TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə21/32
tarix14.01.2017
ölçüsü7,01 Mb.
#5437
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

4.6 Teleyayımda manipulyasiya və onun təsir mexanizmləri

Televiziyanın  getdikcə  artan  yeri  və  əhəmiyyəti  onu  həyatın 

bir hissəsinə çevirməklə, insan şüurunu, onun hərəkətlərini, icti­

mai  münasibətlər  sistemini  biçimləndirərək,  mövcud  olan  prin­

sip lərdən  uzaqlaşdırmaq,  təyin  etdiyi  istiqamətə  yönləndirmək 

gücünü qazanmış manipulyasiya vasitəsinə çevirdi. XX əsrdə ar­

tan informasiya axını və onun törətdiyi “gerçəklik şoku” insanın 

mövcud  görüşlərində,  tələbatlarında  dəyişikliyin  yaranmasına 

rəvac verdi. Artıq “gerçək şoku”ndan qaçan tamaşaçı onu törədən 

mənbədən qaçmaq əvəzinə, ondan daha çox əyləncə və gözəl ya­

lan gözləməyə başladı. Bu isə manipulyasiyanın imkanlarını daha 

da artıraraq, onu tamlıqla insan həyatına təsir etməyə imkan verən 

kütləvi  silaha  çevirə  bildi.  Televiziya  və  kütləvi  kommunikasiya 

tədqiqatçılığında  bu  amil  diqqətdən  kənarda  qala  bilməzdi  və 

onun ictimai­sosial əhəmiyyətini nəzərə alaraq ətraflı öyrənilməsi 

qarşıda vəzifə kimi durmağa başladı.

Manipulyasiya  psixoloji  və  sosial  proses  olmaqla  hərəkətinin 

xarakterini  açmadan  digərlərinə  təsir  edərək,  onları  istənilən 

istiqamətə  yönəltməyə  hesablanmış  hakimiyyət  vasitəsidir.  Ma­

nipulyasiya  imkanları  və  texnologiyaları  elektron  informasiya 

vasitələrinin yaranışı ilə daha da  artaraq, güclü təsir imkanları ilə 

kütləvi psixoz, qorxu, müəyyən rəyə gəlmək hisslərini yaydığın­

dan, bu prosesdə televiziyanın rolu, onun ictimai şüurda təsir yeri 

ciddi araşdırma tələb edən sahədir.

Manipulyasiya  və  onun  texnologiyalarının  araşdırıcı  S.  Kara­

Mur za  “Şüurla  manipulyasiya”  adlı  kitabında  üç  əsas  əlaməti 

göstərərək onun mənəvi, psixoloji, həmçinin ustalıqla gizlədilməsi 

hesabına məramı bəlli olmayan, xüsusi bilik və savad tələb edən 

təsir növü olduğunu yazır. Psixoloji təsir növü kimi manipulyasi­

ya aşkar fəndlərlə deyil, sətiraltı, dolayısı ilə, hər bir detalı ətraflı 

düşünülmüş  şəkildə  təqdim  olunduqda  istənilən  nəticə  alına 

bilər.  Televiziya  manipulyasiyası  özünün  miqyası,  əhatə  dairəsi 

və  hədəfinin  çoxcəhətli  olması  ilə  seçildiyindən,  vasitə  kimi  ya­


312

naşmada  daha  mükəmməl  işləməsi  vacibdir.  Olduqca  müxtəlif 

janr və növdə olan yayım vahidləri vasitəsilə yeridilən fikir, rəy 

yalnız cəzbedici biçimdə, düşünülmüş tərzdə təqdim olunduqda 

istənilən nəticəni vermək qüdrətini qazanmış olur.

Manipulyasiya  insan  hərəkətlərinin  proqramlaşdırılması  yolu 

ilə  mənəvi  aləmə  təsir  edən  hökmranlıq  vasitəsi  kimi  psixoloji 

struktura yönəlib fikir, inanc və məqsədləri müəyyən istiqamətə 

gizli  şəkildə  apararaq,  qarşıya  qoyulmuş  ali  məqsədin  həyata 

keçirilməsində  güclü  silah  kimi  kommunikasiya  vasitələrinin 

köməyi ilə daha geniş tərzdə istifadə olunur. H. Şiller “Şüur ma­

nipulyatorları”  manipulyasiya  amilini  tədqiq  edərək  onun  gizli 

qalmasının uğuru təmin edən əsas cəhət olduğunu göstərir və bu 

prosesdə hədəfin ətrafda baş verənlərin təbii, qaçılmaz olduğuna 

inanmasının mühüm şərt olduğunu deyir. H. Frokerin qənaətində 

manipulyasiyanın  yönəldiyi  hədəfin  ziyanına  işlədiyi  əsas  cəhət 

kimi  qabardılır.  Manipulyasiya  zamanı  açıq  mətnin  altında  giz­

li informasiya da göndərilir ki, bu, hədəfin şüurunda lazımi ob­

razların  yaranmasına  xidmət  edir.  Mənbəyi  bilinməyən  bu  bilgi 

hədəfə  götürülmüş  şəxsin  hisslərini,  düşüncəsini  və  davranışını 

təsir altına alaraq, əsas məqsədə yönəldir. Gizli şəkildə insan şü­

urunda yerləşdirilən informasiya kütləni müəyyən rəyə gətirmək, 

təyin  olunmuş  istiqamətə  yönəltmək  baxımından  kifayət  qədər 

güclü vasitə olduğundan, siyasi dairələr tərəfindən əhalinin siyasi 

təfəkkürünü biçimləndirmək, daimi nəzarətdə saxlamaq, rəy ya­

ratmaq  baxımından  geniş  şəkildə  istifadə  olunmağa  başlayaraq 

yeni bir şəkil almış oldu. Manipulyasiyanın bu imkanları təbliğata 

və  reklama  əlverişli  imkan  yaradan  vasitə  olduğundan,  ünvanlı 

auditoriya və ictimai rəy (PR) işində əsas vasitə kimi XX əsrin 60­cı 

illərindən başlayaraq televiziya yayımında öz tətbiqini tapdı.

Manipulyasiya  inandırmadan  fərqli  olaraq  təlqin  xarakteri  da­

şıyır  və  S.  Kara­Murzanın  qeyd  etdiyi  kimi  subyektin  şüurun­

dan yan ötüb psixi sahəyə keçərək şəxsi şüurla bərabər, ümumi 

şüurun  sahəsinə  düşüb,  passiv  qavrama  predmeti  kimi  özünə 

yer alır. Burada ideya, hiss, emosiya və ya digər psixo­fiziki ha­

lın psixi dairəyə daxil olması prosesi baş verdiyindən, onun hədəf 

tərəfindən qarşısının alınması və qeyri­ixtiyari təsirə düşmə, açıq 

duyulmayan  simvollarla  danışdığından  anlaşılmayan  axının 

müqaviməti  mümkünsüzdür.  Təlqin  zamanı  insanın  inamının 

birbaşa dəyişməsi deyil, daha mürəkkəb yolla – qiymətləndirmə 

obyektinin dəyişməsi ilə onun rəyində dəyişikliklər baş verir. Te­

leviziya  təcrübəsində  söylənilən  informasiya  və  onun  yaratdığı 



313

ilkin rəyin şərhçi tərəfindən dəyişdirilməsi, baxış bucağının, yana­

şım tərzinin başqalaşdırılması və seyrçini qiymət verməyə vadar 

etmə halları manipulyasiyanın əsas elementi kimi çıxış etdiyindən, 

analitik­şərh  proqramlarının  televiziyanın  sosial­pedaqoji  funk­

siyasında  yeri  ən  əsas  və  önəmli  hesab  olunur.  Bəzən  müəyyən 

dəlil ətrafında verilən şərhin insanların təkcə bu məsələdə deyil, 

ümumilikdə  baxışlar  sistemində  dəyişmələr  yaratmaq  gücünə 

malik olması gerçəklikdir. Bu manipulyasiya dini, irqi ayrıseçkili­

yin, dözümsüzlüyün aradan qaldırılması kimi müsbət nəticələrlə 

bərabər,  mənfi  elementlərin  yayılması  ilə  də  seçilir.  Manipulya­

siya  qrup  və  korporativ  maraqlara  qulluq  etdikdə,  onun  ziyanlı 

tərəfləri cəmiyyətin həyatında özünü asanlıqla göstərir. Televiziya 

yayımının əhatəliliyi və ifadə vasitələrinin gücə malik olması təsir 

imkanlarını daha da çoxaldan amil olduğundan, onun müstəqil ol­

ması, qrup maraqlarına qulluq etməməsi çağdaş cəmiyyətin infor­

masiya təhlükəsizliyinin başlıca hədəfi kimi müəyyən edilməlidir.

Platon  təxəyyülün  qavrama  prosesində  yerini  mum  plastinka­

da  həkk  olunma  ilə  müqayisə  edərək,  qalan  izin  təxəyyül  oldu­

ğunu söyləmişdir. Təxəyyül yaradıcı məntiqə və ənənəyə daha az 

söykənən, kənar  təsirlər nəticəsində asanlıqla  dəyişən, müəyyən 

durumlarda  yaranan  təəssüratlara  uyğun  biçimlənən  qabiliyyət 

kimi həm təfəkkür, həm də hiss, obrazlar gücünə malik olduğun­

dan onun vasitəsilə təfəkkürə, hisslərə təsir etmək olduqca yaxın 

yoldur. Televiziyanın yaratdığı görk təxəyyül və hisslərə yeriyərək, 

bu yolla bütünlüklə ictimai şüura təsir etmək imkanı qazanır. Ek­

randa göstərilən faciə, yaxud dramatik situasiya ona tamaşa edən 

insanın təxəyyülündə özünü və yaxınını oxşar vəziyyətdə canlan­

dırır  və  bu  zaman  emosional  təsir  prosesi  baş  verir,  situasiyaya 

uyğun hisslər meydana çıxır. Faciəni törədən səbəbkarın ekranda 

göstərilməsi, toplanan bu hisslərin ona qarşı yönəlməsi prosesini 

həyata keçirmiş olur. Bu zaman mümkün qədər məntiqi düşüncə 

tərzinin  bir  kənara  qoyularaq,  lazımi  hissi  yaradılmış  ab­havaya 

uyğun  şəkildə  yönəltmək  əsas  mərhələdir  ki,  televiziya  özünün 

təbiətinə və imkanlarına görə bunun öhdəsindən asanlıqla gəlir.

Kütləvi şüurda təxəyyül bilavasitə imitasiya – özünü başqasının 

yerində  görməklə  bağlı  olduğundan  televiziya  malik  olduğu  vi­

zual  imkanlarından,  məhrəm  ünsiyyətə  girmək  qabiliyyətindən 

bəhrələnib,  imitasiyanı  asanlaşdırır.  Televizorun  qarşısında  əy­

ləşən  insanın  təxəyyülündə  imitasiya  yolu  ilə  yaranan  rəy  və 

ya  nəticə  onun  sonrakı  hərəkət  tərzini  müəyyən  etdiyindən,  bu 


314

vasitə ilə təsirin özünün gerçək nəticəsini verməsi fikrini cəsarətlə 

söyləmək  olar.  Yaddaş  və  diqqət  manipulyasiya  prosesində  ən 

vacib element olduğundan – yaddaşda həkk olunan informasiya­

nın təsir gücü və ekranda baş verənlərə diqqəti cəlb etmək əsas 

məqsədə nail olmağın yoludur. Televiziya bu imkanlardan bütün 

mümkün  yollarla  istifadə  edərək  həm  özünün  birbaşa  kommer­

siya­yayım  maraqlarını  ödəmiş,  həmçinin  manipulyasiya  işində 

vasitə kimi çıxış etmiş olur. Audiovizual informasiyanın yaddaşda 

qalma ehtimalı böyük olduğu qədər, onu təkrar­təkrar göstərmək 

yolu ilə hər zaman xatırlatmaq imkanı və görüntü, səs fəndləri ilə 

diqqəti cəlb etmək qabiliyyəti onun birbaşa xidmət etmə məramını 

dəyişdirərək  rəyyaradıcı,  təsiredici  və  manipulyativ  vasitə  kimi 

istifadə  olunması  işinin  daha  da  təkmilləşməsinə  gətirib  çıxar­

dı.  Nəticədə  manipulyasiya  ölçüyəgəlməz  imkanlar  qazanaraq 

sərhədləri asanlıqla aşmaq gücünü əldə etdi. “Şüur manipulyasi­

yasının  texnoloqları  diqqəti  cəlb  etmək,  dəyişdirmək,  dağıtmaq, 

onun davamlı və dözümlü olmasına təsir etmək qüdrətində qıcıq­

landırıcılara  sahibdirlər”  (199,  səh.  53)  və  imkanlar  audiovizual 

tərzdə təqdim olunduqda daha qüvvətli, təsirli olur. Diqqətin dö­

zümlü və davamlı olması hər bir insanın sosial­ictimai mənşəyi ilə 

bilavasitə bağlı olduğundan yanaşım tərzinin də bu seqmentlərə 

hesablanmış şəkildə həyata keçirilməsi mühüm şərtdir. Televiziya 

bilavasitə  informasiya  bolluğu,  çeşidli  yayım  vahidləri  vasitəsilə 

hər  cür  qrupu,  seqmenti  asanlıqla  öz  əhatəsinə  almaq  imkanı­

na  malik  olur.  Televiziya  proqramlaşdırılmasında  yaş,  cins  və 

məşğulluq maraqlarının dəqiq təyini yolu ilə ünvanlı auditoriya­

nın diqqətini cəlb edərək yayımı sistemləşdirməklə özünün baş­

lıca  kommersiya  marağına  qulluq  etdiyindən  bu,  manipulyasiya 

işinə  münbit  zəmin  və  seqmentə  uyğun  hesablanmış  fəaliyyətə 

imkan  yaratmış  olur.  İnsan  yaddaşının  imkanları  və  qavrama, 

saxlama qabiliyyətindən irəli gələrək ortaya çıxan nəticə – neqa­

tiv və ya pozitiv rəy yaratmasına baxmayaraq, tez­tez təkrarlanan 

ifadə və ya informasiya bilavasitə şüura təsir edərək orada özünə 

məskən tapır. Məhz bu imkandan şou­biznes, televiziya və reklam 

işində bəhrələnərək istifadə edirlər. Müəyyən bir informasiya və 

ya mahnının həddindən artıq dövrlənməsi, reklam və anonsların 

qısa  zaman  müddətində  tez­tez  göstərilməsi  bilavasitə  yuxarıda 

göstərilən xüsusiyyətlə bağlıdır. Lakin burada emosional təsir ami­

li  diqqətdən  kənarda  qalmamalı,  təəssüratın  yaddaşa  buraxdığı 

iz unudulmamalıdır. Hisslərə toxunan informasiyanın yaddaşda 


315

özünə yer almaq imkanı böyükdür və televiziyanın audio, görün­

tü silahları emosional təsiri daha da qüvvətləndirə bilir. Təkrar­

təkrar göstərilən görüntü televizor qarşısında oturan şəxsin “ailə 

üzvünə” çevrilərək doğmalaşır, yaxud da inandığı obyekt olur. Ta­

nıdığı insanın ona ötürdüyü informasiyanın yaddaşda qalma im­

kanı böyük olduğu kimi, televizor vasitəsilə artıq tanış olan mövzu 

və ya görüntünün təkrarlanmasının yaddaşda iz buraxmaq gücü 

danılmazdır.

Manipulyativ  təsir  mexanizmlərinə  nəzər  yetirdikdə  auditori­

yanın daxili dünyasına qoşulma, onunla məhrəm, bərabərhüquq lu 

ünsiyyətə girmə, inteqrativ xüsusiyyətin olması əsas şərt kimi özü­

nü büruzə verir. Həmçinin psixi avtomalizmlər – yəni müəyyən 

situasiyaya və ya informasiyaya qarşı yaranan davranış, vərdişlər, 

stereotiplər  manipulyasiyanın  baştutma  mexanizminin  əsasını 

təşkil edir. E. Dosenko manipulyatorun təsir enerjisini ünvanlanan 

hərəkət  enerjisinə  çevirən  başlıca  imkan  kimi  psixi  avtomalizmi 

qeyd edir. Manipulyasiya işində sosial stereotiplər sosial­psixoloji 

prosesi insanın emosional münasibəti kimi qavrama və düşüncə 

aləti  olduğundan  manipulyasiya  bundan  məharətlə  bəhrələnib, 

öz  təsirini  həyata  keçirir.  Qavrama,  şüurda  informasiya,  ideoloji 

fikirlərin qısaldılmış tərzdə biçimini ehtiva edən stereotipləri tele­

viziya özü tərəfindən dəyişdirə, yenisini yarada bilir ki, bu da ma­

nipulyasiya işində münbit qavrama şəraiti yaratmış olur. Çağdaş 

insanın stereotiplərini televiziyanın doğurduğu fikirlər və rəylər 

təşkil  edir.  Televiziya  qənaəti  çoxsaylı  araşdırmalara  söykənən 

gerçəklikdir. Həmçinin bədii stereotiplər estetik cəhətdən cəzbedici 

təfəkkür basmaqəlibləri kimi manipulyasiya prosesində insanları 

birləşdirən güclü vasitə olaraq çıxış edir. Bədii stereotiplər, meta­

fora “assosiativ təfəkkürü işə salaraq intellektual cəhdlərə qənaət 

etdirir” (199,  səh. 254).

Televiziya manipulyasiyasının yeni biçim və çeşidlərinin birba­

şa  infoteynmentin  gəlişi,  kapital  və  gerçək  şouların  geniş  yayıl­

ması, həmçinin müxtəlif təbliğata yönəlmiş verilişlərin yeniləşən 

məzmunu ilə bağlı olaraq daha təsirli olduğunu qeyd etməliyik. 

İnsanın öz maraqlarına xidmət etməsi üçün gərəkli olan üç başlıca 

cəhət – indiki durum, arzulanan gələcək və bu gündən gələcəyə 

keçid  yoludur  ki,  bunlar  realistcəsinə  dəyərləndirildikdə  onun 

başlıca  məqsədinə  çatmasını  təmin  edə  bilər.  Lakin  düşünmək, 

bu  ətrafda  əlavə  əziyyət  çəkmək  əvəzinə  insanın  assosiasiya  və 

analogiyalara  müraciət  etməsinə  zərurət  yarandıqda,  ona  diktə 

olunan  və  ya  əyani  göstərilən  hallara  müraciət  edir.  Televiziya­



316

nın  asan  pul  qazanmaq,  gələcək  qurmaq  xəyalları,  həmçinin 

ta maşaçını  əyləndirmək,  həyəcanlandırmaq  üsulu  ilə  birbaşa 

məğzi  müxtəlif  yollarla  pərdələyərək  təlqin  edən  yayım  olduq­

ca  güclü  təsir  vasitəsidir  və  bu,  manipulyasiya  mexanizmindən 

kənarda  qala  bilməz.  Xəbər  və  ya  analitik  proqramlarda,  siyasi, 

ictimai  tok­şoularda  və  digər  yayımlarda  manipulyasiya  mexa­

nizmi düşündürmək, rəy yaratmaq, təxəyyüldə mövcud görkləri 

canlandırmaq  vasitəsi  seçildiyi  halda,  əyləncəli  və  ya  oyun  ma­

rağı üzərində qurulan veriliş, şoularda “balaca adamın” qələbəsi 

üzərində  ictimai  dözümlülük  təbliğ  olunmaqla  bərabər,  birbaşa 

ideoloji təsir metodu ustalıqla işlədilir. Praqmatizm, real həyatın 

şəxsi  mənfəəti  üzərində  qurulması  kimi  məişətçiliyə  yaxınlaş­

dırmaq  yolu  ilə  siyasi  aktivlikdən,  dözümsüzlükdən  uzaqlaşdır­

maq  məqsədi  daşıyan  konkret  rəyi  yaratmağa  yönəlmiş  oyun­

lar  və  gerçək  şoular  birbaşa  siyasi  itaətə,  gerçək  sosial  durumla 

kifayətlənərək ictimai fəallıqdan imtinaya gətirib çıxararaq, ideo­

loji təbliğat məğzini daşıyır. Oyun və yarışmalarda təlqin olunmalı 

informasiya ustalıqla pərdələndiyindən, eyni zamanda, kommer­

siya maraqlarına xidmət etdiyindən sürətlə yayılmış, xüsusən də 

siyasi, sosial cəhətdən aktiv əhalisi olan dövlətlərin teleməkanını 

böyük axınla zəbt etmişdir.

Y. Dosenko “Manipulyasiya psixologiyası. Fenomen, mexa nizm ­

lər,  müdafiə”  kitabında  insanın  üstünlük  verdiyi  motivləri  ida­

rə etmək üçün mövcud vasitə kimi aktuallaşdırma, sadə şərtilik, 

rəmzi  vasitəli  ifadəni  göstərir.  Aktuallaşdırma  özündə  mövcud 

situasiya ətrafında əlavə informasiya və ikinci dərəcəli məsələlərin 

şişirdilməsini,  auditoriyanı  münbit  psixoloji  qavrama  halına 

gətirməni ehtiva edir ki, bu da televiziyanın audiovizual imkanları 

ilə birbaşa mümkündür. Sadə şərtilik – “motivin oyandırma gücü­

nü onun əvvəlcə səbəb olmadığı hərəkətə yönəltmə” (199, səh. 57) 

və şərt vasitəsilə alınan informasiyanın bərpa, təxəyyül, təsəvvür 

vasitəsilə  emosional  keçməsi  televiziyanın  insanın  motivasiyalı 

üstünlüklərini idarə etməsindən istifadəsini asanlaşdırır.

A.  Mol  “Mədəniyyətin  sosiodinamikası”  kitabında  kütləvi  in­

formasiya  vasitələrinin  bütün  mədəniyyəti  nəzarətdə  saxladığı­

nı, bir ideyanı dəyərləndirib önə çıxararaq, digərini aşağılamaqla 

qütbləşmə yaratdığını, onun vasitəsilə ötürülməyən hər hansı olay 

və  faktın  cəmiyyətin  həyatına,  inkişafına  təsir  etmədiyini  qeyd 

edərək, çağdaş insanın birbaşa kütləvi kommunikasiya vasitələri  

tərəfindən  idarə  olunmasını  təsdiqləyir.  N.  Leonov  “Xa ricdəki 

qurumlarda informativ­analitik iş” kitabında informasiya və ana­

litik  işi  təhlil  edərək  insan  psixikasının  təlqinə  meyilli  olduğu 


317

bilinəndən  sonra  informasiyanın  təbliğat  və  təşviqat  biçimində 

insanları  idarə  etmək  üçün  əsas  vasitəyə  çevrilməsini,  öncə  in­

sanları  idarə  etmə  silahı  hesab  olunan  gücü,  zoru  əvəz  etdiyini, 

hakimiyyətin  mühüm  aləti  olduğunu  deyir.  Hər  bir  informasi­

yanın  müəyyən  məqsədə,  auditoriyaya  yönəlməsi  inkarı  çətin 

olan  gerçəklikdir  və  bu  informasiyanın  çatdırılma  üsullarının 

təkmilləşdirilməsi heç də onun başlıca təyinatının dəyişməsi deyil, 

əksinə, daha da qüvvətlənməsidir.

İnformasiya  insan  psixikasına  yönəldiyindən  və  orada  uzun­

müddətli  iz  buraxdığından  onun  təsiri  uzunmüddətli,  nəticəsi 

isə  əsaslı  olur.  İnsan  informasiyanı  alaraq  onu  qavrayır,  analiz 

edərək yaddaşına daxil edir. Bu yaddaş onun gələcək addımlarını, 

həyat tərzini, davranışını təyin edərək, onu informasiya ötürənin 

ən  ali  məqsədinə  doğru  aparır.  İnformasiyanı  qavramaq,  qəbul 

etmək mərhələli şəkildə baş verdiyindən, onun təsir mərhələlərinə 

bölünməsi də elmi yanaşmanı daha dəqiq edər.

İnformasiya kommunikasiyasının başlaması üçün gərəkli şərait, 

baza faktı ilə ünsiyyət birinci; istehsal – informasiya istehsalçısının 

məzmun  kimi  çıxış  edən  məlumatlara  bu  və  ya  digər  işarə  biçi­

mi verərək xəbər yaratması ikinci; ötürülmə, yəni informasiyanın 

verilməsi üçüncü; istehlak – psixoloji mexanizmlərin işə düşməsi 

ilə informasiyanı qəbuletmə və dəyərlərdə dəyişikliyin başlaması 

dördüncü; özünü açıq büruzə verməyən, təsir müddəti  ölçüsüz 

olan  informasiyadan  fərdin  istifadə  etməsi  beşinci  mərhələdir. 

Sonuncu mərhələ qeyri­ixtiyari qavranılan informasiyanın topla­

naraq mövcud biliklər sisteminə söykənən təəssüratın yaranması, 

gələcək  informasiya  qavranılmasında  zəmin  olması  prosesi  baş 

verdiyindən, sonrakı mərhələnin effektiv, biçimli, fəndlərlə qurul­

ması vacib hesab olunur.

A.  Mol  informasiyanı  semantik  və  estetik  növlərinə  bölərək 

onların  təsir  dairələrini,  gücünü  təyin  edir.  Semantik  informasi­

ya  insanları  inanclarına  və  maraqlarına  uyğun  hərəkət  etməklə 

müəyyən addımlara sövq edir. Estetik informasiya ruhi vəziyyət, 

reaksiya və emosiya yaradaraq, predmetsiz silah kimi televiziya ya­

yımında çıxış edir. Estetik informasiya insanların ruhi əhvallarına 

təsir etməklə, məntiqi düşüncə tərzi əvəzinə emosional təəssüratın 

diktəsi  ilə  hərəkət  etməyə,  fəaliyyətini  yönləndirməyə  məcbur 

edir. İnsan estetik informasiyanın təsirindən elə bir vəziyyətə dü­

şür ki, özünün maraqlarının, inanclarının əleyhinə çıxmaqla yalnız 

ötürülən məlumatların yönəltdiyi tərzdə düşünərək, qərar verməyə 

başlayır. Estetik informasiya ünvanlananın ruhi durumu, ümumi 



318

əhvalı,  yaşantıları  ilə  uzlaşdıqda,  onu  tamamladıqda  təsir  gücü­

nün daha qüvvətli olması televiziyanın manipulyativ fəaliyyətində 

əsas fənd kimi işlədilir. Televiziyanın  tamaşaçıya əhval diktə et­

mək gücünə malik olması lazımi ab­havanı yaratmaq yolu ilə ek­

ran  qarşısında  əyləşəni  informasiya  qəbul  etməyə  hazırlayır  və 

manipulyasiya üçün münbit şərait yaradır. Çağdaş həyatda estetik 

informasiya kütlələrin hərəkətlərini, davranışlarını tənzimləyərək 

cəmiyyətə ziyan vura biləcək ideoloji təbliğatlara, siyasi inanclara 

qarşı çıxmağa xidmət etmək yolunu tutmaqla dövlətin informasi­

ya təhlükəsizliyi siyasətinin tərkib hissəsinə çevrilib. Həmçinin ha­

kim dairələrin atacaqları addımlara vətəndaşları hazırlamaq, on­

ların müqavimətini azaltmaqla ilk baxışda daxili inanclarına zidd 

olan fikirlərin daşıyıcılarına çevirmək istiqamətində estetik infor­

masiyanın gücündən geniş istifadə olunur. ABŞ­ın Şərq siyasəti və 

televiziyanın başqa sahədə ardıcıl fəaliyyətini misal çəkməklə es­

tetik informasiyanın təsir imkanlarından çağdaş siyasi proseslərdə 

istifadə olunmasını təsdiqləmək olar. Estetik informasiya texniki 

effektlər vasitəsilə simvolların dərki deyil, təlqini hesabına təsirli 

olduğundan  siyasi  həyatda,  seçkiqabağı  mübarizədə  əlverişli 

vasitə kimi  istifadə olunmaqla bərabər, uzunmüddətli siyasi proq­

ramların vətəndaşlar arasında yayılaraq, tərəfdaş toplaması işində 

də geniş istifadəsini tapır.

Kütləvi  kommunikasiyanın  sosial  hadisə  kimi  əsas  funksiya­

sı  auditoriyaya  informasiya  vasitəsilə  təsir  etmək  olduğundan, 

bu  məqsədlə  müəyyən  informasiyanın  aktuallaşması,  gündəmə 

gəlməsi üçün geniş təbliğat aparılır. 

V. Koneskaya “Kommunikasiyanın sosiologiyası” əsərində küt­

ləvi  kommunikasiya  vasitələrinin  fəaliyyəti  üçün  başlıca  şərtləri 

müəyyən etmişdir. Onun yanaşmasında ən başlıca şərt kimi audi­

toriya göstərilir ki, bunun ən əsas şərt olması danılmazdır. Təkcinsli 

olmayan, anonim, dağınıqfikirli fərdlərin toplusu kimi auditoriya 

kommunikasiya  vasitələri  ilə  həm  daxildə,  həm  də  geniş  sosial 

mühitlə əlaqəni saxlayır. Ötürülən informasiyanın sosial mahiyyəti 

şərtlərdən  biri  kimi  çıxış  edərək,  auditoriyanın  sosial  tələblərinə 

cavab verir. Sosial tələbatın ödənilməsi ilə bərabər, yuxarıda deyil­

diyi kimi kütləvi kommunikasiya vasitələri özləri də tələbatı yara­

daraq, onun ödənilməsinə xidmət edirlər. Əsərdə həmçinin önəmli 

şərtlərdən biri kimi qiymətləndirmə informasiyası qeyd olunur ki, 

bu da auditoriyanın etimad mənbəyi kimi qiyməti qəbul edərək 

nəticə çıxarmağı nəzərdə tutur. Şərh və icmal, həmçinin müəyyən 

bir informasiya ətrafında qiymətvermə ictimai rəyi biçimləndirən 



319

başlıca şərt olaraq göstərilir. Bir çox hallarda kütləvi kommunika­

siya vasitələrinə olan etimaddan istifadə edərək qiymətləndirməni 

müəyyən siyasi qrupun maraqları çərçivəsində qurmaqla, ondan 

təsirli təbliğat vasitəsi kimi istifadə edirlər.

Kütləvi  kommunikasiyanın  vacib  şərti  kimi  özünün  texniki 

vasitələri nin mövcudluğunu qeyd etməklə informasiya ötürülməsi 

prosesinin davamlı, ardıcıl, geniş (mətbuatda tirajlanma) qurulma­

sını göstərməliyik. Bu baxımdan televiziyanın texniki təchizatı və 

müasir olması icrası vacib olan şərt kimi yayımçı şirkətlər qarşısın­

da çıxış edir. Müəyyən yenilikçiliyin, yaradıcı fəndlərin daha təsirli 

və  ifadəli  ekran  həlli,  həmçinin  informasiyanın  ünvanlı  seyrçiyə 

keyfiyyətli çatdırılması üçün texniki tələblər ödənilməlidir. Yayı­

mın keyfiyyətli, ardıcıl olması etimadın və inamın yaranması ilə 

bərabər, həm də birbaşa reytinq göstəricilərinə təsir edən amil ol­

duğundan, bu məqam bir kənara qoyula bilməz.

Televiziya  auditoriya  üçün  ən  asan  əldə  olunan,  vizual  mü na­

sibətlərə girməyə qadir etibarlı informasiya mənbəyi olaraq daha 

geniş yayılmış, əhatə dairəsi ilə çağdaş dünyanı bürümüşdür. Onun 

geniş yayılması və vizuallı manipulyasiya üçün münbit imkanlar 

yaratmaqla bərabər, müxtəlif biçimli yayım vahidləri hesabına au­

ditoriyanın maksimal ehtiyaclarını ödəməklə, həm də “xilaskara” 

çevrildiyindən  etibar  amili  və  inamın  yaranması  öz­özlüyündə 

təbliğat işində yeni imkanlar açdı. Görüntünün mozaikliyi, dün­

yanın  rabitəsiz,  məntiqi  əlaqəsi  olmayan  informasiya  şəklində 

təqdimatı  televiziyanın  həyatın  müxtəlif  məsələlərindən,  fərqli 

mövzulardan informasiya yetirmək imkanı onun estetik prinsipini 

təşkil  edir.  Bu  estetik  mahiyyətə  malik  olması,  həmçinin  hər  bir 

sahəyə sirayət etmə, çeşidli həyat prosesini, ictimai münasibətləri 

işıqlandırmaq kimi cəhətlər bu yayım növünün təsir imkanlarını 

elə  yarandığı  andan  genişləndirdi.  Həmçinin  rezonans  –  seyrçi­

nin  şüurunda  mozaik  informasiyanın  məzmun  birliyinə  səbəb 

olan birləşdirməni həyata keçirməsi televiziya estetikasının ikin­

ci  mühüm  prinsipi  kimi  manipulyasiya  işində  konseptual  yeku­

nun insan şüurunda yaranmasına xidmət etməklə gərəkli vəhdəti 

qurur. S. Kara­Murzanın “...televiziya tamaşaçıya həm aparıcının 

şərhi, həm də görüntü, kadrarxası mətn vasitəsilə müəyyən infor­

masiyanı  çatdırmaqla,  insan  şüurunda  informasiya  qavranılma­

sı  prosesində  mövcud  “filtrləri”  –  informasiyanı  götür­qoy  edib 

qəbul  etmək  imkanlarını  dağıdır”  fikrinin  izahı  bilavasitə  ikinci 

estetik  prinsipin  məntiqi  yekunudur.  Televiziyanın  informasiya 

axını heç də həmişə məntiqin prinsiplərinə söykənməyərək, este­



320

tik xarakter daşıyır və gerçək həyat göstərdiyini iddia etdiyindən 

burada məntiq axtarışının gərəksizliyini müəllif qeyd edir. Bura­

dan bəlli olur ki, informasiya bütün gücü və vasitələri ilə insan şü­

uruna hücuma keçərək, onu öz əsirinə çevirir, estetik təsirilə ram 

edir,  məntiqsiz  düşüncənin  meydana  çıxmasına  gətirib  çıxarır. 

Auditoriya ekrandan danışanın məntiqinə, dəlillərə söykənməsinə 

əhəmiyyət  verməyərək  onu  qəbul  edir  və  bu  şəkildə    daşıyaraq 

onu ötürür.

Televiziyanın texniki imkanları gerçəyi bütün digər kütləvi kom­

munikasiya  vasitələrindən  daha  çox  göstərdiyi  inamını  yaradır. 

Həmçinin gerçək görüntü müəyyən işarə kodlarının ötürülməsinə 

də şərait yaradır ki, bu kodlar insan şüurunda assosiasiyalar ya­

radır. Yalan və gerçəyi eyni şəkildə təqdim etmək qüdrəti televi­

ziyanın  manipulyasiya  işində  əvəzsiz  vasitə  olduğunu  bir  daha 

təsdiqləyən cəhətdir. Televiziya insanın əyləncəyə, konfliktə olan 

marağından məharətlə istifadə edərək, informasiya çatdırılmasın­

da onun vasitə və imkanlarından geniş istifadə etməklə gizli təlqini 

müxtəlif  biçimlərdə  aparır,  gərəkli  informasiyanın  yeridilməsi 

üçün onun maraqyaradıcı tərəfləri qabardılır. Sensasiya yaratmaq, 

tərəfləri çözümə cəlb etməklə ziddiyyəti qurmaq, bir insan taleyini 

mühüm hadisəyə çevirmək meyillərinin çağdaş dünya teleyaradı­

cılığında ən vacib tələb kimi ortaya çıxması məhz yuxarıda deyilən 

səbəbdən irəli gəlir. Televiziyanın əyləncəyə meyilliliyi, həmçinin 

struktur sadəliyi, konflikt yaradacaq məqamların tapılması audi­

toriyanı öz tərəfinə çəkə, bu imkanları ilə müəyyən fikri və ya şəxsi 

önə çıxarmaqla ona tabe etdirə bilər. 

Televiziya  vasitəsilə  manipulyasiyadan  danışarkən,  informa­

siyanın  təhrifi  ən  çox  işlədilən  fənddir.  Təhrif,  faktların  bas ma­

qəlibləşdirilməsi,  xüsusi  semiotikanın,  bəsitləşmənin  stere otip­

ləşməsi  ilə  yanaşı  təsdiqləmə,  təkrar,  təcililik,  sensasiyalı lıq, 

alter nativ mənbənin yoxluğu manipulyasiyanın əsas fəndləri kimi 

çıxış  edir.  S.  Kara­Murza  faktların  basmaqəlibləşməsini  (fab rik­

ləşməsini) önə çıxararaq, onu açıq yalan adlandırır. A. Mol “Mə­

dəniyyətin  sosdinamikası”  kitabında  təhrifi  xırda  yayınma  halı 

kimi göstərir və onun “orta alıcının semantik qavraması həddində” 

təsirli olduğunu qeyd edir.

Manipulyasiyanın  hədəfini  öz  təsirinə  salması  üçün  vacib 

şərtlərdən  biri  kimi  münbit  şərait  göstərilməlidir.  Münbit  şərait 

hədəfin  kənar  informasiya  axınından  təcrid  dərəcəsindən  ası­

lıdır.  Birtipli  informasiya  axını  hədəfi  inandıra,  eşitdiklərinin 

əsirinə çevirə bilər. Lakin bir mənbə heç də həmişə inandırıcı ol­



321

madığından,  insan  alternativ  informasiya  ötürücülərinin  axtarı­

şına çıxır ki, bu da manipulyasiya işini zəiflədə bilər. Problemin 

totalitar  həlli  yalançı  plüralizm  mənzərəsi  yaratmaq,  bir  neçə 

üzdə  müstəqil  kimi  təqdim  olunan  mənbədən  eyni  informasi­

yanı  ötürməkdir.  Çağdaş  demokratik  cəmiyyətlərdə  müstəqil 

kütləvi informasiya vasitələri və xüsusən televiziyalarda iqtisadi 

maraqlar naminə özəl qurumlar hakim qüvvənin manipulyasiya 

siyasətinin əleyhinə getməyərək onu könüllü icra edirlər ki, bu da 

totalitar həllə nisbətən daha demokratik vasitə hesab edilə bilər. 

Müstəqil  televiziyalar  “lazımsız”  informasiyanın  üzərindən  sü­

kutla  keçməklə  bərabər,  “virtual  gerçəkliyin”  yaradılması  işinə 

maneə  törətməməklə  öz  xidmətlərini  göstərirlər.  Bir  çox  hallar­

da bu hərəkəti dövlətçiliyə xidmət kimi təqdim edib ümummilli 

maraqlar  kontekstinə  çatdıraraq  dağıdıcılıqdan  qaçmaq  meyi­

li  ilə  pərdələyirlər.  “Gərəksiz”  informasiya  sızdıqda  belə  onun 

ətrafında  əlavə,  lazımsız  hay­küy  yaratmaqla  diqqəti  ustalıqla 

əsas  məsələdən  uzaqlaşdırırlar  ki,  bunu  da  H.  Şillerin  “fərdin 

məna axtarışının daha da çətinləşməsinə gətirib çıxardığınını ”...

fikri ilə izah etmək olar. Diktor dilinin müasir cəmiyyətdə sağlam 

təfəkkürə  söykənməyərək,  yalnız  manipulyasiya  müəlliflərinin 

fikirlərini daşıdığını qeyd edən H. Şiller  bu dildə danışan insanla­

rın özləri bilmədən sağlam fikirdən uzaqlaşdıqlarını söyləyir (452, 

səh.  45).  Manipulyativ  semantika  söz  və  anlayışların  mənasının 

dəyişdirilməsi  kimi  göstərilərək,  çox  adi  söz  və  videocərgənin 

başqa  kontekstdə  verilməsi  hesabına  tamam  fərqli  məna  kəsb 

etməsini ehtiva edir. Ayrılıqda informasiyanı təhlil etdikdə orada 

yanlışlığın  olmadığı  üzə  çıxır.  Lakin  bütünlükdə  birbaşa  ictimai 

rəyi  tamam  fərqli  istiqamətə  yönəldəcək  məzmun  kəsb  etməyə 

başlaması  semantikanın  başlıca  üstünlüyüdür.  Semantikaya  xas 

manipulyativ texnologiyalar məzmunu kütləyə elə də bəlli olma­

yan terminlərin dövrələnməsi, ictimai şüurda bərqərar olması he­

sabına yanlış yönəltməni daha effektiv edir.

Çağdaş televiziyanın yeni stereotiplər yaratması və insanları bəsit 

şəkildə  təqdimata  alışdırması  dönə­dönə  tədqiq  olunmuş  möv­

zudur. Bu prinsip manipulyasiya üçün güclü silah olduğu üçün 

həmişə aktualdır. İnsanın heç bir çətinlik olmadan, mübarizəsiz, 

daxili  müqavimət,  tənqidi  analiz  olmadan  standartlaşdırılmış 

tərzdə informasiyanı qavramasının mütləqliyi prinsipinin çağdaş 

jurnalistikada, televiziya işində başlıca şərt kimi qoyulması məhz 

manipulyasiyaya yönəlmiş fəaliyyətə hesablanmış addımdır. Bü­


322

tün  növ  informasiya  mütləq  mövcud  standartlara  uyğunlaşmış 

şəkildə yayımlanaraq, stereotiplərə əməl olunmasına xidmət edir.

Sadə tərzdə ifadə əsas fikrin qısa, təsiredici şəkildə olmasına im­

kan verir və təsdiqə şərait yaradır. Təsdiq müzakirəni inkar edir, 

çünki istənilən müzakirə fikrin hökmünü azalda bilər – manipul­

yativ prosesdə bu sarsıntı yolverilməz olduğundan, təsdiqin inka­

rı mümkün olmayan şəkildə efirdən səslənməsi vacibdir. Kütləvi 

informasiya  vasitələri  və  bu  xüsusda  televiziya,  stereotiplərlə 

dü şüncə  mexanizmini  yaratmaqla  insanların  özü  düşünməsini 

meydandan çıxarmış, informasiyanın intellektual səviyyəsini son 

həddə qədər endirərək, kütləşməyə rəvac vermişdir. Lazımi ste­

reotiplərin təlqini üçün ən vacib şərt kimi təkrar amili çıxış edir. 

Təsdiqin dönə­dönə təkrarı onu təlqinə döndərir və informasiyanı 

ideyaya çevirir. Təsdiqi təkrar­təkrar eşitdikcə onu daha çox təlqin 

etmək,  kütləni  məhz  bu  cür  düşünməyə  məcbur  etmək  televizi­

yanın artıq çoxdan bəri ustalıqla işlətdiyi vasitə kimi qeyd olun­

malıdır. Əks fikri inkar edən təlqin səslənən yeni  informasiyaya 

qarşı şərti refleks yaradaraq, onun fərqinə varmadan gerçək kimi 

qavramağa məcbur edir.

Yuxarıda dediyimiz kimi informasiyanın bölünməsi və təcililik 

manipulyativ texnologiya kimi çıxış edir. Bölünmə problemi fraq­

mentlərə ayırmaqla ümumi bağlılığı qırmaqla, onu dinləyən tama­

şaçının küll halında yanaşaraq mahiyyətini dərk etməsinə imkan 

vermir. Problem var, o işıqlandırılır, amma bütöv və rabitəli şəkildə 

təqdim olunmamaq hesabına qavranılması mümkünsüzdür. Mo­

zaik mədəniyyətin başlıca prinsipi televiziya və çap mətbuatında 

effektiv vasitə kimi işlədilir – qəzetlərdə manşet, başlıq, yarımbaş­

lıq, ayrı­ayrı fikirlərin ayrılması, televiziyalarda anons, bölümlər, 

reklam fasilələri, informasiyanı bir neçə hissəyə və tərəfə ayıraraq, 

onların  inkişaf  etdirilməsi  ilə  özünün  mahiyyətinin  açılmamış 

qalması  ümumi  rabitəni  və  vəhdəti  qıraraq  onu  hissələrə  bölür.           

H. Şiller “Şüur manipulyatorları” kitabında bu prosesi geniş araş­

dıraraq, işıqlandırılan sosial hadisələrin ümumi əlaqəsinin inkar 

olunmasını  çağdaş  televiziya  işinin  başlıca  fəaliyyət  istiqaməti 

kimi göstərir.

Bölünmə həmçinin televiziyanın təcili xəbərçatdırma fəaliyyəti 

ilə daha da əsaslandırılır. Təcililiyin yaratdığı gərginlik təəssüratı 

manipulyasiya  imkanlarını  genişləndirir.  Hər  saat  xəbərin  ye­

nilənməsi  ümumi  strukturu,  bağlılığı  qırır  və  onu  qəbul  edənin 

anlamaq,  qavramaq  imkanını  azaldır.  Müəyyən  bir  xəbər  analiz 


323

olununca, yenisi əvəz edilir və beləliklə, yekunda bütün xəbərlər 

analiz olunmadan qəbul edilir. H. Şiller bu prosesi izah edərək bey­

nin hər saat külli miqdarda informasiyanı qəbul edərək, bəzən va­

cib, ancaq ümumilikdə lazımsız informasiya məlumatlarının anba­

rına çevrildiyini söyləyir və tamaşaçının bu prosesdə seçmələyərək 

analiz edib, müəyyən rəyə gəlməsinin mümkünsüz olduğu fikrini 

irəli sürür.

Manipulyativ  texnologiyada  sensasiyalılıq  prinsipi  başlıca  yer 

tutur.  Sensasiya  informasiyanı  bölməyə,  müstəqil,  tam  biliyin 

alınmamasına imkan verən güclü vasitədir. Sensasiyanın pərdəsi 

altında  kütlənin  bilməli  olmadığı  başlıca  informasiya  ustalıq­

la gizlədilir. Sensasiya, hadisə yerindən birbaşa reportaj, birbaşa 

efirdə müsahibə informasiyanı yanlış çatdırmağa imkan verən amil 

kimi  çıxış  edir.  Müxtəlif  telejurnalistika  ədəbiyyatlarında  mənfi 

hal kimi qeyd olunsa da, manipulyasiyaya yönəlmiş bu əlverişli 

imkandan istifadə getdikcə genişlənir və yeni biçim alır. Nəzərə 

alınsa  ki  sensasiya  reytinq  cədvəllərində uğuru  təmin  edən  mü­

hüm cəhətdir, onda bu prosesin iqtisadi maraqlara söykənməsini 

də təsdiq etmək olar. 

Tamaşaçı  evindəki  televizor  vasitəsilə  gözlənilməz  gerçəkliyə 

yaxınlaşıb,  onu  xüsusi  şövqlə  izləyir.  Televiziyanın  bu  gerçəklik 

illüziyası olduqca güclü təsir vasitəsi kimi çıxış edir. Manipulya­

tiv  texnologiyada  gerçəyi  göstərmək  pərdəsi  cəlbedici  olmaqla 

bərabər, həm də inandırıcı olmalıdır. Manipulyasiya və onun tele­

viziya vasitəsilə işlədilən texnologiyalarını araşdıraraq bu qənaətə 

gəldik  ki,  bu  proses  insanları  düşünməkdən,  analiz  etməkdən 

çəkindirərək, təlqin olunan fikrə yönəldir və bunun icrası üçün dü­

şünülmüş, xüsusi ardıcıllıqla həyata keçirilən mexanizmlər möv­

cuddur.  Çağdaş  cəmiyyətdə  qarşısıalınmaz  xarakter  daşıyan  bu 

proses təhlükəli olsa da, sabitlik, qarşılıqlı dözümlülük hisslərinin 

aşılanması baxımından faydalıdır. İnsan yaranan gündən mövcud 

olan manipulyasiya yeni texniki vasitələr hesabına fərqli çalarlar 

alaraq  kütləviləşib  və  bu  proses  ictimai  nəzarətdə  saxlandıqda 

təhlükəsiz ola bilər.


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin