Silfonlar. Silfon - eninə qofrları olan nazik divarlı silindrik örtükdən ibarət olub (şəkil 2) təzyiq və ya qüvvənin təsiri nəticəsində xeyli yerdəyişmə almaq qabiliyyətinə malikdir. Silfonun statik xarakteristikasının xətti hissəsində ona təsir edən qüvvənin həmin qüvvənin yaratdığı deformasiyaya olan nisbəti sabit qalır və silfonun sərtliyi adlanır. Silfonun sərtliyini artırmaq üçün çox vaxt onun daxilində yay yerləşdirilir. Silfonlar müxtəlif markalı tuncdan, yarımtompakdan, karbonlu poladdan, paslanmayan poladdan, alüminium ərintilərindən və başqa materiallardan hazırlanırlar. Diametrləri 8-10 mm-dən 80-100 mm-ə qədər və divarlarının qalınlığı 0,1-0,3 mm olan tikişsiz və qaynaq edilmiş silfonlar kütləvi şəkildə istehsal olunur.