Telman orucov


Kitabın yaratdığı təəssüratın epiloqu



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix12.02.2017
ölçüsü3,49 Mb.
#8342
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

Kitabın yaratdığı təəssüratın epiloqu 
 
Conatan Blekin kitabını oxuyub qurtardıqdan və səthi də olsa təhlilə məruz 
qoyduqdan  sonra  dünyanın  sirrli  cəhətləri  barədə  çox  qarışıq,  mürəkkəb  fikirlər 
meydana  gəlir.  Axı  gizli  cəmiyyətlər  barədə  biz  onlara  tənqidi  cəhətdən  həsr 
olunmuş, az qala ifşa xarakteri daşıyan  əsərlərdən müəyyən məlumatlar almışdıq. 
Müəllifin iyirmi illik zəhmətinin bəhrəsi olan «Dünyanın gizli tarixi» kitabında isə 
Kainatın  yaranmasının  yeni  versiyasını,  Kabala,  frimasonlar,  astrologiya, 
əlkimyaçılar  barədə  tam  başqa  ideyaları  əhatə  edən  düşüncələrlə  tanış  oluruq. 
Yaxşı  cəhət  orasındadır  ki,  müəllif  heç  də  bu  cərəyanlara  xüsusi  məhəbbət  hiss 
etdiyini  göstərmir,  ona  görə  də  əsərdə  şit  tərif  və  sitayiş  münasibətindən  yaranan 
mədh nişanələrinə də rast gəlinmir. 
Materialist  fəlsəfə,  onun  barışmaz  kahinləri  daim  materiyanın  birinciliyi 
barədə  kristallaşdırdıqları  fikiri  əsaslandırmaq  üçün  şüur,  ideyalar  dünyasının  hər 
cür  təzahürlərinə  qarşı  aqressiv  mübarizəni  nümayiş  etdirirlər.  Şüurun,  ideyaların 
hakim  kəsildiyi,  aparıcılıq  etdiyi  aləm  onlara  görə  maddi  dünyanın  kölgəsində 
qaldığından,  buna  elə  bir  əhəmiyyət  də  vermirlər,  kiçik  xatırlanma  cəhdinə  qarşı 
isə  az  qala  səlib  yürüşü  elan  edilir.  İdeyanın  boynunu  vurmaq  mümkün 
olmadığından,  ona  qarşı  çıxanlar  öz  cəbbəxanalarında  olan  maddi  vasitələrdən 
istifadə  etmək  imkanından  məhrum  olurlar,  ona  görə  də  əks  cəbhəni  anafemaya 
məhkum  etmək  yolunu  tuturlar.  Çox  hallarda  elmi  kəşflər  də  şüurun  mühüm 
rolunun inkar edilməsinə xidmətə cəlb edilir. 
Qədim  insanlardan  bizə  ötürülən  ağıllı  məsləhətlər  belə  unutqanlıq 
tiraniyasına  tabe  edilərək,  həyatın  izah  və  tətbiq  edilməsi  dövrəsindən 
uzaqlaşdırılır.  Axı  qədim  müdriklər  öz  müşahidələri  və  düşüncələri  ilə  müxtəlif 
elmlərin təşəkkül tapmasına əvəzsiz köməklik göstərmişdilər. Onlar hansısa hakim 
ideyanın  əsarətində  olmadıqlarından,  təbiəti,  göy  cisimlərini,  həyatda  baş  verən 
qəribə hadisələri seyr etməklə, müəyyən nəticələrə gələrək, onları sistemləşdirməyi 
bacarmışdılar.  Qədim  şumerlərin  bəşəriyyət  üçün  böyük  ixtiralarından  biri  Səma 
Ayı  təqvimi  idi,  onlar  əkinçilik  üçün  lazım  olan  vaxtın  düzgün  müəyyən 
olunmasında  Ayın  dövr  etməsindən  istifadə  edirdilər.  Ay  on  iki  dəfə  bu  dövrəni 
başa  vurub  keçdikdə  il  qurtarırdı.  Beləliklə  şumerlərin  təqvimi  Göy  cisimlərinin 
hərəkətini böyük  dəqiqliklə  müşahidə etmək hesabına  meydana  gəldi, sonralar bu 
kəşf nəinki öz qiymətini itirmədi, əksinə müasir yəhudi və islam təqvimlərində də 
istifadə edilməsini davam etdirir. İl 12 aya bölündüyü kimi, şumerlərdə gün də hər 
biri 12 saatdan ibarət olan iki hissəyə bölünürdü. 
Köhnə  Babilistanda  da  riyaziyyat  Şumer  bünövrəsinə  əsaslanırdı.  Onlar  öz 
arifmetikalarını 12-yə vurmaq əsasında qururdular, o vaxtlar hələ «sıfır» ədədi icad 
edilməmişdi. Sonralar ingilislər pul vahidlərində 12 rəqəmindən istifadə etmişdilər. 
12 penni bir şillinqə bərabər idi. 
Qədim misirlilər də həyat və fəaliyyətlərinin Göy cisimlərinin hərəkətindən 
və  mövqeyindən  asılı  olduğu  qənaətinə  gəlmişdilər.  Sirius  ulduzu  Nilin 

256 
 
daşacağından  xəbər  verirdi.  Bu  isə  çay  ətrafındakı  vadilərə,  torpaqlara  əslində 
həyat  bəxş  edirdi.  Əhali  hər  il  bu  qaydada  münbitliyi  artmış  torpaqdan  bol  taxıl 
məhsulu  götürürdü.  Ona  görə  də  Yuli  Sezar  vaxtında  da  Misir  Roma  üçün  taxıl 
anbarı hesab olunurdu. Nil, təkcə torpağa bərəkət gətirmirdi,  əhalini bol qida ilə, 
ərzaqla  təmin  edirdi.  Ona  görə  də  tarixin  atası  Herodot  Misiri  «Nilin  hədiyyəsi» 
adlandırmışdı. 
Bürclərin insanların taleyində, xarakterində oynadığı rolu qədim çinlilərdən, 
yaponlardan  əxz  edilmiş  biliklərə  yiyələndikdən  sonra,  onların  necə  böyük 
əhəmiyyətə malik olduğu qənaətinə gəldik. On iki bürc altında doğulan uşaqların 
müxtəlif talelərə qismət olması, elə bil ki, ulduz topasının müəyyən etdiyi kodlarda 
əvvəlcədən  nişanələnmişdir  və  heç  bir  şey  onu  əsaslı  qaydada  dəyişdirə  bilmir. 
Yaponlar  hər  60  ildən  bir  təkrar  olunan  «Odlu  at»  ilində  doğulan  uşaqlarının 
gələcəkdə  bədbəxt  olmamaları  üçün  hətta  onların  anadan  olma  illərini 
dəyişdirməklə,  bu  taleyi  azacıq  da  olsa  korrektə  etməyə  cəhd  göstərirlər.  Onlar 
bürcün  insan  həyatı  üçün  belə  sərt  hakimiyyətinə  az  qala  itaət  qaydasında 
yanaşırlar.  Əgər  ulduzlar,  planetlər  insan  həyatına  belə  müdaxilə  etmək 
qabiliyyətinə  malikdirlərsə,  onda  görən  astrologiyaya  niyə  belə  mənfi  münasibət 
qalmaqda davam edir.  
Məgər  XXl  əsrdə  də  Yer  həyatı  hadisələrini  göy  cismlərinin  tutduğu 
mövqeyə görə qabaqcadan xəbər verilməsi qaydası tətbiq edilmirmi? 
Əgər  astrologiya  qədim  Xaldeyada  yaranmışdısa  və  orta  əsrlərdə  geniş 
yayılmışdısa, hökmən o təkzib edilməlidirmi? Axı elmlərin çoxunun vətəni qədim 
Şərq ölkələri olmuşdur və bu bilik xəzinəsi indi də öz dəyərini itirməməlidir. 
Kitabdan görünür ki, dahi şəxsiyyətlərin əksəriyyəti bu və ya digər dərəcədə 
fövqəltəbii  qüvvələrin  təsirinə  məruz  qalmış,  onların  bələdçilikləri  ilə  tarixi 
bəzəyən,  naxışlandıran  hadisələrin  müəllifləri  olmuş,  əslində  tarixi  yaradanlara 
çevrilmişlər.  Onların  dahiliyi  həm  də  vergi  xarakteri  daşıyırdı  və  hələ  gənc 
yaşlarından  onlarda  olan  fövqəladə  qabiliyyətlər  və  istedad  üzə  çıxmağa 
başlamışdı.  Böyük  Aleksandrın  şücaəti  çox  erkən  özünü  biruzə  vermişdi.  Ram 
olmayan  Butsifalı  çapıb  qayıdanda,  atası  ll  Filipp  Aleksandra  demişdi:  «Oğul, 
özünə başqa çarlıq axtar, Makedoniya sənin üçün çox kiçikdir». Bu belə də oldu, 
Aleksandr  tarixin  ona  qədər  görmədiyi  nəhəng  bir  imperiya  yaratdı,  ilk  dəfə 
Avropa ilə Asiyanın vəhdətini bərqərar etməyə uğurlu bir cəhd göstərdi. Bu o dövr 
üçün dünya inqilabına bərabər bir hadisə idi.  
Qalliyadan  qayıdan  Yuli  Sezar  b.e.ə.  49-cu  ilin  ilk  günlərində  Rubikonu 
keçməklə  qadağanı  pozaraq  öz  ordusu  ilə  Roma  ərazisinə  daxil  olanda,  yəqin  ki, 
onu  təkcə  öz  iradəsi  və  ağılı  idarə  etmirdi.  Bu  hərəkəti  ilə  o,  ölkəsini  vətəndaş 
müharibəsinə  cəlb  etməklə  yanaşı,  həm  də  özünün  gələcək  faciəli  qətli  üçün 
bünövrə  daşını  qoymuş  oldu.  Napoleon  özü  fövqəltəbii  qüvvələrin  təsiri  altında 
olduğunu etiraf etmişdi. Corc Vaşinqton əsl frimason kimi təkcə onun qaydalarına 
deyil, həm də göy cismlərinin diqtəsinə boyun əyməkdən qaçmırdı. 
İudaizm  təlimi  olan  Kabala  hər  şeyin  əsasını  rəqəmlərdə  və  yəhudi 
əlifbasının  hərflərində  axtarmağı  təlqin  etməklə,  həm  də  sehrli  hadisələri  və 
ibadətləri izah etməyə qadir idi. Kabalanı mistitsizmlə əlaqələndirmək, heç də onu 

257 
 
bütünlüklə  inkar  etmək  dərəcəsinə  çatmamalıdır,  çünki  bu  ona  sidq  ürəklə 
inananların  hisslərinə  toxunmamış  qalmayacaqdır.  Tədqiqatlar  görkəmli 
rəssamların  əsərlərində  təsvir  olunanların  kodlaşdırılmış  mesaj  olmasını  göstərir. 
Xristian kilsəsində həyəcanla qarşılanan yazıçı Den Braunun «Da Vinçi kodu» adlı 
əsəri  məşhur  intibah  rəssamı  Leonarda  Da  Vinçinin  Milan  monastrında  çəkdiyi 
«Son şam yeməyi» freskasında İisus Xristi əhatə edən apostollardan birinin Mariya 
Maqdalina olduğunu israr edir və uzağa gedərək birdirir ki, Mariya İisusun arvadı 
olmuşdu.  Den  Branunun  bu  əsəri  üçün  axırıncı  simvolun  mənbəyi  rolunu  çox 
guman ki, Conatan Blekin haqqında danışdığımız kitabı oynamışdır.  
Digər  rəssamlar  da  öz  əsərlərində  simvollardan,  kodlardan  istifadə 
etmişdilər.  Vinsent  van  Qoqun  məşhur  «Günəbaxanlar»  seriyasına  daxil  olan 
tablolarda rəssam günəşin enerjisinin təsirini bütünlüklə sarı, çəhrayı rənglərdə əks 
etdirən  və  az  qala  alovlanıb  yanan  bu  çiçəklərdə  öz  sakit  olmayan  ruhunu  ifadə 
etməklə, özünün  maskalandırılmış  portretini  yaratmışdır. Yaxud, impressionizmin 
görkəmli  nümayəndəsi  Eduard  Manenin  «İmperator  Maksimilianın  güllələnməsi» 
əsərində  Meksika  imperatoru  edam  edildikdə,  onun  güllələyən  yerli  əsgərlər 
arasında  rəssam  Maksimilianı  bu  bəlaya  düçar  etmiş  Fransa  imperatoru  lll 
Napolionun da şərti obrazını yaratmışdır.  
Mistik  vəhylərdən  tutmuş  ezoterik  kodlara  qədər  olanların  hamısı 
bütövlükdə  gizli  cəmiyyətlərə  inanc  üzərində  qurulan  dünyanın  tarixi  olmaqla, 
əslində bəşər mövcudluğunun radikal şəkildə yenidən izah olunmasıdır və dünyaya 
əvvəllər  bizdən  gizlədilən  baxışdır.  Blekin  kitabında  ifadə  olunanlar  dünyanın 
qəribə  və  sirrli  olduğunu  göstərir  və  həm  də  bildirir  ki,  bəşəriyyət  kosmik 
müəmmanın  ürəyindədir.  Böyük  alimlərin,  nadir  dühaların  əksəriyyəti 
məxfiliklərə, sehrli olanlara, kodlara sönməyən maraq göstərmiş, bir çox kəşflər də 
belə maraq hesabına mümkün olmuşdur. Ancaq sirrlərə bələd olanlar heç də daim 
rəğbət  ağuşları  ilə  qarşılanmırdılar,  əksinə  çox  vaxt  bünövrəsini  dözümsüzlükdən 
götürən  qəddarlıqla  üzləşirdilər.  Konernikin  heliosentrik  kosmologiyasını  inkişaf 
etdirərək kainatın nəhayətsiz və saysız-hesabsız dünyalardan ibarət olduğunu irəli 
sürdüyünə  görə  Cordano  Bruno  inkvizisiya  tərəfindən  1600-cü  ildə  tonqalda 
yandırılmışdı. Qalileo Qaliley isə dünyanın geosentrik sistemi (dünyanın Ptolomey 
sistemi)  ideyasının  əleyhinə  çıxaraq,  dünyanın  heliosentrik  (Yerin  və  digər 
planetlərin Günəş ətrafında fırlanması) sistemini müdafiə etdiyinə görə mühakimə 
edilmişdi. İnkvizisiya o vaxt elmi kəşflərə görə alimləri təqib edirdi, indi onu fərqli 
baxışları nümayiş etdirənlərə qarşı, başqa ad altında yaşadığımız dövrün səhnəsinə 
gətirmək heç də böyük ağıldan xəbər vermir. 
Blekin  kitabı  bir  daha  xatırladır  ki,  idrak  məsələsində  nəyəsə  inhisar 
qoymaq,  düşüncəni  tabu  girovuna  çevirmək  əslində  dünyanın  geniş  sürətdə  dərk 
edilməsi  imkanlarını  azaldır,  xırda  prizma  tətbiq  etməklə,  kainatın  seyr  və  dərk 
etmə üfüqlərini xeyli daraltmış olur. 
Tarix göstərir ki, Misir sivilizasiyasının iki min beş yüz yaşı olanda yunanlar 
sadəcə  yenicə  öz  sivilizasiyalarını  yaradırdılar.  Platon  Misir  kahininin  qədim 
yunan  yeddi  müdrikindən  biri  sayılan  Solona  dediyi  sözləri  qələmə  almışdı:  «Siz 
yunanlar nə qədim dünya barədə heç bir biliyə və nə də heç bir biliyin qədimliyinə 

258 
 
malik olmadığınıza görə həmişə uşaq olaraq qalacaqsınız». 
Müasir  insan  da  qədim  dünyanın  biliklərinə  arxa  çevirməklə,  əslində 
misirlilərin  tənqid  etdikləri  qədim  yunanlara  bənzəmiş  olur.  Axı  vaxtilə  təkzib 
olunanların  çoxu  sonradan  öz  təsdiqini  tapdı.  Ona  görə  də  dünyanın  gizli 
cəhətlərinə aid olan biliklərə də hörmətlə yanaşmağı bacarmalıyıq. 
Kitabda  xırda  da  olsa  müəyyən  səhvlərə  və  qüsurlara  yol  verilmişdir. 
Həcərin  Misir  faraonunun  qızı  olması  da  Bibliyaya  uyğun  gəlmir,  orada  onun 
yalnız  misirli  qul  qız  olduğu  göstərilir.  Abrahamın  arvadı  Sara  öz  oğlu 
doğulduqdan  sonra  faraonun qızını onun oğlu  İşmayellə  birlikdə  qovması  da heç 
bir  məntiqə  sığmır.  Məhəmməd  peyğəmbərin  Misirə  səfər  etdiyi  qeyd  olunur,  bu 
isə  tarixi  həqiqətə  uyğun  gəlmir.  Böyük  Karl  heç  də  Müqəddəs  Roma 
imperiyasının imperatoru olmamışdı, o Qərbin imperatoru idi, kitabda adı çəkilən 
imperiya  isə  onun  ölümündən  əsr  yarım  sonra  meydana  gəlmişdi.  Qriqori 
Rasputinin  1914-cü  ildə  öldürülməsi  də  səhvdir,  o,  1916-cı  ildə  knyaz  Feliks 
Yusupov tərəfindən qətlə yetirilmişdir. Müəllif isə tarixi səhv salmaqla, həmçinin 
Avstriya  ershersoqu,  imperiya  taxt-tacının  varisi  olan  Frants  Ferdinandın 
Sarayevoda  öldürülməsi  ilə  birlikdə  Birinci  dünya  müharibəsinin  başlanmasında 
Rasputinin  də  qətlinin  bəhanə  rolu  oynaması  kimi  yanlışlığa  yol  verir.  Bütün 
bunlar  kitabın  qiymətini  və  ona  olan  marağın  dərəcəsini  azaltmaq  gücündə 
deyildir. 
“525-ci qəzet” 
  
Mariya  Styuartın  odisseyası:  qanın  xoşbəxtlik  hədiyyəsi  və  sonrakı 
bədbəxtliklər labirinti 
 
Hələ qədim Misirdə faraonlar, Roma imperiyasında ali icra hakimiyyəti bir-
birini  əsasən  irsiyyət  qaydasında  əvəz  edirdilər.  Hökmranlığın  irsən  ötürülməsi 
bəzən  problemlərlə  üzləşdiyindən,  bunları  həll  etmək  üçün  qan  tökmək  də  lazım 
gəlirdi.  Osmanlı  imperiyasında  çox  saydakı  qardaşlardan  birinin  varis  olması 
naminə  digərləri  qəddarlıqla  qətlə  yetirilirdi.Yulaf  Hegel  dialektikasının  məşhur 
üçlüyünə uygun olaraq boy atdığı kimi, Avstriya təbiətşünası Qreqor Mendel XIX 
əsrdə irsiyyət qanununu kəşf etməmişdən çox-çox əvvəl monarxiyalar da məhz bu 
qaydada ömürlərini uzadırdılar. Qan irsindən əmələ gələn hakimiyyət seriyası çox 
vaxt  «çarpaz  tozlanma»  hesabına  şaxələnməyə  başlayır,  Avropa  qitəsinin  böyük 
hissəsini əhatə  edirdi. Matrimonial  əlaqələr  hələ  qədim  Roma  siyasətində  mühüm 
amilə  çevrilmişdi.  Avstriya  imperiyası  isə  özünü  qoruyub  saxlamaq  üçün 
imperatorun  və  ya  imperatriçanın  qızlarını  başqa  dövlətlərin  prinslərinə  və 
imperatorlarına  ərə  verməklə,  öz  kövrək  mənafelərinə  dayaq  tapmalı  olurdular. 
Ona  görə  də  «Avstriya  nigaha  gir!»  şüarı  vaxtilə  bütün  Avropaya  məlum  idi.  İki 
Avstriya  prinsessası  Fransa  kralı  XVI  Luinin  və  imperator  Napoleonun  arvadı 
olmaqla bədbəxtliklərlə üzləşmiş, Mariya Antuanetta edam edilmiş, Mariya Luiza 
isə  ərinin  sürgünə  göndərilməsindən  sonra  ondan  ayrılmışdı.  Böyük  Britaniya 
kraliçası  Viktoriya  ilə  qan  qohumluğu  olanlar  qitənin  əksər  monarxiyalarında 
özləri ilə doğduqları oğlan övladları üçün qorxulu xəstəlik olan hemofiliya bəlasını 

259 
 
bəxş  edirdilər.(  Hemofiliya  qanın  koaqulyasiya  etməsinin  pozulması  ilə  müşayiət 
olunan  xəstəlikdir.  Bu  xəstəlik  yalniz  oğlan  uşaqlarına  keçir  və  ağır  fəsad  hesab 
olunur.)  Rus  çarı  II  Nikolayın,  devrilmə  qorxusu  altında  ölkəsindən  qaçmış 
İspaniya kralı XIII Alfonsonun oğlanları bu xəstəlikdən əziyyət çəkirdilər. 
 Qana  görə  hakimiyyətin  ötürülməsi  prinsipi  monarxiyaların  əsrlərlə 
yaşamasına  şərait  yaratmışdı.  Platon  yazırdı  ki,  «Zaman  hər  şeyi  özü  ilə  aparır: 
illərin  uzun  cərgəsi  adı  da,  zahiri  görünüşü  də,  xarakteri  də,  taleyi  də  dəyişdirə 
bilir». Lakin monarxiyalar zamanın hökmünə tabe olmurdular, Şekspirin Kleopatra 
barəsində yazdığı kimi, zaman onları soldura bilmirdi. Əsrlər belə onların həyatilik 
qüvvəsini  zəiflədə  bilmirdi.  Prinslər,  şahzadələr  hələ  erkən  yaşlarından,  ayıq 
olanların  yuxusu  sayılan  ümidlə  taxt-  taca  sahib  olmaq  arzusu  ilə  yaşayırdılar. 
1936-cı  ildə  Böyük  Britaniya  kralı  kimi  ölən  atasını  əvəz  edən  VIII  Eduarddan 
başqa  deyəsən  heç  bir  taxt-tac  sahibi  ali  kürsünü  öz  iradəsi  ilə  tərk  etməmişdi. 
İngiltərə  kralı  I  Karl,  Fransa  kralı  XVI  Lui  və  Rusiya  çarı  II  Nikolay  inqilablar 
yolu ilə devrilməklə, edam və qətlə yetirilmək faciəsi ilə həyatdan getmişdilər. 
 Taxt-tacı  göydən  düşən  vergi  kimi  qəbul  edib,  hələ  özü  də  bunu 
anlamayanda  onun  şöhrətini  dadan,  lakin  sonradan  arası  kəsilməyən 
bədbəxtliklərlə  üzləşən  Şotlandiya  kraliçası  Mariya  Styuartın  həyatı  əvvəlcə  onu 
haqlamış qeyri-adi dərəcədəki xoşbəxtliyə və sonralar taleyini qara rəngə bürümüş 
acınacaqlı hadisələrə görə ibrətamizdir. 
 Bu körpə dünyaya gələndən sonra atası, Şotlandiya kralı V Ceyms həyatdan 
getmiş  və  qızcığaz  kraliça  elan  edilmişdi.  Kralların  birbaşa  varisi  olan  Mariya 
Styuartın alnında elə bil böyüküklük nəqş edilmişdi. 
Atası  tərəfdən  nənəsi  Marqaret  Tudor  vasitəsilə  qohumu  olan  İngiltərə 
kraliçası  I  Elizabet  isə  şotland  kraliçasından  fərqli  olaraq  yeniyetmə  yaşlarında 
ölüm təhlükəsi altında, həm də dustaq kimi yaşamış, hər şeyə qanı ilə yanaşı güclü 
ağlı  və  iradəsi  hesabına  nail  olmuşdu.  Elizabetin  anası  Anna  Boleyn  iyrənc 
zinakarlığa görə olan ittiham altında edam edildikdə, onun vur-tut üç yaşı var idi 
və anasına görə bastard-haramzada hesab olunurdu. 
Ögey  qardaşı  olan  kral  yeniyetmə  yaşında  öldükdən  sonra  taxt-taca  gələn 
ögey  bacısı  Mariya  Tüdorun  hakimiyyəti  (onu,  protestantlara  qarşı  qəddarlığına 
görə  həm  də  Qanlı  Mariya  adlandırırdılar)  Elizabeti  daha  ağır  sınaqlarla 
üzləşdirmişdi. Lakin beş il sonra, 1558-ci ildə həmin kraliçanın ölümü ilə Elizabet 
atasından qalmış İngiltərə taxt-tacına sahib oldu. 
Mariya Styuart isə uşaqlığı və yeniyetməliyi dövründə həyatın belə sərt sifəti 
ilə  üzləşməmişdi.  Görünür,  doğulandan  onu  xoşbəxtlik  ilahəsi  öz  himayəsinə 
götürmüşdü.  Axı  bəzi  körpələr  qəşəng  cizgiləri  ilə  seçilirlər,  həyatda  gözəllik 
böyük  əhəmiyyət  daşıdığından,  belələrini  təbiət  öz  əliaçıqlığından  da  məhrum 
etmir. 
Taxt-taca  gəlmək  üçün  Mariya  Styuarta  heç  bir  çətinliyi  dəf  etmək  lazım 
gəlmədiyi  halda,  Elizabet  təmkini,  özünü  məharətlə  idarə  etməsi  və  cəsarəti 
hesabına  istənilən  maneəni,  hər  cür  əngəli  ötüb  keçməli  olurdu.  Elizabetin 
hakimiyyətə yüksəlməsi yavaş, həm də enişli-yoxuşlu yollarla gedirdi, lakin hədəfə 
düzgün  istiqamətlənmişdi.  Mariya  Styuart  isə  qısa  ömrünün  ortasında  bədbəxtlik 

260 
 
simvoluna  çevrildi,  faciələrin  qəhrəmanı  kimi  tanındı.  Əgər  Elizabet  üçün 
idarəetmə  bacarığı  şahmat  partiyası  idisə,  Mariya  Styuart  üçün  varlığın  yüksək 
sevinci idi. Roma Papası, onun qadın bədənində kişi ürəyi vardır, demişdi.. Əgər 
Mariya  Styuart  özü  üçün  yaşayırdısa,  Elizabet  öz  ölkəsi  üçün  yaşayırdı.  Bu  iki 
böyük  obrazda  həm  dünyaya,  həm  də  tarixə  məxsus  olan  antiteza  gizlənmişdi. 
Qohumu olan digər kraliçadan fərqli olaraq Mariya Styuart üçün məsələlərin həlli 
impulsların diqtəsinə məruz qalırdı. 
 Mariya  Styuartın  həyatda  keçirdiyi  bədbəxtliklərin  üzərinə,  edamından 
sonrakı  rəylər  də  əlavə  olunmaqla,  bu  qadın  haqqında  ziddiyyətli,  bir-birindən 
diametral  qaydada  fərqlənən  fikirlər  meydana  gəldi.  Onun  həyatında  baş  verən 
hadisələr  müasirləri  tərəfindən  tam  müxtəlif  qaydada  ifadə  olunurdu  və  sonrakı 
tarixçilər, müəlliflər də onları bir-birindən kəskin surətdə fərqlənən boyalarla təsvir 
etməkdə  davam  edirdilər.  Həqiqət  yalanla,  faktlar  isə  uydurmalarla  elə  sıx 
qarşıdırılırdı  ki,  bunları  arqument  kimi  götürməklə  istənilən  nöqteyi-nəzəri 
əsaslandırmaq mümkün idi. 
Bu  qadın  hər  şeydən  əvvəl  ehtirasın  hökmranlığı  altında  idi.  O,  elə  nadir 
qadın tipinə, qadınlar qrupuna mənsub idi ki, onlar yalnız ani gur çiçək açmasının 
sehrini bilirlər və özlərini tədricən deyil, məhz bu ehtirasın kurəsində yandırmaqla 
sərf etməyə üstünlük verirlər. İyirmi üç yaşına qədər onun hissləri sakit gölməçədə 
mürgüləmişdi, ancaq qısa iki il ərzində tufan qaldıran stixiya səs salmağa başladı. 
Beləliklə,  adi,  gündəlik  tale  antik  miqyaslı  faciəyə  çevrildi.  Bu  iki  il  müddətində 
Mariya Styuart əsl faciəvi fiquraya çevrildi. Yalnız bu təzyiqin altında olduqda, o, 
özündən  yuxarı  qalxır,  qızğın  həvəsində  öz  həyatını  dağıtmaqla,  həm  də  onu 
əbədiyyət üçün saxlayır. Yalnız insana xas olan, hər şeyi öldürən ehtiras hesabına 
onun adı bu gün də şeirlərdə və sonsuz mübahisələrdə yaşayır. İki il, onun faciəvi 
ehtirasını  nişan  verən  zamana  çevrilir.  Yalnız  qüssəli  düşüncələrin  tam  şəkildə 
olması könül üçün ölçü rolunu oynayır. Gününü sayan xəstələr kimi, bu qadın da 
daxilində ötən saatların növbələşməsinin hesabını aparır. Ehtirasdan uzaqlaşdıqdan 
sonra  o,  yenidən  ardı  kəsilməyən  illərin,  sürüşkən  kölgələrin  boşluğuna  düşür. 
Onun bəxtinə düşən gərgin, həyəcanlı anlar bəlkə də sayı onlarla ölçülən adamların 
həyatına bəs edərdi. 
 İnsanın ruhu yanıb, dəmir kimi qızaranda və alovlananda, bu, görünən obraz 
xarakteri  alır.  Hələ  sevinməyin  belə,  nə  olduğunu  bilməyəndə  Mariya  Styuart 
taleyin  ən  bədxərc  hədiyyələrini  qəbul  edir,  ölkəsinin,  xalqının  kraliçası  kimi 
yüksək  və  şərəfli  adı  daşımağa  başlayır.  Atası  da  körpəliyindən  onunkuna  bənzər 
taleyi  yaşamışdı , bir yaşı olanda Şotlandiya kralı olan atası IV Ceyms öldükdən 
sonra V Ceyms adı altında taxt-taca sahiblik hüququna yiylənmişdi. 
1542-ci  ilin  dekabrında  onun  qızı  anadan  olanda  V  Ceymsin  viran  qalmış 
könlündə  sevincə  və  ümidə  artıq  yer  yox  idi.  O  vəziyyətinin  ağırlığını  dərk 
etdiyindən, bunu qismətin, fatumun adına yazmağa cəhd edərək demişdi ki, «Qadın 
bizə tacı gətirmişdir, qadınla da biz onu itirəcəyik». Bu sözləri dedikdən az sonra 
o, ölmüşdü. Bu vaxt qızcığazın dünyaya göz açmasından altı gün keçmişdi. Kralın, 
elə  bil  ki,  lənətlənmiş  nəslindən  heç  kəsə  qoca  yaşa  çatmaq  nəsib  olmamışdı, 
onlardan heç birinə tale və ulduzlar uzun sürən əlverişli şərait yaratmamışdı. 

261 
 
Mariya  Styuart  Elizabetdən  fərqli  olaraq  daha  sərt  qaydaları  olan  və 
çəkişmələrin fasilə vermədiyi bir ölkədə dünyaya göz açmışdı. Bu ölkə Şotlandiya 
idi. Burada həmin vaxtlarda yaşayıb yaratmış fransız şairi Pyer də Ronsar sərt olsa 
da, həqiqətə xilaf çıxmadan həmin məkanı və xalqı «barbar ölkəsi və qəddar tayfa» 
adlandırmışdı.  Şotland  baronlarının  təbiətini  çəkişmələr,  onların  ilhamını  isə 
paxıllıq  xarakterizə  edirdi.  Onların  fikirlərinin  hamısı  hakimiyyət  və  ona  yaxın 
olmaq  üzərində  cəmləşirdi.  Şotland  ağalarını  qızıl  və  təmənna  daha  çox  cəzb 
edirdi. Fransız səfiri yazırdı ki, onlara hökmdar qarşısında borcun, ədalətin, nəzib 
əməllərin  nə  olduğunu  öyrətmək  istəyi,  bu  adamlarda  sadəcə  olaraq  istehza 
doğurur.  Hətta  Şotland  milli  poeziyasının  banisi  sayılan  Robert  Berns  öz 
həmvətənlərini  «Bir  ovuc  əclaf»  kimi  damğalayırdı.  Qılınc  işə  salınmayanda, 
qatilin iti xəncəri onların sərəncamında olurdu. 
Həmin  dövrün  Şotlandiyası  İngiltərədən  və  Avropadan  ən  azı  bir  əsr  geri 
qalırdı. 
Ölkədə  tikilmiş  qəsrlər,  alınmaz  qalalar  dinc  qonaqpərvərlik  üçün  deyil, 
ancaq müharibə üçün nəzərdə tutulurdu. Avropanın şimal qurtaracağında yerləşən, 
təcrid olunmuş və dənizlərlə əhatə olunmuş bu kiçik ölkə həm də yoxsul idi, çünki 
onu  ardı-arası  kəsilməyən  müharibələr  taqətdən  salırdı.  Burada  sərvət  Bibiliyada 
təsvir  edilən  dövrlərdə  olduğu  kimi  torpağın  sahəsi  və  qoyunların  miqdarı  ilə 
ölçülürdü. Varlı Fransa və Roma Papası öz  müttəfiqləri olan Şotland kralına çox 
şey bəxş edirdilər, lakin onun aldığı hər şey alçalmaq hesabına başa gəlirdi. 
Dözülməz  yoxsulluq  çirk  verən  xora  kimi  gözəl  və  nəzib  ölkə  olan 
Şotlandiyanın  siyasi  qüvvələrini  taqətdən  salırdı.  Yoxsulluq  insan  həyatının 
qiymətini  də  aşağı  endirirdi.  Əcnəbi  dövlətlər  şotland  qanını  həvəslə  alırdılar. 
İngilis  qoşunları  Normandiyaya  müdaxilə  edən  kimi,  Fransa  bu  xəncəri 
İngiltərənin kürəyinə sancırdı və döyüşkən skottlar (şotlandlar) ləngimədən sərhədi 
keçib,  özlərinin  qatı  düşmənlərini  hədələyirdilər.  Sülh  dövründə  də  şotlandlar 
İngiltərə  üçün  əbədi  təhlükə  hesab  olunurdu.  Ona  görə  də  ingilislər  Şotlandiyanı 
Fransanın dal qapısı adlandırırdılar. 
Mariya  Styuartın  elə  beşiyi  başında  mübarizə  başlandı.  Bu,  onun  böyük 
bədbəxtliyi idi, o, daim həmin qumar oyununa cəlb edilirdi. Siyasət heç də hisslərə 
məhəl qoymur.  
Bir  dənizin  himayəsi  və  təhlükəsi  altında  olan  iki  ölkə  –  Şotlandiya  və 
İngiltərə bir adada yaşadıqlarından, onların qarşısında vahid ölkədə birləşmək kimi 
vacib  vəzifə  dururdu.  Təbiət  bu  vaxt  birmənalı  qaydada  öz  iradəsini  diqtə  edirdi. 
Şotlandlarla  isə  yalnız  bir  dildə  –  güc  dilində  danışmaq  olardı.  Bu,  kraliça 
qızcığazın taleyindən də yan keçmirdi. Mariya Styuartın hələ bir yaşı olmayanda, 
onun  üstündə  qan  artıq  çay  şəklində  axırdı.  Bu  vaxt,  həmçinin  yad  iradə  onun 
taleyini müəyyən edir və dəyişdirir. Yaxşı ki, bu kiçik yaşlı qız nələr baş verdiyini 
yaxşı  anlamırdı.  Axı  çox  şeydən  hali  olmamaq  uşaqlığın  böyük  üstünlüyü  hesab 
olunur.  Bu  yazıq  qıza  dəfələrlə  bir  taledən  digərinə  qaçmaq  ehtiyacı  yaranır.  O, 
anasının  vətəni  olan  Fransaya,  oradakı  kral  sarayına  yollanır.  Dofin  II  Fransisk 
nişanlısı  olacaq  bu  qızı  Fransa  torpağında  salamlayır.  Gənc  oğlanın  taleyinə  isə 
bədbəxtlikdən  xəstəliklər  və  qəbirə  erkən  yollanmaq  yazılmışdı.  Çünki  onun 

262 
 
damarlarında zəhərlənmiş qan axırdı. Bu dövrün özünə  məxsus qaydaları  var idi. 
Yeni ideal ondan ibarət idi ki, ölümə nifrət etmək, həm də həyatı ehtirasla sevmək 
eliminə  yiyələnməlisən.  İnsan  özündə  qütbvari  əkslikləri  –  qüvvəni  və  zərifliyi, 
sərtliyi  və  nəzakətliliyi  birləşdirməli  idi,  həm  də  döyüş  üçün,  bu  mənəvi  vuruş 
üçün bərabər şəkildə hazır olmalı idi. 
Mariya  Styuart  hələ  kiçik  yaşlarında  gözəlliyin  bəzi  cizgilərinə  malik  idi, 
sonralar  isə  bu  lətafət  daha  cazibədar  olmuşdu.  İspan  dramaturqu  Lope  de  Veqa 
Mariya Styuart barədə yazırdı: «Ulduzlar onun gözlərinə zərif parıltı, saçlarına isə 
rənglər bəxş etmişdir, bunlar ona bu qədər təəccüblü gözəllik vermişdir». IX Karl 
isə bu xoşbəxt nikaha malik olmuş böyük qardaşı II Fransisik barədə yazırdı: 
«Kim ki, yataqda unudub yuxusunu, onun döşlərini əzizləyəndə 
Təlaş keçirməzdi əsla hətta tacı verməyə bu gözəllik naminə ». 
 Qadın  gözəlliyi  yalnız  məhəbbət  haləsində  parlamağa  başlayır,  sevgi  gənc 
qız üçün uçanda kəpənəyin qanadlarını cilvələndirən günəş rolunu oynayır. Yalnız 
ehtiras qadın könlündən pərdəni dartıb qoparır, təkcə məhəbbət və əzab vasitəsilə 
qadın özünün tam ucalığına yüksəlir. 
15 yaşlı Mariya Styuartın toyunda da, öz həmyaşıdları ilə müqayisədə onun 
ömür  saatının  əqrəbinin  daha  da  tələsməsi  hiss  olunur.  Toy  günü  bu  qız  xüsusi 
məlahətə  malik  idi.  Qonaqların  gözündə,  o,  olduğundan  da  daha  füsunkar 
görünürdü. 
Lakin təzə bəylə gəlinin ailəsində bədbəxtlik baş verir. Fransa kralı II Henrix 
turnirdə  məşq  edərkən  nizə  onun  gözünü  yaralayır  və  atdan  kral  ölü  kimi  yerə 
yıxılır. 1559-cu ilin iyulunda onun ürəyi öz döyünməsini dayandırır. Altı yaşında 
Avropanın ən qüdrətli prinslərindən birinin nişanlısı olan qız, 17 yaşında artıq yeni 
fransız kralının kraliçasına çevrilir. Elə bil ki, onun üçün hər şey Amalteya keçinin 
tükənmək  bilməyən  bolluq  buynuzundan  tökülürdü.  Lakin  bu  tez  yetişən  taledə, 
torpağa  səpilən  dəndə  olduğu  kimi,  onu  rahat  buraxmayan,  onun  narahatlığına 
səbəb olan sirr gizlənirdi. 
II Fransisk xəstə idi və anadan olan gündən erkən ölümə  məhkum idi. Ona 
görə  də  bu  gənc  qız  üçün  yenicə  çalınan  sevimli  musiqi  birdən  kəsildi,  toydan 
sonrakı həyat rəqsi bir andaca yoxa çıxdı. Gənc dul qadın hisslərini ərinin ölümünə 
həsr  etdiyi  qəmli  şeirlərdə  ifadə  edirdi.  Onun  dəfn  rekviyemi  qısa  olmaqla  təsirli 
idi: 
«Yuxuda, həm də ayıqlıqda 
Yaşayıram ancaq onunla». 
Lakin  həyat  eşqi  hələ  güclü  idi.  Ərinin  ölümündən  bir  qədər  sonra  Mariya 
Styuart  vətəninə  dönməli  oldu.  Lakin  öz  ölkəsində  o,  artıq  yad  adam  təsiri 
bağışlayırdı. 
Onun güclü xarakteri yalnız ehtiraslı məhəbbətdə üzə çıxırdı. Mariya Styuart 
bu anda da kraliça istedadını deyil, özünün qadınlıq vergisini seçir. Bu məhəbbət 
macəraları onu daha ağır sınaqlara çəkir, görünməmiş əzablara düçar edir. Həmin 
tarixi anda göydəki ulduzların yerləşməsi qeyri-müəyyənliyi, yarımçıqlığı məqbul 
saymır. 
Elizabetlə  müqayisə  edildikdə,  Mariya  Styuartın  başqa  dünyagörüşə  malik 

263 
 
olduğu nəzərə çarpır. Mariya Styuart rıtsar orta əsrlərinin ölməkdə olan dünyasını, 
Elizabet  isə  yaranmaqda  olan  yeni  dünyanı  təmsil  edirdi.  İngiltərə  və  Elizabet 
hansısa  gözəl  bir  vəhdətdə  elə  birləşmişdilər  ki,  Elizabet  dəfələrlə  öz  şəxsi 
arzularından, istəklərindən əl çəkməli olmuşdu. 
Bu qadın İngltərənin gələcək böyüklüyünə bir göz qamaşdırıcı işıq saçmışdı. 
O,  bütün  gücünü  öz  millətinin  gələcəyinə  verir.  Elizabetlə  məhz  tarixin  iradəsi 
qalib  gəldi.  Mariya  Styuart  isə  dövlətə,  ölkəsinə,  xalqına  münasibətdə  belə 
mövqelərdən çox uşaq idi. Həm də bu uzaq qohum olan iki kraliça arasında məkrlə 
yoğrulmuş  bir  mübarizə  gedirdi.  Bu,  çaynaqlarını  gizlədən  iki  pişiyin  dalaşma 
səhnəsini  xatırladırdı.  Onların  hər  iksii  müəyyən  məsafədə  dolaşmaqla,  bir-birinə 
nəzarət edirdi. Məktublaşmalar, diplomatik əlaqələr də məkrin nə qədər məharətlə 
gizlədildiyindən xəbər verir. 
 Elizabet dul qadın Mariya Styuartı öz təsiri atına almaq, onun İngiltərə taxt-
tacına  iddialarının  puç  olması  üçün  onu  yenidən  ailə  qurmağa  sövq  edir,  öz 
məşuqu, ingilis Robert Dadleyə ərə getməsini təklif edir. 
Axı  Mariya  Styuart  ata  nənəsi  Marqaret  Tüdor  tərəfdən  VIII  Henrinin 
övladlarından  sonra  ingilis  taxt-tacının  varisi  hesab  olunurdu.  Mariya  Styuart  o 
qədər də naşı siyasətçi, ən başlıcası naşı qadın deyildi. O, Elizabetin nimdaşına heç 
vaxt yaxın düşməzdi. 
 Elizabet  həm  də  gözəlliyinə  görə  Mariya  Styuarta  qarşı  paxıllıq  hissi  ilə 
alışıb  yanırdı.  Qısqanclığının  nişanəsi  kimi,Şotlandiya  kraliçasının  elçisindən 
özünün  ya  Mariyanın  saçlarınin  daha  yaxşı  olduğunu  soruşur.  Həmsöhbəti 
kraliçanın  kövrək  cəhətini  yaxşı  bildiyindən,  diplomatik  qaydada  cavab  verir  ki, 
İngiltərədə  heç  bir  qadın  Elizabetlə  müqayisə  edilə  bilməz,  Şotlandiyada  isə  heç 
kəs  gözəllikdə  Mariya  Stuartı  ötüb  keçə  bilməz.  Elizabet  cavabın  Solomon 
müdrikliyi səviyyəsində olduğunu anlayıb, özünü elə göstərir ki, bu sözlərdən razı 
qaldı. Axı yaxşı deyirlər ki, o diplomat pisdir ki, çətin anda üzü qızarmadan yalan 
deməyi bacarmasın. 
Mariya  Styuartın  qadın  ehtirası  güclü  olduğuna  görə  öz  gözəllik  bağının 
hansısa kişi tərəfindən becərilməmiş qalmasına dözə bilməzdi. Axı təbiəti hansı bir 
vasitə  ilə  əzmək,  yolundan  döndərmək  mümkün  deyildir.  Ehtirası  yalnız  hansısa 
bir  müddətə  cilovda  saxlamaq  mümkündür.  Kraliça  olan  qadında  belə,  o  özünün 
müqəddəs hüququnu-sevmək və sevilmək istəyini qoruyub saxlayır. Sirakuza tiranı 
Dionisiyə  əyanları  qorxa-qorxa  bir  məsələni  çatırmaq  istəyirlər.  Diktatora 
bildirirlər ki, anası yenidən ərə getmək istəyir. Tiran onlara belə cavab verir: Mən 
dövlətin  qanunlarını  dəyişə  bilərəm,  təbiət  qanunlarını  dəyişməyə  isə  mənim 
qüdrətim çatmır. 
Mariya  Styuart  da  təbiətin  ona  təklif  etdiyi  ehtiras  şərabının  təsirindən  heç 
vaxt  ayıla  bilmir.  Hansısa  illyuziyalardan  azad  olduqdan  sonra  onun  başqa 
növlərinə  boyun  əyməli  olur,  çünki  bu  qadının  real  həyatı  da  gerçəklikdə  deyil, 
illyuziyalarda keçirdi. 
Ona görə də 23 yaşlı bu dul qadın Darnleyə ərə gedir. Əvvəlki xəstə əri ilə 
intim həyatdan o qədər də həzz almayan, bu yaxınlıq sevincinin şərbətini doyunca 
içə  bilməyən  kraliçanın  indiki  hədəfi  də  o  qədər  uğurlu  deyildi.  Ehtirasla  kişiyə 

264 
 
vurulan  qadından  hansısa  məntiqi  hərəkət  gözləmək  də  ağılsızlıqdır.  Bu  cavan 
oğlan  başqa  xoşagələn  xüsusiyyətlərdən  xali  olsa  da,  nəzakətli  və  qəşəng  idi. 
Mariya bu vaxt məhəbbət barədə mürgüləyən iradəsini oyatmalı olur. 
Lakin  çox  keçmir  ki,  Mariya  Styuart  səhv  etdiyini  anlayır,  məhəbbətinə 
layiq olmayan adama ərə getdiyinin peşmançılığının hücumuna məruz qalır. Bu isə 
qadın üçün ən böyük alçalma mənbəyidir. Heç vaxt qadın bu səhvə görə nə özünü, 
nə  də  təqsirkarı  bağışlaya  bilmir.  Çox  vaxt  ağıllı  adamları  məhz  ağılsızlıqları  pis 
vəziyyətə salır. Çoxları Darneylə nikahda olduğu vaxt hamilə olduğu, gələcək kral 
VI  Ceymsi  heç  də  Darnleyin  deyil,  kraliçanın  katibi,  italyan  David  Riççonun 
övladı olduğunu güman edir. Hətta sonralar Fransa kralı IV Henrix VI Ceymsi ələ 
salmaq qaydasında demişdi ki, yaxşı olardı ki, onu Solomon adlandıraydılar. Axı o 
da «Davidin oğludur». Kral bu ad altında David Riççonu nəzərdə tuturdu. 
Tale yenə də bu qadına ağır zərbə vurdu. Darnley David Riççonun kraliçaya 
yaxnlığına  paxıllıq  etdiyinə  görə  (bu  paxıllığın  digər  səbəbi  həm  də  onunla 
Riççonun əvvəllər homoseksual əlaqədə olması barədəki şübhələr ola bilərdi), onu 
aradan götürməyi planlaşdırır və italyanı öldürmək üçün sui-qəsd təşkil edir və bu 
qərarının icrasına nail olur. Qadın bu hadisədən, sevimli katibinin qətlindən sonra 
özünü təhqir olunmuş hesab edir və ərinə nifrəti daha da artır. Öz mövqeyini ifadə 
etmək  üçün  deyir  ki,  hər  şeyi  bağışlasa  da,  ancaq  yaddan  çıxarmaq  gücündə 
deyildir. 
 Şotlandiyada  olduğu  bir  il  əzində  Mariya  Styuartın  həyatı  bütünlüklə 
dəyişdi,  əslində  bu  iş  onun  həyatını  dağıtdı,  məhv  etdi.Onun  məhəbbət  alovu  bir 
andaca hansı yüksəkliyə qalxmışdısa, eləcə də tezliklə söndü. Artıq Darnley ölümə 
məhkum edilmişdi. 
Bosuel tərəfindən başçılıq edilən qatillər bu işi həyata keçirdi. Bundan sonra 
o, öz imkanlarını həyata keçirməyə başlayır. Bosuel kraliçanın köməyinə gəlməklə, 
bu  yaralı  ov  quşunu  ələ  keçirmək  fürsətini  də  buraxmadı.  Yenə  də  ehtiras  bu 
qadının  taleyində  öz  acı  rolunu  oynadı.  Axı  ehtiras  xəstəliyə  bənzəyir,  onu  nə 
pisləmək,  nə  də  ona  haqq  qazandırmaq  olmur.  Ərinin  onun  yaxın  sirdaşını  qətlə 
yetirməsi qadına ayıldıcı təsir göstərdi. Axı o, belə bədbəxtliklər sınağından heç də 
bir dəfə keçməmişdi. Ehtiras kürəsində isə bütün canlılar külə dönür. Bu qadın isə 
özünü tamamilə əriməkdən, məhv olmaqdan qorumalı idi. 
Yeni xilaskarı Bosuel bu dul qadınla ilk dəfə intim yaxınlıq etmişdi, Mariya 
Styuartın özünün dediyi kimi, Bosuel yalnız onun bədənini ələ keçirmişdi, ürəyini 
isə  onun  qarşısında  açmaq  istəməmişdi.  Lakin  Bosuellə  yaxınlıq  indiyədək 
ərlərindən intim məmnunluq duymayan qadına ehtirasın və həzzin vulkana bənzər 
dünyasını açdı. Ehtiras alovu bürümüş bu qadın gözə görünməyən odda yanmaqla, 
külə  dönürdü.  O,  yeni  məşuqundan  vəcdə  gəlir.  Bu  dramatik  varlığın  ağuşunda 
qadın kimi tamamilə əriyir.Həmin həftələrdə bir qadın kimi onun bədəni və ruhu 
olduqca  məmnun  idi.  Mənliyindən  yuxarıda  dayanan  bu  dəhşətli  qüvvə  onu  öz 
arxasınca aparırdı. Bu yolla getməklə Mariya Styuart özünü uçuruma itələyəcəkdi. 
Ərinin  öldürülməsində  Mariya  Styuartın  əli  olduğu  tezliklə  İngiltərə 
kraliçası Elizabetə də çatdı. Bu isə şotland krlaiçasını məyus etməyə bilməzdi. Ona 
görə  də  Elizabeti  inandırmağa  çalışırdı,  təkid  edirdi  ki,  saxta  kağız  parçalarını 

265 
 
oxumaqdansa, öz qohumuna, yəni onun özünə inansın. Lakin həqiqəti gizlətmək də 
asan  məsələ  deyildi.  Makbet,  cadugər  qadınların  qabaqcadan  söylədiklərini  icra 
edərək,  yalnız  qan  hesabına,  bütün  kral  nəslini  məhv  etmək  hesabına  taxt-taca 
sahib  ola  bilərdi.  Şotlandiyada  isə  tökülən  qanlar  Mariya  Styuart  ətrafında  baş 
verməklə, onun taxt-tacdan uzaqlaşmasını sürətləndirirdi. İtaliyadakı Borcia ailəsi 
öz biabırçı şöhrətlərinə görə məşhur zəhərlərə borclu olduğu kimi,Mariya Styuart 
da  ehtirasının  yaratdığı  problemlər  hesabına  özünün  taxt-tacdan  uzaqlaşdırılması 
yoluna daş döşəyirdi. 
Mariya  Styuartın  Bosuelə  ərə  getmək  istəyi,onun  öz  ərinin  qətlində 
bilavasitə  iştirak  etməsi  iddiasına  əlavə  dəlillər  verirdi.  Onun  ingiltərəli  kolleqası 
Elizabet  isə  məşuqu  Lesterə,  onun  arvadı  öldürüldükdən  sonra  ərə  getməkdən 
imtina  etməklə,  bu  barədə  yayılan  şayiələrə  ağır  zərbə  vurdu,  onların  ən  azı 
qanadlarını  sındırdı.  Elizabet  Mariya  Styuarta  yazdığı  məktubda  ərinin 
öldürülməsində  onun  əli  olması  barədəki  dəhşətli  fikirə  ürəyində  qətiyyən 
inanmadığını bildirir. Elizabet bununla əslində öz məkrini gizlətməyə çalışır, lakin 
Mariyanın  Bosuelə  biabırçı  qaydada  vurulduğu  bütünlüklə  onun  xeyrinə  işləyir. 
Mariya  Styuartın  cinayətkar  ehtirasına  görə  iki  ölkə  xalqı  arasında  mənfi  rəyə 
yiyələnməsi,  onun  İngiltərə  taxt-tacına  sahib  olmaq  iddialarının  üstündən 
bütünlüklə xətt  çəkməsə də, müəyyən  hədd  çəkirdi. Şekspirin «Hamlet»  pyesində 
kraliça  ərinin  tabutunu  müşayiət  etdikdə  geyindiyi  başmaqları  köhnəlməmişdən, 
ona xəyanət etdiyi kimi, Mariya Styuart da ərinin qətlindən az sonra birbaşa qatilin 
ağuşuna  atılmaq  kimi  ağılsız  və  xəyanətdən  xəbər  verən  bir  iş  görmüşdü.  Ledi 
Makbet əlindəki görünməyən qan ləkələrini təmizləməyə cəhd etdiyi kimi, Mariya 
Styuartın da, ərinin qanına bulaşmış bir əli sevinclə sıxmasını gizlətməsi olduqca 
çətin idi. 
Darnley  elə bil ki,  sədaqətsiz  arvadını da özü ilə  qəbirə  çəkib aparırdı. Axı 
Mariya Styuart da ledi Makbet kimi hərəkət etmişdi. Axırıncı, Dunkanı öz yatağına 
çağırmışdı, orada isə onu qılıncın bəxş etdiyi ölüm qarşılamışdı. 
Mariya  Styuart  də  ərini  Kerk  o’Fild  qəsrinə  göndərməklə,  əslində  onun 
qətlinin  icrasına  şərait  yaratmışdı.  Bu  qadın  ağlını  itirməsə,  yəqin  ki,  belə  ağılsız 
qərar verməzdi. Onun utancaqlıq pərdəsi bu hadisə ilə parça-parça olmuşdu. 
Bu açıq qətldən sonra bu qadın hökmən taxt-tacı və namusu itirəcəkdi. Digər 
tərəfdən  qətlin  motivləri  açıldıqca  o,  bütün  dünya  qarşısında  nifrət  edilən  və 
biabırçı bir şəxsə çevriləcəkdi. Özünü məhvə düçar edənlərə kömək etmək vasitəsi 
də yoxdur. Allahlar da mənasız qurbanları qəbul etmir. 
Nəhayət  Mariya  Styuart  tabuta  bənzəyən  bir  kiçik  kilsədə  Bosuellə  kəbin 
kəsdirir. Elə bil ki, bir sınma baş verir. Təcrübəli dənizçi olan Bosuel bu qorxulu 
sakitlikdə tufanın  müjdəsini  hiss  edir. Onu  da  yaddan  çıxarmır  ki, batan  gəmidən 
axırıncı  sıçovul  da  qaçmağa  başlayır.  Bosuel  ölkəni  tərk  etdikdən  sonra  Mariya 
Styuart  müdafiəsiz  qalır,  elə  bil  ki,  Şotlandiyada  hamı  ona  qarşı  çıxmışdır.  Lakin 
bu məgrur qadın yenə də özünü itirmir, axı belələrini alçaltmaq mümkün olsa da, 
əymək qeyri-mümkündür. 
Mariya  Styuart  özünün  cinayətkar  nikahı  ilə  dünyanı  tam  yeni  olan  bir 
məsələ  qarşısında  qoydu.  Onun  xoşbəxt  günləri  bütünlüklə  arxada  qalmışdı, 

266 
 
bədbəxtliklər  isə  qapısını  deyil,  darvazasını  açmışdı.  Yaxşı  məlumdur  ki, 
xoşbəxtlik dostlar bəxş edir, bədbəxtlik isə onları sınayır. 
Onun qohumu Merrey isə hökmranlıq etmək üçün doğulmuşdu, çünki o, özü 
üzərində də hökmranlıq etməyi bacarırdı. Merrey İngiltərə ilə danışıqlarda heç də 
Mariya  Styuartı  müdafiə  etmir,  onu  bu  qorxu  cəhənnəmində  olmasa  da,  onun 
ətrafında saxlamağı vacib sayır. Axı bu qadının alnına artıq birabçırçılıq damğası 
vurulmuşdu.  Yalnız  ölum  onu  bu  buxovlardan  azad  edə  bilərdi.  Onun  həyat 
enerjisinin nəhəng ərintisi diri-diri toza dönüb, dağılırdı. 
Bu qadın yenə də şirnikləndirmə və həyəcan şüaları buraxır. Bununla yanaşı 
ondan  ətrafa  hansısa  xüsusi  qadınlıq  lətafəti  yayılırdı.  Elə  bil  ki,  haqqında 
yaradılan  əfsanəni  gözəl  hesab  etdiyindən,  onu  qoruyub  saxlamağa  çalışırdı.  Bu 
istəyində  o,  mifik  igid  amazonkanı  xatırladırdı.  Lakin  təhlükənin  artdığını,  daha 
qorxulu olduğunu görməmiş deyildi. Ona görə də yaralanmış cüyür kimi qaçmağı 
qərara  aldı.  Bu  qadın  ancaq  unudurdu  ki,  kimin  əlinə  bir  dəfə  bədbəxtlik 
toxunmuşdursa, o, həmişə uğur gətirməyən püşkü çəkəcəkdir. 
Mariya Styuart qaçıb İngiltərə torpağına ayaq basanda, onun heç 25 yaşı yox 
idi.  Bu  vaxt  onun  üçün  əslində  həyat  artıq  qurtarmışdı.  Tale  ona  bolluqla 
xoşbxətlik bəxş etmişdi, bütün yer zirvələrini fəth etmişdi, bütün dərinlikləri ölçə 
bilmişdi. İki ərini dəfn etmiş, iki krallığı itirmiş, başqa birisini ələ keçirməyə hələ 
də  ümid  etməklə,  cinayətin  qaranlıq  yollarında  azmış  və  yeni  qürurdan 
vəcdlənərək, yenidən taxt-tac pilləsinə, mehrab pilləsinə qalxmışdı. Bütün bu illər 
ərzində odda, hər şeyi  məhv edən parlaq alovda yaşamışdı, yüz illər keçsə də bu 
alovun işığı hələ də sönmək bilmir. Lakin artıq tonqal şiddətini zəiflədir və sönür. 
Onda  nə  yaxşı  cəhətlər  var  idisə  bu  odda  yandı,  bir  vaxtlar  gözləri  qamaşdıran, 
cəzbediciliyi  ilə  seçilən  parıltıdan  yalnız  kül  qaldı.  Keçmiş  Mariya  Styuartın 
kölgəsi öz mövcudluğunun alatoranlığına daxil oldu. 
 Qohumu olan Elizabet ona təskinlik verən məktublarını kəsmir, əslində isə 
bu canıyanmanın özündə bir məkr gizlənir. Axı kağız o qədər də baha deyildir, ona 
görə də onu hətta israfçılıqla işlətmək olar. Mariya Styuart İngiltərəyə qaçmaqla öz 
həyatını xilas etmişdi, lakin bu xilasın özünün nə qədər sürəcəyindən hali deyildi. 
Bir  az  dərindən  düşünüb,  götür-qoy  etsəydi,  ümidsizliyin  və  təqsirin  məhvedici 
cəngəlliklərinə  düşdüyünü  anlamamış  olmazdı.  Siyasət  ona  qədəm  basanların 
hamısını  heç  də  onların  çatmaq  istədikləri  zirvəyə  aparmır.  Bu  alpinistlərin 
ayağının  altından  bir  daş  qaçdıqda,  onlar  ən  azı  siyasətdəki  həyatlarını  itirmiş 
olurlar.  Çünki  siyasətdə  yalan  yalanı  qovur,  ehtirasın  məngənəsində  olan  səmimi 
adamlar  özlərinin  sadəlövhlüyü  hesabına  tezliklə  qurbana  çevrildiklərinin  şahidi 
olurlar.  Elə  orta  əsrlərdən  iki  dibli  çemodanlardan  siyasətdə  geniş  istifadə 
olunurdu.  Siyasətdə  səriştəliliyi  ilə  seçilənlər  isə  öz  iti  caynaqlarını  patka  örtüyü 
altında gizlədirlər, polad yumruqlarına nazik dəri əlcək geyinirlər. 
Elizabetin guya hər şeyin üzə çıxması, Mariya Styuartın bütün ittihamlardan 
azad  olması  üçün  onun  İngiltərə  məhkəməsində  mühakimə  edilməsinə  razılıq 
verməsi  barədə  məkrli  təklifi  və  bunda  təkid  etməsi  öz  bəhrəsini  verir  və 
Şotlandiya eks-kraliçası ağılsız səhvə yol verərək bu təkliflə razılaşır. 
Elizabet artıq özünü qalib kimi aparırdı, qaliblərin isə öz hüququ vardır, bu 

267 
 
isə məğlub olan adam üçün hüquqsuzluğa çevrilir. Qədim romalılar demişkən, Vae 
victis!  –  Məğlublara  dərd  olsun!  Elizabet  əlinə  keçmiş  faktlarla  öz  rəqibini  məhv 
etmək istəyirdi. 
Elizabetin  casusları  da  olduqca  uğurla  işləyirdi.  Ona  görə  də  İngiltərə 
kraliçası  öyünürdü  ki,  hökmdarların  böyük  qulaqları  vardır,  onlar  yaxında  və 
uzaqda  olan  hər  şeyi  eşidirlər.  Kraliçanın  ətrafı  da  Mariya  Styuartı  tələyə 
saldıqlarına  görə  sevinirdi.  Arxiyepiskop  Parker  iftixarla  deyirdi  ki,  nəhayət  ki, 
bizim xeyirxah kraliça canavarın qulağından yapışmışdır. 
 Qanunsuzluq  harada  baş  verməsindən  asılı  olmayaraq  həmişə  narahatlıq 
əmələ gətirir. Elizabet Mariya Styuartın azadlığını əlindən aldığı gündən, özünü də 
azadlıqdan məhrum  etmiş kimi görünürdü. Həm də  məhz elə bil ki, buna qəsdən 
qayğı  göstərirdi  ki,  Mariya  Styuartın  ulduzu  keçmiş  şöhrətində  olduğu  kimi 
parlasın. Qəribə görünsə də, Mariya Styuartın işlərindən heç biri, barəsində görülən 
ədalətsizlik qədər onu belə əfsanəvi bir şəxsiyyətə çevirməmişdi. 
Mariya  Styuartın  İngiltərədəki  məhbus  həyatı  olduqca  qüssəli  keçirdi,  bir 
ulduzsuz  gecəyə  bənzəyirdi.  Yaxşı  deyirlər  ki, nə  tam  xoşbəxtlik, nə  də  keçirdiyi 
əzab  adama  ayrıca  şəkildə  verilmir.  Bu  illər  ərzində  nələrsə  dəyişmişdi.  Lakin 
əsasən  kiçik  məsələlərə,  boş  şeylərə  görə  belə  dəyişiklik  baş  vermişdi.  Mariya 
Styuart əvvəlcə Bolton şəhərindəki qəsrdə dustaq kimi saxlanırdı. Onun həyatı bu 
kölgəli  şəraitdə  solurdu.  Öz  kökündən  kəsilmiş  gövdə  bir  daha  çiçəkləmir  və  bar 
vermir. Bu qadına guya çox nəzakətlə yanaşılırdı, onunla ehtiramla davranırdılar. 
Lakin rəsmi nəzakət qaydasında lağa qoyma digər bütün ələ salmalardan daha ağır 
şəkildə adamı yaralayır. 
Müəyyən  məsələlərdə  ona  səprbəstlik  verilirdi,  çoxlu  qulluqçuların 
xidmətindən istifadə edirdi, lakin həyat üçün daha vacib olan böyük azadlıqdan o, 
məhrum edilmişdi. Quş qızıl qəfəsdə saxlansa da, azad, sərbəst uçmağa həsrətdir. 
Mariya  Syuart  da  elə  bil  ki,  qızıl  zəncirlə  qanadallanmışdı.  Onu  50  nəfərdən  az 
olmayan  adam  müşayiət  edirdi.  Formal  olaraq  o,  qonaq  hesab  olunurdu, 
mahiyyətcə dustaq idi. Mariya Styuartın dustaqxana nəzarətçisi olan qraf Şrüsberi 
bu vəzifəni icra etdiyi 15 il ərzində heç də təkcə nəzarətçi deyildi, daha çox onun 
bədbəxtlik sirdaşı idi. O da elə bil ki, Mariya Styuartın özü kimi məhbus idi. Axı 
zindan nəzarətçiləri dustaqlardan heç də fərqlənmirlər, oradakı atmosfer dustaqlar 
kimi onları da zəhərləməmiş qalmır.  
Mariya Styuart düşdüyü şəraitlə, üstünə hücum çəkən hər şeylə razılaşdığını 
bildirmək üçün yazırdı: 
Mən nəyə çevrilmişəm. Niyə nəfəs alıram? 
Bədənim könülsüzdür, keçmişin kölgəsiyəm. 
Bəd külək sərt qaydada hey qovur məni. 
Həyatdan diləyirəm yalnız öz ölümümü. 
 Belə  etirafına  baxmayaraq,  o,  öz  püşkünü  sakitçə  qəbul  etmək  istəmir. 
Mariya Styuart İspan Məğlubedilməz Armadasının və ordularını gözləyirdi ki, onu 
xilas  etsin.  Çünki  möhkəm  iradəyə  malik  olan  bu  qadın  bir  damcı  ümid  belə, 
qalırdıça, mübarizə aparmaq əzmində idi. Bu vaxt Lepanto döyüşündə (1571-ci il) 
Osmanlı  dəniz  donanması  üzərində  qələbə  çalmış,  İspaniya  kralı  V  Karlın 

268 
 
haramzada  oğlu,  həmin  dövrdəki  kral  II  Filippin  ögey  qardaşı  Xuan  Avstriyalı 
meydana çıxdı. O, özünə Tunisdə krallıq düzəltməyə can atırdı, həm də birdən belə 
bir eşqə düşdü ki, Mariya Styuarta evlənib, Şotalndiya tacına da sahib ola bilsin. 
Bu vaxt da Mariya Styuartın bəxti gətirmir, Xuyan Avstriyalı qəflətən vəfat edir. 
Bu qadın nə edirdisə, hər şeydə uğursuzluğa düçar olurdu. Məhəbbət dövrü, həyat 
zamanı  artıq  geridə  qalmışdı.  Onda  ölümə  münasibətdə  mistik  bir  iradə 
yaranmışdı. 
Bu  boşluğa  son  qoymaq  üçün  o,  ölməyə  razı  idi.  Bu  qeyri-müəyyənlik, 
daimi  gözləmə,  ümid,  qəm  və  hər  şeyin  boşa  çıxması  başqa  hansı  bir  düşüncə 
yarada  bilərdi.  Elizabetin  Mariya  Styuart  ətrafında  hördüyü  intriqa  toru  isə 
getdikcə daralırdı. Təəssüf ki, bu qadın öz düşmənlərinin silah kimi istifadə etdiyi 
intriqalara nüfuz edə bilmirdi. Lakin onun özü də sakit dayanmırdı, xarici dünya ilə 
əlaqə yaratmaq üçün hər cür hiylələrə əl atırdı.Bu isə ona fayda vermək əvəzinə, 
daha böyük ziyan gətirirdi. 
 Onun gur fəaliyyəti onsuz da çətin olan vəziyyətini bir qədər də ağırlaşdırdı. 
Elizabetə  sui-əqsd  təşkil  etməkdə  Mariya  Styuartın  iştirak  etməsi  üzə  çıxdı.  Sui-
qəsdçi  Babinqton  Londondan  qaçmalı  oldu,  lakin  savannadakı  antilop  hansısa 
hissin  altında  özünü  şirin  üstünə  atan  kimi,  dönüb  paytaxta  qayıtdıqda,özünün 
işgəncələrlə müşayiət olunan sonluğunu tapmalı oldu. 
Sui-qəsdin ifşa edilməsi hesabına Elizabetin ölümdən xilas olması Londonda 
az  qala  bayram  şənliyinə  çevrildi,  bu  vaxt  adamlar  yalnız  sui-qəsd  və  həm  də 
Mariya Styuartın məhv ediləcəyi barədə danışırdılar. Mariya Styuartın özü qurbana 
çevrilməli  idi.  Elizabetin  ətrafı  Şotlandiya  kraliçasının  öldürülməsini  qəti  şəkildə 
tələb  edirdi.  Ölüm  yatağında  olan  Con  Noks  Elizabetə  demişdi  ki,  əgər  ağac 
kökündən  kəsilməmişdirsə,  o,  yenidən  yaşamağa  başlayacaqdır,  özü  də 
gözlənildiyindən  xeyli  əvvəl.  Görünür,  insan  yırtıcılardan  da  betərdir,  axı  ölüm 
ərəfəsində  olan  şir  artıq  ov  barədə  düşünmür,  öz  acı  taleyinə  göz  yaşları  axıdır. 
Ölümün  kandarında  olan  insan  isə  öz  həyatını  dəyəcək  son  zərbəni  də  unudub, 
başqasının ölümünü sürətləndirməyi israr etməyə girişir. Ölümlə son mübarizəsini 
aparan adam ağılsızcasına, başqasının məhv edilməsi hesabına özü barəsində təbiət 
tərəfindən  verilən  hökmün  icrasının  az  da  olsa  ləngidilməsinə  çalışır.  Digər 
tərəfdən ölən insan özü üçün olmasa da, övladlarının, yaxınlarının hökmdarlardan 
ənam payı alması naminə ona axırıncı xidmətini göstərməyə çalışır ki, bəlkə də bu 
xidmət qiymətini və müvafq olaraq mükfatını almamış qalmadı. 
Elizabet isə rəqibini edam etmək barədəki təkidli təkliflərə daim belə cavab 
verirdi  ki,  o,  quzgundan  müdafiə  olunmaq  üçün  onun  yanına  uçub  gələn  quşu 
ödürə  bilməz. Bəlkə də  Mariya  Styuart  ölümdən  o  qədər  də qorxmurdu, nə qədər 
ki, Elizabet bu qadını öldürməkdən qorxurdu. Böyük alman şairi Höte demişkən, 
«qorxu və ümid, bəşər nəslinin ən mənfur düşmənləridir». Mariya Styuart üçün isə 
yeganə mümkün olan qələbə ləyaqətli ölüm idi. Elizabet isə gecə və gündüz daha 
güclü qorxunun - öz vicdanının sərt hakimiyyəti altında idi. 
Həqiqətən  də  Mariya  Styuartın  faciəli  ölümü  onun  şöhrətinin  həqiqi 
başlanğıcı  olacaqdı.Nəhayət  məhkəmə  onu  ölüm  cəzasına  məhkum  etdi.  Mariya 
Styuart tac qoyulmuş krallardan ilk edam olunanı olacaqdı. 

269 
 
 Tarixdə  düşmən  tərəfindən  əsir  götürüldükdən  sonra  qətlə  yetirilən 
hökmdarlar heç də az olmamışdı.Öz ölkəsində isə belə tale ilə üzləşmək az sayda 
hökmdara nəsib olur. Edam edilən kraliçanın nəvəsi, İngiltərə kralı I Karl da həmin 
taleyi yaşayacaq, Oliver Kromvel tərəfindən dar ağacından asılacaqdı. Fransada isə 
Mariya  Styuartdan  bir  əsr  sonra  ölkənin  kralı  XVI  Lui  və  onun  kraliçası  Mariya 
Antuanetta gilyotina bıçağının zərbəsi ilə həyatla vidalaşacaqdılar. 
Ölümü  yaxınlaşan  adamlara  nədənsə  daim  vaxt  çatmamış  kimi  görünür. 
Edam  günündən  əvvəlki  gecə  Mariya  Stuyart  yatmışdı.  Onun  qulluqçu  qızları  isə 
yatmamışdılar,  bir  küncə  çəkilib  düa  edirdilər  ki,  yatan  kraliçanı  narahat 
etəmsinlər.  Səhər  tezdən  Mariya  Stuyart  saçlarını  qaydaya  saldı,  xüsusi  zövqlə 
geyindi.  Böyük  kraliça  həqiqi  böyüklüyə  məxsus  olan  qaydada  ölmək  istəyirdi. 
Belə münasibətdə o, özünü intihar etməklə həyatdan getməyə qərar vermiş Misirin 
son krilçası Kleopatranı xatırladırdı. Eyni taleyi yaşayan bu qadınları həmyaşıd da 
saymaq oalrdı. 
Öləndə  Kleopatranın  39  yaşı  var  idi.  O,  ölüm  ərəfəsində  özünü  necə  bir 
mərdlik və nəcabətlə aparmışdısa, Mariya Styuart da özünü belə aparırdı. Qulluqçu 
qızlar da hər iki kraliçaya son ana qədər sədaqətli olaraq qalmışdılar. 
Mariya Sutyartın edama yollanarkən geyindiyi paltar dəbdəbəli və gözəl idi. 
Çünki bu qadın gözəlliyin yer üzündə necə bir hakimiyyətə malik olduğunu yaxşı 
bilirdi.  O,  istəyirdi  ki,  adamların  xatirəsində  müti  bir  qurban  kimi  deyil,  cəsarət 
simvolu  kimi  qalsın.  Ona  görə  də  öz  taleyinin  ən  böyük  saatına,  həyatın  son 
nöqtəsinə,  ölümə  belə  ciddi  –cəhdlə  hazırlaşmışdı.  Taleyin  müəmmalarını  başa 
düşmək  olmur,  əgər digər ulduzlar  onun taleyini  idarə  etsəydilər,  Mariya  Styuart 
İngiltərə  taxt-tacında  əyləşmiş  olardı.  Eşafota  qalxdıqda  Mariya  Styuart  hamının 
eşitməsi üçün dedi ki, öz düşmənlərini ürəyinin hökmü ilə bağışlayır. 
Elizabetin  anası  Anna  Boleyn  də  edam  kötüyü  qarşısında  onu  ölümə 
məhkum  etdirmiş  əri,  kral  VIII  Henrini  ən  mərhəmətli  hökmdar  adlandırmışdı. 
Yəqin ki, bu qadınların hər ikisi özlərindən daha çox, yeganə övladlarının talelərini 
mümkün  zərbələrdən  qoruyub,  hifz  etmək  üçün  qatillərinə  qarşı  belə  barışdırıcı 
mövqe tutmuşdular. 
Mariya Styuartın başını qara mahud örtdülər və cəllad öz işini gördü. 
Elizabet isə guya heç nədən xəbəri olmamasını andıran plaşa bürünmüşdü. 
O, ətrafındakıları söyürdü ki, niyə onun göstərişi olmadan edam hökmü icra 
edilmişdir. O, bu davranışı ilə təkcə başqalarını deyil, özünü də aldatmağa çalışırdı. 
Öldürülümüş kraliçanın oğlu, Şotlandiya kralı VI Ceymsə yazırdı ki, faciəvi səhv 
onun xəbəri, razılığı olmadan baş vermişdir. Kral isə cavabında yazırdı ki, beləliklə 
siz özünüzü bu bədbəxt hadisələrin təqsirindən təmizləyirsiniz. 
Elizabet görkəmli siyasətçi hesab olunurdu. Siyasətdə isə meyar rolunu haqq 
deyil, uğur oynayır. İngiltərə kraliçası yaxşı başa düşürdü ki, bu edama görə dünya 
heç də təşviş hissləri keçirməyəcəkdir. Elizabet rəqibini aradan götürdükdən bir il 
sornra İspan Məğlubedilməz Armadası təbiətin ingilislərə göstərdiyi böyük kömək 
hesabına  dənizdə  qalxan  sərt  tufan  nəticəsində  Britaniya  adaları  ətrafında 
darmadağın edildi. Elizabetin   donanması  okeanları  dolaşaraq,  uzaq  torpaqlara 
istiqamət götürdü və onları dünya imperiyasında birləşdirməyə başladı. 

270 
 
Mariya Sutyart taleyində, bütün ziddiyyətləri ilə yanaşı təəccüb doğuran elə 
bir şey yoxdur. Qəddarlıq və ədalətsizlik qranitindən bütün dövlət binaları tikilir və 
onların  bünövrəsi  hökmən  qanla  bərkidilir.  Siyasətdə  yalnız  məğlublar  haqlı 
olmurlar, tarix də onların cəsədləri üzərində addımlamaqda davam edir. 
Mariya  Sutyart  45  yaşında  həyatdan  getdi.  Bu  qısa  ömrünün  20  ilini  o, 
dustaqlıqda keçirmişdi. Onun qohumu və rəqibi Elizabet isə onun yaşadığı illərin 
sayına  bərabər  bir  müddətdə  İngiltərənin  kraliça  kimi  idarə  etdi  və  ömrünün 
yetmişinci ilində həyatla vidalaşdı. 
Elizabet,  hökmranlıq  müddətinin  uzunluğuna  görə  qədim  dünyadakı  Misir 
faraonu  II  Ramses  və  Yeni  Babilistan  çarı  Nabuhodonosorla  müqayisə  edilə 
bilər.Bu  sələfləri  müharibə  aparmağa  böyük  diqqət  verirdilər.  Müharibə  şöhrəti 
artırmaq vasitəsi hesab olunurdu,həm də daxili ziddiyyətləri müvəqqəti də olsa ört-
basdır  etməyə  kömək  edirdi.  Onlardan  fərqli  olaraq  Elizabet  işğal  müharibələri 
aparmamışdı. Sonra onun taxt-tacda olmaq rekordunu Fransa kralı XIV Lui, Böyük 
Britaniya  kraliçası  Viktoriya,  Avstriya  imperatoru  Frans  İosif  və  hazırkı  ingilis 
kraliçası II Elizabet ötüb keçdilər.XİV Lui də müharibələrdən doymurdu,ardı-arası 
kəsilməyən müharibəlrlə Fransanı taqətdən salmışdı.Viktoriya imperialist siyasətin 
uğuru üçün bütün vasitələrə,o cümlədən müharibələrə əl atırdı.Frans İosif Birinci 
dünya  müharibəsinə  start  verən  hökmdarlardan  biri  olmuşdu.İİ  Elizabet  Folklend 
adaları  üstündə  Argentina  ilə  qısa  müddətli  müharibə  aparmışdı.Kraliça  Mariya 
Styart  isə  digər  problemlərlə  üzləşdiyindən  müharibə  barədə  düşünməyə  onun 
vaxtı da olmamışdı. 
 Elizabetin  vəfatından  sonra  nəsldə  başqa  varis  olmadığından  (Kral  VIII 
Henrinin  oğlu  16  yaşında  ölmüş,  qızı  Mariyanın  övladı  olmamış,  digər  qızı 
Elizabet  isə  heç  ərə  getmədiyindən  «Bakirə»  ləqəbinə  layiq  görülmüşdü),  Mariya 
Styuartın oğlu VI Ceyms I Ceyms adı altında İngiltərə kralı oldu və onun anasına 
olan  ehtiramı,  cəsədinin  köçürülüb  Vestminister  abbatlığında  dəfn  edilməsində 
ifadə olundu. 
Mariya  Sutyartın  xoşbəxtlik  gəmisi  gənc  yaşlarında  sualtı  qayaya  dəyib, 
zədələndi  və  məhvə  sürüklənmək  şəklində  quduz  dalğaların  ixtiyarına  buraxıldı. 
Bu dalğalar isə artıq onun üstünü alan bədbəxtliklərin nişanəsi idi.Belə acınacaqlı 
mövcudluq  Londondakı  edam  kötüyündə  başa  çatmaqla,  onun  sehrli  və  qəmli 
odisseyasına son nöqtəsini qoydu.  
 Odisseyin  Troya  müharibəsində  iştirək  etməsi  və  vətəni  İtakaya  dönməsi 
ölümcül  sınaqlarla  müşayiət  olunan  iyirmi  illik  bir  müddəti  əhatə  etdi.  Mariya 
Styuart da iyirmi il ərzində yer üzərindəki cəhənnəmin doqquz dövrəsini dolaşmalı 
oldu.  İtaka  çarı  böyük  əziyətlərdən  sonra  doğma  məkanına,  vəfalı  arvadı 
Penelopanın  yanına  qayıtdısa,  Mariya  Styuart  öz  qohumu  olan  kraliçanın  fəal 
iştirakı ilə özü üçün çıxışı olmayan labirint sayılacaq İngiltərədə uzun illər dustaq 
həyatı  sürdü.  O,  Elizabeti  Ariadna  hesab  etsə  də,  onu  xilas  edəcək  sapı  tapa 
bilmədi,  əksinə  burada  mühakimə  adlanan  Minotavrın  qurbanına  çevrildi.  Qədim 
yunan  mifəloqiyasına  görə  gənc  afinalılar  labirintdə  belə  məhvə  məruz  qalırdılar. 
Yalnız  Tesey  Minotavra  qalib  gəlib,  bu  təhlükəni  yoxa  çıxarmışdısa,  Mariya 
Styuart  isə  həmin  mostrla  bacarmıyıb,  onun  hökmü  ilə  həyatla  vidalaşmalı  oldu. 

271 
 
Başqa  finalı  da  gözləmək  olmazdı.  Elə  bil  ki,  bu  qadına  Atridlər  lənəti  tuş 
qəlmişdi. Bu lənət onun sonraskı nəslinə də sirayət etdi, Styuartlar sülaləsinin ömrü 
yalnız daha bir əsrə qədər davam edə bildi.  
 Mariya  Styuart  əgər  Horatsinin  zərb-məsələ  çevrilmiş  “Non  uno  luna  nitet 
vultu”  –  “Xoşbəxtlik  heç  də  həmişə  adama  gülümsəmir”  sözlərinə  lazımınca 
əhəmiyyət  versəydi,  bəzi  çətinliklərinə  baxmıyaraq  Fransa  kral  sarayındakı 
nisbətən yerüstü cənnəti andıran bir şərayitdən Şotlandiyadakı və İngiltərədəki onu 
məhvə  aparan  bir  mühütə  düşməzdi  və  həyatını  belə  vaxtınnan  əvvəl  qurban 
verməzdi. 
 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin