ƏLİ B. ƏBU TALİB – Radıyallahu Anhu – NUN İBADƏTİ HAQQINDA
7 - Abdullah b. Əbil Huzeyl - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dən sonra məndən başqa (həqiqi) qul olaraq kimsəni tanımıram. Çünki bu ümmətdən heç kimsə ibadət etməzdən öncə tam doqquz il mən Allaha ibadət etdim»12.
ƏLİ B. ƏBU TALİB – Radıyallahu Anhu – NUN ALLAH QATINDAKI DƏRƏCƏSİ HAQQINDA
8 - Aişə b. Sad - radıyallahu anhə – rəvayət edir ki, atamın (Sad b. Əbu Vaqqas - radıyallahu anhu – nun) belə dediyini dinlədim: «Cuhfə günü Allah Rəsulu - səllallahu aleyhi və səlləm - xutbə oxudu. Allaha həmd-səna etdikdən sonra Əlinin əlini tutaraq belə buyurdu: «Ey insanlar mən sizin vəlinizəm!». İnsanlar: «Doğru söylədin, ey Allahın Rəsulu!» dedilər. Sonra Əlinin əlini tutub qaldıraraq: «Bu da mənim vəlimdir. Mənim əvəzimə borcumu ödəyər. Mən ona dost olanın dostuyam, düşməninin də düşməniyəm»13.
9 - Amir b. Sad b. Əbu Vaqqas atasından rəvayət edir ki, Muaviyə - radıyallahu anhu – Sada: «Səni Əbu Turaba (Əliyə) söyməkdən çəkindirən nədir?» dedi. Sad: «Allah Rəsulu - səllallahu aleyhi və səlləm – in ona söylədiyi üç şey vardır ki, onları xatırladıqda mən ona əsla söymərəm! Hətta bu üç şeydən birinə sahib olmağım mənim üçün qızıl tüklü qırmızı dəvə sürüsünə sahib olmağımdanda xeyirlidir». «Müharibələrin birində Allah Rəsulu - səllallahu aleyhi və səlləm - Əli - radıyallahu anhu – nu öz yerində buraxdığı zaman Əli: «Ey Allahın Rəsulu! Məni uşaq və qadınlarlamı buraxırsan?» dedi. Peyğəmbər: «Sən mənim qatımda Harunun Musanın qatında olduğu dərəcədə olmaqdan razı olmazsanmı? (Sən eynilə o, mövqedəsən) Yalnız, məndən sonra Peyğəmbərlik yoxdur». Məhz mən bunun şahidi oldum.
Bir də Xeybər günü belə buyurduğunu eşitdim: Peyğəmbər: «Bu bayrağı (sabah) elə bir kimsəyə verəcəyəm ki, o Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir!» deyə buyurdu. Həyacanla bu kimsənin kim olduğunu görmək üçün gözlədik. Sonra: Mənə Əlini çağırın! Həmən Əlini çağırdılar, gətrildi. Gözləri ağrayırdı. Həmən mübarək tüfürcəyini gözlərinə sürtdü və bayrağı əlinə verdi. «Ey Peyğəmbərin ev əhli! (Əhli-Beyt). Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!» (əl-Əhzab 33) ayəsi nazil olduğu zaman Əli, Fatimə, Həsən və Hüseyn – Allah onlardan razı olsun – yanına çağırıb buyurdu: «Allahım! Bunlar mənim Əhli-Beytimdir»14.
10 - AbdurRahman b. Sabit, o da Sad - radıyallahu anhu – dan rəvayət edir ki: «Oturmuşdum, Əbu Talibin oğlu Əli - radıyallahu anhu – haqqında artıq-əskik danışdılar. Mən həmən dedim: Onun haqqında Allah Rəsulundan üç fəzilət eşitdim ki, onlardan birinin məndə olması mənim üçün qırmızı dəvə sürüsünə sahib olmağımdan daha xeyirlidir: Onun belə buyurduğunu eşitdim: «Onun mənim yanımda (olan dərəcəsi) Harunun, Musa – əleyhimussəlam – ın yanında (dərəcəsi) nədirsə odur. Lakin məndən sonra Peyğəmbər yoxdur!».
Yenə belə buyurduğunu eşitdim: «Sabah bayrağı Allah və Rəsulunu sevən, Allah və Rəsulu tərəfindən sevilən bir adama verəcəyəm!». Onun haqqında belə buyurduğunu da eşitdim: «Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır!»15.
11 - AbdulVahid b. Əymən, o da atasından, o da Sad - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurdu: «Mütləq bayrağı Allah və Rəsulunu sevən, Allah və Rəsulu tərəfindən də sevilən bir adama verəcəyəm. Allah onun əli ilə fəthi müyəssər edəcəkdir. Səhabələr o, adamın kim olmasını həyacanla gözlədilər və nəhayət bayraq Əli - radıyallahu anhu – ya verildi»16.
12 - əs-Suddi, o da Ənəs b. Məlik - radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – in yanında bir quş əti vardı. Belə dua etdi: «Allahım! Yaratdıqların içində ən çox sevdiyin kimsəni gətir ki, mənimlə bu quşun ətindən yesin. Əbu Bəkr - radıyallahu anhu – gəldi onu geri qaytardı, Ömər - radıyallahu anhu – gəldi onu da geri göndərdi. Sonra Əli - radıyallahu anhu – gəldi, onun yeməsinə izn verdi»17.
13 - AbdurRahmən b. Əbu Leyla - radıyallahu anhu – dan, o da atasından rəvayət edir ki, o yanında gedən Əli - radıyallahu anhu – ya dedi ki: «İnsanlar sənin halına təəccüb edirlər. Soyuq vaxtı iki nazik paltarda çıxırsan, yazda kobud geyinir və qalın paltarla çıxırsan!». Cavab olaraq: «Sən Xeybərdə bizimlə birlikdə deyildinmi?» dedi. Mən: «Bəli» dedi. Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Əbu Bəkr - radıyallahu anhu – nu bir bayraq ilə göndərdi. Geri qayıtdı. Ömər - radıyallahu anhu – nu da bir bayraq ilə göndərdi, o da geri qayıtdı. Bundan sonra Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən bayrağı mütləq Allah və Rəsulunu sevən, Allah və Rəsulu tərəfindən sevilən və heç vaxt geri qayıtmayacaq bir adama verəcəyəm!». Sonra mənə xəbər göndərdi, gözlərim ağrayırdı. Gözlərimə oxuyaraq üfürdü və belə dua etdi: «Allahım! İstiyə və soyuğa qarşı ona kifayət ol!». Ondan sonra nə isti, nə də soyuq hissetdim. (Başqa bir rəvayətdə): «Əbu Bəkr - radıyallahu anhu – bayrağı aldı. Fəth ona nəsib olmadı. Ertəsi gün bayrağı Ömər - radıyallahu anhu – aldı, ona da fəth nəsib olmadı və geri qayıtdı. İnsanlar artıq yorulub, əldən düşmüşdülər. Bundan sonra Allah Rəsulu – sallallahu aleyhi və səlləm – belə buyurdu: «Sabah bayrağı elə bir kəsin əlinə verəcəyəm ki, o Allah və Rəsulunu çox sevir, Allah və Rəsulu da onu sevir. O, fəth ona nəsib olmayana qədər geri qayıtmaz. Sabah fəth olunacaq deyə o gecə qəlbimiz rahat yatdıq. Səhər açıldıqda Allah Rəsulu – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra ayaq üstə durub bayrağı aldı. Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in qatında bir dəyərə sahib olan hər kəs sanki bayrağın ona verilməsini istəyirdi ki, Əbu Talib oğlu Əli - radıyallahu anhu – gəldi. Gözü ağrayırdı. Gözünə (dua) oxudu və məsh etdi. Sonra bayrağı ona verdi və Allah fəthi ona nəsib etdi. Dedilər ki: «Beləcə, gözlənilən şəxs bizə bildirilmiş oldu»18.
14 - Abdullah b. Bureydə - radıyallahu anhu – dan, o da atasından rəvayət edir ki, Xeybəri mühasirəyə aldıq. Əbu Bəkr - radıyallahu anhu – bayrağı aldı, fəth edə bilmədi. Ertəsi gün Ömər - radıyallahu anhu – bayrağı aldı, o da fəth edə bilmədən geri qayıtdı. İnsanlar yorulub əldən düşmüşdülər. Bundan sonra Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən sabah bayrağı elə bir kəsə verəcəyəm ki, o Allah və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir və o, fəth ona nəsib olmayana qədər geri qayıtmaz». Bundan sonra o gecəni könül rahatlığı içində keçirdik. Sabah fəth olunacaq deyə sevindik. Səhər oldu, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – sübh namazını qıldı və gəlib ayaq üstə durdu və bayrağı aldı. İnsanlar öz məziyyətlərinə və Allah Rəsulunun qatındakı mövqeyinə görə bayrağa sahib olmaq istəyirdilər ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – gözləri ağrayan Əli b. Əbu Talib - radıyallahu anhu – nu çağırdı. (Dua) Oxuyub mübarək tüpürcəyini onun gözlərinə sürtdü və bayrağı ona verdi. Və Allah fəthi ona müyəssər etdi. Dedilər ki: «Beləcə gözlədiyimiz şəxs bizə bildirilmiş oldu»19.
15 - Abdullah b. Bureydə, o da atası Bureydətul Əsləmi - radıyallahu anhu – dan rəvayət edir ki, Xeybər günü gəldikdə, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Xeybər əhlinin qalasının yanında yerləşdi. Allah Rəsulu – sallallahu aleyhi və səlləm – bayrağı Ömər - radıyallahu anhu – ya verdi. İnsanlar onunla birlikdə Xeybər əhli ilə döyüşmək üçün görüşdülər. Ömər və yoldaşları bacarmayıb geri qayıtdılar. Bundan sonra Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən bayrağı elə bir adama verəcəyəm ki, o Allah və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir». Ertəsi gün olduqda, Əbu Bəkr ilə Ömər - radıyallahu anhum – (bayraq uğrunda) sanki yarışa çıxmışdılar. (Amma O,) Gözləri ağrayan Əli - radıyallahu anhu – nu çağırdı. Gözlərinə (dua) oxuyub mübarək tüpürcəyini sürtdü. Oradakı döyüşçülərdən qalxıb onunla gedənlər oldu. Xeybər xalqı ilə qarşılaşdılar. Oranın qəhrəmanlarından biri belə qışqırdı: «QAD ALİMƏT XEYBƏRU ƏNNİ MƏRHƏB, ŞƏKİS-SİLƏHİ BƏTALUN MUCƏRRABU, İZƏL HURUBU ƏQBƏLƏT TƏLƏH-HƏBU - Artıq Xeybər tanıdı, bildi ki, Mərhəbəm mən! Müharibə başlayıb döyüş alovlanarkən, Mahir silah ustası, təcrübəli ərəm mən. Aslanlar gəlib hücum etdiklərində, Onlara gah hücum edərəm, gah da zərbə endirərəm!». Əli - radıyallahu anhu – ilə qarşılıqlı olaraq hərəsi bir zərbə endirdilər. Əli - radıyallahu anhu – bir zərbə daha endirdi, adamın başını iki yerə böldü. Bu elə şiddətli zərbə idi ki, əsgərlər arasında səsini eşitməyən qalmadı. Əskərlər o, saat Əli - radıyallahu anhu – ya qoşuldular və Xeybəri fəth etdilər»20.
16 - Səhl b. Sad - radıyallahu anhu – rəvayət edir ki: «Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Xeybər günü belə buyurdu: «Sabah bu bayrağı mütləq Allahın fəthi ona nəsib edəcəyi bir adama verəcəyəm ki, o, Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir. Səhər açıldıqda (səhabələr) Allah Rəsulunun yanına getdilər. Hər biri bayrağın ona verilməsini arzulayırdı. Belə buyurdu: «Əbu Talib oğlu Əli haradadır?». Ona: «Gözü ağrayır!» dedilər. Peyğəmbər: «Xəbər göndərin, gəlsin». Xəbər göndərilib gətirildi. Allah Rəsulu – sallallahu aleyhi və səlləm – mübarək tüpürcəyini onun gözlərinə sürtərək dua etdi. O, saat sağaldı. Sanki heç bir ağrısı yoxmuş kimi oldu. Daha sonra bayrağı ona verdi. Əli: «Ya Rəsulullah! Xeybər (Yəhudiləri) ilə onlar da bizim kimi (müsəlman) olana qədər vuruşacağam» dedi. Peyğəmbər: «(Ey Əli!) Tələsmə! Onların sahəsinə girdiyin zaman yavaş-yavaş yeri. Sonra onları İslama dəvət et və üzərilərinə vacib olan İslam əsaslarını onlara xəbər ver. Allaha and olsun ki, (ya Əli!) tək bir nəfəri sənin səbəbinlə Allah hidayətə yönəldərsə bu sənin üçün qırmızı dəvələrdən də xeyirli olar!» deyə buyurdu21.
Dostları ilə paylaş: |