İnqilabın İslamdan örnək götürməsi
Təbii ki, özünün və əzizlərinin canı ilə qiyam etmiş, başında ilahi bir alimin və peyğəmbər canişininin durduğu bir xalq üçün Qərb quruluşu örnək ola bilməzdi. Deməli, biz örnəyi nə Şərq rejimlərindən, nə də Qərb rejimlərindən götürdük. Biz örnəyi İslamdan götürdük və bizim xalqımız İslamla tanışlığına görə İslam quruluşunu seçdi. Bizim xalqımız İslam ədəbiyyatını oxumuşdu, hədislərlə tanış idi, Quranla tanış idi, dini söhbətlərdə iştirak etmişdi. Son onilliklərdə din alimlərindən, ruhanilərdən və universitet mənsublarından ibarət dindar aydınlar çoxlu işlər görmüşdülər. Xalq üçün bir sıra dəyərlər oturuşmuşdu və xalq onlara sadiq idi. Keçmiş rejimdə bu dəyərlərdən heç bir əsər-əlamət görmürdülər. İnqilab o dəyərlərə nail olmaq üçün baş verdi. Bu dəyərlər hansılardır? Mən burada onların bəzisini deyəcəyəm. Əgər bu dəyərləri bir sözlə bəyan etmək istəsək, deməliyik "İslam". Lakin İslam ümumi bir sözdür və onun müxtəlif izahları var. Bizim xalqımızın hamısı İslamın daxilində olan dəyərləri istəyirdi. Mən onların bəzisinə işarə vuracağam.
Tehranın cümə namazı xütbələrindən: 2000.
İran xalqının istədiyi dəyərlər
Birinci dəyər imandır. Xalq məsləksizlikdən, etiqadsızlıqdan və imansızlıqdan bezmişdi, narazı idi, ürəklərinin imanla bərkiməsini istəyirdi. Sonrakı dəyər ədalətdir. Xalq cəmiyyətin ədalətsiz olduğunu görürdü. Yuxarıdan aşağıya qədər hər yerdə zülm olunurdu; özləri özlərinə də zülm edirdilər. Tağut rejimi daxilində də bir-birinə qarşı zülm və ədalətsizlik edirdilər. Xalqa qarşı isə sonsuz dərəcədə zülm olunurdu; məhkəmədə zülm olunurdu, sərvət bölgüsündə zülm olunurdu, işdə zülm olunurdu, ucqar şəhərlərə zülm olunurdu, zəif insanlara zülm olunurdu. Zülm və haqsızlıq hər yerdə duyulurdu, insan bütün vücudu ilə bunu hiss edirdi. Xalq ədalətin yaradılmasını, təbəqələr arasında fərqin və yoxsulluğun aradan qaldırılmasını istəyirdi. Bu da xalqın istədiyi dəyərlərdən biri idi və ədalətdən fərqli məsələdir. Cəmiyyətdə bir şəxs, yaxud qrup sərvətin və rifahın zirvəsində durur, başqa bir qrup isə ibtidai həyat amillərindən məhrumdur. Hamının bu durumdan acığı gəlir, heç kim onu xoşlamır. Xalq təbəqələr arasındakı məsafənin götürülməsini və onların yaxınlaşmasını istəyirdi. Biz kommunistlər kimi iddia etmirdik ki, hamı gəlib dövlətin çörəyini yesin və hamıya bərabər maaş verək. Xeyr! Amma təbəqələr arasında bu formada və bu qədər fərqin olması xalq, müsəlman inqilabçılar və onların rəhbəri üçün qəbulediləsi deyildi.
Tağut rejimi və ondan öncəki rejimlər xalq rejimləri deyildilər, xalqın idarəçilikdə heç bir rolu yox idi. Bir nəfər ingilislərin köməyi ilə gəlib Tehranda çevriliş etmiş və özünü şah adlandırmışdı. Sonra İrandan gedəndə, yəni qocaldığına və işə yaramadığına görə vəzifəsindən kənarlaşdırılanda öz yerinə oğlunu təyin etdi. Axı bu oğul kimdir, nəçidir? Bəs xalq nədir və onun istəyi necə olsun? Bunlar əsla önəmli deyildi. Onlardan öncə də Qacarlar belə olmuşdu: bir zalım ölür, öz yerinə başqa bir zalımı təyin edirdi, hökumətin seçilməsində və idarəsində xalqın heç bir rolu olmurdu. Xalq bunu istəmirdi. Xalq istəyirdi ki, hökumət onun olsun, onun istəyi və iradəsi ilə qurulsun və onun iradəsinin təsiri olsun.
Növbəti dəyər dindarlıqdır. Xalq dindar olmaq istəyirdi. Keçmiş rejim hər yerdə - cəmiyyətdə, hərbi hissədə, universitetdə, məktəbdə xalqı dinsizliyə sövq etməyə çalışırdı, xalq isə bunu istəmirdi. Xalq dindar idi. Xalq göstərdi ki, İslama iman və etiqad onun vücudunun dərinliyinə işləmişdir.
Başqa bir dəyər başçıların israfçılıqdan və dəbdəbədən uzaq durmasıdır. Sözsüz ki, dəbdəbə və israfçılıq hər yerdə pisdir, amma xalqı bu məsələyə həssaslıq göstərməyə vadar edən amil hakimiyyət başında oturanların xalqın sərvətləri ilə israfçılıq etmələri, dəbdəbəli və lüks həyat tərzi keçirmələri idi. Bu, xalqın istəmədiyi işlərdən idi. İslam quruluşu bu dəyər əsasında yarandı.
Başqa bir dəyər başçıların dini və əxlaqi sağlamlığıdır. Xalq istəyirdi ki, cəmiyyətin başında duranlar dindar olsunlar, fəsad törətməsinlər, əxlaqları, rəftarları pis olmasın, özləri fəsad içində olmasınlar, ətrafları fəsad içində olmasın. O zaman isə belə idilər.
Dəyərlərdən başqa birisi gözəl əxlaqın ümumiləşməsi idi. Xalq istəyirdi ki, cəmiyyətdə gözəl əxlaq və bəyənilmiş İslam xarakterləri yayılsın, xalq arasında qardaşlıq, sevgi, əməkdaşlıq, dözümlülük, güzəştə getmək, bağışlamaq, zəiflərə əl tutmaq və haqqı söyləmək vüsət tapsın.
Fikir və söz azadlığı da inqilabın dəyərlərindən biri idi. Xalq azad düşünmək istəyirdi. O zaman fikir azadlığı, söz azadlığı və seçim azadlığı da yox idi. Xalq bunu xoşlamır və bu azadlıqların mövcud olmasını istəyirdi.
Dəyərlərdən daha birisi siyasi, iqtisadi və mədəni müstəqillikdir. Xalq istəyirdi ki, bu ölkə siyasi baxımdan filan Avropa, yaxud Amerika rejiminin hökmranlığı altında, iqtisadiyyatı beynəlxalq kompaniyalardan asılı olmasın, onlar bu ölkəyə istədiklərini edə bilməsinlər, dərin və zəngin mədəniyyətləri ola-ola kor-koranə şəkildə əcnəbi mədəniyyətlərə tabe olmasınlar.
Dəyərlər dedikdə dini, imanı, siyasi müstəqilliyi, iqtisadi müstəqilliyi, mədəni müstəqilliyi, fikir azadlığını, əxlaqın ümumiləşməsini, xalq hakimiyyətini, dindar və təqvalı insanların iş başında olduğu imanlı hökuməti nəzərdə tuturuq. Bu istəkləri reallaşdıran amil nə idi? Bu mömin xalqın iman, cihad və fədakarlıq ruhu. Əsrlər sonrası bu məmləkətdə bu dəyərli İslam quruluşunu ucaldan amil nə idi? Qeyd etdiyim bu dəyərlərin yeni quruluşun təməli olması və dünyanın bu bölgəsində bu dəyərlər əsasında yeni bir həyatın başlanması. Xalq bunlardan ötrü fədakarlıq etdi, Allah yolunda cihad və şəhadət üçün özünün və övladlarının canını təhlükəyə atdı, çoxları şəhid oldular. Xalq nə istədiyini bilirdi. Xalq bu dəyərləri istəyirdi. Mən sonra deyəcəyəm ki, bütün bu dəyərlərin cəmiyyətdə reallaşması mümkündür. İslam quruluşu vasitəsi ilə yaranan bu miqdarı heç kəs güman və təsəvvür də etməzdi.
Təbii ki, biz ideal vəziyyətlə müqayisədə çox geridəyik. Lakin ozamankı vəziyyətlə, yaxud digər yerlərin vəziyyəti ilə müqayisə etsək, görərik ki, bu quruluş çox uğurla hərəkət etmiş və bu inqilab həqiqətən məharət göstərmişdir. Xalq da bunu istəyirdi. Bəzi qüvvələr deyirlər ki, xalq nə istədiyini bilmirdi. Xeyr! Xalq bilirdi, xalq İslamı istəyirdi. İslam yalnız namaz qılmaq və səcdə etmək deyil; baxmayaraq ki, bunlar da İslamdandır. İslam bir xalqın dünya və axirət səadətini təmin edəcək möhkəm təməllər üzərində ictimai quruluş və ümumi həyat sistemi yaratmaqdır. Bu sistem onlar üçün elmi, inkişafı, sənayeni, sərvəti, rifahı, beynəlxalq iqtidarı – hər şeyi təmin etməlidir. Xalq bunu istəyirdi.
Nə özləri İslamı tanıyan, nə də qəlblərində belə bir İslamı istəyən, ən azı Qərbin tağut rejimlərinə arxa çevirməyə, yaxud etinasızlıq etməyə cürəti çatmayan bəzi şəxslər bu gün o tərəf-bu tərəfdə deyirlər ki, xalq İslam Respublikası referendumunda nə istədiyini bilmirdi. Necə yəni nə istədiyini bilmirdi? Əgər xalq nə istədiyini bilmirdisə, öz fədakarlığl ilə səkkizillik müharibəni necə uddu? Bilmədikləri bir şeydən ötrü necə fədakarlıq edə bilərdilər?! Xalq nə istədiyini yaxşı bilirdi, bu gün də yaxşı bilir.
Bu gün cəmiyyətdə mövcud olan və İslam quruluşunun təməli sayılan bu dəyərlər əvvəla bütünlüklə qəbul olunmalıdır. Bunların bəzisini qəbul edib, bəzisindən üz çevirsək, yarımçıq olacaq; bəzisinə əhəmiyyətli yanaşıb bəzisinə əhəmiyyət göstərməsək, məqsəd hasil olmayacaq. İkincisi, inqilabın özü hərəkət etmək, dəyişmək və irəliləmək deməkdir. Cəmiyyət bu dəyərlər əsasında hərəkət etməli, dəyişməli və irəliləməlidir. Yanlış üsulları günbəgün düzəltmək və bir addım irəliləmək lazımdır ki, nəticəyə çataq.
Mənim əzizlərim! İnqilab birdəfəlik bir iş deyil, tədrici bir prosesdir. İnqilabın siyasi quruluşun dəyişməsindən ibarət olan bir mərhələsi birdəfəlikdir, amma inqilab tədricən həyata keçir. Bunun üçün nə lazımdır? Bunun baş verməsi üçün geri qalmış və dəyişməmiş sahələr dəyişməli, cəmiyyətdə sözügedən dəyərlər əsasında günbəgün yeni yollar, yeni işlər, yeni düşüncə və üsullar yaranmalı və inkişaf etməlidir. Bu zaman xalq həvəs və qüdrətlə öz məqsədinə sarı hərəkət edə bilər. Qayıdış yanlış, gerilik ziyandır, amma dayanmaq da səhvdir. Hərəkət etmək və irəliləmək lazımdır.
Tehranın cümə namazı xütbələrindən: 2000.
İyirminci əsrdə dünyada baş verən dəyişikliklərə qısa baxış
Mənim əziz qardaş və bacılarım! Miladi tarixinin iyirminci əsri böyük ictimai və siyasi dəyişikliklər əsri oldu. Xalqların hər biri mövqeyinə, şəraitinə, istedadına və sayıqlığına görə tez, ya gec böyük dəyişikliklərə nail oldular. İran xalqı bu əsrdə böyük siyasi və ictimai bir dəyişikliyə nail olan ilk xalqlardandır. İran xalqı 1905-ci ildə dünyanın əksər xaqlarından daha tez siyasi və ictimai dəyişikliyə yaxınlaşdı. Bu, Məşrutə dövründə baş verdi. İran xalqı bununla öz sayıqlığını, öncüllüyünü, mübarizliyini və potensialını sübuta yetirdi. Din alimləri və cəmiyyətin xeyirxah insanları o hərəkətin öncülləri idilər. Ozamankı İngiltərəyə bağlı siyasətçilərin bir səhvi qərbli və xarici qüvvələrin müsəlman xalqın bu hərəkətindən sui-istifadə etməsinə bais oldu. İran xalqının ədalətsevər hərəkətini əvvəlcədən öz fikirlərinə uyğun şəkildə hazırladıqları formaya salıb yayındırdılar, bir neçə ildən sonra da Pəhləvi sülaləsini iş başına gətirdilər və bununla İran xalqının hərəkətini və siyasi dəyişikliyi altmış ilə yaxın geri saldılar. Bu işi ingilislər gördülər. Bu 60-70 ildə İran xalqına qarşı edilən düşmənlik undulmaz və çox mühüm düşmənliklərdən biridir. Bizim ölkəmiz Hindistandan, Rusiyadan, Əlcəzairdən və iyirminci əsrin digər böyük inqilablarından öncə ictimai dəyişikliyə təşəbbüs göstərdi. Biz ölkəmizi, hökumətimizi və ictimai quruluşumuzu dəyişdirməyə çalışdıq. Bizim xalqımız Tehranda, Təbrizdə, Xorasanda, Farsda və bu ölkənin digər yerlərində böyük fədakarlıqlar göstərdilər, lakin əcnəbilər qoymadılar. Qərbdən asılı olan siyasətçilər də alət oldular. O zaman qərblilərlə və İngiltərə dövləti ilə isti münasibətdə olanlar İran xalqının hərəkətini yayındırdılar. Sonra da Rza xanı hakimiyyətə gətirdilər və İran xalqının dəyişikliyi altmış il təxirə düşdü.
Digər xalqlar da bu əsrdə müəyyən formada bu işə girişdilər. Hindistanda bu ictimai dəyişiklik bir formada həyata keçdi, Rusiyada başqa bir formada, Əlcəzairdə başqa bir formada. Asiyada, Afrikada və dünyanın onlarla müxtəlif ölkəsində bu ictimai dəyişiklik xüsusi formada həyata keçmişdir. Bu dəyişikliklərin hamısı bir cəhətdə birləşirlər: bunların hamısında bəşəri qüvvələr hegemon qüvvələrə qalib gəlmişlər. Lakin bu qələbə bir yerdə aydın və qəti qələbə idi, daimi təsir buraxdı, başqa yerlərdə isə belə deyildi, təsiri tez ötdü və diqqətsizlik səbəbindən məhv oldu. Bu, aydın məsələdir ki, xalqlar öz qüvvələrinə arxalanıb işğalçı, zalım, hegemon və oğru güclər tərəfindən işlədilən təzyiq və zor vasitələrinə qələbə çala bilərlər.
İmam Xomeyninin müqəddəs məqbərəsində əzadarların böyük toplantısında çıxışdan: 2000.
Xalqların ən mühüm problemi: acizlik hissi
Bu gün xalqların problemi budur ki, güclülərin düşmənliyi qarşısında qaldıqda acizlik hissi keçirirlər. Bu gün siz dünyanın siyasi coğrafiyasına baxsanız, görərsiniz ki, hər şeyi özünə məxsus bilən, xalqları heçə sayan, insani və maddi sərvətləri mənimsəyib ixtiyarına keçirən hegemon güclər var. Onlar nəyə arxalanırlar? Onlar xalqları inandırıblar ki, onlara qarşı mübarizə aparmaq olmaz. Onların arxalandığı ən mühüm amil budur. Siz bu gün geri qalmış, o cümlədən müsəlman ölkələrin ziyalılarından, yaxud siyasətçilərindən “nə üçün milli hüquqlarınızın bərpasından ötrü hərəkət etmirsiniz?” - deyə söruşsanız, cavab verərlər ki, biz bacarmırıq, gücümüz yoxdur, böyük güclər hər şeyimizi almışlar və biz zalım güclərlə mübarizə apara bilmirik. Bu gün dünya ölkələri arasında zəif mövqedə duranların məntiqi budur. Quran isə bunun əksini deyir. Quran deyir ki, insanlar öz daxili qüvvələrinə - yəni imanlarına, iradələrinə, birliklərinə və fədakarlıqlarına güvənsələr, heç bir güc onların qarşısında dayana bilməz. Tağut rejimi dövründə biz İran xalqı bu səhvi edirdik. O zaman bizdən “bu rejim məmləkətin neftini aparır, sərvətlərini talayır, Amerikanı hakim edir, xalqın dinini alır, əxlaqı alır, milli, yerli və İslam mədəniyyətini alır, bu xalqın tarixini məhv edir, siz nə üçün ona qarşı mübarizə aparmırsınız?” deyə soruşsaydılar, ziyalı və siyasətçilərin cavabı bu olardı: “Biz heç bir iş görə bilmirik, əlimizdən bir şey gəlmir”. İmamın bu xalqa və digər xalqlara böyük xidməti bunun əksini sübut etməsi idi; xalqa dedi ki, bacararsınız, gücünüz var, qüdrət sizin əlinizdədir, sizə məxsusdur, yalnız bu gücü işlətməniz, iradə göstərməniz, qərar verməniz lazımdır. Aparıcı şəxsiyyətlər və ictimai rəyə təsir göstərə bilənlər səhnəyə çıxmalı və xalq fədakarlığa hazır olmalıdır. O zaman hər şey mümkün olacaq və bütün uğurlar əldə ediləcək. Onun özü səhnəyə çıxan ilk şəxs oldu. Ondan sonra aparıcı şəxslər gəldilər, din alimləri gəldilər, ziyalılar, hövzə tələbələri, universitet tələbələri gəldilər, xalqın müxtəlif təbəqələri gəldi və bir neçə il ərzində tədricən bütün təbəqələr bu möhtəşəm hərəkata qoşuldular. Nəticədə, belə möhtəşəm xalq qüvvəsinin qarşısında qalan siyasi, hərbi və informasiya hakimiyyəti müqavimət göstərə bilmədi. İman, iradə, hikmətli rəhbər, müqavimət və dözüm gücü yalnız tağut rejiminə yox, həm də onun arxasında duran Amerika dövlətinə qələbə çaldı.
İmam Xomeyninin müqəddəs məqbərəsində əzadarların böyük toplantısında çıxışdan: 2000.
Xalqların iradə və imana daimi ehtiyacı
Əgər otuz il öncə bu ölkədə kimsə Pəhləvi rejiminin bu xalqın əli ilə məhv oluv devriləcəyini desəydi, heç kəs inanmazdı; tağut Pəhləvi rejiminin yerinə bir İslam quruluşunun yaranacağını desəydilər, heç kəs inanmazdı, lakin inanılmaz görünən bu iş həyata keçdi, insanların siyasi və ictimai dəyişikliklərdə həqiqi və təsirli gücünün yaxıngörənlərin düşündüyündən və hegemon mediasının təbliğ etdiyindən fərqli olduğu aşkara çıxdı. Təsirli qüvvələr bunlardan ibarətdir: insan iradəsi, insan imanı, qərarlılıq, öncüllərin və rəhbərlərin fədakarlığı və yorulmazlığı. Bəli, Fələstin xalqı öz işlərini Fələstinə layiq olmayan şəxslərə tapşırsa, Fələstin məsələsi kimi əzəmətli bir məsələni uzərinə götürməkdən kiçik olan, gedib sionizm rejiminin və Amerikanın alət və muzdurlarının rolunu ifa edən şəxslərə tapşırsa, təbii ki, nəticə alınmayacaq. Lakin bu gün Fələstində müşahidə etdiyimiz kimi mömin insanlar, mömin gənclər, rəhbərlər, yorulmaz insanlar, qəlbləri Qurana və İslama iman nuru ilə işıqlanmış qüvvələr səhnədə olsalar və gənclər bugünkü kimi onların ətrafına toplaşsalar, onların imanından qidalansalar, bu hərəkət uğurla irəliləyəcək və bilin ki, bir gün dünya xalqları Fələstinin müsəlman, məsihi və yəhudilərdən ibarət əsas sahiblərinə qayıdacağını görəcəklər.
Mən söhbətimin sonunda əziz xalqımıza deyirəm: Əziz İran xalqı! Ey böyük xalq! Ey öz varlığı, fəallığı, iradəsi və fədakarlığı ilə erkən İslam çağının Quran təcrübəsini bir daha təkrarlayıb həyata keçirənlər! Elə bir xalq ki, sənin himayən və dayağınla Böyük Xomeyni dünyanın siyasi məfhumlarını dəyişdirib meyarları uçura və bəşəriyyət qarşısında yeni yol aça bildi! Ey böyük xalq! Əldə etdiklərinizi qoruyub-saxlamaq üçün bu gün sizin həmin iradə və imana ehtiyacınız var. Allaha şükür olsun ki, bu gün İslam quruluşu möhkəmlənmişdir. Amma siz xalqın inqilabından ziyan görənlər, İran xalqının qüdrətli əli ilə bu ölkəni talamalarına son qoyulanlar bekar oturmayıblar. Onlar düşmənlikdən daşınmamışlar və onların planları vardır.
İmam Xomeyninin müqəddəs məqbərəsində əzadarların böyük toplantısında çıxışdan: 2000.
İslam inqilabı - yeni təcrübə
Allahın yardımı olmadan heç bir iş görə bilmərik. Allahın yardımı və rəhməti də yalnız Ona diqqətlə, ibadətlə, mənəvi paklıqla, niyyəti saflaşdırmaqla, kiçik və dəyərsiz məqsədləri kənara qoymaqla əldə olunur. Bu inqilab bu ruhiyyə ilə qələbə çaldı. İslam Respublikası quruluşunun fəxri, bizim inqilabımızın və quruluşumuzun kimliyinin qızıl səhifəsi olan İslam Şurası Məclisi belə yarandı.
Biz inqilabdan öncə bu ölkədə Şura Məclisi adlı bir şeyi təcrübə etmişik. O məclisi, o vəziyyəti və o tarixi görən, duyan, yaxud oxuyan hər bir şəxs bu məclisin və bu inqilabın qədrini bilər, bu 21 il ərzində İslam Şurası Məclisinin bir gün də tətil olunmamasına bais olan zəhmətlərin qədrini bilər. Düzdür, o parlament də İslamın məhsulu idi. Əgər İslama imanlı şəxslərin və böyük alimlərin dini mübarizələri olmasaydı, o da yaranmazdı. Lakin o məclis yoldan yayınmışdı. O məclisə iki bəla hakim idi: biri tətillər, biri də düz yoldan yayınmaq. Məclisin yayınması belə oldu ki, deputatlar öz vəzifələrinə əməl etmədilər. Üçüncü və dördüncü parlamentdən sonra hər biri ikiillik müddət üçün dörd-beş parlament yarandı; təxminən hamısı xalq tərəfindən seçilirdi. Amma sonra daha seçim yox idi və xalq iştirak etmirdi. O vəziyyəti görən, duyan, eşidən və anlayan şəxslər qədər heç kim bu İslam Şurası Məclisinin, bu azad qanunverici orqanın və həqiqi xalq seçiminin qədrini bilməz. Allaha şükür edin ki, siz deputatları belə mühüm və uca yerdə çalışan, Onun üçün fikirləşən, qərar verən, vəzifənizi yerinə yetirmək üçün işləyib-çalışan, zəhmət çəkən şəxslərdən etdi. Bu ölkənin çalışmağa və zəhmət çəkməyə çox ehtiyacı var.
İslam inqilabı dünyada yeni bir təcrübə və yeni sözdür. İslam quruluşu dünyanın siyasi arenasında yeni söz sayılır. Bu elə bir şey deyil ki, dünyanın güclü və istismarçı qüvvələrinin böyük maraqlarının bağlandığı quruluşlar asanlıqla onun yanından ötə bilsinlər. Buna görə mübarizə aparır, vuruşur, əngəl törədir, təhdid edir və bu yeni təcrübəni məğlub etməyə çalışırlar.
İslam Şurası Məclisinin deputatları ilə görüşdəki çıxışdan: 2000.
Amerika və İngiltərənin İranın inkişafdan geri qalmasının əsas səbəbkarları olması
Məgər bu ölkədə fəsadın, repressiyanın və xarabalığın birinci mərhələdə İngiltərənin, sonra isə Amerikanın hegemon hakimiyyətindən başqa bir səbəbi var?! Hansı qüvvə bu məmləkətdə repressiya yaratdı? Hansı qüvvə bu məmləkətdə milli və dövlət qurumlarını fəsad üzərində qurdu? Hansı qüvvə əlli il əxlaqla mübarizə apardı? Rza xanı kim hakimiyyətə gətirdi? 19 Avqust çevrilişini kimlər etdilər? Əlli ildən artıq sürən bu müddətdə bu xalqı pozğunluğa, cinsi özbaşınalığa, əxlaqi prinsiplərə və dinə inamsızlığa sarı sürükləyən ən çirkin təbliğatları kimlər apardılar? Bizim gənclərimiz bu gün Pəhləvi rejimi dövrünün mətbuatını xatırlamırlar, amma siz xatırlayırsınız. Fəsadla dolu həmin mətbuat, bir məşhur müsəlman ziyalının sözü ilə desək, rəngli mətbuat kimin vasitəsi ilə yaradıldı? Onlar haradan qidalanır, həvəslənir və kimdən örnək alırdılar? Həmin rejimi hakimiyyətə gətirən və bütün vücudu ilə gücləndirən qüvvələrdən başqa kimdən?!
Bu gün Amerika dövlətinin adına, xatirəsinə və hegemon istismarına bütün vücudumuzla müxalif olmamızdan ötrü hansı dəlilə ehtiyacımız var? Halbuki o rejim əlli il bizim bütün insani, maliyyə, əxlaqi və potensial sərvətlərimizi talamışdır. Bu əlli ildə Pəhləvi rejimi İran üçün hansı uğuru gətirdi? Bunların yaratdığı bu xarabalıq necə, hansı işlə və nə vaxta düzələ bilər? Bunu kim yaratdı, kim kömək etdi, kim yönəltdi? Kim onun casus şəbəkəsini gücləndirdi? Kim onlara istiqamət verdi? Eyni zamanda Amerika və İngiltərə dövləti, onların başçıları, məmurları və media qurumları bu gün İranda islahat və azadlıq adlanan bir şeyi müdafiə edirlər. Bu hər bir ağıllı insanı düşünməyə vadar etməli, hər bir qafili oyatmalıdır. Məsələ nədən ibarətdir? Bu çox mühüm mövzu və çox əsaslı sualdır.
İran İslam Respublikası quruluşunun vəzifəli şəxsləri ilə görüşdəki çıxışdan: 2000.
Tarixdə ruhani rəhbərliyinin rolu
Rəhbərliyin belə təcəssüm olunmadığı repressiya dövründə dindar xalqın qəlbi rəhbərlə həmrəy idi, lakin rəhbərin konkret və real nümunəsi və qanuni mövqeyi yox idi. Təqlid müctəhidləri və böyük din alimləri formasında öz təsirini dəfələrlə göstərmişdi. Buna görə müstəmləkənin bəlli rüsvayçı müqaviləsinə işarə vuran kimi müqavilə məhv olurdu; münasib olmayan bir hadisəyə işarə vuran kimi o hadisə xalqın qəzəbinə tuş gəlirdi. Bir neçə min nəfərin canını fəda etdiyi və öldürüldüyü 15 Xordad qiyamı elə bir zamanda baş verdi ki, bizim böyük imamımız hüquqi baxımdan hələ rəhbər deyildi, görkəmli bir ruhani idi.
İran İslam Respublikası quruluşunun vəzifəli şəxsləri ilə görüşdəki çıxışdan: 2000.
Qumun İslam hərəkatında öncüllüyü
Bu hərəkatın meydana çıxdığı zaman Qum şəhərinin əhalisi ləbbeyk deyib imama yardım əli uzatdı. Mənim yadımdan çıxmır, əzəmətli ruhani hərəkatının ilk həftələrində Qum şəhərinin müxtəlif təbəqələrdən olan əhalisi bizim böyük imamımızın bu Əzəm məscidindəki dərsinə gəlib ucadan dedilər ki, biz sizi himayə etdik və edirik, bu iş nə üçün davam etmir? Mövzu əyalət və vilayət əncümənləri idi. Yəni ilk addımdan Qum əhalisi imamı və mübarizəni yalqız qoymadı. Muzdur və xain qələm sahibləri Böyük İmama hörmətsizlik edəndə yenə bu şəhər, bu xalq, bu gənclər, bu analar, bacılar qiyam etdilər, bu gənclər küçələrə çıxdılar, şəhid verdilər, döyüldülər, təzyiqlərə məruz qaldılar, amma möhkəm dayandılar.
Qum əhalisinin mübarizəsi İran xalqının mübarizəsinə səbəb oldu. Sizin şəhərin küçələrinə çıxmağınız digər şəhərlərin əhalisinə dərs keçdi, yol göstərdi, onlar da meydana atılmalı və laqeydliyi kənara qoymalı olduqlarını başa düşdülər. Ondan sonra bu böyük fırtına qopmağa və vulkan püskürməyə başladı, dünyanı silkələtdi, İran xalqını azad etdi. Sonra yeni qurulan İslam quruluşunu müdafiə məsələsi qarşıya çıxdı. Yenə siz Qum əhalisi ön sıralarda idiniz. Sizin diviziyanız, gəncləriniz, Bəsic üzvləriniz, ailələriniz, analarınız, atalarınız mərdlik və fədakarlıqla meydana atılıb çox böyük işlər gördülər. Mən sizin aranızda olduğuma görə sevinir, inqilabın çox mühüm məsələlərindən birini sizinlə müzakirə etdiyimə görə mənən rahatlaşıram.
Bu gün mənim siz əziz xalqa demək istədiyim budur ki, bizim inqilabımızın əsas şüarı bu üç söz idi: istiqlaliyyət, azadlıq, İslam Respublikası. İslam Repusblikası yaranan quruluşdur. Bu respublika qarşılaşdığı çətinliklərə rəğmən, həvəslə irəliləyir və yolları açır. Azadlıq şüarı çox gözəl şüarlardandır. Bu şüar çox təkrar olunmuş, barəsində danışılmış, məqalə, kitab yazılmış və şüar verilmişdir. Azadlıq haqda bəzən mötədil, bəzən ifratçı, bəzən də təfritçi söhbətlər olunmuş, bu şüar da yaşamışdır. Lakin bu iki şüarın əksinə olaraq, istiqlaliyyət şüarı diqqətdən kənarda qalmışdır.
Qum əhalisinin böyük toplantısında çıxışdan: 2000.
İstiqlaliyyətin mənası
İstiqlaliyyət şüarı ən mühüm şüarlardan biridir. Əgər istiqlaliyyət olmasa, bir xalq öz azadlığına və azadlıq şüarına da bel bağlaya bilməz. İstiqlaliyyəti bəziləri bilərəkdən, bəziləri səhvən, bəziləri avamlıqdan və bəziləri xəbislikdən unutdurmaq istəyirlər. Mən bu gün vaxtın imkan verdiyi həddə siz əziz qardaş və bacılara istiqlaliyyətə dair bəzi məsələləri xatırladacağam.
İstiqlaliyyətin mənası nədir? Bir xalq üçün istiqlaliyyətin məfhumu və dəyəri nədir? İstiqlaliyyət odur ki, bir xalq öz taleyinə hakim olsun, əcnəbilər ona əl uzatmasın, onun taleyini xaincəsinə və qərəzli şəkildə dəyişdirməsin. İstiqlaliyyətin mənası budur. Əgər bir xalqın istiqlaliyyəti ondan alınsa və onun xeyrini istəməyən əcnəbilər taleyinə hakim olsalar, iki şeyi əldən verər: biri öz şərəfini, fəxrini və kimlik hissini, ikincisi isə mənafeyini. Bir xalqın taleyinə hakim olan düşmən o xalqın xeyrini istəməz, onun mənafeyinə önəm verməz. Bir xalqı öz güclü caynağına keçirmək istəyən qüvvə yalnız öz mənafeyini düşünər, istiqlaliyyətini əldən vermiş həmin xalqın mənafeyi onun üçün heç bir əhəmiyyət kəsb etməz. On doqquzuncu və iyirminci əsrlərdə buna dair çoxlu nümunələr görmüşük.
Qum əhalisinin böyük toplantısında çıxışdan: 2000.
Dünyanın qara müstəmləkə tarixi
Avropa müstəmləkəçiləri Asiya, Afrika və Latın Amerikasının bir çox bölgələrini ələ keçirib, xalqlarını xar etdilər, mədəniyyətlərini, kimliklərini, sərvətlərini taladılar, hətta dillərini, əlifbalarını, keçmişlərini və adət-ənənələrini də ayaqları altına atdılar, xalqları rəzil etdilər, var-yoxlarını taladılar, sərvətlərini qarət, mədəniyyətlərini məhv etdilər; bacardıqları qədər qaldılar, sonra da getdilər. Mən belə nümunələrin bəzisini öz gözlərimlə görmüşəm, bəzisini eşitmişəm, bəzisini isə oxumuşam.
Bir nümunə böyük Hindistan ölkəsidir. İngilislər uzaqdan gəlib əvvəlcə hiylə ilə, sonra isə silahla və hərbi güclə Hindistanı tutdular, uzun illər bu məmləkətdə hökmranlıq etdilər, xalqı alçatdılar, böyüklərini məhv etdilər, Hindistanın sərvətlərini taladılar. İngiltərə Hindistanın sərvəti və məhsulları ilə öz xəzinəsini və oliqarxlarının cibini doldurdu, Hindistanı isə yoxsulluq, səfalət və bədbəxtlik içində buraxdı. Yalnız maddi yox, onların mənəvi sərvətlərini də aldılar, öz dillərini zorla onlara sırıdılar. Hindistan, Pakistan, Banqladeş və qədim Hindistan yarımadasının hamısı İngiltərənin müstəmləkəsinə çevrildi. Bu gün ingilis dili onların rəsmi dilidir. Həmin regionun onlarla yerli dili olmuşdur. Bu dilləri bacardıqları qədər sıradan çıxardılar, məhv etdilər. Bir xalq öz dilini əldən verəndə keçmişini, tarixini, adət-ənənələrini əldən vermiş, dəyərli irsindən ayrılmış olur.
Başqa bir misal vurum. Mən prezident olarkən Latın Amerikası ölkəsi olan Perunun prezidenti mənə dedi: “Biz bu yaxınlarda qazıntılar zamanı ölkəmizdə çox möhtəşəm bir sivilizasiyanın qalıqlarını aşkarlamışıq”. O deyirdi ki, müstəmləkəçilər uzun illər Peruya hakim olmuşlar, amma xalqın, ziyalıların və fikir sahiblərinin keçmişdə belə bir sivilizasiyanın olmasını bilməyə qoymamışlar. Yəni bunlar hətta xalqın öz tarixini bilməsinə, keçmişi ilə fəxr etməsinə də mane olurdular.
Başqa bir nümunə ərəb və müsəlman ölkəsi olan Əlcəzairdir. Fransalılar on illərlə bu ölkəyə hökmranlıq etdilər. Oranı silahla tutdular, orada hökumət qurdular, öz hakimlərini və zabitlərini hökumət başçısı və komandir təyin etdilər. Onların gördüyü ilk iş İslam irsini və hətta ərəb dilini məhv etmək idi. Yenə prezident olduğum zaman Əlcəzairin ozamankı yüksək dövlət məmurlarından biri Tehranda mənimlə görüşdü. Söhbət əsnasında bir söz demək istəyirdi, amma o sözün ərəbcəsini bilmirdi. Ərəb dilli bir insan mənə bir söz demək istəyir, amma ərəbcə deyilişini bilmirdi. Üzünü Xarici işlər nazirinə tutub fransızca soruşdu ki, buna ərəbcə nə deyirlər? O da dedi ki, ərəbcə belə olur. Yəni bir xalqın görkəmli və seçilmiş şəxsiyyətləri müstəmləkə səbəbindən öz dillərindən uzaqlaşdılar. Ondan sonra Əlcəzairin xeyirxah insanları bizimlə söhbətdə dedilər ki, biz müstəmləkədən sonra ərəb dilini bərpa etməyə çalışırıq.
Mənim əzizlərim! Mənim qardaş və bacılarım! İstiqlaliyyətin olmaması bir ölkəyə bunları edir: xalqdan milli kimliyi alır, fəxrlərini alır, tarixi keçmişini alır, maddi sərvətlərini talayır, mədəni kimliyini və dilini alır. Əcnəbi hökmranlığının axırı budur. Müstəmləkə dövründə belə oldu. İstismar dövrü adlanan müstəmləkədən sonrakı dövrdə də ayrı cür oldu. Düzdür, bizim ölkəmiz heç zaman müstəmləkəyə çevrilmədi. Yəni əcnəbilər bu ölkəyə gəlib qeyri-iranlı, məsələn ingilis hökuməti qura bilmədilər, İran xalqı buna icazə vermədi, amma hakim olduqları sürədə bacardıqları qədər nüfuzlarını genişləndirdilər.
Qum əhalisinin böyük toplantısında çıxışdan: 2000.
Əcnəbi hökmranlığının nəticələrinə dair dörd nümunə
Mən son yüzillik tarixdən sizə dörd nümunə söyləmək istəyirəm. Bu dörd nümunə bizə göstərir ki, bir ölkənin siyasi və mədəni qurumlarına əcnəbi bir qüvvə hakim olanda o ölkənin və xalqın başına nə gəlir.
Bir nümunə Məşrutə nümunəsidir. Bilirsiniz ki, Qacar rejiminin zülmü xalqı cana doyurmuşdu. Xalq qiyam etdi, cəmiyyətin başbilənləri qiyam etdilər. Öndə gedənlər din alimləri idilər: Nəcəfdə mərhum Ayətullah Axund Xorasani kimi bir təqlid müctəhidi, Tehranda üç böyük alim - mərhum Şeyx Fəzlullah Nuri, mərhum Seyid Abdullah Bəhbəhani və mərhum Seyid Məhəmməd Təbatəbai Məşrutənin rəhbərləri sayılırdılar. Bunların mərkəzi Nəcəf Elm Hövzəsi idi. Bunlar nə istəyirdilər? Bunlar İranda ədalətin bərpa olunmasını və istibdadın bitməsini istəyirdilər. O zaman İngiltərənin İranda çox böyük nüfuzu vardı və ziyalılar arasında adamları çox idi. Xalqın fəallığı görünəndə İngiltərə dövləti öz proqramını onlara ötürdü. Əlbəttə, xeyirxahlar arasında da bir qədər ziyalı vardı. Lakin bir qrup ziyalı da muzdur, satqın və İngiltərənin maraqlarının müdafiəçisi idi. İngiltərədə məşrutə, yəni parlamentli hökumət forması vardı. Bu ziyalılar ədalətli kabinet qurmaq və ədaləti bərqərar etmək üçün yerli bir formul axtarmaq əvəzinə məşrutə formasına keçdilər. Nəticə nə oldu? Nəticədə arxasında din alimləri duran, din adı və din şüarı ilə meydana çıxan bu möhtəşəm xalq hərəkatı çox qısa müddətdən sonra Şeyx Fəzlulllah Nurinin Tehranda edam edildiyini gördü. Bir qədər sonra Seyid Abdullah Bəhbəhanini evində terror etdilər. Sonra da Seyid Məhəmməd Təbatəbai cəmiyyətdən təcrid olunmuş halda yalqız şəkildə dünyadan köçdü. Bu zaman Məşrutəni özləri istədikləri formaya qaytardılar və nəhayət Rza xanın hakimiyyəti ilə nəticələndi.
İkinci nümunə Rza xanın hökumətinin özüdür. İngilislər Qacar dövləti ilə bir müqavilə başlamışdılar. Bu müqaviləyə əsasən, İranın bütün maliyyə və hərbi məsələləri ingilislər tərəfindən idarə olunurdu. Ayıq alim olan mərhum Seyid Həsən Müdərris bu layihəyə qarşı çıxdı və onun ozamankı Milli Şura Məclisində qəbul olunmasına imkan vermədi. İngilislər çarəsiz qaldıqda yeni fikrə düşdülər. Başa düşdülər ki, İranda Müdərris kimiləri məhv etmək, xalqla qəddarcasına davranmaq və ingilislərin istəyini icra etmək üçün bir diktatoru iş başına gətirməlidirlər. Buna görə Rza xanı hakimiyyətə gətirdilər. İranda Rza xanın şahlığının macərası bizim tariximizin çox ibrətli məsələlərindən biridir. Bu ölkənin bütün gəncləri bu gün bunu bilməlidirlər. Rza xandan qabaqkı hərc-mərcliyə onun polad yumruğu və İngiltərə dövlətinin köməyi ilə son qoyuldu və ölkədə əlli beş il davam edən bir diktatorluq yarandı, İngiltərənin siyasi və mədəni qurumlara təsiri xalqı sıxıntı içərisində saxladı.
Üçüncü nümunə 1941-ci ilə aiddir. O zaman Rza xan öz qabaqkı himayədarları tərəfindən taxtdan salındı və İrandan ixrac edildi. İngilislər mütləq təslimçilik şərti ilə Məhəmmədrzanı iş başına gətirdilər. Onlar istədikləri hər bir işi görürdülər, müstəmləkəyə ehtiyacları yox idi. Xain bir iranlı əcnəbilərin yardımı qarşısında İran xalqına şahlıq edib onların istəyini icra edəndə daha müstəmləkədən ötrü özlərinə zəhmət verməyə lüzum qalmır. Onlar bu işi gördülər.
Sonra dördüncü nümunə baş verdi. Bu, 1953-cü ilə aiddir. Əvvəlcə hiylə qurub mərhum Ayətullah Kaşanini təcrid etdilər, bacarıqsız siyasət nəticəsində prosesdən kənarlaşdırdılar, Müsəddiqin hökumətini devirəndən sonra isə yenidən işlərin başına keçdilər, İrana girdilər, öz nüfuzları, əlaltıları və fəaliyyətləri ilə 19 Avqust çevrilişini edib İrandan qaçmış Məhəmmədrzanı geri qaytardılar. Qaranlıq Pəhləvi diktaturası daha 25 il də davam etdi. Bu dörd dönəmdir. Bunların hamısı ibrətamizdir.
Bir xalq əcnəbi bir qüvvənin onun siyasi, yaxud mədəni qurumlarına nüfuz etməsinə icazə verəndə taleyi belə olur. Əgər İslam inqilabı baş verməsəydi, bu xalq Böyük İmamın arxasında bu möhtəşəm tarixi hərəkəti etməsəydi, bilirsiniz indi İran xalqı necə olardı? Bu xalq Qərbin elmi inkişaflarının heç birini öyrənməzdi, nə ixtira, nə kəşf, nə quruculuq olardı, sərvətlərini əldən verərdi, neftini həmin düşmənlərə axar çayların suyundan da ucuz qiymətə satardı; neft onlarınkı, neftayırma onlarınkı, üzünmüddətli müqavilələr onlarınkı! Bu ölkənin düşmənləri onun digər mədən və sərvətləri üçün də planlar cızmışdılar. Bu xalqın beyinlərini oğurlayıb ölkənin elmi vəziyyətini aşağı səviyyədə saxlamaq istəyirdilər.
Amerika və İngiltərənin İranda hökmranlıq etdiyi zaman İran xalqı çətin günlərini yaşadı. Əvvəlcə ingilislər və sonra amerikanlar yüz il bu ölkəni geriyə saldılar. Biz bu gün hansı sahəyə baxırıqsa, onların səhlənkarlıqlarının, xəyanətlərinin və çirkin əməllərinin əlamətlərini öz gözlərimizlə görürük.
İslam inqilabının gördüyü ən böyük işlərdən biri Amerika istismarına son qoymaq idi. İslam inqilabının fəxrlərindən biri budur ki, Amerikanın bu ölkəyə uzanan əlini, onun kökünü və bütün dəm-dəsgahını darmadağın etdi. Düzdür, əvvəllərdə bu ölkədə hökumət başında olan bir qrup Amerikaya könül vermişdi və buna imkan vermək istəmirdi. Mən 1979-cu ildə Ali Müdafiə Şurasında bunu yaxından gördüm. Elə bir qanun qəbul edirdilər ki, ona əsasən Amerikanın hərbi müstəşar heyətləri - bütün cinayət və xəyanətləri törədənlər başqa bir ad altında İslam Respublikası ordusunda qalacaqdılar. Mən buna mane oldum. Bir qədər mübahisə oldu və məsələ dayandı. Sonra da Allah-Taala bu işi görmək üçün onlara macal vermədi və getdilər. İslam İnqilabının qələbəsindən hələ bir il ötməmiş həmin cənablar növbəti dəfə Əlcəzairdə bu xalqın qan düşmənləri olan amerikalılarla müzakirə layihəsi hazırladılar, amma imam mane oldu və qoymadı.
Qum əhalisinin böyük toplantısında çıxışdan: 2000.
İstiqlaliyyət və azadlıq - iki yanaşı dəyər
İnsan belə şəxslərdən islahat və azadlıq sözlərini eşidəndə bədgüman olmağa haqlıdır. İlk növbədə Amerika istismarına qarşı çevrilən belə bir möhtəşəm inqilabdan sonra müxtəlif yollarla qapıdan qovulan amerikalıları pəncərədən qaytarmaq istəyən şəxslər indi azadlıqdan və islahatdan dəm vurur, keçmiş rejimin muzdurları və tör-töküntüləri də onlara kömək edirlər. Hər bir sayıq insanın nigaran olmağa və şübhələnməyə haqqı var. İslam inqilabının şah əsəri istiqlaliyyətdir; yəni əcnəbinin bu ölkəyə nüfuzunun yolverilməz olması; yəni Amerika, İngiltərə və digər supergüclərin ölkənin siyasi və mədəni məsələlərinə hər hansı müdaxiləsinin yasaq olması.
Mənim əziz qardaş və bacılarım! Mən istiqlaliyyət məsələsindən ona görə danışdım ki, bizim konstitusiyamız açıq şəkildə deyir: "Nə istiqlaliyyət azadlığın önünü kəsə bilər, nə azadlıq istiqlaliyyətin önünü". Bu çox güclü və möhkəm təməldir. Əgər kimlərsə azadlıq şüarı ilə düşmənin ayağını açmaq istəyirlərsə, bu, azadlıq deyil. Bu, düşmənin istədiyi və qurduğu tələdir. Bu gün həssas gün və bu dövr həssas dövrdür.
Qum əhalisinin böyük toplantısında çıxışdan: 2000.
İnqilabın hegemonluğun istismar tilsimini qırması
Bu əsrin əvvəllərindən indiyədək həmişə qlobal güc mərkəzlərinin siyasəti xalqları siyasi səhnədən çıxarmağa yönəlmişdir. Yəni Avropa ölkələrinin və sonra Amerikanın xüsusən bu bölgənin İslam ölkələrini ələ keçirmək, neftlərini mənimsəmək, strateji mövqelərindən, istehlak bazarlarından və ucuz işçi qüvvələrindən istifadə etmək üçün plan cızdıqları zamandan bunun yanında başqa bir əsaslı və həyati qərar da verildi. O qərar bu bölgənin xalqlarını siyasi səhnədən kənarlaşdırmaq idi. Çünki xalqlar siyasi səhnədə olsalar, hökmranlıq istəyində olan hegemonluq məğlub olar. Xalqları necə kənarlaşdırsınlar? Bölgə məsələlərində xalqların sözünü, rolunu və iradəsini heçə endirmək üçün ölkələrin başında xalqa heç bir aidiyyəti olmayan və xalq tərəfindən əsla sevilməyən tərəfdarlarını hakimiyyətə gətirməli idilər. Bunun bizim İranımızdakı nümunələri Rza xan, sonra da onun oğlu idi. Bunların xalqla heç bir əlaqələri yox idi. İranda, yaxud bəzi Şimali Afrika ölkələrində və yaxud regionun digər ölkələrində xalqlar belə insanların hakimiyyəti və başçılığı ilə üzləşdikdə təbii ki, onları müdafiə etməyəcəkdilər. Xalq başçını müdafiə etməyəndə onun ixtiyarı xarici güc mərkəzinin əlinə keçir, "et" dedikdə etməyə, "etmə" dedikdə etməməyə məcbur olur; “Orta Şərq sülhünü rəsmən tanı” dedikdə tanımağa məcburdur; “neftin qitməyini bu qədər endir” dedikdə endirməyə məcburdur; “filankəsi öz hökumət kabinetindən kənarlaşdır”, yaxud “filankəsi öz kabinetində filan vəzifəyə təyin et” dedikdə etməyə məcburdur. Nə üçün məcburdur? Çünki bunu etməsə, beynəlxalq güc mərkəzinin qəzəbinə tuş gələr. Onu müdafiə edəcək bir xalqın da olmadığına görə nəticə belə olur: Bu ölkələrdə azğın və satılmış başçıların vasitəsi ilə verilən qərarlar qlobal güclərin qərarı olur; yəni inqilabın əvvəlindən bizim Hegemonluq adlandırdığımız qüvvənin - xalqları heçə sayan, xalqların hüququna etina etməyən, xalqların maraqlarını nəzərə almayan bir qüvvənin. Hegemonluğun siyasəti bu olmuşdur, bu işi görmüşlər. İnqilabdan öncə bizim əziz İranımızda on illərlə bu siyasət izlənildi, digər ölkələrdə də, - mən ad çəkmir və zaman təyin etmirəm – bunun çoxlu nümunələrini görə bilərsiniz. Bunun əks tərəfi nədir? Əksi odur ki, bir ölkədə xalq siyasi proseslərə qoşulsun, "hə" və "yox" desin, öz istəyini bildirsin, hüququnu tələb etsin, ölkəsinin məsələlərinə açıq gözlə, möhkəm iradə ilə və qüdrətlə müdaxilə etsin. Bu işin tilsimini bu ölkədə bizim əzəmətli İslam inqilabımız və bu inqilabın misilsiz rəhbəri qırdı, bu işi yoluna qoydu. İnqilabdan öncə on illərlə bu ölkədə parlamentin, seçkilərin və bu kimi məsələlərin adı yox idi. O dövrdə bu xalq bir dəfə də seçkilərdə iştirak etmədi, seçkiləri tanımadı, hökuməti tanımadı, qərarlardan xəbəri yox idi. Bütün işlər bu xalqdan uzaqda görülür, qərar verilir və əməl olunurdu. İnqilabın əvvəlindən isə bu xalq səhnədədir. Ölkə məmurları qərar verirlərsə, şücaət göstərirlərsə, möhkəm addım atırlarsa, bu, xalqın dəstəyinə görədir. Bir ölkədə xalq səhnədə olanda siyasi proseslərdə iştirak edir, daha nə beynəlxalq hegemonlar onu bir şeyə məcbur edə, yaxud kimisə onların belinə mindirə bilir, nə də hakimlər zəiflik göstərib əcnəbilərin istəyinə təslim olurlar; çünki xalq tələb edir.
“İmam Əlinin (ə) dostları” adına mədəni və hərbi ekskursiyada iştirak edən Bəsic üzvlərinin böyük toplantısında çıxışdan: 2000.
Qum şəhərinin parlaq keçmişi
Allah-Taaladan diləyirəm ki, 19 Dey (9 yanvar) qiyamının bu yolun birincilərindən hesab olunan dəyərli və qabaqcıl şəhidlərinə xüsusi rəhmət və əfvini şamil etsin!
19 Dey yalnız Qumun tarixində yox, bizim ölkəmizin və inqilabın tarixində parlaq bir nöqtədir. Qumun gəncləri, qadın və kişilər, tələbə və qeyri-tələbələr belə bir gündə zamanın ehtiyacına imanla və qəhrəmancasına cavab verdilər. Əhəmiyyətli olan budur ki, hər bir xalq, hər bir şəxs və hər bir toplum öz zamanının ehtiyacına cavab verə bilsin. Əlbəttə, Qum əhalisi bu sayıqlığı, dərrakəni və şücaəti ilk dəfə 19 deydə göstərmədi. Qum şəhəri 1200 ildir nurlu Əhli-beyt (ə) düşüncələrinin mərkəzidir. Əhli-beytə (ə) müxalif hökumətlərin iş başında olduğu zaman da Qum əhalisi bu mövqeyi qorudu və onun çətinliklərinə dözdü. Yetmiş ildir Qum İslam dünyasının düşüncə və elm paytaxtıdır. Mərhum Ayətullah Hairinin hicri tarixi ilə 1340-cı ildə Quma gəlişindən etibarən bu şəhər İslam və Şiə dünyasının əsas elm mərkəzinə çevrildi və sonra mərhum Ayətullah Bürucerdinin dövründə öz zirvəsinə çatdı. O dövrlərin məhsulu Böyük İmam kimi əzəmətli və misilsiz şəxsiyyətin meydana çıxması idi. Qumun belə parlaq keçmişi var və həmişə dövrün ehtiyacına cavab vermişdir.
Başıqapazlı qalan və öz dövrünün hadisələrinə məğlub olan xalqların və insanların problemi budur ki, öz zamanlarını və onda baş verən hadisələri anlamır, zamanın tələbini və ehtiyacını dərk etmirlər, yaxud dərk etsələr də, onu aşkara çıxarmaq şücaətinə malik deyillər. Odur ki, zəmanə, müxalif və düşmən qüvvələr onlara qələbə çalır.
Əgər Qum əhalisi 1978-ci ilin 19 deyində qiyam etməsəydi, ardınca bu böyük hadisələrə səbəb olmasaydı, güman ki, proses başqa səmtə doğru gedəcəkdi. Amma onlar təşəbbüs göstərdilər, kişi, qadın, gənc, qoca, ruhani, qeyri-ruhani - hamı bu hərəkətdə ortaq oldu. Bu işin əsas ağır yükü gənclərin üzərinə düşdü. Çünki fitrətinin paklığı və maddi bağlılığının azlığı gənci asanlıqla vəzifə meydanına çəkir. İnqilab dövründə bütün İran xalqı bu böyük rəftarı göstərdi; biri bir qədər tez, biri bir qədər gec. Qum isə hamıdan birinci oldu. Nəticədə tamamilə İran xalqının düşmənlərinin, beynəlxalq oğruların və hegemonların əlində olan alınmaz qala - İran hökuməti qalası xalq tərəfindən onlardan alındı və fəth edildi.
Bəzən insanlar bir qalanı alır, lakin tez də əldən verirlər. Sizin yəqin ki, çoxunuz məcburi müharibədə iştirak etmiş və görmüsünüz ki, bəzən insan bir qalanı, bölgəni, şəhəri, kəndi alır, amma onu saxlamaqda səhvə yol verir. Yəni əvvəl həvəsi olur, amma sonra həvəsini əldən verir. Düşmən də dərhal əks-hücuma keçir, zəhmətlə, fədakarlıqla həvəs və imanla əldə ediləni geri alır. Bu günə qədər İran xalqı hər yerdə düşmənin əks-hücumunu dəf etmişdir. Düşmən buna cəhd etmiş və həmişə zərbə vurmağa çalışmışdır.
Qum əhalisi ilə görüşdəki çıxışdan: 2001.
Xalqın oyanışında İslamın rolu
İslam bizim xalqımızı və gənclərimizi oyatdı. İslam əvvəla göstərdi ki, xalq iradə etsə, öz ayağı üstə dayanıb işlərini idarə etməyə qərar versə, bunu bacarar; ikincisi isə xalqın gözünü açdı və ölkənin taleyinə hakim olanların xalqdan uzaq və ayrı olduqlarını başa saldı. Xalq bunu hiss etdi və gördü. Hakimiyyət başında duran şəxs ya xalqa, ya əcnəbiyə, ya da öz zorakılığına və xəncərinə arxalanmalıdır. Onlar xalqa yox, əcnəbiyə arxalanmışdılar. Əcnəbi də zor və xəncərdən istifadə etmələri üçün onlara kömək göstərirdi. İslam quruluşu isə bütün bunları alt-üst etdi. Bu gün İslam quruluşu və İslam hökuməti sözün həqiqi mənasında xalqa və İslam əsaslarına arxalanır. Biz iddia etmirik ki, bütün İslam hökmləri icra olunmuşdur. Xeyr! İslamın bir çox hökmləri hələ qalmışdır. Bəs onları kim icra edə bilər? İslama imanı olan və xalqa arxalanan şəxs. Buna əsasən, hərəkət düzgündür.
Qum əhalisi ilə görüşdəki çıxışdan: 2001.
İnqilabın dünyaya yeni sözü: həqiqət və ədalətin hakimiyyəti
Mənim fikrimcə, bu böyük inqilaba dair bir məsələ həmişə diqqət mərkəzində olmalıdır. O da budur ki, bu inqilab bəşər dünyasında yeni söz ortaya qoydu. İndi bugünkü dünyada tamamilə bədii və yeni olan bu sözü məhv etməyə, bütün dünyada xalqların və xüsusən gənclərin beynindən çıxarmağa çalışırlar. O yeni söz bu idi ki, inqilab zalım hökumətlər əleyhinə qiyam etdi. Biz bütün dünyada - istər İranda, istər digər yerlərdə uzun əsrlər şahid olmuşduq və indi də oluruq ki, xalqlar müxtəlif zülmlər törədən hökumətləri legitim hesab etməyə və onlara təslim olmağa vərdiş etmişlər; istər heç bir etiqadi və elmi əsası olmayan, heç bir məntiqə sığmayan sülalə rejimlərinə, istər çevrilişlə, zorakılıqla və qanunsuz yollarla iş başına gələn və yenə də arxasında heç bir məntiqin durmadığı hökumətlərə, istərsə də zahirən xalqın səsi ilə iş başına gələn hökumətlərə. Onlar da əvvəla xalqın səsinə və iradəsinə əsaslanmırlar, ikincisi isə əvvəldə belə xüsusiyyətə malik olanlar da müxtəlif təcavüz və zülmlərdən çəkinmirlər. Siz 19 və 20-ci əsrə baxın, görün müxtəlif xalqlar arasında nə qədər zülm, fəsad baş vermiş, haqsızlıq, müstəmləkə, soyqırım törədilmişdir. Həmişə həmin güclərin əli belə işlərin arxasında olmuşdur. Onlar öz ölkələrində bəzən demokratiya adlanan zahiri bir şeyə malik olsalar da, demokratiya hər şey deyil və onda düzgün hakimiyyətin əsası olan ədalət yoxdur.
İslam inqilabı və İslam hökuməti bu yeni sözü ortaya qoydu ki, hakim, hökumət və siyasi güc təqvalı, ədalətli olmalı və həqiqətə söykənməlidir. Konstitusiya bunun əsasında yazıldı. Dünyada çox mühüm olan bu hadisə baş vermişdir. Uzun illər - Seyid Camaldan üzü bəri din aydınları və yenilikçiləri onun barəsində danışır, onu istəyir və arzulayırdılar. Həmin danışmaq, yazmaq, şüar vermək dünya güclərinin yuxusunu ərşə çəkir, onları qəzəbləndirir və reaksiyaya vadar edirdi. Siz görün əsas İslam bölgələrində - Misirdə, Hindistanda, İranda, İraqda və digər yerlərdə bu 100, 150 və 200 il ərzində İslam aydınlarına nələr etdilər.
Hegemonluq və müstəmləkəçilik həm birbaşa, həm də dolayısı ilə hökmranlıq edir. İngilislər mərhum Ayətullah Kaşani kimi bir şəxsi İrandan sürgün etdilər. Yəni onlar başqa bir ölkədə istədiklərini edir, bir nəfəri tutub harasa sürgünə yollayır, yaxud həbs edirdilər. Həmçinin bir çox bölgələrdə dolayısı ilə, öz muzdurları və alətləri - yəni onların mənafeyini təmin edən yerli hakimlər vasitəsi ilə hökmranlıq edirdilər. Bunlar İslam şüarlarından belə qorxurdular. Hazırda isə bu şüarlar həyata keçmiş, bir inqilaba çevrilmiş və arxasınca dərhal İslam hökuməti yaradılmışdır.
Onlar çoxlu inqilablarda olduğu kimi, bu inqilabın da dinin köməyi və qüvvəsi ilə başlandığına baxmayaraq, dindarların onu kənara qoyacaqlarını və özlərinin də gedəcəklərini gözləyirdilər. Bu iş dünyanın bir çox yerlərində baş vermişdi. Azadlıq hərəkatlarının və müstəmləkə əleyhinə mübarizələrin bir çoxu din alimləri və dindarlar tərəfindən yarandı. Lakin onlar bir qədər nailiyyət əldə edəndən sonra, qələbədən bir az öncə, yaxud sonra kənara çəkildilər.
Onların kənara çəkilməsinin səbəbi nə idi? Burada müxtəlif amillər vardır; bəzən sadəlövhlük səbəb olurdu, bəzən zorla meydandan çıxarılırdılar, bəzən düşmənin təbliğatı nəticəsində kənara çəkilirdilər. Onları məsxərə edib psixoloji hücuma məruz qoyurdular. Bəzən başlarını müxtəlif məsələlərlə qatıb səhnədən çıxarırdılar. Biz Əlcəzairdə və bəzi Şimali Afrika ölkələrində bunu gördük. Orada hətta dini hakimiyyət də yarandı; məsələn Tunisdə belə oldu, amma bir qədər sonra müəyyən səbəblər üzündən həmin dini hökumətlər devrildi, müstəmləkənin muzduru olan bir qrup hakimiyyətə gəldi. Hindistanda da elə oldu və dini rəhbərlər yarıyolda işi buraxdılar. Misirdə də az-çox həmin vəziyyət yarandı. İraqda da buna bənzər hadisə baş verdi. Onlar ümidvar idilər ki, İranda da belə olacaq. Hətta inqilabın sayəsində meydana çıxmış, lakin Qərb düşüncəsi ilə yetişmiş şəxslərin biri inqilabın əvvəllərində imama tövsiyə etdi ki, siz Quma gedib işlərinizlə məşğul olun, biz də burada ölkəni idarə edək. Onların ümidləri bu idi, amma alınmadı. Gördülər ki, bu hərəkətin arxasında güclü iradə və möhkəm dağ dayanır, xalq da tərk etmədi, etmir və ayıqdır. Təbii ki, sonra da bu günə qədər davam edən müxtəlif təxribatlar başladı. Hər tərəfdən əleyhinə təbliğat hücumları edilsə də, bu yeni söz dünyada geniş yayıldı.
Dini Ekspertlər Məclisinin üzvləri ilə görüşdəki çıxışdan: 2001.
Dostları ilə paylaş: |