6. Yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması
6.1. Yanğın texnikalarının (yanğın avtomobilləri, matopompalar, odsöndürənlər) və rabitə vasitələrinin saxlanılmasına və vaxtlı-vaxtında təmir edilməsinə cavabdehliyi obyekt rəhbəri daşıyır.
6.2. Obyektdə mövcud olan telefonlardan birinə günün hər bir vaxtında sərbəst yanaşılma təmin edilməlidir. Hər telefon aparatının yanında yanğın hadisəsi baş verdiyi zaman yanğın təhlükəsizliyi xidmətinin köməyə çağırılması üçün telefon nömrəsi qeyd olunmuş cədvəl olmalıdır. Obyektdə telefon rabitəsinin olmadığı hallarda ən yaxındakı telefonun olduğu yeri, yaxud yanğın köməyinin çağırılması üsulu göstərilməlidir.
6.3. Könüllü yanğınsöndürənlərin öyrədilməsi ilə əlaqədar olmayan təsərrüfat, istehsal və sair ehtiyatlar üçün yanğın texnikasından və vasitələrindən istifadə edilməsi qadağandır.
Qəza və təbii fəlakətlər zamanı Dövlət Yanğın Nəzarəti orqanları ilə razılaşdırılmış qaydada yanğın texnikasından istifadə edilməsinə yol verilir.
6.4. Səyyar yanğın texnikası (yanğın avtomobilləri, motopompalar) və yanğın avadanlıqları daima saz vəziyyətdə olmalıdır. Bunların saxlanılması üçün isidilən xüsusi binalar (yanğın deposu, qaraj, boks) olmalıdır. Yanğın texnikasının və odsöndürənlərin yerləşdiyi yerin göstərilməsi üçün Dövlət Standartının tələblərinə müvafiq olaraq göstərici nişanlardan istifadə edilməlidir. Bu nişanlar binanın daxilində və ya xaricində yerdən 2-2,5 metr hündürlükdə gözə çarpan yerlərdə yerləşdirilməlidir.
6.5. Baza və anbarlarda ilk yanğınsöndürmə vasitələrinin yerləşdirilməsi üçün bir qayda olaraq xüsusi yanğın lövhələri, şkaflar qurulmalıdır. Yanğın lövhələrində və şkaflarında kompakt şəklində odsöndürənlər, qum, bel, lom, könüllü yanğın dəstəsinin siyahısı, yanğın təhlükəsizliyi qaydalarından çıxarışlar, yanğın təhlükəsizliyi xidmətinin telefon nömrələri, habelə yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin telefon nömrələri yazılıb yerləşdirilməsi tövsiyyə olunur.
6.6. Odsöndürənlərin və yanğın söndürmək üçün digər vasitələrin daim saz və işlək vəziyyətdə olmasına gündəlik nəzarət edilməsi yanğın təhlükəsizliyinə cavabdeh şəxslər və könüllü yanğın dəstəsinin üzvləri tərəfindən həyata keçirilir.
6.7. Odsöndürənlərin yerləşdirilməsi, onlara texniki qulluq göstərilməsi və onların tətbiq edilməsi qaydaları istehsalçı müəssisələrin təlimatlarındakı və qüvvədə olan normativ texniki sənədlərdəki göstərişlərə, habelə aşağıdakı tələblərə müvafiq olaraq müəyyənləşdirilməlidir:
6.7.1. Havası dəyişdirilməyən, sahəsi 15 kv-metrdən az olan otaqlarda hallogenkarbohidrogen birləşmələrlə yüklü odsöndürənlərdən istifadə edilməsinə icazə verilmir.
6.7.2. Odsöndürənlər qapı açıldığı zaman onun kənarından ən azı 1,2 metr məsafədə və döşəmə səviyyəsindən odsöndürənin aşağı başlığına qədər 1,5 metr hündürlükdə yerləşdirilməlidir.
6.7.3. Odsöndürənlərin yerləşdirilməsi üçün nəzərdə tutulan şkafların, lövhələrin konstruksiyası və zahiri tərtibatı elə olmalıdır ki, orada yerləşdirilən odsöndürənin tipini (markasını) müəyyən etmək mümkün olsun.
6.7.4. Könüllü yanğın dəstəsinin üzvləri hər 10 gündə bir dəfədən az olmayaraq binalarda (obyektlərdə) yerləşdirilmiş odsöndürənləri zahiri olaraq gözdən keçirməli və onları tozdan təmizləməlidirlər. Bununla yanaşı eyni zamanda köpüklü odsöndürənlərin ucluqları da təmizlənməlidir.
Köpüklü odsöndürənlərin daxilindəki tərkibin yararlığı ən azı ildə bir dəfə, odsöndürənin gövdəsinin davamlılığı isə hər il yoxlanılmalıdır.
6.7.5. Karbon qazlı odsöndürənlər həddindən artıq qızmadan və günəş şüalarının təsirindən qorunmalıdır. Odsöndürənlərə çəki nəzarəti ən azı ildə bir dəfə aparılmalıdır.
Dostları ilə paylaş: |