"Beynəlxalq terrorçuluğun aradan qaldırılması tədbirləri haqqında" Bəyannamədə "harada və kim tərəfindən törədilməsindən asılı olmayaraq, cinayət əməli və bəraətsiz əməl kimi, bütün terrorçuluq aktları, metodları və təcrübələri" pislənilir.
Zənnimizcə, BMT çərçivəsində beynəlxalq terrorçuluğa qarşı mübarizənin bütün aspektlərini əhatə edən vahid və universal sənədin qəbul olunması yalnız ümumi işin xeyrinə olardı. Lakin təəssüflə bildirmək istərdik ki, təşkilatda beynəlxalq terrorçuluq üzrə hərtərəfli konvensiya layihəsi ilə bağlı artıq 10 ilə yaxın müddətdir ki, müzakirələrin aparılmasına baxmayaraq, indiyədək müsbət nəticələr əldə edilməmişdir. BMT çərçivəsində görülmüş işlərlə paralel surətdə əksər regional təşkilatlar tərəfindən terrorçuluğa qarşı mübarizəyə həsr edilmiş sənədlər hazırlanaraq qəbul olunmuşdur.
Qeyd etmək lazımdır ki, universal konvensiyalardan fərqli olaraq, bir sıra regional sənədlərdə terrorçuluğun anlayışı verilir, onun əsas elementləri göstərilir.
Eyni zamanda terrorçuluğa qarşı mübarizə sahəsində konkret tədbirləri görmək məqsədilə son zamanlar bəzi beynəlxalq təşkilatların təcrübəsində fəaliyyət planları (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 2001-ci il tarixli "Terrorçuluğa qarşı mübarizə üzrə" fəaliyyət planı), çərçivə qərarları (Avropa İttifaqı Şurasının 2002-ci il tarixli "Terrorçuluğa qarşı mübarizə üzrə" çərçivə qərarı) kimi sənədlərdən istifadə olunur.
Sadalanan faktlar beynəlxalq terrorçuluğun anlayışı ilə bağlı problemin həlli istiqamətində mühüm addımların atıldığına dəlalət edir. Məhz bu məqamları nəzərə alaraq, Avropa İttifaqı Şurasının 2002-ci il tarixli Çərçivə Qərarının 1 (l)-ci maddəsinin, habelə "Terrorçuluğun qarşısının alınması haqqında" Avropa Şurası Konvensiyasının Preambulasının sonuncu paraqrafının müddəaları əsasında beynəlxalq terrorçuluq anlayışı aşağıdakı kimi verilə bilər: "Beynəlxalq terrorçuluq - siyasi, iqtisadi, sosial, dini, mənəvi, mədəni və s. sahələrdə maraqlarını təmin etmək məqsədilə hər hansı bir şəxs, qrup və yaxud müvafiq orqanların əməkdaşları vasitəsilə dövlət tərəfindən ictimai təhlükəsizliyin pozulması, əhalinin vahimə içərisində saxlanılması, dövlət hakimiyyəti orqanlarının və beynəlxalq təşkilatların hərəkət və ya hərəkətsizlik göstərməyə məcbur edilməsi yolu ilə hər hansı bir ölkənin və ya beynəlxalq təşkilatın fundamental siyasi, konstitusiya, iqtisadi və sosial strukturlarının sabit fəaliyyətinin pozulmasına və yaxud məhvinə yönəldilmiş hərəkətlərin bir neçə dövlətin ərazisində və ya bir neçə dövlətin maraqlarına zərər vura biləcək şəkildə törədilməsi, habelə bu cür hərəkətlərin törədiləcəyi ilə başa çatan bir hədələmədir". Müşahidələr göstərir ki, beynəlxalq hüququn öz müqəddəratını müəyyən etmək prinsipindən sui-istifadə yolu ilə milli, etnik, dini və s. örtük altında dövlətlərin beynəlxalq hüquqla təsbit edilmiş ərazilərini parçalamağa yönəldilmiş separatçı fəaliyyətlər də beynəlxalq terrorçuluğun mənbəyidir. Separatçılıq fəaliyyəti nəticəsində formalaşan beynəlxalq və dövlət nəzarətindən kənar ərazilər - "boz zonalar" (grey zones) terrorçu düşərgələrinin yerləşdirilməsi, axtarışda olan terrorçulara sığınacaq verilməsi, yeni üzvlərə təlimlərin keçirilməsi, habelə terror aktların planlaşdırılması və törədilməsi üçün əlverişli zəmin və şərait yaratmaqla yanaşı, dünyanın müxtəlif regionlarına "terror ixracı"nda böyük rol oynayır. Bunları nəzərə alaraq, BMT çərçivəsində "Nəzarətdən kənar ərazilərdən transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorçuluq məqsədilə istifadə edilməsinə qarşı mübarizə üzrə əməkdaşlıq haqqında" qətnamə layihəsinin işlənilməsi təklif edilir. Nəhayət, beynəlxalq əməkdaşlığı önləyən digər bir problem beynəlxalq aləmdə İslam dininə qarşı mənfi münasibətlə bağlıdır. Beynəlxalq terrorçuluğun dinlə hər hansı formada əlaqələndirilməsi, xüsusilə İslam dininin terrorçuluq ideyalarmı özündə əks etdirməsi ilə bağlı yanlış fikirlərin səsləndirilməsi antiterror koalisiyasının fəaliyyətinə mənfi təsir göstərməyə bilməz. Təəssüflə vurğulamaq lazımdır ki, bir sıra ölkələrin diplomatiyasında, beynəlxalq hüquq doktrinasında və təcrübə-sində, xüsusilə kütləvi informasiya vasitələrində "islamçı ekstremistlər", "müsəlman terrorçular" ifadələri tez-tez "terrorçular" sözünün sinonimi kimi işlədilir, faşizm ideologiyası elementlərinin "İslam fundamentalizmi"nin proqram quruluşlarında mövcudluğunu irəli sürdürmək fikri vurğulanır. Bu amil "əsas hədəflin beynəlxalq terrorçuluğun zərbələrdən yayınmasına, güclənməsinə, genişlənməsinə və qarşısıalınmaz qüvvəyə çevrilməsinə səbəb olur.
Mübarizəsini zorakılıq nəzəriyyəsi əsasında həyata keçirən terrorçuların cəzalandırılması, terror aktlarının qarşısının alınması və terrorizmin ləğv edilməsi üçün:
terrorizmə ikili yanaşma aradan qaldırmaq;
terrorizmin maliyyələşməsinin və maliyyələşdirilməsinin qarşısını almaq;
əksər hallarda terrorizmin yaranmasının əsas səbəbi olan separatçılıq hərəkətlərini dərhal cəzalandırmaq;
terrorizmi dəstəkləyən dövlətlərə ən yüksək səviyyədə təzyiq göstərmək;
maraqların təmin edilməsində terror amilindən istifadə edən dövlətlərin, qrupların və şəxslərin bu hərəkətlərinə dərhal sərt münasibət bildirmək vacibdir
Misir prezidenti Hüsnü Mübarəkin terrorizm haqqında belə bir ifadəsi var: «Terrorizmə kömək edən dövlətlər bu gün odla oynadıqlarını hiss etmirlər, sabah isə özləri bu odda yanmağa məhkumdurlar»
Dostları ilə paylaş: |