2. İdarəetmənin səviyyələri və subyektləri Məlumdur ki, müəssisələrdə əsasən üç (aşağı, orta və yuxarı idarəetmə) idarəetmə səviyyəsi vardır. Bu səviyyələrdə fəaliyyət göstərən menecerlər müəyyən səlahiyyət və öhdəlikləri üzərlərinə götürərək işçilərin fəaliyyətini təşkil edir və bununla da idarəetmə prosesinin həyata keçirilməsini təmin edirlər
Aşağı səviyyəli menecerlər.Bunlar ən aşağı səviyyədə çalışan işçiləri idarə edən və “nəzarət” vəzifəsini yerinə yetirən idarəçilərdir. Usta, sex müdiri, rəis kimi tanınan vəzifələrdə çalışırlar. Onların əsas vəzifələri təşkilatın ən aşağı səviyyəsində çalışan, səlahiyyəti olmayan insanlara rəhbərlik etmək və onlara nəzarət etməkdən ibarətdir
Orta səviyyəli menecerlər.Bu səviyyənin menecerləri yuxarı səviyyə ilə aşağı səviyyə rəhbərliklər arasında körpü rolunu oynayırlar. Onlar məsul olduqları bölməyə aid olan vəzifələri və məqsədləri, habelə strategiyaları əhatə edən əmrləri yuxarı səviyyələrdən alaraq öz bölmələri üçün lazımi qərarlar qəbul edir, təlimat və əmrlər şəklində aşağı səviyyələrə çatdırırlar. Onlar digər bölmələrlə ahəngdar iş əlaqəsi quraraq bu səviyyədəki menecerləri öz bölmələrində və aşağı səviyyələrdə həyata keçirilən fəaliyyətlər haqqında məlumatlandırırlar. Bu səviyyəli menecerlər tez-tez əlaqələndirmə vəzifəsini öhdələrinə götürür və filial müdiri, şöbə müdiri kimi vəzifələrdə çalışırlar.
Yuxarı səviyyəli (baş) menecerlər.Onlar təşkilatın ümumi rəhbərliyinə və fəaliyyətinə cavabdeh olan şəxslərdir. Strateji səviyyədə idarəetmə fəaliyyətini həyata keçirən və təkcə fərdi olaraq deyil, həm də heyət şəklində işləyərək qərarlar qəbul edən menecerlərdir. Məsələn, baş menecerlər, baş menecer müavinləri, idarə heyətinin sədri, idarəetmə heyətləri. Bu kontekstdə yüksək səviyyəli menecerlər üçün istifadə edilən baş icraçı direktor (CEO – Chief Executif Officer) və top manager (Top Manager) adlarını görmək mümkündür. Ali rəhbərlik və menecerlər təşkilati məqsədləri, təşkilatdaxili siyasət və strategiyaları müəyyən edirlər