Maddə
İstilik keçiricilik
Hava
0,00006
Su
0,00136
Torf
0,00027
Kvars
0,0024
Qranit
0,0082
Bazalt
0,0052
Torpağın mineral hissəsinin istilik keçiriciliyi orta hesabla havanın istilik keçiriciliyindən
100 dəfə, suyunkundan isə 28 dəfə çoxdur. Ona görə də torpağın nəmliyi yüksəldikcə
onun istilik keçiriciliyi də yüksəlir. Torpağın bərkliyinin və yumşaqlığının da istilik
keçiriciliyə təsiri vardır. Torpağın yumşaqlığı artdıqca onun istilik keçiriciliyi azalır. Yay
zamanı torpağın üst qatı quruduğundan onun istilik keçiriciliyi azalır və bununla əlaqədar
istiliyin üst qatlardan aşağı qatlara ötürülməsi də azalır.
Torpağın istilik rejimi-Torpağın istilik rejimi atmosfer iqliminin (günəş radiasiyası,
rütubətlənmə və kontinentallıq şəraiti və s.), həmçinin relyef şəraitinin, bitki və qar
örtüyünün təsiri altında formalaşır. Torpağın istilik rejiminin əsas göstəricisi torpağın
temperaturudur. Torpağın temperaturu günəş radiasiyasının miqdarından və torpağın öz
fiziki xassələrindən asılıdır. İqlimlə yanaşı o, relyefdən, torpağın xassələrindən, bitki və
qar örtüyündən də asılıdır. Relyefin təsiri hamar və müxtəlif baxarlığa və meylliyə malik
səthlərə radiasiyanın qeyri-bərabər düşməsində özünü göstərir. Cənub yamacları ən isti,
qərb və şərq yamacları az isti, şimal yamacı bir qədər soyuq hesab olunur. Yamacın
meylliyi artdıqca, müxtəlif yamaclardakı torpaqların temperaturunda daha böyük fərqlər
yaranacaqdır. Digər tərəfdən relyefin müxtəlif şəraitlərində torpaqlar müxtəlif nəmliyə və
qar örtüyünün qalınlığına malikdirlər. Qar örtüyü torpağı istilik itkisindən və mənfi
temperaturların təsirindən qoruyur. Bitki örtüyü torpağın səthinə düşən günəş radiasiyasını
azaldır və bununla da yay dövründə onun səth temperaturunu aşağı salır, qış dövründə isə
qarın toplanmasına və istiliyin saxlanmasına yardım edir. Qar altında torpağın
temperaturunun 0
0
C-dən aşağı düşməsi gec başlayır və az dərinliyi əhatə edir.
Torpağın temperatur rejiminə qranulometrik tərkibin təsiri, yuxarıda qeyd edildiyi
kimi, yüngül və ağır torpaqların istilik xassələri ilə əlaqədardır. Yazda böyük nəmlik
ehtiyatına malik gilli torpaqlar buxarlanmaya istilik sərf edərək, yüngül torpaqlarla
müqayisədə tədricən qızır. Payızda yüngül torpaqlar ağır torpaqlardan soyuq olur.
Torpağın temperaturuna onun rəngi də təsir göstərir: tünd torpaqlar (qaratorpaqlar,
çimli-karbonatlı torpaqlar və s.) yüksək temperatura malik olub, açıq torpaqlardan (çimli-
podzollu və s.) fərqli olaraq tez qızır. Günəş radiasiyasının daxil olmasının sutkalıq və
illik tsikli ilə əlaqədar torpaq profilinin temperaturu üçün də sutkalıq və illik tsikllik
səciyyəvidir.
Temperaturun sutkalıq gedişi. Torpaq səthində maksimal temperatur təqribən saat
1300-də, minimal temperatur isə günəşin doğması ərəfəsində müşahidə edilir. Gündüz
saatlarında torpağın səthi qızır, onun temperaturu isə dərinliyə getdikcə azalır; gecə
saatlarında torpağın səthi soyuyur, dərinliyə getdikcə soyuma azalır. Ona görə də
temperaturun tərəddüdü torpağın səthində daha çox müşahidə edilir, artıq 3-5 sm
4
dərinlikdə o, kəskin şəkildə aşağı düşür. Torpağın 35-100 sm dərinliyində temperaturun
sutkalıq tərəddüdü tamamilə dayanır.
Torpaq səthində temperatur daha çox sürətlə dəyişir. Dərinlik artdıqca torpağın zəif
istilik keçiriciliyi ilə əlaqədar bu dəyişikliklərin sürəti xeyli zəifləyir. Ona görə də torpaq
profilinin müxtəlif dərinliklərində temperaturun minimal və maksimal göstəriciləri
müxtəlif vaxtlarda müşahidə olunur. Orta hesabla hər 10 sm-dən bir bu 2-3 saat gecikmə
ilə müşahidə olunur.
Temperaturun sutkalıq gedişi torpağın xassələrindən (qranulometrik tərkibindən,
nəmliyindən, sıxlığından və s.), iqlim elementlərindən (buludluluq, külək, yağıntılar), bitki
və qar örtüyündən asılıdır. Ona görə də torpaq temperaturunun sutkalıq gedişinin ümumi
xarakteri fonunda hər torpaq tipi üçün müəyyən xüsusiyyətlər səciyyəvidir.
Temperaturun illik gedişi. Temperaturun illik gedişi iki dövr ilə səciyyələnir: yay
dövrü (torpağın qızması dövrü) – istilik axını üst horizontlardan aşağı horizontlara və qış
dövrü (torpağın soyuması dövrü) – istilik axınları aşağı horizontlardan üst horizontlara
doğru hərəkət edir. Mülayim enliklərdə torpağın maksimal orta sutkalıq temperaturu iyul-
avqust, minimal temperaturu isə yanvar-fevral aylarında müşahidə edilir. Yayda ən
yüksək temperatur yuxarı horizontlarda qeydə alınır və dərinliyə getdikcə tədricən azalır;
qışda isə, əksinə üst horizontlarda ən aşağı temperatur müşahidə edilir və dərinliyə
getdikcə tədricən artır. Göründüyü kimi, temperaturun illik tərəddüdü torpağın səthində
baş verir və dərinlikdə o, tədricən sönür. Müxtəlif torpaqlar müxtəlif dərinliklərdə
temperaturun illik dəyişməsinin öz xüsusiyytələrinə malikdir.
Torpağın 20 sm dərinliyində orta illik temperatur havanın orta illik temperaturundan
0,1 – 5
0
C və daha çox olur. Torpaq temperaturunun illik dəyişməsinə bitki örtüyünün də
böyük təsiri var. O, torpağın səthini temperaturun kəskin tərəddüdündən qoruyur. Qışın
soyuq keçdiyi və yağıntıların qar şəklində düşdüyü rayonlarda torpağın temperatur
rejiminin formalaşmasında torpağın donma və əriməsinin, qar örtüyünün qalınlığının və
qalma müddətinin böyük əhəmiyyəti var.
Torpaq, temperatur 0
0
C-dən bir qədər aşağı olanda donmaya başlayır. Çünki torpaq
məhlulunda həmişə torpağın donma temperaturunu aşağı salan həll olmuş maddələr olur.
Donma temperaturuna torpaqdakı suyun vəziyyəti də təsir göstərir: sərbəst su mənfi 0,1-
1,5
0
C-də, əlaqəli su isə mənfi 1,5-4,0
0
C –də donur. Bundan başqa torpağın donmasına qar
və bitki örtüyü, relyef, torpağın xassələri və onun nəmliyi, həmçinin insanın təsərrüfat
fəaliyyəti təsir göstərir.
Qar örtüyü torpağı donmadan qoruyur. Onun qalınlığı, yumşaqlığı və qalma
müddəti artdıqca, torpağın istiliyi bir o qədər çox saxlanılır və onun donma dərinliyi
azalır. Qarın saxlanması və süni şəkildə toplanmasının payızlıq buğdanın, çoxillik otların
və meyvə-giləmeyvə ağac və kollarının şaxtalardan qorunmasında böyük əhəmiyyəti
vardır. Bitki örtüyü qarın qabağını kəsməklə və onun toplanmasına şərait yaratmaqla
torpağın donmasının qarşısını alır. Meşəlik sahələrdə torpaq daha az dərinliyə kimi donur.
Relyef günəş radiasiyasının düşməsinə, qarın toplanmasına və torpağın nəmliyinə təsir
göstərir. Ona görə də donmanın ən böyük dərinliyi relyefin qabarıq formalarında, qarın
sovrulduğu küləkdöyən yamaclarda müşahidə edilir. Relyefin aşağı yerlərində
(çökəkliklərdə, dərələrdə və s.) torpağın donma dərinliyi azdır. Şimal yamacların
torpaqları cənub yamacın torpaqlarından fərqli olaraq daha dərin qatlara kimi donur.
Torpağın nəmliyi artdıqca, onun donması azalır. Torpaq donarkən, maye və buxarşəkilli
suyun yuxarı, daha soyuq qatlara (əsasən 0-5 sm-lik) doğru hərəkəti prosesi baş verir.
5
Torpağın donması qar örtüyünün yaranmasına qədər və ya ondan sonra başlayır və bu
yanvar-fevral aylarına kimi davam edir. Ərimə aşağı qatlardan gələn istiliyin hesabına baş
verir. İnsanın təsərrüfat fəaliyyətinin torpağın donmasına təsiri bitki örtüyünün və
ərazinin nəmlik şəraitinin dəyişdirilməsi ilə əlaqədardır. Bitki örtüyünün məhv edilməsi
(meşələrin qırılması və s.) qarın yığılmasını azaldır və donma dərinliyinin artmasına səbəb
olur. Eyni istiqamətdə torpağın quruması da nəmliyin azalması ilə əlaqədar özünü
göstərir.
Temperatur rejimini səciyyələndirməkdən ötrü torpağın 20 sm-lik qatında fəal
temperaturlar (> 10
0
C) dövrünün müddətinin böyük əhəmiyyəti vardır. Bu qatda kənd
təsərrüfatı və təbii bitkilərin kök sisteminin əsas hissəsi toplanmışdır. Torpağın fəal
temperaturlarının bu qatdakı cəmi torpağın istiliklə təmin olunmasının əsas göstəricisidir
Torpağın temperatur vəziyyətini qiymətləndirməkdən ötrü 0,2 m dərinlikdə mənfi
temperaturların cəmi və torpaq səthinin mütləq minimal temperaturunun orta göstəriciləri
haqqında məlumatların olması da vacibdir. Bu parametrlər əsasında aşağıdakı torpaqlar
ayrılır: isti, mülayim–isti, mülayim, mülayim-soyuq, soyuq, donuşlu və uzun müddət
mövsümi donuşlu. Torpaqların bu cür bölgüsü müxtəlif kənd təsərrüfatı bitkilərinin
istiliyə olan tələbi əsasında yetişdirilməsi imkanlarını qiymətləndirməyə və əldə edilən
məhsulun mümkün sayını müəyyən etməyə imkan verir.
Dostları ilə paylaş: |