Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


İnqilabın və universitetin qarşılıqlı xidmətləri



Yüklə 0,68 Mb.
səhifə24/38
tarix31.12.2016
ölçüsü0,68 Mb.
#3888
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

İnqilabın və universitetin qarşılıqlı xidmətləri


İnqilab və universitetin çoxlu qarşılıqlı xidmətləri var. Əgər biz inqilab və universitetin qarşılıqlı xidmətlərini yazmaq istəsək, uzun bir list alınar. Universitet inqilaba böyük xidmətlər göstərmişdir. İslam hərəkatının başlandığı 1964-cü ildən universitet fəaliyyətə keçən ilk yerlərdən idi. O zaman universitet xoşagəlməz vəziyyətdə idi. Lakin məsuliyyətli universitet mənsubları, müəllim və tələbələr mütləq azlıqda olsalar da, şəraitdən qorxmadılar və fərdi formada cavab verdilər. Bütün mübarizə dövründə - 1964-cü ildən 1979-cu ilə qədər ön sıradakı qüvvələrdən biri universitet idi. Mən buna yaxından şahid olmuşam. Bu gün universitetə dair istədikləri şəkildə fikir bildirən bəzi şəxslər o zaman universitetdə deyildilər; bəziləri heç İranda da deyildilər, Avropadan və uzaqdan tamaşa edirdilər. Bəzən tamaşa etməyə də hövsələləri çatmırdı və hadisələrdən xəbərdar olmurdular. İndi bunlar gəlib universitetin xidmətləri haqda danışırlar. Bilmirdilər ki, o zaman tələbə kim idi, nə iş görürdü, universitetdə nə iş görülürdü, hansı fəaliyyət və hisslər mövcud idi.

O zaman biz universiteti yaxından gördük. Hərəkət inkişafa başlayanda universitet tədricən qızışdı, nəhayət sonuncu ildə universitetin fəaliyyəti bir çox yerləri öz təsiri altına salıb kölgədə qoydu. İnqilab qələbə çalanda onun ilk addımlarında üzərinə çox təsirli rollar götürən birinci şəxslər universitet mənsubları idilər. Mən bu gün bu toplantıda iştirak edən möhtərəm müəllimlər arasında bu dostların bəzisini gördüm, İmamın İrana daxil olduğu günlərə və bunların fəaliyyətinə dair bəzi xatirələr yadıma düşdü. O zaman nə ad-san, nə çorək, nə yalançı şöhrət məsələsi vardı, yalnız pak və ixlaslı mübarizə aparılırdı. Müharibə dövründə də inqilaba və İslama 3000 tələbə şəhid təqdim olundu. Onların 90 nəfəri sizin universitetinizə aiddir. Bu kiçik məsələ deyil. Bunlar universitetin xidmətləridir.

İnqilab da universitetə böyük xidmətlər göstərmişdir. Mənim fikrimcə, inqilabın universitetə iki ən böyük xidməti olmuşdur. Biri budur ki, ona müstəqil milli kimlik hissi verdi və onu əcnəbiyə üz tutmaqdan, ona vurulub mat qalmaqdan, əcnəbi qarşısında passiv və gücsüz olmaqdan xilas etdi; inqilabdan qabaq vəziyyət belə idi. İkincisi budur ki, universiteti xalqla barışdırdı. İnqilabdan öncəki universitet xalqın təlatümlü okeanı arasında ucqar bir ada kimi idi. Mömin, dindar və yaxşı müəllim və tələbələri istisna etsək, o zaman universitetin əksər mühiti elə idi ki, siz oraya girsəydiniz, ümumi mədəniyyətə, imana, inamlara və xalqın etiqadlarına arxa çevirməli idiniz. Universitet müəllim və tələbələrin böyük əksəriyyəti üçün məhz fərdi maraq yeri idi. Siyasi və mübariz olan bir qrupdan başqa digər şəxslərin fikri-zikri şəxsi məsələlər idi, ictimai məsələlər barədə düşünmür, cəmiyyətlərinin dərdlərini hiss etmirdilər. O zaman bir tələbə üçün ən mühüm arzu bu idi ki, hansısa bir yolla özünü xaricə çatdıra bilsin. Universitet Qərbə vurulmuşdu, yenilik yaratmaq istəmirdi. Müəllim və tələbədə bu meyl var idi, amma universitetə hakim ənənə bu deyildi, şah rejiminin güclü təbliğ etdiyi asılılıq mədəniyyəti idi. Universitet daxilində ziyalılıq iddiasında olanlar da xalqçı ziyalılar deyildilər, xalqdan uzaq düşmüş kafe ziyalıları idilər. Onların çoxu inqilabdan sonra getdilər və indi də Avropa ölkələrində kafe adamlarıdırlar. Universitet belə bir vəziyyətdə idi. İnqilab universiteti bu iki böyük təhlükədən xilas etdi, onu düşünən, müstəqil, özünə inanan, düşüncə və elm istehsalına qadir, xalqın müxtəlif təbəqələri ilə əlaqədə, xalqın mədəniyyətinə və xalq arasında mövcud olan hiss və duyğulara bağlı bir mərkəzə çevirdi. Bunun çox böyük əhəmiyyəti var.

Əmir Kəbir adına Sənaye Universitetinin müəllim və tələbələri ilə görüşdəki çıxışdan: 2001.



Amerikanın 19 Avqust çevrilişinə dair etirafları

Mən bu yaxınlarda eşitdim ki, CIA təşkilatının 28 mordaddan (19 avqustdan) əvvəlki mətbuatda rolu barədə sənədlər nəşr olunmuşdur. Düzdür, mən özüm onu görməmişəm, amma deyilənlərə görə, çox maraqlıdır. Göstərir ki, hansı qəzetlər CIA-nın pulu və rəhbərliyi ilə Tehranda 28 mordad çevrilişinə hazırlıq işləri görürdülər. Bəli, bunun nümunələrini başqa yerlərdə də görmüşük: Salvador Allendenin dövründəki Çilidə mühüm rollardan birini qəzetlər ifa edirdilər. Allendenin ikiillik hakimiyyətini uğursuz göstərmək və hamını onun əleyhinə səfərbər etmək üçün bu işi görürdülər və nəhayət başına bəlli bəlanı gətirdilər. Düzdür, o gün heç kəs etiraf etmədi, lakin sonra hamı anladı ki, kimlər olmuşlar, iş başına gələnlərin məqsədi nə imiş, haradan əmr alırmışlar, buna şərait yaradanlar kimlər imiş. Faciənin baş verməsinə qədər səbir edib gözləmək və onu sonradan anlamaq düzgün deyil. Bu gün görmək və açıq gözlə hərəkət etmək lazımdır.

Əmir Kəbir adına Sənaye Universitetinin müəllim və tələbələri ilə görüşdəki çıxışdan: 2001.

Gənc nəslin ölkənin tarixini bilməsinin zəruriliyi

Mən ümumiyyətlə gənclərə və xüsusən də tələbələrə tövsiyə edirəm ki, öz məlumatlarını artırsınlar. Sizin gördüyünüz bu neqativ halların çoxu məlumatın azlığından qaynaqlanır. Bugünkü nəsil, xüsusən də bizim gənc nəslimiz ölkələrinin tarixini bilməlidir; özəlliklə Məşrutə dövründən sonranı. Siz hansı fənn üzrə təhsil almanızdan asılı olmayaraq, cəmiyyətin aparıcı insanları olduğunuzdan - bundan sonra isə inşallah daha aparıcı insanlardan olacaqsınız - ölkənizin keçmişdə və indi hansı mövqedə olduğunu bilməlisiniz. Siz xüsusən keçmiş rejimin tarixini bilməlisiniz. Bizim bugünkü nəslimiz yaxşı bilmir ki, İslam inqilabı bu ölkəni necə bir rejimin caynağından xilas etmişdir. Bunu həmin rejimi əti, qanı və bütün varlığı ilə hiss edən bizlər yaxşı bilirik. Bunlar deyilməlidir. Düzdür, bu sahədə bəzi sözlər yazılmışdır. Keçmiş rejim fəsad dolu, tam asılı, ədalətdən tamamilə uzaq bir rejim idi, xalqın vəziyyəti onları əsla maraqlandırmırdı. Onlar üçün bir amerikalı müstəşarın, yaxud bir sionist səyyahın dəyəri İran xalqının böyük bir hissəsindən qat-qat artıq idi. O rejimin ünsürləri müftəxorluğa, tamahkarlığa, milli sərvətləri talamağa, ölkənin bütün imkanlarından qanunsuz istifadə etməyə alışmışdılar. O rejim qanunsuz təməl üzərində qurulmuşdu. O zaman hakimiyyət başında olan və təxminən 35 il hökmranlıq edən şəxs yalnız qabaqkı şahın oğlu olduğuna görə şah olmuşdu. Siz görün hakimiyyətə gəlmək üçün necə yanlış məntiq mövcud idi. Bütün hakimiyyət və sərvətlər onun ixtiyarında idi. Əgər soruşsaydılar ki, siz hansı səbəbdən hakimiyyətə gəlmisiniz, cavab bu olacaqdı: "Çünki məndən qabaq atam şah olmuşdur". O, ingilislərin birbaşa istəyi və dəstəyi ilə iş başına gəldi, 35 il hakimiyyətdə qaldı. Bəllidir ki, məmləkət onu hakimiyyətə gətirən və himayə edən şəxslərin olacaq. Biz belə bir rejimi arxada qoyduq. Onun atası nə üçün hakimiyyətə gəlmişdi? Çünki İngiltərə dövləti burada çevriliş etmiş və belə istəmişdi. Siz bunları bilməlisiniz. Siz 1921-ci ilin martındakı Rza xan çevrilişinin tarixini, 1924-cü ildə onun şah elan edilməsini və sonra Məhəmmədrzanın canişin olmasının tarixçəsini bilməlisiniz. Bu barədə yaxşı televiziya proqramları hazırlayıb, kitablar da yazıblar.

Əmir Kəbir adına Sənaye Universitetinin tələbələri ilə sual-cavab məclisindəki söhbətlərdən: 2001.

İran inqilabının amalları

Bu inqilabın iddiadan çox amalları vardı. İnqilab gəlməmişdi ki, İran xalqı üçün cavabdehlik daşısın. İnqilab xalqın özünün inqilabı idi. Xalq bəzi amalları həyata keçirmək üçün inqilab etdi. Bu amallar gözəl və azad bir İran yaratmaqdan, ayıq və ictimai ədalətə sahib bir xalqa malik olmaqdan və o zaman bu məmləkətdə hakim olan elmi asılılıqdan, gerilikdən, diktaturadan və repressiyadan xilas olmaqdan ibarət idi.

Əmir Kəbir adına Sənaye Universitetinin tələbələri ilə sual-cavab məclisindəki söhbətlərdən: 2001.

Əmirəlmöminin Əli (ə) - inqilabın örnəyi

İslam inqilabı həmin kamil və kompleks şəxsiyyəti örnək götürüb qələbə çaldı. Keçmiş inqilablardan və digər ölkələrin bəzi hadisələrindən İslam inqilabı üçün örnək göstərən şəxslər buna diqqət yetirmədilər. İslam inqilabı öz örnəyini və nümunəsini Əmirəlmöminindən (ə) götürdü və İslam Respublikası quruluşunu yaratdı. Əmirəlmöminin (ə) məktəbinin bir şagirdi və davamçısı olan böyük imamımz həmişə bunu tövsiyə edirdi. Əgər baxsanız, onun sözlərində tez-tez İmam Əli (ə) meyarlarını müşahidə edərsiniz. Məhz buna görə düşmənlər imamın yolunun əks tərəfini özlərinə məqsəd seçmişlər. İnqilabın, İslam Respublikası quruluşunun və təbii ki, İran xalqının düşmənlərinin təbliğat qurumları Böyük İmamın bəlli meyarlarla təsvir və xalq arasında təbliğ etdiyi yolun əksini hədəf seçmişlər.

Məşhəd əhalisinin və İmam Rzanın (ə) müqəddəs məqbərəsinin ziyarətçilərinin böyük toplantısında çıxışdan: 2001.

Mirzə Kiçik xanın İslam qiyamı

Qorxmaz Mirzə Kiçik xan Cəngəli bir nümunədir. Bu bölgədə mərhum Mirzə Kiçik Cəngəlinin qəlbi şücaətli müsəlman hissləri ilə dolanda bütün Gilan vilayətində və bu bölgənin aparıcı adamları arasında İslam birliyi nəğməsi artıq dolaşmışdı. Gilanlılar siyasi mübarizələrin və mətbuat fəaliyyətlərinin öncülləri olmuşlar. Ölkənin ən qədim qəzetlərindən bəzisi və ən qədim siyasi fəaliyyətlər bu bölgədə həyata keçmişdir. Zalım şah rejimi dövründə bura yaşıllıq və bərəkətli yer olduğuna görə, onlar bu vilayətdə əhalini dindən ayırmaq üçün bəzi imkanlar yaratmışdılar. Mən həmin illərdə Gilana gəldim, Rəşti və bu vilayətin müxtəlif bölgələrini yaxından gördüm. Gördüm ki, müstəmləkəçi və qərəzli əllər bunları dindən ayırmaq üçün onların düşüncəsi, qəlbi və ruhu üzərində hansı işi aparırlar. Lakin inqilab şöləsi qalxandan və inqilab qələbə çalandan sonra hamı gördü ki, müqaviməti və mərdliyi ilə diqqət çəkən, öz kimliyini və şəxsiyyətini göstərən bölgələrdən biri ölkənin şimalı, o cümlədən Gilan bölgəsidir; istər inqilabda, istər müharibədə, istər müharibədən qabaqkı günlərdə. Müxtəlif qruplaşmaların hər biri özünə tərəfdar və əsgər toplayanda, müsəlman xalqın qanı, mömin gənclərin səyi və Böyük İmamın rəhbərliyi hesabına yaranmış şəraitdən sui-istifadə etmək istəyəndə mən universitetdə və gənclərin qarşısında çıxış etmək üçün Rəştə gəldim. Yadımdan çıxmır, şəhərin böyük meydanında qruplaşmalar tərəfindən o qədər böyük plakatlar, elanlar və iri pərdələr asılmışdı ki, insanda təəccüb doğururdu. Biz Mirzə Kiçiyin məzarına fatihə oxumaq üçün mərhum Şəhid Doktor Əzudi ilə birgə şəhərin qəbiristanlığına getdik. Qruplaşma üzvləri bizi hədələmək, Mirzə Kiçik xanı təhqir etmək, İran xalqının möhtəşəm İslam hərəkətini maddi və mənəviyyatdan uzaq bir hərəkət kimi göstərmək üçün özlərini oraya çatdırdılar. Həmin şəraitdə bu əcnəbipərəstlərin təcavüzkar pəncəsinin bu şəhərdən və bu vilayətdən qoparılması imkansız görünürdü. Lakin bölgə əhalisinin dini, imanı, eşqi və mənəviyyatı əcnəbilərin əlini kəsdi, İslamı və bu vilayətin mömin əhalisinin qəlbində olan imanı əcnəbilərin azğın həvəslərinə qalib etdi. Gilan vilayəti göstərdi ki, İslama, Qurana və Əhli-beyt (ə) məktəbinə ürəkdən inanır. Sonra da məcburi müharibə dövrü başlandı. Bu dövrdə Gilan diviziyası düşmən səddini yaran diviziyalardan biri idi. Gilanlı zabitlər, şəhidlər və müharibə əlilləri heç zaman unudulmayacaq parlaq ulduzlar oldular. Bu, Gilan əhalisinin nailiyyətlərinə dair çox kiçik və zəif bir təsvirdir. Bura çox faydalı bir ərazidir.

Rəşt şəhərinin Şəhid Əzudi stadionunda Gilan vilayətinin əhalisi ilə görüşdəki çıxışdan: 2001.

İnqilab örnəyinin Cənubi Afrikaya təsiri

Bu məmləkətin gənci yetmişinci və səksəninci illərdə möcüzə yaratdı. Bu məmləkətin gənci o zamana qədər heç bir xalqın görə bilmədiyi işi gördü, sizin bu Rəşt şəhərinizdə, vilayətin və ölkənin digər şəhərlərində elə fəallıq göstərdi ki, dünyanın bütün müstəmləkəçilərinin himayə etdiyi və təpədən-dırnağa qədər silahlı bir rejim daha nəfəs ala bilmədiyini gördü və qaçıb getməyə məcbur oldu. Bu təcrübə bizdən sonra təkrar olundu, bizdən öncə isə heç yerdə baş verməmişdi. Digər yerlərdə baş verən inqilablar partizan döyüşlərinin, bomba və güllələrin nəticəsi olmuşdu. Amma bu təcrübə İran gəncləri vasitəsi ilə yaranan təcrübə idi.

Nelson Mandela həbsxanadan çıxandan bir az sonra, hələ Cənubi Afrikada qələbə çalmazdan öncə İrana gəlib mənimlə görüşdü. Biz onunla Cənubi Afrikanın vəziyyəti haqda danışdıq. Mən ona dedim ki, bizim belə bir təcrübəmiz var, düşünürəm ki, sizin ölkədə də həyata keçə bilər. O təcrübə budur ki, qadın və kişilərdən ibarət könüllü insanlar - bunlar bizim ölkəmizin əksəriyyətini təşkil edirdilər - küçələrə çıxsınlar. Bizdə xalq yumruq, silah, top-tüfəng və silahlı dəstələrlə yox, boş əllə küçələrə çıxdılar, üzlərini də bağlamadılar. Bununla rejimə təzyiq göstərdilər və rejim artıq dayana bilmədiyini gördü. Daha nəyi idarə edəcəkdi?! Dedim ki, mənim fikrimcə bu örnək Cənubi Afrikada həyata keçə bilər. O, başını tərpətdi. Gedəndən bir-iki ay sonra qəzetlərdə Cənubi Afrikada izdihamlı xalq nümayişlərinə dair xəbərləri oxuduq. Mən bildim ki, bu toxum cücərdi; eynilə İranda olduğu kimi. Cənubi Afrikanın böyük şəhərlərinin bütün küçələri qaralarla doldu. Bəzi ağdərililər də onlarla birgə nümayişə çıxdılar və dedilər ki, biz də irqi ayrıseçkiliyə müxalifik. Nəticə də hasil oldu və ölkənin başında duran adam bir iş görə bilmədiyini anladı. Əvvəlcə getdi və yerinə başqa birisini qoydu. O da gördü ki, mümkün deyil. Odur ki, sakit bir ötürmə ilə hakimiyyəti qaradərililərə verdilər və Mandelanın özü prezident oldu. Bu hadisəni təkrarlamaq mümkündür. Xalqların azadlığına dair bu örnək yetmişinci və səksəninci illərdə iranlı gənc tərəfindən göstərildi; yetmişinci illərdə İslam inqilabı möcüzəsi, səksəninci illərdə isə səkkizillik müharibədə qalibiyyət möcüzəsi baş verdi.

Rəşt müsəllasında gənclərlə və müəllimlərlə görüşdəki çıxışdan: 2001.



Rza xanın Qərbdən sovqat gətirdiyi əxlaqsızlıq

Bir gün bir qrup qərbpərəst gözlərini bağlayıb dedilər ki, biz hər şeyi Qərbdən almalıyıq. Onlar Qərbdən nə aldılar? Avropalıların yaxşı xüsusiyyətlərindən biri təhlükəli işlərə girişməkdir. Onların uğurlarının əsas səbəbi budur. Bizim qərbpərəstlərimiz İrana bunu gətirdilər?! İranlılar riskdən qorxmadılar?! Onların başqa bir yaxşı xüsusiyyəti yorulmazlıq və işdən qaçmamaqdır. İrana bunu gətirdilər?! Qərbin ən böyük və ən mahir alimləri və kəşf sahibləri uzun illər çətin şəraitdə otaqlarında oturub nəyisə kəşf etmişlər. İnsan onların həyatını oxuyanda necə yaşadıqlarını görür. Yalnız elmdən ötrü bu yorulmazlıq hissini İrana gətirdilər?! Bunlar Qərb mədəniyyətinin yaxşı hissələri idi. Bunları gətirmədilər. Bəs nəyi gətirdilər? Qadın və kişinin məhdudiyyətsiz münasibətlərini, əyyaşlıq azadlığını, stol arxasında oturmağı, ləzzət və ehtirasları dəyər saymağı gətirdilər.

Quldur Rza xanın Qərbdən bizə gətirdiyi ilk hədiyyə geyim formasından və hicabın götürülməsindən ibarət idi; özü də silah gücünə və özünün kazak quldurluğu ilə: paltarlar uzun olmamalı və qısaldılmalıdır, papaq filan cür olmalıdır və sair. Sonra onu da dəyişib dedilər ki, bundan sonra yalnız şlyapa qoyulmalıdır. Əgər kimsə başına Pəhləvi papağından başqa bir şey qoysaydı, yaxud qısa paltar geyinməsəydi, döyülməli idi. Bunları Qərbdən götürdülər. Qadınlara hicab bağlamaq yasaq idi. Çadra çoxdan götürülmüşdü. Əgər başlarını yaylıqla da örtsəydilər və çənələrinin önünü bir qədər tutsaydılar, döyülürdülər. Nə üçün? Ona görə ki, Qərbdə qadınlar başıaçıq gəzirdilər. Bunları Qərbdən gətirdilər. Bu xalqa lazım olanı gətirmədilər; elm gəlmədi, təcrübə gəlmədi, ciddilik və çalışqanlıq gəlmədi, riskə atılmaq gəlmədi. Hər halda, hər bir xalqın yaxşı xüsusiyyətləri də var. Gətirdiklərini də dərhal qəbul etdilər. Fikir və düşüncəni gətirdilər, amma təhlil etmədən qəbul etdilər. Dedilər ki, Qərbdən gəldiyinə görə qəbul etmək lazımdır; geyim və yemək forması, danışmaq və yol yerimək tərzi Qərbdən gəldiyinə görə qəbul etmək lazımdır, bunun oyan-buyanı yoxdur. Bu bir ölkə üçün ən təhlükəli haldır və düzgün deyil.

Rəşt müsəllasında gənclərlə və müəllimlərlə görüşdəki çıxışdan: 2001.



Böyük sivilizasiya darvazası, yaxud İranda mənəviyyatın məhvi

Keçmiş rejimdə muzdur və xain şah bu yalançı həll yolunu “böyük sivilizasiya darvazası” adı altında xalqa ərməğan etmək istəyirdi. Əlbəttə, illərlə bunun üzərində işləmişdilər. Bu ölkədə əxlaqi fəlakət yüksək həddə, mənəvi, psixoloji və elmi iflas misilsiz idi. Böyük sivilizasiya darvazası və İran modernizmi adı altında ölkənin mənəviyyatının olan-qalanını da hərraca qoymaq istəyirdilər. Əcnəbi qarşısında, Amerikanın və sionizmin pəncəsində məğlub olan əyyaş və savadsız şah, təhqir olunmuş və aşağılanmış xalq – bu İran modernizmi onlarınkıdır. Bu, modernizm və həqiqi sivilizasiya deyil. Həmin yalançı yolun timsalı bu idi ki, pul çıxan hər bir sahədə xarici şirkətlərin işçi və muzdurları yuva salmışdılar. Təbii ki, yerli şəriklərinin vasitəsi ilə bu işi görürdülər və yerli şərikləri də saraya, ozamankı xain və asılı məmurlara bağlı olurdular. Belə modernizmin faydası yoxdur. Bu bir xalq üçün bədbəxtliyə, fəlakətə və hər şeyin məhvinə səbəb olur. Əgər bu inqilab baş verməsəydi, şimşək fəryadı bu məmləkətdə hər şeyi təlatümə gətirməsəydi, qəlbləri yerindən oynatmasaydı, Allah bilir bu gün bizim ölkəmiz hansı vəziyyətdə idi. Siz Asiya və Afrikanın bəzi inkişaf etməmiş ölkələrinə baxın. Şübhəniz olmasın ki, bu əlverişli coğrafi və tarixi mövqeyə rəğmən, bizim vəziyyətimiz onlardan da pis olardı. İnqilab bu ölkənin köməyinə çatdı, bu xalqı heç zaman çıxa bilməyəcəyi bir uçuruma yuvarlanmaqdan xilas etdi. Buna əsasən, belə həll yolu yalançı həll yoludur və gənc onun arxasınca getməməlidir.

Rəşt müsəllasında gənclərlə və müəllimlərlə görüşdəki çıxışdan: 2001.

Mirzə Kiçik xanın əhəmiyyəti və rolu

Mirzə Kiçik dünyanın ozamankı iki böyük gücünə - yəni ruslara və ingilislərə böyük bir “yox” deyən yalqız bir kişi idi. O nə ruslarla razılaşdı, nə ingilislərlə. Onun kənarında ozamankı hökumətlə və sonra hakimiyyətə gələn Rza xanla mübarizə aparan, amma ruslara sığınan, Bakıya gedib dəm-dəsgah toplayaraq İrana qayıdan və onlara muzdur olan şəxslər vardı. Mirzə Kiçik xan isə qəbul etmədi və işbirliyinə getmədi. O həm ingilislərlə vuruşdu, həm rus kazakları ilə, həm də Rza xanın və ondan qabaqkıların ordusu ilə. O, Ehsanullah xanla və digərləri ilə də razılaşmadı. Gilanlı gənc Mirzə Kiçik xanın məzarı başına gedəndə Gilan meşələrində məzlum şəkildə ölsə də, bu yalqız, imanlı və pak kişinin öz şəxsiyyətini İran tarixinə qeyd etməsini, ölməsini, lakin bir məşəl olmasını görür. Biz mübarizə dövründə Mirzə Kiçik xanın adını xatırlayanda və həyatını oxuyanda ondan güc alırdıq. O öz səyini, iradəsini, şəxsiyyətini və kimliyini xərclədi ki, bir nəslə kimlik, şəxsiyyət, güc və iradə bəxş etsin. Bu çox dəyərli məsələdir. Onun kimilər az idilər. Onlar qürbətdə mübarizə apardılar və qürbətdə də öldülər. Amma görürsünüz ki, bu gün qərib deyillər. Tarixin gərdişi qəribə bir şeydir. O, şeyxfəzlullahların, mirzəkiçikxanların, xiyabanilərin və digərlərinin qərib öldükləri kimi qərib qalmalarına qoymadı və qoymayacaq. Düşmənlər bu fəxrləri iranlı gəncdən almaq istəyirlər.

Rəşt müsəllasında gənclərlə və müəllimlərlə görüşdəki çıxışdan: 2001.

Quruluşun möhkəm büövrəsinin əsas elementləri

Müasir dövrdə imamət və vilayətin parlaq günəşinin - yəni bizim böyük və əzəmətli rəhbərimiz olan İmam Xomeyninin qürub etməsinin on ikinci ildönümündə bu böyük kişinin və peyğəmbərlər canişininin rəftar və əməllərinə diqqət etdiyimizdə onun həyatında, davranışında və təlimlərində hidayət imamının xüsusiyyətlərini aydın şəkildə görürük. Bu gün bizim hamımız üçün çox önəmli olan budur ki, imamın şəxsiyyətinin həqiqi elementləri olan yolu, üsulu və təlimləri ilə tanış olaq; hərçənd Allaha şükür olsun ki, bizim xalqımız bu mənəvi sərmayəni qorumuşdur.

Mən bu gün bu böyük toplantıda siz qardaş və bacılara və bütün İran xalqına imamın şəxsiyyətinin bir cəhətini açıqlamaq istəyirəm. Çünki Böyük İmamın həyatı yalnız bir insanın şəxsiyyəti demək deyil, əslində bütün İran xalqının və dünya müsəlmanlarının əməli bələdçisi olub, İslamın sayəsində özlərinə layiqli həyat qurmaq istəyən bütün şəxslərə yol göstərir. Təbii ki, bu sözlər daha çox İran xalqına aiddir, çünki əmanət yükü bizim çiyinlərimiz üzərindədir. Bu inqilabın əzəmətli nailiyyətini qorumaq İran xalqı üçün bir özəllikdir. Biz bu böyük ehtiyatı qorumalı və bu nemətin şükrünü yerinə yetirməliyik. İmamın şəxsiyyətinin bu cəhəti İslam Respublikası quruluşunu çox məharətlə möhkəm elementlər üzərində qurmasından ibarətdir. Bu əsas elementlər İslamdan, xalqdan, qanunçuluqdan və düşmənlə mübarizədən ibarətdir. Böyük İmam İranda çürük şah rejiminin yerində güclü quruluş yaradarkən bu elementləri çox diqqətlə işlətdi, öz əməlində onlara sadiq və öhdəçi qaldı, müraciət, çıxış və təlimlərində onların üzərində təkid etdi. İslam quruluşunu özlərinin qanunsuz maraqları ilə ziddiyyətdə görən və onunla düşmənlik edən bütün şəxslər ötən iyirmi iki ildə olduğu kimi, bu gün də hər şeydən çox bu dörd elementlə mübarizə aparırlar. Onların əsas səyi budur ki, ya quruluşdan İslam faktorunu alsınlar, ya imamın nəzərdə tutduğu, geniş və bədii mənada olan xalqa arxalanmağı alsınlar, ya onun qanuni təməlini sarsıtsınlar, ya düşmən qarşısında daimi sayıqlığını alsınlar, oyanışı yuxuya və avamlığa çevirsinlər. Odur ki, bu dörd element bizim üçün böyük əhəmiyyət kəsb edir. Mən bu gün bunların hər biri barədə qısa məqamlara toxunacağam:
İslam - inqilabın qələbə rəmzi

Quruluşu təşkil edən ən əsas element islamçılıqdan, İslam və Quranın güclü əsaslarından ibarətdir. Çoxları olduqca təsirli olan bu həqiqəti unutdular, lakin inqilabın qələbə rəmzi bu idi. Çünki İran xalqı İslama ürəkdən inanır, iman bəsləyirdi və indi də belədir. Əksər müsəlman xalqlar belədirlər; qarşılarındakı maneə götürülsə, İslama güclü imanları aşkara çıxar. Buna görə xalq imamın əlində İslam bayrağını görən kimi, onun İslamın əzəmətini dirçəltmək və İslam quruluşu yaratmaq üçün mübarizə apardığına inanan kimi ətrafına toplaşdılar. Sonra inqilab qələbə çalanda da həmin həvəslə könüllü şəkildə təhlükəli işlərə atıldılar. Çünki onların İslama imanı güclü idi.

Özlərini görkəmli şəxsiyyətlər, elita, siyasi partiyalar, düşüncə və siyasətə dair fikir sahibləri sırasında görən bəzi şəxslər bundan xoşlanmırdılar. İslama etiqadı olmayanlar heç, bəzilərinin isə İslama etiqadı vardı, amma İslam quruluşunu qəbul etmirdilər. Buna görə də inqilabın əvvəlindən imamın xəttinə paralel bir cərəyan peyda oldu. Bu cərəyan xalqı İslam rəngi və pərdəsi altında olan və Qərb quruluşlarından örnək götürülmüş laik bir quruluşa dəvət edirdi. Adı İslam idi, əslində isə belə deyildi; İslam quruluşu idi, amma istiqaməti qeyri-islami idi. Əlbəttə, onlar belə bir quruluşu xalqa qəbul etdirməkdən ötrü onun kənarında hörmətli bir ruhaninin olmasını da istəyirdilər; çünki xalq İslamı sevirdi. Bu quruluşu xalqa İslam quruluşu kimi göstərmək üçün onda hörmətli bir ruhaninin olmasına pis baxmırdılar. Həmin ruhani orada olsun, dövlət rəsmiləri də quruluşu özləri istədikləri qeyri-islami şəkildə və əslində dünya supergüclərinin qəbul etdiyi şah rejiminin yeni formasında idarə etsinlər. Zahirdə din rənginin olması xalqı cəlb etmək baxımından lazım idi. Yəni müharibədə, müdafiədə, vergi ödəməkdə və digər işlərdə nə zaman xalqın iştirakına ehtiyac duyulsa, bu zahiri İslam xalqı quruluşla əməkdaşlığa vadar etsin. Xalqın şəriət haqları təmin olunmasa da, eybi yoxdur; digər istismarçılarla mübarizə aparılmasa da, eybi yoxdur; ölkənin müstəqilliyi, xalqın mədəniyyəti və iqtisadiyyatı düşmənlərin əlinə keçsə də, eybi yoxdur. Buna görə imam konstitusiyanın seçilmiş dini ekspertlər tərəfindən yazılmasını tapşıranda harada İslam adı və İslamın həqiqi iştirakından əlamət vardısa, bunlar qarşı çıxırdılar. “Fəqih hakimiyyəti” məsələsi ortaya çıxanda bunlar sərt mübarizə apardılar. Onların "hakimiyyət" sözü ilə problemləri yox idi, hakimiyyət təşnəsi idilər, lakin "fəqih" sözünə müxalif idilər. Çünki bu, cəmiyyətdə dinin həqiqi rolu demək idi. Buna dözmürdülər. Harada İslamın həqiqi rolundan əlamət görünürdüsə, bunlar etiraz edirdilər.

İmam çox iddialı olan bu cərəyanın qarşısında möhkəm dayanıb İslam əsasları üzərində durdu, quruluşun İslam forması üzərində ciddiliklə israr etdi. Çünki İslamla tanış olan hər bir şəxsin və bu gün bizim düşündüyümüz kimi, imam da düşünürdü ki, bir xalqın səadəti, rifahı, azadlığı, başucalığı, həmçinin ədalət və sözün həqiqi mənasında xalqa arxalanmaq məsələləri İslam hökmləri sayəsində təmin olunur. Ədalət və demokratiya şüarı ucaldanlar xalqın hüququnu və mənafeyini ədalətlə təmin edə bilmədiklərini göstərdilər. İslam isə bu işi görə bilər. Böyük İmamın İslam üzərində təkidi İslamın missiyasına güclü inam demək idi. Yəni İslam dini bu gün xalqları xilas edə bilər. Buna görə də imam konstitusiyanın yazılmasında, həm də mübarək həyatının on ilində müsəlman xalqlara verdiyi bütün tövsiyələrində İslam üzərində təkid etdi. Bu, İslam Respublikası quruluşunun dünya güclərinin həddi-hüdudu olmayan düşmənliklərinə rəğmən, müsəlman xalqlar arasında saysız-hesabsız tərəfdar toplamasına, həm də onlarda həvəs, ümid və maraq oyatmasına, bütün İslam dünyasında İslam hərəkatına zəmin yaratmasına basi oldu. Bu gün İslam Respublikası quruluşunun, bu quruluşun başçı və məmurlarının dünyada hörməti varsa, İslama görədir. İstər dünyada İslama etiqadı olanlar, istər hətta etiqadı olmayanlar da İslama görə İslam Respublikasına və onun məmurlarına hörmət edirlər. İslama etiqadı olmayanlar İslamın rolunu, nüfuzunu, təsirini və iqtidarını görür və bu iqtidarın timsalı onların gözündə ucalır.

İmam İslam üzərində dayandı. O, İslamın adı ilə qane olmadı, bütün dövlət və hökumət qurumlarında İslam qanunlarının hakim olmasına israr etdi. Əlbəttə, bu iş uzunmüddətli bir iş idi. İmam da bilirdi ki, bu məqsəd qısa müddətdə həyata keçməyəcək. Amma yolu açdı, hərəkətə başladı, istiqaməti göstərdi və hamı anladı ki, sözün həqiqi mənasında İslam hökmlərinə, təlimlərinə, quruluş və cəmiyyət üçün islami struktura doğru gedərək ədaləti təmin edib yoxsulluğu aradan qaldıra və fəsadın kökünü kəsə biləcəklər. Bununla da bu xalqa vurulan daimi yaralar sağalacaq.

Bu gün mən statistik rəqəmlərdən və hökumət qurumlarının vəziyyətindən yaxından tanış olan bir şəxs kimi siz əziz xalqa deyirəm: Biz harada qətiyyətlə, inam və aydın baxışla İslam hökmlərini rəhbər tutduqsa, onların ardınca hərəkət etdiksə və səmimi şəkildə İslamı icra etmək istədiksə, müvəffəq olduq. Amma harada uğursuzluq və zəiflik yarandısa, bizim İslamı, İslam hökmünü unutduğumuza görə baş verdi. Bu gün həm iqtisadi, həm siyasi, həm beynəlxalq sahədə, həm də düzgün xalq tərbiyələri sahəsində harada zəiflik və uğursuzluq müşahidə olunursa, diqqətlə araşdırılsa, orada İslamın hökmünə və əmrinə diqqət yetirilmədiyi məlum olacaq. İmam bilirdi ki, biz İslama sarılsaq, xalq üçün həm dünyəvi iqtidar, həm maddi rifah, həm siyasi güc, həm də sabitlik və təhlükəsizlik hasil olacaq. Buna görə imam sözün həqiqi mənasında İslamiyyət faktorunu quruluşun strukturuna və mahiyyətinə daxil etdi.


İslam quruluşunda xalq elementi

İmamın maksimum diqqət yetirdiyi ikinci element xalq elementidir. Təxminən bütün hakimiyyət quruluşlarında xalqdan söhbət açılır. Heç kəs demir ki, mən xalqın mənafeyinin ziddinə işləmək istəyirəm. Hətta avtoritar sülalə rejimlərində də heç kəs xalqın istəyinin əksinə gedəcəyini demir; yəni hər yerdə xalqçılıq iddiası var. Amma görək harada xalqa həqiqətən dəyər, hörmət, hüquq və rol tanıyırlar? İmam xalq elementi üzərində təkid edəndə bunu formal şəkildə etmirdi, sözün həqiqi mənasında buna inanırdı və bir neçə məsələdə xalqı həqiqətən və diqqətlə nəzərə aldı.

Birinci məsələ quruluşun xalqın səsi ilə yaranması idi. Xalqın quruluşda böyük rolu var. Xalqın iştirakı və bu iştiraka önəm vermək burada özünü göstərir. Bizim konstitusiyamızda, imamın söz və tövsiyələrində həmişə təkid olunmuşdur ki, xalqın dəstəyi, iştirakı və istəyi olmasa, quruluş əslində heç bir şeydir. Hökumət xalqın səsi ilə iş başına gəlməli, quruluş xalqın iradəsinə söykənib hərəkət etməlidir. Prezident seçkiləri, Dini Ekspertlər Məclisinin, İslam Şurası Məclisinin seçkiləri və digər seçkilər xalqın səsinin, iradə və istəyinin təzahürüdür. Böyük İmam həm öz həyatında xalqın bu iştirakına tam sadiq qaldı, həm də vəsiyyətnaməsində xalqı məmurlara tapşırdı. Əslində seçkilərin keçirilməsi və xalqın prezident, deputat və sair seçkilərdə iştirakı həm xalqın haqqı, həm də onların üzərində bir vəzifədir. İslam quruluşunda xalq təyinedicidir. Bu da İslamdan irəli gəlir.

Mənim dəfələrlə təkid etdiyim mühüm bir məsələ budur ki, İslam quruluşunda islamçılıq xalqçılıqdan ayrı deyil. İslam quruluşunda xalqçılığın dini kökü var. “İslam quruluşu” dedikdə xalqı görməzdən gəlmək imkansızdır. Xalqın seçki hüququnun təməli İslamın özüdür. Buna görə də bizim demokratiyamız - yəni dini demokratiya fəlsəfi əsasa malikdir. Xalq nə üçün səs verməlidir? Xalqın səsi nə üçün etibarlı sayılmalıdır? Bu, puç hisslərə və ümumi razılaşmaya əsaslanmır, çox güclü bir İslam əsasına dayanır. Deməli, imamın həmişə təkid etdiyi, İslam quruluşunda işlətdiyi və həmişəlik yadigar qoyduğu məsələlərdən biri quruluşun məmurlarını seçməkdə xalqın iştirakı və vəzifələrin xalqın iradə və istəyi ilə bölünməsidir.


Məmurların xalqa xidmət göstərməsi

İkinci sahə məmurların xalq qarşısında vəzifələridir. Biz xalq deyəndə mənası bu deyil ki, xalq gəlib səs versin, przidenti, yaxud deputatı seçsin və seçilmiş şəxsin xalq qarşısında heç bir məsuliyyəti olmasın; kimsə xalqa xidmət etmək istəsə də, yenidən xalqın səsini qazanmaq üçün olsun. Belə deyil. İslamda və İslam Respublikası quruluşunda məmurların vəzifəyə təyin edilməsinin fəlsəfəsi onların xalq üçün işləmələridir. Məmurlar xalq üçündürlər, onların xidmətçisi, əmanətdarı və onlara borcludurlar. Əsas xalqdır. İslam Respublikası quruluşunda bir vəzifəyə keçən şəxsin bütün fikri-zikri xalq olmalıdır; həm xalqın dünyası üçün, həm maddiyyatı üçün, həm mənəviyyatı üçün, həm ədalət yaratmaq üçün, həm xalqın insani məqamının dirçəldilməsi üçün, həm də azadlığı üçün. Bunlar hökumətin əsas vəzifələrindəndir. Əlbəttə ki, xalq dedikdə məqsəd bütün təbəqələrdir. Lakin məlumdur ki, daha məhrum olanlara daha artıq diqqət yetirilməlidir. Buna görə imam ölkənin məhrum və yoxsul təbəqələrinə həmişə xüsusi diqqət yetirirdi. Kiminsə əməldə yoxsul və məhrum təbəqələrin yox, rifah içində olanların xeyrinə çalışıb, xalqa xidmət göstərdiyini iddia etməsi bir yalandır. Bu o demək deyil ki, təminatlı təbəqələr üçün çalışmaq lazım deyil. Onlar da ölkənin ümumi hüquqlarından istifadə etməlidirlər, amma yoxsulluq içində və öz hüquqlarından məhrum olan insanlara daha çox diqqət ayırmaq lazımdır. Buna görə imam həmişə məzlum, məhrum və yoxsulların hüquqlarını tapşırırdı. İnqilabın qələbəsindən sonra və ondan öncə hamıdan çox sinəsini sipər edib quruluşu müdafiə edən, onun çətinliklərinə dözən və düşmənlər qarşısında dayananlar cəmiyyətin məhrum, yoxsul və məzlum təbəqələri olmuşdur. Bunlara digərlərindən çox diqqət yetirmək lazımdır.


Özünəinamın ölkə inkişafının şərti olması

Xalqın əsas amil olduğu üçüncü sahə ölkənin inkişafında, yəni istedadları çiçəkləndirməkdə xalqın düşüncə və əməlindən faydalanmaqdan, istedadları çiçəkləndirməkdən ibarətdir. İnqilabın əvvəllərində imam həmişə cavanlara, tələbələrə, mütəfəkkirlərə və istedadlı insanlara müraciətlə deyirdi ki, özünüzə iman gətirin, öz gücünüzə inanın və bacardığınızı bilin. Bu, uzun istibdad dövründə bu ölkədə təlqin olunan fikrin tam əksinə idi. Biz inqilab dövründə gördük ki, İslama həqiqi mənada inanmayanlar buna da inanmırdılar. Onların gözləri həmişə ölkə sərhədlərindən bayıra dikilirdi, xalqa və onun bacarığına inanmırdılar. İmam bu quruluşda bu düşüncəni oturuşdurdu ki, ölkənin istedadlı gəncləri bacarıq hissinə malik olsunlar. Siz inqilabdan sonra ölkədə nə qədər elm və sənaye inkişafı görürsünüzsə, hamısı bundan irəli gəlir. Harada İran xalqına və onun istedadlarına təhqir sayılan asılılıq əlamətləri müşahidə olunursa, bu təfəkkürün əksindən doğmuşdur.


Maarifləndirmə və aydınlatmanın əhəmiyyəti

İmamın xalqa önəm verməsinə dair dördüncü sahə xalqı daimi maarifləndirmənin zəruriliyindən ibarətdir. İmamın özü ömrünün ahıl çağında xalqı maarifləndirməkdən ötrü hər bir fürsətdən istifadə etdi. Dünyanın informasiya şəbəkələrində təhrif və azdırma faktoru olduqca təhlükəlidir. İmam bunu bilirdi. Ölkənin və xalqın düşmənlərinə bağlı olan etimadsız informasiya və düşüncə mərkəzləri imamı vadar edirdi ki, həm özü daim xalqa yol göstərib məsələləri aydınlaşdırsın, həm də digərlərinə bu haqda tövsiyələr versin. İmam tapşırırdı ki, xalqa həqiqətləri söyləyin, onları düşmənin gizlətməyə çalışdığı məsələlərlə tanış edin. Biz də buna görə həmişə söz, qələm və müxtəlif tribuna sahiblərinə tövsiyə edirik ki, məsələləri xalqa düzgün izah etməyi özlərinə məqsəd seçsinlər.

Bu gün düşmən bu mühüm məsələnin tam ziddinə işləyir. İnqilabın əvvəllərindən düşmənin mühüm məqsədlərindən biri həqiqətləri və tarixi təhrif etmək olmuşdur. Əgər ölkə daxilində nə zamansa muzdur bir dil, yaxud qələm peyda olub müharibənin, inqilabın və İslamın həqiqətlərini dəyişdirirdisə, dünyanın hər tərəfindən alqışlandığını görürdünüz. Bu gün də elədir. Bu gün də ölkə daxilində kimlərsə hegemonluğu, bu xalqın və ölkənin düşmənlərini razı salmaqdan ötrü İslamı, inqilab tarixini və inqilab şəxsiyyətlərinin fəaliyyətlərini təhrif edən bir söz deyir və yazırsa, dünyanın hər tərəfindən hegemonluğun təbliğat şəbəkələri ona "ura" deyir və həvəsləndirir. Maarifləndirmə çox mühüm məsələdir. İnsan öz baxış və görüşlərinə tabedir. Əgər kimsə həqiqətləri təhrif edə bilsə, xalqın əməl və iradəsini həqiqətdən yayındırmağı bacarmışdır. Düşmən bunu istəyir. Bu gün kimlərsə İslamın, bu xalqın müqəddəslərinin və fədakarlıqlarının əleyhinə nəsə yazırsa, kimlərsə bu ölkənin ən yaxşı övladlarının - yəni bizim şəhidlərimizin və Allah yolunun mücahidlərinin əleyhinə fikir bildirir və saqqal tərpədirsə, kimlərsə Bəsicin, cihadın və şəhadətin əleyhinə danışır və bir şey yazırsa, xarici radiolar, siyasətçi və yazıçılar onları həvəsləndirirlər. Bu gün hamı – istər sözləri geniş miqyasda işıqlandırılanlar, istərsə də daha kiçik dairələrdə, məsələn məktəbdə, sinifdə, universitetdə, fəhlələr arasında və digər yerlərdə nüfuzu olanlar məsuliyyət daşıyırlar. Əgər İslam və inqilab həqiqətlərinin təhrif olunduğunu görsələr, maarifləndirməli və sakit durmamalıdırlar. İmam bu məsələyə çox diqqət yetirirdi. Bu, quruluşun möhkəmlik, həmişəyaşarlıq və güclülük sirrinin yatdığı məsələlərdən biridir.
İmamın nizam-intizam və qanun üzərində təkidi

İmam üçün mühüm olan üçüncü məsələ nizam-intizam və qanun idi. Buna görə hətta inqilab qələbə çalmazdan öncə hökumət təyin etdi. Dünya inqilablarının, yaxud inqilab adı ilə baş verən çevrilişlərin - ötən əsrin ortaları belə çevrilişlərlə doludur - heç biri belə deyildi. Bir ölkədə inqilab, yaxud çevriliş baş verəndə uzun müddət hökumətdən, dövlət təşkilatlarından və nizam-intizamdan xəbər olmurdu. İnqilabın başçıları adlanan bir qrup ölkəni idarə və istədiklərini edirdilər. İslam inqilabında imam buna imkan vermədi. Nizam-intizamın yaranmasından ötrü hətta inqilabın qələbəsindən qabaq hökumət təyin etdi. O vaxt İnqilab Şurası olsa da, imam ölkəni qanuni və məntiqli formada idarə etmək istədi və ölkədə hansı quruluşun yaranmasını referendumun öhdəsinə buraxdı. Dünyada bunun da analoqu yox idi. Dünyanın heç bir inqilabında eşitməmiş və görməmişdik ki, quruluşun növünü xalq təyin etsin; özü də inqilabın əvvəlində. İnqilabın qələbəsindən iki ay ötməmiş imam İslam quruluşunu referenduma çıxardı və xalq İslam Respublikası quruluşuna səs verdi. İnqilabın qələbəsindən bir neçə ay sonra imam konstitusiya yazılmasını tapşırdı. Bu iş də imamın təyin etdiyi bir qrup tərəfindən yox, xalqın seçdiyi Dini Ekspertlər Məclisi tərəfindən aparıldı. Sonra isə həmin qanun yenidən ümumxalq səsverməsinə çıxarıldı. İnqilabın qələbəsindən hələ bir il ötməmiş xalq prezident seçkilərində iştirak etdi, qısa müddətdən sonra İslam Şurası Məclisi seçildi. Buna əsasən, inqilabın işləri əvvəldən nizam-intizam və qanun əsasında görüldü. İnqilabın bu məntiqli forması ilə razılaşmaq istəməyən, yaxud bu inqilabın belə addım-addım məntiqli hərəkət etməsinə dözməyən şəxslər bunların hamısına əngəl yaratdılar. Onların tör-töküntüləri bu gün də inqilabı qanunsuzluqda ittiham edirlər. Bu inqilab nizam-intizamın və qanunun təcəssümüdür. Dünyanın heç bir yerində, istər bu əsrdə, istər öncə baş verən inqilabların heç birində belə bir şey görünməmişdi. Bunun qədrini bilmək lazımdır. Hamı nizam-intizama və qanuna tabe olmalı, hakimiyyət orqanlarının qanuni vəzifələrinə hörmət etməlidir.

Görürsünüz ki, ölkənin qanuni orqanları düşmənlərin təbliğatı və təhriki ilə hər bir dönəmdə informasiya hücumuna məruz qalır. Bu, əvvəldən İslam Respublikasında mövcud olan nizam-intizam və qanunla düşmənliyin davamıdır. Biz həmişə demişik, yenə də deyirik ki, üç hakimiyyət orqanı və qanuni məmurlar üçün konstitusiyada müəyyən olunmuş vəzifələr etibarlı və möhtərəmdir və hamı qanuna tabe olmalıdır. Qanunsuzluq özünü müxtəlif formalarda göstərir. Onlardan biri konstitusiya əleyhinə təbliğat aparmaq, şayiə yaymaq və hər hansı bir sahənin qanuni vəzifələrinə hörmətsizlik etməkdir. İmamın və İslamın düşmənləri inqilabın əvvəlindən bunun üzərində təkid göstərirdilər və imam onlara qarşı çıxırdı.
Sayıqlıq və düşmənlə mübarizə

İmamın İslam Respublikası quruluşunun təməllərində işlətdiyi və Allahın lütfü ilə quruluşun yaşamasına səbəb olan dördüncü əsas element düşmənlə və istismarçılıqla mübarizədir. İmam nə özü bir an düşmənin hiylə və təxribatlarına diqqətsiz qaldı, nə də məmurların diqqətsiz qalmasına imkan verdi. Dünyanın bu nöqtəsində və bir çox İslam ölkələrində dünya hegemonlarının mənafeyini təhdid edən İslam Respublikası kimi bir quruluşun düşmənlərinin olması təbiidir. Bizim əziz İranımızda bunlar uzun illər ilan kimi ölkənin milli sərvətləri və siyasi qurumları üzərində oturmuşdular. Qəsbkar və muzdur şah rejimində məgər kiminsə xalqı təhqir etmək, yoxsul və geridə saxlamaq və sərvətlərini talamaq üçün bu ölkəyə soxulanlara azca hörmətsizlik belə etməyə cürəti çatardı?! Heç kimin onlara "gözün üstə qaşın var" deməyə cürəti çatmırdı. Amerikalılar, sionsitlər və dünyanın digər oğru və soyğunçuları çox rahat və dinc şəkildə İrana gəlib-gedir, sərvətləri talayırdılar. Ölkə siyasəti, hökumətlər, hətta şahın təyin olunması da onların əlində idi. Baş nazirlər onların məsləhəti ilə təyin olunurdu. Ölkənin siyasi məsələləri bütünlüklə onların istək və maraqları istiqamətində idi. İslam Respublikası quruluşu bu vəziyyəti darmadağın etdi. İmam bilirdi ki, bu düşmən sakit oturmayacaq və hücuma keçəcək. Əgər bir dönəmdə hücum edib zərbə aldısa, yenidən hücum etmək üçün müvəqqəti olaraq geri çəkilir. Buna görə ayıq-sayıq olmaq lazımdır. Təəssüf ki, mən bu gün bəzilərinin həmin düşmənlərin istəyinə uyğun təbliğat apardığını görürəm. Bu illüziyadır. Düşmən istəyir ki, xalq, məmurlar, dövlət rəsmiləri, ölkəni idarə edənlər və qanun hazırlayanlar düşmənin təhdidini yaddan çıxarsınlar. Buna imkan vermək olmaz. Düşməni və onun üsullarını tanımaq lazımdır. Biz bunu həmişə yadda saxlamalıyıq. İmam bu məsələ üzərində təkid göstərirdi. İmam buna görə buyururdu ki, bacardığınız qədər Amerikanın başına çığırın.

Əziz qardaş və bacılar! Mənim əziz övladlarım! Əziz İran xalqı! Bunlar dörd mühüm müsbət cəhətdir. Həm xalq, həm də məmurlar bunların qədrini bilsinlər. Bu dörd element quruluşun möhkəmlənməsinə səbəb olmuşdur. Bu dörd elementin sayəsində düşmən heç zaman bu quruluşa zərbə vura bilməz. Biz harada bu dörd elementi unutduqsa, ziyanını gördük. Əgər iqtisadi ziyan gördüksə, iqtisadiyyatda gerilədiksə, siyasi məsələlərdə zəiflədiksə, bu elementləri yaddan çıxardığımıza görə oldu. Harada inkişaf etdik, qüdrətlənib yolumuzdakı maneələri götürə bildiksə, harada düşməni nakam qoyduqsa, bu elementlərə arxalandığımıza görə oldu. Bunların xalqın əlindən çıxmasına, hücuma məruz qalmasına qoymayın. Düşmənin bu ölkəyə yenidən hökmranlıq etmək üçün özünə yol açmasına imkan verməyin. Bunun üçün ölkə məmurlarının və xalqın sayıq olması lazımdır.

İmam Xomeyninin müqəddəs məqbərəsinin ziyarətçilərinin toplantısında çıxışdan: 2001.



Pəhləviləri hakimiyyətə gətirməklə İranı təhqir etmək

Mənim əzizlərim! Sizin bəziləriniz tarixlə yaxşı tanışsınız. Mən də tarixlə tanışam, ötən yetmiş ilin və ondan qabaqkı dövrün tarixini sətir-sətir oxumuşam. Biz həqiqətən qlobal güclərin istismarı altında olan ən məzlum xalqlardan biri olmuşuq. Mən Hindistan yarımadası barədə geniş araşdırmalar aparmış və kitab yazmışam. İranın vəziyyətini Hindistan yarımadası ilə müqayisə edəndə görürəm ki, orada ingilislərin birbaşa müstəmləkəsi olsa da, dünyanın şeytan güclərinin bir ölkəyə insani təzyiqi baxımından bizim vəziyyətimiz onlardan pis olmuşdur. Onlar özününkülər və həmvətənləri tərəfindən xəyanətə, nifaqa, fəsada və asılılığa məruz qalmamışlar. Bir qrup ingilis o ölkəyə daxil olmuşdu. Onların özününküləri isə bunlar idilər: Qandi, Nehru, Mövlana Məhəmməd Əli, Mövlana Şövkət Əli, Cinah və sair. Onlar ingilislərlə vuruşdular və böyük zəhmətlərə qatlandılar. Bizim vəziyyətimiz isə belə deyildi. İngilislər Rza xanı öz adamları kimi hakimiyyətə gətirdilər ki, onların istədiyi işi görsün. Bu söz inkar oluna bilməz. Həm də bu mənim sözüm deyil, aydın tarixi həqiqətdir; həm jurnalistlər yazmışlar, həm də 30-40 ildən sonra nəşr olunmuş sənədlərdə mövcuddur. Bir neçə gün bundan öncə belə sənədlərin birində oxuyurdum ki, Seyid Ziyanın, Rza xanın və İngiltərə məmurlarının iştirak etiyi bir iclasda Rza xan deyib ki, mən siyasətdən bir şey anlamıram, siz nə əmr etsəniz, yerinə yetirəcəyəm. Doğrudan da belə idi. Lakin itaətkarlıq halının bir qədər zəiflədiyini və həqiqi müstəqilliyə sarı yox, Hitler Almaniyasına sarı meylləndiyini duyduqları anda - təbii ki, Rza xan Hitlerə baxdıqda vəcdə gəlirdi - onu kənarlaşdırıb, oğlunu hakimiyyətə gətirdilər. Bunlar faktlardır.

Mədəniyyət və incəsənət xadimləri ilə görüşdəki çıxışdan: 2001.

İnqilabın sənət adamlarından gözləntisi

İran ölkəsi bütün güclü mədəni xüsusiyyətlərinə rəğmən, təhqir olundu. 50-60 il bizə elə insanlar hakim oldular ki, onları iş başına gətirənlər nəinki biz deyildik – çünki İranda bu şəkildə xalq hakimiyyəti olmamışdır – hətta özlərinin igidlikləri də deyildi. Əgər diktator olsalar da, kaş ən əzı Nadir şah kimi öz qollarının gücünə, yaxud məsələn Ağa Məhəmməd xan kimi öz hiyləgərlikləri hesabına hakimiyyətə gələydilər. Təəssüf ki, belə deyildi; onları digərləri bu xalqa hakim edib onun bütün maddi və mənəvi sərvətlərini taladılar. Çox əzab və əziyyətlərlə bu mənfur vəziyyət qarşısında əzəmətli hərəkət baş verdi, canlar fəda olundu, qəddar düşmənin süngüsü qarşısında dayanmaqla nəticə əldə olundu. Bu gözəl deyil?! İncəsənət bunların kənarından necə laqeyd ötə bilər?! İnqilabın gözləntisi budur. İnqilabın əvvəlindən bizim dediyimiz və istədiyimiz inqilab sənəti budur. Bu gözlənti çoxdur?! Musiqi, film, teatr, rəssamlıq və sizin digər sənət növləriniz bunları təsvir etməlidir. Bunlar lazımlı işlərdir. İnqilabın sənətdən və sənətkardan gözləntisi hegemon və artıq gözlənti deyil, incəsənətin estetik əsaslarına söykənən gözləntidir. İncəsənət gözəllikləri dərk etməkdir. Bu gözəlliklər zəruri olaraq gül və bülbül deyil, bəzən bir nəfərin tonqala atılması və ona dözməsi hər bir gül və bülbüldən gözəldir. Sənətkar bunu görməli, dərk etməli və sənət dili ilə izah etməlidir.

Mədəniyyət və incəsənət xadimləri ilə görüşdəki çıxışdan: 2001.

Hegemonluğun incəsənətdən sui-istifadə etməsi

Mənim əzizlərim! Bugünkü dünyada siyasət incəsənətdən qeyri-sağlam məqsədlər üçün istifadə edir. Əgər etmir desək, məlumatsızlığımıza dəlalət edər. Həm də təkcə bu gün yox, xeyli vaxtdır istifadə edir. Amerika Xarici İşlər Nazirliyinin 19 Avqust çevrilişi barədə nəşr olunmuş sənədlərindən birini tərcümə edib mənə gətirdilər. Bu çevriliş baş verəndə mənim 14-15 yaşım vardı, yadımda az şey qalıb, amma barəsində çox eşitmiş və oxumuşam. Yenə də belə geniş şəkildə heç bir yerdə yoxdur. Bu çevrilişi edənlərin özləri bu sənədləri yazıb Xarici İşlər Nazirliyinə və CIA təşkilatına göndərmişlər. Bu sənədlər amerikalılara məxsusdur. Düzdür, sənədlərdə də göstərildiyi kimi, əməliyyat amerikalı və ingiltərəlilər tərəfindən hazırlanmışdır. Orada yazılanlara əsasən, Ruzvelt deyir ki, biz Tehrana gələndə tərcümə olunub qəzetlərdə çap edilməsi üçün özümüzlə yazılıb hazırlanmış məqalələr və həmçinin karikaturlar dolu böyük bir çamadan gətirdik. Siz baxın, Amerikanın CIA təşkilatı onlarla razılaşmayan, onların mənafeyini təmin etməyən bir hökuməti devirmək üçün bütün vasitələrdən, o cümlədən incəsənətdən istifadə edir. O hökumət Pəhləvi dövrünün bütün hökumətlərindən fərqli olaraq milli hökumət idi, qanuni yolla və xalqın səsi ilə hakimiyyətə gəlmişdi; onlar qorxurdular ki, birdən sovetlərin dəmir pərdəsi arxasına keçər. O zaman yəqin ki, həm bunların işinə yarayan, həm də güvənə bildikləri bir karikaturçu olmamışdır; buna görə özləri ilə hazır karikaturlar gətirmişdilər. O sənəddə göstərilir ki, biz bunları CIA-nın İncəsənət şöbəsinə sifariş etdik. Təsadüfən iki-üç il öncə də italiyalılar bir kitab yazdılar və fars dilinə tərcümə olundu. Orada da CIA təşkilatının İncəsənət şöbəsi və onun müxtəlif fəaliyyətləri haqda yazılmışdı. Siyasət bu şəkildə incəsənətdən istifadə edir. Bəs siz burada nə etmək istəyirsiniz? Əgər dünyanın bütün siyasətçiləri, hegemonları, quldurları və hakim qüvvələri öz müqəddəs kitabları önündə incəsənətdən istifadə etməyəcəklərinə dair Allaha and içsəydilər, insan nisbətən rahatlaşıb deyərdi ki, çox gözəl, Allaha şükür olsun, daha incəsənət xilas oldu. Amma onlar incəsənətdən istifadə etməkdədirlər. Bəs siz nə düşünürsünüz? Siz istəyirsiniz onların incəsənət vasitəsi ilə nail olduqları tamahkar məqsədlər qarşısında bu vasitədən istifadə etməyəsiniz? Bu ağıllı işdir?! Xeyr, bu ağıllı iş deyil.

Mədəniyyət və incəsənət xadimləri ilə görüşdəki çıxışdan: 2001.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin