30. Fəaliyyət və davranışın stimullaşdırılması və qiymətləndirilməsi metodları (rəğbətləndirmə və cəzalandırma).
Bu metodlar qrupu insanın hissi aləminə təsir göstərməklə onu yaxşı hərəkətləri möhkəmlətməyə, pis hərəkətlərdən çəkindirməyə xidmət edir. Belə ki, yaxşı hərəkətinə görə təriflənən uşaq bundan məmnunluq hissi keçirir və bir daha müsbət hərəkətlər etməyə çalışır. Eləcə də pis hərəkətinə görə cəza alan uşaq iztirab hissi keçirir və bir daha belə hərəkətlərə yol verməməyə çalışır. Beləliklə, rəğbətləndirmə və cəza insanın davranışını stimullaşdırmağa kömək göstərir: onu yaxşı hərəkətlərə sövq edir, pis hərəkətlərdən çəkindirir. Buna görə də bəzi pedaqoji mənbələrdə bu metodlar qrupu rəğbətləndirmə və cəza metodları adlanır. Bu qrupa habelə yarış metodu da daxildir.
Yarış metodu insanın fəallığını, təşəbbüskarlığını stimullaşdıran, geridə qalanların qabaqcıllar sırasına çıxmaları üçün səylərini gücləndirməyə kömək edən təsirli vasitədir. Bu metodun sosial-psixoloji əsası ondan ibarətdir ki, hər bir insan, o cümlədən uşaq, yeniyetmə və gənc sağlam rəqabətə, başqalarından fərqlənməyə, özünütəsdiqə meylli olur. Yarış metodu bu meyli təmin etməyə xidmət göstərir.
Yarış müxtəlif sahələr üzrə təşkil edilə bilər: təlimə məsuliyyətli münasibət, davamiyyət, sinif otaqlarında təmizlik və səliqə, intizam, əmək, idman, bədii yaradıcılıq və digər sahələrdə keçirilir.
Yarış formaca kollektiv və fərdi ola bilər. Tərbiyəvi baxımdan kollektiv yarışların rolu daha böyükdür. A.S.Makarenkonun rəhbərlik etdiyi tərbiyə müəssisələrində hər ay əmək, intizam və s. sahələr üzrə ən yaxşı dəstə adı uğrunda yarış keçirilirdi. Ən yaxşı dəstələr müəyyən edilir, ilk 7 dəstəyə teatr biletləri verilirdi.
Yarışın səmərəli və təsirli olması üçün bu prosesdə obyektivliyə, aşkarlığa, nəticələrin düzgün qiymətləndirilməsinə nail olmaq lazımdır.
Rəğbətləndirmə metodu insanın davranış və fəaliyyətinə verilən müsbət qiymət olub, onu daha yaxşı hərəkətlərə həvəsləndirən metoddur. O, insanın öz qüvvəsinə inamını, kollektivdə hörmət və nüfuzunu artırır.
Tərbiyə təcrübəsində rəğbətləndirmənin müxtəlif növlərindən istifadə olunur: bəyənmək, tərifləmək, şifahi və ya yazılı təşəkkür vermək, mükafatlandırmaq, şərəf lövhəsinə və ya kitabına şagirdin şəklini vurmaq, fəxri fərmanla təltif etmək, uşağın valideynlərinə razılıq məktubu göndərmək və s.
Rəğbətləndirmə metodunu tətbiq edərkən təkcə hərəkətlərin nəticəsini yox, həm də uşağın motivlərini nəzərə almaq vacibdir.
Cəzalandırma metodu insanın davranış və fəaliyyətinə verilən mənfi qiymət olub, onu pis hərəkətlərdən çəkindirmək məqsədi güdür. O, insanda öz xoşagəlməz münasibət və əməllərinə qarşı iztirab, utancaqlıq hissləri yaradır. Düzgün və ədalətlə verilmiş cəza insana məsuliyyət hissi aşılayır, iradəni möhkəmlətməyə, şəxsi ləyaqət hissini gücləndirməyə, öz səhvlərini başa düşməyə, münasibət və davranışını dəyişməyə kömək göstərir. Cəza həm də profilaktik xarakter daşıyır: kollektivin digər üzvləri də yoldaşlarına verilmiş cəzadan nəticə çıxarır, pis hərəkətlərə yol verməməyə çalışırlar.
Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə olunur: danlaq, şifahi və yazılı töhmət, qəbahəti iclasda müzakirə etmək, insanı müəyyən həzdən (kinoya, gəzməyə getməkdən, oyundan və s.) məhrum etmək, sinfi (məktəbi) dəyişmək, məktəbdən xaric etmək və s. Bəzi pedaqoqlar təbii nəticə yolu ilə cəza verməyi ilə lazım bilirlər. Məsələn, ev tapşırığını yerinə yetirməyən uşaq dərsdən sonra qalıb tapşırığı icra edir, partanı sındıran, divarı cızan uşaq onu təmir edir, tapşırılan işi keyfiyyətsiz gördükdə onu yenidən icra edir, oyunda özünü yaxşı aparmayan oyuna buraxılmır və s.
Cəza tədbirini tətbiq edərkən qəbahətin xarakterini, şəraitini, həmin hərəkətə insanı təhrik edən motivləri, onun fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır.
Cəzalandırma və rəğbətləndirmə çox incə tərbiyə metodlarıdır. Ondan düzgün istifadə etmədikdə tərbiyə işinə ziyan vura bilər. Buna görə də rəğbətləndirmə və cəza zamanı bəzi şərtləri gözləmək vacibdir: a) rəğbətləndirmə və cəza ədalətli (uşağın hərəkətinə uyğun) olmalı; b) bu zaman müəyyən hədd gözlənməli (çox tətbiq edildikdə təsirini itirə bilər); c) uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalı (məsələn, yeniyetmə və gənci dərsdə ayaq üstə saxlamaqla cəza vermək olmaz); ç) kollektivin rəyi ilə hesablaşmalı (bu, müəllimi səhvlərdən çəkindirə bilər); d) rəğbətləndirmə və cəza mütləq xarakter daşımamalıdır (uşaq bilməlidir ki, bu gün yaxşı hərəkətinə görə tərifləndiyi kimi, sabah pis hərəkətinə görə cəza ala bilər).
Rəğbətləndirmə və cəza tərbiyəçidən böyük pedaqoji məharət, psixoloji və pedaqoji hazırlıq tələb edir. Düzgün verilməyən, insan şəxsiyyətinə və ləyaqətinə toxunan, ədalətsiz cəza müəllim-şagird münasibətlərində gərginlik, münaqişə yarada bildiyi kimi, cəzanın təsir gücünü, tərbiyəçinin nüfuzunu, uşağın öz gücünə inamını zəiflədər, tərbiyə və özünütərbiyə işini çətinləşdirə bilər.
Kollektivin tərbiyə işində təsirini artırmaq məqsədilə uşaq kollektivinə öz üzvlərini rəğbətləndirmək və cəzalandırmaq hüququ verilməsi faydalıdır. Bu sahədə A.S.Makarenkonun iş təcrübəsindən istifadə etmək lazımdır.
Dostları ilə paylaş: |