T.Ə. CƏFƏRLİ BİR Əsr bir nəSİl budur gəldi bahar fəsli



Yüklə 1,19 Mb.
səhifə6/13
tarix31.01.2017
ölçüsü1,19 Mb.
#7184
1   2   3   4   5   6   7   8   9   ...   13

MƏKTƏB
Qırx yeddinci ilin sentyabrın biri səhər çağı bütün həyət Nərgizi məktəbə yola salırdı. Kimi onun önlüyünü ütüləyir, kimi uzun saçlarını hörürdü. Qız hamının sevimlisinə çevrilmişdi.

Seyid Bikə qonşu arvadlarına evlərindəki stolları çıxartdırıb, həyətin ortasında ardıcıl düzdürmüşdü. Axşam həmxanaların hamısı bu stolun arxasına dəvət olunmuşdular. Səhər sübhdən həyətin mətbəxində qazanlar qurulurdu. Bütün bunlara rəhbərlik edən Seyid Bikənin, elə bil, Nərgiz də yadından çıxmışdı.

Çarhovuzun yanında ipə bağlanmış iki qoçun birini kababçı İbad gəlib kəsib soymuşdu. İkincisini isə dərsə gedəndə Nərgizin ayağı altında kəsməyə hazırlaşırdı.

-Ay na! - deyə Raziyə Seyid Bikəni eyvandan çağırdı, -Vaxtdır.

Seyid Bikə bulaşıq əllərini balağına sildi. Ət doğrayan İbadı işindən ayırdı.

İbad ikinci qoyunun ipini açdı və çəkib eyvanın pilləkəninin yanına gətirdi. Pilləkəndən düşən Nərgizin ayağının altına yıxdı. Qızcığaz yerindəcə donub qaldı.

Seyid Bikə içində üzərrik yandırdığı “Beş barmağlı” qabı qızcığazın başı üstünə tutdu və dua oxuyub bir-neçə dəfə hərlətdikdən sonra, ona üflədi.

Bu zaman İbad kişi bıçağı qoyunun boğazına çəkdi. Al qan şırıltıyla Nərgizin ayağının altına tökülməyə başladı.

Raziyə əyilib barmağını qana batırdı və qızının alnına xal qoydu.

Nərgiz dinməzcə qoyunun üstündən keçdi və anasıla qapıdan çıxdı. Qonşu qızlarından biri qaçaraq onların dalınca su atdı.

Əşrəf günortaya Bakıya qayıdırdı. Bütün dostlarını axşama dəvət etmişdi. Hamı Nərgizin məktəbə getməsi gününü yumağa hazırlaşırdı.

Babası Məşədi Fazil Səmərqəndən ona “ Pasılka” göndərmişdi. Paltarlıq bir-neçə “otrez” və iki dənə qəşəng özbək araqçını. Dadaş xan Bakıda olduğundan məclisdə o, da iştirak edəcəkdi.

Seyid Bikənin haq-hesabına görə bir əlli-altmış adam olmalı idi.

Nataşa xalayla Raziyənin rəfiqəsi Rouşənin gəlişi qadınların əhval-ruhiyəsini daha da qaldırdı. Hər ikisi əllərini çırmalayıb piroq və s. şirniyyatlar hazırlamağa başladılar.

Həyətin ortasında böyük bir mis teştin içindən buxar çıxırdı. Seyid Bikələ Səriyə xatın iç-ciyəri günorta üçün qovururdular.

Oğlanlarının dostlarının qarnını doyurmaq asan iş deyildi. Yemək-içmək başladımı, bütün günü çəkirdi.

Saat on ikidə Nərgiz məktəbdən qayıtdı. Gözlərinə inanmadı. Elə bil həyətlərində toy olacaqdı.

-Nənə, burda nə var? - deyə qız təəccüblə Seyid Bikədən soruşdu.

-Necə yəni nə var? Bu gün sən məktəbə getmisən. Odur ki, qeyd edəcəyik. Keç içəri, paltarını dəyiş! Bizə kömək edəcəksən. Bir -iki saata atan da gələcək.

Nərgiz dinməzcə evə girdi, heç beş dəqiqə keçməmişdi ki, yenidən həyətə düşdü, anasına qoşulub onlara kömək etməyə başladı.

-Ana, məktəbə getmək istəmirəm! - deyə Nərgiz başı işə qarışmış Raziyəyə müraciət etdi.

-Niyə, mənim balam?

-Maraqsızdır. Oradakılar hələ indi yazmaq, pozmaq öyrənir. Mən isə bunları bilirəm.

-Doğrudan a! Müəllimənlə danışaram, sənə başqa tapşırıqlar versin. Bilmədiklərini öyrətsin.

-Bilmədikləri məgər var? - deyə Rouşən sözə qarışdı: -Seyid Bikə məktəbini keçib, müəllimlərinə mənim yazığım gəlir.

-Niyə, Rouşən xala? - deyə Nərgiz soruşdu.

-Çünki sən, şeytan, oxuduqlarını müəllimlərin oxumayıb.

-Onda mən nə edim?

-Onu sənə nənə başa salar.

***


Əşrəfdən qabaq həyətə Volodya girdi. Xalasının ocağın arxasında nəyisə qarışdırdığını görüb, stolun üstündən təzə bişirilmiş təndir çörəyini qapdı və özünü Seyid Bikənin yanına verdi:

-Xala, mən yetimə yazığın gəlsin! Payımı bura ver! -deyə çörəyin içini araladı və Seyid Bikəyə göstərdi.

-Gözlə, hamıynan birlikdə yeyərsən!

-Yox xala, qaqaş məni Dadaş əminin dalınca göndərib. O, isə tərpənənə qədər axşam olar. Acından ürəyim gedir.

Seyid Bikə başını yelləyə-yelləyə kəfgirlə çörəyin içinə qovurmadan doldurdu. Volodya elə bil bunu gözləyirmiş kimi həyətdən çıxdı.

Əşrəf həyətə tək gəlməmişdi. Babəli, Sabir, bir də Cəlil onu müşayiət edirdilər.

-Hanı mənim şeytanım? Hanı mənim gül qızım? - deyə Əşrəf iki əlini açıb gur səsiylə Nərgizi haraylayırdı.

Atasının harayını eşidib Nərgiz yerindən götürüldü və atasının boynuna sarıdı.

-Necədir məktəb, mənim balam?

-Ay ta, pis deyil! Oxumaq olar... Nərgiz atasına məktəbdən şikayət etmədi.

Nərgizin məktəbə getməsilə əlaqədar bütün qohum-əqrəba tökülüb gəlmişdi. Hamı qızcığazı təbrik edir, ona hədiyyələr verirdilər.

Gecəyə qədər həyətdə şənlik hökm sürdü.

-Ay nə! Mən məktəbi qurtaranda da belə olacaq? - deyə Nərgiz yorğun-arğın nənəsinin çarpayısına girib onu qucaqladı.

-Bundan da yaxşı olacaq, mənim balam! - deyə Seyid Bikə onun alnından öpdü.

-Bircə məktəbi tez qurtaraydım!
***
ƏLİSƏTTAR
1948-ci ilin avqust ayının ortalarının küləkli günlərindən biri idi. Xəzrinin qaldırdığı tozanaq göz çıxarırdı. Küləkli havaya baxmayaraq vağzal adamla dolu idi.

Bakı-Akstafa qatarı perrona yenicə yan almışdı.

Volodya dayanmış qatarın orta hissəsində gözləri ilə Əşrəfi axtarırdı. Onu qarşılamaq Volodyanın adətinə çevrilmişdi. Bir yola gedəndə, bir də qayıdanda onunla evdən çıxar və onu evə gətirərdi.

Arxa vaqonların birindən Əşrəfin başı göründü. O, boylanıb kimi isə axtarırdı.

-Qardaş, salam! - deyə Volodya ona əl elədi.

-Privet Volod! Bir dəqiqə! Qoy nosilşik gəlsin, tərpənək! Əşrəf ona yaxınlaşan yükdaşıyandan vaqona çıxmasını xahiş etdi. İçəridəki zənbilləri arabasına yükləməsinə göstəriş verdi. Aşağı düşüb Volodiyaya yan aldı:

-De, görüm evdə nə var?

-Hər şey qaydasındadır. Ancaq deyəsən toy olacaq.

-Kimin toyu? - deyə Əşrəf təəccübləndi.

-Əlisəttar qız qaçırdıb.

-Kimi?

-Vallah bilmirəm, iki gündür sizə gəlib gedirlər, qız haradadır?



-Kim gəlib gedir?

-Qızın atası, qohum-əqrəbası.

Əşrəf fikrə daldı. Zənbilləri arabaya yığan nasilşiki tələsdirdi:

-A kişi, tez ol!

Sonra Volodyadan soruşdu:

-Maşını harda saxlamısan?

-Əvvəlki yerdə.

-Onda getdik!

***

Qapıdan içəri girən Əşrəf görən Nərgiz qaçaraq atəti üzrə onun boynundan sallandı.



-Ay na! Ata gəldi! - deyə hay-küy saldı. Nərgizin səsinə Seyid Bikə, Raziyə xatın da həyətə çıxdı.

Əşrəf anasının üzündən öpdü, Raziyə xatına isə əlindəki papkasını verdi:

-Bunu evə apar! - dedi.

Seyid Bikə aranın sakitləşdiyini görüb üzünü oğluna tutdu:

-Əlisəttar qız qaçırdıb, Basqaldadırlar. Məşədi Fazilə xəbər göndərmişəm, bu gün-sabah gələcək.

Dünən burada qızın atası hay-küy salırdı. Bizimkiləri bilirsən də. Kişiyə bir toy tutdular, qızı da yaddan çıxdı. Bala, belə olmaz! Axşam üstü gedərik qız evinə, barışığa. Cəlilə də xəbər göndərmişəm, gələcək.

-Ay na, kimlərdəndir bu qız?

-Vallah, heç soruşmaq belə ağlıma gəlməyib. Bir də bunun nə əhəmiyyəti? Təki balalarım xoşbəxt olsun!

Seyid Bikənin “balalarım” deməsini Əşrəf o saat tutdu. Anladı ki, anası bu nikahın tərəfdarıdır. Deməli, Əlisəttar qız haqqında anasına çox şey danışıb.

-Ay na, məgər sən özün demirdin ki, gərək qızın əsli olsun, nəsli olsun!

-Məgər indi demirəm? Bir də, bala, zadəgan dövrü keçdi. Hər yerindən xortlayan çoban indi xandır, bəydir...

-Gədalığı ki, qalır. "Eşşəyi nə qədər bəzəyirsən bəzə, eşşəkdir. Fərqi yoxdur hansı vəzifədədir!" - ana, sən demirdin? -Mənim balam, bu indiki həyat həqiqətidir. Başımıza gələn bəlaların kökü də bu eşşəklərin vəzifəyə gəlməsi və insanların taleyini onlara həvalə olmasındadır.

Seyid Bikə birdən susdu, dərin xəyala daldı. Anasının qoluna girən Əşrəf hiss elədi ki, qadın daha heç kimi eşitmir. O, öz dünyasına qatılıb, nəyi isə düşünür. Bilirdi ki, onu bu düşüncədən ayırmaq mümkün deyildir.

Anasını sakitləşdirib eyvana aparmışdı ki, həyətin qapısı döyüldü. Qapının ağzında bir neçə milisioner dayanmışdı.

-A bala, bu nə qoşun-ləşkərdir? - deyə Seyid Bikə Əşrəfi dala çəkdi və özünü qabağa verdi.

Dağlı balası milisioner Bığlı Əli Seyid Bikənin kim olduğunu bilirdi, yoldaşlarından ayrılıb irəli keçdi.

-Bikə xala, bu kişi şikayət yazıb ki, onun üstünə bu həyətdə tapança çəkiblər və az qalıb ki, öldürsünlər, qızını da qaçırdıblar. Odur ki, gəlmişik, axtarış aparaq. Naçalnik dedi ki, belə şey ola bilməz! Bu isə dediyindən dönmür. - deyə qızın atasını göstərdi

-İndi ki belədir, keçin içəri! - deyə Seyid Bikə onları dəvət etdi.

Milislər içəri keçib çarhovuzun yanında oturdular. Bığlı Əli üzünü şikayətçiyə tutdu:

-De görüm, bunlardan kim sənin üstünə tapança çıxarıb? Göstər!

Şikayətçi tutuldu.

-Bax, o evdən bir oğlan çıxdı, hamımızı qabağına qatdı. Tapança ilə. Mənə elə gəlir ki, bu onların evidir. - deyə Seyid Bikəgili göstərdi.

-Bizim evdə? A kişi, sənin başın xarab olub! - deyə Seyid Bikə onun üzünə çımxırdı.

-Deyirsən, tapança bu evdə ola bilər? -deyə Bığlı Əli şikayətçidən soruşdu.

Şikayətçi başıla -“Hə!”- dedi.

Bığlı Əli onun bu sözündən sonra nə edəcəyini bilmədi. Əşrəfin üzünə baxdı.

-Nə tapança, nə filan? - deyə Əşrəfi od götürdü. Üzünü şikayətçiyə tutdu:

-Gəlmisən, denən qızım bunların oğluna qoşulub qaçıb. "Hardadır?"- bilmirik. Yoxsa, tapança belə gəldi, tüfəng belə getdi. Allah üzünə baxıb mən dünən burda olmamışam. Ciyərini çıxardardım. Yığıb “Sovetskinin şpanalarını” üstümüzə gətirmisən.

Bilmirsən bura kimin həyətidir? Hələ o qoduqların başına gör, nə oyun açacağıq. Sən öl, gözünü çıxardaram! - deyə Əşrəf iki barmağını az qaldı ki, onun gözünə soxsun.

-Əşrəf, dayan! Bu olmadı ki! - deyə Bığlı Əli onu sakitləşdirdi.

-Görmürsən? Gəlib, hələ yalvarsın ki, onun qızına yiyə duraq. Yoxsa haranın qoduğudur ki, üstümüzə lotuları töküb, qoduğun biri, qoduq!

Bığlı Əli Əşrəfin xasiyyətinə bələd idi. Bir balaca da hövsələdən çıxsaydı, doğrudan da, bu həyətdə qana batacaqdılar.

-Qədeş, sakitləş! Atadır da, neyləsin, ürəyi yanır. Bir də onun minnəti olsun ki, sizinlə qohum olur! - deyə Bığlı Əli sakitlik yaratmağa çalışdı.

-Axşam istəyirdik, onlara gedək həya-abırla barışıq elan edək, toya hazırlaşaq, töküb itləri həyətimizə! - deyə Əşrəf həmişə açıq şəkildə milisin üzünə it deyirdi.

-Mən də bu itlərdənəm! - deyə həyətə daxil olan Cəlil uzaqdan haray verdi.

Stola yaxınlaşdı, hamıyla salamlaşdı.

-Bu nə hoqqabazlıqdır? - deyə Cəlil səsini ucaltdı. Milisoner Cəlil üzünü şikayətçiyə tutdu:

-A kişi, sən şir ürəyi yemisən? Bu ailəyə sən şər ata bilərsən?

-Mən...?, mən...?

-Məildəmə qurtardı! Get, evdə hazırlıq gör. Axşam sizə gəlirik, barışığa. Qızın qardaşım Əlisəttarla qaçıb Basqala. İstəyirsən, bura Voroşilovun soldatlarını tök, sənə qız verən deyilik. Cəfərlilər biqeyrətlik etməzlər.

Sonra milislərə müraciət etdi:

-Siz nə marıt-marıt baxırsız? Qurtardı!

Sanki Cəlilin göstərişini gözləyir kimi Bığlı Əli və onunla gəlmiş milislərlə həyəti tərk etdi. Tək qalmış qız atası nə edəcəyini bilmirdi.

Cəlil onun nə vəziyyətdə olduğunu anladığından, kişiyə yaxınlaşdı, əlini onun çiyninə qoydu:

-Narahat olma, hər şey yaxşı olacaq! Sən toya hazırlaş, sabah onların dalınca gedib, Basqaldan gətirəcəyəm.

Qız atası kor-peşman həyəti tərk etdi.

***

BASQAL
Volodya səhər sübhdən Əşrəfgilin evlərinin qabağında "Pobedasını" saxladı, siqnal verdi ki, gəlmişəm. Onun səsinə qapını açan Nərgiz maşınına tərəf qaçdı, keçib içində oturdu:

-Mən də, ana da, Basqala gedirik! - dedi.

-Səni aparmayacağam! Mənə heç salam da vermədin! Salam verməyənləri mən maşınıma qoymuram!

Nərgiz səhvini o saat başa düşdü, Volodyanın üzündən öpdü:

-Volodya əmi, məni bağışla! Tələsdikdən hər şey yaddan çıxır!

-İndi oldun ağıllı qız. Əvvəl salam verərlər, sonra maşına minərlər.

Qapıdan bayıra çıxan Əşrəf qızının Volodya ilə danışdığını gördü. Üzünü onlara tutdu:

-Yenə nəyi bölüşdürə bilmirsiz?

Nərgiz və Volodya sanki bu sözləri gözləyirdilər, gülüşməyə başladılar.

Oğlunun arxasınca Seyid Bikə əlində içi su ilə dolu camla küçəyə çıxdı.

-Bəs, Raziyə hanı? - deyə təəccüblə soruşdu.

-Nənə, indi gələr! Xonça hazırlayır.

Üstünə al qırmızı Basqal xarası atılmış böyük bir podnosla Raziyə xatın küçəyə çıxdı. Ağ kəlağayının altından onun belinə çatan dörd qat bağlanmış iki hörükləri görünürdü.

Dörd ildən artıq idi ki, Raziyə xatın bu evin gəlini idi, onun üzündən yağan uşaqlıq təravəti hələ də itməmişdi. 22 yaşı olmağına baxmayaraq 13-14 yaşlı qız uşağını xatırladırdı. Maşını əhatə edən qonum-qonşular tezliklə həyətdə toy olacaq xəbərini tutdular. Hamı sevinirdi. Belə hadisələrdə adətən bütün məhəllə iştirak edirdi. Bu gün isə başlanğıc idi.

-Haydı, min maşına - deyə Seyid Bikə gəlinə göstəriş verdi.

Maşını yerindən tərpənmişdi ki, Seyid Bikə camdakı suyu onların arxasınca atdı

-Sağ gedib, salamat gələsiz! - dedi.

Bu sözlərin məzmunu başa düşmək üçün Seyid Bikə taleyini yaşamaq lazımdır. O, nə qədər qohum-əqrəba itirmişdi. Sağ yola salmışdı, salamat görməmişdi. Ancaq bununla belə qanından gələn qürur sönməmiş, qamət əyilməmişdi.

Maşın Bakını tərk etdikdən sonra iki saata Şamaxıya çatdılar. "Pobedanın" pəncərəsindən ətrafı seyr edən Nərgiz şəhərin girəcəkdə iri hərflərə yazılmış "Şamaxı"sözünü oxudu. -Ay ta, nənənin kəndinə çatdıq! - deyə dilləndi.

-Ay qız, nənə bilsə ki, şəhərinə kənd demisən səndən inciyər! - deyə Raziyə qızının səhvini düzətdi

-Kəndə oxşayır da, burada nə var? Qoy Basqala çataq! Şəhər oradır. - deyə Volodya sözə qarışdı.

-Xalana bunu deyə bilərsən? – deyə Əşrəf üzünü Volodyaya tutdu.

-Qədeş, ona menya ubyot.

-Bəs onda, niyə Şamaxını kənd edirsiz?

-Qədeş, Vallah buranın yiyəsi yoxdur. Mama qovorit, çto sən Şamaxını zəlzələyə qədər görəydin. O boyda şəhər, doğrudan da, kəndə çevrilib.

Basqal isə həminki Basqaldır. Təmiz küçələri, gur bulaqları, ürək açan bağları. Hamının məşğul olması üçün karxanaları. Basqallılar arasında avara tapa bilməzsən.

-Nərgiz, nənənin yanında Şamaxını kənd adlandırma, bura nənənin vətənidir. Şamaxı tezliklə böyüyəcək, gözəlləşəcək! -deyə Əşrəf qızına öyüd-nəsihət verdi.

Kələ-kötür küçələrdən keçdikcə Nərgiz üz-gözünü turşudur, maşın yerində atıldıqca o da atılırdı.

-"Qurd təpəsində" saxla, gedək Seyid Əzim dayını görək. Yoxsa inciyəcək. - deyə Əşrəf Volodyaya göstəriş verdi. Seyid Əzim Seyid Bikənin əmisi oğlu idi. Bədirxan nəslinin bir qolu idi. Muğanlının girəcəyində bulağın başında Mir Cəfər Bağırovun tikdirdiyi restoranın müdiri idi.

Restoran indiyə qədər durur, çox mənzərəli yerdə tikilmişdir. Bulağının suyu isə həmişə buz kimidir. Bakıya gələn qonaqları partiya bosları bura gətirər, onlara qonaqlılar verərdilər.

Bu restoran Sekanın həmişə nəzarətində olan obyekt idi. Odur ki, yerli çinovliklər və başqaları onun həndəvərinə belə yaxın durmurdular.

Seyid Əzim buranın tam ağası idi. Onun yuxarılarla yaxınlığını hamı bilirdi və dar ayaqda ətəyindən yapışardılar. Bu insan yüzlərlə insanı bəladan qurtarmış, Şirvanda nəslinə layiqli ad qazanmışdı.

Nərgizin əlindən tutub ağ daşlardan hörülmüş hündür pilləkənlərlə aşağı, bulağa, enən Əşrəf ətrafa boylanıb, dayısını axtarırdı. Onların arxasınca Volodya ilə Raziyə də gəlirdi.

Nərgiz hündür ağacların budaqlarının kölgəsi altında itmiş bulağın şırıltısına qaçdı. Əlini gur axan suya tutdu və tez kənara çəkdi:

-Ay ta, əlim dondu. Qızın səsinə Seyid Əzim eyvanda göründü və aşağıya boylandı.

-Əzim dayı, salam! - deyə Əşrəf aşağıdan onu salamladı.

Seyid Əzim asta-asta pillələri düşməyə başladı:

-Əşrəf, mənim balam, sən hara bura hara? Maşallah! Bu qız kimdir?

-Dayı, qızımızdır.

-Sən haçan evlənmisən?

-Dayı, çoxdan.

-Bəs bizə niyə xəbər verməmisiz?

-Dayı, Tiflisdəydik.

-Bəs Məşədi, yenə də Orta Asyadadır?

-Hələlik ordadır.

-Əlisəttarın toyuna gəlib çıxar.

-O şeytan da evlənir?

-Qız qaçırdıb, Basqala dalınca gedirik. Düşdük su içək. -Neynəyək?

-Su içək.

-Deyəsən korlanmısız? Rəhmətlik əmim Mir Hüseynə atam deyəndə ki, bu basqallılara qız vermə, demə, doğrudan da, haqlı imiş. Bunlar bəylə oturmurlar ki, bığları yağa batar, seyidnən salamlaşmırlar ki, millət onları avam sayar.

A bala, dayının çörəyin kəsmədən hara tərpənirsən? Deməzlər ki, Seyid Əzimin çörəyini kəsməyib, getdilər. Köçünü sal aşağı, gör dayın sənə nə qonaqlıq verəcək.

Seyid Əzim keçdi "Pavilyona" göstəriş verməyə. Çarəsiz qalan Əşrəf isə üzünü Volodyaya tutdu və Azərbaycan atalar sözünü rus dilinə tərcümə etdi:

-В хорошем месте заночевали.

-Qədeş, xalamın qorxusundandır.

-Sən də söz danış, bu ocağa gələn gərək Seyid Əzimin çörəyini dadsın. Biz isə onun əqrəbasıyıq. Düz getsək, pis olar.

Tezliklə Seyid Əzim geri qayıtdı:

-Gəlin oturaq ağacların altında, həm sərindir, həm də buradan kənd görünür.

Dərənin dibindən başlayaraq aşağılara uzanan düzəndə kənd evləri nəzəri cəlb edirdi. Uzaqda, dağların döşündə "Ağsu aşırımı" görünürdü.

-Qayıdanbaş yenə də burada dayanarsız! Gəlinimizə xeyr-dua verim.

Stolun üstü bir anın içində mer-meyvə, göy-göyərti düzüldü. Təndir çörəyi, pendir, qatıq və s. qoyuldu.

-Kabab indi hazır olar! – Seyid Əzim qonaqlarına "Nuş olsun!- dedi.

Nərgiz yerində otura bilmirdi. Hər şey onu maraqlandırırdı. Uzaqdan boylanan dağlar, aşağıdan şırıltısı eşidilən bulaq...

-Ay ta, burada kəndçilər gəlib çörək yeyirlər? - deyə Nərgiz atasına müraciət etdi.

-Kəndli hara? Belə restoran hara?

-Bəs müəlliməmiz deyir ki, bizim dövlət fəhlə-kəndli dövlətidir, hamı bərabərdir .

-Dildə belədir, əməldə başqa. Odur ki, belə quruluşun axırı yoxdur.

-Ələşrəf, qızın başından böyük şeylər danışır. başımız az bəla çəkib? - deyə Seyid Əzim bu məzmunda söhbəti kəsmək istədi.

-Dayı, geriyə bax, gör kimləri qurban vermişik? Seyid Rzası elə bəsdir.

-Bala, elədir. Ancaq dövlətlə dövlətçilik etmək olmaz. Ondan istifadə edib irəli gedə bilərsən.

-Aşağı bax, dayı! "Kəndçi Qasımı" görürsən gecə- gündüz işləyir, əkir, biçir, hamısını dövlətə təhvil verir. Əvəzində heç nə - bir həsir, bir Məmməd Nəsir. Qorxusundan pavliona hərlənə də bilmir ki, raykom görər. Raykom isə hər gün burda kefdədir.

Seyid Rza belə dövlət qurmaq istəmirdi. İstədiyi başqa idi. Allah onun ruhunu şad eləsin! - deyə Əşrəf sübutlarla dayısının fikrini dəyişmək istədi.

-Səhərdən soruşmaq istəyirəm, gəlinimiz kimlərdəndir?

Bu sualı verən Seyid Əzim elə fikirləşirdi ki, Cəfərlilər qıraqdan qız almaz. Ancaq öz ocaqlarından qız götürərdilər. Sualın arxasında nə durduğunu başa düşən Əşrəf zarafatla dedi: -Həmşərilərdəndir.

-Bacı oğlu, Basqal hara, həmşəri hara?

-Dayı, Basqalı da həmşəriləşdiririk.

Əşrəfin cavabı yerinə düşdü. Çünki o dövrdə İran demokratları Azərbaycanın kənd və rayonlarına yerləşdirilirdi. -Bu da qaçqın qızıdır? -deyə Seyid Əziz bulaq başında əlini yuyan Raziyəni göstərdi

-Yox, dayı, Raziyənin atası çoxdan gəlmişlərdəndir. Xaçmazda çörək zavodunun direktorudur.

-Dadaş xanın? Onlar hara, siz hara? Ondan qız almaq olar? Adamı yiyər! - deyə Seyid Əzim təəccübləndi

-Biz almamışıq, qaçırtmışıq.

-Mən həmişə demişəm də, basqallılar igiddirlər. Qorxu-hürkü bilmirlər. Yoxsa bizmikilər?

Seyid Əzim sözünü yarımçıq qoydu. O bilirdi ki, Seyid Bikə əsli-nəcabəti olmayana qohum olmazdı.

Əmisi qızını bir şey düşündürə bilərdi: övladları köklü nəsillə qohum olsı.

Raziyə süfrənin arxasına keçib oturdu. Bayaqdan susub danışanları sakitcə dinləyirdi.

-Qızım, indi mənə məlum oldu ki, Cəfərlilər adət-ənənələrini niyə dəyişib? - deyə Seyid Əziz üzünü gəlinə tutdu. Dayının bu sualına Raziyə gülümsəsə də, heç nə başa düşmədi və soruşmadı.

-Mən sənin atanın dostuyam, qızım. Bilirsən, onunla burda nə qədər vurmuşuq? Dədən tez-tez buraya taxıl dalınca gəlir və hər dəfə mənim qonağımdır. Bilmirdim ki, bizə qohum olub.

-Dadaş kişi qaraqabağın biridir. O, bir adama söz deyər? Tem bolee qızını qaçırdıblar. - deyə Volodya zarafat elədi.

-Dünyanın işinə bax! Doğrudan da, gənclərin kəbini göylərdə kəsilir. Su axır, çuxurunu tapır. Bütün bunlar Allahın işidir. Ruhun şad olsun Mir Hüseyn ağa, övladların fərasətlidir. Qoyduğun yolla gedirlər.

***


"Qurd təpəsi"ni enən "Pobedanın" arxasından toz yağırdı. Buna baxmayaraq Nərgiz arxa pəncərədən boylanır dağların döşündə gördüklərini yadda saxlamaq istəyirdi.

Nikolay vaxtından çox-çox əvvəl tikilmiş bu aşırım rusların Qafqazda əsas gediş-gəliş yolları idi. Sonradan, sovet dövründə inşa edilmiş “Ağsu aşırımı” Şirvan torpağını dəmir yoluna yaxınlaşdırırdı. Odur ki, bu aşırımın yolları olduğu kimi qalmışdı. Yolun torpaq olmağına baxmayaraq təcrübəli sürücülər həmişə bu marşurutu seçirdilər.

Aşırımın aşağısında, dəyirman yeri deyilən yerdə, qədimlərdə körpü vardı. Dəcəl Ağsu çayı tez-tez məcrasından çıxdığından köhnəlmiş körpünü yuyub aparmışdı

Bu körpü olana qədər Basqal rayon mərkəzi idi. Çaya tez-tez su gəldiyindən o dövrin kommunistləri körpünü bərpa etmək əvəzinə rayon mərkəzini Basqaldan qat-qat balaca olan İsmayıllıya keçirtmişdilər. Bundan narazı olan basqallılara izah etmişdilər ki, İsmayıllı dəmir yoluna daha yaxındır.

İndiyə qədər köklü basqallılar İsmayıllını rayon mərkəzi hesab etmirlər və basqallılara "İsmayılıdansan?- deyəndə sanki onları təhqir edirlər. İsmayıllıların çoxunu gəlmə sayırlar. Dərin düşünəndə bu həqiqətdə də belədir.

Dəyirman yerində Volodya "Pobedanı" saxladı, aşağı endi. Maşından düşən Əşrəfə üzünü tutdu:

-Qədeş, buranı necə keçəcəyik? - deyə qarşısında axan gur çayı göstərdi.

-Volod, tələsmə, bir ağaç kəs, ver mənə. Sonra baxarıq.

Volodya maşının baqajnikini açdı həmişə özülə gəzdirdiyi balaca baltasını götürdü və meşəyə yollandı.

Atasının da maşından düşdüyünü görən Nərgiz ona qoşuldu.

İki dağın arasında olan bu dərənin sakitliyini çayının şırıltısı pozurdu. Bununla belə meşədən bir-birinə səs verən quşların nəğmələri eşidilirdi. Nərgizə elə gəlirdi ki, onlardan başqa burda heç kim yoxdur və onlar ilk adamlardır ki, bura ayaq basırlar.

Volodya meşədən uzun çomağa bənzəyən ağacla çıxdı və əlindəkini Əşrəfə verdi. Raziyyə və Nərgiz keçib maşında oturdular.

Əşrəf ayaqqabısını çıxartdı, balaqlarını qatladı və əlində çomaq çaya girdi. O, çomaqla atdım-atdım irəliləyərək "Pobedanın" o biri sahilə keçməsi üçün yol axtarırdı.

Su bütün mövqelərdə Əşrəfin dizindən yuxarı çıxmadı. O biri sahildən Volodyaya əl elədi ki, hərəkətə keçsin.

"Pobedanı" gur suya salan Volodya daxilən təşviş keçirtsə də, Əşrəfin rahatlıqla keçməsi onu özünü ələ almağa vadar edirdi. Maşın suyu rahatlıqla keçdi.

Əşrəf qapını açıb yerinə əyləşdi:

-Ya Allah! Buradan Basqala qədər beş-altı kilometr ola, ya olmaya. Ancaq ehtiyatlı ol, yol çox qorxuludur. - deyə Volodyaya göstəriş verdi

-Çaydan da qorxulu? - deyə Volodya soruşdu

-İndi özün görərsən.

Volodya güclə birinci sürətlə dağa dırmaşan maşının mühərrikinin uğultusundan hiss etdi ki, bu yol onun indiyə qədər gördüyü yollardan deyil.

Çar hökumətinin yüz il bundan qabaq çəkdirdiyi yola bir maşın güclə yerləşirdi. O dövrdə araba-fayton yolu idi. Buradan "Pobedaların" keçəcəyi nəzərə alınmamışdı.

Maşının yan pəncərələrindən yolun üstünü örtmüş ağacların budaqları içəri soxulur, pəncərədən boylanmaq istəyən Nərgizin az qalırdı ki, üz-gözünü cızsın.

-Ay qız, bağla pəncərəni! - deyə Raziyə Nərgizin üstünə çımxırdı.

-Ay na, axı istidir!

-Bir az səbirli ol! Elə bağla ki, budaqlar sənə dəyməsin. Dağı çıxaq, açarsan.

Sıldırım qayaların ətəyi ilə irəliləyən maşın dağın başına çatan kimi qarşısına meşəliyin içiylə qaçan düz yol çıxdı. Yolu əhatə edən çoxillik ağaclar sərinlik gətirirdi.

-Görəsən, Basqaldan gözəl yer var? - deyə Nərgiz atasından soruşdu.

-Fikirləşəndə, yox! Bura, qızım, qeyri-adi yerdir. Burada həmişə qeyri-adi adamlar yaşayıb. Qeyri-adi şeylər yaradıblar. Tariximizin bir çox səhifələri bu şəhərcikdə yazılıb. Əfsuslar olsun ki, bu diyar hələ tamlığı ilə öyrənilməyib.

Birdən meşə geriyə çəkildi. İndi maşın bağ-bağatın içi ilə irəliləyirdi.

Şamaxıdan fərqli olaraq Basqalın yolları çox səliqəli və rahat idi. Yol boyu döşənmiş çay daşları üzərində hərəkət edən maşın atılıb tutulmur, döngələri rahatlıqla keçirdi.

Basqal dağların əhatəsində, bağların içərisində salınmış Azərbaycanın qədim şəhərciklərindən biridir. Tarixi və mədəniyyəti olduqca qədimdir. haqqında çox şey danışmaq olar.

Basqallıların mərdliyi, kişiliyi, qorxmazlığı, qüruru haqında çoxlu sənədlər var. Ömrü boyu heç bir hökumətə baş əyməyən basqallılar zəhmətkeş və işgüzardırlar və həmişə rahat və firavan həyat sürüblər.

Maşın “İsa” bulağının yanında dayandı. Maşındakılar aşağı düşüb bulağa tərəf addımladılar.

"İsa bulağı" maraqlı yerdir. Qəsəbənin ayağında yerləşir. Bütün gələnlər özündən asılı olmayaraq burda su içirlər.

Əşrəf bulağın ətrafında oturmuş cavanların onlara baxdığını hiss etdi.

O, bilirdi ki, bulaqdan su içənə qədər, onları əhatə edənlər bircə anın içində kimin gəldiyi xəbərini bütün Basqala çatdırırlar.

Bu basqallıların sovet dövründə əldə etdikləri vərdiş idi. Azərbaycanda Şura hökumətinin qurulmağına baxmayaraq, Basqalda heç vaxt hökumət olmayıb.

Basqallı psixologiyası sənətkarlığa, ipəkçiliyə və kəlağayı dəzgahına, bir sözlə fərdi istehsala bağlı idi.

Basqallı gün ərzində on-onbeş kəlağayı toxuduqdan sonra, ailəsini firavan dolandırırdı, sosializm, kommunizm sözləri onların həyat məntiqlərinə sığışmayan bir anlayış idi. Onların sənətkarlıq psixologisl dəyişməz qalmışdı. Bir şeyi bilirlər, yaratdıqları təsərrüfat əlaqələrini qorumaq.

Əşrəf üzünü Raziyəyə tutdu:

-Mənə elə gəlir ki, onlar ata mülkümüzə düşərlər. Bir balaca gözləyin indi gəlirəm.

Əşrəf bulaqdan bir az aralanmışdı ki, uzaqdan bir ağsaqqalın onlara əl etdiyini gördü. O, Əşrəfin kiçik əmisi Əbülfəz kişi idi.

-Əmi, salam! - deyə Əşrəf ona yaxınlaşdı.

-Qardaş oğlu, sənsən? Vallah, tanımadım! - deyə nurani baxışlarıla onu süzdü.

-Əlisəttar bizdədir! Uzaqdan gördüm. Başa düşdüm ki, sizsiz. Yolunu gözləyirlər. Gedim, deyim ki, gəlmisiniz. Siz isə maşını bizə sürün!

Ondan uzaqlaşan əmisinin arxasınca baxan Əşrəfin ağlına gələn ilk fikir bu oldu ki, "Gör neçə ildir, Basqala gələ bilmirəm".

Bir neçə dəqiqədən sonra bulağın başına Əlisəttar özü gəlib çıxdı. Raziyəni bağrına basdı, Nərgizin üzündən öpdü, qardaşı və Voloya ilə görüşdü.

Əlisəttarın dalınca gələn Əbülfəzin böyük oğlu Ələmdar elə Nərgiz yaşında olardı. Uşağın gözləri əmi oğlanlarına baxıb gülürdü.

-Bu oğlan kimdir? - deyə Raziyyə Əlisəttardan soruşdu. -Əbülfəz əminin oğludur.

-Maşallah, nə qəşəng oğlandır! - deyə Raziyə onun üzündən öpdü.

-Siz maşına minin, mən Əlisəttarla gəzə-gəzə gəlirik-deyə Əşrəf bulaq başındakılara göstəriş verdi.

Qardaşları arasında Əlisəttarı Əşrəf hamıdan çox istəyirdi.

Allah Əlisəttara iti ağıl, dərin düşüncə, igid ürək bəxş etmişdi. Onun iri gözlərinin bir baxışıla qarşısında duranı lərzə salırdı.

Əşrəf qardaşının başıbəlalı olacağından qorxurdu, çalışırdı ki, onu qorusun.

Əlisəttar qeyri-adi bir təfəkkürə və yaddaşa malik insan idi. Qafqazın çox dillərini bilirdi, təmiz rusca, farsca danışardı. Kitab həvəskarı idi. Kitabların çoxunu orjinaldan oxuyurdu.

-Üstümüzə gəlmişdilər. Qızın atası, çox atılıb-düşdü. Heç xoşuma gəlmədi. Demaqoqa oxşayır. Naxçıvanlı deyil ki?- deyə Əşrəf soruşdu.

-Şamaxılıdır. Pis kişi deyil.

-Nəsə, özünü demaqoq kimi aparırdı.

-Aparsın da, mən etdiyimi etmişəm. İndi sən nə desən onu edəcəyəm.

-Nə deyə bilərəm? Sənin ürəyincədirsə, bizim də ürəyimizdəndir. Götürüb apararıq, Bakıya toyunuzu etməyə. Qapının ağzında Əbülfəz kişi qardaşı balalarının gəlməsini gözləyirdi.

-A, bala harada qaldınız?! Bütün qohum-əqrəba bizə axışır, siz isə gəzməyə vaxt tapdınız.

Bağın ortasında, armud ağacının altında, qoyulmuş böyük bir stolun arxasında Basqallın ağsaqqalları oturduğunu gördülər. Məşədi Fazil də onların arasında idi.

-Dədə burdadır? - deyə Əşrəf üzünü qardaşına tutdu.

-Gecəynən gəlib.

-O, Səmərqənddən nə tez gəldi?

-Tiflisdəymiş. Təyyarələ ora uçub. Eşidib gəlib. Səməd ağa da, Barat xala da burdadırlar.

Onlar ağsaqqalların yığışdığı bağın ortasına tərəf addımladılar.

Basqalda baş verən bütün hadisələrdə ağsaqqallar bir yerə yığışır, müzakirə edir, çıxış yolu axtarır və öz məsləhətlərini verirdilər. Bir basqallı tapılmazdı ki, onların sözündən çıxsın. Basqallılar böyük-kiçik bilən, böyüyünü tanıyanlardır.

Əşrəf qardaşı ilə onlara yanaşdı, salam verib kənara çəkildilər. Onların hələ bu stolun arxasına keçmələrinə hüquqları çatmırdı. Maraqlısı budur ki, bura seçilmənin hansı prinsiplər əsasında aparıldığı heç kimə məlum deyildi. Ancaq hamı bilirdi ki, ağsaqqal olmaq üçün saqqalın ağarması əsas deyildir, gərək hörmət qazanasan.

Səməd ağa üzünü Məşədi Fazilə tutdu:

-Məşədi, Əşrəfin toyunu Tiflisdə elədin! Müharibə idi, gediş-geliş çətin idi. İndi zaman dəyişib. Hər imkanlarımız var. Əlisəttarın toyunu Basqalda etməlisən!

Səməd ağanın boş-boşuna danışmadığını anlayan Məşədi Fazil, yerlilərinə qarşı Cəfərlilərin etinasızlıq etmədiklərini göstərmək üçün ayağa qalxdı və süfrənin ətrafında oturanlara müraciət etdi:

-Mən nə deyirəm, həftənin axırında, elə bu həyətdə sizi toya dəvət edirəm. Razılaşdıq?

Hamının adından danışan Səməd ağa üzünü ağsaqqallara tutdu:

-Nə fikidəsiniz? Razılaşaq?

-Razılaşaq! Razılaşaq!

Bir-birinin ardınca fikirlərini bir sözlərlə ifadə edən ağsaqqallar ayağa qalxdılar və Məşədi Fazili təbrik etdilər.

Səməd ağa ilə onları yola saldıqdan sonra yenidən süfrənin arxasına keçdilər.

-Bacanaq, gəl bir dərsini verim! - deyə Səməd ağa qarşısındakı nərdtaxtanı açdı.

-Oynamağı öyrənmisən? - deyə Məşədi Fazil zərlərə baxdı

-Nədən oynayırıq?

-Gəlağayıdan.

-Neçəsindən.

-Yüz dənə. Bir tas.

-Mən razı!

Basqallıların qumar oynamaq qanında idi. Düzdür gənclər arasında ağsaqqallar heç vaxt oynamazdılar və gəncləri bundan yayındırardılar.

Səməd ağa ilə Məşədi Fazilin oynamaları isə onların gəncliyindən gəlirdi.

Bir-birini udsalar da və yaxud bir-birinə uduzsalar da onlar heç vaxt udduqlarını götürməz, sadəcə olaraq, uduzduqlarını b’hanə edib uzun müddət bir-biri ilə zarafatlaşardılar.

Oyunun ortasında Məşədi Fazil Səməd ağanın əlini saxladı:

-Səməd, bir dayan! Seyid Bikənin arxasınca getmək, bir də Bakıdan şey-şüy alıb gətirmək lazımdır.

Sonra kənarda dayanan Əşrəfi əli ilə yanına çağırdı:

-Qayıt Bakıya! Ananı və Nataşa xalanı gətir! Bir də iki-üç kisə yaxşı düyü, beş-altı yeşik içki, qalanları burda var. Çörək yeməmiş getməyin.


***

Bakı, küləkli Bakı! Sənin küləkli günlərin olmasaydı şəhər istidən qırılardı. Yayın istisini qovan, dənizdən təmiz hava gətirən, xəzri əsirdi. Xəzri belə əsəndə bakılılar deyirlər ki, yenə də dənizdə kimsə batıb. Bu inam bütün bakılılarda var.

Külək Xırdalandan Bakıya irəliləyən "Pobedanın" sükanını Volodyanın əlindən alırdı:

-Qədeş, mən belə şey görməmişəm.

-Volod, bu harasıdır. Ötən həftə qatarı yerindən oynadırdı.

-Adam da Basqalı qoyub bura gələr. Ora cənnətdir.

-Eybi yoxdur, sabah qayıdırıq!

-Xalanı yerindən tərpətmək asan olmayacaq. Hələ mamamı demirəm.

-Ürəyini sıxma, toydur. Tərpənəcəklər.

***


Axşam evdəkilər və həyətdəkilər hamısı çarhovuzun yanındakı stolun arxasında oturub təzə gəlinin gəlməsini gözləyirdilər ki, Əşrəf həyətə girdi.

-A bala, uşaqlar hanı? - deyə Seyid Bikə ayağa qalxdı.

-Məmə, hər şey qaydasındadır. Ağsaqqallar dedilər ki, toyu Basqalda etmək lazımdır.

-Bəs burdakılar?

-Gəlib burada da edəcəyik. Odur ki, hazırlaşın, səhər sübhdən çıxırıq. Nataşa xalanı da aparacağam.

-Onda nə oturmusan get, onun dalınca.

-Ay arvad, qoy bir stəkan çay içək! Volodya da mənimlədir. İndi qayıdar. Gedib, gətirər.

-Tez edin! Bilir ki, Əlisəttar qız qaçırdıb. Nigarandır.

Həyətə Volodya daxil oldu.

-Ay yetim, səni öldürəcəyəm. Arvadı niyə qorxutmusan? Bizə kim dəyə bilər? - deyə Seyid Bikə düşdü Volodyanın üstünə.

-Bikə xala, Vallah, mama özü nigarandır. Bilirsən də xasiyyətini.

-Di, dayanma, get mamanı gətir. Siz gələnə qədər mən stolu hazırlayaram.

Belini tutan Seyid Bikə birinci dəfə idi ki, narahatçılıq keçirtdi. Raziyə ilə Nərgizin yeri göründü. O, birinci dəfə idi ki, deyindi:

-Mən hara, süfrə açdı hara? Allah, evini yıxsın Şura hökumətinin! Harada qaldı o günlər?

***

Nataşanın üzü gülürdü. Seyid Bikən stolun üstünə samovarı özü qoydu.



-Как, в лучшие времена! Bacişka - deyə rəfiqəsi onu işdən ayırdı.

-Милая моя! Добро пожаловать! Дай я тебя поцелую! - deyə Seyid Bikə Nataşaya tərəf atdımladı.

Rəfiqələr öpüşdülər.

-Kak быстро летит время! Вчерашние мальчики женятся.

Nataşa başıyla təsdiqlədi. Bu rus aristokrat qızının hündür boyu, xanımyana baxışı həmişə həyətdəkiləri heyran edirdi.

Nataşanı burada hamı yaxşı tanıyırdı. Həyət qızları ilə o təmiz azərbaycanca danışardı. Ancaq Seyid Bikə ilə rusca.

Nataşa həyətə girən kimi Seyid Bikə dilini dəyişirdi. Bu onda daxildən gəlirdi. O, istəmirdi ki, uşaqlıq rəfiqəsi öz dilində danışmasın. Bunu hörmətsizlik hesab edirdi. Tiflisdə də Seyid Bikə gürcülərlə gürcücə danışardı.

Baxmayaraq ki, Orta çalada yaşayan gürcülərin hamısı Azərbaycan dilini bilirdi və yaxud başa düşürdü, o, heç vaxt onlarla azərbaycanca danışmazdı.

Azərbaycan dili o vaxtlar Tiflisin əsas dillərindən biri idi. Azərbaycan musiqisi isə məclislərinin yaraşığı.

-Наташка, мы должны завтра отправиться в Басгал .

-Это зачем?

-Твой братишка решил сыграть там свадьбу. Традиция требует.

-Какая традиция?

-В Басгале принято, что басйалец должен свадьбу сыграть в Басгале

-Неужели ничего там не изменилось, Я помню и твоя свадьбу там сыграли, а потом в Баку.

-Сама увидишь! Готовься завтра едем туда.

-Я не против.

-Tak и думала. Пройди, пока переоденься! - deyə Seyid Bikə onu evə apardı.

Seyid Bikə Nataşanı həmişə qırağa çəkməsinə baxmayaraq həyətin qadınları bilirdilər ki, onlara da növbə çatacaq.

Hər gəlişində Nataşa onlara nə isə öyrədirdi. Onun əli qızıl idi. Sayəsində həyətin qadınları elə xörəklər, içkilər, kompotlar, kokteyllər, dondurmalar hazırlayırdılar ki, belə şeyləri ancaq İnturistdə görmək olardı.

Geyimini dəyişib həyətə düşəndə qızlar o saat başa düşürdülər ki, Nataşa nə isə təzə bir şey öyrədəcək.

-Qızlar, deyəsən işləmək istəyirsiniz? - deyə Nataşa üzünü həyətdəkilərə tutdu

-Tet Nataşa, nə bişirəcəyik? - deyə həyətin gəlini Xanmana soruşdu.

-Sabaha, gəlin, pirojna və bir neçə tort bişirək. Basqala da aparaq.

-Ay ana, acından öldük. Qoy, bir çörəyimizi yiyək - deyə Volodya donquldandı

-Acları doydurmaq Seyid Bikənin işidir. Mömün qızıdır. Özünü ver xalanın yanına. Biz aristokratıq, aristokrat yeməyi yeyəcəyik.

-Bikə xala, görürsən, acından öldük axı! - deyə balkonda görünən xalasına müraciət etdi.

-Qalx eyvana, indi Əşrəf də gələr.

Bir az keçdi. Volodya eyvanda oturub çay içirdi. Əşrəf içəri girdi.

-Volodya, gəl arvadlara məne olmayaq, gedək İçəri şəhərə, Məmmədəlinin kabaxanasına. Həm Əlağa dayını tapaq, həm də çörək yeyək. Sonra isə girək Abasın dükanına dədə nə tapşırıb alıb ataq maşına. Bir də bir "alabaş" tapaq ki, buradan gedənləri Basqala aparsın.


****
Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin