ƏŞRƏF
Əşrəflə Məmməd Bakıya beş gündən sonra gəlib çıxdılar. Yaman yorğun-arğın idilər. Gecə vaxtı idi. Hamı yatmışdı. Səs-küy olmasın deyə qapını döymədilər, ancaq qapını açıb içəri keçdilər.
Otağın qapısını açan oğlunu Seyid Bikə birinci gördü. Çarpayısında uzanan Nərgizə nağıl danışırdı ki, qızcığaz yatsın. O, isə birini də danış, birini də deyərək, nə özü yatırdı, nə də nənəsini yatmağa qoyurdu. Qızcığaz sanki kiminsə gələcəyini gözləyirdi.
Ananın ürəyi yerinə gəldi. Seyid Bikə sevincinin həddi-hüdudu yox idi.
Nərgiz isə atasının boynundan sallanıb onu duz kimi yalayırdı.
-Dədə, Vallah Bakı Tiflisdən yaxşıdır. Buranın dənizi var. Tiflis kəndə oxşayır. Nənə də burdadır, baba da burdadır. Gəl, burada qalaq.
-Mənim gülüm belə istəyir?
Nərgiz başıyla razılıq verdi.
-Onda qalırıq, bir də heç yana getməyəcəyik.
-Gəzməyə də?
-Gəzməyə gedəcəyik. Hara istəsən!?
***
Səhər yenicə açılmışdı. Əşrəf adəti üzrə hamıdan tez durmuşdu. Məşədi Fazil isə Səmərqənddə idi. Qardaşlar böyük qardaşın yuxudan durduğunu görüb bir-birinin ardınca həyətə çıxdılar. Özünü Əlisəttar da yetirdi.
-Məmməd hanı? - deyə Əşrəf üzünü qardaşı Əyyuba tutdu.
-Hələ yatır. Yaman yorğun görünür. Durğuzmadım.
-Qoy yatsın. Bəs Cavad hanı?
-Cavadı dünən gecəyənən Tiflisə göndərdim. Səməd ağanın ürəyi yerinə gəlsin. Göndərdim ki, ordakıları sakit etsin -deyə Seyid Bikə oğlunun əvəzinə cavab verdi.
-Cəlili tapdın? -deyə üzünü Əlisəttara çevirdi.
-Yoldaşı dedi ki, işdədir. Axşam işdən sonra bizə gələcək.
Əşrəf daha bir söz demədi. Ailə dinməzcə oturub səhər yeməyini yeyirdi. Hamının fikri onda idi. Onun isə qaş-qabağı açılmırdı. Qardaşlar hiss edirdilər ki, vəziyyət çox gərgindir. Elə olmasaydı, böyük qardaşları boş-boşuna bu hala düşməzdi. Nərgizlə Raziyə süfrəni yığışdırdılar. Qardaşların biri də stolun arxasından durmadı. Hamı Əşrəfin ayağa qalxmasını gözləyirdi. O, qardaşlarının onu gözlədiyini hiss etdi.
-Hərəniz öz işinizlə məşğul olun! Axşam hamı burda olsun! -deyə göstəriş verdi.
***
Evin kişiləri yenicə dağılışmışdı Raziyənin uşaqlıq rəfiqəsi Rouşən qapıdan içəri girdi. Rəfiqələr üç ildən artıq idi ki, bir-birini görmürdülər. Gənc qadınların qəh-qəhi bütün həyəti bürümüşdü. Səs-küyə Seyid Bikə həyətə çıxdı:
-Xoş gəlmisən, qızım! Daha dərdin olmaz!
Qızlara mane olmasın deyə, təzədən evə girdi. Ancaq bir-neçə dəqiqə keçməmişdi ki, bir dolu podnos çərəz, mer-meyvə və soyuq kompot gətirdi. Stolun üstünə qoydu.
-Bikə xala, çox sağ olun, lazım deyil, xəcalət verirsiz! -deyə Rouşən öz təşəkkürünü bildirdi.
-Qızım, cavan gəlinsən, sənə yaxşı yemək lazımdır. Nuş olsun! - deyərək Seyid Bikə oradan uzaqlaşdı.
-Təzə gəlin? - deyə Raziyə sual etdi.
-İki aydır Babəliyə ərə getmişəm.
Raziyə durub onun bir də üzündən öpdü. Babəli məhəllə uşağı idi. Əşrəfin ən yaxın dostlarından idi. Gecə-gündüz bir olardılar.
-O, niyə gəlməyib? - deyə Raziyə soruşdu.
-Axşam gələcək. Haçan qayıdırsız?
-Qayıtdı yoxdur, burada qalacayıq.
***
Axşam Əşrəf hamıdan tez evə döndü. Seyid Bikə onu xalası oğlu Nəsrullayevin yanına göndərmişdi.
Nəsrullayev Bakının tanınmış dövlət rəhbərlərindən biri idi. Basqala gələndə həmişə Əşrəfgilin Qələmliyində dincəlməyi xoşlayardı.
Qələmlikdə Məşədi Fazilin əkdiyi "Böyük zoğala" heç kimi əl vurmağa qoymurdu. Zoğalın meyvəsinin böyüklüyü Qara Məryəm gavalısı boyda idi.
Basqalın yaşlıları deyirdilər ki, Məşədi Fazil bu ağacı Türkiyədən gətirmişdi. Basqallılar ondan qələm götürüb başqa ağaclara vursalar da, o böyüklüyündə meyvə ala bilmirdilər.
"Böyük Zoğalın" sirrini bağbanlar onun əkildiyi torpaqla Əmrəkidən axan suyun vəhdəti ilə izah edirdilər. Bu ağac Basqalın girəcəyində Qələmliyin başlandığı yerdə bitirdi.
Zoğal dəyəndə adı olan, özü olmayan kolxozun sədri dəymiş meyvəni qoruyar, Nəsrullayevin ailəsi Basqala gəlmədikdə, yığdırar və Bakıya göndərərdi.
Basqallılardan ancaq Cəfərli uşaqları bu ağaca yaxın dura bilirdilər.
Nazirlikdə Nəsrullayev Əşrəfi çox mehriban qarşıladı. Onun indiyə qədər niyə gəlmədiyini soruşdu.
-Tiflisdə idik. Bir-iki gündür ki, qayıtmışam. Anam dedi ki, sizə dəyim... Əşrəf gəlişinin səbəbini deməyə çəkindi. Onun niyə gələ biləcəyini təxmin edən Nəsrullayev onu qabaqladı:
-Nə ilə məşğul olmaq istəyirsən?
-Mən özüm də heç bilmirəm.
-Dəmir yoluna gedərsənmi? Orada kadr çatışmır. Sən frontoviksən. Hərbi rütbən var. Bu işi bacararsan.
-Nə deyirəm ki...
-Mən Dəmir yolu idarəsinə zəng edəcəyəm. Sabah rəis səni qəbul edib, işlə təmin edər.
Atan yenə Məribdədir?
-Yox! İndi Səmərqəndədir.
-Çox bacarıqlı və ağıllı insandır. Mənim salamımı çatdırın! Bacımdansa müğayət olun!
***
Babəli həyətə əli dolu girdi. Əllərində tutduğu kağız klyokları həyətin ortasındaki stolun üstünə qoydu, sonra Seyid Bikənin üzündən öpdü:
-Ana, gözün aydın! İndi hamı yanındadır? Nərgiz qızım hanı?
Seyid Bikə eyvanı göstərdi. Nərgiz əlində kitab atasına nə isə oxuyurdu. Adını çəkildiyini görüb kitabı bağladı və atasına dostunun gəldiyini bildirdi.
Ayağa qalxıb onu qarşıladılar.
-Qədeş, Maşallah, qız bu gün - sabah gəlinlikdir! - deyə Nərgizi bağrına basdı. Cibindən bir baş yaylığı çıxartdı:
-Bunu Seyid Bikə üçün gətirmişdim. Bu oldu qızımızın. Bu şokaladı isə verək Seyid Bikəyə.
-Babəli əmi, şokaladı verin mənə, yaylığı nənəyə! Bu düzgün olar! - deyə Nərgiz Babəlini fikrindən döndərmək istədi.
-Şeytana bax, şokaladı özü yemək istəyir.
-Mən yaylığı nənənin başına bağlayacağam, şokaladı Rouşan xala və anamla yeyəcəyik. Nənəyə şokalad olmaz! Təzyiqi var.
-Bu qız bizi adam eləyəcək! - deyə Babəli əlini Əşrəfə uzatdı.
-Təbrik edirəm! Ay mə, Babəlinin hədiyəsini gətir. Seyid Bikə içəri keçdi, əlində iki heyratı kəlağayı və qırmızı rəngdə xara parça həyətə qayıtdı.
-Bala, bu Rouşənin!- deyə Seyid Bikə kəlağayıları Babəliyə göstərdi,
- Bu isə sənin - xaranı ona uzatdı.
-Basqallı ki, basqallı! kəlağayıdan başqa heç nə hədiyyə vermir. - deyə Babəli adətilə zarafata keçdi.
-Bala, kəlağayıdan yaxşı nə var? - deyə Seyid Bikə təəccüb etdi.
-Mən də deyirəm, də! Bunu verəcəyəm Telli arvada, birini Rouşənə, xaranı da əlimdən qardaşlarım alacaq! Mənə nə qaldı?
-Seyid Bikənin bişirdiyi dadlı yeməklər! - deyə Əşrəf onu stolun arxasına dəvət etdi.
-Əşrəf, bəs mənim yarım hanı?
-İndi gələrlər, Raziyəynən həkimə getdilər.
.***
Yeyib-içmək davam edirdi ki, qardaşlar da qayıtdılar. Məmməd də onlarla idi. Elə bu an qapı döyüldü. Əşrəfin kiçik qardaşı Nəriman qapını açdı.
Əlağa Vahid və onunla həmişə bir olan maştağalı Ağa Hüseyn həyətə daxil oldular. Şairin gəldiyini görən gənclər ayağa qalxdılar. Stolun arxasına dəvət etdilər.
-Əşrəf, bəs Məşədi hanı? Məgər gəlməyib? Bizə demişdi ki, mayın axırında qayıdacaq.
-Allah qoysa qayıdar! - deyə Əşrəf cavab verdi.
Əlağa ilə Ağa Hüseyn tez-tez Məşədi Fazilin yanına gəlirdilər. Fazillə onların söhbətləri də tuturdu. Hər şeydən və hər yerdən xəbərli, dünyanın hər sınağından çıxmış Məşədi Fazil Cəfərli xalqımızın sevimli şairinin ən istəkli dostu idi. Süfrəsi onların üzünə həmişə açıq idi. Gəlişləri bayrama çevrilirdi. Onlar saatlarla söhbət edərdilər. Söhbətlərin sonu isə həmişə belə qurtarardı.
-Əlağa, təzə nə yazmısan? - deyə Məşədi Fazil soruşardı. O isə, yazdığı şerini oxuyar, dostunun nə deyəcəyini gözləyərdi.
Məşədi Fazil onu çox diqqətlə dinləyər, qiymətləndirər və bəzi hallarda səhvlərini də düzəldərdi. Bu səhvlər adətən islamla əlaqədar bəzi anlayışların və fars sözlərinin işlədilməsi ilə bağlı olardı.
Ağa Hüseynin yadında idi. Məşədi Fazil bir gün Əlağaya fars sözlərinin işlədilməsinin məhdudlaşdırmağı təklif edirdi: -Əlağa, bilirəm ki, əruzda fars sözləri işlənilməsə, lazım olan musiqi effektinə nail olmaq mümkün olmayacaq. Odur ki, elə sözlər işlətmək lazımdır ki, onlar Azərbaycan dilində var və özümüzküləşdirilib. Belə halda şerin məzmunu anlamaq asanlaşar.
Füzulini, Seyid Əzimi oxuyurlar, ancaq başa düşmürlər. Sənin yaratdığın əruz fərqlənməlidir.
Ağa Hüseyn deyirdi ki, Məşədi Fazilin bu sözlərindən sonra Əlağa qəzəllərindəki sözlərə daha diqqətlə yanaşırdı. Onlar Məşədi Fazili qəzəlin bilicilərindən biri hesab edirdilər. Süfrə təzələndi. Şairlər süfrə arxasındakılara qoşuldular. Həyətdə evin damı səviyyəsində çardaq tikilmişdi. Yay gecələri uşaqlar orada qalırdılar. Sərin və mənzərəli idi. Buradan bütün Bakı görünürdü.
Cəlil gəldi. Üzü gülürdü. Üzündəki gülüşündən Əşrəf işlərin yaxşı getdiyini anladı. Ancaq süfrənin arxasında söhbət salmadı.
Cəlilin gəldiyin görən Seyid Bikə qonaqlara çardağa qalxmağı və orada çay içməyi təklif etdi. Şairlər də gənclərə qoşuldular. Adətən Əlağa və Ağa Hüseyn kiminlə görüşürdülərsə heç vaxt onları meyxanasız qoymurdular. Cavanların təkidlərinə davam gətirmirdilər.
Cəlillə Əşrəf çardağa qalxmadılar. Qırağa çəkildilər.
-Əşrəf, Əlisəttara denən, Məmmədi aparsın Məmmədağanın yanına, pasportçun şəkilini çəksin, sabaha hazır olsun! - deyə təklif etdi.
Əşrəf əlilə Əlisəttarı çağırdı. O, qardaşının işarəsini görüb aşağı endi.
-Apar Məmmədi Məmmədağagilə, pasport üçün şəkilini çəkdir!
Məmmədağa yuxarı məhəllənin fotoqrafı idi. Burda yaşayanların hamısı şəkilini ona çəkdirirdi.
Məmmədağa həmişə velosipeddə olardı. O, aparatını velosipedə yükləyər həyətbəhəyət gəzər, camaatın şəklini çəkərdi.
Qapıdan içəri Məmmədağanın özü girdi.
-Adını çək, qulağını bur!- deyə Əşrəf onu Cəlilə göstərdi. -Gördüm, yenə millət yığılıb sizin çardağa, dedim şəkillərini çəkim.
-Yerində gəlmisən, hər şeydən əvvəl mənim xalam oğlunun şəkilini çək! Pasportçun. Yoxsa lentin qurtaracaq.
***
Cəlil od parçası idi. Onun xətrini məhəllədə istəməyən yox idi. Dar ayağın dayağıydı.
Yuxarı məhəllədə belə söhbət gedirdi ki, onun həll eləmədiyi iş yoxdur. Bununla belə, Cəlil hər adama yaxşılıq etməzdi. Nahaq yerə tutulmuşlara, haqsızlığa və ədalətsizliyə məruz qalmışlara kömək edərdi.
Cəlilin sayəsində iki gündən sonra Məmmədin pasportu hazır oldu.
Əşrəfin Cəlillə zarafatı vardı. Bu dəfə də Məmmədin pasportunu əlinə alan kimi zarafatından qalmadı:
-Cəlil, belə getsə Bayıl türməsi kliyentsiz qalacaq. Camaatı ora düşməyə qoymursan? Hökumətin də ağlı yoxdur, sənə premiyə verir. Bu hökuməti başa düşə bilmirəm?
-Dayı oğlu, mənə sataşma, o ki qaldı hökumətə - füqara hökumətidir. Kimsəsizləri köməksiz qoymur. Onun siyasətini həyata keçirirəm. Sən mənə de, haçan Məmmədi yola salmaq istəyirsən?
-Əlisəttar Tiflislə danışıb. Səməd ağa deyir ki, tez yola salmaq lazımdır. Şəfiəqəni də Bakıya göndərir. Bilet hazırdır ya yox?
-Sabah alacağam.
-Belə çıxır o birisi gün yola salacağıq.
***
Dəniz qırağına birinci dəfə çıxan Nərgiz üçün hər şey maraqlı idi.
Körpüyə yan almış paroxodun ağ tüstüsü göylərə ucalırdı. Qız üçün burada hər şey birinci dəfə idi.
Tiflisdə Kürdə üzən xırda barkazları və qayıqları çox görmüşdü. Ancaq bu böyüklüyündə gəminin olduğunu ilk dəfə idi görürdü.
Dəniz uzaqlarda üfüqün arxasında göylərə söykənirdi. Qıza elə gəlirdi ki, bu sonsuzluğun axırı yoxdur.
Seyid Bikə Nərgizin əlindən tutub paroxoda tərəf irəliləyirdilər. Arxada isə Məmməd, Əşrəfin qoluna söykənmiş Raziyə, Cəlil, Əşrəfin qardaşları Eyyub və Əlisəttar gəlirdilər. Hamı Məmmədi Məribə yola salmağa gəlmişdi.
-Nənə, bu dənizin o birisi tərəfi haradır? - deyə Nərgiz soruşdu.
-Krasnovodsk.
-Neçə günlük yoldur?
-Bir günlük. Sabah bu paroxod ora çatacaq.
-Biz ora qalxıb onun içinə baxa biləcəyik?
-İndi qalxarsan! - deyə Seyid Bikə arxaya boylandı:
-Məmməd, Nərgizi də yuxarı qaldır! Qoy, gəmiyə baxsın!
Sonra üzünü nəvəsinə tutdu:
-Qaç, Məmməd əmiyə, mənim qızım!
Gəminin yola düşməsinə hələ yarım saata qədər vaxt vardı.
Məmməd Nərgizin əlindən tutdu, pilləkənlərlə yuxarı qalxdılar. Göyərtədən Nərgizin səsi eşidildi:
-Nənə, buradan bütün Bakı görünür. Bura nə qədər qəşəngdir. Siz də yuxarı qalxın!
Gəminin dayanacağına söykənən Nərgiz Raziyənin canına qorxu saldı:
-Nərgiz, dala çəkil! Yıxılarsan! Düş aşağı! Anasının qətiyyətli səsini eşidən qız Məmmədə nə isə dedi. Sonra isə boynundan sallanıb öpdü:
-Sizə yaxşı yol, Məmməd əmi!
Qız pillələrlə aşağı enəndə gözləri yaşarmışdı.
-Ay qız, niyə ağlayırsan? - deyə Seyid Bikə soruşdu.
-Nənə, bilmirəm... Biz də gəmiynən gedəcəyik?
-Allah qoysa qızım. Səni ərə verəndə.
Sonuncu cümləni niyə dediyini Seyid Bikə özü də başa düşmədi. Ancaq düşündü ki, bu heç nədən onun ağzından çıxmazdı. Deməli qızın baxtına bu yazılacaq. Həmişə belə olub. Ağlına və dilinə gələn, qarşısına çıxıb.
****
Axşam Cəfərlilər dinməzcə oturub çay içirdilər. Hamını bir fikir narahat edirdi
-Məmmədin sağ-salamat Məribə çatması. Təkcə Əşrəf arxayın idi. Krasnovodskda onu Məşədi Fazilin dostu və silahdaşı Namiq əkə qarşılayacaqdı.
Onun adamları Mərib və Səmərqənd özübəyləri tez-tez Bakıya gələr, Basqaldan və Tiflisdən gətirilmiş kəlağayını alar, Türkmənistana və Özbəkistana aparar və satandan sonra puluni göndərərdilər.
Namiq əkənin halal insan olduğuna söz ola bilməzdi. Məşədi Fazilin ən çox istədiyi dostlarından biri idi.
Namiq əkə igid insan idi. Rusların basmaç adlandırdığı, Türkistan əsgəri idi. Ənvər paşanın sağ əli olmuşdu. Bunu hamı bilirdi və heç kimin cürəti belə çatmırdı ki, ona yaxın dursun.
O, silahını yerə qoyduqdan sonra Məşədi Fazillə dostlaşmış, onun yaxınına çevrilmişdi.
Namiq əkəyə bir neçə dəfə NKVD-dən ilişmək istəmişdilər, Məşədi Fazil yeznəsi, Özbəkistan bolşevik partiyasının siyasi bürosunun üzvü Seyid Rza Əlizadənin köməyi ilə ondan bəlanı uzaqlaşdırmışdı.
Sürgün illərində Namiq əkə də öz növbəsində Məşədi Fazilin gizli yolla Bakıya qayıtmasına kömək edirdi. Belə adamlar üçün, demək olar ki, hakimiyyət yox idi. Sanki hakimiyyət onların nazı ilə oynayırdı, onlar isə hakimiyyətdən istədikləri kimi istifadə edirdilər.
Basqaldan Məribə gələn kəlağayını Səmərqəndə, Daşkəndə və s. şəhərlərə Namiq əkənin adamları aparırdı və halallıqdan heç vaxt qırağa çıxmırdılar.
Məşədi Fazil yaşda bir on il böyük olsa da, onlarınkı tuturdu. Hər ikisi Səmərqənd toxuculuq kombinatında işləyirdilər.
Bütün çətin işlərdə o, Məşədi Fazilin məsləhətçisi və köməkçisi idi.
Namiq əkənin gözünün ağı qarası on bir yaşlı Əsədi isə Məşədi Fazil öz oğlanları qədər istəyirdi.
Məmməd Krasnovodskda gəmidən düşəndə ona bir nurani kişi yaxınlaşdı.
-Məmməd, sənsən? - deyə azərbaycanca soruşdu.
-Mənəm, əkə-deyə Məmməd inamla cavab verdi
-Onda getdik. Məni Məşədi Fazil göndərib! - deyə Namiq əkə çıxışa tərəf irəlilədi.
-Bəs Fazil dayı hanı?
-Ona indi Səmərqənddən çıxmaq olmaz! Mənim adım Namiq əkədir. Sən məni görməmisən?
-Yox. Amma adını eşitmişəm.
-Sənin atan Səməd ağa mənim ən yaxın dostumdur.
Məmməd anladı ki, xalası dediyi adam elə budur, odur ki, dinməzcə onun dalınca getdi.
***
NECƏ GEDİM YOLA, NƏRGİZ ?
Bakıda hər şey qaydası ilə gedirdi. Elə bil heç nə olmamışdı. Məmməd sağ-salamat Məribə çatmışdı. Yerləşdirilmişdi. Oradan gələn xəbərlər də xoş idi.
Dəmir yolu idarəsində Əşrəfin heç bir problemi olmadı. Çox az çəkən söhbətdən sonra ona qatar rəisi vəzifəsini təklif etdilər, o da razılığını verdi.
Səhəri günü yenidən idarəyə gələndə əmri hazır idi. Bakı-Ağstafa qatarına rəis təyin edilmişdi.
Əşrəf kadrlar şöbəsindən əmri götürüb iş yerinə yollandı.
Bakının gözəl yay səhəri idi. Parlaq günəş şəhəri qızdırsa da, vağzal ətrafında əkilən ağaclar sərinlik gətirirdi.
Dispeçer binasının vağzalın axırında olmasına baxmayaraq Əşrəf bu uzunluğunda yolu necə keçdiyini hiss etmədi.
Binanın qarşısında məhəllə dostları Babəli və Sabirlə rastlaşdı. Babəlinin dəmiryolçu olduğunu bilirdi, Sabiri burada görməyi gözlənilməz oldu.
-Siz burada nə edirsiniz? Dəmir yolu "Həmşəri palanı "zaddır məgər?
-Əşrəf, səni gözləyirik. İdarədə dedilər ki, səni rəis təyin ediblər. Briqada yığacaqsan, Babali ilə fikirləşdik ki, gələk elə səninlə birlikdə işləyək. Nə fikirdəsən?
-Nə fikirdə ola bilərəm? Əlbəttə ki, razıyam! Gedək, görək, dispeçerskidə nə deyirlər.
Dispeçer otağında Xətt rəisi onları gülər üzlə qarşıladı:
-Sizə çox çətin bir sahə həvalə olunub. Briqadanı da özün yığmalısan.
-Axı mən burda heç kimi tanımıram?
-Sabirnən Babəli sizə kömək edərlər. Səhərdən sizi tərifləyirlər. Qoy kömək etsinlər.
Əşrəf Babəli və Sabirin köməyi ilə əla bir briqada yığdı. O dövrün sözülə desək, gənc komsomol briqadası. Maraqlısı bu idi ki, hamısı yuxarı məhəllənin uşaqları idi.
Dispetçer Əşrəfi onlara təqdim etsə də, onlar rəislərini çox gözəl tanıyırdılar.
Qırx yeddinci ilin yayı çox isti keçirdi. Günəşin qızmar şüaları havanı elə qızdırmışdı ki, təqdimat qurtaran kimi bütün briqada pivəxanaya axışdı.
-Rəis qonaq edir! - deyə hamı bir ağızdan dilləndi. Əşrəfin reaksiyasının necə olacağını gözləyən dəmiryolçuların gözləri ona dikilmişdi.
-Hamıya pivə tök, mən qonaq edəcəyəm! - deyə Əşrəf vəziyyətdən çıxdı. Briqada axşama yaxın dağılışdı. Sabah onlar ilk səfərə çıxacaqdılar.
Nərgiz səhərdə evdən çıxmış atasının yolunu gözləyirdi.
-Ay nə, atam harada qaldı? - deyə qızcığaz ora-bura vurnuxurdu.
Seyid Bikə onu yanına çağırdı:
-Özünü əla al, indi gələr. Atan dəmiryoluna işə düzəlib. Elə vaxt olacaq ki, dörd-beş gün evdə olmayacaq. Onda nə edəcəksən?
-Ay nə, onda biləcəyəm hara gedir. İndi isə harada qaldı?
-Get, anana kömək et! İndi gələr.
Bir neçə dəqiqə də belə ötdü. Qapıdan içəri girən Əşrəfi görən Nərgiz qaçıb boynundan sallandı.
-Ay ta, haradasan? Acından ölmədin? Anam da nigarandır.
Əşrəf qızının yanağından öpdü. Qəlbən dostunu yada saldı. "Sən mənə qız yox, qızıl hədiyə etmisən Əjdər! Arxayın yata bilərsən! Öz balamdan ona yaxşı baxacağam!"
Əşrəfin qeyri-ixtiyari gözləri yaşardı. Onun gözləri önündə müharibənin dəhşətləri dururdu.
Qızcığazın gözlərinin ona dikildiyini hiss edən Əşrəf özünü ələ aldı, bir daha Nərgizin üzündən öpdü.
-Qızım, gedək, görək anan nə bişirib?!
-Ata, bu gün mən bişirmişəm. - deyə Nərgiz cavabsız qalmadı.
-Bu qız mənə gündə bir sürpriz hazırlayır.
-Qız deyil, şeytandır.
***
Səhər sübhdən atasını yuxudan durğuzmaq əvəzinə, Nərgiz onun başı üstündə sakitcə oturub yuxudan oyanmasını gözləyirdi. Atası gecə yarısına qədər qızına nə edəcəyindən, qatarda nizam-intizam yaradacağından, onunla işləyəcək dostlarından danışmışdı.
Yorulmadan ona qulaq asan qızcığaz birdən anlamışdı ki, atasından üç-dörd gün ayrılacaq.
Anasının içəri girib atasını yuxudan durquzmaq istədiyini görən Nərgiz onu qabaqladı:
-Ana, hələ tezdir, qoy yatsın! Mən özüm durğuzaram. Raziyə xatın bir söz demədi. Keçib qızının boynunu qucaqladı.
-Mən süfrəni açıram, gəl, mənə kömək elə. Əmilərin də yuxudan durub.
Hər səhər Məşədi Fazilgilin eyvanında samovar tüstülənərdi, bu tüstünün işarəsinə sanki bütün həyət yuxudan oyanardı. O zamanlar yuxarı məhəllələrdə nə işıq, nə su, nə də qaz vardı. Bununla belə həyətin arvadları "maşınka" deyilən kerosin plitələrini yandırar, səhər yeməyinə hazırlıq görərdilər.
Su məsələsini də Məşədi Fazil yaxşı həll etmişdi. Həyətdə böyük bir çən qoymuşdu, çarhovuz və hamam tikdirmişdi. Üç gündən bir pojarniklər öz maşınlarında buraya su gətirər, çəni və çarhovuzu doldurar, sakinlər əziyyət çəkməzdilər.
Yuxarı məhəllələrdə şər qarışanda küçələr səssiz-səmirsiz olardı. Heç kim küçəyə çıxmazdı, evində oturub səhəri gözləyərdi. Şəhərdə belə söz-söhbət gəzirdi ki, yuxarı məhəllələrdə gecələr şəhərin bütün lotu-potusu yığışır. Əlbəttə ki, bütün bunlar şayiə idi.
Bu məhəllənin əhalisi Bakının bütün məhəllələri kimi eyni dərd-sərlə yaşayır, öz gündəlik problemlərini həll edirdilər. Başqa məhəllələrdən fərqli olaraq yuxarı məhəllələrdə insanı münasibətlər çox diqqətli, həya-abır yüksək idi.
Əşrəf gözlərini açanda günəş pəncərədən içəri girməyə çalışırdı. Pəncərənin orta şüşələrinə şüaların düşdüyünü görəndə anladı ki, saat ondur. O, həmişə saatı pəncərənin təbəqələri ilə müəyyən edirdi.
-Ay qız, Nərgiz, məni niyə yuxudan durğuzmamısan? - deyə Əşrəf otaqdan səsini qaldırdı.
-Ay ta, sabahın xeyir! - deyə qız eyvandan dilləndi. İçəri qaçdı, atasının boynundan sallandı:
-Mən özüm qoymurdum ki, səni durğuzsunlar. Deyirdim, dincələsən.
-A, şeytan!
Süfrənin arxasında Əşrəfin oturduğunu görən qardaşlar bir-birinin ardınca stolun arxasına keçdilər.
Böyükləri stolun arxasına oturmayana qədər Cəfərlilərdən biri də oturmazdı. Böyük-kiçiklik, böyüyə hörmət həyat tərzinə çevrilmişdi.
-Mən bu gün yola gedirəm, üç gündən sonra qayıdacağam. Evdən müğayət olun! Məriblilər gəlsə, Basqaldan gələn kəlağayının yaxşılarını onlara verərsiniz. Qonaqpərvərliklə yola salırsınız! - deyə Əşrəf göstəriş verdi.
-Məmmədən nə xəbər var? - deyə Əlisəttar stolun arxasına keçən kimi soruşdu.
-Sağ-salamat çatıb. Namiq əkə qarşılayıb, dədənin yanındadır.
Bir də "Həmşəri palanın" uşaqlarına qoşulma! Sən tələbəsən, onların çoxu avara. Axırı pis qurtarar, başını aşağı sal, dərsinlə məşğul ol! - deyə Əşrəf Əlisəttarı danladı.
-Ay ta, mənə nə gətirəcəksən? - deyə Nərgiz sözə qarışdı.
-Qızım, nə istəsən-onu.
-Mən heç özüm də bilmirəm nə istəyim?-
-Nə istəsən, gətirəcəyəm.
-Orda nə var?
-Çoxlu meyvə.
-Onda meyvə gətir! - deyə Nərgiz əmisinə göz vurdu. Əlisəttar anladı ki, Nərgizin uzunçuluğu nə ilə əlaqədar idi.
Volodiyanın "polutrukası"nın səsinə süfrə arxasında oturanlar ayağa qalxdı.
-Deyəsən, Volodya gəldi. - deyə Əşrəf qapıya tərəf addımladı.
-Privet, qaqaş! Заходи во двор!
-Нет, Ашраф! Сеид Бикэ убьет меня!
-Почему?
-Она хотеля с мамой встретиться … Я не мог выполнить обещание.
-Ничего зайди!
Seyid Bikə Volodyanı görən kimi əli ilə onu hədələdi:
-С каких пор ты стал обманщиком? Где Наташа?
Volodiyanın anası Seyid Bikə ilə bir gimnaziyada oxumuşdular. Nataşa onun bacılığı idi. Onunla olduqda Seyid Bikənin xoş günləri qayıdırdı.
Saatlarla danışardılar. Qonşu arvadları onlara yaxınlaşanda o saat fransız dilinə keçirdilər.
Nataşanın da taleyi faciəli olmuşdu. Onun injener ərini heç nədən həbs edib sürgün etmişdilər. Orda həlak olmuşdu. Volodyanını bir təhər böyüdüb boya-başa çatdırmışdı.
Məşədi Fazil hər gələndə bacı adlandırdığı Nataşanın payını birinci ayırırdı.
-Клянусь, Бике хала, нет времени! Провожу Ашрафа, приведу!
-Xoroşo, xoroşo! Potom poqovorim. Zaydi!- deyə Seyid Bikə səsini qaldırdı. Çarəsiz qalmış Volodya içəri keçdi:
-Бикэ хала, вы знаете, когда дяд Фазиль дома, интересно бывает.
-Почему это так?
-С ним можно за рюмкой сидеть …
-Ox негодник, водки захотелось? Я те покажу, как маму обидеть!?- deyə Seyid Bikə baş barmaqınan hədələdi.
-Bikə xala! Zarafat edirəm. İcazə ver, Əşrəfi aparım, gəlirəm.
Seyid Bikə evə keçdi, əlində ərəbcə Quran ayələri yazılmış camla həyətə çıxdı. Hovuzdan su götürdü. Nərgizin əlinə camı verdi:
-Биссмиллащ, де, ат суйу атанын далынъа!
Əşrəf hamıyla vidalaşıb küçəyə çıxanda, Nərgiz onun dalınca su atdı.
***
AŞIQ ŞAKİR
Qatar Biləcəriyə yenicə yetişmişdi. Bələdçilərdən biri rəisin qapısını döydü:
-Əşrəf, müəllim! Aşağıda iki nəfər aşıq durub. Biletləri yoxdur. Sizi görmək istəyirlər.
-Çağır gəlsinlər bura!
Kupeyə əlində saz, orta boylu, cingiltili səsli, gözlərindən sevinc yağan yetgin bir gənc girdi. Arxasında da bir nəfər dayanmışdı. O, üzünü Əşrəfə tutdu:
-Mən Aşıq Şakirəm! Evə, Kürdəmirə, gedirəm, bilet yoxdur. Kömək edin!
Əşrəf onu və onunla gələni diqqətlə süzdükdən sonra əlilə oturacağı göstərdi:
-Buyurun içəri! Heç bir narahatlığınız olmayacaq! Mənim kupemdə gedərsiniz.
Onlar kupeyə keçən kimi Əşrəf özü bayıra çıxdı, bələdçini çağırdı və qulağına pıçıldadı:
-Get restorana, hazırlıq görsünlər, gəlirik.
Şakirin yanıda onun zurnaçısı İzzətalı idi. Toydan qayıdırdılar. Dəstəsindən ayrılıb Bakıda qalanları da vardı.
Bir neçə dəqiqə kupedə sükut sürdü. Sükutu Şakir özü pozdu:
-Qardaş, Vallah sənə əziyyət veririk!
-Щеч бир язийyəti yoxdur, özünüzü evinizdə hiss edin!-deyə Əşrəf cavab verdi.
-İstəyirəm Bakıya köçüm, ancaq ürəyim yatmır. Kəndin təbiətini heç nə vermir. Odur ki, Kürdəmirin istisinə dözürəm. Elə vaxt olur, Bakıya həftədə beş dəfə gəlirəm. Dostlar-aşnalar nə qədər desən, ancaq qala bilmirəm ki, bilmirəm.
-Torpaq çəkir. Torpağın qədrini bilənlər onu tərk edib getməzlər. Burada ulu babalarımızın ruhları gəzir. Bu ruhlar bizi torpağımıza bağlayır.- deyə Əşrəf əlavə etdi.
-Mən də belə hesab edirdim. Ancaq bizim kənd ətrafındakı kəndlərə köçürülmüşlər var, bəzilərinin heç vecinə deyil torpaq həsrəti, vətənə qayıtmaq eşqi...
-Onların çoxunun zatı qırıqdır. Kökləri naməlumdur. - deyə İzzətalı da söhbətə qatıldı.
-Bakı da Şirvandır, Kürdəmir də Şirvanın bir hissəsi. Ancaq ordan çıxan kimi, elə bil, ürəyimdən daş asırlar. O insanları başa düşə bilmirəm. Əgər onları insan adlandırmaq mümkünsə...
-Belələrini sovet hökuməti qudurdur. Yoxsa, kim onları əl-qol açmağa qoyardı?! İt kimi qovlayardıq, gedin, torpağınızı dığalardan alın! - deyə İzzətalı yenə əlavə etdi.
-Sovet hökuməti elə ona görə dağılacaq! Hər dığanı adam etməklə... - deyə Şakir yorğunluqdan gərnəşdi.
Bələdçi içəri daxil oldu:
-Əşrəf müəllim, hər şey hazırdır.
-Çox sağ ol! İndi gəlirik! - deyə Əşrəf ayağa qalxdı:
-Şakir, siz bizim qonağımızsız! Odur ki, buyurun süfrəmizə.
Əşrəfin bu təklifi qonaqların ürəyincə oldu. Qatara minənə qədər üç-dörd saat Biləcəridə veyillənmişdilər. Daldalanmaq üçün isə bir yer də tapa bilməmişlər.
Ayağa qalxdılar və Əşrəfin arxasınca vaqon-restorana tərəf irəlilədilər. Əşrəflə Şakirin dostluğu bu gündən başladı.
***
Dostları ilə paylaş: |