T.Ə. CƏFƏRLİ BİR Əsr bir nəSİl budur gəldi bahar fəsli



Yüklə 1.4 Mb.
səhifə2/13
tarix31.01.2017
ölçüsü1.4 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

QAYIDIŞ
Aprel ayının ortalarıydı. Bakı vağzalına çatan qatarın parovozu yerində dayansa da fısıldayırdı. Bacasından çıxan qara tüstüdən yağan qara dudanı təkərlərin altından püskürən ağ buxar qovurdu Vağzala xas olan qarşılama mərasimi gözə çarpmırdı. Gələnlərin sayı çox az idi: əsasən hərbiçilər, bir də müharibədə yaralanmışlar idi.

Qarşılayanların arasında demək olar ki, birinin də qohumu və yaxud tanışı yox idi. Hərbi vəziyyətə uyğun olaraq vağzal öz həyatını yaşayırdı.

Qatardan düşmüş hərbiçilər patrulun müşahidəsi ilə vağzalın gözləmə otağına keçir, sənədləri yoxlanıldıqdan sonra şəhərə çıxmağa icazə alırdılar.

Əşrəfin əli əsalı olmasına baxmayaraq, eyni proseduranı da keçməli oldu. Başqalardan fərqli olaraq yaralılığını görüb, onu tez yola saldılar.

Vağzalın qarşısındakı tramvay dayanacağına qədər yol çox da uzaq deyildi, ancaq ayaqlarında ağırlıq hiss etdi.

11-ci marşrutun dayanacağında tramvaya minmək istəyənlərin sayı həddindən artıq idi, hamı dayanacağa yan almış tramvaya soxulmağa çalışırdı.

Tramvaya yanaşan Əşrəf anladı ki, bura minmək qeyri-mümkün olacaq. Dayanıb gözləmək istədi.

Birdən tramvayın qapısının ağzında duranlar geri çəkildilər və yaralı əsgərə kömək edib tramvaya mindirdilər, sonra isə özləri yenə də basa-bas saldılar.

Tramvay onu tanış küçələrlə “Dağlıq məhəlləsinə” aparırdı. Bakının yuxarı məhəlləsinə. Tramvayın sonuncu dayanacağı “Dağlıq məhəllənin” "kruqun"da idi.

“Dağlıq məhəlləsinin” “kruquna” necə çatdığını hiss etmədi. Konduktor qız sonuncu “ostanovka” olduğunu ona dedikdə, elə bil gözlərinə inanmadı.

Ayağından əziyyət çəkdiyini görən konduktor qız qoluna girdi və tramvaydan düşməsinə kömək etdi.

Bircə anın içində məhəllə cavanları onu əhatəyə aldılar. Elə bil hamı onun gələcəyini gözləyirdi.

Əsasına güclə söykənən Əşrəfin üzündəki ağrını məhəllə uşaqları o saat hiss etdilər.

-Deyəsən, ayağın ağrıyır? -deyə kimsə soruşdu.

-Dabanımdan yaralanmışam, azca incidir.

Asta-asta yuxarı küçələrə qalxmağa başladılar. Onun arxasınca gələn məhəllə uşaqlarından ikisi qolunun arasına girdilər ki, o rahatlıqla yeriyə bilsin.

Onu bir dəstə cavan müşayiət edirdi. Əşrəfgilin evi isə tramvay kruqundan çox aralı, 4-cü xrebtovuda olsa da, hamı onları tanıyırdı.

Dağlı Möhüb kişinin evinin yanıdan keçəndə Əşrəf yorğunluq hiss etdi. Qonşu balası İbiş qaçıb haradansa bir taburetka gətirdi. Möhüb kişi küçəyə çıxdı, yaxınlaşıb üzündən öpdü:

-Bala, həmişə evində, eşiyində. Mənikindən nə xəbər? - deyə soruşdu.

-Möhüb dayı, mən onunla Xarkovda ayrılmışam. Allah saxlasın, igid baladır. Onu Ukrayna cəbhəsinə göndərdilər.

-Çoxdandır ondan xəbərsizik!

-Allah qoysa, qayıdıb gələr!-deyə Əşrəf narahat atanı sakitləşdirməyə çalışdı.

Əşrəfin müharibədən dönməsi xəbəri bir anda ətraf evlərə yayıldı. Övladlarını əsgərliyə göndərmiş atalar-analar küçəyə tökülüşüb, Əşrəfin başına yığışırdılar. O zamanlar əsgərlərin sağ-salamat evə qayıtması nadir hal idi.

Həyətin qadınları da Əşrəfi əhatəyə aldılar.

-Bala, al bunu iç, yoldan gəlmisən!- deyə Sürayyə xala, Möhübün arvadı, əlindəki çayla dolu tilli stəkanı Əşrəfə uzatdı. -Bu saat qaçıb Seyid Bikədən muştuluq alacağam!

-Sürayyə, sən get, qonşun Səriyyədən muştuluq al, qızının baxtı açılıb, nişanlısı qayıdıb. Bikə xalagilə bizim uşaqlar çoxdan qaçıblar. - deyə qadınlardan biri dilləndi

***

Aşağı məhəllənin uşaqlarından biri ləhliyə-ləhliyə özünü həyətə saldı:



-Bikə xala, muştuluğumu ver! Əşrəf qədeş qayıdıb!-dedi.

Ana üçün oğulun müharibədən qayıtma xəbərindən əziz nə ola bilərdi. Xəbəri eşidən kimi Seyid Bikənin ürəyi getdi. Hay-küyə qonşular yığışdılar. Ananı qaldırıb eyvana apardılar. Kimi nənə cövhər, kimi isə gülab gətirdi, əl-ayağını ovuşdurmağa başladılar. Onu özünə gətirdilər. Seyid Bikənin ikinci oğlu, Əyyub anasının alnından öpdü:

-Ay na, nə özündən gedirsən? Əşrəf ki qayıdıb, sağdır!?

Anaya elə bil güc gəldi. Qadın yerindən dikəldi:

-Hanı mənim balam? Haradadır?

-Ana, indi gələr, "Dağlıq məhəlləsinin" uşaqlarının arasındadır. Sürayyə xalagilin evinin qabağında çay içir. Dur, uşaqların muştuluğunu ver!- deyə Əyyub anasının qalxmasına kömək etdi.

Sanki heç-nə olmamış kimi Seyid Bikə qubarlara xas olan ağayanalıqla yataq otağına keçdi. Sandığının ağzını açdı. Basqalda ipəkdən toxunmuş Bakıda dəbdə olan "Bəy yaylıqlarından" bir dəstə əlinə alıb həyətə çıxdı və paylamağa başladı. Hamıya çatdığını görüb, əlində qalanlarını qonşulara paylamağa başladı.

Həyətə 19-20 yaşılı, incə sifətli, bəstəboy, saçı topuğa qədər hörülmüş bir qız və 14-15 yaşlı gözəl bir oğlan uşağıyla həyətə girdilər.

Oğlan Seyid Bikənin üçüncü oğlu, Əlisəttar, qız isə Əşrəfin nişanlısı Raziyə idi. Onları görən Seyid Bikənin sevinci birə-beş artdı.

-Qızım, gözün aydın, adaxlın qayıdıb! - deyə keçib Raziyənin üzündən öpdü.

Bu xəbərdən Raziyə də doluxdu. Seyid Bikənin dediyini zarafat sandı.

-Bəs hanı? - deyə Raziyə şübhəynən soruşdu, ancaq bu xəbərdən sevindiyini büruzə vermədi.

-İndi gəlib çıxar! - deyə Seyid Bikə hamını həyətin ortasında olan dəstərxana dəvət etdi.

-Qızlar, samovarı qaynadın, bu gün bizdə bayramdır. Oğlum gəlib. Sağ əlim başınıza. Əlisəttar, nə baxırsan? Tez ol, atanı tap. Denən, məxluq bizdədir.

-Bu dəqiqə, əvvəl gedim Əşrəfi tapım görüşüm sonra.

-Sonra görüşərsən, mənim balam! Atanı tap gətir.

Əlisəttar “Baş üstə!” deyib həyəti tərk etdi. Küçəyə çıxdı bir an dayandı, atasının harada ola biləcəyini düşündü və təxminən müəyyən etdiyi səmtə götürüldü.

Məşədi Fazil yenə də Bakıya məzuniyyətə gəlmişdi.

Lenin adına toxuculuq kombinatından Səmərqəndə xammal aparmalı idi.

1927-ci ildə Məribə sürgün edilmiş, ailəsindən uzaq düşmüş, müharibəyə qədər Bakıya xəlvəti gələn Məşədi Fazil indi evə "Staxanovçu" kimi dönürdü. Bakıya gələn kimi ilk növbədə dostlarını və tanışlarını axtarıb tapdı.

O,"İçəri şəhərdə" müsadirə edilmiş ata-baba mülklərinin yaxınlığında yaşayan uşaqlıq dostu və qonşusu Mirzə Səftərlə onların həyətində söyüd ağacının altında oturub söhbət edirdi. Əli ilə əvvəllər yaşadığı evləri dostuna göstərib deyirdi:

-Mirzə, o evə bax! Bir vaxt var idi bu həyətdən yeddi qardaş çıxardıq. İndi hamımız ələk-vələk qalmışıq. Kimimiz Tiflisdə, kimi Basqalda, kimi Aşqabadda, kimi Allah bilir harada? Evimizi də görürsən, itə-qurda paylayıblar. Dağılır.

Öz halal zəhmətimizlə tikdirdiyimiz mülkdür. Eybi yoxdur, bir zaman nəvələrim yiyə çıxacaqlar.

-Sən inanırsan ki, hər şey dəyişəcək.

-Niyə ki, o günü də görəcəyik.

Səs-küylə həyətə girən Əlisəttar atasına tərəf qaçdı:

-Dədə, muştuluğumu ver, Əşrəf qayıdıb. Evə dönməliyik.

-A bala muştuluğun məndə! - deyə Mirzə Səftər onları saxladı, evə keçdi. Əlində ki, “Krasnaya Moskva” sabununu ilə qayıtdı, Əlisəttara uzatdı:

-Al, bala, Bu gün sabah Əşrəfin toyu olacaq. Qardaşının xonçasına qoyarsan.

-Çox sağ ol Mirzə, o gün olsun sənin balan da sağ-salamat qayıtsın! -deyə Məşədi Fazil dostu ilə vidalaşdı. -Axşam bacımla bizdəsən!

Əşrəf isə hələ “Dağlığ məhəlləsində ” onu əhatəyə almış adamların özündən asılı olmayaraq təskinlik verirdi. Hamını arxayın edirdi ki, tezliklə müharibə qurtaracaq, hamı evinə dönəcəkdir.

Möhüb kişi Əşrəfin yorulduğunu hiss etdi:

-Ay camaat, icazə verin, balamız evinə getsin, O gün olsun, sizinkilər dönsünlər.

-Amin! - dəyə hər tərəfdən səslər eşidildi.

Əşrəf ayağa qalxdı. Qarşısında Əlisəttarı gördü. Qardaşı onun boynuna sarıldı. Ayağında ağrı hiss etsə də, dözdü. Sonra əsanı ona verdi. Əlini onun çiyninə qoydu və ona arxalanaraq evlərinə tərəf yollandılar. "Dağlıq məhəlləsinin" gəncləri onları evlərinə qədər müşayiət etdilər.

***
XAÇMAZDA İCLAS


Həmin gün Dadaş xan Xaçmazdan Bakıya təzəcə dönmüşdü. Həyətdə gözünə uşaqlardan heç kim dəymədi. Arvadı Səriyə də evdə yox idi. Ətrafa boylandı. Həmxanalardan da biri görünmədi. Məhəllədə nə isə baş verdiyini düşündü. Adətən belə hallarda həyətdə adam az olurdu.

Dadaş xan çox ağır təbiətli bir insan idi. Bakı həmşərilərinin ağsaqqalı olan bu boylu-buxunlu kişinin gəlişini hiss edən həyətin sakinləri bir qayda olaraq səs-küylərini kəsirdilər.

"Harada olsalar, indi gələrlər" - deyə düşündü və eyvandakı stolun arxasına keçdi. Qollarıyla stola dirsəklənərək iki əlilə başını tutub dərin xəyala daldı.

Şeyx Xiyabanını hərəkatının aktiv iştirakçısı Ərdəbil zadəganı Dadaş xan son həftə baş verən hadisələri özlüyündə götür-qoy edirdi.

O, indi Xaçmazda çörək zavodunun direktoru idi. Hamı onu çörək verən, ağsaqqal bir insan kimi tanıyırdı.

Onun Xaçmaza göndərilməsi maraqlı əhvalatdır. Böyük qardaşı Hacı Kamal xan oğlu Alması 30-cu illərdə Bakıya göndərmiş. Parapet bağındakı Pasajda onuncun dükan açmış, İrandan gəmi ilə mal göndərərək ikitərəfli ticarət əlaqələri yaratmışdı.

Almas Dadaşgilin həyətində yaşayırdı. Tezliklə onun böyük qızı Sidiqəyə Aşıq olmuş və atasına məktub yazaraq, əmisi qızına nişanlanmaq istədiyini bildirmişdi.

Oğlunun bu fərasətindən sevinən ata kiçik qardaşına bir məktub göndərmiş və bu sözləri "Dadaş, sənin qızını oğluma ad etdim!" - yazmışdı.

Məktubu alan gününün səhəri Dadaş xan bir kəlmə də nə qızı, nə də arvadı ilə məsləhətləşmədən qohum-əqrəbanı yığdı və elan elədi:

-Qızım Sidiqə, mən səni qardaşım oğlu Almasa nişanlayıram.

Sidiqə dədəsinin qorxusundan çınqırığını belə çıxartmasa da, ürəyində sevinirdi, çünki o, məhəllənin ən qəşəng və ağıllı oğlanına nişanlanırdı.

Almas əmisi kimi boylu-buxunlu, qürurlu bir insan idi. Sidiqəyə nişanlananda 1935-cı il idi. Üç il idi ki Bakıya gəlmişdi. Onun 19, Sidiqənin isə 15 yaşı vardı.

İran şahı Hitlerlə sazişə girən kimi Bakıdakı iranlıları İrana köçürtməyə başladılar. Ümumiyyətlə, 36-37-cı illərdə on minlərlə iranlı-azərbaycanlılar İrana köçürüldülər.

Almas da onların arasında idi. Sidiqə isə Bakıda qaldı.Hələ toyları olmamışdı.

Almas İrana gedəndən sonra Dadaş xan böyük qardaşından yenə məktub aldı. Məktubda deyilirdi: " Gəlinimizi İrana göndər! ".

Böyük sözü qanun olan ailədə Dadaş xan qardaşının sözündən çıxa bilməzdi. Odur ki, qızını, onun üçün hazırladığı cehizi gəmiyə yüklətdirib Ənzəliyə yola saldı.

Bolşevikin bu hərəkəti, əlbəttə ki, gizli qalmadı. Bir də ki, Dadaş xan balaca adam deyildi - vəzifəli şəxs idi..

Dadaş xanın məsələsinə Bakı Şəhəri Partiya komitəsində baxılanda Mir Cəfər Bağırov özü gəldi.

Dadaş xan ağzına su alıb susmuşdu. Onu daha nədə günahlandırmırdılar. Bolşeviklər qızını İrana göndərməsini vətənə xəyanət kimi qəbul edirdilər, NKVD və partiyadan uzaqlaşdırması tələbini qoyurdular.

İşin belə şəkil aldığını görən Mir Cəfər Bağırov ayağa qalxdı:

-Dadaş xan sədaqətli bolşevikdir. Səhvə yol verib. Yoldaşları ilə məsləhətləşməyib. Buna görə günahkardır. Ancaq digər tərəfdən, qızını ərə verməyi günah saymaq olmaz. Bir-birini sevən iki gənci birləşdirib. Yenə də bizimlə məsləhətləşmədən. Axı biz yoldaşıq !?

Sidiqəni mən yaxşı tanıyıram, Sovet qızıdır. İranda öz adamımızın olması pis deyil!

Mir Cəfər Bağırovun çıxışı hissləri yatırtsa da, Dadaş xanı NKVD-dən uzaqlaşdırdılar.

Ümumiyyətlə bu illərdə xaricdə qohumu olanları məsuliyyətli işlərdən uzaqlaşdırırdılar. Dadaş xanı partiyada saxlasalar da ciddi töhmət verdilər.

O, bu iclasdan sonra işsiz qalmışdı. İş üçün bir təşkilata belə müraciət etməmişdi. Bilirdi ki, əvvəl-axır Mir Cəfər özü onu çağıracaq. Buna o, əmin idi. Odur ki, sakitcə oturub heç-nə etmirdi.

Bir müddət keçdikdən sonra onu yenidən Mərkəzi komitəyə çağırdılar. Onu gülər üzlə qarşılayan Mir Cəfər ona əl uzatdı:

-Dadaş xan, sən elə bilirsən ki, rahat nəfəs alacaqsan. Bolşevik hara, işsizlik hara? Keç, əyləş! Sənə iş tapşırmaq istəyirik. Özü də otvetostvennı uçastokda. Qoy, yoldaşlar gəlsinlər.

Bir-birinin ardınca içəri girən Seka işçiləri stolun arxasına keçdilər. Hamı dinməzcə “Birincinin” nə deyəcəyini gözləyirdi.

-Xaçmas çörək zavoduna bolşevik Dadaş xan Dadaşovu təklif edirəm. Xahiş edirəm, fikrinizi bildirəsiniz.

-Yoldaş Bağırov, Dadaş xan Dadaşovun partiya töhməti var!- deyə təşkilat şöbəsinin müdirü öz fikrini bildirdi.

-Yoldaş Dadaşova verilmiş töhmətin götürələcəyi haqda Bakı komitəsi bizi xəbərdarlıq edib. Zannimcə, gələn iclasında bu işə baxılacaq.

İndi isə bizə, Xaçmas Çörək zavodunun direktoru vəzifəsinə əqidəli bolşeviki və təşkilatçılığı bacaran kadrı təyin etməyimiz vacibdir. Çünki o zavodun işi bizi razı salmır. Orada ciddi dəyişikliklər etmək lazımdır. Biz bilməliyik, yoldaş Dadaşov bu otvetstveni zadaçanı yerinə-yetirə bilər ya yox?

Kim yoldaş Dadaşovun Xaçmaz çörək zavodunun direktoru vəzifəsinə təyin olunmasını istəyir, əlini qaldırsın!

Stolun arxasında oturanların hamısı əlini qaldırdı.

-Sizi təbrik edirəm, yoldaş Dadaşov. Təşkilat şöbəsi, xahiş edirəm, yoldaş Dadaşovu instruktaj edəsiniz. Gedə bilərsiniz!

Təşkilat şöbəsində təlimatlandırılan Dadaş xan ağır yükün aldına girdiyini anladı. Əvvəl istədi ki, Mir Cəfərin yanına girsin, ancaq sonra fikirindən döndü. Başqalarından fərqli olaraq Dadaş xan Mir Cəfərdən qorxmurdu. Onların bir-birinə böyük hörmətləri vardı.

"Deməli belə lazımdır!" düşünən Dadaş xan, keçmişləri bir də xatırladı. "Bundan ağır yüklərin altına girmişik!" - deyə Sekanı tərk etdi.
***

Baharın əvvəli idi. Xaçmaz yazın bütün gözəlliklərini özündə əks etdirirdi. Ağaclar ağ, narıncı və qırmızı çiçəklərə bürünmüşdü. Uzaqda, dağların başında hələ qar vardı. Oradan gələn mehin sərinliyi insanı dağlara baxmağa vadar edirdi. Sanki bu şəhərin üstündə baharla qış toqquşurdu.

Xaçmaza ilk dəfədən məftun olan Dadaş xan: " Hayıf deyil, burada qalmayasan! Bura ki, cənnətdir. - deyə düşündü. Bir də dağlar ona yurdunu - Savalanı, şəhər isə Ərdəbili xatırladırdı.

Qətiyyətli və təmkinliyi ilə qısa müddət ərzində Çörək zavodunun kollektivini ələ alan Dadaş xan, orada fəhlələrin işləməsi üçün gözəl şərait yaratmış, bişirdikləri çörəyin keyfiyyəti ilə ciddi məşğul olmuşdu.

O dövrdə Xaçmazda hamı çörəyi evində bişirirdi. Zavod çörəyini dükandan almırdılar. Çörəyin satılmamağı zavoda böyük maddi zərər vururdu. Ev çörəyinin keyfiyyətini heç-nə vermirdi.

İlk növbədə elə çörək bişirmək lazım idi ki, Xaçmazın təndir çörəyindən dadlı, keyfiyyətli və ucuz olsun. Ancaq belə olduqda, camaat çörək üçün dükana gedə bilərdi.

Dadaş xan anlayırdı ki, zavodda bişən çörəyin keyfiyyəti camaatın bişirdiyi çörəyin keyfiyyətindən artıq olmalıdır. Buna görə bütün texnologiyanı dəyişdirmək lazım idi.

O, zavoda Bakıdan Hatəm adlı bir texnoloq gətirmişdi. Onu Kiyevə ezamiyyətə göndərdi ki, Ukraynanın kalaçının bişirmə texnologiyasını öyrənsin və qayıtsın.

İki həftədən sonra Hatəm Xaçmaza döndü. Onun qaydışı ilə əlaqədar Dadaş xan iclas çağırdı.

-Bala, danış görək nə gördün, nə götürdün və nə təklif edirsən? 15 gün səni Kiyevə boş-boşuna göndərməmişik ki. Kollektivlə öz fikirlərini bölüşdür. - deyə Dadaş xan, Hatəmə söz verdi.

Bu sözlərdən ürəklənən Hatəm irəli çıxdı və bayaqdan bəri qoltuğunun arasında tutduğu çertyojları divardan asmağa başladı:

-Bu əyani vəsaitdir. Öz gözünüzlə görsəniz, məni tez başa düşərsiniz. Bunları ukraynalı qardaşlar verdilər. Biz də onlar kimi işləyə bilərik. Vaxtıykən onların da vəziyyəti bizimki kimi olub, çörəklərini almırdılar. İndi hamı kalaclarından danışır...

O cür çörək bişirmək üçün bizdə lazım olan bütün avadanlıq var, ancaq bu avadanlıqları öz təyinatı üzrə işlətmirik. Bu şəkillərdə onlardan necə istifadə etmək lazımdır, göstərilib. Texnologiyaları çox asan və səmərəlidir.

Yoldaş Dadaşov, iki gün bizim gənclərə icazə verin, bu texnologiya ilə tanış olsunlar və sonra yeni çörək növünə keçə bilərik.

-Gənclər, söz sizindir! - deyə direktor onlara müraciət etdi

Komsomol komitəsinin katibi Faiq ayağa qalxdı:

-Biz dünən axşamdan bu çertojlarla və şəkillərlə tanış olmuşuq. Bunları həyata keçirtmək çox asandır. Sadəcə olaraq, bir neçə gün hazırlaşmalıyıq.

-Bu mənim də ürəyimcədir. Gənclərimiz düşünməyi öyrənib. Tələm-tələsik heç nə etmək olmaz! Dövlət çörəyini sizə həvalə edib. Siz Sovet dövləti üçün çörək bişirirsiz. Bu çörəyin keyfiyyətinə söz olmamalıdır.

Bir də ki, texnologiyanı dəyişdirmək məsuliyyətli işdir. Mən də yoldaşlarla məsləhətləşməliyəm, görək raykomda nə deyirlər. Bütün bunlara baxmayaraq, sizin təkliflərlə razıyam və sizi müdafiə edəcəyəm. - deyə Dadaş xan sözünü qurtardı.

Bu sözlərdən ruhlanan zaldakı gənclər al çalmağa başladılar

İclasdan sonra texniki heyəti otağında qəbul edən Dadaş xan bir daha Hatəmin məntiqli çıxışına qulaq asdı. Bir daha çertojları nəzərdən keçirtdi. "Doğurdan da, belə çörək bişirilsə, əhalinin alıcılıq qabiliyyəti artacaq!" - düşündü.

-Balalarım, elə bu gündən işə başlaya bilərsiniz!

Yeni texnologiyanı həyata keçirtmək o qədər də asan olmadı. İclasdan sonra raykoma gedən Dadaş xan işin mahiyyətini rəhbərliyə anlatdısa da, onu başa düşən olmadı.

-Bilirsiz, buranın adı şəhərdir, əslində kənd kimi yerdir, burada heç kim Ukrayna çörəyini almayacaq! - deyə raykom, narazılığını bildirdi.

-Mən məsuliyyəti öz üzərimə götürməyə hazıram. Bakıda olanda da yoldaşlar demişdilər, burada dəyişikliklər etməliyik! Məni buraya köhnə qaydada işləmək üçün göndərməyiblər.

Dadaş xan heç nəyə fikir vermədən zavoda islahatlar apardı, yeni maşınlar aldı və işə saldı. Nəticə isə göz qabağında idi.

O. bura gələn gündən məsləhətinə hamı gəlirdi.

Raykom da ona qarşı qısqanclıq yaranmışdı. Köhnə bolşevikin zavod direktoru vəzifəsinə təyin olunması raykomu qıcıqlandırırdı. Ona elə gəlirdi ki, əgər Dadaş xan Sekanın tapşırığını yerinə yetirsə, onu işdən çıxardıb Dadaş xanı yerinə qoyacaqlar. Raykom Dadaş xanın qətiyyətliyini görüb sussa da, daxilində başına bəla olacağını düşündü.

***

Cavanlar möcüzə etmişdilər. Yeni çörək növü hələ bişirilməmişdi, amma bütün rayon bu çörəkdən danışırdı. Çörəyin keyfiyyəti, ucuzluğu haqqında söz-söhbət hər tərəfə yayılmışdı. Hamı çörəyin bişiriləcəyi günü gözləyirdi. Balaca rayon miqyasında bu böyük hadisə idi.



İlk çörək arabası mağazaya çörəyi boşaldıb qayıtmışdı ki, xəbər gəldi ki bütün çörəklər satılıb. Bir-birinin ardınca çörəyi dükanlara aparan arabaçılar qayıdıb daşımaq üçün növbə gözləyirdilər.

Günorta Hatəmin dəstəsi işini qurtarıb sexdən bayıra çıxdı. Hamı onları təbrik edirdi.

Hatəm üzünü həyətə yığışmış yoldaşlarına tutdu:

-Bu günün planının yerinə yetirmişik. Planı artırmaq lazımdır. Görək, yoldaş Dadaşov nə deyir? Sexdə bişirilməmiş un qalmayıb.

Dadaş xan gəncləri qələbə ilə təbrik etdikdən sonra, anbardara dedi:

-Nə qədər tələbat var, nə qədər lazımdır, un ver! Zavodun tamlığı ilə işləmək qabiliyyətini müəyyən edək. Bilin ki, bizim müəssisə strateji əhəmiyyətli müəssisədir.

Yeni texnologiyaya keçdikdən sonra zavodun işi çox yaxşı gedirdi, bütün göstəricilərə riayət edərək, dövlətə fayda verməyə başlamışdı, onun rentabelliyi artmışdı.

Odur ki, Dadaş xanın heç ağlına belə gəlməzdi ki, işini yoxlamağa gəlsinlər.

Komissiya, daha doğrusu partkomissiya, Bakıdan gəlmişdi. Raykomun Sekaya göndərdiyi hesabatda Xaçmaz çörək zavodunun direktorunun özbaşınalığından, plan və göstəricilərin dəyişməsindən, planın yerinə yetiməməsindən söz açılırdı.

Komissiyanın sədri Alxasovun ilk sualı da bununla əlaqədar idi:

-Yoldaş Dadaşov, nə üçün sizə qədər 20 min ədəd çörək bişirilirdi, indi cəmi 15 min bişirilir? Belə çıxır ki, zavod dövlətin qoyduğu planı yerinə yetirmir?! Siz bütün işi pozmusunuz?

-Yoldaş Alxasov, bizim zavodun buraxdığı çörəyin çəkisi, o dövrdə buraxılan çörəyin çəkisindən iki dəfə ağırdır, işlədilən un bir tam onda beş dəfə çoxdur, zavodun gəliri o dövrə nisbətən iki dəfə artıb, bizim raykoma verdiyimiz hesabatda bütün bunlar göstərilib.

Un ilə təminatımız yaxşılaşdırılsa, 20 min ədəd bişirib satacağıq. Bizim çörəyi Dəvəçi, Quba, Qusar və s. rayonlar da almaq istəyir. Buraxdığımız çörəyin həcmi keçmişdə buraxılanın həcmindən iki dəfə artıqdır: qiymətdə də fərq var, keyfiyyətdə də. Satılmayan çörəyimiz yoxdur. Bu isə mənə elə gəlir əsas amildir.

Partkomissiya çıxıb getmişdi ki, Bakıdan jurnalistlər gəldilər. Zavodu gəzdilər, çörəyini daddılar, hərəsi bir "buxanka" qəzetə büküb çıxıb getdilər. İki gün sonra "Kommunist", "Bakinskiy raboçiy" Xaçmaz çörək zavodunda aparılan islahatların səmərəliyi və kollektivin uğurlarından söhbət açırdılar. Ancaq raykomun Dadaş xanla mübarizəsi bunula bitmədi.

***

Müharibə başlanan gündən Xaçmaz çörək zavodunun hasilatı daha da artırıldı. Ətraf rayonlarda olan hərbi hissələr və hospitallara buradan çörək göndərilirdi.



Bir dəqiqə belə başını qaşımağa vaxt tapmayan Dadaş xanın evlə əlaqəsi kəsilmişdi. Bakıya iclasa çağırılanda evə dəyə bilirdi.

İclasların birində Mir Cəfər Bağırov qeyd etdi ki, "Müharibədə övladlarını itirmiş, kimsəsiz qalmış ailələrə kömək etmək lazımdır. Qoy, dövlətin onları darda qoymayacağını başa düşsünlər və xalqın dövlətə inamı sönməsin! ".

Bu sözlər Dadaş xanın ürəyindən idi. Xaçmaza qayıdan kimi Hərbi komissarlıqdan həlak olmuş və itkin düşmüşlərin siyahısını əldə etdi və ailə vəziyyətlərini öyrənməyə başladı. Vəziyyətləri daha ağır olan ailələrin ünvanlarını götürdü.

Çörəyi hospitallara və hərbi hissələrə daşımaq üçün zavoda iki çörəkdaşıyan maşın vermişdilər. Sübh tezdən maşınlar çörəklə doldurulur əvvəlcədən müəyyənləşdirilmiş marşrutla hərəkət edirdilər. Günortaya qədər maşınlar kənara aparılan bütün çörəyi daşıyırdılar.

43-cü ilin yazı idi. Stalinqraddakı qələbədən sonra xalqda inam hissi daha da artmışdı. Çörək daşıyan sürücülərin hər ikisi əməli və sözü düz adamlar idi. Müharibəyə qədər və ondan sonrakı dövrlərdə də azərbaycanlılar halallıqla dolanmağı hər şeydən üstün tutardılar.

Dadaş xan sürücü Səlimi yanına çağırdı. O birisi sürücüdən fərqli olaraq, o yerli adam idi, bütün kəndləri tanıyırdı.

-Səlim, mənim balam, sənə dövlət əhəmiyyətli bir tapşırıq verəcəyəm. Al, bu ünvanları, hər ünvanın qabağında rəqəm göstərilir. Maşınla bu kəndlərə gedib bu ünvanlara çörək paylayacaqsan. Bu kimsəsiz qalmışların ünvanlarıdır. Çörək talonları əllərində qalır, batır.

Anbardara göstəriş vermişəm, hər axşam qənaət etdiyimiz çörəkdən götürüb bu ailələrə paylamalısan. Qoy, camaat əziyyət çəkməsin!

Beləliklə, Səlim kəndbəkənd maşını sürərək Dadaş xanın göstərdiyi ünvanlara çörək aparırdı. Təbiətin şıltaqlığından bəzi kəndlərlə əlaqələrin kəsildiyini görən Dadaş xan, bu kəndlərə çörək yox un da göndərməyə başladı.

Günü-gündən xalqın məhəbbətini qazanan Dadaş xanın bu əməli gizlin qalmadı. Hamı ona dua oxuyurdu. Bir adam ondan şikayət etmirdi. Kollektivi bütün öhdəçilik və tapşırıqları canla başla yerinə yetirirdi.

İki sürücüdən başqa işçiləri qadınlar və az yaşlı uşaqlar olan bu müəssisə inanılmaz dərəcədə tam gücüylə işləyirdi.
****

Aprelin əvvəli idi, hələ dağlarda qar vardı. Gecənin qaranlığında kirayə qaldığı evə qayıdan Dadaş xan həyətlərinə qara rəngli minik maşınının girdiyini gördü. Addımlarını artırdı, özünü həyətə saldı, maşından düşən Mir Cəfər Bağırovu qarşıladı:

-Ağa, xoş gəlmisiniz! - dedi. Görüşdülər.

Sürücü bir anın içində mühərriki işə salıb oradan uzaqlaşdı.

Evlərinə qonaq gəldiyini görən ev sahibəsi əl-ayağa düşdü. Stolun süfrəsini dəyişdi. Həyətdəki samovara od saldı.

Qonaq stolun arxasına keçdi. Dadaş xan onun gəlişinin səbəbini öyrənmək istəsə də, anladı ki, soruşsa yerinə düşməz. Lazım olsa, o, özü deyəcək.

-Gəlmişdim, Vətənə baş çəkim, düşündüm ki, yol üstü Xaçmaza da dəyim. Bəzi məsələləri həll etməliyəm. Sənin isə qonağınam.

Bu sözləri deyən Mir Cəfərin səsində gəlişinin ona aidiyyəti olduğunu duyan Dadaş xan özünü itirmədi. Fikrə getdi. Onun eynəkli gözlərinə dik baxaraq ayağa qalxdı

- Qonaq xoş gəlib, səfa gətirib! Qonağa – qulluq, bizim borcumuzdur. .

Dadaş xan həyətə çıxdı. Tövlədə ki iki qoyunu çıxardıb, ev yiyəsindən hər ikisinin kəsməsini xahiş etdi.

-Qoyunu kəsəndən sonra can ətini çıxart, ayrılıqda onun kababını bişirərsən.

Evə qayıdan Dadaş xan Mir Cəfərin yaman fikirli olduğunu gördü. Divarın zəngli saatı 12-ni vurdu. Bu da onu fikirdən ayırmadı.

Mir Cəfər başını qaldırıb onun üzünə baxanda Dadaş xan soruşdu:

-Ağa, çörək gəlsin?

Çox az adam Mir Cəfərə "ağa" kimi müraciət edərdi. Onun ən yaxın dostları və keçmiş silahdaşları...

Mir Cəfər ağır seyid nəslindən olduğundan, qəlbində Allaha itaət edənlər ona bu cür müraciət edərdilər.

-Tələsmə, Dadaş xan, otur! Danış görüm işlərin necə gedir?

-Ağa, pis deyil. Zavod bütün tapşırıqları yerinə yetirir. Kollektivim çox mehribandır. Yaxşı komanda yığmışam.

Otağın qapısı döyüldü. İçəri zavodun sürücüsü Səlim daxil oldu.

-Axşamınız xeyr! - deyə evdə Dadaş xandan başqa özgəsinin olduğunu görüb susdu.

Mir Cəfəri Bağırovu Dadaş xanın yanına gələn şəhərlilərdən biri kimi qəbul edən Səlim, onların sözlərinə mane olmamaq üçün bayıra çıxmaq istədi.

-Sözünü de, bala?- deyə Dadaşxan onu saxladı.

-Heç, gəlmişəm deyim ki, hər şey hazırdır, kəndlərə gedirəm.

İçəri girən evin sahibəsi Nurcahan xala süfrəyə pendir, çörək, göyərti qoydu:

-Bir yarım saata hər şey hazır olacaq! - deyə qadın otaqdan çıxdı.

Əlini süfrəyə uzadıb çörək kəsən Mir Cəfər üzünü Səlimə tutdu:

-Otur, bala, bizimlə çörək kəs!

Bu sözlər elə bir hökmlə deyilmişdi ki, Səlim özündən asılı olmayaraq stolun arxasına keçdi.

-Ləzətli çörəkdir. Bakıdan yaxşı bişirirsiz! - deyə süfrədən göyərti ilə pendir götürüb Səlimə uzatdı.

-Bala, ye!

Səlimin iştahla yediyini görən, Mir Cəfər üzünü Dadaş xana tutdu:

-Bilirsən ruslar nə deyirlər. Yaxşı işçi yeməyindən bəlli olur. - Sonra Səlimə müraciət etdi:

-Deyirsən, kəndlərə gedirsən. Yerinə düşdü, məni də gəzdirərsən! - deyə ayağa qalxdı. Onun durduğunu gərən Dadaş xanla Səlim də ayağa qalxdılar.

-Getdik bala, yolçu yolda gərək! - deyə Səlimə yol göstərdi:

-Dadaş xan Səlimlə kəndləri gəzib qayıdıram. Hələlik!

Səlimin arxasınca həyətə çıxan Mir Cəfər "poluturkanın" qapısını açdı və keçib oturdu.

Çörək maşını həyətdən çıxan kimi Mir Cəfər üzünü Səlimə tutdu:

-Dadaş xan, mənim cavanlıq dostumdur! Bakıda hamı onun xətrini istəyirdi, bəs burada necə onu istəyirlər?

-Necə deyim? O, çox ciddi adamdır. Rəhbər kimi mülayim deyil. Ümumilikdə isə çox yaxşı insandır. Hamıya əl tutur, kömək eləyir.

- Niyə əsgər getməmisən?

-Mən getmək istəyirəm. Qoymur. Deyir, sən burda lazımsan! Hərbi komissar da o, dediyin deyir. Dostlarımın hamısı müharibədə, mən isə burda. Düzgün çıxmır. Vallah, utanıram, dostlarımın valideynlərinin üzünə baxmağa...

Mir Cəfər Səlimin bu sözlərindən anladı ki, onu əsgərliyə burmadığına görə direktorundan narazıdır.

-Bu gecənin qaranlığında kəndlərə niyə gedirsən?

-Dadaş dayı, mənə göstəriş verib ki, kimsəsiz qalmışların evlərinə çörək paylayım.

-Haradan bilirsiniz ki, onlar kimsəsizlərdir?

-Dadaş dayı hərbi komissardan onların siyahısını və ünvanlarını alıb.

-Onların məgər kartoçkaları yoxdur?

-Var, ancaq kartoçkaları işlədə bilmirlər. Gərək kənddən Xaçmaza gəlsinlər. İndi özünüz görəcəksiniz, aralarında qocalar, uşaqlılar var. Necə gəlsinlər? Çörəyi kəndlərdə kartoçkaya dəyişirik, kartoçkaları dükana təhvil veririk. Vəssalam, şüttamam! Bir ev də çörəksiz qalmır. Savab iş görürük.

Maşın kəndin girəcəyində alçaq bir daxmanın qarşısında dayandı. Daxmadakılar elə bil onun yolunu gözləyirdilər, qucağı uşaqlı və yanında iki körpəsi ilə bir gəlin küçəyə çıxdı.

Səlim onun çıxmasına fikir vermədən, kabinədən düşdü, maşının budkasının qapısını açdı. Üç dənə "Kalaç" götürüb gəlinə yaxınlaşdı. Çörəyi ona verdi və nə isə ondan aldı. Maşına qayıdıb əlindəkiləri Mir Cəfər tərəfə əyilərək "bardaçoka" atdı. Mühərriki işə salaraq yoluna davam etdi.

Kəndin başqa məhəlləsində onları bir qarıyla qoca qarşıladı. Səlim onlara da iki "buxanka" verdi, əvvəlki kimi aldığı kartoçkaları "bardaçoka" atdı. Qaranlıq olduğundan Səliminin "bardaçoka" nə atdığını görməyən Mir Cəfər hələlik heç nə soruşmurdu.

-Bunlar kartoçkalarıdır! - deyə Səlim özü aydınlıq gətirdi.

Sübh səhər açılana qədər Mir Cəfərin gözü qarşısında Səlim qapı-qapı çörək payladı. O, isə sakitcə oturub sürücünün hər kənd haqqında dediklərinə qulaq asır, təbiətin cənnət guşələrini seyr edirdi.

Maşın qapının Dadaş xanın evinin qarşısında dayananda o, başını stolun üstünə qoyub mürgüləyirdi. Maşının səs-küyünə o, ayağa qalxdı. Səhər saat altının yarısı idi.

Mir Cəfər içəri girən kimi üzünü Dadaş xana tutdu.

-Denən süfrə açsınlar, çörək yeyək.

Səlim Nurcahan arvadı yuxudan durğuzdu və qadına yenidən süfrəni açmağa kömək etdi.

-Otur bala, bizimlə çörək ye! Səhərdən ayaq üstəsən -deyə, Mir Cəfər təklif etdi.

-Mən gərək zavodda olum, hərbi çasta çörək daşımalıyam. İcazə versəydiz, gedərdim.

-Gedə bilərsən, Səlim bala! Bir də çox sağ ol. Mənə bütün rayonu tanıtdın. -deyə Mir Cəfər gülümsədi.

Sonra stolun arxasına keçdi. İştahla çörək yeməyə baıladı.

Dadaş xan hiss etdi ki, gəzintidən razı qayıdıb.

Niyə kəndləri gəzdiyini bilməsə də, Dadaş xana bir şey aydın idi ki, o, Səlimin çörək payladığın görmüşdü.

O, bir kəlmə də olsun bu haqda soruşmadı, Mir Cəfər də dinmədi.

Yenicə yeyib durmuşdular ki, raykomun maşını qapının qarşısında dayandı. İcazə alıb, içəri girən raykomu qara eynəyilə süzən Mir Cəfər bir qədər susdu.

-Get, raykomu yığ Mədəniyyət evinə! Çörək zavodunun kommunistlərini və komsomolçularını da çağır gəlsinlər. Saat 8-də orda olacağam.

Raykomun həyətdən necə götürüldüyünü görən Nurcahan arvad üzünü qızı Gülşənə tutdu:

-Ay qız, qonağımız kimdir ki, raykom belə götürüldü.

-Mən haradan bilim, ana? – deyə, qız üzünü görmədiyi adam haqqında nə deyə bilərdi.

Yarım saatdan sonra Mir Cəfərin maşını qapının ağzında dayandı. O, həyətə çıxdı. Nurcahan arvadı görüb onunla sağollaşdı. Üzünü Dadaş xana tutdu:

-Mən gedirəm, bir-iki yerə də dəyməliyəm. Sən də saat 8-də mədəniyyət evində olursan! -deyə maşınına oturdu. Qara rəngli "M-1"oradan uzaqlaşdı.

Səhər saat 8-də mədəniyyət evində adam əlindən tərpənmək mümkün deyildi. Mir Cəfərin rayonda olduğunu eşidənlər bura axışırdılar. Dadaş xan orta sıraların birində oturmuşdu.

Mir Cəfər zala daxil olanda hamı ayağa qalxdı və əl çalmağa başladılar. O, qətiyyətli addımlarla kürsünün arxasına keçdi. Bir neçə saniyə zala boylanıb oranı süzdü və sonra sözə başladı:

-Mənim bura gəlməyimin səbəbi - çörək zavodunun direktoru yoldaş Dadaşova olan münasibətinizi bilməkdir.

Zala tam sakitlik çökdü. Bir adam cürət edib, nə isə demək istəmədi.

-Mən zavodun fəhlələrinə söz vermək istəyirəm! Qoy, onlar desinlər, görək, zavodda vəziyyət necədir? Kommunistlərdən kim çıxış istəyir?

Zalda oturan fəhlələrin arasında pıçıldaşma başladı. Bunu görən Mir Cəfər zalı sakitləşdirmədi. Bir balaca sərbəstlik verdi ki, danışmaq istəyən cürətlənib kürsünün arxasına çıxsın.

Zavodun xəmir sexinin fəhləsi, altmış yaşlı Nurdidə arvad kürsiyə tərəf addımladı. Kürsünün arxasına keçdi.

-Mümkünsə, özünüzü təqdim ediniz! - deyə Mir Cəfər Bağırov şirin dillə təklif etdi.

-Yoldaş Bağırov! Mən xəmir sexinin fəhləsi, Nurdidə Qasımovayam. On ildən artıqdır ki, kommunistəm. Bu zavod açılan gündən burada fəhləlik edirəm. Siz dediniz ki, yoldaş Dadaşova münasibətimi bildirək.

Nə deyə bilərəm? Yoldaş Dadaşov bura direktor təyin olandan sonra hər şey yaxşılığa doğru dəyişib. Bu zalda oturanlar qoy desin, məgər belə deyil?

Zaldan "Elədir!" səsləri" eşidildi. Nurdidə arvad davam etdi:

-Mənim iki balam frontdadır. Vətən uğrunda vuruşurlar. Bir ana kimi ürəyim onların yanında qalıb. Hamı front üçün işləyir. Bir adam tapılmaz ki, işdən qaçsın. Yoldaş Stalin demişkən: Arxa cəbhə möhkəm olsa, ordumuz basılmaz!”

Ancaq daxilən hiss edirəm ki, bizim işimizə mərdimazarlıq edənlər var. Sizin gəlişinizin səbəbi də elə bununla bağlıdır.

Vətənin bu ağır günlərində partiya Azərbaycanı Sizə tapşırıb, Sizi işdən ayırıb bura gətirənlər bizim ümumi işimizə zərbə vuranlardılar. Mən inanmıram ki, vicdanı olan adam zavodumuzda bu dəyişikləri görməsin. Kimsə yoldaş Dadaşovdan şikayət yazsın. Kimdir, durub desin! Ola bilməz!

Bu sözləri deyən Nurdidə arvad düz Mir Cəfərin gözünün içinə baxdı.

-Aydındır! - deyə Bağırov Nurdidən sonra başqalarına da söz verdi.

Bir-birinin ardınca çıxış edənlərin hamısı Dadaş xanı tərifləməyə, əqidəli kommunist, yaxşı təşkilatçı olmasından danışdı.

Hər çıxışdan sonra danışanı qara eynəyindən süzən Mir Cəfər sanki hislənirdi. Dadaş xanın ünvanına deyilən sözlərlə sanki razılaşmırdı. Hamını dinlədikdən sonra raykoma söz vermədi.

Özü ayağa qalxdı. Qarşısındakı qovuğu açıb içindən bir topa məktub çıxartdı:

-Bəs bunlar nədir? - deyə üzünü zala tutdu: - Bu məktublarda yazırlar ki, hər gün gecə, bir maşın çörək zavoddan oğurlanır və naməlum istiqamətə gedir. Bundan niyə danışmırsınız? Bütün bu adsız məktublar bu haqdadır.

Mən özüm dünən gecədən bu faktları yoxlamaqla məşğul olmuşam. Doğurdan da, zavoddan hər gecə bir maşın çörək çıxarılır! – dedi və susdu. Zalda pıçıldaşma başladı.

-Ancaq bu çörəklər oğurlanmır. Kəndlərdə tək qalmış qocalara, uşaqlı analara kartoçkalarla paylanılır. Bunun nəyi cinayətdir.

Mən bilmək istəyirəm bu böhtanları kim yazır? Hamısı anonimdir. Yazılmamış təşkilat qalmayıb. Hətta Moskvaya da yazıblar. Odur ki, bu işlə özüm məşğul oldum. Səlim balamız isə mənə kömək oldu.

Üzümü rayonun rəhbərliyinə tuturam. Təmiz adamların ünvanlarına belə məktub yazanlarla mübarizə aparmaq əvəzinə, siz belə məktubları təşkil etməklə məşğulsunuz. Bunların təşkilatçıları daha mənə məlumdur. Odur ki, tezliklə buna özüm əncam çəkəcəyəm.

Raykomun rəngi-rufu qaçmışdı. Hamı onun tərəfə baxırdı. Mir Cəfər ayağa qalxdı və iri addımlarla zaldan küçəyə çıxdı. Camaatla görüşdü və maşına minib oradan uzaqlaşdı.

*****

Səlim çörəyi paylayıb, Xaçmaza qayıdanda günəş dağların arxasında gizlənirdi. Dadaş xanın çoxdan evdə olacağını düşündü. Maşını da onun qaldığı evin qarşısında saxladı. Həyətə girdi. Dadaş xanın mənzilinin qapısını döydü.



-Hər şeyi qaydasındadır? - deyə içəri girən kimi Dadaş xan ondan soruşdu.

-Bütün obyektlərə çörək vermişəm. Maşın bu dəfə də məni pərt eləmədi. Gərək ona əl gəzdirim.

-Bakıya gedəndə, yazarsan nəyin çatışmır?

Heç vaxt Dadaş xandan yanına gələn adamların kimliyi ilə maraqlanmayan Səlim bu dəfə dözmədi. Çünki direktorun bu qonağı onun çox xoşuna gəlmişdi:

- Dadaş dayı, qonağınız kim idisə, çox maraqlı adam idi. Kəndləri niyə gəzirdi?

-Özündən soruşardın! -deyə Dadaş xan güldü.

-Çəkindim. Ancaq mənə tanış gəlirdi.

-Bədbəxtin oğlu, Mir Cəfər Bağırovu da tanımamısan.

Səlim bir anın içində dizləri üstə yerə çökdü. Dili tutuldu. Eşitdiklərinə inanmaq istəmədi.

-Qalx ayağa, özünü ələ al, hər şey qaydasındadır.

-Dadaş dayı, Vallah kim olduğunu bilməmişəm.

Dadaş xan gülümsündü:

-Yaxşı, gedə bilərsən.

Səlim maşını zavodun həyətinə sürəndə, fəhlələr onu əhatəyə aldılar. Hamının gözündə qəhrəmana dönmüşdü. Səlimdən əl çəkmirdilər:

-Səlim, danış, o necə adam idi? Nə danışdın?

***


Mir Cəfər Xaçmazdan gedən kimi raykomu Bakıya çağırdılar. Bir də onu görmüşəm, deyən olmadı.

Yeni raykom Dadaş xanla hər işini məsləhətləşirdi. Hətta dostlaşmışdılar da. İşinin yaxşı getdiyi görən Dadaş xan Bakıya, ailəsinə dəyməyi qərarına gəldi.

Bakı onu əvvəlki kimi canlı, işgüzar sifət ilə qarşıladı. Hər yerdə iş qaynayırdı. Zavod və fabriklərin tüstüsü göylərə ucalırdı.

Yuxarı məhəlləyə qalxdıqca tüstülü şəhərin havasını təmiz dağ ətəyi havası əvəz edirdi. Həyətə girəndə isə o, rahat nəfəs almağa başladı. Keçib eyvanda əyləşdi. Səriyyə arvad gözünə dəymədi.

Qonşu qadını Dadaş xanı görüb salamlaşdı və həyətdən çıxdı. Çox çəkmədi Səriyə arvad tələm-tələsik həyətə girdi.

-A kişi, xoş gəlmisən! - deyə otağa keçdi. Süfrə gətirib stolun üstünə çəkdi. Keçib həyətdəki samovara od saldı. Sonra qayıdıb onun qarşısında oturdu. Dadaş xan başını qaldırıb dodaqaltı soruşdu:

-Uşaqları başlı başına buraxmırsan. Hanı uşaqlar?

-Hamısı Məşəd Fazilgildədirlər. Əşrəf frondan qayıdıb.

-Bəs Raziyə haradadır?

-O, da orda.

-Onun orda nə işi var?

-A kişi, axı nişanlısı qayıdıb.

-Nə olsun qayıdıb? Qız yüngül olmaz! Camaatı bizə güldürmə! - deyə Dadaş xan səsini qaldırdı.

-Dadaş, sən hansı dövrdə yaşayırsan? Halalca nişanlısıdır da!

-Arvad, məni hirsləndirmə. Azərbaycanın adət-ənənəsi var. Onu heç cürə pozmaq olmaz! Qorumalıyıq! Hər şeydən... Get, çağır gəlsin!

Səriyə arvad başını yelləyə-yelləyə həyətdən çıxdı. Digər tərəfdən sevindi ki əlinə fürsət düşüb – deyə Seyid Bikəyə gözaydınlığı verəcək.

Seyid Bikəgildə isə həyət adamla dolu idi. Qızı Raziyə Əşrəfin yanında oturmuşdu. Səriyə arvad keçib Əşrəfin üzündən öpdü:

-Bala, həmişə evində-eşiyində. Seyid Bikə, sənin isə gözün aydın olsun! - dedi

Sonra qızı Raziyəni qırağa çəkdi:

-Tez ol, qaç evə, atan gəlib.

Atasının adını eşidən Raziyə Əşrəfə əl elədi və həyətdən çıxdı.

Evlərinə necə çatdığını hiss etməyən qız Dadaş xanla üzbəüz gəldi. Qız atasını qaş-qabaqlı görüb cürət etmədi ki, yaxınlaşıb üzündən öpsün.

-Ay qız, haradasan?

-Seyid Bikəgildə. Əşrəf qayıdıb.

-Niyə qayıdıb? Camaatın uşaqları frontda vuruşur.

-Yaralanıb...

-Nə olsun yaralanıb? Sən ağır ol! Qoy, özü ayağına gəlsin. Sən xan qızısan!

Raziyə daha söz deyə bilmədi. Başını aşağı salıb mətbəxə keçdi. Çayniki maşınkanın üstünə qoydu. Dadaş xanın da bununla tənəsi bitdi.

***


: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə