TÜrk xalqlari folkloru IV kitab altay dastanlari və ƏfsanəLƏRİ baki – 2016 Redaktoru: fil. ü. f d. Əfzələddin ƏSGƏR


AK-Bİ (Söyləyici məlum deyil. Nağılı Mıyutu kəndində



Yüklə 1,55 Mb.
səhifə5/14
tarix24.04.2017
ölçüsü1,55 Mb.
#15714
1   2   3   4   5   6   7   8   9   ...   14

AK-Bİ

(Söyləyici məlum deyil. Nağılı Mıyutu kəndində

Semyon Çonaşev qeydə alıb)
İgid Ak-bi yaşayırdı. Onun arvadı Ermen-çeçen ilə boz atı, bir-birinin dilini bil­mə­yən adamları, qarışıq rəngli mal-qarası vardı. Sürüyə bahadır Altın-Erqek, adam­la­rı­na da bahadır Altın-Tobçi baxırdı. Onun cangüdəni sarı xallı Tenze-kaltar atının sahibi Tenqis-bi idi. Nə oğul varisi, nə də qız-gəlini yox idi, göy səmaya (akka kökka) çatan altmış altı künclü Ak-tayda (ağ dağ) qalası vardı. Onun həm də nə sakit, nə də iti axan ağ çayında naxır bulağı vardı. Qocalıq gəlib yetişmiş, möhkəm sümükləri gücdən düşmüşdü. Ağ-boz atı da ömrünü yarı etmişdi. Ak-bi özü də dəliqanlı ömrünü yarıya çatdırmışdı. Onun səbri tükənmişdi (fikirləri qısalmışdı), çox məyus yaşayırdı. Vəziyyət o yerə çatmışdı ki, qurd onu dişinə alıb yerə vura bilərdi1. Quş onu dimdiyinə alıb yuxarı qaldıra bilərdi. Vəziyyət belə idi.

Bir gün arvadı Ermen-çeçen dedi:

– Niyə göyə qalxıb Uç-Kurbustandan bala-sus2 istəmirsən?

Ak-bi yüyəni cingildətdi; ağ-boz at yortma qaçıb onun yanına gəldi. Gümüşlə yüyənləyib, bürünclə yəhərlədi. Çoxlu zi­reh taxdı, çoxlu çüm geyindi. Qızıl kurdakı (qurşaq) belinə bağ­ladı ki, alıp əlin atıb tuta bilsin, gümüş kurdakı bağladı ki, ku­mok3 əlin atıb tuta bilsin. Ak-bi ay karanqıy4 saadakı çiyninə ke­çirib yola düşdü. O, sürü­sü­nün ətrafına altı dəfə, adamlarının ba­şına iki dəfə dolandı. Sonra yaşıl otları tapdala­ma­yıb, təzə-tər kol­ları əzməyib atı yorğa sürdü. O, qamçını yelləyib toromollu5 dəmir yüyən ağızlığını tərpədirdi. Erdine atın dırnaqlarının tap­pıl­tısı yer üzünün altı aylıq aralığında aydın eşidilirdi, igidin əy­ninə keçirdiyi zirehin səsi dəmir ayın (temir-ay) səsi, göy gurul­tu­su kimi eşidilirdi. Ak-bi uçan quşdan iti, atılan oxdan sərt ge­dir­di. Bir anda onun gözləri Arçın-Kırçının zirvəsinə sataşdı. Ta­la kimi artaş bürünc yəhəri götürdü, tərlikləri çıxart­dı, ardıcla tüs­­­tülədib, ağ südlə yuyub təmizlədi. Ağ-boz atını yəhərlədi, dedi:

– Nə sakit, nə iti axan çayım, altmış altı haçalı ağ dağım! Sizdən təvəqqəm var!

Buradan o, üç dəfə təkan verib (tendanıb) uçan quşdan iti, atılan oxdan sərt səmaya qalxdı. Ağ-boz atın surəti göy qurşağı kimi əriyib itdi. Bir gün üç burxanın iqamətgahı gözə dəydi. Ağ-boz at yalını yerə sərib dua edirdi, Ak-bi özü də papağını çıxarıb baş əymişdi. Üç burxandan ən böyüyü onların qarşısına çıxıb soruşdu:

– İridişli ağ-boz Altın-Erqek atın sahibi Ak-bi! Sənin ağ ilxıların hürküb qaçma­yıb, adamların vahiməyə düşməyib? Hansı Altaya yollandın (ulandın), hansı evə (um­zan­dım), hansı işə görə gəlmisən?

Ak-bi cavab verdi:

– Qurd məni dişinə alıb yerə ata bilər, taleyim belədir. Camaatıma başçılıq edən oğlum, ərə verməyə qızım yoxdur. Mayalandıran su verərsinizmi?

Burxan dedi:

– Öz yurduna, evinə qayıt. Bir oğlun olacaq, torpaqdan öləcək. Bir oğlun olacaq, atdan öləcək. Üçüncü oğlun olacaq, müharibədə öləcək.

Ak-bi dedi:

– Bircə gözümlə görsəydim, görəndə də özüm bir şey edərəm.

O, atının başını çevirib geri qayıtdı. Onun qayıtması hər yer­də dəmir ayın səsi, göy gurultusu kimi eşidilirdi. O, gözünü yu­mub açanda artıq ağ tayqanın zirvəsin­də idi. Ağ sürü sakitcə da­yan­­mış, adamları da onu salamlayırdı. Ağ örqönün qapısı ağzına toplaşmış adamların üzləri alov kimi qıpqırmızı, atların nəfəsi tutqun duman kimi idi. Ak-bi bunu görüb atını yortma çapdı, qızıl laylı qapını açıb alaçığa girdi. Arvadı Ermen-çeçen bir oğlan doğ­muş­du, uşaq doqquz qoyun dərili yatağında uzan­mışdı. Ak-bi dedi:

– Koqusimnın kanı1, kozimnım odı.

O, uşağın boyun-boğazını öpməyə (okşonıp) başladı. Son­ra məktub yazıb Altın-Erqek ilə Altın-Tobçi bahadırları yanına çağırdı:

– Gecə-gündüz deməyib tez sarı xallı Tenze-Tenqıs-binin yanına gedin. Oğlum olub, gəlsin, ona oynayıb qaçmağa yer ha­zırlasın, altı ay uzunun­da döşəmə düzəlt­sin.

Bahadırlar gecə-gündüz bilməyib at sürdülər, dedilər:

– Hansı bahadır daha yaxşıdır, baxaq!

Onlar alaçıqların qurtardığı yerdə Tenqıs-bini tapdılar. Ten­qıs-bi onları qabaqcadan tanıyıb qarşılarına çıxmışdı, soruşdu:

– Məşhur bahadırlar, hara gedirsiniz?

Onlar cavab verdilər:

– Ak-binin oğlu olub. Dedi, tez gəlib uşağın oynamağına taxta döşəmə düzəlt­sin.

Tenqıs-bi dedi:

– Yaxşı, gələrəm!

Bahadırlar atlarının başını çevirib geri qayıtdılar. Onlar bir-birlərinə dedilər:

– Biz ikimiz bu qədər çox yol gəlmişik. Bəs bu sarı xallı atlı Tenze-Tenqıs-bi Ak-binin yanına nə vaxt gedib çıxacaq?

Onlar qəhqəhə çəkib güldülər. Ak-binin yurduna çatanda gördülər ki, altı ay uzunluğundan da çox döşəmə (takta) hazır­lanıb, sarı xallı Tenze at qızıl axurun yanına bağlanıb, Tenqıs-bi özü də azca içib kefi kök ortada gəzişir. Onlar bunu görüb çox təəccübləndilər. Tenqıs-bi bir gün çıxıb evinə getdi. Ak-bi əl­li bahadırı oğluna keşikçi qoymuşdu ki, körpə təkcə bu döşə­mənin üstündə qaçıb oynasın. Körpə döşəmənin o başına qaçıb dedi:

– Məni buraxın. Mən anamın südünü əməcəyəm. Mən yemək istədim!

Bahadırlar körpəni buraxdılar, o da qaçıb getdi. Bir azdan körpənin səsi yerə-görə bülənd oldu. Bahadırlar onun arxasınca qaçdılar. Yerin altından altı dişli qaban çıxıb körpəni üç yerə parçaladı. Ak-bi özü də ora gəlib dağ kimi qalaqlanmış ağ sü­mükləri basdırdı.

Ak-bi evə qayıtdı. Evdə arvadı Ermen-çeçen ikinci oğlunu doğmuşdu. Qoca Ak-bi yenə bahadırları Altın-Erqek ilə Altın-Tobçini Tenqıs-binin yanına göndərdi:

– Qoy tez bura gəlib ilxıları alaçıqdan uzağa qovsun. Bir oğlum da olub.

Bahadırlar Tenqıs-binin yanına gəldilər. Qəzəblənməyən Tenqıs-bi hirslənməyə başladı, dedi:

– Ak-binin arvadı hər gün bir uşaq doğacaq, mən onun uşaq­larına baxmağa məcbur deyiləm. O, belə güclü xandırsa, qoy yer üzünün sonsuz çölün­də (kös yetpi, kok yalan) vuruşmağa gəlsin.

Bahadırlar Ak-binin yanına geri qayıdıb dedilər:

– Dedi ki, yeddi gündən sonra yer üzünün sonsuz çölündə vuruşmağa gəlsin.

Ak-binin göz yaşları gölə döndü, burnundan (murdu) axan su buza döndü, dedi:

– Yaradan heç kimi qocaltmasın! Qocalan kimi öz baha­dırların da sənə qarşı çıxırlar. Belədirsə, onda at da ölməsin, at qızıl deyil, igid də ölməsin, igid əbədi deyil.

Ak-bi ağ-boz atını yəhərləyib qapqara zirehini taxdı, çox­lu çüm geyindi. Qapqara ay kimi ox-kamanını çiyninə keçirib dedi:

– Nə olur, olsun, yurda buraxmaq olmaz. Kaş mənim ca­navar kimi güclü vaxt­la­rım olaydı. Üzümün tülkü kimi (üzün əvvəlki qırmızılığı, allığı) qıpqırmızı olduğu vaxtlarım olaydı.

Ak-bi bunu deyib yola düşdü. O, Arçın-Kırçın tayqasının zirvəsinə qalxıb baxdı, gördü ki, ucsuz-bucaqsız yaşıl çöldə adamların üzü alov kimi qızarır, atların nəfəsi duman kimidir. Orada sarı xallı Tenze atlı Tenqıs-bi başçıdır. Ak-bi acı zəhər kimi qışqırdı:

– Atanın verdiyindən başqa bir artıq varmı? Yoxsa unutmusan ananın verdiyi Tenqıs-bi tamqanı(alçaq)!

Çalalar-tüb (dib) yırğalandı, orçulanı1 tərpəndi. O, Kaybır oxu qoyub yayı çəkdi, ox Tenqıs-binin alnının ortasına (man­day kimi) dəydi. Bir tərəfdə altmış adam öldürdü, o biri tərəfdə əlli adam öldürdü. Çeyne2 kimi al qırmızı qan axıtdı, ciyərləri deşib tökdü. Yeddi ilin başında Ak-bi axıradək düşməninə qa­lib gəldi, Tenqıs-bini şillələyib yaxasından yapışdı, yerə doğru əyməyə başladı. O, vəhşi baytal3 kimi zil səslə qışqırdı, ikiillik düyə kimi nərildədi. Onlar yeddi il döyüşdülər; heç birinin kü­rəyi yerə dəymədi. Doqquz il vuruşdular. Uzun illərdən son­ra Ak-binin pəhləvanı tutub saxlamaq gücü azal­dı, onun kürə­yini yerə vur­maq asanlaşdı. Ağ-boz atı qaçıb gözdən itdi. At evə ça­tan­da gördü ki, oğlan qaçıb oynayır. At dedi:

– Ox-kamanı, yəhəri sındı, igid pəhləvan öldü.

Oğlan bunu eşidib evə qaçdı; anasının sağ döşünü əm­mə­yə başladı, sağ almacıq sümüyü saraldı, sol döşünü əmməyə baş­layanda sol almacıq sümüyü saraldı. Oğlan alaçıqdan çıxan­da ağ-boz at diz üstə çöküb oğlanın qabağında uzandı. Oğlan ox-kamanı götürüb atı mindi. At quşdan iti, atılan oxdan sərt qaçırdı. O, ağ tayqanın başına qalxıb baxmağa başladı, gördü ki, Tenqıs-bi Ak-bini quzğun kimi qıy vurmağa, qulan kimi zin­gildəməyə məcbur edir. Oğlan dedi:

– İgidi mən gələnədək öldürmə!

O, belə deyib aşağı doğru qaçdı, atın boynundan sıçrayıb düşdü. Tenqıs-bi Ak-bini bir tərəfə atdı, oğlanın ayaqlarından tutub yastı daşlara çırpdı. Sonra qurşağından tutub qaldırdı, qara tayqaya kəsməsinə (dağlarla bədənini kəsmək üçün) çırpdı. Onun qollarından tutub qabağa əydi, vəhşi madyan kimi qışqırtdı, geriyə əyib düyə (torbok) kimi nərildətdi. Yeddi ildən sonra Tenqıs-bi artıq pəhləvanı tutmaqdan daha çox yerə əyilirdi. Günlərin bir günü onu quzğun kimi qışqırtdı, madyan kimi zingildətdi. Bir yanından çəkib o biri yanı üstə qaldırdı. Ağ böyründən sıxıb göyərmiş böyrünə söy­kən­di; söykənib sıxdı. Boynunu, kürəyini üç yerdən tapdalayıb atdı; axan qan çaya döndü; sümüklər dağa döndü. Ak-bi soruşdu:

– Öləni diriltdin, sönəni yandırdın. Adın nədir, oğlan?

Oğlan cavab verdi:

– Adımı hələ qoymayıblar. Təkcə eşitmişəm ki, atam ağ-boz atlı Ak-bidir.

Ak-bi dedi:

– Gözlərin ayın işığı, bədənin ayın qanıdır.

O, oğlanı öpüb oxşadı. Sonra oğlan evə qaçdı. Ak-bi sarı xallı Tenze atı tutub mindi, dedi:

– Yaxşı atdır, niyə öldürüm? İlxılara baxmağa gedəndə minməyə yarayar.

O, sarı xallı Tenze atın yüyənini çəkib getdi. Birdən at onun əlindən çıxıb qaçdı. Ak-bi sarı xallı Tenze ata çata bil­mə­di. At oğlanın arxasınca qaçdı. Ak-bi də atın arxasınca qaçdı. Birdən Altay-Xanqay göy kimi guruldadı. Nə olmuşdu? Sarı xallı Tenze at oğlanın yanından qaçanda təpiklə onun alnından vurub sındırmışdı. Nə yerdə, nə də göydə bir iz yox idi. Ak-bi­nin gözlərindən yaş axıb gölə döndü, burnunun suyu donub bu­za döndü. Ak-bi dağ kimi qalanmış sümükləri basdırıb evə gəl­di. Qızıl axurun yanında atdan düşüb qızıl laylı qapını açıb ala­çığa girdi. O, alaçığa girəndə gördü ki, doqquz buğa dərisinin üs­tündə yeni doğulmuş oğlan uzanıb. Qoca onu qucaqlayıb ox­şadı. İki gecə ötdü, oğlan anasının arxasınca qaçdı. Altı gecə də keçdi, oğlan artıq alaçıqdan çıxıb atasının arxasınca qaçırdı. Şüvüldən kaman, ox düzəltdilər, oğlan oynadı. O, hər gün oy­na­ya-oynaya alaçıqdan çox uzaq­la­­şırdı. Bəzi günlər hətta Ar­çın-Kırçın ağ tayqasına çıxıb acı zəhər (açu-koron) kimi qış­qı­rırdı; öz qışqırığı ilə (torkılta) dünyanı qorxudur, çalaların di­bini laxladırdı (yay kalta). Üç gün onun qışqırı­ğı kəsilmədi. Ye­ri duman-sis bürüdü. Doqquz gün daş dolu yağdı. Sonra ye­nə hava açıldı. O, diqqətlə baxmağa başladı; at tappıltısı eşi­di­lirdi. Gördü ki, ağ-mavi at (ok-sur-at; sur-ilan) onun qabağına qaçır, ipək cilovu yerdə sürünürdü. Bürünc (kuler) artaş yəhəri vardı. Göy zireh qayışlanmışdı. At bərkdən kişnədi:

– Yeddi dəfə yer üzünü dolanmışam. Yetmiş səltənət gəz­mişəm, məni minəcək bir adam tapmamışam. On dəfə orçilanı fırlandım, məni tuta bilən adam olmadı.

Oğlan qalxıb onun qarşısına çıxdı. At sakitcə dayandı. Oğ­lan atın ipək cilo­vun­dan tutdu, qara zirehi qayışdan açıb əyninə keçirtdi. Gördü ki, artaş yəhər qaşında qızıl ya­zılar var. Oxuyub bildi ki, ağ-mavi atlı Altın-koo odur. Altın-koo öz atını minib ge­dir­­di. At göydə ulduzları, yerdə təpələri sayıb sərtləşirdi. Nə­ha­yət, doqquz il­dən sonra da­yanıb geriyə, evə qayıtdı. Ay kimi qara kaman ay ilə gün işı­ğının qabağını kəsirdi. Qa­ra zirehin səsi dəmir ayın səsi kimi, göy gurultusu ki­mi eşidilirdi. O, nəfə­sinin buğu­nu iti gözdən daha aydın görürdü. Nəfəs ağaranadək əriyən dəmir kimi yanırdı. Qaçan ağ­başlı atın gurultusu altıaylıq mə­safədə eşidilirdi. O, öz alaçığına gəlib qızıl axurun ya­nın­­da atdan düşdü. Adamların əl­ləri atı, qolları onu tuta bulmədi. O, qol­la­­rı­nı qolaylayıb qızıl laylı qapını aç­dı, alaçığa girdi. Anası Ermen-çeçen qızıl masa qoydu, alay­man-şikır gətirdi. Arıq­la­mış­dı, kökəldi, acmışdı, qarnı doydu. Bir gün Altın-koo dedi:

– Başımın altına qoymaqdan əlim sürtünüb, bürünüb yat­maqdan kürküm sürtülüb.

O, soruşdu ki, tuştu tukayı (qisməti) hardadır. Anası Er­men-çeçen qızıl kitaba baxıb dedi:

– Sənin tuştu tukain, sən demə, burdaymış, üç göyün qa­tında Tenqri-xanın qızı Temene-koo imiş. Sənin yerin onun ye­ri ilə birləşib; sənin odun onun odu ilə qovuşub.

Bunu eşidən Altın-koo yubanmadı; ağbaşlı atını minib get­di. O, yaşıl otları tapda­ma­dan, təzə-tər otları əzmədən gedirdi. Atını yorğa çapırdı. Altın-koo sarınmış qamçı­sı­nı yellədib dəmir yüyən ağızlığını tərpədirdi, uçan quşdan iti, atılan oxdan sərt çapırdı. Bir gün ağbaşlı at qabaq ayaqlarını qaldırmayıb, arxa ayaqlarını dartmayıb yeri din­lə­mə­yə başladı. Altın-koo atdan soruşdu:

– Mənim ölümümü, ya da ömrümü öyrənə bildinmi?

At cavab verdi:

– Ölüm-dirim haqqında heç nə bilmirəm. Biz axırıncı maneəyə (puudak) gəlib çatmışıq. Bu maneə nədən ibarətdir? Bu maneədə altmış sajen uzunluğunda qara tülkü var. Bir az getsək, iki qoşa səmənd at var. Bir az da getsək, yeddi kezer var. Bir az da getsək, üç ayı var. Onlarla necə başa çıxacaqsan?

Bahadır dedi:

– Xilas-çarə yolu səndədir, ox atıb ovlamaq mənə aiddir.

At dedi:

– Mən qara milçək olub uçacağam, sən də qaranquşa çev­rilib arxamca uçarsan.

At milçəyə dönüb uçdu, bahadır da qaranquşa çevrilib onun arxasınca uçdu. Onlar qara tülkünün yanından ötəndə tül­kü onların ardınca baxıb təəccübləndi. Sonra iki səmənd atın yanından ötdülər; atlar gözlərini çəkmədən baxıb heyrətə gəldilər. Onlar bir az da uçdular, silkinib öz cildlərinə girdilər. Ak-surat qabaq ayaqlarını qaldırmayıb, arxa ayaqlarını dart­mayıb sağ qulağını köndələninə tutdu, sol qulağını da sola tu­tub yeri dinlədi. Bahadır dedi:

– Ah, mənim ölümümü, yoxsa ömrümü bilirsən?

At dedi:

– Ölümü, ya da ömrünü bilmirəm. İndi bizim sonrakı yolumuz təmizdir, maneə­siz­­dir. Yeddi kezerlə üç ayı Temir-Mizenin qabağına getdi. O, yenə də elçiliyə gedir­.

Onlar sürətlə irəliləyirdilər. Bir gün at da dayandı. Baha­dır dedi:

– Ak-surat, sən nə bilirsən, nə duyursan?

At dedi:

– Bildiyim odur ki, Temir-Mize gedib çatıb, Tenqri-xanın qızı Temene-koonu istəyib. Gəlinin atası artıq şərab içib (deməli, artıq razılıq verib). Qız yeddi il səni gözləyib, gedib çıxmamısan, ilbi-tarmanın köməyilə yerinə özünə oxşar bir qız oturdub. Özü də göyə qalxıb Çolmon ulduzuna çevrilib.

Onlar bir az da getdilər. Tenqre-xanın dəmir tayqası gö­rün­dü. At dəmir dağın ba­şı­na qalxıb qara milçəyə dönüb ba­xırdı:

– Temir-Mize neçə bahadırdan yaxşıdır? Əlini böyrünə qoyub yırğalanır. Dəmir rəngli göy-boz at (temir ondu kok boro ot) neçə atdan üstündür?

Bir gün Temene-koo göydən enib öz örqösünə girdi. İri qum dənələri kimi narın yazılmış “samıra”nı (samıra-piçik) oxudu. Bu yazılara baxıb gördü ki, artıq yeddi ildir, Altın-koo dəmir tayqaya gəlib. Gələn pəhləvanların heç biri Altın-koo­nun əlini tuta bilməyib. Altın-koo çıxdı; ora baxsa, ay nurudur, bura baxsa, günəş şöləsidir. Hər iki almacıq sümüyü (kaçar) göy qurşağına bənzəyir. Temene-koo qışqırdı:

– Nə edirsən? Bura gəl!

Altın-koo Tas-tarakaya dönüb atını da ikiillik pırtlaşıq tük­lü dayçaya (takılu ya­ba­qa) çevirdi. O, qızın alaçığına yox, Ten­qri-xanın alaçığına getdi. Orada dayanan alıplar Tas-tarakayı görəndə heyrət edib təəccübləndilər. O, qızıl örqönün qapısına yaxınlaşıb atdan düşdü; yabaqunu1 açıb buraxdı. Tarakay özü də qızıl örqöyə girib ocağın yanında oturdu. Bütün alıplar yenə də çaşıb qalmışdılar. Tenqre-xan soruşdu:

– Bu tas hardan çıxdı?

O cavab verdi:

– Mən Ay-xanın itib yolunu azan Tasıyam.

– Hara gedirdin?

– Adamları görüb bura gəldim.

Oraya toplaşan pəhləvanların heç biri söz demədi. Orada oturan Temir-Mize gözlərini çəkmirdi. Tenqri-xan yenə soruşdu:

– Axır ki, hara gedirdin?

– Məgər insan adamların toplaşdığı yerə gələ bilməz? Ona görə mən də gəldim.

Elə bu vaxt onun qızı, aydan arı, günəşdən nurlu Temene-koo alaçığa girdi. Heç bura gəlməzdi, indi gəlib tez yemək bi­şirməyə (kazandazın) başladı. Tenqri-xan baxıb çox təəccüb­lən­di. Temene-koo qızıl masanı çəkib alayman-şikır gətirdi, Ta­sın qabağına qoydu. Temir-Mizenin qan-qırmızı üzünün rən­­gi dəyişdi, tutuldu. Tas yeyib doydu, gedib ocağın yanında oturdu. Onda Tenqri-xan dedi:

– Niyə qabağa gəlmirsən?

– Hökmdarın yanında oturmağa utanıram.

Tenqri-xan soruşdu:

– Nəhayət ki, sən hara gedirdin?

– Bura gəlirdim. Mənim gəlməyim niyə sizi belə təəc­cübləndirib qorxudur? Məgər bunda bir günah (purulu) var? Düşünürsünüzsə ki, mən bura öz istəyimlə (albadanın) gəlmə­mişəm, onda məni evə göndərin. Yox, düşünürsünüzsə ki, mən bura məcburən (kuçenib) gəlmişəm, onda əl-qolumu bağlayıb evə göndərin.

Heç kim cavab verməyib oturdu. Orada oturan Temir-Mi­ze yerindən qalxıb gəlib Tasın yanında ocağın dibində oturdu. Onun qan-qırmızı sifətinin rəngi qaçmışdı. Tas-Tarakay yerin­dən qalxıb alaçıqdan çıxdı, gördü ki, Ak-surat atı öz cildində gəzir. Tas-Tarakay silkinib öz Altın-koo cildinə düşdü. O, atın üstündən yəhəri götürdü, tərliyi də altına qoyub at axurunun yanında uzandı, özünü yuxuluğa vurdu. Temene-koo evə getdi. Bütün alıplar buna mat qalmışdılar. Günəşli yerdə (yəni həmin yerdə) bu alıp kimdir belə peyda olub? Onlar Tas-Tarakayı ta­nımadılar. Tenqri-xan dedi:

– Ak-binin ağbaş atlı oğlu Altın-koo günəşli yerdədir. Mən bu barədə eşitmişəm. O, bütün yer üzünün (orçikan) otuz hökmdarını, yerdə də yetmiş padşahı əlində tutub saxlayıb. Ak-suratın qabağında dayana biləcək dişli bir at, Altın-koonun dir­səyini yerə vura bilən bir erkək yoxdur. Hə, elə ona görə fikir­ləşirəm ki, bu, odur.

İndiyədək qorxmayanlar indi vahiməyə düşdülər. Temir-Mize onu görüb evə getdi. Temene-koo Altın-koonun yanına bir şimekçin1 göndərdi ki, onu çağırsın. Altın-koo qalxıb getdi. İçəri girib gördü ki, örqönün bir tərəfi ay kimi işıqlanıb, o biri tərəfi günəş kimi parlayır. İki almacıq sümüyü­nə­­dək göy qur­şağı kimi neçə rəngə düşdü.

– Altmış sajen uzunluğunda qara tülkünü sən öldürmüsən?

Altın-koo cavab verdi:

– Yox.

– Bəs sən onun yanından necə ötüb keçə bildin?



– Hardan bilim? Ordan ötəndə iki dirsəyimi başıma dayaq verib yatmışdım.

– Bəs səmənd atların yanından necə keçdin?

– Elə səmənd atlar da məni görmədi.

Bu zaman Tenqri-xan alaçığa girib soruşdu:

– Hə, sən mənim qara tülkümü, səmənd atlarımı öldür­mə­din ki?

Altın-koo dedi:

– Yox, öldürmədim.

– Öldürməmisənsə, qızımı sənə verə bilərəm.

Doqquzillik toy etdilər; boynu buur2 boynu kimi mal-qara kəsib bulud boyda piyi olan yağlı heyvanlar öldürdülər. Dağ boyda ət, çay boyda şərab yığıldı. Şərab (arak) içib kefləndilər. Altın-koo zəhər kimi tünd şərab içdi, o birilər adi “arak” içdilər. O, bərk kefləndi. Günlərin bir günü Tenqri-xan dedi:

– Get, Temir-Tayqa dağlarının arxasındakı üç ayıdan ən kiçiyini bura gətir.

Altın-koo bunu eşidən kimi dedi:

– Gedərəm.

O elə keflənmişdi ki, harda olduğunu belə doğru-dürüst bilmirdi. Getmək vaxtı gələndə Temene-koo öz ovsunundan ya­rarlanıb Altın-kooya qızıl ço­qo­­­­çe­ydə1 arakı verdi. O, arakı içib sərinləndi, ayıldı. Altın-koo alaçıqdan çıxdı. Temene-koo onun ardınca çıxıb daha bir qədəh arakı verdi. Altın-koonun əhvalı daha da yaxşılaşdı, artıq o, yola düşdü.

Altın-koo mahnı oxuyub baş barmağı ilə çoqur çalırdı. Quru çöllərdə otlar göyərməyə, lüt-üryan meşədə yarpaqlar görünməyə başlamışdı. Heyvanlar, quşlar öz balalarını çöl-çəmənə buraxıb onların ardınca qaçıb bu nəğməni dinləyir­di­lər. Obalarda saçı-dişi tökülmüş qocalar onun nəğməsini din­ləyib halına acıyırdılar:

– Axı, niyə üç ayıdan kiçiyinin yanına belə igid dəliqanlını göndərirlər?

Altın-koo öz nəğməsini oxuya-oxuya gəlib Temir-Tay­qa­ya çatdı, dağı aşdı. Ak-surat at birdən dayandı. Altın-koo so­ruşdu:

– Nə eşitdin, nə iy aldın? Qarşıda nə görürsən?

At dedi:


– Mən heç nə görmədim. Təkcə Kara-tayqa, bir də iki qara göl görünür; axtar­dı­ğın elə budur. Mən burda dayana bilmirəm.

Ak-surat at Çolmona dönüb göyə qalxdı. Altın-koo olduğu kimi yerdə tək qal­dı. O, dayandığı yerdən acı-acı qışqırdı:

– Dünyanı təşvişə salıb (tolotoin torkılta) yeddi parçasını qopartmısan.

Qarşıda görünən qara tayqa tərpənəndə sanki torpaq, su hərəkətə gəldi, yerdə bitən ağaclar yerindəcə sındı. Altın-koo gəldi, ayını çayın yuxarısına keçməyə qoymadı. Ayı yuxarı tərəfi kəsdi, Altın-koo imkan vermədi, ayı da dayandı, soruşdu:

– Yer üzündə məni qışqırıb çağırmağa kimin qüdrəti çatar? Hardan gəlirsən? Adın nədir?

Altın-koo dedi:

– Atam ağ-boz atlı Ak-bidir. Adım Ak-surat atlı Altın-koo­dur. Bura öz istəyimlə gəl­­məmişəm, qayınatam Tenqri-xanın əmrilə gəlmişəm. Gəlməkdən başqa çıxış yolum qal­madı. Öz qüvvəmə ümidim yoxdu, yalnız qayınatamın arzusu ilə gəldim.

Ayı dedi:

– Eşidəndə ki, Altın-koo yola çıxıb yumru ürəyim qorxuya düşdü, qabırğalarım əyildi. İndi ki, belədir, onda məni bur­num­dan tutub apar.

Altın-koo ayının burnunu deşib onu yedəyində tutdu, atı da göydən endi. Bahadır atını minib ayını da yedəyində apardı. Ayının səsinə (qolk, tabış) vəhşi heyvanların heç biri dözmədi. O, ayını gətirib Tenqri-xanın qızıl at axuruna bağladı, özü də arvadı Temene-koonun yanına gedib öz alaçığına girdi. Arvadı qızıl masa qoyub alayman-şikır gətirdi. O, qarışıq yeməyi ye­yəndə ocağın içindən ozukun1 başı göründü. Arvadı Teme­ne-koo adamın (ozukun köməyilə ocağın içindən çıxmağa çalışan adam) başına edrek­lə vurdu. O, yenidən yerin altında gizlənib qı­zıl axurun altından çıxdı, alaçığa girib dedi:

– Qayınatan göndərdi. Deyir, gəlib ayını buraxsın; alaçığın içində nəcisin, sidiyin iyindən dayanmaq olmur.

Temene-koo dedi:

– Gah məcbur edirlər ki, ayını gətir, gah da deyirlər, gəl, aç, burax. Nə yeməyə qoyurlar, nə içməyə. Bunların əlindən rahatlığımız yoxdur. Belə də iş olar?

Altın-koo doyunca yeyib-içdi, sonra getdi, ayını açıb bu­raxdı. O, evə qayıdıb uzanmaq istəyəndə yenə elçi gəlib dedi:

– Buyurdular ki, gələsən.

O qalxıb qayınatasının alaçığına getdi. İçəri girdi, qayına­tası dedi:

– Qayınatana görə özünü həlak etməyəcəksən ki? Evinə get!

Onlar bir az arakı çəkib içdilər. Tenqri-xan Ak-borat atını yəhərləyib (Qayınata öz sevimli atını kürəkəninə bəxşiş vermə­lidir) qızı Temene-koonu Temir-Tayqanın aşırımınadək yola saldı. Sonra onlar dayanmadan yol getdilər. Günlərin bir günü Altın-koo arvadı Temene-koonu o tərəfə-bu tərəfə silkələyib qızıl üzüyə çevirdi, cibinə qoydu. Hörülmüş qamçını (torçuk) yelləyib atı şallaqladı, yüyənini sağa-sola çəkib tərpətdi. Atılan oxdan kəskin, uçan quşdan iti sıçrayışla yola düşdü. Birdən onun gözünə Ak-tayqa göründü. Onun Ak-talay çayı göründü. O, qızıl üzüyü (altın yüstük) əlinə aldı, o tərəf-bu tərəfə yellə­di, üzük əsl Temene-kooya çevrildi. O, öz Altayına qayıtdı; adamları dinc yaşayır, camaat onu salamla­yırdı. Qoca Ak-bi dağ boyda ət doğrayıb, çay boyda şərab çəkmiş, ağ örqösünü qurmuşdu. Onlar qızıl axurun yanında dayandılar. Atı tutmağa uzanan əllərin sayı-bərabəri yoxdu, bahadırın əllərindən tutma­ğa yüzlələ əl uzanmışdı. Onlar yeddi il kef çəkib doqquz il məclis qurdular.

Altın-koo dedi:

– Əvvəllər ölmüş qardaşlarımı görəcəyəm, ruhumdadırlar­sa, onları görəcə­yəm.

Arvadı Temene-koo dedi:

– Getməyi düşünürsənsə, onda öz ilxından iki at seç; biri qırmızı-boz(kızıl-boro), o biri də kürən olsun.

Altın-koo ilxısının içində həmin atları axtarıb tapdı, tutub gətirdi. Arvadı dedi:

– Bu atları aparanda kürən atı ram edib (şukturlap) kə­sərsən, iki yol ayrıcında (beltır) gecələyərsən, bir taşuur şərab içib yatarsan. Yuxuda nə görsən yadında saxla. Səhər durarsan, qırmızı-boz atı götürüb yoluna davam edərsən. Bir yerdə da­yanıb gecələyərsən, həmin atı da şukturlap kəsərsən. Qara ta­şuur şərab içib yatarsan.

Altın-koo atları da götürüb yola düşdü. O, iki yol ayrıcına çatanda kürən atı kəsdi, bir taşuur şərab içib yatdı. Yuxuda gördü ki, iki keçəl baş (kəllə) diyirlənib onun yanına gəldi, soruşdular:

– Bu atı kimə qurban verdin? Keçəl başa, yoxsa ətli başa?

Onda bahadır dedi:

– Keçəl başa.

Onlar dedilər:

– Belədirsə, onda üç gün gözlə.

Başlar yox oldu. Sonra o, səhəri açıb yenidən yoluna da­vam etdi. Bu dəfə qırmızı-boz atı kəsdi, qara taşuur şərab içdi, uzanıb yatdı. Yuxuda atın üstündə kölgə kimi bir adam gördü. Həmin adam dedi:

– Ezen mendı! Hardan gəlib, hara gedirsən?

Altın-koo dedi:

– Adım Altın-koodur. Bəs sən kimsən?

O dedi:

– Mən günbatanda yaşayıram. İki arvadım, qonur-gümüş (kumış kurön) atım var. Kumış-koo mənəm. Mən Erliklə mü­ha­ribə etdim, döyüşdüm. Erlikin iki oğlu – Kenen ilə Sokor-Kara qalib gəldilər. Onlar məni tutdular. İndi onlara1 yalvara-yalvara gün çıxmayan yerdə yaşayıram. Dünən gələn iki kəllə sənin qardaşlarındır. Onlar məni bura sənin yanına göndəriblər. Mən bura gəlməsəydim, sən heç bilməyəcəkdin ki, günəşin par­lamadığı2 yerdəsən. Amma günəş parlamayan yeri mən ta­nı­yıram, günəş olan yeri də sən bilirsən. Yerin altına düşüb Er­liklə mühari­bə etməyi ağlına belə gətirmə. Ölərsən! Təkcə sən yox, döyüşəndə mən də bilmədim ki, necə ölmüşəm. Yerin qa­pısı yanında daş örqö tik. Qapının astanasına yeddi tudam it­bur­nu tikanı, doqquz dəstə tekenek3 çubuğu qoy. Doqquz dəstə tekenek çubuğunu alaçığın törünə (tör bajına) qoy. Qazana it, mal-heyvan peyini doldurub qaynat, özün də ocağın başında, tör ilə ocağın arasında oturub diqqətlə bax. Erlikin oğlu Sokor-Kara yanına gələcək, am­ma sənə görün­mə­yə­cək. Bunu mən sənin ağlına salaram. Söz­lə­ri­mi unutma.



O, belə deyib alısa qovuşdu. Kumış-koo yubanmayıb Erli­kin yanına getdi, onu çubuqla vurub danışmağa başladı:

– Tez ol, günçıxanda yaşayan Altın-koonu öldür! O, mə­nim dostumdur. Ya da ki, məni həyatıma geri qaytar!

Erlik dedi:

– Sokor-Karanı göndərərəm, indicə gedib onu öldürər, götürüb bura gətirər.

Sokor-Kara da, Kumış-koo da yola düşdülər. Dirilərə gö­rün­məyən Sokor-Kara qabaqda gedirdi, Kumış-koo da onun gözünə görünmədən irəli keçdi, yerin üstündə yaşayan Altın-koonun yanına gedib dedi:

– Sokor-Kara gəlir. Sən onu yaxşıca gözətlə.

Altın-koo eşidirdi ki, kimsə onun qulağına pıçıldayır: “So­kor-Kara qapının ağ­zın­da qazanın qarşısında oturub. Qaynar qa­zanı onun üstünə tök, teqeneklə onu şal­laq­la”. Altın-koonun göz­lərinə heç nə görünmürdü. O, qazanı aşırıb teqeneklə döy­məyə baş­la­dı. Bu vaxt kimsə yenə onun qulağına pıçıldamağa başladı: “İndi olacaq”. Sokor-Kara qur­ğuşun kimi əridi; o, fır­lanıb tükü tökülmüş zil qara atının cilovuna do­lan­dı. Kumış-koo dedi:

– İndi qazanı yenə ocağa qoy.

O, belə deyib gözdən itdi; qara atı qabaqlayıb irəli atıldı, Er­likin yanına getdi. O, yenə Erliki şallaqlamağa başladı. Erlik dedi:

– Dayan, dayan, mənim balam! Sokor-Kara gətirəcək.

Elə bu vaxt tükü tökülmüş qara at gəlib dedi:

– Ox-yayı qırıldı, ər alıp öldü.

Kumış-koo yenə deyinə-deyinə onu şallaqlamağa başladı:

– Ya dostum Altın-koonu tez öldür, ya da həyatımı qaytar ki, günəşli yerə gedim.

Erlik dedi:

– Dayan, mənim balam. İndi oğlum Kıska-Karanı göndə­rəcəyəm.

Kumış-koo Erliki buraxdı. Kıska-Kara yola düşdü. Kumış-koo yenə cildini dəyişib Kıska-Karanın gözünə görünmədən qabaqda yerin üstünə yollandı. Kumış-koo Altın-koonun yanı­na gələndə o, qazanı artıq hazırlamışdı. Altın-koo oturmuşdu. Kumış-koo yenə dedi:

– Diqqətlə bax. Kıska-Kara gəlir.

Kıska-Kara gələndə Altın-koo onu da qardaşı kimi öl­dür­dü. Kalyan-Kara at geri qayıtdı. Kumış-koo da onun arxasınca qayıdıb irəli keçdi, gedə-gedə oxumağa başladı: “Mənim nə qədər dərdim var”. O, göz yaşlarına qərq oldu: “İndi onun ya­nı­na göndər­mə­yə adam yoxdur. Kimi göndərəcəyəm? O belə de­yəcək”. Yenə də gəlib Erliki döyməyə başladı, dedi:

– Dostum Altın-koonu öldürtdürüb bura gətirt, ya da hə­yatımı qaytar; onunla işıqlı dünyada yaşayım.

Erlik dedi:

– Qoy, oğlum Kıska-Kara qayıtsın.

Elə bu vaxt Kalyan-Kara at geri qayıdırdı. Ox-yayı qırılıb, igid pəhləvan ölüb. Bundan sonra Kumış-koo Erliki döyməyə başladı. Erlik dedi:

– Kalak, kokıy. Kumış-koo, belə bir qayda yoxdur ki, səni dirildib geri qaytarım. Mənim üç qızım getsə, Altın-koonun qırmızı ürəyini çıxardarlar.

Qızlar yola düşdülər. Kumış-koo bir az fikirləşib öz-özünə dedi:

– İndi xilas yolu necə olacaq? Bu üç qız qarşıdan gələn ili də bilirlər, ölənin ruhunu da. Mən indi bunlarla nə edim? Nə olur, olsun.

O, görənlər görmədən, dirilər duymadan gedib qızları qa­baqladı. Altın-koonun yanına gəlib dedi:

– Daha diqqətli, yaxşı bax! Üç qız gələcək.

Altın-koo oturub Kumış-koo onun qulağına pıçıldayır: “Qızlar oturublar, qazanı başlarına çevir, onları doqquz tolono1 dəstəsi ilə qırmancla”.

Altın-koo qazanı ayağı ilə onların üstünə aşırıb yemişanla döyməyə başladı. Bu zaman Kumış-koo yenə onun qulağına pıçıldadı: “İndi olacaq”. Erlikin qızları qurğu­şun kimi əridilər. O, geri qayıtdı. Yolda fikirləşirdi: “Görək, indi nə deyəcək?” O, Erlikin yanına gəlib onu döyməyə başladı:

– Tez ol, ya məni həyata qaytar, ya da dostum Altın-koonu öldür.

Artıq göndərməyə heç kim qalmamışdı. Erlik dedi:

– Dayan, burax məni, bala! Bir söz deyəcəyəm.

Kumış-koo onu buraxdı. Erlik dedi:

– Mən yuxarıya, Kudayın yanına gedəcəyəm, onun (yəni bahadır Altın-koonun) canını istəyəcəyəm. Deyəcəyəm ki, adam­larımı məhv edir.

Kumış-koo dirilərə görünmədən Altın-koonun ağzının di­bində peyda olub dedi:

– Hə, indi xilas yolu necə olacaq? Erlik Tanrının yanına qal­xıb sənin canını al­ma­sı­nı istəyəcək. Sən örqönü yığışdır, işinin ça­rəsinə bax, həyatını xilas etməyi düşün. Mən də gün­ba­tana ge­dirəm, Alaşkamın yanına. Erlikin yol-izini bağlamaq lazımdır. Biz­dən sonra hər şey dəyişəcək, at dovşan kimi, sən özün də tu­muk1 kimi olacaqsan. O, bizi belə yorur, camaata da dinclik yoxdur.

O, bunu deyib günbatana getdi. Altın-koo örqösünü yığışdırdı. Ak-surat dedi:

– Sən bir yerdə dayanıb məni gözlə. Mən Kudayın yanına gedib qayıdım.

At göyə qalxdı, Tanrının yanına gəlib yalını yerə sərdi, yalvardı:

– Yəqin ki, Erlik səndən mənim canımı almağını istə­yəcək. Sən onu aldadıb geri göndər2!

Kuday dedi:

– Onu necə aldatmaq olar?

At onu öyrətdi:

– Onun qurbanlıq ağ atını, qamçısını alın, göy buğaya mindirib əlinə aymalta verin, deyin ki, həyatını geri verərik, sən göy buğa ilə geri qayıt. O, baltanı bir dəfə vursa, buğadan tər töküləcək. İkinci dəfə yanlarına vuranda iki kaza1 ayrılacaq. Üçün­cü dəfə başına vuranda buğanın huşu dağılacaq. Erlik o qədər də ağıllı deyil, inanacaq.

Kuday dedi:

– Belədirsə, onda geri qayıt!

At geri qayıtdı, yolda Erlikə rast gəlib yanından ötdü, o, Ak-suratı görmədi. Yerə enən at Altın-kooya dedi:

– Doqquz dəstə teqenek hazırla.

Bahadır doqquz dəstə teqenek hazırladı. Erlik göy buğanın üstündə gəldi, baltanı onun belinə vuranda buğa çömbəldi. Erlik dedi:

– May, may2. Bu nədir?

O, ikinci dəfə buğanın başına vuranda heyvan öldü. Erlik piyada yola düşdü. Altın-koo atını minib Erlikin dalınca qovdu, ona çatıb tutdu, döyməyə başladı. Erlik onu lənətlədi:

– Kalak kokıy! İndi sənin adını çəkməyəcəyəm.

Altın-koo onu döyə-döyə deyirdi:

– Qardaşlarımı dirildəcəksən?

Erlik dedi:

– Buraxacağam!

Altın-koo Erliki buraxdı, o, yoluna davam etdi. Elə Altın-koo getmək istəyirdi ki, Kumış-koonun kölgəsi göründü. O dedi:

– Hə, dostum, görünür, qardaşlarını bir də diriltmək müm­kün olmayacaq. Görmək istəsən, bir gün onları sənə göstərərəm.

Altın-koo onunla razılaşmayıb dedi:

– Bir gün görməkdənsə, heç görməmək daha yaxşıdır.

Kumış-koo dedi:

– İşıqlı dünyada alaçığıma gedərsən, kiçik arvadımı öldü­rüb böyüyü də özünə götürərsən.

Altın-koo buna razılaşıb Kumış-koonun alaçığına yollan­dı. Kumış-tayqa dağla­rı­na qalxıb gördü ki, çoxlu mal-qara, saysız adam var. İki eyni örqö görünürdü. O, örqöyə çatıb at­dan düşdü, kiçik arvadının alaçığına girdi. Burda bir qadın var­dı, bir üzü ay kimi, bir üzü günəş kimi nur saçırdı; o, bütün gözəllərdən gözəl idi. Həmin qadın dedi:

– Sən, bax, belə at ilə gedəndə hardasa Kumış-koonu gör­məmisən? Artıq altmış ildir ki, o, qaranlıq dünyaya vuruşmağa gedib.

Altın-koo dedi:

– Yox, görməmişəm. Sən mənə ərə gələrsən?

Qadın dedi:

– Gələrəm.

Elə bu vaxt alaçığın arxasında dayanan at dırnaqları ilə yeri qazıb döyəcləməyə başladı. Altın-koo alaçıqdan çıxdı. Ak-suratın gözlərində yaş gölə dönmüşdü. O dedi:

– Əcəlin çatmayıb öləcəksən, getməli deyilsən, gedəcək­sən. Niyə öldürmürsən, boş dayanmısan?

O, içəri qayıtmadı, atını minib evə yollandı, yolda Kumış-koo ilə rastlaşdı:

– Niyə öldürmədin?

Altın-koo dedi:

– Alaçığını tapa bilmədim.

– Sən, deyəsən, özün onunla evlənmək istəyirsən? Belə­dir­sə, üç gündən çox ya­şa­ma­rsan, mənimlə yerin altında olarsan.

Kumış-koo yoluna davam etdi. Altın-koo onun arxasınca qış­qır­dı:

– Kalak kokıy! Doğrusunu deyəcəyəm.

Bu vaxt Kumış-koo dayandı. Altın-koo sözünə davam etdi:

– Onu öldürməyə əlim qalxmadı, tamamilə günahsızdır. Amma nə etməli, gedib öldürmək lazımdır.

Kumış-koo dedi:

– Sən bunu bayaqdan deyirsən! Buna heç bir etirazım yoxdur.

Altın-koo yola düşdü. Kumış-tayqa görünəndə onun qara gözləri qan çanağına döndü, üzü buz kimi dondu. Kumış-tayqa dağlarını aşanda Kumış-koonun kiçik arva­dı onun niyyətini başa düşdü. Qadın alaçıqdan çıxıb hörüklərini sığallaya-sığal­laya onun qabağına getdi; ayağına yıxılıb yalvardı, onu yola gətirməyə çalışdı:

– Kalak kokıy! Altın-koo! Mənə bir-iki gün vaxt ver, gü­nəşi görüm, buranın ye­mə­­­yini yeyim.

O yalvarırdı. Altın-koo səsini çıxarmadı, ona tərəf heç baxmadı. Əlini qaldırıb qadının bədənini üç yerə böldü, onu öldürdü. Sonra gedib böyük arvadını da öldürdü. Bundan sonra da mal-qaranı qovub camaatı qabağına qatdı. Gedəndə gördü ki, Kumış-koo arvadından ayrılıb kölgə kimi dayanıb. Altın-koo gedəndə dedi:

– Ezen!


Kumış-koo dedi:

– Böyük arvadımı niyə öldürdün? Nahaq yerə öldürmüsən. Yaşayanlara itkidir.

Altın-koo dedi:

– Sizdən qorxub öldürdüm.

Kumış-koo dedi:

– İndi ki, öldürmüsən, daha nə etmək olar? Sağlıqla qal! Xudahafiz! Sən günəşli dünyanı tanı, mən də günəş olmayan yeri.

Sonra Kumış-koo oxuya-oxuya yerin altına yollandı.

Altın-koo evinə qayıdıb öz təsərrüfatını qurdu, bir daha müharibəyə getmədi.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin