Telman orucov


Nəcib dalğa yayan kəhrəba (electrum) təbiətli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix12.02.2017
ölçüsü3,49 Mb.
#8342
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

Nəcib dalğa yayan kəhrəba (electrum) təbiətli  
mömin dostlara 
 
XXI  əsrin  başlanğıcından  islam  əleyhinə  təbliğat  xeyli  güclənmişdir.  Ayrı-
ayrı  ölkələrdə  baş  verən  terror  hadisələrindən  sonra  gündəlikdən  çıxmayan 
müsəlman  ekstremizmi  barədə  iddialar,  söhbətlər  baş  alıb  gedir.  İslama  qarşı 
nifrəti, kini şiddətləndirmək üçün bir-birinin ardınca törədilən cinayətlərdən böyük 
canfəşanlıqla  istifadə  edilir,  terrorçuların  dini  və  milli  mənsubluğu  əsas 
götürülərək,  onların  mənfur  icraçılarından  daha  çox  bütövlükdə  müsəlman  aləmi 
ittihamlara məruz qalır. Artıq gündəliyə “beynəlxalq terrorizm” məfhumu möhkəm 
daxil olmuş və təəssüf ki, konkret cinayətkarlardan daha tez-tez mücərrəd ümumi 
təqsirkarı  nişan  vermək  belə  qərəzli  və  ağılsız  təbliğat  üçün  üstün  əhəmiyyət 
daşımağa başlamışdır. Əlbəttə, heç kim, miqyasından asılı olmayaraq insan həyatı 
itkisi  və  böyük  maddi  ziyanla  nəticələnən  və  bu  qəbildən  olan  ağır  cinayət 
hadisələrinin  baş  verməsi  faktını  inkar  edə  bilməz,  terrorçular  təkcə  qanun 
qarşısında deyil, həm də insanların mənəvi mühakiməsi qarşısında kəskin surətdə 
məhkum edilmə cəzasından qaça bilməməlidirlər. Guya nifrət hisslərindən yaranan 
terrorun özü və onu törədənlər sərt nifrət hədəfinə çevrilməlidirlər. 
 
Beynəlxalq terrorizmin meydana gəlməsi 
 
Terror  özlüyündə  nə  qədər  iyrənc  bir  əməl  olsa  da,  hiperbola  qaydasında 
təsəvvür  olunan  hansısa  səbəb  və  motivasiyalara  malikdir.  Lakin  bu  səbəb  və 
motivasiyalar da ona haqq qazandıra bilməz. Ayrı-ayrı fərdlər və qruplar mövcud 
hökumətlərə qarşı müxalifət qaydasında terror hərəkətlərinə əl atdıqda, bu, müasir 

283 
 
Qərb  cəmiyyəti  və  həmçinin  bütün  dünya  üçün  qorxulu  bir  aspektə  çevrilir.  Hələ 
1996-cı  ildə  ABŞ  prezidenti  Bill  Klinton  terrorizmi  “bizim  nəslimizin  düşməni” 
adlandırmışdı.  Artıq  1970-ci  və  1980-ci  illərdə  terrorizm  narahatlığı  Birləşmiş 
Ştatlarda  və  bir  sıra  Avropa  ölkələrində  çox  hallarda  xarici  siyasətin  başlıca 
məsələsinə  çevrilmişdi.  Kiçik  terrorçu  qruplar  heç  nəyə  məhəl  qoymadan  mülki 
adamları öldürür, bomba partlatmaqla, girov götürməklə, təyyarələri qaçırmaqla öz 
tələblərinə diqqət göstərilməsi naminə və ya siyasi məqsədlərinə çatmaq üçün ayrı-
ayrı dövlətlərdə stabilliyi pozmağa cəhd edirdilər. 
Terror  əməliyyatları  üçün  motivasiyalar  müxtəlif  cür  olurdu.  Belə 
əməliyyatlar  həm  də  silahlı  millətçilər  tərəfindən  törədilirdi,  məqsədləri  isə 
özlərinin  separatçı  dövlətlərini  yaratmaq  idi.  Bu  vaxt  həm  də  onlara  rəğbət 
bəsləyən  yerli  əhalidən  xeyli dəstək  alırdılar. Azərbaycan  öz  taleyində  belə  terror 
sınağının baş verməsinin şahidi olmuşdu. 
1980-ci illərdə sol və sağ təmayüllü terrorçuların fəaliyyəti tənəzzülə uğrasa 
da,  beynəlxalq  terrorizm  özünü  biruzə  verirdi.  1967-ci  ildə  İsrailə  öz  ərazilərini 
itirən  bir  sıra  silahlı  fələstənli  qisas  əlaməti  kimi  işğalçını  dəstəkləyənlərə  qarşı 
terror  hücumları  etdilər.  Fələstin  terrorçuları  bütün  Avropa  dövlətlərində 
əməliyyatlar  aparırdılar.  1988-ci  ilin  dekabrında  Frankfurtdan  Nyu-Yorka  uçan 
Pan-Amerikan təyyarəsi Şotlandiyada partladıldı, bu hadisədə 258 nəfər sərnişin və 
gəmi heyətinin üzvü həlak olmuşdu. 
Əh  dəhşətli  və  dağıdıcı  terrorizm  əməliyyatlarından  biri  isə  11  sentyabr 
2001-ci ildə Birləşmiş  Ştatlarda  törədildi. Dörd  qrup terrorçu kommersiya  reaktiv 
təyyarələrini  uçuş  zolağından  qalxdıqdan  sonra  ələ  keçirdilər.  İki  təyyarə  Nyu-
York şəhərindəki Dünya Ticarət Mərkəzinin “twin”  - “ekizlər” adlanan göydələn 
binalarının  qüllələrinə  çırpıldı,  bu  iki  tikili  və  qonşuluqdakı  bir  neçə  bina  həmin 
zərbələrdən  uçdu.  Üçüncü  təyyarə  paytaxt  Vaşinqton  yaxınlığındakı  Pentaqona 
çırpıldı  və  yanğın  törətdi.  Dördüncü  təyyarə  də  qaçırıldıqdan  sonra  Vaşinqtona 
istiqamət götürmüşdü, Pennsilvaniya zonasında qəzaya uğradı. Çox güman ki, bu, 
banditlərə müqavimət göstərən qəhrəman sərnişinlər qrupunun fədakarcasına cəhdi 
nəticəsində  baş  vermişdi.  Bütövlükdə,  dörd  təyyarədəki  sərnişinlər  daxil  olmaqla 
üç minə yaxın adam həlak olmuşdu. 
Bu  bir-birilə  əlaqələndirilən  terror  əməliyyatlarını  beynəlxalq  terrorçu 
təşkilat  kimi  tanınan  Əl-Qaydaya  bağlı  olan  təyyarə  qaçıranlar  icra  etmişdilər. 
Təşkilatın  rəhbəri  2011-ci  ildə  amerikan  xüsusi  təyinatlı  dəstəsi  tərəfindən  qətlə 
yetirilən Üsamə ben Laden idi. O, Səudiyyə Ərəbistanından olmaqla Əfqanıstanda 
terrorçu  məşq  düşərgəsi  yaratmışdı,  orada  Taliban  kimi  tanınan,  milli  silahlı 
fundamentalist  islamçı  hakimiyyət  tərəfindən  himayə  edilirdi.  Bundan  əvvəl  də 
ABŞ-da  baş  vermiş  terror  əməliyyatlarına  görə  ben  Ladendən  şübhələnilmişdi. 
Onun  fəaliyyəti  Sovet  ordusu  ilə  vuruşan  əfqan  mücahidlərinə  kömək  gostərmək 
qaydasında başlamışdı və həmin dövrdə onu məhz ABŞ yetişdirmişdi. 
Qərbə,  xüsusən  Birləşmiş  Ştatlara  qarşı  terrorçu  əməllər  özünün  başlıca 
mənbəyini  bəzi  müsəlman  ölkələrindən  götürür.  Şübhəsiz  ki,  davam  edən  İsrail-
Fələstin münaqişəsi, bu qarşıdurmada Birləşmiş Ştatlar İsraili möhkəm dəstəkləyir, 
çox sayda müsəlmanlar arasında anti-Qərb, xüsusən anti-Birləşmiş Ştatlar hissinin 

284 
 
qalxmasına  kömək  etdi.  1979-cu  ildə  İranda  baş  verən  inqilab  və  yeni  islam 
hökumətinin  yaranması  həmçinin  anti-Qərb  hissiyyatını  qidalandırdı.  Ayatolla 
Xomeyninin  gözündə  Birləşmiş  Ştatlar  “böyük  şeytan”  idi,  İsrailin  qüdrətli 
himayəçisi və hər yerdən olan müsəlman xalqlarının düşməni idi.  
Amerika  Birləşmiş  Ştatlarının  1991-ci  ildə  İran  körfəzi  müharibəsində 
Küveytin  azadlığı  uğrunda  mübarizəyə  cəlb  edilməsi  islamla  Qərb  arasındakı 
münasibətlərdə  görünməmiş  nəticələrə  səbəb  oldu.  Müharibə  dövründə  Birləşmiş 
Ştatlar  qüvvələri  Səudiyyə  Ərəbistanında  yerləşmişdi,  bu  ölkə  isə  məlum  olduğu 
kimi  islamın  müqəddəs  şəhərlərinin  məkanıdır.  Amerikan  qüvvələrinin  burada 
olması  anti-qərbçi  islam  qrupları  tərəfindən,  xüsusilə  Üsamə  ben  Laden  və  onun 
ardıcılları  tərəfindən  islama  təhqir  kimi  qiymətləndirildi.  Radikal  islam  qrupları 
2003-cü  ildə  Madriddə  bomba,  2005-ci  ildə  isə  Londonda  metro  vaqonlarını 
partlatdılar. 
Birləşmiş  Ştatların  2003-cü  ildə  İraqa  hücumu  Qərbə  qarşı  bir  sıra  islam 
qruplarının  qəzəbini  daha  da  alovlandırdı.  Səddam  Hüseyn  rejimi  ilə  Əl-Qayda 
arasında  hansısa  əlaqənin  olmasına  elə  bir  sübut  tapılmasa  da,  ABŞ  İraqa  qarşı 
priventiv  müharibə  başladı.  İraqlıların  çoxunun  Səddamın  devrilməsini 
alqışlamasına baxmayaraq, günahsız mülki adamların ölümü və amerikan əsgərləri 
tərəfindən  İraq  dustaqxanalarında  cəza  çəkənlərə  işgəncə  verilməsi  müsəlman 
dünyasında anti-amerikan hissinin dərinləşməsinə xidmət göstərdi. 
Əlbəttə,  yuxarıda  sadalanan  cinayətlər  müsəlman  terrorçular  tərəfindən 
həyata  keçirilmişdir. Onların  dini  mənsubluğuna heç bir  şübhə yeri  qalmır. Lakin 
bir  ovuc  qatilin  əməlini  bu  dinə  inanc  gətirənlərin  sayı  1,5  milyard  olan  islamın 
adına  yazmaq,  hansısa  cinayətkarlara  görə  bütövlükdə  müsəlman  aləminə  qarşı 
ağır ittihamlar irəli sürmək ağılsız olmaqla yanaşı, ən azı insafsızlıqdır və reallığın 
mahiyyətinə  göz  yummaqdır.  Çox  işlədildiyindən  artıq  bayağı  səslənən 
“cinayətkarın  milləti və dini  yoxdur” sözlərini  yenidən təkrar etmək  lüzumundan 
qaçmaq olmur. 
 
Qərblə Şərq arasında tarixi etimadsızlıq və bəzi  
transformasiyalar 
 
İslama qarşı hücumlar dini dözümsüzlükdən qidalandığı kimi, bünövrəsində 
daha  dərin  tarixi  köklər  gizlənir.  İslamdan  əvvəlki  dünyada  da  Qərblə  Şərqin 
münasibəti  vaxtaşırı  konfliktlərlə  müşayiət  olunurdu.  XIX  və  XX  əsrlərin 
hüdudlarında  yazıb  yaratmış  ingilis  yazıçısı  və  imperializmin  apologeti  kimi 
tanınan Redyard Kiplinq bu iki qütbü təmsil edənlər arasında fərqin dərin olduğunu 
vurğulamaq  xatirinə  demişdi  ki,  “Yerlə  Göy  birləşə  bilər,  lakin  Qərblə  Şərq  heç 
vaxt  birləşə  bilməz”.  Belə  təsdiq  ilk  növbədə  Böyük  Britaniyanın  imperialist 
siyasətinə haqq  qazandırmaq  məqsədini güdürdü.  O, bəzən  şərqliləri, Hindistanda 
bir yerdə yaşadığı yerli əhalini təhqiramiz ifadələrlə yad etməkdən də çəkinmirdi. 
Həmin  dövrdə  onun  kimi  düşünənlər,  Şərqi  aşağılamağa  çalışanlar  heç  də  az 
deyildi. Daha obyektiv yanaşılsa, Qərblə Şərqin bir-birinə ittihamlar irəli sürməsi, 
nifrət hissləri formalaşdırması yeni bir hadisə deyildi, dərin kökləri olan qocaman 

285 
 
ağacın yalnız gözə çarpan yarpaqları idi. 
Həqiqətən  də  minilliklər  ərzində  Qərblə  Şərq  arasında  vaxtaşırı  baş  verən 
münaqişələr  daimi  xarakter  alan  qarşılıqlı  etimadsızlığın  mövcudluğunu  nümayiş 
etdirirdi.  Bürünc  dövrünün  sonlarında,  bizim  eradan  əvvəl  XIII  əsrdə  Mikena 
hökmdarı  Aqamemnonun  başçılığı  altında  Yunanıstanın  birləşmiş  ordu  qüvvələri 
Füsunkar  Yelenanı  geri  qaytarmaq  bəhanəsi  altında  Kiçik  Asiyadakı  varlı  Troya 
şəhər-dövlətinə  hücum  edib,  bu  şəhəri  dağıtmışdı.  Homer  özünün  ölməz 
“İliada”sında  on  il  davam  edən  bu  müharibəni  hər  cür  təfərrüatı  ilə  təsvir  edir. 
Asiyalılar həmin dövrdə həmçinin Suriyanın timsalında misir faraonu II Ramzeslə 
Kadeş  döyüşündə  özünü  müdafiə  etmək  məcburiyyətində  də  qalmışdı,  Avropaya 
müdaxilə onların yadına da düşə bilməzdi. Bundan bir qədər sonra “dəniz xalqları” 
hücum edib Yeni Hett dövlətini məhv etmişdilər. 
Lakin səkkiz əsrdən sonra Şərq də Avropa barədə öz iştahını məmnun etmək 
yolunu tutdu. Böyük Kirdən sonra Persiya imperiyasının ərazisini xeyli böyüdən və 
qüdrətini  möhkəmləndirən  I  Dara  öz  dövlətinin  sərhədlərini  daha  da 
genişləndirmək üçün Avropaya keçdi, Trakiyanı və Makedoniyanı işğal etdi, lakin 
bizim  eradan  əvvəl  490-cı  ildə  Afinaya  qarşı  Marafon  döyüşündə  məğlubiyyətə 
uğradıqdan sonra geri çəkilməyə məcbur oldu. On il sonra onun varisi Kserks yüz 
əlli  min nəfərlik qoşunla  (daha böyük  rəqəmlər  də gətirilir) Balkan  yarımadasına 
girmək  istədikdə,  Fermopil  keçidində  sonralar  rəmzə  çevrilmiş  300  spartalının 
ağıla  sığmayan  müqaviməti  ilə  üzləşmiş,  yalnız  bir  yunanın  xəyanəti  nəticəsində 
başqa  dağ  yolu  ilə  yarımadanın  içərilərinə  doğru  irəliləmişdi.  Perslər  Afinanı 
tutmuş,  oda  vermiş  və  qarət  etmişdilər.  Femistoklun  başçılıq  etdiyi  Afina 
donanması  Persiya  hərbi-dəniz  qüvvələrini  Salamin  adası  yanındakı  boğazda 
darmadağın etmişdi. Sonrakı ildəki məğlubiyyətlər də Kserksi Elladanı zəbt etmək 
fikrindən daşınmağa məcbur etmişdi. 
Artıq  qonşu  əraziləri  özünə  tabe  etmiş  Makedoniyanın  timsalında  Avropa 
Persiyanı öz müdaxiləsinin hədəfi seçərək, b.e.ə. 334-cü ildə iki il əvvəl taxt-tacda 
qətlə yetirilmiş atasını əvəz edən 22 yaşlı III Aleksandrın başçılığı altında qoşunlar 
Hellespont  boğazını  keçib,  Persiya  ilə  müharibəyə  başladı.  İss  döyüşündə  sayca 
özününkündən çox üstün olan III Daranın ordusu üzərində möhtəşəm qələbə çaldı. 
Persiya çarı qaçıb canını qurtarsa da, xəzinə və çarın ailə üzvləri Aleksandrın əlinə 
keçdi.  Qavqamela  döyüşündə  isə  Aleksandr  perslər  üzərində  qəti  qələbəyə  nail 
oldu.  Sonra  o,  Soqdiananı,  Baktriyanı  və  Hindistanın  şimalını  işğal  etdi.  Böyük 
Aleksandrın  məqsədi  o  vaxtlar  məlum  olan  dünyanı,  onun  qurtaracağını  (bu, 
Yaponiya  idi)  fəth  etmək  idi.  Lakin  ordusunun  qiyamı  bu  planın  icrasına  mane 
oldu və onu Hindistandan geri dönməyə məcbur etdi. 
Aleksandrın  Şərqə  yürüşü  vaxtı  iki  qütb  arasındakı  köhnə  və  yeni 
münasibətləri əks etdirən üç hadisə baş verdi. Plutarxın yazdığına görə sərkərdəni 
müşayiət  edən  getera  Taida  Afinanın  perslər  tərəfindən  yandırılmasının  qisasını 
almaq üçün Persepolisdəki məclisdə əylənənlərin hamısını çarın gözləri qarşısında 
Kserksin  sarayını  yandırmağa  çağırdı.  Saray  oda  verildi  və  bu  hadisə  yunan 
qadınlarının  öz  vətənlərinin  taleyinə  görə  perslərdən  necə  intiqam  aldıqlarının 
simvoluna  çevrildi.  Köhnə  münasibət  relikti  həm  də  özünü  bu  qaydada  nümayiş 

286 
 
etdirdi. Yeni  münasibətin  təməlini  isə  Böyük  Aleksandrın özü  qoyurdu. Suriyanı, 
Palestinanı  və  Misiri  işğal  etdikdən  sonra  o,  misir  faraonunun  ənənəvi  titulunu 
qəbul etdi. Onu artıq Amonun oğlu kimi salamlayırdılar, bu yunanlara görə Zevsin 
oğlu  adlanmağa  bərabər  idi.  Yeni  “faraon”  Misirdə  öz  adını  əbədiləşdirən 
Aleksandriya şəhərini saldı və bu şəhər Misirin yunan inzibati paytaxtına çevrildi. 
Aleksandr  Asiyada işğal  etdiyi  ərazilərdə  70-dən  artıq  şəhərin  əsasını qoymuşdu. 
Üçüncü  hadisə  isə  ondan  ibarət  idi  ki,  Hindistandan  geri  döndükdən  sonra 
Aleksandr  Suzada  on  min  nəfər  öz  döyüşçüsünün  yerli  qızlarla  evləndirilməsi 
mərasimini keçirdi. O, özü də Baktriya zadəganının qızı Roksana ilə ailə qursa da, 
bu vaxt ikinci dəfə, Daranın qızı Statiraya evləndi. Böyük Aleksandr bu tədbirdən 
daha uzağa gedən məqsədlər güdürdü, o, Qərblə Şərqi yaxınlaşdırmaq üçün digər 
mühüm işlərlə yanaşı bu vasitədən də faydalanmaq istəyirdi. 
Böyük  Aleksandr  tarixdə  ən  müəmmalı  böyük  şəxsiyyətlərdən  biridir.  O, 
Homerin daim özü ilə gəzdirdiyi “İliada”sındakı qəhrəman döyüşçü Axillesi təqlid 
etməyə  çalışırdı.  Faraon  kimi  isə,  o,  Misir  ənənələrinə  görə  yaşayan  allah  idi  və 
hətta yunan şəhərlərinə təlimat göndərmişdi ki, “onu allah kimi tanısınlar”. 
Aleksandr ümumi bəşəriyyət idealına inanırdı. Ona görə də 324-cü ildə yerli 
qadınlarla  öz  döyüşçülərinin  kütləvi  qaydada  evlənmə  şənliyini  təşkil  etmişdi. 
Özünü Böyük Çar adlandırır və tələb edirdi ki, təbəələri onun qarşısında perslərə 
məxsus  olan  qaydada  təzim  etsinlər.  O,  pers  paltarı  geyinirdi,  perslərdən 
inzibatçılar  kimi  istifadə  edirdi  və  yerli  gəncləri  Makedoniya  hərbi  metodları 
qaydasında məşq etdirirdi. Aleksandr hiss edirdi ki, makedoniyalıların, yunanların, 
perslərin idarəedici bir sinifdə əriməsinə ehtiyac vardır və güman edirdi ki, bu, onu 
belə  nəhəng  imperiyaya  uğurla nəzarət etməyə  qadir  edəcəkdir. O, özünün böyük 
dövlətində,  nəhəng  imperiyasında  bütün  təbəə  xalqları  partnyorlar  kimi 
birləşdirmək  istəyirdi.  Bu  isə  köhnə  düşmənçiliyi  unutdurmağa  kömək  edəcəkdi. 
Ona  görə  də,  o,  narazı  Makedoniya  veteranlarını  vətənə  yola  salmışdı.  Bütün  bu 
yeni,  böyük  əhəmiyyət  daşıyan  tədbirləri,  əməlləri  ilə  Böyük  Aleksandr  özünü 
sözün  həqiqi  mənasında  yunanların  təbirincə  “kosmopolit”  adlanan  ilk  dünya 
vətəndaşı kimi təsdiq etmişdi. Ondan altı  əsr sonra Roma imperatoru olan, böyük 
filosof Mark Avreli də özü barədə bu cəhəti vurğulayaraq demişdi ki, “Bir Antonin 
kimi mən Roma vətəndaşıyamsa, bir insan kimi dünya vətəndaşıyam”. 
Beləliklə,  Aleksandr  fəthlərindən  az  əhəmiyyət  kəsb  etməyən  yeni  era, 
Ellinistik  era  yaratdı.  Onun  imperiyasının  miqyasını  ötüb  keçənlər  oldu,  Roma 
imperiyası Aleksandrın imperiyasından iki dəfə, Çingiz xanın imperiyası isə dörd 
dəfə böyük idi. Lakin bir çox yeni ideyaları təcəssüm edən Ellinistik eranın banisi 
kimi dünya tarixində heç kəs onunla müqayisə oluna bilməz. Ellinistik yunan sözü 
olub  “yunanları  təqlid  etmək”  mənasını  verirdi.  Bu  erada  yunan  dili  və  ideyaları 
qədim  Yaxın  Şərqin  qeyri-yunan  dünyasına  yayıldı.  Persiya  monarxiyası 
Aleksandr tərəfindən məhv edildikdən sonra yunan-Makedoniya idarəçiliyi nəhəng 
əraziyə genişlənmişdi. Bu, yunan mühəndisləri, intellektualları, tacirləri, əsgərləri 
və inzibatçıları üçün münbit şərait yaratdı və heç də nəticəsiz qalmadı. Onun yeni 
imperiya  görüşləri,  heç  şübhəsiz,  yoxa  çıxmadı,  sonralar  romalıları  ilhamlandırdı 
və onlar əslində Aleksandr irsinin varislərinə çevrildilər. 

287 
 
Aleksandr həm də böyük mədəni irs qoyub getmişdi. Yunan dili, incəsənəti, 
arxitekturası  və  ədəbiyyatı  bütün  Yaxın  Şərqə  yayılmışdı.  Ellinistik  eranın  şəhər 
mərkəzləri,  onlardan  çoxunun  əsası  Aleksandr  və  onun  varisləri  tərəfindən 
qoyulmuşdu,  yunan  mədəniyyətinin  başqa  xalqlara  nüfuz  etməsi  üçün  tramplin 
rolunu oynadı. Yaradılan şəhərlərin və hərbi koloniyaların sakinlərinin çoxu yunan 
muzdlularından ibarət idi. 
Yunanlar  öz  mədəniyyətini  Şərqə  yayanda,  onlar  həm  də  Şərqin  təsirinə 
məruz  qalırdılar.  Beləliklə,  Aleksandrın  irsi  Ellinistik  dünyanın  möhürlərindən 
birinə çevrildi. Bu isə fərqli mədəniyyətlərin görüşməsi və bir-birinə nüfuz etməsi 
idi. 
Aleksandr  tarixdə  ilk  və  bəlkə  də  son  dəfə  olaraq  öz  dövrünün  daha 
sivilizasiyalanmış Avropasını (Yunanıstanı) və Asiyanın böyük bir hissəsini – həm 
iqtisadi,  həm  də  mədəni  cəhətdən  birləşdirməyə  səy  göstərmişdi.  Onun  vaxtsız 
olümü  bu  möhtəşəm  layihənin  həyata  keçməsinə  ciddi  maneəçilik  törətdi.  Onun 
imperiyası  bir  neçə  dövlətə  parçalandı.  İmperiyadan  əsər-əlamət  qalmadı,  onun 
yerində  Makedoniya,  Selevkid  dövləti,  Perqamın  Attalid  çarlığı  və  Ptolomeylərin 
hökmranlığı  altında  Misir  monarxiyası  meydana  gəldi.  Onun  varisləri  olan 
diadoxlar təkcə öz sələflərini deyil, imperiyanı da qəbirə gömdülər. Blez Paskalın 
Kleopatra barədə dediyi sözlərdən istifadə edərək qeyd etmək olar ki, Aleksandrın 
varislərinin burnu bir qədər gödək olsaydı, yəqin ki, ən azı birləşdirdiyi ərazilərdə 
Avropanın  və  Asiyanın  sifəti  tamam  başqa  cür  olardı.  Qərbin  və  Şərqin 
münaqişələrlə  naxışlanmış  münasibətinə  son  qoyular  və  onlar  birgə  yaşanılan 
həyatın  üstünlüklərini  və  mədəni  ziyafətinin  zənginliyini  daha  uzun  müddət  və 
böyük həzzlə dadmış olardılar. Lakin bədbəxtlikdən Makedoniya ordusunun hərbi 
liderlərini  heç  də  Qərblə  Şərqin  bir-birinə  nüfuz  etməklə  inkişaf  etmiş  yeni 
sintezini  qoruyub  saxlamaq  deyil,  hakimiyyət  uğrunda  mübarizə  daha  çox  cəlb 
edirdi. 
Bu  parçalanmaya,  bölünməyə  baxmayaraq  ellinistik  şəhərlər  qeyri-yunan 
dənizində  yunan  mədəniyyəti  adaları  olaraq  qaldılar.  Bu  vahədən  ətrafa  gur 
energetika  şüaları  yayılırdı.  Eranın  yunan  şəhərləri  ellinistik  mədəniyyətin  Yaxın 
Şərqdə,  həmçinin  müasir  Əfqanıstan  və  Hindistan  kimi  uzaq  ərazilərdə  baş 
hərəkətverici  qüvvə  rolunu  oynadı.  Bizim  eranın  IX-XII  əsrlərində  də  çoxtərəfli 
islam və ya əl-Əndəlus mədəniyyəti İspaniyada da məhz bundan geri qalmayan və 
əyani nümunələri ilə Avropanı sivilizasiyalanmağa çağıran bir rol oynadı. 
Bu  proses  həmçinin  şəhərlərin  çiçəklənməsində  mühüm  rol  oynayırdı.  İki 
baş  ticarət  yolu  Aralıq  dənizi  ilə  Şərqi  birləşdirirdi.  Mərkəzi  marşrut  başlıca  rol 
oynamaqla, dəniz vasitəsi ilə Hindistanı İran körfəzi ilə, Dəclə çayı vasitəsi ilə isə 
Babil  şəhərini  əvəz  edən  Selevkiyanı  birləşdirirdi.  Çox  müxtəlif  adda  əmtəələrlə 
ticarət aparılırdı. İspaniyadan qızıl və gümüş, Kiçik Asiyadan duz, Makedoniyadan 
meşə  materialı,  Tirdən  al  qırmızı  boya,  Hindistandan  ebonit,  qiymətli  daşlar,  fil 
sümüyü və ədviyyat, Ərəbistandan ətirli maddələr, Trakiyadan, Suriyadan və Kiçik 
Asiyadan qullar, Suriyadan və Kiçik Asiyanın qərbindən yaxşı şərablar, Afinadan 
zeytun  yağı,  həmçinin  başqa  ölkələrdən  bir  sıra  ekzotik  mallar  gətirilirdi.  Ən 
başlıca ticarət isə həyat üçün təməl əhəmiyyət daşıyan ərzaqla – taxılla aparılırdı. 

288 
 
Onun əsas ixrac zonaları Misir, Suriya, Siciliya və Qara dəniz regionu idi. Ticarət 
tarixdə şəhərlərin yaranmasında mühüm rol oynadığı kimi, xalqlar arasında iqtisadi 
və  bunun  nəticəsi  kimi  mədəni  əlaqələrin  inkişafına  əvəzsiz  kömək  göstərirdi. 
Xüsusən  sülh  dövründə  ticarət  gur  inkişaf  edirdi,  lakin  müharibələr  də  onun 
aparılmasını  bütünlüklə  dayandıra  bilmirdi.  Ellinistik  dünyadakı  ticarət  müasir 
qloballaşmanın ilkin işartıları rolunu oynayırdı, onun ölkələri və xalqları bir-birinə 
yaxınlaşdırması  ilə  müqayisədə  ikinci  bir  uğurlu  vasitənin  mövcud  olduğunu 
söyləmək çətin məsələdir. 
Yunan  polisləri  (şəhər-dövlətləri)  çoxdan  öz  gücünü  itirmişdi,  lakin  yunan 
mədəniyyəti  Aralıq  dənizinin,  Asiyanın,  Misirin,  Qara  dəniz  ətrafının  ellinistik 
dövlətlərində yayılmaqda davam edirdi. Yunan dili hər yerdə savadlı adamların dili 
hesab olunurdu, yunan elmi isə (matematika, astronomiya, tibb və fəlsəfə) mühüm 
nəticələrə malik oldu. 
Aleksandrın planı irqləri bir-birində əritmək idi, lakin bu plan uğursuzluğa 
düçar olurdu. İran satrapları (əyalət valiləri) güman ki, səmərəli deyildi, ona görə 
də onların yarısından çoxu edam edilmişdi. İmperiyanı əmələ gətirmək üçün çoxlu 
inzibati  vahidlər  arasındakı  yeganə  əlaqə  məhz  məşhur  sərkərdənin  özü  idi  və 
təəssüf ki, problemi həll etməmişdən əvvəl o, həyatdan getdi. 
Aleksandrın  qısa  müddətli  hökmranlığı  Avropa  və  Asiyanın  tarixində 
həlledici  bir  dövr  xarakteri  daşıyır.  Onun  fəaliyyəti  sivilizasiyanın  böyük 
mərkəzlərinin  Şərqə  tərəf  köçməsinə  aparıb  çıxardı  və  bu,  geniş  məskunlaşma 
dalğasında ellinizmi bütün Yaxın Şərqə yaydı və siyasi cəhətdən olmasa da, ən azı 
iqtisadi  və  mədəni  cəhətdən  bu  ərazidə  ellinizmi  meydana  gətirdi.  Ayrıca  dünya 
Gibraltardan  Pəncaba  qədər  uzandı,  bu  dünya  ölkələr  arasında  ticarət  və  sosial 
əlaqələr  üçün  açıldı.  Axı  bu  dünya  ümumi  sivilizasiyaya  əsaslanırdı.  İmperiya  o 
qədər  geniş  idi  ki,  onun  ölçülərini  təsəvvür  etmək  də  çətin  idi.  Gibraltar 
boğazından İnd çayına, Almaniya meşələrindən və Rusiya düzənliklərindən Saxara 
səhrasına və Hind okeanına qədər uzanırdı. 
Ellinistik era bizim eradan əvvəlki 300-cü illərdən başlayaraq sonrakı altı əsr 
ərzində  davam  etdi.  Bu  era  başlanğıcını  Böyük  Aleksandrın  işğallarından 
götürməklə  Romanın  ilk  xristian  imperatoru  Konstantinə  qədər  olan  bir  dövrü 
əhatə edir. Aleksandrın imperiyası və onun varisləri böyük dünya birliyi yaratdı, bu 
mədəni  birlik  min  il  sonra  müsəlman  imperiyasının  meydana  çıxması  ilə  öz 
sonluğuna çatdı. 
Ellinistik  çarlıqlarda  şəhərlərin  mühüm  rol  oynaması  ilə  yanaşı  müstəqil 
şəhərlər də var idi ki, onlar əhalilərinin sıxlığı ilə fərqlənirdilər. Bəzi çarlar köhnə 
şəhərləri  dağıdıb,  yenilərini  yaratmağa  girişirdilər.  Bu  şəhərlər  Makedoniyadakı 
şəhərlərin  və  çar  ailəsi  üzvlərinin  adlarını  daşıyırdılar.  Belə  şəhərləri  Finikiyada, 
daha çox isə Suriyada görmək olardı. 
Persiya  imperiyası  da  əsasən  xalqların  birliyinə  əsaslanırdı,  yarandığı 
vaxtdan  Çar  Böyük  I  Dara  da  imperiyada  öz  sələfi  Böyük  Kirin  dözümlülük 
siyasətini  davam  etdirirdi.  Bir  sıra  xalqlara  öz  ənənələrini,  dilini  və  dinini 
saxlamağa  icazə  vermişdi.  Lakin  sonralar  imperiya  tənəzzülə  uğradı  və  Böyük 
Aleksandrın işğalı onun mövcudluğuna son qoydu. 

289 
 
 
Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin