TÜrk xalqlari folkloru IV kitab altay dastanlari və ƏfsanəLƏRİ baki – 2016 Redaktoru: fil. ü. f d. Əfzələddin ƏSGƏR



Yüklə 1,55 Mb.
səhifə9/14
tarix24.04.2017
ölçüsü1,55 Mb.
#15714
1   ...   6   7   8   9   10   11   12   13   14

ƏFSANƏLƏR
ŞAMANLARIN QIRILMASI
Bir Yejimoş vardı. O, şamanların gücünə inanmırdı, onları yalançı hesab edir­di, onların kökünü kəsmək istəyirdi. Əmr etdi ki, şamanların hamısı bir yerə yığılıb “yandırılsın”. Üç nəfərdən başqa hamısı yandı; iki kişi, bir qız şaman qaldı. On­lar üçü də birlikdə odun içindən uçdular. Onlardan ikisi – Tostoqoş ilə qız ha­va­ya qalxdılar, Kalbas qalxa bilməyib daşa döndü. Bütün bu hadisələr başa çatandan son­ra daşa dönmüş Kalbas silkinib yenidən dirildi; onun odda yanması o qədər də bi­linmirdi. Yejimoş Tostoqoşa dedi:

– İndi ki sən özündə bu gücü tapıb odda yanmadın, aşağı dünyaya gedib Erliki yanıma gətirməlisən.

Tostoqoş dedi:

– Yeddi gün şamanlıq edəcəyəm; gecələr şamanlıq edib gündüzlər qavalı üs­tü­mə qoyub yatacağam.

Yejimoş şamanlığa inanmırdı. O, dəmiri əritdirib yatan Tostoqoşun baldırına qoydu. Tostoqoş yeddi gün şamanlıq etdi, Erliki gətirə bilmədi; yalnız səkkizinci gün gətirə bildi. Yejimoş soruşdu ki, o, niyə gec gəldi. Tostoqoş dedi:

– Bir təxirəsalınmaz iş vardı, mütləq o işi görmək lazım idi.

Bir nəfər xəstələnmişdi, Tostoqoş onu sağaltmalı idi. O, bütün gün xəstənin ev­ində oldu, şamanlıq etdi, Erlikin yanına gecikdi. Yejimoşun yanında çoxlu adam toplaşmışdı. Onlar Erlikə baxmaq istəyirdilər, bilmək istəyirdilər ki, onun gör­kəmi necədir. Camaat Erliki görəndə hamısı halsız vəziyyətə düşdü. Erlik alaçığın qapısını aralamadan ocağın ayağından çıxdı. Yejimoş ondan soruşdu:

– Niyə uşaqların ata-anasını alırsan, ata-ananı da uşaqdan məhrum edir­sən? Bunu bilmək istəyirəm. Buna görə şaman Tostoqoşdan xahiş etdim ki, səni bura çağırsın.

Erlik dedi:

– Sənin bir madyanın var; onun döşlərindən süd axır. Canavar onun doğacağı qu­lanı aparacaq. Mən də belə bir işi icra edirəm. Həmin canavar kimi mən də in­­san­lara yalnız dərd-kədər verirəm. Təkcə bunu bilmək istəyirdinsə, ya özün güna­hı­mı bağışla, ya da qoy bu adamlar məni bağışlasınlar. Mən işığa, günəşə nifrət edi­rəm.

Yejimoş intihar etmək istəmədi. O zaman Tostoqoş hesab­ladı ki, intihar etmə­yin əvəzi yaşı altmışı ötmüş doqquz doq­quzluq adama bərabər olacaq. Bundan sonra Erlik yox oldu. Məlum olmadı ki, o, yerində yoxa çıxıb, yoxsa gözə gö­rün­mə­dən qapıdan çıxıb.
YARQANAT
Çox qədim zamanlarda heyvanlar bir yerə toplaşmışdı. Toplantıya bircə yar­qanat1 gəlməmişdi. O, arxasınca göndə­rilən elçini aldatmışdı ki, guya ona görə gələ bilmir ki, qayanı saxlayıb. Toplantıda qərara aldılar ki, insan yer üzü­nün hökm­darı olsun; o vəhşi heyvanları öldürə, ev heyvan­larını bəsləyə bilər. Bu qərar­dan sonra mıyqak toplantıdan çıxıb çayyuxarı gedirdi. Alabalıq çaydan çıxıb so­ruş­du:

– Nə qərara gəldilər?

Mıyqak cavab verdi:

– Belə qərara gəldilər ki, mənim, sənin başımız qazanda bişməlidir.

Beləcə, insan bütün heyvanlar üzərində hakim oldu.
ÇAİK

Dünyanın dağılması
Temir müüstü kok teke1, yeddi gün Yer kürəsinin başına do­lanıb böyürdü. Yed­di gün yer titrədi, dağlar alovlanıb yandı, yed­di gün leysan yağışlar yağdı, yed­di gün tufanla bərabər dolu-qar ələndi. Bütün bunlar bitəndə heç bir məxluqun dö­zə bilmədiyi çox şiddətli şaxtalar düşdü. Hər şey məhv olmağa başladı. Yalnız yed­di mömin qardaş böyük qardaşları Ulkenin düzəltdiyi keren­də2 xilas ol­du­lar. Onlar ev heyvanlarını da götürdülər. Tufan ara verəndə Ulken donan takanı3 buraxdı. Son­­ra o, kazı4 buraxdı, kaz qayıtmadı. Üçüncü dəfə qarğanı bu­raxdı. Qarğa cəsədləri dim­dik­ləməyə başladı. Yeddi qardaş ke­repdən çıxdı. Böyük qardaş Ul­ken gördü ki, çaikdən sonra yer üzündə təbiət məhv olub. Ul­ken göy çiçəyi5 götürüb öz kasasına qoydu, nom oxumağa başla­dı ki, yeni dünyanı yaratsın, böyük qardaşı Erlik də Ulkendən həmin çiçəyin yarısını oğurlayıb onu təqlid etməyə başladı. Ulken işıqlı dünyanı yaratdı, Erlik də qaranlıq dünyanı yaratdı. Ulken ağacdan halqa düzəldib ona dəridən üz çəkən insanı lənətlədi, onu şaman adlandırdı. “Kara kaiş kurlu kara albatı bolzın” – qoy qara qayış bağlamış qara camaat sənin rəiyyətin olsun. Şaman halqanın üstünə dəri çəkdi, tünür6 düzəldib rəiyyəti ilə günbatana getdi.

Ulken bəşəriyyəti yaradıb qarğanı səmaya göndərdi, Ku­daydan yaratdığı bəşəriyyətə can istədi. Qarğa səmaya qalxdı, Kuday ona insanların canını verdi. Qarğa insan canlarını bağlı ağzında tutub Ulkenə gətirdi. Qarğa uzun yola çıxıb acdı. Uçan­da dəvə cəsədi gördü; düşündü ki, onun gözlərini oysa, aclığını dəf edə bilər. Amma qarğa dözüb uçmağa davam etdi. İndi at cəsədi qarşısına çıxdı. Qarğa yenə də uçub cəsədin yanından ötdü. O, üçüncü dəfə inək cəsədinin üstündən uçan­da inəyin iri yaşıl gözlərini gördü, hər şeyi unudub həyəcanla qış­qır­dı: “Nə qəşəng gözləri var. İndi bunları necə yeməyim”. Ku­dayın qarğaya verdiyi insan canları yerə dağıldı. Qarğa Ul­kenin yanına gələndə insan canlarını itir­miş­di.

Erlik tez-tez öz yeraltı malikanəsindən çıxırdı. Bir dəfə o, gördü ki, yerin üstündə bir örqö var. Erlik oğrun-oğrun örqö­yə yaxınlaşdı, öyrənsin ki, orda kim yaşayır. Amma ehtiyatlı tər­pənən Ulken o zamanlar tükü olmayan, insan kimi çılpaq olan iti qapıya gözətçi qoymuşdu. Ulken itə tapşırmışdı ki, heç kimi örqöyə buraxmasın, özü də oradan uzaqlaşmışdı. Erlik örqöyə girmək istəyəndə it onu bu­rax­madı. Erlik itə dedi:

– Sənə kürk verərəm; şaxtadan-bürküdən qorxmarsan, yemək verərəm, bütün ay boyu aclıq nədir, bilmərsən.

İt bu bəxşişlərdən tamahsılanıb onu içəri buraxmağı qərara aldı. Örqöyə daxil olan Erlik burada çoxlu cansız insan bədəni gördü. O, itin verdiyi bu fürsətdən yararlanıb öz canını insan bədəninə verdi. Erlikin barıtı çubuqsuz doldurulan tüfən­gi vardı. O, hər gecə yer üzünə çıxır, öz tüfəngi ilə canlı insanları öldürür, ən yara­şıq­lı kişiləri seçib özünə ködeçi1, ən gözəl qadınları da kazançi2 edirdi. Ulken hər gün görürdü ki, onun camaatı öldürülür. O izləyib gördü ki, onları Erlik oğurlayır. Bir dəfə Ulken Erlikin barıtını yerə səpib əvəzinə partlayan barıt tökdü. Erlik, adəti üzrə, öz qurbanını tüfənglə vuranda ətrafa dəhşətli gurultu səsləri yayıldı. Bundan qorxuya düşən Erlik sağ qana­dını qayaya çırpıb sındırdı, yerin bitdiyi məkana qaçıb oradan uçdu. O vaxtdan Erlik yer üzünə çıxa bilmir. Ul­ken qarğanı göndərib səmadan insan canlarını aldı, amma gö­rəndə ki, Erlik artıq insan bədəninə öz canını verib, onda “öl­məz canları” iynə­yarpaqlı meşələrin, mamırların üzərinə səpdi.

(N.Y.Nikiforov qeydə alıb).


LETYAQA
Letyaqa1 şamanlardan əvvəl olub.

(Çoltoş. O, Letyaqa haqqında bundan başqa heç nə bilmir).


ALAYMAN-BULAYMAN
Əri şulenqe2 təyin olunmuş bir qadın ərinin şərəfinə şənlik keçirmək istəyir, yemək hazırlığına başlayır. “Nə edirsən?” sualına o, belə cavab verib:

– Alayman-bulayman edin yadırım (Alayman-bulayman hazırlayıram).


SARTAKTAY KEZER
Askatın aşağı axarının yaxınlığında Katunda Soqontu3 dağ­ları var. Bu, Sartaktayın Katunda dayanıb Çemaldan yuxa­rı­da, yə­ni təxminən 20 verst məsafə­dən atdığı oxdur. Çemaldan yu­xa­rıda Katunun sağında bir qayalıq burun var; bu­ru­nun darağı çö­kəyə bənzəyir. Sartaktay oxu atanda bu burundan yuxarıda da­ya­nıb. Ox burunun darağına ilişib oradan bir hissəni qopardıb buna gö­rə də orada çökək əmə­lə gəlib. Kor-keçi çay yatağında yox, har­dasa Katunda Sartaktay körpü tikməyi qə­rara alır. O, öz oğlu ilə tikintiyə iri daşlar tapır; söz verirlər ki, arvadları ilə yat­­ma­yacaqlar. Oğlu dözmür. Sartak­tay hirslənib daşları ətrafa da­ğı­dır; burada indi korum1 var. Onun yanında da iki kötüyə oxşa­yan daş var. Bunlar Sartak­tayın oğlu ilə oğlunun arvadıdır. Sar­taktay uçan qazlara daş atıb daş Çibit Çyuya düşüb; o indi də bar­maqla göstərilir; güclü kişilər həmişə o daşı qaldırmağa cəhd edirlər.
ÖLMƏZLİK SUYU (munko-suu)
1. Bir okeanın hansısa adasında tacirin qarşısına 300-dən çox yaşı olan qoca kişi çıxıb. O kişi kalmıkların Vola-Kaanın tə­bəəliyinə necə keçdiyini xatırlayırmış. Qoca ölməzlik alıbmış. O, Altayda Yal-Mönkü dağları yaxınlığında ovçuluq edən­də qəflə­tən ölməzlik açarına rast gəlibmiş. O, bir maralı yaralayıb; yaralı hey­van Yal-Mönkü dağlarına gedib. Ovçu onun izinə düşüb. Ma­ral dayanıb yastı çay daşından süzülən suyu içməyə başlayıb; heyvan içib doyanda sağalıb çəld qaçıb oradan uzaq­laşıb. Ovçu da bu sudan içib. O, indiyədək dəniz adasında yaşayır.

2. Dağda ovçuluq edən bir ovçu görür ki, sidr ağacının başından su axıb düz daş bir qutuya tökülür. İnsan başa düşür ki, bu, quru balığı gətirən adi su deyil. Bir müddətdən sonra ba­lıq dirilib üzməyə başladı (Görkəmli kayçi Usnek; Arbay­tuda Sevastyanov qəsəbəsində yaşayır).


AKTAN-TAS İLƏ TALIN-KIS
Aktan-tas Talın-kısın ona dediyi tapmacaların hamısını tapırdı. O, tapma­ca­­la­rın hamısını tapırsa, ona ərə getməlidir. Amma Talın-kısın bütün başı, bədəni qotur içində olur. O, özünü suya atır ki, batsın; lakin ölüm qorxuludur; Talın-kıs söyüdün bu­daqlarından tutub Aktan-tasdan xahiş edir ki, onu xilas etsin.

Odurqokto ot kuet ol ne bolton Aktan-tas

Odurqokto it uret ol ne bolton Aktan-tas

Altı kulaktu kumer kazan

Tas tas tarakay (daraqlı) yaman adı korokoy

Sanıskan ala tos, timırtkadon tiltır tas

Tapmaca: Kok yalanda bulanın yoqı yadat (ay).

Tondubaştın toqus ul.


BOKO BAİN SARTIKTAY
Qədim zamanlarda oyrot birliyi vaxtında Zanxında Sartık­tay adlı bahadır var­dı. O həm də torpaqların, nəqliyyat yolları­nın xanı idi, yüz minlərlə qul ona iş görüb xidmət edirdi, işsiz onun bir günü də keçmirdi. Sartıktayın mal-qarası, var-dövləti də çox idi. O qədər güclü idi ki, üç pudluq daşlarla göydə dur­na­ları vurub öldü­rürdü, bütün Monqolustanda çoxlu quyular, göllər qazdırmış, susuz yerlərə çaylardan kanallar çəkdirmişdi.

Sartıktayın bir qızı vardı, Çin şahzadəsinə ərə getmişdi. O, qızına baş çəkməyi qərara almışdı, amma hansı bəxşişləri apa­racağını hələ seçə bilmirdi. Onun qızılı, başqa qiymətli əşyaları onsuz da çoxdur. Xan Noq-nor gölünün kənarı ilə gedirdi; göl­dən bir ördək uçub suyu bulandırdı. Xan düşündü:

– Yəqin indi qızım da Çində bulanıq su içir?

O, qərara aldı ki, qızına Monqolustanın şəffaf sulu çayla­rından birini bağışla­sın; Sartıktay bu məqsədlə Buluqun-Çinqil çayını seçdi. O, geniş çöllərdən, uca dağlardan keçən kanal çək­dirdi, gətirib Pekinə çıxardı, dedi:

– Hər şey mənə tabedir. Hətta ən iti axan çayı da dəvənin yedəyindən tutub çəkən kimi çəkib gətirdim.

Xanın özünü belə tərifləməyi suyun xoşuna gəlmədi, onu qəzəbləndirdi. Su geriyə axıb böyük Eken-aral yaxud Xara-usu gölünü əmələ gətirdi, Buluqun-Çinqil də o vaxtdan Burltoxa gölünə tökülür. Həmin göldən Ko-İrtış çayı axır.

Bir dəfə Sartıktay susuz bir çöldə öz döyüşçüləri, qulları ilə birlikdə gecə­lə­mə­li olur. Orada kiçik çaylar axsa da, Sar­tıktay bu qədər insanın, heyvan sürü­lə­ri­nin susuzluğunu yatıra bilmir. Xan əmr etdi ki, göl qazılsın. Göl qazılanda xan qı­zıl kasasını gölün lap su çıxan yerində dibə qoydu. Gölə Altın-çokço1 adını ver­di­lər. Bu göl indi də belə adlanır.

Bir dəfə Çinqis-boqdo-xan Sartıktaya qonaq gəlir. O, qo­naqları böyük təm­tə­raq­la qarşılayıb böyük qonaqlıqlar keçi­rirdi. Çinqis-xana bütöv qoyun bişirilir. Qo­naq­lığın ən qızğın vaxtında qonaqlara ət paylanır. Çinqis-xan bilirdi ki, ona veri­lən qo­yunu quzu vaxtında onunla oynayan bir it ayağından qa­pıb. Çinqis-xan həmin an­daca qonaqlığı tərk edib gedir. Sar­tıktay Çinqisin qəzəbindən qorxub Mon­qo­lus­ta­nın hüdudla­rın­dan çıxır, Altaya gəlir, burada Katunun qolu olan Arxıt ça­yının kə­na­rında uzun illər yaşayır. Zanxında2, Zokso-xayrxan3 qaya­sın­da da onun xəzinəsi var­dı. Çöldə, dağlardan ayrı knyaz Tam­din-tuşa-qunun iqa­mət­ga­hın­da qayada daş quyuda olan həmin xəzinədə yetmiş beş əlli lannlıq gümüş yamb var.


TƏPƏGÖZ-ADAMYEYƏN
İki bahadır müqəddəs yerlərə ziyarətə gedirlər, yolda azır­lar. Onlar çöl-biya­ban­da çox gəzib-dolaşırlar, axırda bir mağa­radan tüstü çıxdığını görüb sevinirlər, mağaraya daxil olur­lar. Onlar mağaraya girən kimi qorxudan ayaqları əsir. Orada al­nında bir gözü olan nəhəng insan oturub it başlı insanı kabab edirdi. Bahadırlar bunu görəndə qaçmaq istədilər, təpə­göz onları saxladı:

– Xeyri yoxdur, onsuz da əlimdən heç yerə qaça bilmə­yəcəksiniz. Siz yanımda qa­lıb qoyunlarımı otarsanız, sizi ye­mə­yəcəyəm.

Daha nə edə bilərdilər, batarçilər1 təpəgözlə yaşamağa razı oldular. O, hər gün ova gedir, it başlı insan gətirib yeyirdi.

Bir gün təpəgöz qənimətsiz qayıtdı, batarçinin birini yeyib bərk yuxuya getdi. O biri batarçi uzun dəmir mıxı götürüb ocaq­da bərk qızdırdı, adamyeyənin gözünə ba­tırdı. O, yerindən dik atılıb tez dəmir qapını örtdü, hər yeri axtarmağa başladı. Ge­cə mağaraya çoxlu qoyun qovub salmışdılar; batarçi bütün gecəni qoyunların ara­­sında gizləndi. Səhər təpəgöz qoyunları bir-bir sayıb əli ilə yoxladı, mağaradan çıxartmağa başladı. Batarçi gör­dü ki, canını qurtara bilməyəcək, hiyləyə əl atdı. O, böyük qoyu­nun qarnının altının yunundan bərk yapışıb mağa­radan çıxdı, “Asta qaçan namərddir” deyib dabanına tüpürdü. Batarçi uca bir dağın başına çıxıb cənubda çoxlu keçə alaçıqlı qəsəbə gördü, oraya yollandı. Onu çoxlu gözəl qadın­lar qarşı­layıb soruşdular:

– Sən niyə buraya gəlmisən? Bəs necə gəlib çıxdın bura?

Batarçi başına gələnlərin hamısını bir-bir onlara danışdı. Qadınlar onu ən böyük alaçığa aparıb çay verdilər, qoyun əti yedirtdilər, batarçiyə danışdılar ki, biz noxoy-ertının2 adamları­yıq, təpəgöz də düşmənimizdir, adamyeyəndir; onun adı Kir­­qisdir. Qadınlar dedilər:

– O, ərlərimizi tutub yeyir, onlar da təpəgözü axtarıb tapa bilmirlər.

Axşam çoxlu it hürüşməsi eşidildi. Bir qadın dedi:

– Bunlar ərlərimizdir, Kirqisin ovuna çıxmışdılar, indi qayıdırlar.

Qadın belə deyib onları qarşılamağa getdi, it kimi hürü­məyə baş­ladı. İtlər onun ətrafına toplaşıb dinləməyə başladılar. Bu in­san­ların yalnız başları it başı idi. Qa­­dın alaçığa qayıtdı, dövrə vu­rub oturdular; o biri qadınlar onlara böyük boşqab­lar­da qoyun əti gə­tirdilər. Noxoy-ertınlar əti yeyib hürüşməyə başladılar. Qadınlar dedi:

– Batarçi buqa1! Kişilərimiz sizdən xahiş edirlər ki, Kir­qisin olduğu mağaranı onlara göstərəsiniz.

Batarçi yola düşdü. Noxoy-ertınlar da onun ardınca get­dilər. Batarçi onları Kir­qisin mağarasına gətirdi. Bu zaman Kir­qis qoyunları mağaraya yığırdı. Noxoy-ertınlar gizlənib Kirqisi tutdular; onlar təpəgözü xırda-xırda doğradılar, qoyun­ları­nın hamısını batarçiyə verdilər.

Noxoy-ertınlar batarçini uzun müddət qonaq saxladılar; hər gün şənlik et­di­lər, yeyib-içdilər. Batarçiyə gözəl bir qadın verib onu dilə tutdular ki, onların xanı ol­sun. Batarçi razı ol­madı, onlara qonaqpərvərliyə görə təşəkkür edib arvadını, qo­yun­larını götürdü, öz evinə yola düşdü.
XUŞANDRA-XAN
Çox qədim zamanlarda, ay daha parlaq işıq saçanda, günəş yeri daha çox qız­dı­randa Xuşandra adlı bir xan yaşayırdı. Onun xanlığı dövründə rəiyyəti uğurlu hücumlar edirdi, onların xanı da buna sevinməyə bilmirdi; o, ədalətlə xanlıq edirdi, bir dərdi vardı ki, xanın övladı yoxdu. O, nə qədər buin2 versə də, monas­tırda qur­ban kəssə də, heç nə kömək etmirdi. Nəhayət, rahibin gələcəkdən xəbər verən­lə­ri dedilər ki, xan arvadı ilə birlikdə üç il çöl-biyabanda yaşayıb yalnız ağac mey­və­­ləri yeməlidirlər. Xuşandra belə də etdi; arvadını götürüb piyada çöl-biyabana yollandı. Onlar üç il çöl-biyabanda hər cür iztiraba dözdülər, gəzib dolaşdılar. Üçün­cü il on­la­rın iki oğlu oldu. Xan arvadı, uşaqları ilə öz xanlığına qayıtmağı qərara aldı. Bu üç ildə onlar kifayət qədər uzaq məsafə qət etmişdilər. Buna görə də yavaş-yavaş irə­liləyirdilər. Bu da azmış kimi, Xuşandranın arvadı xəs­tələndi. Onlar dayanmalı ol­dular. Bir mağaraya çəkildilər; xan hər gün meşəyə qənimət dalınca gedirdi. Bir gün o, çox gec qa­yıt­dı, gəlib gördü ki, nə arvadı, nə də uşaqları var. Xuşandra on­la­rı çox axtardı, tapa bilmədi. O, bu vəziyyətdə xanlığına qayıt­mağı heç ağlına da gə­ti­rə bilməyib 20 il çöl-biyabanda arvad-uşa­ğını ağlaya-ağlaya sərgərdan gəzdi. Bir dəfə o, səhər yuxu­dan durub giləmeyvə yığmağa getdi; quldurlar ona hücum edib özləri ilə apardılar; yolda onlara bir dəstə əsgər hücum etdi, qul­durların hamısını öl­dürdülər, Xuşandranı da dəvəyə mindirib özləri ilə apardılar; heç soruşmadılar ki, sən kimsən? Onlar Xuşandranı gətirib özlərinə xan seçdilər. Həmin xanlıqda xan­lar bir gündən artıq yaşamırdılar; gündüz xanlıq edirdilər, gecə də ölürdülər; sə­hər başqa bir xan seçirdilər. Artıq camaat bundan yo­rul­muşdu, öz insanlarına da ya­zıqları gəlirdi, buna görə də bir dəstə əsgər hə­mi­şə müxtəlif sərsəri adamları axtarıb tapır, xanın yerinə oturdurdu. Səhər camaat qə­bir qazıb Xuşandranın meyiti dalınca gələndə gördülər ki, o, sağ-salamatdır. Ca­ma­at buna çox sevindi, yeyib-içib şənlik etdilər.

Hasarın yanında iki əsgər keşik çəkirdi, onlar özlərindən, ordan-burdan söhbət edirdilər. Biri dedi:

– Deyirlər ki, məni çöldən tapıblar, atam da Xuşandra-xan olub.

O biri əsgər qışqırdı:

– Qardaşım!

Onlar qucaqlaşdılar, bir-birinə danışdılar ki, onları bura gə­tirəndə anaları da yan­larında olub. Amma sonradan onları ayı­rıblar; uşaqları övladı olmayanlara oğul­luğa veriblər, ananı da xan sarayına qulluqçu göndəriblər. İndi o hardadır? Sağ­dır, yoxsa yox? Onlar bu barədə heç nə bilmirdilər. Xan bir az ya­xınlıqda ağa­cın altında dayanıb bütün söhbəti dinləmişdi; səhər xan onları yanına çağırtdırıb eti­raf etdi ki, onlar öz oğlan­larıdır. Xan əmr etdi ki, onlar knyaz təyin edilsinlər. Xan öz arvadını da axtarmağa başladı. Qadın xan sarayında dərzi idi.

Xan öz torpağına yürüş etdi, oranı fəth edib Yer üzündə ən əzəmətli xan oldu.

Onlar yürüşdən qayıdıb şənlik etdilər; 80 gün yeyib-iç­dilər, 60 gün dincəldi­lər, çox xoşbəxt yaşamağa başladılar.


İRIN-TYUMİN XAYRXAN
Şaraqın-qobi çölünün o biri tərəfində alçaq Barun-Altay təpəliyində İrın-tyu­min Xayrxan adlı yüksəklik var. Bu, doq­quz yüz min ildırımsaçan deməkdir. Hə­min dağların başında qayada bir yazı var. Belə yazılıb: Bu dağların başında ağ daş var; gün günortaya çatanda, kölgə daşın üstündən yerə çəki­ləndə kölgənin qur­tar­dı­ğı yerdə 900.000 lan gümüş basdırılıb. 80 yaşlı bir qoca kişi günəş çıxanda ağ kəlin üstündə buraya gəlsə, bu xəzinəni götürə bilər.
NOYAN-XULAXAY
Keçmişdə gələcəkdən xəbər verən adamlar bir xana de­miş­dilər:

– Yayda təzə ayın 15-ci bədirlənən günündə oğurluğa getməsən, öləcək­sən.

Xan gecə oğurluğa getdi. Yolda onun qarşısına bir nəfər çıxıb soruşdu:

– Sən kimsən?

Xan dedi:

– Mən oğruyam.

Naməlum şəxs dedi:

– Onda birlikdə gedək!

Onlar bir varlı kəndə gəldilər. Oğru bir qoyun tutub kəsdi, xana dedi:

– Sən dərisini soy, mən də alaçığa gedim, su içmək istə­yirəm.

Xan qoyunun dərisini soymağa başladı, amma bacarmadı; yoldaşı gəlib çıxanadək o, dərini soyub qurtara bilmədi. Yol­daşı gəlib xanı danlamağa başladı:

– Bəs indiyədək nə iş görmüsən? Bu qədər vaxtda mən alaçıqda gizlənib tza­xa­rik­çinin1 dediklərini dinlədim. O, sabah xanı qonaq çağırıb şərabına zəhər qat­maq istəyir; xanı zəhər­ləmək istəyir. O, üç qat masada iki eyni qədəh qoyacaq; qə­də­hin birinə şərab süzüb zəhər qatacaq, birinci masanın örtüyünün altına qoyacaq. Di­gər boş qədəhi xanın yanında şərabla dol­duracaq. Əvvəlcə, özü içəcək ki, xan heç nədən şübhələnməsin, sonra da xana süzüb qədəhləri gizlicə dəyişəcək. O dedi ki, xanın varisi yoxdur, arvadını oğluma alacağam, oğlum xan olacaq.

Xan ilə oğru əti bölüşdürüb papaqlarını dəyişdilər, hərəsi bir tərəfə yollandı. Səhər xan adamlarını göndərdi ki, papaqla gecə rast gəldiyi yoldaşını axtarsınlar. Oğrunu gətirəndə xan nəvaziş göstərib onunla qardaş oldu, tzaxarikçini də müha­ki­­məyə verdi. Xan qardaşlığını tzaxarikçi təyin etdi. Onlar xoş­bəxt yaşamağa baş­la­dı­lar.
BÖYÜK AYI BÜRCÜ
Yetıqan. Yeddi qardaş vardı. Karatıxan qardaşlardan so­ruş­du ki, kimin əlin­dən nə gəlir. Böyük qardaş dedi ki, mən ox­çuyam, göyün yeddinci qatında bir tük görünsə, onu vura­ca­ğam. İkinci qardaş dedi ki, düşmən döyüşçü­lər qar­­daşlarımı ox­­la vursalar, o oxları bir-bir tutub geri qaytaracağam. Üçün­cü qar­daş dedi ki, göy­dən düşən bədəni tuta bilər, yerə dəyməyə qoymaz. Dördüncü qardaş dedi ki, qo­va­ğı kökündən çıxarıb hər cür düşməni vura bilər. Be­şin­ci qardaş dedi ki, altı qar­da­şı­nın hamısını qucağına alıb heç olmasa hansısa bir çaydan keçirər. Altıncı qardaş... (söyləyici heç nə deyə bilmədi). Yed­dinci ən kiçik qardaş dedi ki, o mahir oğrudur, hamının gözü qarşısında bir şey oğurlaya bilər. Karatıxan qardaş­lar­dan xahiş etdi ki, onun itmiş Çoltoş adlı qızını axtarıb tapsınlar.

Yetıqanın Altın-Cüstük adlı qızı vardı. Qızı Sarıqan oğur­layıb aparmışdı. Yetıqan atasız-anasız doğulmuşdu; düz yerin içindən. Onlar yemək axtarmağa, xanı axtarmağa getdilər ki, ona xidmət edib yemək alsınlar. Onlar qızı xilas etməyə gedən­də yaraq-yasaqsız, nizəsiz, oxsuz, atsız piyada getdilər.

Böyük qardaş dedi ki, o, Tanrıdan 100 at istəsə, Tanrı ona 100 at, 100 qoyun, 100 tajuur araq verər.

Böyük ayı bürcü. Yeddi ovçu qardaş vardı. Onlar piyada gəzib dolaşırdılar, atsız ov edirdilər. Tanrı onlara 100 at yaratdı ki, bu atlarda növbəli ov edə bilsinlər. Onlar ov edib qənimət gətirirdilər, heç biri kazançi olmaq istəmirdi, bir-birlərini dar­­tışdırırdılar, o istəmir, bu istəmir.

O zaman səkkiz meçin-sekiz meçin1 vardı. Yeddi ovçu ye­tıqan meçinlərdən birini məhz Ulkeri kazançi qoydular.

Böyük ayı bürcünün yeddi ulduzu bu adları daşıyır: Ulken – qalan altı nəfərin atasıdır. Onların ən balacası Ezin ni olub. O birilərinin adları: Karşit, Yajılqan (buna müvafiq Balazabas). Şamanlar öz ovsunlarında iki Çolmanın adını çəkirlər: 1) Ta­nak Çol­man. 2) İnır Çolman. İki Çolman səhər-axşam, gü­nəş-ayın rəmzidir.
ORİON
Anos vadisinin sakini Kudaçi Orion haqqında danışıb: Üç maralı qovan Kon­ci­qey adlı bahadır vardı. Marallar səmaya qalxanda bahadır dişi marala ox atdı; ox hey­vanın bu tərə­findən keçib o tərəfinə qanlı çıxdı. O, Orionun üzərində gö­rünür. Bu na­ğılı Çern yaxınlığında yaşayan bir altaylı aşağı­dakı kimi tamamladı: Bütün yer üzün­dəki vəhşi heyvanları oxlamaq istəyən Kanciqey adlı bir bahadır vardı. O, bü­tün heyvanları oxlamışdı. Bir dişi maral iki balası ilə qalmışdı. Bahadır maralı qo­vur­du. Onun yanında üç it vardı; biri böyük idi, o biri iki itin biri ikiillik, digəri bir­il­lik küçüklər idi. So­nuncu it dişi marala çatıb onun arxa ayağının dizindən ya­pış­dı. Bu zaman Kanciqey öz atını buraxıb çox tələsdi, altaylı ov­çular kimi, piyada qaç­­ma­ğa başladı. O, qaça-qaça əynini yün­gülləşdirmək istədi, papağını çıxarıb at­dı, nə­hayət ki, yayı çəkib oxu atdı. Ox dişi maralı yaralayıb bədənindən qanlı çıx­dı. Kan­ciqay Yer üzündəki bütün heyvanların kökünü kəsmək istədiyinə görə Tanrı onu lənətləyib ulduza çevirdi.













İndi göydə həm ovçu, həm də maral ulduz kimi görünür. Üç ulduz yanaşıdır; bunlar iki balası ilə dişi maraldır; maral ortadadır, balaları yanındadır. Onun altında Kanciqaydır. Ma­ra­lın üzərində qanlı ox var, Kanduoqo. Ana maralın yanında üç it var; küçük marallara yaxınlaşıb. Bahadırın sağ tərəfindəki ulduzlar – yaxınlıqdakı papağı, uzaqdakı da buraxdığı atıdır.



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin