Siz Peyğəmbərin (s) və imamların doğum günlərini bayram edirsiniz. Yüz illərdir Məsihin miladını bayram edirlər. Doğum günləri nə üçün əhəmiyyəti və dəyərlidir? Ona görə ki, tarixdə həssas və təyinedici dönəm və tarixdə dönüş nöqtəsidirlər. Tarix bir xətt üzrə gedirdi, amma bu anda başqa bir tərəfə istiqamət götürdü. Bu, başqa bir səmtə yönələn dönüş nöqtəsidir. Əgər biz bu baxımdan yanaşsaq, Şəfəq ongünlüyünün əhəmiyyətinin olduqca böyük olduğunu görərik.
Tarixdə həqiqətən şəfəq ongünlüyü kimisi yoxdur. Hətta bu qədər əzəmətli İslam da öz təsirini bizə şəfəq ongünlüyündə bağışladı. Məgər belə deyil?! Əziz Peyğəmbərin (s) gətirdiyi İslam Əməvi və Abbasilər dövründə bizə təsir bağışlamadı. Düzdür, bu xalqa ikinci dərəcəli təsirlərini bağışladı. Nadir hallarda dəyərli insanlar, böyük şəxsiyyətlər, arif, alim və zahidlər peyda olub həmin şəraitdə parlaya bildilər. Amma ümumi xalq və həmçinin ictimai quruluş o faydalardan yararlanmadı. O faydalar bu gün özünü göstərir.
Əlbəttə, şəfəq ongünlüyü İslamın səmərələrindəndir. Elə bilməyin ki, İslam olmadan şəfəq ongünlüyü ola bilər. İslamsız şəfəq ongünlüyünün bir qara qəpik qədər də dəyəri yoxdur. Şəfəq ongünlüyü İslam günəşinin parladığı və bizə işıq saçdığı aynadır. Əgər bu ayna olmasaydı, biz qaranlıq dövrlərdə və faydasız əsrlərdə olduğu kimi yenə də oturub İslamın yalnız adını çəkməli idik. Halva-halva deməklə də ağız şirin olmur.
Elə padşahlar olub ki, hətta bizim böyük alimlərimiz kitablarında onları tərifləyiblər. Əlbəttə, Kaşif əl-ğita, yaxud Əllamə Məclisi kimi böyük alimlər əbəs yerə tərif demirlər. Bunun üçün məqsəd olmuşdur. Görün bu şahlar nə qədər pis olmuşlar. Həqiqətən Fətəli şah nə qədər pisdir. Onun pisliyinə ölçü təyin etmək olarmı?! Şah Abbas Səfəvi nə qədər pisdir. Şah Abbas Səfəvinin pisliyi üçün ölçü təyin etmək olarmı?! Deyirik ki, Şah İsmayıl Səfəvi Şiəliyi gətirdi, bəs Şah Abbas Səfəvi nə etmişdir? Şiə minbəri üzərində oturub ağalıq etmiş və ucalmışdır. Şah İsmayıl və Şah Təhmasib isə ayrı cür olmuşlar.
Keçmiş padşahlar tarixin ən murdar insanlarındandırlar. Hamısı belə idi, bir-birləri ilə heç fərqləri yoxdur. Mən tarixi yaxşı oxumuşam, padşahların arasında doğrudan da istisna tanımıram. Bu Əmir İsmayil Samaninin, şiə olan Ali-Buyənin, Səlcuqların, Qəznəvilərin və digərlərinin hansı işlərinə baxsanız, görərsiniz ki, ən çirkin bəşər xüsusiyyətlərinin təzahürüdürlər və ilahi nemətlərdən sui-istifadə etmişlər. Bu silsilə şəfəq ongünlüyündə sona çatdı. Şəfəq ongünlüyü İslam dəyərlərinin başlanğıc nöqtəsi oldu. İndi siz görün bu dönüş nöqtəsi üçün nə qədər anım tədbiri keçirmək və nə qədər iş görmək lazımdır. Əsas məsələ budur.
İslam Təbliğatı Komitəsinin Əlaqələndirmə şurasının üzvləri və şəfəq ongünlüyü tədbirlərinin təşkilat komitəsinin məsul işçiləri ilə görüşdəki çıxışdan: 1991.
İslam inqilabı - bütün təklərin cəmdə birləşməsi
İnqilabın ən yaxşı bir xatirəsi budur ki, hamı özündən xaric olub inqilabda həll oldu. İnqilab dövründə və müharibənin bəzi dönəmlərində də belə idi. İmam birdən-birə bir fərman verirdi və görürdük ki, xalq təlatümə gəlir: ata oğula deyir mən gedirəm, oğul ataya geyir mən gedirəm, ana da deyir ki, hər ikiniz gedin; mal verirlər, can verirlər və özlərini əsla düşünmürlər. İnqilabı qoruyan bu dönəmlər olmuşdur. Səhv etməyin. Belə deyil ki, biz bu on iki ilin hər bir anında inqilabı qorumuşuq. Xeyr! İnqilabın iplərini açdığımız anlar da olub. İnqilabın canlandığı, nəfəs alıb yüksəldiyi vaxtlar həmin həssas dönəmlər olmuşdur. Birdən-birə xalqın böyük bir hissəsi və bəzən hamısı özlərini unudub ümumi meydana, inqilabın, ölkənin və İslamın çağırdığı işlərə qoşulurdular. Sözsüz ki, belə bir şey yalnız İslamın və dinin sayəsində mümkündür, başqa yolla mümkün deyil. Sizin tədbirləriniz bunları xalqa xatırlatmalıdır.
İslam Təbliğatı Komitəsinin Əlaqələndirmə şurasının üzvləri və şəfəq ongünlüyü tədbirlərinin təşkilat komitəsinin məsul işçiləri ilə görüşdəki çıxışdan: 1991.
İslam hərəkatında Qumun önəmli rolu
Həm İslam hərəkatında yeni mərhələ başladan, qələbə və zəfər müjdəsi verən 19 dey (9 yanvar), həm də bu böyük günün müəllifi olan Qumun və Qum əhalisinin adı bu xalq və inqilab tərəfindən həmişə hörmətlə yad olunacaq.
Ümumiyyətlə bizim məzlum İranımızın enişli-yoxuşlu tarixində dəyərli ad olan Qum xüsusi bir istiqamətin və hərəkətin göstəricisidir. Təxminən yetmiş il öncə Qum şəhəri mərhum Ayətullah Hacı Şeyx Əbdülkərim Hairinin təsis etdiyi elmi hövzəni səmimi şəkildə qəbul etdi. Bu hövzənin qurulmasından təxminən qırx il sonra onun böyük miqyaslı faydalarının - yəni İslam hərəkatının və əzəmətli imamın parlaq vücudunun ilk əlamətləri parladı. Həmin qırx ildə də Qum hövzəsindən alimlər və böyük şəxsiyyətlər çıxıb faydalı işlər görsələr də, imamın meydana çıxdığı, elmi hövzənin yeni və tarixi bir mərhələyə qədəm qoyduğu bu dönəm ayrı bir aləmdir.
Ayətullah Hairi tərəfindən elmi hövzənin yaradılmasından təxminən altmış il sonra ondan və din alimlərindən gözlənilən ən böyük iş həyata keçdi - yəni İslam quruluşu yarandı. Şiə və qeyri-şiə tarixində Qum Elm Hövzəsindən başqa heç bir hövzə İslam dünyasına belə bir töhfə verməmişdi. Hicri-qəməri təqvimi ilə 1340-cı ildə hövzə təsis olundu və 1400-cü ildə ondan İslam quruluşu ortaya çıxdı. Bütün bu müddətdə Qum və onun əhalisi vəfalı, səmimi və mehriban dost kimi bu hövzəni ağuşuna alıb qorudu. O gündən indiyədək ötən təxminən on iki ildə siz Qum əhalisi müharibədə, siyasi işlərdə, inqilabın müxtəlif məsələlərində örnək və öncül olmuş, fədakarlıq etmiş və inqilab mənəviyyatını hər yerdə sübuta yetirmisiniz. Bu gün də gənclər, qadınlar, kişilər və Qum Elm Hövzəsi örnəkdir. Ümidvarıq Allah kömək etsin, siz də çalışıb Qumu və hövzəni həmişə İslam və inqilabın ön xəttində saxlayasınız.
19 Dey hadisəsində və qırxların keçirilməsi münasibəti ilə bir-birinin ardınca baş verən hadisələrdə əsas məqam budur ki, dindar və fədakar xalq maddi güc baxımından heç nəyi əskik olmayan bir rejimə qalib gəldi. Belə ki, həm o rejim çaşıb məəttəl qaldı, həm də dünyanın bütün siyasi analitik və texnoloqları; yəni dindar və fədakar xalq mübarizə apardığı bir rejimi bir tufan kimi darmadağın etdi. Əgər kimsə bunun adını möcüzə qoyursa-qoysun. Amma bu, təkrarı mümkün olmayan möcüzələrdən deyil, aydın təhlilə malik, təkrarı da həmişə və dünyanın hər bir yerində mümkün olan bir möcüzədir.
Əgər böyük bir xalqın Allaha imanı olsa, qəlbi iman nuru ilə işıqlansa, fədakarlığa hazır olsa, özündən böyük olan hər bir gücə qələbə çala bilər. Bu bir qaydadır. İran xalqı bu qaydanı sınaqdan keçirmişdir. Siz inqilabda bunu təcrübə etdiniz, İran xalqının Qumdan başlayan hərəkatdakı imanı və fədakarlığa hazırlığı sayəsində dünyanın birinci dərəcəli güclərinin himayə etdiyi bir quruluşu və rejimi necə məhv etdiyini, dünyanın bütün güclərinin qarşı çıxdığı bir İslam quruluşu yaratdığını gördünüz. Bu bir təcrübədir.
Başqa bir təcrübə müharibə idi. Siz gördünüz və dünya da müşahidə etdi ki, İran xalqı həmin imanı və fədakarlığa hazırlığı sayəsində Şərqin və Qərbin kapital qoyduğu bir müharibəni öz xeyrinə sona çatdırıb düşmənin bütün məqsədlərini puç edə və öz məqsədlərinə çata bildi. Bu, kiçik təcrübə deyil.
19 Dey (9 yanvar) qiyamının ildönümü münasibəti ilə din alimləri, hövzə tələbələri və Qum əhalisinin müxtəlif təbəqələri ilə görüşdəki çıxışdan: 1991.
Hegemonluğun mənəvi dəyərlərin hakimiyyəti qarşısında aciz olması
Bu inqilabın birinci sözü bu idi ki, mənəvi dəyərlərin hakimiyyət dövrü başlanmışdır. O zaman bu sözü anlayan, ona inanan şəxslər az idi. Çünki materialist dalğalar və materializmə əsaslanan qüvvələr dünyanı bürümüşdülər. Bu gün isə bu həqiqəti tam dərk edib anlayan şəxslər çoxdur. Bu gün dünyanın hər bir yerində mənəvi dəyərlər yenidən dirçəlmək üzrədir və onların çoxu dirçəlmişdir. Müxtəlif formalarda - istər marksist təfəkkürlər formasında, istər ondan təhlükəli formada, yəni pulla, güclə və təbliğatla yanaşı olan, beynəlxalq hegemonluqda və hamısından çox Amerika hökumətində görünən materiya hakimiyyəti formasında olan materializm öz uğursuzluğunu və acizliyini göstərmişdir.
İnqilabın digər mesajı bu idi ki, materialist güclər mənəvi dəyərlərlə, insanların hərəkət və iradəsi ilə mübarizəyə acizdirlər. Bu gün dünyada bu həqiqəti anlamayan insan azdır. Yalnız dünyanın hadisələrini diqqətlə izləməyənlər bunu anlamazlar. Materialist gücə arxalanan hegemon qurumların ən böyük zəiflik əlaməti budur ki, bu inqilab, bu quruluş və əsl İslam müsəlman İran ölkəsində qaldı, günbəgün gücləndi və möhkəmləndi. Dünyada bir İslam quruluşunun yaranıb qala və günbəgün güclənə bilməsi materialist güclərin puçluğunun və acizliyinin əlamətidir. Çünki bacarsalar, dözməz, belə bir gücü yaşamağa qoymaz və var gücləri ilə ona qarşı çıxarlar.
Şəfəq ongünlüyü mərasimində iştirak edən xarici qonaqlarla görüşdəki çıxışdan: 1991.
İnqilabın və imamın işi: saleh insanlar yetişdirmək
Pak alınlarından iman və təqva nuru saçan, təmiz qəlbləri həqiqət şüası ilə işıqlanan, Allah yolunda ayıq cihadları və gecənin arifanə zümzümələri İmam Hüseynin (ə) silahdaşlarını xatırladan saleh, iffətli, uzaqgörən və çox iradəli insanlar nəslini yetişdirmək, şübhəsiz, inqilabın və onun əzəmətli rəhbəri həzrət İmam Xomeyninin ən böyük işi olmuşdur. Sevimli imamlarının fərmanı ilə inqilabı təhdid edən ən ağır təhlükələr qarşısında polad kimi möhkəm dayanan, Allahın izni ilə İslam inqilabını və quruluşunu qoruyan onlar idi. Onların bəzisi Allah yolunda şəhadət şərbəti içdilər, çoxları da yaşayır, yaşayacaq və ilahi əmanəti müdafiə edəcəkələr.
Şəfəq ongünlüyünün yeddinci günündə hörmətli şəhid ailələrinə müraciətdən: 1991.
Ümumi vəzifə: Təqvalı olmaq və vəzifəni yerinə yetirmək
Siz harada olsanız, hansı peşədə çalışsanız, üzərinizə hansı vəzifəni götürmüş olsanız, hansı ictimai mövqeyə sahib olsanız, birinci işiniz Allahın razılığını qazanmaq və ilahi vəzifəni yerinə yetirmək olmalıdır. Bu təqvadır; vəzifənizi yerinə yetirməyə, yayınmadan və yanlış yolu getməkdən çəkinməyə çalışmanız təqvadır. Əgər sizdə bu hiss olsa və buna çalışsanız, birinci addımı atan kimi Allah-Taala ikinci addım üçün sizə kömək edəcək.
Bizim vəzifəmiz nə qədər yüksək olsa, daha çox təqvaya ehtiyacımız olacaq. Cihadda insanı qalib edən də təqvadır. Siz xalq illər öncə, 1979-cu illərin bu günlərində hegemonluq üzərində qələbə çaldıqda təqva sizi qalib etdi; ilahi əmrdən və şəriət vəzifəsindən başqa bir şey haqda düşünməyən rəhbərin və Allahdan ötrü öz şəxsi istəklərindən və mənafeyindən keçən xalqın təqvası.
Yadınızdadır ki, o günlərdə hamı müqəddəs hədəfə necə könül vermişdi, heç kim özünü düşünmürdü, heç kim sərvət toplamaq, varlanmaq, vəzifəyə yiyələnmək və digərlərindən önə keçmək haqda düşünmürdü. Hər kəs özünün şəriət vəzifəsini, İslam və inqilab qarşısındakı vəzifəsini təyin edib, onu yerinə yetirirdi. Bu gün də həmin işi görməliyik.
Tehranın cümə namazı xütbələrindən: 1991.
Şəfəq ongünlüyü - əhd-peymanı yeniləmək zamanı
Şəfəq ongünlüyü həmin günlərin şanlı xatirəsini canlandıran və inqilabçıların öz qüvvələrini təzələmə zamanı, xalqımızın inqilabla əhd-peymanını yeniləmə ongünlüyü, bu dövrdə baş verən ən böyük ilahi möcüzəni uca tutma vaxtıdır.
Bu günlər xalqların tarixində nadir hallarda görünən günlərdəndir. Nə qədər qanlar tökülür, əziyyətlər çəkilir, problemlərə dözülür və bir xalq sizin 1979-cu ilin şəfəq ongünlüyündə nail olduğunuz inqilabi hərəkətin zirvəsinə çatır və Allah həmin neməti ona bəxş edir.
Bizim xalqımız kafir, fasiq, günahkar, əyyaş, xalqazidd, əcnəbidən asılı olan və xalqın maraqlarına etinasız yanaşan rejimin, həmçinin yalnız öz maraqlarını düşünən, bu məmləkətin bütün sərvətlərini özlərinə sərf edən başçıların qaniçən, zalım və şeytan hakimiyyətinin caynağından xilas oldu. Bu, çox möhtəşəm hadisədir.
Tehranın cümə namazı xütbələrindən: 1991.
İnqilabın qələbəsi, mənəviyyatın dirçəlməsi, böyük güclərin məğlubiyyəti
Bu inqilab qələbə çalanda dünyada mənəvi dəyərlər ölmüş, dünya xalqlarının həyatının bütün sahələrinə maddi dəyərlər hakim olmuşdu. Bu inqilab mənəvi dəyərlər əsasında baş verdi. Bu gün dünyada materializmin təməllərinin titrədiyini, materialist inqilabların uşaq oyuncağı kimi uçub-dağıldığını görürsünüz. Materializmlə fəxr edən, mənəviyyata və dinə zidd olması ilə öyünən və böyük imperatorluq yaratmış marksizm və sosializm quruluşu dağılmış, məhv olmuşdur.
On iki il öncə vəziyyət belə deyildi. On iki il öncə Şərq imperatorluğu və dünyanın marksist quruluşu özünü o qədər qüdrətli sayırdı ki, əlində olanlarla kifayətlənməyib özünə yeni yol açmaq üçün Əfqanıstana hücum etdi. Materializmə əsaslanan bir quruluş belə qüdrət duyurdu. Bu gün o quruluş dağılmış, məhv olmuş, ondan bir şey qalmamışdır. Maraqlı burasıdır ki, onun hakim olduğu ölkələrdə mübarizə bayrağı mənəviyyat, din, Allah və məsihilik şüarı verən şəxslərin əlindədir. Bu, sizin inqilabınızın təsirlərindəndir.
Sizin inqilabınız qələbə çalanda dünyada xüsusən xilaskar bir bayraq kimi İslamdan əsər-əlamət yox idi. Müsəlman ölkələrində də kimsə inqilab etmək istəsəydi, inqilabın təməlləri marksizm olmalı idi və inqilabçı kommunist demək idi.
Çox çalışıb İslamı təsirsiz və öz gümanlarına görə məhv etmişdilər. Heç kəs özünün müsəlman olması ilə şərəf duymağa cürət etmirdi. Bu gün isə baxın! Harada bir neçə müsəlman toplaşmışsa, hətta azlıqda olsalar da, Quranı yüksəyə qaldırıb fəxrlə deyirlər ki, biz müsəlmanıq. Bu sizin inqilabınızın təsirlərindəndir. Bunu siz etdiniz. Bunu imam etdi.
Bunlardan əlavə, sizin inqilabınız böyük güclərin və quldurların yalançı heybətini sındırdı. Amerika bir zaman böyük güc idi, amma bu gün belə deyil. Siz görün dünyanın neçə yerində xalq Amerika prezidentinin şəklini yandırır, ABŞ bayrağına od vurur. Dünyanın neçə yerində xalq və kütlələr yumruqlarını düyünləyib “Amerikaya ölüm” deyirlər. Bir zaman yalnız siz bu şüarı verirdiniz, digərləri deyirdilər ki, nə üçün belə deyirsiniz. Amma bu gün Amerikada, Uzaq Şərqdə, Amerikanın təsiri altında olan və Amerikaya bənzər sistemlə idarə olunan ölkələrdə də “Amerikaya ölüm” deyirlər. Bu onların İraq rejimini müdafiə etdiklərinə görə deyil, xeyr, onlar ümumiyyətlə İraq rejimini tanımır və məsələdən hali deyillər. Onlar Amerikanın işğalçı olduğunu bildiklərinə görə “Amerikaya ölüm” deyirlər. Sizin inqilabınız bu işi gördü, qlobal quldurların və böyük güclərin yalançı heybətini sındırdı.
Tehranın cümə namazı xütbələrindən: 1991.
Hərbi Hava Qüvvələri və zamandan irəli gələn vəzifəyə əməl etmək
Bəhmən ayının on doqquzu (8 fevral) doğrudan da İran İslam Respublikası ordusunun Hərbi Hava Qüvvələri günü adlanmağa layiq bir gündür. Qərar ötəri bir anda verilir, amma onun təsir və nəticələri qalır. Məhz buna görə ağıllı müsəlman hər anın qədrini və dəyərini bilməyi, qiymətləndirməyi və səhvə düşməməyi öz borcu bilir.
Bizim ömrümüzün hər bir anının öz vəzifəsi vardır. Önəmli olan budur ki, biz hər anın vəzifəsini düzgün tanıyaq və yerinə yetirək. Bu günlər hər bir halda ötəcəkdir, amma ordunun Hərbi Hava Qüvvələrinin bir qrupunun ən həssas anlarda İslam inqilabının ön sıralarına keçməsi ordunun və inqilabın taleyinə və onda olan istiqamətlərə təsirini buraxdı.
Hərbi Hava Qüvvələri günü münasibəti ilə İslam Respublikası ordusunun Hərbi Hava Qüvvələrinin şəxsi heyəti ilə görüşdəki çıxışdan: 1991.
İnqilabın tam həyata keçməsinə çalışmaq
İnqilab yalnız xalqın həqiqətən müsəlman və mömin xalqa çevrildiyi zaman kamil formada həyata keçəcək. İslamın bir hissəsi xalqın əməllərinə aiddir. Bu, ümumi ictimai sistemi və onların ümumi hərəkətini təsvir edir, onlara hərəkət verir. Digər hissə xalqın etiqadlarına, psixoloji xüsusiyyətlərinə və fərdi əməllərinə aiddir. Əgər bizim böyük inqilabımız və İslam Respublikası quruluşu bütün maddi və mənəvi imkanları ilə xalqın qəlbini, xarakterlərini və onların vücudunu keçmişin yanlış tərbiyələrinin nəticəsi olan vəziyyətdən müsəlman xalqa çevirə bilməsə, şübhəsiz, uğur qazanmamış və inqilab həyata keçməmişdir. İnqilab xalqın inqilabı, dəyişikliyidir. İctimai və iqtisadi münasibətlərin inqilabı, dəyişikliyi xalqın inqilabından sonrakı mərhələdə durur. Xalq dəyişməyincə iqtisadi inqilab, ictimai, iqtisadi və siyasi münasibətlərin dəyişməsi də həyata keçməyəcək. Allaha şükür olsun ki, xalq əvvəldə psixoloji bir inqilab etdi, daxilən dəyişdi. Bu çox mühüm hərəkət idi və nəticəsi göz önündədir.
Əgər baş verən davam etməsə, güclənməsə, dərinləşməsə, yetişməkdə olan nəsil və sonrakı nəsillər onu öyrənməsələr, Allah eləməmiş, ad İslam, İslam Respublikası və İslam carçılarının hakimiyyəti, amma əsl həqiqət və xalqın həyatı ayrı cür olsa, bu inqilab şübhəsiz ki, uğurlu olmayacaq. Belə bir halın yaranmasından Allaha sığınırıq. Bunun baş verməsinə qoymamalıyıq. Düşmən bunun üzərində işləyir. Bütün qurumlar, hamı, xüsusən böyük din alimləri və ruhanilər xalqın tərbiyəsi, xalqda, xüsusən də gənclərdə daxili və əxlaq inqilabının baş verməsinə çalışmalıdırlar.
Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdəki çıxışdan: 1991.
Din alimlərinin və ruhanilərin əsrlərlə göstərdiyi səyə qısa ekskursiya
Möhtərəm ruhanilər və hörmətli din alimləri ilə görüşdə bir məsələni xatırlatmağı lazım bilirəm. Bu məsələ ruhanilərin İslamın və peyğəmbərlərin məqsədlərinin inkişafı üçün uzun əsrlər boyu göstərdiyi xidmətləri qısa şəkildə qeyd etməkdən ibarətdir. Alimlər dini, İslam təlimlərini və fiqhini qoruyub-saxladılar, ilahi hökmlərin təhrif olunmasına qoymadılar, xalqın qəlbində iman işığı yandırdılar, xalqın diqqətini Qurana və Əhli-beyt (ə) təlimlərinə yönəltdilər. Din alimləri tarix boyu zalımlarla mübarizə apardılar, məzlumların, zəif, mömin və aciz xalqların pənahı oldular. Din alimləri İslam təlimlərini inkişaf etdirib bütün İslam dünyasını İslam imanı və dinlə, bu regionu isə həm də Əhli-beyt (ə) sevgisi və onların həyatı ilə tanış etmək üçün yaranmış fürsətlərdən istifadə etdilər. Din alimləri peyğəmbər və övliyalar kimi yaşamışlar.
Dini müxtəlif İslam ölkələrinə xəncər aparmadı. Xəncər qəlblərdə iman becərə bilməz. Qəlblərdə iman gülü becərən amil moizə, din hökmlərini və ilahi təlimləri izah etməkdir. Allaha şükür olsun ki, bu gün İslam təfəkkürü İslam dünyasının hər bir yerində yaşayır. Son bir-iki əsrdə xalqlarda azadlıqsevərlik hisslərinin oyanmasının səbəbi müxtəlif ölkələrdə din alimlərinin uğurlu hərəkatların avanqardları olmasıdır. İslam ölkələrində ön xətdə din alimlərinin dayanmadığı digər hərəkatlar isə əksərən, yaxud ümumi olaraq nəticəsiz qalmışdır.
İslam dünyasının şərqində - yəni Hindistan yarımadasında, onun qərbində - yəni Afrikada və bunların arasındakı ərazilərdə müstəmləkənin əlini kəsən, İslam mədəniyyətini qoruyan, təcavüzkar və işğalçı mədəniyyət qarşısında dayanan amil alimlərin nüfuzu idi. Bizim öz İranımızda tənbəki hərəkatı, xarici dövlətlərin müstəmləkəsi ilə mübarizə, xalqı oyatmaq, eləcə də Məşrutə hərəkatı, Rza xan istibdadına qarşı mübarizə, müqəddəs və əzəmətli İslam hərəkatının yaranmasına qədər bu mübarizəni davam etdirmək din alimlərinin rəhbərliyi və öncüllüyü ilə müyəssər oldu. Əks təqdirdə mümkün olmazdı. Bu bir keçmiş və tarixdir. Heç kim onu inkar edə bilməz. Yalnız qərəzli, yaxud cahil şəxslər danışıb həqiqəti gizlətməyə çalışarlar. Bu bizim xalqımızın və digər müsəlman xalqların tarixində qeyd olunmuşdur.
Düşmənlər din alimlərini səhnədən çıxarmağa, onları məscidlərin bir küncündə oturdub təcrid etməyə çalışdılar. Böyük həddə buna nail oldular da. Həmin dönəmdə xalq dini məlumatlardan və əzəmətli din hərəkətindən məhrum qaldı. Həmçinin düşmənlər bəzi ruhaniləri özlərinə çəkib aldatmağa, yaxud satın almağa və öz çirkin niyyətləri üçün işlətməyə səy göstərdilər.
İslam alimlərinin, xüsusən də Şiəliyin mübarizə və inqilab mədəniyyəti sayəsində şiə alimlərinin ümumi hərəkəti xalqın xidmətində durdu, despotizm, müstəmləkə və zülm əleyhinə mübarizə apardı. Nəhayət, Allaha şükür olsun ki, İran xalqının əzəmətli hərəkatı qələbə çaldı və din hakimiyyəti quruldu. Müsəlman və dindarlar bir neçə əsrlik təhqirdən sonra şərəf qazandılar, başucalığı duydular, dirçəldilər, İslam dünyasında dini hisslər, İslam şüuru və kimliyi oyandı.
Siz görürsünüz ki, bəzi Afrika ölkələrində İslam qrupları hakimiyyət gəlməyə çalışırlar, yaxud müsəlmanlar zalım hökumətlərlə mübarizə aparır və “Allahu-Əkbər” şüarı verirlər, yaxud hətta İslamdan uzaq şəxslər zahirdə dinə meyl göstərməyə məcbur olurlar. Bu yeni bir şey deyil, İslam inqilabının və bu möhtəşəm hərəkətin qələbəsi sayəsində müsəlman xalqların tarixində yaranmış aydın sabahdan irəli gəlir. Bu, din alimlərinin, xüsusən də bu hərəkətin rəhbəri və banisi olan böyük insanın zəhmətlərinin nəticəsidir. O özünün qüdrətli əli, iradəli və imanlı qəlbi, Allaha arxalanması, yaxınlaşması və ixlası ilə bu rəhbərliyi icra etdi və tarixdə böyük hadisəni həyata keçirdi.
Bu inqilab həqiqətən misilsiz bir hadisədir. Hakimiyyət quruldu, İslam quruluşu bərqərar olundu. İndi Allahın lütfü ilə İslam hökmlərinə günbəgün yaxınlaşırıq və yaxınlaşmalıyıq. Müsəlman xalqlar oyanmışlar və İslam imanının genişlənməsi başlanmışdır. Bunlar indiyədək baş verənlərdir.
İslam, xüsusən də şiə ruhanilərinin olduqca üstün xüsusiyyətləri var. Bunların elmə həvəsi, Allah üçün ixlası, xalqa qayğıkeşliyi, böyük güclərdən, quldur və hegemonlardan qorxmaması, hakim qüvvələrə bağlı olmaması böyük imtiyazlardır. Bizim nəyimiz varsa, bunlardır. Lakin ruhanilərin müsbət cəhətlərindən əlavə, onlar üçün zəruri olan işlər də var və bu hərəkətin davam etməsi üçün həmin işlərə diqqət yetirmək lazımdır.
Əsas məqam budur ki, bu gün İslam Respublikasında ruhanilərin vasitəsi ilə əldə olunan nailiyyətləri yalnız bizim dövrümüzün ruhanilərinin ayağına yazmaq və bu uğurları onlara aid etmək olmaz. Belə deyil. Bu dövrün ruhaniləri ruhaniliyin minillik hörmətindən yaxşı istifadə etdilər. Şiə ruhaniləri min il boyu tədricən möhtəşəm bir hörmət və etibar xəzinəsi toplamışdılar. Bizim dövrümüzdə əzəmətli insan və müstəsna şəxsiyyət olan Böyük İmam, həmçinin bu yolla hərəkət edən digər ruhanilər həmin xəzinədən əlverişli istifadə etdilər.
Bu ehtiyat tükənməz deyil. Əvvəla onu qorumaq, ikincisi isə artırmaq lazımdır. Əgər Allah eləməmiş, diqqətsizlik, qafillik, zamanı tanımamaq, vəzifənin nə olduğunu bilməmək, ruhaniliyin minillik xəttindən yayınma səbəbindən bu ehtiyat əldən çıxsa, əsrlərlə ixlaslı mübarizə sayəsində qazanılmış qiymətli almaz zədələnsə, yaxud sınsa, yenidən belə bir ehtiyat toplamaq üçün çoxlu zaman lazım olacaq. Deməli, bu dövrdə biz ruhanilərin və din alimlərinin birinci vəzifəsi sözügedən minillik hörmət və etibarı qorumaqdır. Allaha şükür olsun ki, inqilab dövründə bu hörmət artdı, fədakarlıq səbəbindən şiə ruhaniliyinin siması daha da parladı.
Mübarək ramazan ayı ərəfəsində ruhanilər, məscid imamları və ölkənin müxtəlif yerlərinin vaizləri ilə görüşdəki çıxışdan: 1991.
İnqilabın mədəni cəhətinin əhəmiyyəti
Biz əvvəldən demişik ki, inqilabın görünən hissəsi və xarici siması mədəni sahədir. Bizim siyasətimiz də mədəniyyətimizə tabedir. Biz dinimizi siyasətdən ayırmaq istəmədik. Bizim mədəniyyətimiz bizim tariximizin, məktəbimizin və inqilabımızın məhsuludur. Bu böyük iddia ilə xalqın bizdən gözləntiləri var.
İslam mədəniyyəti naziri və İslam Respublikasının xarici ölkələrdəki mədəniyyət mərkəzlərinin başçıları ilə görüşdəki çıxışdan: 1991.
Müstəmləkəçilər və İran xalqının elmi-mədəni təhqiri
Düşmənlərimizin müxalif olduğu böyük bir inqilab şüarı, yəni xalqın və ölkənin müstəqilliyi fəhlələrə, bu zəhmətkeş təbəqənin fəaliyyətinə və onlarda olan yaxşılıq hissinə bağlıdır. Fəhlə hiss etməlidir ki, “kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi verilər”1. Bu iş həmin yaxşı işdir. Yaxud müəllim bilsin ki, müsəlman iranlının öz ayağı üzərində dayanması üçün ik-üç əsr boyu onun boynuna, əlinə və ayağına dolanmış əsarət kəndirlərini açmaq və “iranlı bir şey bacarmır” deyən yanlış müstəmləkə mədəniyyətini məhv etmək lazımdır.
Bu məmləkətdə nefti milliləşdirmək istəyəndə Pəhləvi məmurlarından biri dedi: “İranlı bir palçıq aftaba düzəldə bilmir, nefti necə idarə edəcək”. Bu, müstəmləkəçilərin müstəmləkəyə çevirdikləri xalqlara, müsəlmanlara və bizim xalqımıza təlqin etdiyi mədəniyyətdir. Deyirdilər ki, sənayenizi biz yaratmalıyıq, əkinçiliyinizi biz yoluna qoymalıyıq, məktəblərinizə biz proqram hazırlamalıyıq, hökumətinizi biz idarə etməliyik.
Pəhləvi və Qacar sülalələrinin bu ölkənin başına açdığı bəla və bu xalqı saldıqları rəzil durum bizi yüz il geriyə atdı. Bu rəzilliyə son qoymaq və parlaq iranlı istedadının İranın və İslamın maraqlarının xidmətində işlənməsi üçün bacarıqlı kadr yetişdirməkdən başqa bir yol varmı?! Bunu kim yetişdirəcək? Qaralmış bu daşı, yaxud paslanmış metalı kim sürtüb parıldadacaq və onu iti bıçağa çevirib bütün işləri görəcək? Müəllim. Müəllimin işi budur.
Beynəlxalq Əmək günü və Müəllim günü münasibəti ilə ölkənin fəhlə və müəllimləri ilə görüşdəki çıxışdan: 1991.
İnqilabın bəlli məsələləri
Mən bu gün bir neçə bəlli məsələyə toxunacaq və ondan sonra İran xalqı üçün bir, bütün müsəlman xalqlar üçün də bir nəticə çıxaracağam.
Birinci məsələ budur ki, bizim böyük imamımız İslama və müsəlmanlara qüdrət və şərəf bəxş etdi. Bunu heç bir insaflı insan inkar edə bilməz. İslamın düşmənləri onun zəif olmasını istəyirdilər. Onlar İslamı müsəlman xalqların əməlindən və hətta beynindən belə çıxarmağa çalışırdılar. Təəssüf ki, buna böyük həddə nail oldular da. Bu çirkin siyasətdə azğın və asılı hökumətlər hegemonluqla və İslam düşmənlərinin beynəlxalq şəbəkəsi ilə tam işbirliyinə girdilər.
Böyük İmam bu inqilabla müsəlmanları həvəsləndirdi və İslamı dirçəltdi. Bu gün bir çox ölkələrdə İslam ayağa qalxmış gənc nəsillərin və ziyalıların arzu və amalını təşkil edir. Bir nümunəsi əziz Fələstindir. İllərlə Fələstin şüarı ilə müzakirə və mübarizə aparıldı, amma uğursuz oldu. Bu gün isə Fələstin xalqı İslam şüarı ilə mübarizə aparır və müqavimət göstərir. Buna görə də mübarizə təşkilat, qrup, şəxsiyyət və başçılar çərçivəsindən xalqın içinə sirayət etmişdir. Belə bir mübarizə heç vaxt uğursuz olmaz. Xalqın mübarizəsi davam etsə, şübhəsiz, sonda qələbə ilə nəticələnəcək. Bu, İslamın sayəsində oldu. İmam bu İslamın adını yaşatdı və müsəlmanlarda İslam vicdanını oyatdı.
Bu gün Şimali Afrikanın müsəlman ölkələrində bəzi qruplar İslam şüarı, İslam hökuməti və quruluşu yaratmaq məqsədi ilə mübarizə aparırlar. Onlar müəyyən nailiyyətlər də əldə etmişlər. Bizim imamımızın hərəkatından öncə kim belə bir şeyi hətta xəyalından keçirə bilərdi? İslam dünyasının şərqində və qərbində müsəlmanlar oyanmışlar. Avropada və ateist hakimiyyət altında olan bəzi Avropa və qeyri-Avropa ölkələrində müsəlman azlıqlar şəxsiyyət duyurlar. Bu, imamın və onun əzəmətli hərəkətinin sayəsində baş verdi.
İkinci məsələ budur ki, bizim böyük imamımızı və şücaətli xalqımızı bu böyük mübarizə yolunda müvəffəq edən amil ayıqlıq və dözümlülük idi – ayıqlıqla yanaşı olan müqavimət. Əmirəlmöminin (ə) buyurmuşdur: “Bu bayraq yalnız ayıq və dözümlü şəxslər tərəfindən yüksələr”.1 Bunun səbəbi odur ki, bu gün xalis küfrlə və xalis şirklə mübarizə yoxdur ki, məsələ aydın və sıralar bir-birindən ayrı olsun. Bu gün mübarizə nifaqla, ikiüzlülüklə, hiylə ilə, dünyanın hər bir yerində hegemonluğun mikrofonlarından ucalan puç şüarlarla, yalanlarla və boş sözlərlədir. Çoxları insan hüquqlarından dəm vurur və yalan sözlər deyirlər. Çoxları İslamdan dəm vurur və yalan danışırlar. Onların İslamı hegemon başçıların istədiyi İslamdır. Çoxları insanların bərabərliyindən danışırdılar, danışırlar və yalan deyirlər. Buna əsasən, indiki dövrdə mübarizə çətin mübarizədir; həm hegemonluğun gücünə və maddi imkanlarına görə, həm də hegemonluğun və müttəfiqlərinin yalanlarını və nifaqlarını ört-basdır edən təbliğat gücünə görə.
Avam adamlar tez aldanırlar. Bu günün özündə də dünyada aldanmış xeyirxah insanlar var. Onlar düşməni tanımır və cəbhəni ayırd etmirlər. İranda bizim əzəmətli imamımız xalqın dözüm və müqaviməti ilə yanaşı olan ayıqlığı sayəsində bu yolu qət edib sona çatdırdı. Onun özü xalqda bu ayıqlığın və dözümlülüyün yaranmasında ən böyük təsirə malik idi. Dünyanın harasında bir mübarizə gedirsə, bir qayğıkeş insan xalqın xilası üçün hərəkət edirsə, bilməlidir ki, bu yol ayıqlıq, dözümlülük və müqavimətlə gediləsidir, başqa bir amillə yox.
Üçüncü məsələ budur ki, bütün dünya - həm müsəlman, məzlum və məhrum xalqlar, həm də hegemon düşərgə başa düşmüşlər ki, bu gün dünyada İslam amalları istiqamətində müşahidə olunan bu hərəkətin mərkəzi İslam Respublikasıdır. Buna görə də bütün hücumlar birinci növbədə bizə yönəlir. Biz isti və zahirən səmimi sözlər arasında həmişə ədavət və kin əlamətləri görürük. Biz hegemonluğun İslam Respublikasına, siz xalqa və bu Böyük İmama necə düşmən olduğunu bilirik. Düşmən onun mənən yaşadığını bildiyinə görə öz düşmənliyini bir iynə ucu qədər də azaltmamışdır. Əgər hegemon media, hegemon düşərgə və imamın düşmənləri onun öldüyünü, bitdiyini düşünsəydilər, vəfatından iki il sonra ona və onun adına bu qədər hücumlar etməzdilər.
Müsəlman İran, imamın inqilabçı İranı müsəlmanların böyük qlobal hərəkətinin və eyni nisbətlə həm də düşmən hücumlarının mərkəzidir. Bu bizi qəmgin etmək yerinə sevindirir; qorxutmaq yerinə ümidvar edir; güclü olduğumuzu, hegemonluğun, oğruların və soyğunçuların maraqları əleyhinə hələ də böyük təhdid sayıldığımızı göstərir. Hegemonluğun düşmənliyi bizi inqilabda, ölkə və cəmiyyət quruculuğunda seçdiyimiz yolun düzgün, uğurlu və dəqiq olduğuna əmin edir. Əgər biz bəşəriyyətin düşmənlərinin maraqları əleyhinə, inqilabın və ölkənin maraqları istiqamətində hərəkətimizdə səhvə yol versəydik, düşmən bizə bu qədər hücum etməzdi.
Mənim bu üç məsələdən çıxardığım nəticə budur ki, siz əziz xalqımız bilməlisiniz: əgər on iki ildir qüdrətlə məqsəd seçdiyiniz, vəhdətlə hərəkət etdiyiniz və İslama sarıldığınız bu mübarək hərəkəti eyni qüdrət və şərəflə və xeyirxah məmurların arxasınca davam etdirsəniz, İslamın böyük düşmənlərinin bu xalqın əleyhinə istər son əlli ildə, istər məcburi müharibədə, istər ondan sonra yaratdığı bütün problemləri aradan qaldırıb ölkəni həqiqi, nümunəvi, azad və abad bir müsəlman ölkəsinə çevirə biləcəksiniz.
Həzrət İmam Xomeyninin vəfatının ikinci ildönümü mərasimində çıxışdan: 1991.
Dostları ilə paylaş: |