Əkinçilik. Bağçılıq. Üzümçülük. Antik müəlliflər Albaniya kənd təsərrüfatının
mənzərəsi haqqında müəyyən məlumat verir.
Məsələn, Strabon əkinçilik barəsində yazır ki, albanlar "həm cürbəcür (yabanı)
meyvələr, həm də insanın yetişdirdiyi [meyvələr] verən torpaqdan da lazımi dərəcədə
istifadə etmirlər. Burada həmçinin həmişəyaşıl [bitkilər] yetişir... bir dəfə toxum səpilən
torpaq bəzən iki və ya üç dəfə məhsul verir. Birinci dəfə hətta əlli qat məhsul yığırlar.
(Bu zaman torpaq [herikə] qoyulmur) və hər hansı dəmir (kənd təsərrüfatı) alət(i) ilə
deyil, adi ağacdan düzəldilmiş xış ilə şumlanır. Çayların suları və başqa sular bütün
düzənliyi Babil və Misirdən xeyli yaxşı suvarır, belə ki, [düzənlik] daim zəngin otlaq
288
görkəmində olur, buna görə də bərəkətlidir. Üstəlik, burada hava da oradakından
yaxşıdır".
Qədim coğrafiyaşünas başqa bir yerdə qeyd edir ki, albanlar və iberlər "münbit
torpağa malikdirlər və təsərrüfatı yaxşı inkişaf etdirə bilirlər". Biz Strabonda əkinçilik
üçün yararsız ərazi haqqında da işarələrə rast gəlirik. Məsələn, o yazır ki, İberiyadan
Albaniyaya gedən yol "Kambüsenadan suyu qıt olan dərə-təpəlik ərazidən keçir". Bu
"dərə-təpəlik", eyni zamanda suyu qıt olan ərazidə, əlbəttə, əkinçilik inkişaf edə bilməzdi.
Strabonun yuxarıda gətirilən məlumatı ilə əlaqədar olaraq, ağac xışın xatırladılması
maraq doğurur, ədəbiyyatda onu ağac kotan da adlandırırlar. Məlum olduğu kimi, ağac xış
qədim Şərqin hər yerində geniş yayılmışdı və Albaniya bu baxımdan heç də istisna
deyildi.
Ağac kotan əsasən elə bir dəyişikliyə uğramamış, ilkin formasını bizim günlərə
qədər saxlamışdır. Ağac xış əkinçilərin əməyini yüngülləşdirir və əmək məhsuldarlığını
artırırdı. Torpaq təkcə təsvir edilən üsulla deyil, həm də qəbirlərdə arxeoloqlar
tərəfindən izləri qeydə alınmış müxtəlif çeşidli alətlərlə şumlanırdı. Məsələn,
katakombalar qazılanda torpaq işləri, yəqin ki, kürəklə görülürdü. Spesifik formalı
Azərbaycan kürəyini xatırladan başqa bir alət - bel haqqında da məlumat vardır. Bu cür alət
Albaniyanın hüdudlarından kənarda da aşkar edilmişdir.
İrriqasiya haqqında da bizə bəzi məlumatlar gəlib çatmışdır. Məsələn, "çayların
suları və başqa sular ilə" Albaniya ərazisinin suvarılması haqqında Strabonun məlumatı
maraq doğurur. Tədqiqatçıların haqlı olaraq qeyd etdikləri kimi, Strabon "başqa sular"
deyəndə, ehtimal ki, irriqasiya sistemini - kəhrizləri və kanalları nəzərdə tutmuşdur.
Azərbaycan ərazisində hələ qədim zamanlarda tikilmiş irriqasiya qurğularının mövcud
olması çoxdan məlum idi. Yerli əhali bu kanalların bir hissəsindən indi də istifadə edir.
Qədim Qafqaz Albaniyasında Gəncə yaxınlığında Şəmkir çayının subasarında kəhriz
sisteminin mövcud olması qeydə alınmışdır. Hazırda Azərbaycan kəndlərində kəhrizlərdən
istifadə olunur, yaxın keçmişdə Bakıda, Gəncədə, Şəmkirdə, Naxçıvanda və başqa
şəhərlərdə əhali kəhrizlərdən istifadə edirdi. Strabonun dediklərinə, habelə arxeoloji və
etnoqrafik məlumata əsaslanaraq belə bir fərziyyə söyləmək olar ki, qədim
Azərbaycanın əhalisi becərilən torpaqlarda irriqasiya məqsədləri üçün kanallardan və
kəhrizlərdən istifadə etmişdir, bu isə əkinçilik təsərrüfatı səviyyəsinin nisbətən yüksək
olması şəraitində mümkündür.
Kənd təsərrüfatında tərəqqi yeni əmək alətləri və yeni əmək vərdişləri ilə bağlı
idi. Qazıntı zamanı çoxlu biçin aləti tapılmışdır. Torpaq və küp qəbirlərdə, habelə çiy kərpic
türbələrdə dəmir oraqlar və biçində işlədilən oraq şəkilli bıçaqlar aşkar edilmişdir. Arxeoloji
ədəbiyyatda küp və katakomba qəbirlərindən, habelə Mingəçevirin ilk və orta əsrlərə aid
məskənlərindən tapılmış dəmir oraqlar məlumdur.
Məlumdur ki, Azərbaycanda həm bərk, həm də yumşaq buğda əkilirdi. Bərk
buğda dəninin və ununun Mingəçevirdə aşkar edilmiş qalıqları həmin vaxtlara aiddir.
289
Qaratəpədə eramızdan əvvəl I minilliyin sonuna aid keramika əşyalarında buğda və
darının qabarıq təsvirləri vardır. Kür çayının solsahil qəsəbələrində arpa dəninin
qalıqları aşkar edilmişdir. Mingəçevirdə buğda və arpa qalıqları, Xınıslıda isə
kömürləşmiş buğda və arpa dənləri aşkar olunmuşdur. Buğda yumşaq və bərk sortlara
mənsubdur, arpa altıcərgəlidir. Həm yumşaq, həm də bərk buğdanın ayrı-ayrı növləri
Azərbaycanın müxtəlif yerlərində indiyədək yetişdirilməkdədir. Küp qəbirlərdə buğda
və arpa qalıqları, həmçinin gümüşü rəngli kəpək şəklində darı tapılmışdır. Gətirilən
faktlar göstərir ki, Azərbaycan ərazisində hələ ilk vaxtlardan buğda və arpa yetişdirilmiş,
darı isə güman ki, nisbətən sonralar əkilməyə başlanmışdır.
Daha erkən arxeoloji material və etnoqrafik məlumat belə güman etməyə əsas verir
ki, alban əkinçiləri kənd təsərrüfatı işləri zamanı taxıl döyümünün hər üç üsulundan,
habelə sovuruq ata-ata dən təmizləmək üsulundan istifadə etmişlər. Taxılın
çoxaldılması anbarlar yaradılmasını tələb edirdi. Ən qədim zamanlardan Azərbaycanda
taxılı saxlamaq üçün quyulardan və küplərdən istifadə olunurdu. Hələ Roma yazıçıları
aqronomiyaya dair risalələrində göstərirdilər ki, taxılı saxlamağın yayılmış üsullarından
biri onun quyularda saxlanılması idi. Məsələn, Luki Kolumella (I əsr) yazırdı ki, "heç bir
anbar olmayanda bəzi dənizaşırı əyalətlərdə edildiyi kimi, taxılı torpaqda saxlamaq
[lazımdır]...". Taxıl saxlanılan xüsusi quyular haqqında başqa məlumat da var. Məsələn,
Plini göstərir ki, "taxılı quyularda saxlamaq daha münasibdir... hər şeydən əvvəl quyular
quru torpaqda qazılsın, sonra dibinə saman döşənsin; daha sonra oraya taxıl doldurulur...".
Arxeoloji materialın öyrənilməsi göstərir ki, əkinçi əhali taxıl ehtiyatını iri gil küplərdə də
saxlayırdı. Mingəçevirin qədim xarabalığında yerə basdırılmış iri təsərrüfat küpləri,
quyularda darı, arpa və buğda qalıqları ilə yanaşı, emal edilmiş kənd təsərrüfatı
məhsulları da var idi. Maraqlıdır ki, quyuların birindən təqribən 15 kiloqram un tapılmışdır.
Qabların birində buğda unundan yoğrulmuş xəmir aşkar edilmişdir. Dəfn adətləri ilə bağlı
adi iri küplərdə şərab, taxıl və başqa əkinçilik məhsulları saxlanılırdı. Xınıslıda yerə
basdırılmış bir təsərrüfat küpü, habelə bir neçə quyu aşkar olunmuşdur. Albaniyaya
qismən daxil olan qonşu Dağıstanda da taxıl və şərab saxlanılan iri gil qablar tapılmışdır.
Kənd təsərrüfatı məhsullarının emalında işlədilən alətlər taxıl istehlakının
səviyyəsini göstərir. Əhali dən daşlarından geniş istifadə edirdi. Dən daşlarından əlavə, əl
dəyirmanları da aşkar olunmuşdur. Yaloylutəpədə qazıntı sahələrinin birində iki əl
dəyirmanı daşı tapılmışdır. Görünür, əl dəyirmanı eramızdan əvvəl I minilliyin son
əsrlərinə aiddir. Eramızın I əsrinə aid olan əl dəyirmanı Xınıslı kəndində tapılmışdır.
Maraqlıdır ki, Yaloylutəpədə və Xınıslıda aşkar edilmiş əl dəyirmanı daşlarının diametri və
qalınlığı eynidir. O zaman Azərbaycan ərazisində təkcə əl dəyirmanları deyil, su
dəyirmanları da vardı.
Bağçılığa dair qaynaqlar nisbətən məhduddur. Strabon məlumat verir ki, Albaniya
torpağında ağaclar becərilir; həmişəyaşıl bitkilər haqqında da məlumat verilir.
290
Strabon, məsələn, Araz vadisindən, habelə Sakasena və Qoqarenadan danışanda
göstərir ki, "bütün bu ölkə cır meyvələrlə və insan tərəfindən yetişdirilən ağacların
[meyvələri] və həmişəyaşıl [bitkilər] ilə doludur. Burada hətta zeytun bitir...". Bu
məlumata əsasən güman etmək olar ki, həm Araz vadisində və Qoqarenada, həm də
Sakasenada iki növ ağac vardır. Birinci növ ağaclar cır meyvə ağacları, ikinci növ
ağaclar isə yerli əhali tərəfindən yetişdirilən meyvə ağaclarıdır. Bu ərazidə sonralar da
məlum olmuş zeytun ağacları diqqəti cəlb edir. Kursi Ruf (I əsr) çox ehtimal ki, Cənubi (bəlkə
həm də cənub-şərqi) Qafqazı nəzərdə tutaraq göstərirdi ki, başqa ehtiyatları bol olan bu
ölkədə həm də çoxlu alma yetişdirirlər və onun torpağı üzüm hasilə gətirmək üçün
olduqca əlverişlidir.
Qəbiristanlıqlarda aparılan qazıntı işləri antik Albaniyada bağçılıq haqqında
müəyyən material verir. Küp qəbrindəki qabların birindən qoz və nar qalıqları, başqa
birindən şaftalı çərdəkləri tapılmışdır. Çiy kərpic qəbrində gilas tumları aşkar edilmişdir.
Mingəçevirdə tapılan taxta qəbirlərdə də meyvə qalıqları vardır.
Üzümçülük haqqında da məlumat qalmışdır. Qazıntı zamanı aşkara çıxarılmış
paleobotanik material antik müəlliflərin üzümçülük haqqında məlumatını təsdiqləyir.
Ağdam yaxınlığındakı Üzərliktəpədə eramızdan əvvəl III-I əsrlərə aid küp qəbirlərin
birindən dibində üzüm tumları olan bir qab tapılmışdır. Qonşu ölkələrdə olduğu kimi,
Azərbaycanda da lap qədimlərdən üzüm yetişdirilirdi. Başqa bitkiləri yetişdirmək mümkün
olmayan torpaqlarda da üzüm çox gözəl yetişir. Strabon Albaniya üzümçülüyündən
danışarkən göstərir ki, "tənəklər (hətta qulluq edilməyəndə də) uzun ömür sürür. [Hər]
beş ildən bir tənəyin dibi bellənəndə [artıq zoğlar] kəsilir. Cavan tənək iki [yaşında] bar
verir, yetişmiş tənək isə o qədər [üzüm] verir ki, salxımlar dərilməmiş qalır". "Dionisi
Perieketin coğrafiyasına dair şərhlər"də Evstafi yazır ki, kaspilərin torpağında tənəklər bol
üzüm verir. Strabon tənəklərə qulluq edilməsinin ayrı-ayrı mərhələləri üzərində dayanır,
Evstafi isə kaspilərin torpağında üzümün bərəkətli olduğunu qeyd edir. Üzümçülüklə
əlaqədar olaraq qazıntı zamanı tapılmış bəzi əşyaların da adını çəkmək lazımdır: həmin
əşyalar hər şeydən əvvəl tənəkləri budamaq üçün işlədilən bıçaqlar və qayçılardır.
Dediklərimiz göstərir ki, qədim Qafqaz Albaniyasının ərazisində bol üzüm yetişdirilirdi.
Mingəçevir küp qəbirlərinin birindən üzüm tumları tapılmışdır.
Məlum olduğu kimi, üzümdən müxtəlif məhsullar hazırlanması təsərrüfat həyatında
böyük əhəmiyyətə malikdir. Qədim Albaniyada üzüm şirəsini çıxarmaq üçün bilavasitə
istifadə olunmuş əşyalar böyük maraq doğurur. Belə əşyalardan biri də şirə almaq üçün
düzəldilmiş daş vannadır. Bu cür üzümsıxma vannalarından biri Xınıslıda aşkar
edilmişdir; vannanın dibi girintili-çıxıntılıdır və orada hazır üzüm şirəsinin axması üçün
nov vardır. Hazır üzüm şirəsini qıcqırmağa qoyurdular. Arxeoloji qazıntılar zamanı aşkara
çıxarılmış materialın araşdırılması göstərir ki, öyrənilən dövrdə üzümçülüklə yanaşı,
şərabçılıq da olmuşdur. İri küplər həm üzümü emal etmək, həm də şərab saxlamaq üçün idi.
291
Gildən qayrılmış başqa əşyalar da şərabçılıqdan xəbər verir. Məsələn, küp və torpaq
qəbirlərdə aşkar edilən tor arakəsməli qabları göstərmək olar.
Maldarlıq, balıqçılıq. Albaniya əhalisinin təsərrüfatında maldarlıq nəzərə
çarpacaq yer tuturdu. Əlverişli təbii şərait buna imkan yaradırdı. İlin qızmar vaxtlarında
mal-qara uca dağlarda yerləşən Alp çəmənliklərinə qalxır, qışın soyuğunda düzənliklərə
enirdi. Strabon "daim zəngin otlaq görkəminə malik olan" Albaniya düzənliyindən
danışarkən bildirir ki, Albaniyada "həm ev, həm də çöl [heyvanları] otlayan sürülər gözəl
artım" vəziyyətindədir. Klavdi Elian (II—III əsrlər) Amintanın əsərinə istinad edərək
yazır ki, "Kaspilər ölkəsində öküz sürüləri və at ilxıları çoxdur...".
Albaniyada maldarlıq haqqında qədim müəlliflərin məlumatları osteoloji
materialla da təsdiq olunur. Zəngin küp qəbirlərin birindən genağızlı küplərdə və dərin
camlarda olan heyvan sümüklərindən başqa, həm də öküzün qafa tası və ayaq sümükləri
tapılmışdır; bunların yanında bir neçə qoyun-keçi kəlləsi və başqa sümüklər vardı.
Mingəçevirdə gildən bişirilmiş öküz başı, habelə inəyə oxşayan heyvan fiqurları aşkar
edilmişdir. Mingəçevirdə zəngin qəbirlərin birində küpdən kənarda at sümükləri,
Şıxdərə Kəlləsində (Mollaisaqlının 3 kilometrliyində) ayaqları qoparılmış keramik at
fiqurları aşkara çıxarılmışdır; atın boynundan və quyruğundan çıxıntı şəklində uzanan
qayış təsvirləri qabarıq verilmiş yəhəri atın belində saxlayır.
Albaniyada qoyun-keçi çox yayılmışdı. Klavdi Elian yazır ki, "kaspilərin keçiləri
ağappaqdır, buynuzları yoxdur, boyları alçaq, burunları enlidir". Küp qəbirlərə qoyulan
qabların xeyli hissəsi qoyun və keçi sümükləri ilə doludur. Qədim Albaniyada
maldarlığın əhəmiyyəti zoomorf keramikada da öz əksini tapmışdır. Küp qəbirlərdən
tapılan bir çox qabların üstündə buynuzlu qoyun başının təsvirləri vardır. Qaratəpə (Mil,
Örənqala xarabalığının yaxınlığında) gil qablarının lülələrində, qulplarında və boğazlarında
buruq buynuzlu qoç başı təsvir edilmişdir. Kür çayının sağ sahilində əldə edilmiş osteoloji
material göstərir ki, qoyun və keçi cinsləri Şərqi Qafqaz ərazisində çox olan qoyun və
keçilərin müasir cinslərinə uyğun gəlir. Albanların təsərrüfatında əhliləşdirilmiş itlər də
var idi. Strabon yazır ki, albanlar həm özləri, həm də itləri böyük [həvəslə] ov edirlər,
[ona görə yox ki, ov onların] peşəsidir, daha çox [ona görə ki, onların ova] meylləri
[vardır]". Qədim albanlann it saxlamasını arxeoloji material da təsdiq edir. Yazılı
qaynaqlar və arxeoloji material göstərir ki, Albaniyada ov ilə də məşğul olurdular, ov isə,
şübhəsiz, azuqə toplamağa kömək edirdi və ola bilsin, eyni zamanda tərbiyə forması idi,
gənc döyüşçülər üçün bir növ mərdlik dərsi idi.
Yazılı qaynaqlarda Kaspi torpağında dəvələr olması haqqında da məlumat
qalmışdır. Klavdi Elian yazır ki, burada "dəvələr lap çoxdur... [onların] gözəl yunu
vardır".
Mal-qara yerli əhalini ilk növbədə ət, dəri, yun ilə, həmçinin lazım olan digər
xammalla təmin edirdi. Genağızlı, ikiqulplu, orta ölçülü küplər maldarlıq təsərrüfatında
tətbiq olunur. Dəfn küpündə tapılmış gil güvəclərin birində ağartı izləri aşkar edilmişdir.
292
Arxeoloji qazıntılar zamanı Albaniyanın qədim əhalisi tərəfindən işlədilən çoxlu gil
nehrə aşkara çıxarılmışdır. Məsələn, Mingəçevir, Ağcabədi küp qəbirlərində və başqa
yerlərdə nehrələr tapılmışdır. Südün yaxşı çalxalanması üçün bu nehrələrdən bəzisinin
dibində barmaqvari iki və ya dörd çıxıntı vardır. Yağın alınması prosesini etnoqrafiya
materialı əsasında təsəvvürdə canlandırmaq olar. Azərbaycanın kənd əhalisi indi də nehrədə
yağ çalxayır. Etnoqrafik material göstərir ki, qədim əhali yağı saxlamaq üçün genağızlı,
qulpsuz qablardan, habelə kəsilmiş ev heyvanlarının təmizlənib qurudulmuş mədələrindən
istifadə edirdi. Yazılı qaynaqların, arxeoloji materialın və etnoqrafik məlumatın
öyrənilməsi güman etməyə əsas verir ki, qədim Albaniyada maldarlıq yarıköçəri, aran-
yaylaq maldarlığı idi.
Bir çox qaynaqlar albanların balıqçılıqla da məşğul olduqlarını söyləməyə imkan
verir. Klavdi Elian yazır ki, "Kaspi torpağında nəhəng bir göl var və bu göldə itiburun
adlanan iri balıqlar üzür... Kaspilər onları tutur, duzlayır və ya qurudurdular...". Bu
məlumat həm Albaniyaya, həm də Atropatenaya aiddir. Balıqçılığın inkişafını arxeoloji
material da təsdiq edir.
Sənətkarlıq. Qazıntılar nəticəsində dulus kürələrinin və çoxlu gil qabların
tapılması sübut edir ki, qədim Qafqaz Albaniyasında keramik məmulat istehsalı geniş
yayılmışdı. Dulus kürələri ölkənin bütün ərazisində aşkara çıxarılmışdır. Mingəçevir
kürələri daha mükəmməl öyrənilmişdir; Kür çayının sahilində dulus kürələrinin sıx
yerləşməsi vaxtilə burada iri dulusçuluq mərkəzi olduğuna dəlalət edir. Kürələr Alazan
çayı ilə Əyriçayın qovuşduğu yerin yaxınlığında - Torpaqqalada da qeydə alınmışdır.
Dulusçular qabaqcadan lazımi qədər gil tədarük edirdilər; gil yataqları həm torpaq, həm
də küp qəbirlər mədəniyyətinin yayıldığı ərazidə vardır. Əşyalar hazırlamaq üçün
işlədilən gil adətən yaşıla çalan açıq sarı rəngdə olur. Bitki qatışığı ilə bu cür gildən
yapılan qablar bişiriləndə sarımtıl, çəhrayı və qırmızımtıl rəng alır ki, bu da küp qəbirlərdən
və çiy kərpic qəbirlərindən çıxan keramikanı son tunc dövrünün və ilk orta əsrlərin gil
məmulatından fərqləndirir. Görünüşündən, xüsusilə təzə sınıq yerindən məlum olduğu
kimi, qablar yaxşı qurudulmuş gildən düzəldilirdi. Müxtəlif gillərin xassələrindən asılı
olaraq, məmulat bişirildikdən sonra müxtəlif rəng alırdı. Qədim əhalinin sakin olduğu
hər bir iri rayona yerli gildən hazırlanan keramikanın spesifik rəng çalarları uyğun gəlirdi.
Tərkibində cüzi miqdarda xırdadənəli yağsızlaşdırıcı qum olan gildən hazırlanmış açıq və
tünd rəngli qablar torpaq qəbirlərdən çıxarılmış kiçik ölçülü keramika üçün səciyyəvidir.
Bu məmulat Alazan, Türyan və Pirsaat çaylarının sahillərində, habelə Muğanın torpaq
qəbirlərində intişar tapmışdır. Yaloylutəpə tipli torpaq qəbirlərdə aşkar edilmiş iri ölçülü
keramika üçün əsasən qurutma və bişirmə zamanı deformasiyanın qarşısını alan xeyli
miqdarda iridənəli qum qarışmış açıq rəngli gil səciyyəvidir. Belə keramikaya başlıca
olaraq Türyançay sahillərində və qismən küp qəbirlərin intişar tapdığı bütün ərazidə,
habelə Kür çayından cənubda təsadüf edilir; bu məmulat yağsızlaşdırıcının çox olması ilə
fərqlənir. Kür ilə Alazan qovşağından cənubda yerləşən rayon öz məmulatı ilə diqqəti
293
xüsusilə cəlb edir. Sabirabad yaxınlığında küp qəbirlərdən tapılan keramika qatışığı az
olan gildən hazırlanmışdır. Həm qara, həm açıq rəngli keramikanın gil kütləsinin
keyfiyyəti eynidir, hər ikisinin tərkibində silisium, alüminium, dəmir, kalsium,
maqnezium, oksigen, kükürd və başqa elementlər vardır; qara keramikanın gil kütləsində
alüminium daha çoxdur. Küp qəbirlər keramikasının yayıldığı zona üçün tərkibində
xırdadənəli və iridənəli qumdan ibarət az miqdar yağsızlaşdırıcı olan açıq rəngli gil
səciyyəvidir.
Həm təsərrüfat, həm də qəbir küpləri istehsalında istifadə edilən iri ölçülü
məmulat üçün çoxlu yağsızlaşdırıcı işlədilirdi. Kiçik ölçülü keramika məmulatına isə,
əksinə, yağsızlaşdırıcı az tətbiq edilirdi. Böyük küplər hazırlananda gil kütləsinə yalnız
iridənəli qum deyil, həm də şamot-döyülmüş saxsı qatırdılar. Çiy kərpic qəbirlərin
zonasına gil Gəncəçay vadisindən gətirilirdi. Bu gildən hazırlanan məmulatın rəngi tünd
boza çalırdı, çox vaxt qabın üstü başdan-başa tünd xallarla örtülürdü. Keramikanın
texnoloji xüsusiyyətlərinin öyrənilməsi göstərir ki, dəfn mərasiminin hər növü üçün
özünəməxsus hazırlanma texnikası olan gil qab səciyyəvidir ki, bu da qədim Qafqaz
Albaniyasının mədəniyyətlərini bir-birindən fərqləndirməyə imkan verir.
Kirəmitçilik saxsı qab istehsalı ilə sıx bağlıdır. Çaqqallıda (Qəbələ zonası)
qazıntı zamanı çoxlu bütöv kirəmit və külli miqdarda kirəmit qırıntıları tapılmışdır.
Bunlar yastı solenlərdir (təqribən 64/66x40/46x3 santimetr). Habelə ikienişli (təqribən
70/74x44/42x2 santimetr) və novlu (təqribən 55x26/30x2 santimetr) kalipterdir. İstehsal
prosesində hazır gil kütləsindən arzu olunan kirəmit alınır, qurudulur və keramika
sobasına qoyulurdu. Açıq boz və açıq qırmızı rəngli kirəmitlər yaxşı duruldulmuş açıq
rəngli gil ilə cüzi miqdarda yağsızlaşdırıcının qatışığından hazırlanırdı. Dulusçular
çəkisi çox ağır gələn (təqribən 12-15 kiloqram), lakin əla dam örtüyü olan kirəmit
bişirirdilər. Xınıslıda kirəmit qırıqları aşkar edilmişdir. Seyidtala qədim şəhər
xarabalığında da bu cür kirəmit (62x43x2,5) tapılmışdır. Belə solenlər və novlu
kalipterlər Mollaisaqlıda və Şıxdərə Kəlləsində də aşkara çıxarılmışdır.
Bişirmə sobalarında daha kiçik gil əşyalar: iy, qursa, ayin əhəmiyyəti olan kiçik
gil heykəlciklər də bişirilirdi. Qədim Albaniya qəbiristanlarında və məskənlərində tapılan
keramika məmulatının, habelə dulus sobalarının kütləvi xarakter daşıması qədim
Qafqaz Albaniyasında keramika istehsalının geniş miqyas aldığını göstərir.
Mis filizi çıxarılan qədim mədənlərin mövcud olması, arxeoloji qazıntılar zamanı
çoxlu metal məmulat tapılması göstərir ki, qədim Qafqaz Albaniyasında əmək alətləri,
silahlar və bəzək şeyləri istehsalı yüksək sənətkarlıq səviyyəsində aparılırmış.
Qəbirlərdə aşkara çıxarılan əşyalar ölkədə dəmir, tunc, qızıl və gümüş məmulatı
istehsalının inkişaf etdiyini təsdiqləməyə, albanların metalişləmə üsulları haqqında
mühakimə yeritməyə imkan verir.
Qədim Albaniyada metaldöymə, metalda naxışaçma və qəliblərə metaltökmə geniş
yayılmışdı. Metal iki üsulla-qızdırılaraq və ya soyuq-soyuq döyülürdü. Birinci üsulla
294
işləyəndə metalı kürədə qızdırıb zindanda bir və ya bir neçə çəkiclə döyürdülər-qədim
albanlar və qonşuları dəmiri əsasən bu cür emal edirdilər. İstidöymə üsulu bir çox
əmək alətləri və silahlar istehsalında tətbiq edilirdi. Albanlar qəbirə çox zaman ölü ilə
birlikdə oraqlar və oraqşəkilli bıçaqlar, habelə xəncərlər, qılınclar, yabalar, ox, nizə və
mizraq ucları da qoyurdular. Albaniya qəbirlərindən tapılmış çoxlu üzüklərdə, sırğalarda,
qolbaqlarda, toqqalarda, tökmə, döymə və digər proseslərin birgə tətbiqi ilə hazırlanmış
digər bəzək əşyalarında isti emalın izləri vardır. Bəzək şeylərinin ayrı-ayrı hissələri çivi
və ya lehim ilə birləşdirilirdi. Bəzək şeylərinin xeyli hissəsi - sırğalar, üzüklər, qolbaqlar,
boyunbağılar, zınqırovlar - soyuq emal üsulu ilə hazırlanırdı. Emalın başqa bir üsulu
metalda naxışaçma idi. Hazır metal məmulatın naxışlarını rəsm əsasında üst və ya alt
üzündəki alətə zərbə vura-vura həkk edirdilər. Metalda naxış açmaq texnikası haqqında
müxtəlif qəbirlərdə aşkar edilmiş azsaylı əşyalara - sikkələrə, yüksək əyarlı qızıldan
düzəldilmiş nazik lövhəciklərə görə mühakimə yürütmək olar. Metal emalının ən çox
zəhmət tələb edən üsullarından biri açıq və ya açılıb-örtülən qəliblərə metal
tökülməsidir.
Tunc, gümüş və qızıl əşyalar qədim alban ustalarının zərgərlik sənətinin
texnologiyasını ətraflı izləməyə imkan verir.
Antik Albaniyada sənətlərin digər növləri də inkişaf etmişdi. Arxeoloji material
sümükişləmə və ağacişləmə sənətinin səviyyəsi haqqında mühakimə yürütməyə imkan
verir. Daşişləmə sənətinin inkişaf etməsi də şəksizdir.
Təəssüf ki, antik Albaniyada toxuculuq haqqında məlumatımız kasaddır. Şübhə
yoxdur ki, burada qoyun və dəvə yunundan istifadə olunurdu. Qazıntılar zamanı çoxlu
qırxılıq tapılmışdır. Bu cür dəmir qırxılıqlar Azərbaycanda indi də tətbiq olunur. Elian
Kaspiana ərazisində yun və yun paltar istehsalı haqqında məlumat verir: "[onlarda] dəvə
olduqca çoxdur... gözəl yunu vardır; dəvə yunu çox zərifdir, belə ki, yumşaqlıq cəhətdən
hətta Milet yunundan da geri qalmır. [Bu yundan] tikilmiş paltarı hiyerevslər və ən varlı
kaspilər geyirlər...". Görünür ki, dəvə yunundan olan paltar yüksək qiymətləndirilirdi və
yəqin ki, alver malı idi.
İplik istehsalının başqa bir mənbəyi kətan idi. Qabığı o qədər bərk olmayan bu
biçimli, elastik, gövdəsi kövrək bitkiyə insan çoxdan diqqət yetirmişdi. İstehsal
prosesində kətanı əvvəlcə əlləri ilə didir, sonra lifindən sap eşir və yalnız bundan sonra
iyə sarıyırdılar.
Kətan parçalardan qədim Qafqaz Albaniyasında geniş istifadə olunurdu. Küp və
çiy kərpic qəbirlərdən tapılmış əl və ayaq bilərziklərində oksidləşmə nəticəsində
parçanın aydın izləri qalmışdır. Mingəçevirdə qoşa küp qəbirlərin birində sap qalıqları
ilə birlikdə piləklər aşkar edilmişdir. Tədqiqat göstərmişdir ki, Mingəçevirdə tapılan
parça qırığı nazik kətan parçanın kəsiyidir. Başqa bir qəbirdə gümüş toqqa üzərində kətan
parçanın qalıqları aşkar edilmişdir. Xınıslıda dəmir toqqada parça qırıqları qalmışdır.
Mingəçevir küp qəbirlərindən tapılan kətan parça hər sırada arğacı bir ərişin üstündən
295
aşırıb o biri ərişin altından keçirmək üsulu ilə toxunmuşdur. Xalça ilmələri ilə toxunan
parçalar da olmuşdur. Küpdə dəfn edilmiş yeniyetmə bir qızın paltarı qədim Albaniyada
kətan parçaların olması haqqında fikir söyləməyə imkan verir: qızın qırmızı dəri
başmaqları və eynilə kəməri, parçadan tikilmiş, hər balağına iki tunc bilərzik
keçirilmiş dizliyi vardı. Dizliyin üstündən ətəklik (yubka) geymiş, beldən yuxarıda isə
əynində kofta və tor ilmələrinin izləri qalmışdı. Qollarına qolbaqlar və sapa düzülmüş
muncuqlar taxılmışdı, boynunda da muncuq çox idi. Albanlarda əl iyinin quruluşu son
dərəcə sadə idi - kələfbənd taxta ilə milə geydirilirdi. Məlumdur ki, əyirmə zamanı
kələfbəndi və ona keçirilmiş taxta mili adətən sağa hərləyirlər. Azərbaycanda bu
əyirmə üsulundan indi də istifadə edilir. Təmizlənmiş, əl ilə didilmiş yunu hər hansı bir
əşyaya bənd eləyib, ipi iyə sarıyırlar. Eramızdan əvvəl I minilliyə aid edilən sadə
toxuculuq dəzgahlarının ayrı-ayrı hissələri Mingəçevir və Babadərvişin katakomba
qəbirlərində aşkar edilmişdir. Dəzgahların ayrı-ayrı hissələri ilə yanaşı, sümük çubuqlar
da tapılmışdır. Qəbirlərdən tapılmış parça qırıqları söyləməyə irnkan verir ki,
toxuculuq antik Albaniyanın inkişaf etmiş sənətlərindən biri olmuşdur.
Bir qədər sonralar Albaniyada pambıq və ipək parçalara rast gəlinir.
Sənət növləri bunlarla bitmir. Səhih mənbələrin olmaması Qafqaz Albaniyasında
dabbağlıq, dərzilik haqqında mühakimə yürütməyə imkan vermir. Hərçənd arxeoloji
material içərisində bəzən bu sənətlərin zəif izlərinə təsadüf edilir.
Dostları ilə paylaş: |