cümlədən metaləritmə istehsal üsulunu gətirmişlər. 

Beləliklə,  XX  əsrin  ikinci  yarısında  aparılan  arxeoloji  tədqiqatlar  Azərbaycan 

ərazisində  istehsal  təsərrüfatının  inkişaf  mərhələsini  əks  etdirən  Eneolit  dövrünün 

varlığını və bu dövrün Azərbaycan tarixində fərziyyə olması fikrinin əsassız olduğunu 

sübuta yetirdi. 



Eneolit  yaĢayıĢ  yerləri.  Zaqafqaziyada  150-dən  artıq  Eneolit  dövrü  yaşayış 

yeri müəyyən edilmişdir. Onların əksər hissəsi Azərbaycan ərazisindədir. Tədqiqatlar 

Eneolit  dövründə  oturaq  qəbilələrin  çox  geniş  əraziyə  yayılmasını  göstərsə  də, 

Zaqafqaziyada  qədim  yaşayış  yerləri  müəyyən  rayonlarda,  başlıca  olaraq  Kür 

çayından cənubda məhsuldar düzənlərdə yerləşir. 

 


77 

 

Azərbaycanın  erkən  əkinçiləri  adətən  su  hövzələri  kənarlarında  məskən 



salırdılar.  Mil-Qarabağ  düzənliyində,  xüsusən  Qarqar  və  Xaçın  çayları  arasında 

çoxsaylı  qədim  yaşayış  yerləri  cəmləşir.  Burada  yerdənçıxan  suların  ətrafında 

salınmış  yaşayış  yerləri  az  deyil.  Çox  güman  ki,  Mil  düzü  Eneolit  dövründə  indiki 

kimi  susuz  ərazi  deyildi,  insanların  yaşaması  üçün  orada  şərait  daha  əlverişli 

olmuşdur.  Daimi  axar  sular,  münbit  torpaq  və  başqa  amillər  ərazinin 

mənimsənilməsinə və burada ilk əkinçi mədəniyyətinin inkişafına imkan vermişdir. 

Muğanda  eneolit  yaşayış  məskənləri  bilavasitə  kiçik  çayların  (İncəçay, 

Mişarçay),  qədimdə  axar  sulu  dayaz  dərələrin,  bəzən  də  bulaqların  kənarlarında 

cəmlənmişdir.  Cənubdan  Kiçik  Qafqaz  dağları,  şimaldan  Kür  çayı  ilə  araya  alınmış 

Gəncə-Qazax  düzənliyində  eneolit  yaşayış  yerləri  əksər  halda  düzənliyin  orta 

hissəsində, hazırda qurumuş çay yataqları kənarlarında yerləşirlər. 

Əkinçi-maldar qəbilələrin tutduğu ərazilər sonralar müəyyən vaxt ərzində boş 

qalmış  və  ya  az  məskunlaşmışdır.  Bu  rayonlarda  eneolit  dövrünün  sonlarında 

yaşayışın  kəsilməsi,  ehtimal  ki,  quraqlıq  dövrünün  başlanması  və  axar  suların 

quruması ilə bağlı idi. 

Azərbaycanın  eneolit  yaşayış  yerləri  adətən  kiçik  olub,  orta  hesabla  0,5  ha 

sahəni  tutur,  ancaq  nisbətən  iri  (2-4  ha)  sahəli  abidələr  də  vardır.  Ən  qalın  mədəni 

təbəqəyə malik yaşayış yerlərinin hündürlüyü 10 metrdən artıq deyil. Bir qayda olaraq 

bütün yaşayış yerlərində tikintilər çox sıxdır. Qarqartəpəsi yaşayış yerində tikintilərin 

birinin  divarları  ağardılmışdır.  Gəncə-Qazax  və  Qarabağ  düzlərinin  yaşayış 

yerlərindən  fərqli  olaraq  Naxçıvanda  Kültəpə  yaşayış  yerinin  eneolit  dövrü 

təbəqəsində  möhrə  divarlar  gil  palçıqla  bərkidilmiş  daş  bünövrə  üzərində 

hörülmüşdür. Urmiya  gölü sahilində Göytəpə eneolit yaşayış yerində kərpic divarlar 

daş bünövrə üzərində qurulmuşdur. Urmiya gölü rayonunda çiy kərpic memarlığında 

Zaqafqaziyadan  fərqli  başqa  tikinti  ənənəsi  yayılmışdır.  Burada  bütün  tikililər 

düzbucaqlı formadadır. Belə tikililər Muğanda Əliköməktəpə yaşayış yerində çoxdur 

və  Azərbaycanın  Uımiyaətrafı  rayonunun  memarlığına  yaxındır.  Məsələn, 

Əliköməktəpə  yaşayış  yerində  evlər  düzbucaqlı  formada,  iki-üç  otaqdan  ibarətdir, 

evlərə adətən kiçikhəcmli dördkünc kameralar birləşir. Belə tikintilər vahid təsərrüfat-

məişət  kompleksi  təşkil  edirdi.  Evlərin  divarları  iki  cərgə  kərpicdən  hörülürdü.  Bu 

yaşayış  yerinin  yalnız  tək-tək  tikintiləri  dairəvi  plana  malik  idi.  Burada  həm  də  bir 

dairəvi planlı qazma otaq var idi. Onun ağardılmış divarında boya ilə çəkilmiş həndəsi 

nəqşin izləri qalmışdır. 

Naxçıvan ərazisində Kültəpə yaşayış yerinin eneolit təbəqəsinin alt qatlarında 

düzplanlı,  orta  qatda  dairəvi  və  düzplanlı,  son  mərhələdə  üst  qatlarda  isə  yalnız 

düzplanlı  tikinti  qalıqlarına  rast  gəlinmişdir.  Son  dövrdə  böyük  ölçüdə  inşa  edilən 

tikinti divarlarının qalınlığı 1 m-ə çatırdı. 


78 

 

Qarabağ düzənliyində Çalağantəpə və İlanlıtəpə yaşayış yerləri məsafəcə yaxın 



və oxşar mədəniyyətə mənsub olsalar da, memarlıq xüsusiyyətlərinə görə bir-birindən 

fərqlənir. Çalağantəpədə bütün tikintilər dairəvi planda bir cərgə kərpicdən hörülmüş, 

bəzən də daxildən ağardılmış və boya ilə naxışlanmışdır. İlanlıtəpədə tikintilər əsasən 

düzplanlı olsa da, orada dairəvi və yarımdairəvi planlı tikililər də olmuşdur. Tikililərin 

döşəmələrinə  bəzən  boya  qatılmış  gil  suvaq  çəkilmiş,  divarlarda  boya  ilə  naxış 

vurulması  qeydə  alınmışdır.  Orada  gipslə  suvanmış  sahələrə  də  rast  gəlinmişdir. 

Ağdam rayonunda Xındırıstan kəndi yaxınlığında Leylatəpə yaşayış yerinin sakinləri 

çiy kərpicdən yalnız düzplanlı evlər və təsərrüfat binaları tikirdilər. 

Qərbi  Azərbaycanın  və  onunla  qonşu  Gürcüstan  rayonlarının  erkən  əkinçi 

yaşayış  yerlərində  bir  cərgə  kərpicdən  hörülmüş  dairəvi  planlı  tikililər  əsas  yer 

tuturdu. 

Beləliklə,  Eneolit  dövründə  Azərbaycan  ərazisində  həm  dairəvi  və  həm  də 

düzplanlı  yaşayış  evləri  və  təsərrüfat  tikililəri  inşa  edilirdi.  Əgər  bəzi  rayonlarda 

dairəvi planlı, başqalarında düzplanlı tikililər üstünlük təşkil edirdisə, üçüncülərdə hər 

iki  tikinti  forması  eyni  vaxtda  mövcud  olmuşdur.  Mərkəzi  Zaqafqaziyada  dairəvi 

planlı memarlıq Kür çayından Araza qədər geniş yayıldığı halda, Muğan və Urmiya 

vilayətlərində əsasən düzplanlı evlər inşa olunmuşdur. 

Təsərrüfat.  Azərbaycanın  əlverişli  təbii  şəraiti  istehsal  təsərrüfatına 

yiyələnmiş düzən rayonların sakinlərinə davamlı oturaq həyat tərzi keçirməyə imkan 

verirdi.  Eneolit  yaşayış  yerlərində  əkinçilik  təsərrüfatı  ilə  əlaqədar  materiallar  əldə 

edilmişdir. Buraya, hər şeydən əvvəl, torpağın becərilməsi, taxılın biçilməsi və dənin 

döyülməsində  istifadə  edilən  alətlər  və  həm  də  kömürləşmiş  taxıl  dənləri  daxildir. 

Əkinçilik  məhsulları  saxlanılan  xüsusi  tikililər  də  aşkar  edilmişdir.  Çalağantəpədə 

kərpicdən hörülmüş anbarlardan birində çoxlu miqdarda yanıb kömürləşmiş buğda və 

arpa  tapılmışdır.  Azərbaycan  sakinləri  yumşaq  və  bərk  buğda,  mədəni  ikicərgəli  və 

çoxcərgəli arpa, həm də iki cərgəli yabanı arpa becərirdilər. Tək-tək çovdar dəninə də 

rast gəlinmişdir. Şomutəpə yaşayış yerindən Azərbaycanda ən qədim üzüm çəyirdəyi 

tapılmışdır. Eneolit dövründə iqlim dəmyə əkinçiliyi üçün indikindən daha yararlı idi. 

Bununla  belə  düzən  ərazisində  oturaq  həyat  tərzi  başlanan  dövrdən  oranın  əhalisi  su 

arxları  çəkmək  və  tarlaları  suvarmaq  üsuluna  bələd  idilər.  Qədim  əkinçilərin 

yerqazma,  şumlama  aləti  toxa  olmuşdur.  Toxalar  maral  buynuzundan,  iribuynuzlu 

heyvanların  qıç  və  kürək  sümüyündən  düzəldilirdi.  Şərqi  Zaqafqaziyanın,    xüsusən 

Gəncə-Qazax    düzənliyinin  erkən  əkinçilik  məskənlərindən  çoxlu  miqdarda  toxanın 

tapılması eneolit dövründə toxa əkinçiliyi mədəniyyətinin çiçəklənməsini sübut edir. 

O  vaxt  xış  hələ  məlum  deyildi.  Ön  Asiya  ölkələrində,  o  cümlədən  Mesopotamiyada 

da  eramızdan  əvvəl  IV  minilliyə  qədər  xışdan  istifadə  olunmurdu.  Öyrəndiyimiz 

dövrün  biçin  alətləri  yaxşı  məlumdur.  Onlar  başlıca  olaraq  yığma  oraqlardan  ibarət 

idi. Oraqların dəstəyi və işlək hissəsi bütöv bir ağac qələmindən düzəldilirdi. Onun bir 


79 

 

ucunda  əl  yeri  qoymaqla  qalan  hissədə  novçavari  yarıq  açaraq  oraya  çaxmaq  və  ya 



dəvəgözü  daşından  lövhə  dişlər  düzülürdü.  Dişlər  ağac  oraqlara  qətran  vasitəsilə 

bərkidilirdi.  Başqa  cür  oraqlar  da  məlumdur.  Məsələn,  Şomutəpədə  öküzün  çənə 

sümüyündən,  Naxçıvan  Kültəpəsində  isə  buynuzdan  düzəldilmiş  oraq  tapılmışdır. 

Məlum  olan  ən  qədim  biçin  alətləri  içərisində  Muğanda  Əliköməktəpə  yaşayış 

yerində  öküzün  kürək  sümüyündən  düzəldilmiş  oraqlar  da  vardır.  Onların  mişarvari 

düzəldilmiş ağız hissəsində biçin prosesində əmələ gəlmiş parıltı aydın bilinir. 

Eneolit  dövrü  yaşayış  yerlərində  əkinçilik  təsərrüfatı  ilə  bağlı  olan  xeyli  daş 

həvəng, daş dəstək, dən daşları və sürtgəclərə təsadüf olunur. Taxılı iri küplərdə, həm 

də evlərin yaxınlığında kərpicdən hörülmüş anbarlarda saxlayırdılar. 

Eneolit dövründə əhalinin təsərrüfatında əkinçiliklə bərabər heyvandarlığın da 

böyük  rolu  olmuşdur.  Yaşayış  yerlərində  bəzən  topa  şəklində  çoxlu  heyvan 

sümüklərinə  təsadüf  edilmişdir.  Əliköməktəpə  yaşayış  yerində  bir  sümük  topasında 

öküz və ata aid qırx kürək sümüyü, dörd at, beş öküz kəlləsi və ev heyvanlarının xeyli 

başqa sümükləri var idi. 

Həmin  dövrdə  yerli  əhalinin  heyvan  sürülərində  müxtəlif  cins  öküz  və 

qoyunun varlığı maldarlığın artıq yüksək inkişaf səviyyəsinə çatdığını sübuta yetirir. 

Ev  heyvanları  içərisində  donuz  da  var  idi.  Bəzi  yaşayış  yerlərinin,  məsələn, 

Çalağantəpənin  osteoloji  materiallarına  görə  o,  heyvandarlıqda  hətta  əsas  yerlərdən 

birini  tuturdu.  Yalnız  Muğanda  Əliköməktəpə  yaşayış  yerində  ev  atının  sümükləri 

tapılmışdır.  Bu,  nəinki  Qafqazda,  hətta  bütün  Avrasiyada  ev  atı  haqqında  ən  qədim 

məlumatdır.  Muğan  düzü  dünyada  ev  atının  istifadə  edildiyi  ən  qədim  yaşayış 

yerlərindən biri olmuşdur. 

Eneolit  dövründə  ev  heyvanlarını  başlıca  olaraq  ət  məhsulu  əldə  etmək  üçün 

saxlayırdılar.  Ətraf  mühitdən  əlavə  qida  məhsulları  almaq  bu  dövrdən  insanların 

yardımçı  peşələrindən  birinə  çevrilir.  Bu  məqsədlə  əhali  ceyran,  quş,  balıq  və  su 

quşları ovlayırdı. 

Azərbaycanın  eneolit  qəbilələrinin  süd  məhsulları,  o  cümlədən  yağ 

hazırlamasını  göstərən  birbaşa  dəlillər  olmasa  da,  onların  bəzi  süd  məhsulları 

istehsalından xəbərdar olmasını güman etmək olar. 

Beləliklə, qeyd olunan dəlillər göstərir ki, Azərbaycan ərazisində Eneolit dövrü 

qəbilələrinin  təsərrüfatının  əsasını  artıq  inkişaf  etmiş  əkinçilik  və  maldarlıq  təşkil 

edirdi. 


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin