Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təsdiq edilmişdir.
AZƏRBAYCAN RESPUBLİKASINDA ÜMUMİ
TƏHSİLİN KONSEPSİYASI (MİLLİ KURRİKULUMU)
GİRİŞ
Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli Kurrikulumu (bundan sonra Milli Kurrikulum) konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurrikulumlarının strukturunu əhatə edir.
Milli Kurrikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına və problemlərin həllinə yönəlmişdir.
Milli Kurrikulum bilavasitə aşağıdakı funksiyaların reallaşdırılmasına xidmət edir:
ümumi təhsilin pillələri, bu pillələrdə tədris olunan fənlər arasında əlaqələrin və ardıcıllığın təmin edilməsi;
fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi;
təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması;
nəticəyönümlü fənn kurrikulumlarının hazırlanıb tətbiq olunması;
təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında müəyyənləşdirilməsinin təmin olunması;
şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin edilməsi.
Milli Kurrikulum aşağıdakı ümumi prinsiplərə istinad olunmaqla hazırlanmışdır:
milli və ümumbəşəri dəyərlərin nəzərə alınması;
ümumi inkişafı, meyil və maraqları nəzərə alınmaqla bütün şagirdlərə əlverişli təlim şəraitinin yaradılması;
tələbyönümlülük;
nəticəyönümlülük;
şagirdyönümlülük.;
inteqrativlik.
Dostları ilə paylaş: |