Dil haqqında qərardan doğan problem
Əslində, Dnestryanı probleminə münaqişə deməyə adamın dili də gəlmir. Bunu söyləməyə əsas verən bircə faktı göstərmək kifayətdir: 1992-ci ilin iyul ayında atəşkəs sazişinin imzalanmasından ötən 18 il ərzində hər iki tərəfdən nə mülki əhali, nə də hərbçilər arasında ölüm halı qeydə alınıb. Problem necə yaranıb? Yəqin ki, əksəriyyətin bundan xəbəri var. Ancaq yenə də ümumiləşmiş şəkildə buna toxunmasaq, olmaz. Hər şey Moldova parlamentinin 1989-cu ildə dillə bağlı qərar qəbul edərək, moldovan dilini dövlət dili elan etməsi və əlifbanı Kiril qrafikasından latın qrafikasına dəyişməsi ilə başlayıb. Dnestryanı əhalisi bu qərarı moldovan millətinin və dilinin hakim millət və dil elan olunması, ölkədə yaşayan digər millətlərin isə ikinci dərəcəli vəziyyətə salınması kimi qəbul edib. Qərarın yerlərdə tətbiqi isə emosiyaları daha da coşdurub. Onlar bunu diskriminasiya hesab edərək, müqavimət hərəkatına başlayıblar. Əvvəlcə bu müqavimət tətillər formasında olub. 1990-cı il sentyabrın 2-də isə bölgədə referendum keçirilərək, SSRİ-nin tərkibində Dnestryanı Moldova Muxtar Respublikası təsis edilib. Dnestryanı Moldova Respublikasının (PMR) təsis edildiyi tarix də məhz 2 sentyabr 1990-cı il hesab olunur. 1990-cı ilin dekabrında isə referendum keçirilərək, Dnesrtyanı Moldova Respublikası “müstəqil dövlət” elan olunub. Rəsmi nəticələrə görə, seçki hüququ olan əhalinin 97,7%-i “müstəqilliyin” lehinə səs verib.
Tərəflər arasında dərinləşən uçurum 1992-ci ildə silahlı münaqişə ilə nəticələnib. 1992-ci ilin yayında Bender və Dubossar şəhərləri ətrafında gedən döyüşlərdə hər iki tərəfdən 700-dək itki qeydə alınıb. Ölənlərin 300 nəfəri Moldovanın, 400 nəfəri isə Dnestryanının payına düşür. Bir həftə davam edən döyüşlər zamanı Bender və Dubossar əhalisinin bir hissəsi evlərini tərk edərək Ukraynaya qaçıb. O vaxt Dnestryanıda dislokasiya olunmuş Rusiyanın 14-cü ordusu həmin məşhur general Lebedin rəhbərliyi ilə separatçıların müdafiəsinə qalxıb, Moldova qüvvələrini geri sıxışdırıb. Bununla da, silahlı qarşıdurmaya son qoyulub. İyulun 22-də Rusiya və Moldova rəhbərləri Boris Yeltsin və Mirça Snequr arasında atəşkəs haqqında saziş imzalanıb. İmzalanma mərasimində Dnestryanı separatçılarının lideri İqor Smirnov da iştirak edib. Bunun ardınca Ukraynaya getmiş qaçqınlar öz evlərinə dönüblər. Döyüşlər zamanı daha çox Bender və Dubossar şəhərlərinə ziyan dəyib.
Atəşkəs sənədinə əsasən, təhlükəsizlik zonası yaradılıb. Sülhyaratma əməliyyatlarına birgə sülhyaratma qüvvələri cəlb olunub. Qüvvələr nisbəti isə belə müəyyənləşdirilib: Moldovadan 300, Dnestryanıdan 300, Rusiyadan isə 500 hərbçi... O vaxtdan problemin həlli istiqamətində danışıqlar başlayıb. Danışıqlar prosesi əvvəlcə tərəflərin öz arasında aparılsa da, sonradan format genişlənib və dəyişib.
ATƏT-in Moldova Ofisinin rəhbərinin müavini Klaus Neyrixin bildirdiyinə görə, onlar həm Moldova, həm də Dnestryanı ilə əməkdaşlıq edirlər. Hər iki tərəfin QHT-ləri arasında əməkdaşlıq var: “Onların arasında əlaqələrin daha da güclənməsinə çalışırıq. Vətəndaş cəmiyyətləri ilə əlaqələrimiz kifayət qədər sıxdır”.
Diplomat ATƏT-in münaqişənin həlli ilə bağlı 5+2 (ATƏT, Rusiya, Ukrayna, ABŞ, Avropa İttifaqı + Moldova, Dnestryanı) formatında danışıqlarda iştirak etdiyini deyir: “Bizim mövqeyimiz budur ki, tərəflər münaqişənin həlli yolunu tapmalıdır”. Moldovada baş verən Konstitusiya böhranının danışıqlar prosesinə o qədər də təsir göstərmədiyini qeyd edən K. Neyrix ekspertlər səviyyəsində yaradılmış işçi qrupun öz fəaliyyətini normal qaydada davam etdirdiyini söyləyir: “Tərəflər arasında qarşılıqlı etimadı gücləndirmək məqsədilə iqtisadi, ticarət, səhiyyə, təhsil və digər sahələr üzrə əməkdaşlığa dair ekspertlərdən ibarət işçi qrup yaradılıb. Bilirsiniz, münaqişə ilk növbədə, əhalinin maraqlarına uyğun həll olunmalıdır. Siyasi məsələlərdən əlavə, tərəflər arasında müxtəlif problemlər var. Məsələn, Dnestryanıdan Moldovanın digər ərazilərinə milli provayderlər vasitəsilə telefon zəngləri etmək olmur. Tərəflər arasında dəmiryolu əlaqəsi yoxdur, Tiraspoldakı onkoloji xəstəxanada onkoloji xəstələrin müalicəsi üçün lazım olan reaktivlər çatışmır və s. Bu cür problemlərin həlli hər iki tərəf üçün əlverişlidir. Qeyd edim ki, artıq tərəflər arasında qeyri-siyasi məsələlərlə bağlı anlaşma imzalanıb. Hansısa nəticələrin əldə olunacağına inanırıq. Düşünürük ki, Dnestryanı şirkətlərinin fəaliyyətinə nəzarətə və əhalinin rifahına yönəlmiş layihələrə daha çox diqqət yetirməliyik”.
ATƏT təmsilçisi deyir ki, Moldova parlamenti 2005-ci ildə qərar qəbul edərək, Dnestryanıya Qaqauz Muxtar Yerinə verilmiş status təklif edib. Dnestryanı isə Qaqauzdan da artıq status istəyir. ATƏT-in konfederasiya və Dnestryanıya müstəqillik verilməsinin tərəfdarı olmadığını söyləyən Klaus Neyrix Moldovanın da federasiya variantını rədd etdiyini diqqətə çatdırıb. Bununla belə o, tərəflərdən heç birinin hərbi əməliyyatlara başlamaq niyyətində olmadığını vurğulayır: “Əhali arasında nifrət yoxdur. Sadə insanların qarşılıqlı gediş-gəlişində də hər hansı problem olmur. Yalnız rəsmi şəxslərin səfərlərində problemlər var. Bu isə siyasi məsələlərlə bağlıdır. Münaqişəni sadə insanların dəstəyi olmadan həll etmək mümkün deyil”.
K. Neyrix tərəflər arasında danışıqların 2006-cı ildə dayandırıldığını, hazırda danışıqların “5+2” formatında aparıldığını söyləyir. O bu formatda bu ilin fevralında Vyanada keçirilmiş görüşünün nəticəsiz olduğunu, növbəti görüşün isə mayın 24-25-də Astanada keçirildiyini diqqətə çatdırır. Diplomatın sözlərinə görə, Moldova danışıqların heç bir ön şərt irəli sürülmədən davam etdirilməsini vacib sayır: “İndiki format qeyri-rəsmi olduğundan status məsələsi müzakirə olunmur”.
Rusiyanın öz hərbçilərini Dnestryanıdan çıxarmamasına gəlincə, ATƏT təmsilçisi 1999 və 2004-cü illərdə Rusiya qoşunlarının Moldova ərazisindən – Dnestryanıdan çıxarılması barədə sazişlər imzalandığını xatırladır: “Lakin Dnestryanı tərəfi bunun üçün lazımi şəraitin yetişmədiyini bildirir, Rusiya hərbçilərinin bölgədən çıxarılması ilə hələlik razılaşmır”.
L. Dirkin sözlərinə görə, Aİ problemin həlli prosesində daha da aktiv ola bilər. Lakin bu, təkcə onlardan asılı deyil: “Biz birtərəfli qərar verə bilmərik, qəbul olunmuş formatda iştirak edirik”.
Qeyd edim ki, beynəlxalq təşkilatları narahat edən əsas məqam nəzarətsiz qalan Dnestryanıda silah-sursat istehsal olunmasıdır. Onların bildirdiyinə görə, bu bölgədə gizli silahqayırma müəssisələri fəaliyyət göstərir, burada müxtəlif adda silah-sursatlar istehsal olunur. Nəzarətdən kənarda qalan və qeydiyyata düşməyən bu silah-sursatlar isə bütövlükdə bölgə və Avropa üçün ciddi təhlükədir.
Dostları ilə paylaş: |