Qullara münasibətdəki fərqlər ölkəni parçalanmağa aparır.
Millard Filmor 18 sentyabr 1850-ci ildə Qaçqın Qul qanununu imzalayanda
demişdi ki, o, dövlət xadimi kimi özünə ölüm hökmünü imzalayır. Qaçqın Qul
qanunu qəddar və humanist olmayan tədbir idi. Qaçan qul, sahibi və ya onun agenti
tərəfindən tutulduqda magistratın və ya xüsusi müvəkkilin yanına gətirilirdi və onlar
işi dinləyib məsələni həll etməli idilər. Qanun bütün hallarda dustağın əleyhinə
işlədiyinə görə, çox biabırçı idi. Qul sahibinin və ya agentin andı işi həll etmək üçün
kifayət idi. Qara adam öz xeyrinə şəhadət verə bilməzdi. Jüri onlara mərhəmət
göstərməkdən imtina edirdi. Hətta xüsusi müvəkkilə qanun tərəfindən rüşvət
verilirdi. Çünki əgər o, tutulan qulu onu tutana versə, rüsum kimi 10 dollar alırdı.
Əgər o, qulu sərbəst buraxsa beş dollar alırdı.
Şimalın hər tərəfində minlərlə adam əmin idi ki, cinayəti olmadan qul qolu
bağlı saxlanırsa, sadəcə olaraq anadan olması və dərisinin rəngi kimi bədbəxtliklərə
görə o, belə vəziyyətə düşmüşdürsə, bacardığı qədər onun qaçmaq hüququ vardır.
Vicdan tələb edirdi ki, onlar bu adama onun qaçmasında kömək etməlidirlər. Şimal
əhalisi Qaçqın Qul Aktını ədalətsiz və əxlaqsız tədbir kimi ifşa edirdilər. Miçiqan,
Viskonsin və bütün Yeni İngiltərə ştatları özlərinin azadlıq qanunlarını qəbul etdilər
ki, azad qaraları himayə etsinlər. Şimaldakı azad ştatlarda bir az əvvəl quldarlıqdan
qaçmış iyirmi min zənci var idi. Qul ovçuları da adətən uğursuzluğa düçar olurdular
və hətta onlar uğur qazandıqda, çox vaxt çəkilən xərc o qədər böyük olurdu ki, bu
tədbir faydasız bir işə çevrilirdi. Uzaq Cənubda isə çoxları bilirdi ki, bu azadlıq
yalnız Şimal Ulduzu istiqamətindədir.
Cənub ştatlarından Şimala aparan gizli yola qaralar "Yeraltı" adını
vermişdilər. Bu sistemin yaradıcısı varlanmış tacir Levi Koffin idi. O, İndiana
ştatındakı Nyuport stansiyasını iyirmi il idi ki, idarə edirdi. Bu dövr ərzində o, və
onun sədaqətli arvadı onların hər ikisi kvarker idi, hər il ən azı yüz qaçqın qula
sığınacaq vermişdilər. Qadın yazıçı Harriet Biçer Stounun "Tom dayının koması"
romanındakı üzən buzun üstü ilə bir qadının öz uşağı ilə Ohayo çayını keçməsi
həqiqətən olmuş əhvalat idi. Bu qadın Koffinin evinə gəlib çatdıqdan sonra Missis
Koffin ona "Eliza Harris" adını vermişdi və qadın yazıçı Stou bu hadisədən öz
romanında istifadə etmişdi. "Yeraltı" yolun ən fəal iştirakçılarından biri Harriet
Tabmen idi, o, özü Merilenddən olan qaçqın qul idi. Bu qadın demək olar ki, ağ idi,
çox dindar və fərasətli idi və o, "öz xalqının Moiseyi" ləqəbini almışdı. O, qul
ştatlarına 19 səfər etmişdi və üstü açılmadan 300 qulu özü ilə Şimala, azadlığa apara
bilmişdi.
Vətəndaş müharibəsindən əvvəlki on illikdə şimalda siyasi vicdana ən güclü
təsir edən vasitə Harriet Biçer Stounun "Tom dayının koması" əsəri olmuşdu. Roman
dahilərin böyük əsərləri arasında yer tutmasa da, qeyri-adi təsir gücünə malik idi. İlk
dəfə çap edildiyi ildə kitabın 300 min nüsxəsi satıldı. Satış tezliklə milyonu keçdi.
Kitab İngiltərədə və onun müstəmləkələrində yayıldı və iyirmi dilə tərcümə olundu.
Əhvalat əsasən gənclərə müraciət edirdi və minlərlə oğlan 50-ci illərdə Topsiyə
gülürdüsə, Yevanı azca sevirdisə, Tom dayının taleyinə ağlayırdısa, Leqrinin
vəhşiliyindən qəzəblənirdisə, 1860-cı ildə onlar artıq seçici oldular. Onların səsi
265
müəyyən etdi ki, quldarlıq ədalətsiz işdir və bu inam həmin ildə baş verən siyasi
inqilaba səmərəli təsir edən güclü elementə çevrildi.
XIX əsrin əvvəllərində Amerikan xalqının ümumi verdikti bu idi ki, quldarlıq
şərdir. Vaşinqton və Cefferson kimi liderlər özləri qul sahibləri idilər, lakin bütün
ömürləri boyu quldarlığın mövcudluğuna heyifsilənirdilər, ondan narazı idilər.
Sonrakı illərdə quldarlıq başlıca siyasi məsələyə çevrildi. Kalhounun liderliyinin
arxasınca gedərək, demək olar ki, bütün Cənub Birləşmiş Ştatlarda quldarlığı müsbət
hal hesab edirdi. Məsələ həm də iqtisadi əhəmiyyət daşıyırdı. Qulların çoxunu
insanpərvər sahib, bu qul azad olduqda özünü saxlaya biləcəyindən daha yaxşı
saxlayırdı. Ona görə də belə qulların çoxu azadlıq üçün kiçik istəyə malik idi.
Qulların böyük əksəriyyəti isə bu sinfə daxil deyildi. Ev nökərlərindən,
faytonçulardan və onlara bənzər digərlərindən savayı pambıq ştatlarının qulları ağır
zəhmətlə tarlada işləyirdilər. Onlar ömürlərini, əvəzi ödənilməyən zəhmətdə
keçirirdilər; kişilik və qadınlıq şüurunun qığılcımına malik olan adam üçün bu
dəhşətli, sevincsiz, ümidsiz bir həyat olmalı idi. Onların yeməyi də əsasən qarğıdalı
xörəyindən ibarət olurdu, yalnız daha çox taqətdən salan əməklə məşğul olan qullara
təsadüfi vaxtlarda ət verilirdi. Şəraitin yaxşı olduğu yerlərdə isə qul özünü xoşbəxt
hesab edirdi.
Qul öz ağasının üzünə qayıtsa və ya qaçmağa cəhd etsə, o, güllələnirdi və elə
cəzalara məhkum edilirdi ki, bu da çox vaxt ölümlə nəticələnirdi. Qulun belə
fitnəkarlıqla öldürülməsinə qarşı heç bir qanun yox idi. Zəncinin qəsdən öldürülməsi
cənub ştatlarının hamısında guya cinayət hesab olunurdu. Əgər zənci ağ adam
tərəfindən öldürülsəydi, bu olduqca tez-tez baş verirdi, heç bir şahid tapılmırdı və
başqa heç kəs olmadıqda qulların şahidliyi qanuna görə yaxşı hal sayılmırdı və bu
səbəbə görə də nadir hallarda cəzalandırma baş verirdi.
Qul böyük cəhalətdə yaşayırdı. Demək olar ki, bütün pambıq ştatlarında
qulların oxumağa və yazmağa öyrədilməsi qadağan edilmişdi. Təkcə Virciniyada
sahib buna icazə verirdi. Şimali Karolinada qullar hesabı öyrənə bilərdi. Özünün
sahibə məxsus olduğunu güman edən qul qadın, özünə və kimsəyə xoş gəlməsinə
qətiyyən heç bir qayğı göstərmirdi.
Vətəndaş müharibəsi başlanana qədər qul ştatlarında 260 min azad zənci var
idi, onların böyük hissəsi Merilenddə, Virciniyada və Şimali Karolinada idi. Cənubda
isə azad zəncilərin statusu daha çox təhlükəli idi. Onların çoxu azadlıq aldıqdan
sonra yenidən qula çevrilirdilər. Onlar vergini və ya rüsumu ödəmək üçün sahib
tərəfindən dəfələrlə satılırdılar. Qula çevrilmək üçün ən böyük təhlükə adam
oğurlanması idi. Hər bir Cənub ştatında adam oğurluğu barədə sərt qanunlar var idi,
həmin faktın əksinə olaraq, bu praktika əslində genişlənən ölçüdə davam edirdi. Bir
yazıçı şahidlik edirdi ki, oğurlanan zəncilərin sayı güman ki, öz ağalarından
qaçanların sayı kimi böyük idi.
Quldarlıq haqqında Tomas Ceffersonun, Ceyms Medisonun və Cənubun digər
aparıcı adamlarının şahidliyi göstərir ki, bu sistem hər iki irqi mənəvi düşkünlüyə
sövq edir. Şimalın abolisionistləri bu şərin aradan götürülməsini istəyirdilər.
Quldarlığın digər xüsusiyyəti şimallıların vicdanını narahat edirdi. Bu da ştatlar
arasındakı qul ticarəti idi, bununla şər daha da böyüyürdü. Afrika ticarəti açıq olan
vaxt, kolonial dövrlərdə bu mövcud deyildi, bu ancaq bütünlüklə sonrakı vaxta
266
məxsus oldu. Bu, əslində şəri iki yerə bölməklə, onu iki dəfə çox şiddətlə yaşadırdı.
Ailələrin parçalanması və qulların bazara çıxarılması baş verirdi. Bunda həqiqətən
heç bir şübhə yox idi ki, başqa irqlərdən fərqli olaraq, xüsusən qul olan zəncilərin
ailə əlaqələri o dərəcədə güclü deyildi. Lakin qara irq yaxşı hisslərdən heç də
məhrum deyildi. Con Randolfdan bir dəfə soruşanda ki, onun eşitdiyi ən təsirli nitq
hansı olmuşdur, o, cavab vermişdi ki, onu bir qul qadın söyləmişdir. Onun tribunası
hərrac bazarı idi. Burada qadın satılmağa çıxarılmış öz uşaqlarını müdafiə edirdi.
Bu vaxtlar Amerikaya immiqrant axını davam edirdi, hətta yad Şərqdən də
Sakit okean sahillərinə adamlar gəlirdi. 1844-cü ildə müdaxiləyə heç də rəğbət
bəsləməyən şəhərlər olan Nyu York və Filadelfiyada məsələ çox ciddi forma aldı.
"Birləşmiş Amerikanlar ordeni" adlı gizli təşkilat yarandı, onun devizi
"Amerika amerikanlar tərəfindən idarə olunmalıdır" sözlərində ifadə olunurdu. Onlar
əcnəbilərdən qorxurdular və ya onlara nifrət edirdilər, Roma katolik kilsəsinin qitəyə
gəlməsini onların görməyə gözləri yox idi. 1851-ci ildə Men ştatı sərxoş edən
içkilərin və spirtli içkilərin istehsalını və satışını öz ərazisində bütünlüklə qadağan
etdi. Cənublular isə daim vuruşmağa can atırdılar, bunun üçün bəhanə axtarırdılar.
İstər bu Kolumbiya mahalında qul alverinin qadağan olunması məsələsi olsun, istərsə
də Birliyin tərkibinə yeni ştatlar qəbul edilməsi. Onlar görürdülər ki, böyük və
genişlənən qüvvə onlara qarşı hərəkət edir. Onlar da şimallılar kimi birliyi özləri
üçün əziz hesab edirdilər. Onlar əmin idilər ki, bu Birliyin qalması birbaşa bölmələr
arasındakı tarazlıq münasibətindən asılıdır.
Prezident Pirsə gəldikdə, o, uğurlu namizəd olmaq üçün bir sıra yararlı
keyfiyyətlərə malik idi. O, hər tərəfdən özünə dostlar tuta bilirdi. İctimai həyatda
ikinci dərəcəli adam olsa da o, bir qədər antoqonizm oyatdı. Lakin o, demokratik
platformanı qəbul etdi. Onun prezidentliyə gəlişi də o qədər asan olmamışdı. Pirsin
qələbəsi Monronun ikinci müddətə qələbəsindən sonra ən böyük uğur idi. Uzun illər
Senatda xidmət göstərmiş, Alabamadan olan Uilyam R.Kinq vitse-prezident seçildi.
Pirsin prezidentliyi dövründə Konqressin ilk iclası isə göstərdi ki, onun
taleyinə heç nə gülmür. Yeni prezident Franklin Pirs inqilab əsgərinin oğlu idi və
atasının söylədiklərindən o, yaxşı vətənpərvərlik dərsi keçmişdi. O, böyüyəndə
advokaturanın aparıcı üzvü oldu və Konqressin hər iki palatasında xidmət etdi. O,
Prezident Polkun, onun Kabinetinə daxil olmaq barədəki təklifini rədd etmişdi, lakin
könüllü olaraq öz xidmətini Meksika müharibəsinə təklif etmişdi, baxmayaraq ki,
hərbi məsələlər barədə az şey bilirdi. Prezidentin rəğbəti hesabına o, tezliklə briqada
generalı oldu. Heç bir vəchlə Franklin Pirs böyük adam deyildi, vəkil kimi də böyük
nüfuz qazanmamışdı.
Baltimorda Viq qurultayı keçiriləndə partiyanın banisi Henri Kley
Vaşinqtonda ölüm yatağında idi. Onun ölümü dinc və sakit idi. Bütün millətdən az
adam Henri Kleyin ölümünə dərindən yanırdı. O, böyük keyfiyyətlərə malik idi.
Parlament lideri kimi Amerika tarixində ona bərabər yox idi. Dövlət xadimi kimi isə
o, ən birinci cərgəyə qoyula bilməzdi. Onda Ceffersonun analitik ağlı, Hamiltonun
uzağı görmə bacarığı, Ceksonun peyğəmbər intuitsiyası yox idi. Onun mühakiməsi
də bəzən gülünc görünürdü.
Partiya lideri kimi Kley Uebsterdən yuxarıda dururdu. Əqli cəhətdən nəhəng
olan Uebster isə Kleyi kölgədə qoyurdu. Kley xalqın məhəbbətini qazanmışdı.
267
Uebster onların heyranlığını və tərifini qazanmışdı. Kleyin çoxlu səmimi dostları və
daha pis düşmənləri var idi. Uebsterin az sayda dostları var idi və demək olar ki,
şəxsi düşməni yox idi. Hər ikisi uğursuzluğa uğradı, lakin hər ikisi Amerika tarixində
orta prezidentlərdən çox yuxarı olan daimi ad qoyub getdi.
Uebsterin sonuncu prezident seçkisində biabırçı məğlubiyyəti onun böyük
həyatının qəmli tərəfini bəzədi. Öz dostu, böyük Boston vəkili Rufus Çoatla qurultay
təxirə salındıqdan sonrakı söhbətində, ifadə olunmayan kədərlə bu vəziyyət xüsusən
gözə çarpmışdı. Çoat sonralar bu barədə demişdi ki, bu onun həyatında ən qəmli an
idi. Bir neçə ay sonra Yeni İngiltərənin böyük dövlət xadimi qəbrə gömüldü. O,
ölümündən əvvəl, "siyasətlə məşğul olmağı" şöhrətpərəstliklərin şöhrətpərəstliyi
kimi məhkum etmişdi.
Franklin Pirs bu vaxta qədər seçilmiş prezidentlərdən ən cavanı idi. Onun
inauqurasiya nitqi ümumən yaxşı qarşılandı. Onun kabinetində milli şöhrətli adamlar
da var idi. Nyu Yorkdan olan Mersi Polk kabinetində də işləmişdi, Dövlət Katibi
oldu, Missisipidən olan Cefferson Devis müdafiə katibi oldu. Lakin az müddət
işlədikdən sonra prezident Pirsin populyarlığı azalmağa başladı.
1854-cü ildə qəflətən siyasi səmada qasırğa irəliləməyə başladı, bu hökumətin
tarixində baş vermiş qasırğalardan ən dəhşətlisi idi. Bu qanunvericilik aktı şəklində
meydana çıxdı və onun müəllifi Stefen E.Duqlas idi. Duqlas ictimai həyatın ən parlaq
və ambitsiyalı adamlarından biri idi. Onun yaşı 40-a çatmamışdı, 1852-ci il prezident
namizədliyində yaşlı partiya liderləri ilə rəqabət aparırdı və yüzə yaxın səs almışdı.
O, bu vaxt Senatın ərazilər üzrə komissiyasının sədri idi və öz ambitsiyasını realizə
etmək üçün imkan əldə etmişdi.
Satın alınmış Luiziananın şimal hissəsi, insan yaşamayan yarım milyon
kvadrat millik geniş ərazi Missuridən şimali-qərbə tərəf uzanırdı və Britaniya
Amerikasının sərhədinə çatırdı. Ərazi Nebraska kimi tanınırdı. Duqlas bu vaxt Senat
qarşısında bildirdi ki, bu regiona Ərazi quruluşu vermək lazımdır. Bu məruzədəki
bəyanatın iki uzağa gedən əhəmiyyəti oldu; birincisi, bu, 1850-ci il
Kompromissindəki qərar idi, buna görə Uta və Nyu Meksika quldarlıq əleyhinə heç
bir qərar olmadan təşkil olunmalı idi. Bu qayda qoyurdu ki, bütün digər Ərazilər də
bu yolla təşkil oluna bilər. İkincisi, görkəmli dövlət xadimlərinin rəyinə görə,
Konqress Ərazilərdəki quldarlıq məsələsinə görə heç bir hakimiyyətə malik deyildi
və beləliklə 1820-ci il Missuri Qanununun səkkizinci bölməsi ləğv edildi və
qüvvədən düşdü.
Duqlas yaxşı başa düşürdü ki, onun layihəsi qanuna çevrildikdən sonra
Missuri Kompromissi bir başa ləğv edilməsə də, onu kənara qoymaqla, Şimalın sərt
müqaviməti ilə rastlaşacaqdır. Duqlas bilirdi ki, onun məruzəsi Cənubun xoşuna
gələcəkdir, baxmayaraq ki, o, bunu tərtib edəndə heç bir cənublu ilə
məsləhətləşməmişdi.
Duqlas, onunla yaxşı münasibətdə olan Prezident Pirs və Müdafiə naziri
Cefferson Devis ilə 22 yanvarda şənbə günü uzun müddət məsləhətləşmə apardı. Pirs
güzəştə getdi və bu üçlük razılaşdı ki, Missuri Kompromissi ləğv edilməlidir.
Prezident tarixdə öz adını yaşatmaq istəyirdi. Lakin imkan itirilmişdi. Pirs Cənubun
dəstəyini almağı arzu edirdi, onun hərəkətini yalnız bu fakt izah edirdi. Duqlasın da
268
başlıca motivi bu idi. Üç adamdan yalnız Devis prinsipə və inama görə hərəkət
edirdi.
Bu görüşün sabahısı günü Duqlas Senata birinci məsələyə aid, Missuri
Kompromissinin ləğvini təmin etmək üçün, üstəlik ikinci qanun layihəsi təqdim etdi.
Bu Kanzas-Nebraska Aktı kimi məşhur oldu.
Stefen Duqlas quldarlığın mənəvi tərəfinə məhəl qoymayaraq, yalnız Qərbin
məskunlaşdırılmasını və transkontinental dəmir yolunun çəkilməsini arzu edirdi və
bilirdi ki, Cənubdan olan senatorlar Missuri Kompromissində nəzərdə tutulduğu kimi
Qərbin azad ərazi tək təşkil olunmasına imkan verməyəcəklər. Cənublular bunu da
nəzərə alırdılar ki, Şimal və Qərb əhalidəki bölmələrinə görə üstün mövqedədirlər.
Bu cəhətdən Nümayəndələr Palatasında da çoxluq onlardadır, ona görə də hər vasitə
ilə Senatda səslərin bərabərliyinə nail olmağa can atırdılər və ona görə də hansısa bir
yeni azad ştatın meydana gəlməsinə meyl etmirdilər. Buna müvafiq olaraq Duqlas
düşünürdü ki, Meksikadan alınan ərazilərin əldə edilməsində tətbiq edilən xalqın
suverenliyi doktrinası bu çıxılmaz vəziyyətdən qaçmağa imkan verməlidir. Prezident
Pirsə arxalanaraq o, konqressmenləri qorxutmaq və aldatmaq yolu qanun layihəsinin
qanuna çevrilməsinə nail oldu. O, bilirdi ki, layihə Senatdan asanlıqla keçəcəkdir,
həmçinin anlayırdı ki, Şimal onu məhkum etmişdir və bu xalq qarşısında özünü
reabilitasiya etmək üçün böyük imkan idi. Onun Senatdakı çıxışı buna yönəlmişdi ki,
Missuri Kompromissinin ləğv edilməsinin başlıca məqsədi "xalqın suverenliyinin
təməl prinsipinin" qurulmasıdır. Bunun əsasında Konqress və ölkə gələcəkdə
Ərazilərdə bütün quldarlıq narahatçılıqlarından azad olunacaqdı.
Yatmış şəhər top atəşi səslərindən oyandı, bu tədbirin keçməsinin elan
edilməsi əlaməti idi. Çeyz Kapitolidə gəzişəndə dostuna ucadan demişdi: "Onlar
indiki qələbəni bayram edirlər, lakin onların oyatdığı əks-sədalar quldarlığın özü
ölənə qədər heç vaxt sakitləşməyəcəkdir".
Kanzas-Nebrasla aktının qəbul edilməsini Şimal ştatlarının qanunverici
orqanlarının əksəriyyəti bəyənmədiklərini bildirdilər. Duqlası hər yerdə ölkənin
satqını adlandırırdılar, ona İuda İskariot deyirdilər və Ohayodan qadınlar cəmiyyəti
ona otuz parça gümüş göndərmişdi. "Arnold" ləqəbi isə onun adının inqilabın satqını
ilə əlaqələndirilməsini vurğulayırdı. Doğma şəhəri Çikaqoda çıxış etməyə cəhd
edəndə, onu səhnədə fitə basmışdılar. Öz bəyanatına görə o, yalnız "Bostondan
Çikaqoya öz portretlərinin yandırılmasından düşən işıqda səyahət edə bilərdi".
Duqlas qorxulu səhv etmişdi. O, xalqla məsləhətləşmədən bunu etmişdi və bu
qanun həyata keçirilməyə başlandı. Şübhəsiz ki, Duqlas ürəyində vicdanlı adam idi.
Lakin prezidentliyin qumar oyununda oynamağa o, cəsarət edəndə, ödəyəcəyi
qiyməti hesablamaqda uduzmuşdu. O, parlaq, populyar gənc lider idi, o, çox az adam
kimi amerikanların ürəyini fəth edə bilmişdi, lakin indi o, ictimai dözümlülüyün
həddini tapdayıb keçmişdi və tezliklə o, öz şəxsiyyətini köhnə oyuncağın yerə
çırpılması vəziyyətində gördü və onun prezident olmaq perspektivi birdəfəlik yoxa
çıxdı.
1841-ci ildə Luizianada ştat qurultayı Amerika Respublika partiyasını yaratdı,
sonralar bu Doğma Amerikan partiyası adlandı. Bu hərəkatın başlıca prinsipi yalnız
ölkədə doğulmuş amerikanları vəzifəyə qoymaq və naturalizasiya müddətini 21 ilə
qədər uzatmaq idi və bu hərəkat tezliklə Şimalda da yayıldı. 1844-cü ildə Nyu York
269
şəhərinin meri və sonrakı ili Konqress üzvlərinin bir hissəsi seçildi. Lakin Meksika
müharibəsi və quldarlıq ictimai diqqəti bütünlüklə özünə cəlb etmişdi, ona görə də
hərəkat çəkilməyə başladı və 1849-cu ildə yığışan Konqressə partiya bir üzvünü də
göndərə bilməmişdi.
270
Kiçik partiyalar
Avropada 1848-ci ildə inqilablar, dəyişikliklər baş verdi və Kaliforniyada
qızıl tapılması Amerika sahillərinə Avropadan əvvəlki dövrlərdən xeyli çox
immiqrant axınına səbəb oldu. Bu köhnə anti-əcnəbi hissini yenidən oyatdı və 1852-
ci ildə "Heç nə bilmirəm" partiyası yarandı. Partiya köhnə "Doğma Amerikan"
partiyasının prinsiplərinə əsaslanırdı. Hərəkat böyük yanğın kimi yayılmağa başladı.
Əvvəlcə bu gizli andla bağlanmış təşkilat idi və onun üzvündən soruşulanda ki, hansı
bünövrə üzərində bu partiya qurulmuşdur, onlar cavab verirdilər: "Mən bilmirəm". O
vaxtdan da "heç nə bilmirəm" adı qalmışdı. Çoxları bu partiyaya ona xüsusi rəğbət
bəslədiklərinə görə deyil, təxəyyüllərinə xoş gələn, ilk yeni olan şeydən "hövsələsiz
və fərqinə varmayan həvəslə" danışmağa hazır olduqlarına görə daxil olmuşdular.
"Heç nə bilmirəm" partiyası milli ölçülərdə böyüdükdən sonra öz məxfiliyini
kənara atdı və vəzifələrə öz namizədlərini irəli sürdü. 1854-cü ildə onlar
Massaçusetsdə və Delaverdə seçkiləri keçirdilər. Sonrakı ili, Kanzas-Nebraska
demokratlarına qarşı münasibətin birdən dəyişməsi yüksək nöqtəyə çatanda "Heç nə
bilmirəm"lər Şimal ştatlarında və bir neçə Cənub ştatında çoxluğa malik oldular.
Lakin bu partiya daimi siyasi faktora çevrilə bilməzdi. Onun mənəvi mühiti, milləti
idarə etmək üçün zəruri olan geniş, fundamental prinsipləri yox idi.
1854-cü il və 1855-ci il seçkiləri qəribə sürpriz gətirdi. "Heç nə
bilməyənlərin" cəmiyyəti bir sıra müvəffəqiyyət qazandı. 1854-cü ilin payızında
onlar Massaçusetsdə və Delaverdə qubernatorluğa namizədlər seçdilər və federal
Nümayəndələr Palatasında yüz nəfərə yaxın üzvə malik oldular. 1855-ci ilin
payızında Nyu Hempşir, Massaçusets, Rod Aylend, Kennektikut, Nyu York,
Kentukki və Kaliforniyada qalib gəldilər, altı cənub ştatında isə çoxluq təşkil
edənlərdən azacıq geri qaldılar. Onlar yeni və tanınmayan adamlarla Nümayəndələr
Palatasına seçkilərdə və ştatların qubernatorluğu uğrundakı seçkilərdə müvəffəqiyyət
qazandılar. 1855-ci ilin dekabrında sessiyanı keçirən Nümayəndələr Palatasının
tərkibi müxtəlif idi və anti-Nebraska adamlarından, azad torpaqçılardan,
demokratlardan, Cənubun quldarlıqpərəst viqlərindən, quldarlığın yayılmasına rəğbət
bəsləyən "heç nə bilmirəm" tərəfdarlarından və buna müxalif olan, "heç nə
bilmirəm"lərdən təşkil olunmuşdu. Təkcə çoxluq prezident adminstrasiyasına qarşı
olduğundan başqa, palatanın nöqteyi-nəzəri dəqiq məlum deyildi. Anti-Nebraska
demokratları, viqlərin köhnə xətti, Azad ruhlular və parçalanmış "Heç nə bilmirəm"
partiyasının qəlpələri kimi bütün materiallar mövcud olanda, yeni siyasi partiyanın
formalaşması üçün vaxt gəlib yetişdi.
Hələ 1854-cü ilin erkən yazında Vaşinqtonda söz-söhbət gəzirdi ki,
quldarlığın yayılmaması əsasında yeni milli partiya yaradılacaqdır. Lakin Syuard
daxil olmaqla bir sıra Şimal liderləri yeni hərəkata rəğbətlə yanaşmırdılar.
Siyasətçilər bir şey həll etməyəndə, qərarsız olanda bu xalq hərəkatına bənzəyirdi. 20
mart 1854-cü ildə Viskonsindəki kiçik Raypon şəhərində bir neçə yüz vətəndaş şəhər
salonunda yığışıb qətnamə qəbul etdilər ki, yeni milli partiya yaradılacaqlar və onlar
"Respublikaçılar" adını təklif etdilər. Eyni hərəkət bir neçə gün sonra Vermontda baş
verdi. 6 iyulda Miçiqandakı Cekson şəhərində böyük kütləvi mitinq keçirildi, qəbul
edilmiş qətnamədə Kanzas-Nebraska və Qaçqın Qul qanunlarının ləğv edilməsi tələb
271
edildi, quldarlıq "mənəvi, sosial və siyasi bəla" elan edildi və quldarlığın
genişlənməsinə qarşı dayanmaq üçün onlar respublikaçılar adı altında birləşməyə
razılaşdılar. İyulun 13-də Anti-Nebraska qurultayları Viskonsində, Ohayo və
Vermontda keçirildi. Bu vaxt Şimalda xalqın görünməmiş üsyanının yaranması
ərəfəsini görmək çətin deyildi. 1856-cı il isə bütün müxalifəti "Respublikaçılar"
partiyası adı altında bir yerə yığdı. Bura anti-Nebraska adamları, bir vaxtlar demokrat
və ya viq olmuş adamlar, az vaxtda "Azad torpaqçılar" və qısa müddətdə "heç nə
bilmirəm" olanlar birləşmə niyyətilə bir yerə yığışdılar.
Duqlasın inqilabi Kanzas-Nebraska qanunundan başqa, müxalifətin bir yerə
yığışmasına başqa şeylər də təsir etdi. Qanun qəbul olunandan əvvəl prezident
adminstrasiyası Meksikadan öz səfiri Ceyms Qadsden vasitəsilə qırx beş min kvadrat
millik əlavə ərazi aldı. Bu ərazi Cila Riverdən cənubda yerləşirdi.
Kanzas-Nebraska Aktı qanuna çevrilən ili Pirs cənubluların xahişi ilə Böyük
Britaniyadakı, Fransadakı və İspaniyadakı səfirlərinə göstəriş verdi ki, Birləşmş
Ştatların Kubanı ələ keçirməsini həmin hökumətlərlə müzakirə etsinlər və nəticəsini
ona bildirsinlər. Belə güman edilirdi ki, Kubanın ələ keçirilməsi Birləşmiş Ştatlara
böyük fayda verəcəkdir. Ostend görüşü belə qənaətə gəlmişdi. Əgər İspaniya adanı
satmaq istəməsə, Birləşmiş Ştatlar güc tətbiq etməklə onu İspaniyadan qoparmaqla
ədalətli hərəkət etmiş olardı, necə ki, bu Santo-Dominqoda baş vermişdi. Kubada isə
ora nisbətən afrikalaşma təhlükəsi daha böyük idi. Texasın cənubundakı ərazilərin
mülkiyyətə cəlb edilməsi kimi, cənub limanlarından Mərkəzi Amerika dövlətinin
özünə qarşı siyasi ekspedisiyalar şəklində uğursuz cəhdlər edilirdi.
Otuz dördüncü Konqress 1855-ci ilin dekabrında toplaşdı. Palatadakı
Demokrat çoxluğu yoxa çıxmışdı, lakin müxalifətin özü də qarışıq kütlə idi. Burada
viqlər, anti-Nebraskalılar, "Heç nə bilmirəm"lər və respublikaçılar var idi. Demokrat
spikerin seçilməsinin qarşısını onlar asanlıqla aldıqda, öz seçimləri üçün səsləri
cəmləşdirməkdə çoxlu çətinliklərlə üzləşdilər. Nəhayət, diqqət Massaçusetsdən olan
Nataniel P.Benksə dikildi. O, əvvəlki Konqressə demokrat kimi seçilmişdi,
respublikaçılara qoşulduqdan sonra Missuri Kompromissinin bərpa edilməsinin
tərəfdarı idi. Benks spiker seçildi. Qrele bu seçimi həmin dövrdə yaşayan adamların
xatirəsində azadlığın quldarlıq üzərindəki ilk qələbəsi kimi qalacağı şəklində ifadə
etmişdi.
Spikerliyə seçki mübahisəsi ərzində müxaliflər çox vaxt "respublikaçılar"
adından danışırdılar. Bu demokratlara xoş gəlmirdi, çünki bu köhnə adla Cefferson
erkən dövrlərdə öz partiyasını belə adlandırmışdı. Onlar təklif etdilər ki, yeni təşkilat
"Qara Respublikaçılar" termini ilə adlansın, çünki onlar əsasən qara adamlara rəğbət
bəsləyirlər. Respublikaçılar partiyası hələ rəsmi cəhətdən mövcud deyildi. Hərəkat
spontan xarakter daşıyırdı, bütöv Şimalda yayılmışdı və Pittsburqa onun doğum yeri
olmaq qisməti nəsib oldu. Benksin seçkisindən üç həftə sonra bu şəhərdə Milli
qurultay keçirildi. Kaliforniya istisna olmaqla, bütün azad ştatlar burada təmsil
olunmuşdu. Prezident Ceksonun köhnə dostu və seçkidəki etibarlı vəkili olmuş
Frensis P.Bleyr qurultayın sədri seçildi və "Nyu York Tayms" qəzetinin naşiri Henri
C.Reymond müraciətin layihəsini yazdı. Burada rəsmi qaydada Respublikaçılar
Partiyası yarandı, onun bünövrə daşı quldarlığın yayılmaması oldu. Vaşinqtonun
anadan olması günü qurultay yeni yaradılan partiya üçün digər milli qurultayın
272
çağırılmasını tələb etdi. Bu qurultay Banker Hill döyüşünün ildönümü günü
Filadelfiyada keçirilməli idi ki, prezident və vitse-prezident vəzifələrinə öz
namizədlərini irəli sürsün. Beləliklə hadisələr 1856-cı ilin prezident seçkilərinə gəlib
yetişdi.
Qadsdenin satın aldığı ərazi və "Ostend manifesti" quldarlıq ərazilərinin
genişlənməsinə imkan verəcəkdi. Yeni müxalifət partiyası öz qüvvələrini kifayət
qədər güclü edə bilmədiyindən 1856-cı ildə prezident seçkilərini uda bilmədilər. Viq
partiyasının qalığı hələlik meydanda idi. "Heç nəyi bilməyənlər" bilmirdilər ki, onlar
artıq öz tərəfdarlarını itirmişlər və ona görə də inamla öz namizədlərini irəli sürdülər.
Bu keçmiş prezident Filmor idi. Respublikaçılar onların demokratik müdafiəçilərinə
də xoş gələn Con Frimontu irəli sürdülər. O, gənc əsgər olmaqla Kaliforniyanın işğal
edilməsində iştirak etmişdi. Respublikaçılar mitinqlərində "Azad söz, azad torpaq və
Frimont" deyə qışqırırdılar, ingiliscə bu “Free speech, free soil and Freemont”
kimi səslənirdi. Lakin bu mitinqlərdə prezidentliyə namizəddən çox quldarlıq
məsələsi başlıca mövzuya çevrilirdi. Səhv isə ondan ibarət idi ki, əgər Frimont
seçilsəydi, Cənub ayrılmaq hədələrində sərbsət olacaqdı. Eks-prezident Tayler
yazmışdı ki, "Qara respublikaçıların müvəffəqiyyəti Birliyi diz üstə çökdürəcəkdir".
Virciniya qubernatoru Vayz yazırdı ki, əgər Frimont seçilsə, Birlik bir ildən artıq
yaşamayacaqdır. Bu hədələri respublikaçılar ciddi qəbul etməkdən imtina etdilər,
lakin sonrakı dörd ilin hadisələri hədələrin bünövrəsinin dərinliyini sübut etdi. Lakin
bədbəxtlik bu dəfə dəf olundu.
Demokratlar isə Pennsilvaniyadan olan Ceyms Byukeneni prezidentliyə və
Kentukkidən Con Brekinrici vitse-prezidentliyə namizəd seçdilər, onlar 52 artıq
elektorat səsinə əmin idilər. Respublikaçılar Pennsilvaniya, Nyu Cersi, İndiana və
İllinoys müstəsna olmaqla bütün şimal ştatlarında müdafiə olunurdular. Demokratlar
prezident seçkilərində müvəqqəti zəfər çaldılar.
Byukenen prezident seçildi və daha dörd illiyə bölünmə əjdahası yatmaqda
davam etdi. Byukenen bütün Cənub ştatlarının səsini almışdı, Penisilvaniyadan başqa
Nyu Cersi, İndiana, İllinoys və Kaliforniyanın səsini almışdı, Frimont isə qalan
böyük Şimal ştatlarında qalib gəlmişdi. Filmor isə yeganə olaraq Merilend ştatında
irəli çıxmışdı. Respubilkaçılara ittiham, onların milli deyil, bölmə partiyası olmaları
idi və seçkilər bunun həqiqət olduğunu göstərdi. On bir cənub ştatında Frimonta səs
verilmədi və qalan dörd ştatda isə o, vur-tut dörd yüz səs toplamışdı. Frimontun
sonrakı karyerası ölkənin müdrikliyini göstərdi, o, 1856-cı il seçkilərində prezident
seçilmədi. Görəsən, o, Şimala, ya Cənuba meyl edəcəkdimi? Bu vaxt neytral mövqe
mövcud deyildi.
Sonrakı qışda isə ölkəni geniş yayılmış maliyyə böhranı bürüdü. Sahibkarlığın
və kommersiyanın birdən-birə inkişafının arxasında dəmir yollarının genişlənməsi,
buxar gəmi nəqliyyatının okeanda və dənizlərdə əsas yer tutması dururdu.
Kaliforniyada qızıl yataqları açıldı. Bütün bunlar sənayenin və millətin özünün
böyüməsinə və möhkəmlənməsinə şərait yaratdı. Byukenen prezidentlik
inaqurasiyasından sonra keçirilən Konqressin qısa sessiyasında bütün partiyalar
birləşərək, o vaxta qədər vergi qoyulan manufaktura xammallarının çoxunun
vergidən azad olunması barədəki siyahını qəbul etdilər və rüsumların ümumi
səviyyəsini iyirmi beş faiz azaltdılar.
273
Byukenen inaqurasiyasından iki gün sonra Ali Məhkəmə öz baş hakimi
vasitəsilə bildirdi ki, onların rəyinə görə, Kanzas-Nebraska Aktı Missuri
kompromissini ləğv etməkdən də çox uzağa gedir. Məsələ bundan ibarət idi ki,
Missuridən olan zənci Dred Skottu onun sahibi özü ilə azad ştatların birinə
aparmışdı, sonra isə başqa bir əraziyə aparmışdı ki, burada 1820-ci il qanunvericiliyi
ilə quldarlıq ləğv edilmişdi. Zənci Missuriyə qayıtdıqdan və onun sahibi öldükdən
sonra öz azadlığını əldə etmək yolunu axtarmağa başladı. Bunun üçün onun sahibinin
zənciyə olan hüquqları ləğv edilməli idi. Lakin məhkəmə məsələni onun əleyhinə
həll etdi. 1820-ci il qanunvericiliyinə görə, quldarlıq Birləşmiş Ştatların ərazisinin bir
hissəsində
qadağan edilmişdi, lakin bu açıq effekt verməmişdi. Baş hakim sübut edirdi
ki, belə qullar məhkəməyə görə Konstitusiyanın tələbi əleyhinə vətəndaş deyillər,
sadəcə mülkiyyətdirlər. Nə Konqress, nə də Konqressdən bütün hakimiyyəti almış
ərazi hökumətləri Birləşmiş Ştatların vətəndaşlarına məxsus olan mülkiyyətin hər
hansı növünə qarşı düşmən niyyətli açıq qanunlar qəbul etməyəcəkdir. Qul sahibləri
öz qullarını hər hansı bir əmlak kimi sata bilərlər. Bu "azad torpaqçı"ların, anti-
Nebraska adamlarının və Respublikaçıların sifətinə vurulan sillə olmaqla yanaşı,
Duqlas doktrinasına da vurulan zərbə idi.
Ölkədə baş verən hadisələri Kanzasdakı faktın nümunəsində görmək olardı.
Bir qrup adamın hücum çəkməsi və silahlı adamlar vasitəsilə darmadağın edilməsi
bir sürətli dramın baş qaldırmasına səbəb oldu. Əvvəlcə Kanzasa adamlar Missuridən
və onun yanında yerləşən digər qul saxlayan ştatlardan gəlirdilər, sonra buraya şimal
tərəfdəki azad ştatlardan və uzaq Yeni İngiltərədən adamlar gəldi. Onların bəzisi
vəziyyətini dəyişmək, xeyir götürmək və ya macəra axtarmaq üçün, bəziləri
mütəşəkkil qruplar şəklində gəlmişdilər, bu səlib yürüşünə hər tərəfdən baxmaq
istəyirdilər. Şimalın təşəbbüskar adamları Kanzas-Nabraska Aktını bu torpağa
getmək və quldarlıq əleyhinə onu müdafiə etmək çağırışı kimi qəbul etmişdilər.
Onlar bunu dinc yolla və ya zorla həll etməyə hazır idilər. Onlar ərzaq və
silah alır və adamları bu səfərə hazırlayırdılar.
Bir fraksiyanın qanunsuzluğu, digərinin zorakı hərəkətlərindəki qanunçuluqla
yarışırdı və bütün ölkə bu üç il ərzində nəzərini "qanlı Kanzas"da baş verən şeylərə
dikmişdi. Byukenenin prezident olduğu ilə qədər quldarlıq tərəfdarı olan məskunlar
Ərazinin qanunverici orqanının əsas hissəsinə nəzarət edirdilər. Lakin həmin ilin
payızında onların üstünlüyü itirildi, Şimaldan olan sakinlər bu nəzarəti onlardan
qoparıb aldılar. Onların hakimiyyətinin son aktı Konstitusiya qurultayını çağırmaq və
quldarlığa icazə verən Konstitusiya qəbul edən adamların səsini özlərinə tabe etmək
idi. Adamların səsi Konstitusiyanı qəbul etmək və ya rədd etmək üçün deyil, sadəcə,
"quldarlıqla" və ya "quldarlıqsız" konstitusiyanı qəbul etməkdən ötrü lazım idi. Lakin
quldarlıq əleyhinə olan adamların çoxu ümumiyyətlə səs vermədi. Nəticədə isə
"quldarlıqla" konstitusiya qəbul olundu və bu Birləşmiş Ştatlara qəbul olunma
haqqındakı müraciətlə birlikdə Konqressə göndərildi. Byukenen öz başlıca gücü
Cənubda olan partiyanın başında dayanmalı oldu və Ərazinin "quldarlıqla" olan
Konstitusiya ilə birliyə qəbul edilməsinə rəğbət bəsləyən cənublu adamların təsiri
altına düşdü.
274
Kanzas ştatında həqiqətən faciəli əhvalat baş vermişdi. Birlik içərisində heç
bir ştat, hətta müstəmləkə dövründə hindularla müharibələrdə qanda çimən ştatlar da,
onun erkən illərindəki qəzəbli mübahisəsini üstələyə bilməzdi. Kanzasın ərazisi geniş
preriyanı tuturdu. 1854-cü ildə Kanzas-Nebraska billi qanuna çevriləndə Missuridən
qərbdə olan əhali bu əraziyə axışmağa başladı, onların niyyəti buranı qul ştatı etmək
idi. Kanzas Cənub üçün ölçüyə sığmayan dəyəri olan mükafat idi. Senator Atçison
yazırdı ki, "Əgər Kanzas abolisionist olsa (burada quldarlıq ləğv edilsə), Nyu
Meksika azad ştata çevriləcəkdir, Kaliforniya azad ştat kimi qalacaqdır. Lakin əgər
Kanzas qul ştatı olsa, Missuri də saxlanacaqdır, Nyu Meksika və Kaliforniyanın
cənubu, əgər bütün ərazi olmasa da, qul ştatına çevriləcəkdir. Bir sözlə, Cənubun
çiçəklənməsi və ya viranə qalması Kanzas mübarizəsindən asılıdır". Həmin vaxtdan
Kanzasın quldarlıq ştatı kimi olması Cənub üçün həyati əhəmiyyət kəsb edirdi. Bu
missurililərin həmin əraziyə erkən axışmasının səbəbini izah edirdi.
Bu vaxt Yeni İngiltərə əhalisi isə missurililərin bu hərəkətini eşidib, Kanzasın
azadlıq iddiası istiqamətində geniş hərəkət etdi. 1854-cü ilin dekabrında azad
ştatlardan bir neçə min sakin öz çadırlarını götürüb Kanzas çayının aşağılarına gəlib
çıxdı. Onlar Lourens, Topeka və digər şəhərləri saldılar. Missurililər bu azad
torpaqlıları həmin ərazidən qovmağı qət etdilər.
Prezident Pirs Penssilvaniyadan olan Endryu H.Rideri Kanzasa qubernator
təyin etdi. Rider pozitiv demokrat idi, Kanzas-Nebraska qanununa tam rəğbətlə
yanaşırdı, Cənubun da möhkəm dostu idi. Quldarlığın mənafeyi onun əlində möhkəm
saxlanılmalı idi. Lakin Rider namuslu adam idi və Kanzasa çatdıqda, Missuri
adamlarının zorakılığına və onların Kanzası düz və ya əyri yolla əldə etmək barədəki
qərarlılığına şahid olduqda, onun ruhu bu əməllərə və niyyətlərə qarşı üsyan etdi və
o, düzgün rol oynamağı qərara aldı. Ərazi qanunverici orqanlarının seçkisi məsələni
böhrana gətirib çıxardı. Seçki günü Birləşmiş Ştatların senatoru Atçisonun başçılığı
altında beş min muşketlə, tapança ilə, bıçaqla silahlanmış missurili adam sərhəd boyu
düzüldü. Bura müdaxilə edən qüvvələr qovuldu və seçki yüksək qaydada keçirildi.
Bir az əvvəl keçirilən siyahıyaalma ərazidə 2905 seçicinin olduğunu göstərmişdi,
lakin altı min adam səs verdi.
Qanunverici orqan toplaşdıqda quldarlığın xeyrinə qanunlar məcəlləsi qəbul
etdi. Qubernator Rider isə bu qanunlara veto qoydu, lakin qanunverici orqan
səsvermə ilə onun vetosunu keçə bildi. Qanunlar təsbit edirdi ki, ərazidə quldarlıq
artıq mövcuddur və bu məsələni xalqın səsverməsinə qoymaq lazım deyildir.
Qubernator Rider də Kanzasa yollananda tam quldarlıq lehinə olan partiya ilə
birlikdə idi. Lakin o, digər tərəfə də düzgün münasibət bəsləmək kimi şərəfli istəyə
malik idi. Bu quldarlıq lehinə olan partiyaya bütünlüklə xoş gəlmirdi və onlar
prezidentdən xahiş etdilər ki, onu geri çağırsın. Pirs bu arzulara boyun əydi, Rideri
azad edib, onun yerinə Ohayodan keçmiş Konqress üzvü olan Uilson Şennonu təyin
etdi. Lakin Rider Şərqə qayıtmadı, o, Kanzas sakini oldu və azad ştat partiyasına
qoşuldu.
9 oktyabrda Topekada keçirilən qurultay Kanzası azad ştat edən Konstitusiya
tərtib etdi və bu xalq tərəfindən dekabrdakı seçkidə ratifikasiya edildikdən sonra,- bu
səsvermədə quldarlıq tərəfdarı olanlar iştirakdan imtina etmişdilər, - Birliyə daxil
olmaq barədə müraciət etdi. Bu Konstitusiya əsasında Robinson qubernator seçildi.
275
Lakin yanvarda prezident Pirs xüsusi məktubunda bütün Topeka hərəkatını qiyam
kimi məhkum etdi və bütün bu əməlləri milli qoşunlarla yatırtmaq niyyətini bəyan
etdi. Topeka qanunverici orqanı yenidən yığışdı, ancaq Birləşmiş Ştatlar qoşunu
tərəfindən dağıdıldı. Robinson, Rider və digər başqaları dövləti xəyanətdə ittiham
edildilər. Kanzasda bu vəziyyət mövcud olanda prezident seçkisi ili olan 1856-cı il
başlandı.
1856-cı ilin mayında senator Samner "Kanzasa qarşı cinayət" məsələsi barədə
güclü bir çıxış etdi. Nitq quldarlıq qüvvələrinə qarşı qorxulu ittiham idi. Lakin spiker
öz yolunda bir qədər uzağa gedərək bəzi ona xoş gəlməyən senatorları təhqir etdi,
xüsusən də Cənubi Karolinadan olan senator Batleri təhqir etdi. Bu vaxt o, şəhərdə
yox idi və Samner ona şəxsi təcavüz etməmişdi.
Çarlz Samner bütün aldığı təhsilə baxmayaraq, məhdud düşüncəli adam idi.
O, başqa rəylərə etibar göstərməyə qadir deyildi. Lakin o səmimi, vicdanlı və
cəsarətli adam idi.
Onun Batler üzərinə qəzəbli hücumu Topeka qurultayı dövrünə təsadüf
etmişdi.
Bu çıxış edildikdən iki gün sonra Senat təxirə salınanda o, öz yazı stolunun
arxasında oturub yazı yazırdı. Bu vaxt palatanın üzvü Preston Bruks ona öz çəliyi ilə
zərbə vurmağa başladı. Bruks senator Batlerin qohumu idi. Bruks Samnerin başına
böyük hiddətlə zərbələri yağdırırdı. Samner öz masasına elə yaxın oturmuşdu ki,
özünü müdafiə edə bilmirdi. Axırda o qalxdı, masanın ayaqlarını qopardı. Bruks bu
vaxt onunla tutuşdu, öz zərbələrini o vaxta qədər davam etdirdi ki, Samner qan
içərisində huşunu itirmiş şəkildə döşəməyə yıxıldı.
Massaçusets senatorunun yarası o qədər böyük idi ki, o, dörd il ərzində tam
sağala bilmədi. Bruks qəhrəmana çevrildi və ona çoxlu çəlik hədiyyə edildi. O, səs
çoxluğu ilə palatadakı yerindən istefaya göndərildi. Lakin bilavasitə öz dairəsi
tərəfindən yenidən Konqressin üzvü seçildi.
Həmin savaşma olan günü Kanzasdakı Lourens şəhərini kütlə qarət etdi.
Konqressin buraya göndərdiyi üç komissiya üzvündən Hauard və Şerman azad ştat
partiyasının xeyrinə məlumat verdilər, lakin onlar da Uitfild kimi Riderin Konqressə
seçilməsinin qanunsuz olması ilə razılaşdılar. Oliver isə cənublu nöqteyi-nəzərinə
xoş olan qaydada məlumat verdi.
Kanzasa hücum edilməklə, deyilə bilərdi ki, həmin ştatda vətəndaş
müharibəsi başlandı. Bundan bir az sonra Pattauatomiyada Con Braunun rəhbərliyi
altında qırğın təşkil edildi. Braun şərqdən gəlib, əvvəllər Kanzasda məskunlaşan
oğlanlarına qoşulmuşdu. O, asketik və fanatik bir adam idi. O, Kanzasa gəlmişdi ki,
istənilən risqə baxmayaraq onu azad ştat etsin. O, quldarlığa ölümcül nifrət
bəsləyirdi. Cəsarətinə gəldikdə bu keyfiyyət onda hədsiz idi, niyyətləri isə nəcib idi.
Onun könlü mövcud həqiqət işığında hər şeyi dar görürdü. O, inanırdı ki, qulları azad
etmək üçün yeganə yol qul sahiblərini öldürməkdir. Con Braun deyirdi ki, "Qan
tökülmədən heç bir günah bağışlana bilməz".
|