32. Bayramların növləri və məzmunu.
Uşaq bağçalarında keçirilən bayram tədbirlərini məzmununa görə üç qrupa bölmək olar. 1. İctimai-siyasi bayramlar;
2. Məişət bayramları;
3. Mövsümü bayramlar.
İctimai-siyasi bayramlar. Dövlət tərəfindən təntənəli səviyyədə həyata keçirilən şənliklərdir. Belə bayramlara 8 Mart Beynəlxalq qadınlar günü, 9 May Respublika günü, 18 Oktyabr Dövlət Müstəqilliyi günü, 31 Dekabr Dünya azərbaycanlıların həmrəyliyi günü, 1 İyun Beynəlxalq uşaqlar günü aiddir. Bütün bu bayram şənliklərini qeyd etməklə uşaqlar bu tarixi hadisələrin mahiyyəti ilə yaxından tanış və onların məzmununa aid şerlər, mahnılar öyrənir, şən rəqslər, əyləncəli proqramlar hazırlayırlar.
İctimai-siyasi bayram şənlikləri ilə yanaşı uşaq bağçalarında siyasi xarakterli tədbirlərin, tarixi hadisələrin xüsusi qeyd olunması yüksək əhəmiyyət kəsb edir.
Məsələn, 31 Mart milli soyqırımı günü, 20 Yanvar faciəsi və Xocalı soyqırımı günlərinin qeyd olunması tariximizin qanlı səhifələri haqqında uşaqlara yaşlarına müvafiq məlumatlar verir, onları düşmənə nifrət hissi aşılayır. Uşaqlarda Xocalı soyqırımı haqqında geniş anlayış yaratmaq məqsədi ilə bu barədə onlara ətraflı
məlumat vermək lazımdır. Şəhidlərin xatirəsinə əziz tutmaqla uşaqları mərdlik, mübarizlik, qəhramanlıq ruhunda tərbiyə etmək zəruridir. Çünki indi müstəqil Azərbaycan Respublikasının həyati gerçəkliyi uşaqlarda yüksək mənəvi dəyərlərin, o cümlədən, birlik, həmrəylik, qeyrətlilik, Vətənə, xalqa və doğma torpağa bağlılıq, Milli Orduya məhəbbət, düşmənə nifrət və s. keyfiyyətlərin daha yüksək səviyyədə tərbiyə olunmasını tələb edir. Bir də ölməz şairimiz S.Vuröun demişkən, “Bədii söz uşaq qəlbini bahar kimi şəfəqləndirməyi bacardığı kimi, onu zülmətlərdən, tufanlardan, fırtınalardan keçirməyə, mübarizəyə, inkişaf və tərəqqiyə hazırlamalıdır. Uşaqlarımız sevinməklə yanaşı, pərişan olmağa, gülməklə bərabər ağlamağa, mütəssir olmağa da alışmalıdır”. Xüsusən xalqımızın milli istiqlaliyyət uğrunda apardığı mübarizə erməni faşizminin alçaq cinayətkarlığı məktəbəqədər dövrdən uşaqlara aydın başa salınmalıdır. Milli qəhrəmanlara, şəhid oğul və qızlarımızın döyüş şücaətlərinə, Dağlıq Qarabağa, Xocalı qırğınına, xəyanətkarlığın qurbanı olmuş Şuşaya, Qartal yuvası Laçına dair yazılmış əsərlərdən uşaq bağçalarında keçirilən tədbirlərdə yerli-yerində istifadə edilməlidir. Uşaq bağçalarında çalışan tərbiyəçilər tarixi tədbirlər hazırlayan zaman, bədii əsərlərdən istifadə edərkən, Səməd Vurğunun vaxtilə dediyi kimi “xalqımızın varlığını sadəcə ardıcıl bir şəkildə keçmək deyil, onun mənəvi həyatını böyük vüqar və iftixar hissi ilə tərənnüm etməlidir. Bu, o deməkdir ki, orta, yaxud ali təhsilli bir gənc (məktəbəqədər yaşlı uşaq) Vaqifin böyük bir şair olmasını, Cavanşirin böyük bir qəhrəman olmasını öyrəndiyi zaman, onların azərbaycanlı olmaları, Azərbaycan torpağında yaranmaları ilə fəxr etməlidir.
Məişət bayramları. İctimai-siyasi bayramlardan fərqli olaraq birinci növbədə hər ailədə milli ənənə kimi yüksək səviyyədə qeyd edirlər. Belə bayramlara “Novruz” bayramı, “Qurban” bayramı, “Ramazan” bayramı və s. aiddir. Bu bayramların hər birinin özünəməxsus qeydetmə xüsusiyyətləri var. Uşaq bağçalarında qeyd olunan hər bir bayram şənliyinin məqsədi birinci növbədə uşaqlarda sevinc, fərəh, iftixar və s. nikbin hissləri formalaşdırmaq və bu bayramlar haqqında onlarda müvafiq bilik, anlayış yaratmaqla milli adət ənənələri yaşatmaq ruhunda tərbiyə etməkdir. Bu məqsədlə uşaq bağçalarında qeyd olunan hər bir bayram şənliyi məzmun etibarilə maraqlı və dolğun olmalıdır.
Məktəbəqədər yaşlı uşaqlara yüksək sevinc və fərəh gətirən bayramlardan biri “Yeni il” bayramıdır. Uşaqlar al-əlvan oyuncaqlarla bəzədilmiş yolkanı və Şaxta babanı çox sevirlər. Yolka ağacı ətrafında dövrə vurub oynamağı və mahnı oxumağı uşaqlar çox xoşlayırlar. Bu məqsədlə uşaqlara tapşırılan hər bir mahnını, şeiri onlar böyük həvəslə öyrənməyə çalışırlar. Ona görə də tərbiyəçi uşaqların bu istəyindən səmərəli istifadə edərək, onlara çoxlu mahnı və şerlər öyrətməlidir.
“Yeni il” bayramına hazırlıq ərəfəsində uşaqlara M.Seyidzadənin “Yolkamız”, “Qış baba”, Ə.Cəmilin “Şaxta baba xoş gəlib”, T.Mütəllibovun “Şən yolka”, “Qış”, Ə.Ə.Əlibəylinin “Şaxta baba”, M.Dilbazinin “Yolka bayramı”, “Təzə il nəğməsi”, “Qış”, Zeynal Xəlilin “Yeni il” şerlərini öyrətmək çox faydalıdır. Şer və mahnıları öyrənmək, onları oxumaq uşaqların nitqini, vokal qabiliyyətini, estetik zövqünü, mədəni davranışını, bədii fəaliyyətini, həssaslığını və s. əqli keyfiyyətlərini inkişaf etdirir.
Milli məişətimizdə ən geniş qeyd olunan bayram “Novruz” bayramıdır. “Novruz” bayramı çox qədim tarixə malikdir, çünki bu bayramı bizim ulularımız öz adət ənənələri üzrə çox təntənə ilə qeyd etmişlər.
Deyilənlərə görə “Novruz” ayı “boz ay” adlanır. Boz ayın da dörd çərşənbəsi var. Bu çərşənbələrin adından məlum olduğu kimi hər birinin özünəməxsus
xüsusiyyətləri var. Su çərşənbəsi suyun insan həyatında olan yüksək faydası ilə bağlıdır. Məhz ona görə də deyirlər su aydınlıqdır. Qədim zamanlarda adamlar su çərşənbəsi günü səhər tezdən, gün çıxmamış durub axar suyun üstünə gedər əl-üzlərini yuyar, bir-birinin üstünə su atmışlar. El arasında bu adət indi də qalır. Adamın arxasınca su atmaqla uğurlu yol arzulayırlar.
Od çərşənbəsi də odla bağlıdır. Ulularımız odu günəşin bir parçası kimi müqəddəsqəbul etmişlər. Bu səbəbdən od çərşənbəsi daha təm-təraqlı qeyd olunur. Od çərşənbəsi axşamı hər həyətdə, küçədə, məhəllədə uşaqlar irili-xırdalı tonqallar qalayırlar. Uşaqlar, cavanlar xırda tonqalların üstündə tullanıb “Ağırlığm, uğurluğum tonqalda yansın” el deyimlərini söyləyirlər. Böyük tonqalların ətrafında isə uşaqlar dövrə vurub oynayır, oxuyur, şənlənirlər. Od çərşənbəsi axşamı hər kəs öz evində dadlı yeməklər bişirir, süfrədə şam yandırırlar. Deyilənə görə od çərşənbəsi axşamı adamlar daha da mehriban olurlar. “Novruz bayramında” şəkərbura, paxlava, şorqoğal, şəkər çörək, halva və s. şirniyyatlar hazırlayır, səməni cücərdirlər. “Novruz” axşamı adamlar yumurtanı qırmızıya boyayır, “Novruz xonçası” tuturlar. “Novruzbayramı” günü adamlar tez durur, səliqəli geyinir, bir-birini təbrik edir, bir-birini bayram sovqatına qonaq edirlər. Ən yaxşı “Novruz xonçası” nişanlı qızlar üçün aparılır.
Bayram günlərində hamı deyib gülür, küsülülər barışır, mahnı oxunur, məzəli “Kosa- kosa”, “Qodu-qodu” oyunları göstərilir.
Qabaqcıl uşaq bağçalarında “Novruz” bayramını daha maraqlı keçirirlər. Bayrama iki həftə qalmış, yəni su çərşənbəsi günündən başlayaraq bayrama xüsusi hazırlıq işləri görürlər. Uşaqlara bayram haqqında maraqlı söhbətlər edir, mahnılar oxuyur, şerlər öyrədir, ssenari əsasında müxtəlif bayram tamaşaları hazırlayırlar. Tamaşa zamanı mahnı oxuya-oxuya “Səməni xonçası”, “Sünbül xonçası”gəzdirir, “Kosa-kosa”, “Qodu- qodu” oyunlarını göstərir, Bahar qız haqqında şerlər oxuyur, şən rəqslər edirlər. A.Səhhətin “Yaz günləri”, “Əziz qonaqlar”, A.Şaiqin “Kəpənək”, “Bənövşə”, M.Ə.Sabirin “Yaz günləri”, S.Vurğunun “Bahar nəğməsi”, Z.Cabbarzadənin “Bahar gəlir”, X.Əlibəylinin “Qızılgül” və başqa şairlərin şerləri uşaqların dilinin əzbəri olur.
Mövsümi bayramlar şənliklər ilin fəsilləri ilə bağlıdır. Misal üçün, baharın gəlişi, yay istirahət düşərgəsinin açılması, qışın gəlişi ilə bağlı keçirilən şənliklər uşaqlar üçün faydalıdır.
Uşaq bağçalarında keçirilən hər bir tədbir, hər bir bayram şənliyi uşaqları təbiətlə, adət ənənələrimizlə, tariximizlə yaxından tanış edir, onların dünyagörüşlərini formalaşdırır. Yüksək milli-mənəvi dəyərlərlə tərbiyə olunmasına güclü təsir göstərir.
Yüksək tərbiyəvi əhəmiyyət kəsb edən bayram şənliklərinə məqsədyönlü hazırlaşmaqda və səmərəli həyata keçirilməsində mühüm pedaqoji şərtlərə düzgün əməl olunması çox vacibdir:
1. Bayram şənliklərinin məzmunu ideyalılıq baxımından və bədii cəhətdən təsirliliyi düzgün müəyyən olunmalıdır.
2. Bayram şənlikləri uşaqlarda marağın artmasına və şüurlu fəaliyyəti inkişafına xidmət etməlidir.
3. Bayram şənlikləri incəsənətin müxtəlif sahələri üzrə uşaqlarda müvafiq blik, bacarıq və vərdişlərinin formalaşmasına xidmət etməlidir.
4. Bayram şənlikləri uşaqlarda milli-mənəvi dəyərlərin formalaşmasına zəmin yaratmalıdır.
5. Bayram şənliklərinin məzmun və məqsədi uşaqların anlaq səviyyəsinə uyğun və tam aydın olmalıdır.
Uşaq bağçalarında bayramlardan başqa əyləncələr də keçirilir. Əyləncələr də bayramlar kimi uşaqların həyatında yadda qalan hadisədir. Əyləncələrin əsas məqsədi uşaqlara sevinc, şadlıq gətirməkdir. Eyni zamanda uşağın təəssüratlarını zənginləşdirir və böyük tərbiyə-təlim əhəmiyyətinə malikdir. Əyləncələrin ən geniş yayılmış formalarından biri kukla teatrıdır. Kukla teatrı öz məzmun və maraqlılığı etibarı ilə uşaqları özünə cəlb edir. Onların əqli tərbiyəsində mühüm yer tutur. Məktəbəqədər yaş dövrün sonunda uşaqların zövqü, marağı daha da formalaşmağa başlayır və həyati hadisələrə müəyyən münasibətlər yaranmağa başlayır. Onlar çox emosional olurlar. Teatrdakı bədii surətlər onların diqqətini özünə cəlb edir.
Dostları ilə paylaş: |