V FƏSİL
Yekun müddəaları
Maddə 16. Tibbi sığorta sistemində tərəflərin məsuliyyəti
Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sığorta haqqının ödəyiciləri kimi
qeydiyyatdan keçməkdən imtina edilməsinə, sığorta haqlarının hesablanması üçün məbləğlərin
gizlədilməsinə və ya aşağı salınmasına, ödənilmə müddətlərinin pozulmasına görə qanunvericilikdə
müəyyən olunmuş qaydada maliyyə sanksiyaları tətbiq edilir. Tibb müəssisəsi və ya fərdi tibbi fəaliyyətlə
məşğul olan şəxs tibbi sığorta müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq
göstərilən tibbi xidmətin həcminə və keyfiyyətinə görə, eləcə də sığorta olunana tibbi xidmət
göstərməkdən imtina etməyə görə məsuliyyət daşıyırlar. Qanunvericilikdə müəyyən olunmuş qaydada
fəaliyyət göstərən tibb müəssisələri və ya fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslər tibbi sığorta
müqaviləsinin şərtlərini pozduqda tibbi sığorta təşkilatı göstərilən tibbi xidmətin haqqını tam və ya
qismən ödəməmək hüququna malikdir. Tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə
tibbi sığorta təşkilatı sığorta olunan və ya sığorta edən qarşısında məsuliyyət daşıyır. Tibbi sığorta
sistemində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada
məhkəmə tərəfindən həll edilir.
Maddə 17. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 28 oktyabr 1999-cu il