TÜrk xalqlari folkloru IV kitab altay dastanlari və ƏfsanəLƏRİ baki – 2016 Redaktoru: fil. ü. f d. Əfzələddin ƏSGƏR



Yüklə 1,55 Mb.
səhifə8/14
tarix24.04.2017
ölçüsü1,55 Mb.
#15714
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

ALTIN-KUÇKAŞ

(Çoltoşdan qeydə alınıb)


Kan-Qerede-Kuş quşların xanı idi. Onun təbəəsi quşlar idi. Aclıq üz vermişdi, ye­mə­yə heç nə tapılmırdı. Quşlar yığışıb məşvərət etdilər, öz xanlarından soruşdular:

– Biz nə yeyəcəyik?

Bu zaman qızıl quş Altın-Kuçkaş1 Kan-Qeredeyə dedi:

– Mən üç il ərzində bütün quşları yedirə bilərəm.

Onda Kan-Qerede öz təbəəsini qızıl Altın-tu dağlarına buraxdı. Həm bu dağlar, həm də Arjan-talay çayı Altın-Kuç­kaşa məxsus idi. Orada onun təbəəsi ac qalmaya­caq­dı. Kan-Qerede Altın-Kuçkaşa dedi:

– Sən quşları üç il yedirtmək istəyirsən. Hər halda Ku­dayın yanına qalx, ondan soruş, gör, təbəəm nə yeməlidir?

Qızıl quş səmaya qalxdı, qapısında yarpaqları dəyişməyən, saralmayan altın-terek olan qızıl örqö gördü. Qovağın başında altın-kuuk qonub oxuyurdu. Altın-Kuçkaş gördü ki, alaçığın yanında yerdə arçi2 qurudulur. O, kəsmiyi dimdikləyib bir yerə kürəməyə başladı, dedi ki, gələn dəfə bunu Kan-Qeredenin quşları yeyəcək. Örqödən bir qız çıxıb qızıl quşu tutdu, içəri aparıb atası Kudaya göstərdi, dedi:

– Mən gözəl bir quş tutmuşam. Niyə mənə belə quş ya­ratmamısan?

Kuday quşu əlinə alıb dedi:

– Bura niyə gəlmisən? Qızıl dağların, Arjan kimi çayın var. Orda yeyib dolana bilərsən.

Quş Kudaya dedi:

– Məni Kan-Qerede göndərdi, sənə deyim ki, Yer üzünə aclıq üz verib, bu aclıq­dan bütün quşlar ölməlidir. De, görüm, quşlar nə yeməlidir?

O zaman Kuday quşa bir arpa dənəsi verib tapşırdı:

– Bu dəni öz xanına apar, qoy o bunu bir əkinçi insana ver­sin, o da dərələrə, dağ­la­ra əksin. Bu dəni bütün canlılar yeyir.

Kan-Qerede bu dəni urençiyə1 verdi. Kuday bu qızıl quşun qolunun altına gümüş qutu qoydu. Qızıl quş yuvasına qayıtdı, Kudayın əmrini yerinə yetirib koğuşa girdi, yatdı. Səhər ayılıb gördü ki, koğuş yoxdu. Quş gördü ki, taxta alaçıqda yataqda uzanıb, üzərində də isti örtük var. Quşcuğaz örtüyün altından çıxıb balıncın üstündən baxanda gör­­dü ki, bir qız ocağın ya­nında oturub. Qız quşu tutmaq istəyəndə o, uçub alaçığın yu­xa­rıdakı bacasına qondu. Quşcuğaz meşəyə uçdu, dedi:

– İndi sən məni tapa bilmərsən.

Quş üç gün meşədə gizləndi. Üç gündən sonra yenidən ko­ğuşa girib orada ge­cə­lə­məli oldu. Səhər ayılanda yenə də, bi­rinci dəfə olduğu kimi, özünü həmin alaçıqda isti yataqda gör­dü. Onun lələkləri yatağa sərilmişdi. Quş uçub pərdəyə qondu. Həmin qız ye­nə də onu tutmaq istədi, quş uçub alaçığın baca­sından çıxdı, yenə meşəyə uçub dedi:

– Sən indi məni nə tuta bilərsən, nə də görə bilərsən.

Quş yenə də koğuşda gecələməli oldu. O, ayılanda gördü ki, nə qanadları var, nə lələkləri var; yalnız başında hörük var; quşcuğaz insana çevrilib, qızıl şiredə uzanıb. Bu insan görürdü ki, ocağın yanında bir qız oturub. O, qıza fikir verməyib ala­çıqdan bayıra çıxdı; qızıl at axurunun yanında yəhərli ağ-boz at dayanmışdı; qara araqay-saadak yəhə­rin üstündə idi. O, ata yaxınlaşdı, at fınxırdı, onun burnundan sabra-biçik, sabra mək­tu­bu düşdü. İnsan məktubu götürüb oxudu; məktubda deyilirdi ki, qızıl quşcuğaz hörüklü ki­­şi­yə çevrilməlidir. Kimin xoşuna nə gəlirsə, Tanrı onu da verir; qızıl quş Kudayın qı­zı­nın xoşuna gəlmişdi. Tanrı da bu quşu kişi görkəmində qızına vermişdi; axı o, qızını kişiyə ərə vermişdi, həmin o ocağın yanında otu­ran qızını. Kuday həmin şəxsi ağ-boz atlı Altın-Kuçkaş (Ak-bor attu Altın-Kuçkaş) adlandırdı.

Altın-Kuçkaş alaçığa qayıtdı, qızla salamlaşdı, bildi ki, qız onun arvadıdır. Qız ma­sa qoyub dedi ki, onun arvadıdır, onla­rın ətrafında olan bütün bu mal-qara, camaat ona məxsusdur. O yeyib doydu, alaçıqdan çıxıb saadakı götürdü, qara zirehi ge­yin­di, al­maz polad qılıncını əlinə aldı, qara araqay-saadakı çiy­ninə keçirib dedi:

– Yeddi günlüyə qızıl Altın-tayqaya gedirəm, orada ov edəcəyəm.

O, qızıl tayqanı gəzib dolaşdı, dağlarda dağ heyvanlarını, sularda su heyvanlarını öldürdü, samurları vurub yəhərə bağ­ladı, attıqar1 marallardan yükünü tutdu, bütün hey­van­ları atına yükləyib qızıl tayqadan evə doğru aşağı enməyə başladı. Bir­dən dörd­yol ayrıcında quyruğu altmış sajın Ak-Pöri sıçrayıb yo­la çıxdı. Ak-Pöri atlının üstünə cu­mub dedi:

– Səni yeyəcəyəm!

Altın-Kuçkaş dedi:

– Canıma qıyma, məni yemə. Bütün mal-qaramı sənə ve­rərəm.

Dedi:


– Lazım deyil.

– Bu, sənə azdırsa, bütün adamlarımı mal-qara ilə birlikdə ye.

Ak-Pöri dedi:

– Adamlarını yeməyəcəyəm, səni yeyəcəyəm.

– Arvadımı da ye, amma məni burax.

Canavar dedi:

– Oğlun olub; onu mənə versən, səni salamat buraxmağa razı olaram.

Altın-Kuçkaş dedi:

– Yaxşı, onu ye, amma məni burax.

Canavar dedi:

– İndi evinə get; səhər tezdən gələcəyəm, qoy, oğlan ye­məyimə hazır olsun.

Altın-Kuçkaş ağ-boz atını minib göz yaşları içində evinə gəldi. O, evə çatıb alaçı­ğa girdi, gördü ki, arvadı indicə bir oğlan uşağı doğub, körpəni bələyir. Alaçığa girən kimi dedi:

– Canavar mənə hücum etdi, əvəzimə körpəni verdim. Sabah gəlib onu yeyə­cək.

Ata ilə ana oturub ağlamağa başladılar, dedilər:

– İndi biz onu canavarın əlindən necə xilas edək?

Altın-Kuçkaş adamlarını, bahadırlarını toplayıb dedi:

– Kimin nizəsi var, vursun, kimin qılıncı var, kəssin, kimin saadakı var, atsın, bir­cə körpəni ağ canavara verməyin!

Səhər Ak-Pöri gəldi; bahadırlar oxlarını atdılar, kəsdilər, vurdular, onun heç tü­kü­nə də zərər dəymədi. Ak-Pöri bir nəfəsə qapını açdı, bələkdə olan körpəni götürüb qaç­­dı. Ata-anası onun arxasınca qaçıb ağlayırdılar. Ak-Pöri körpəni qızıl dağla­ra, Al­tın-tayqaya gətirib onu qızıl Altın-kuy mağarasına qoydu. Qızıl mağarada canavar quy­ru­ğu­nu körpəyə bükdü, gecəni beləcə yatdılar. İki gündən sonra körpə canavarı ana ça­ğır­dı, altı gün­dən sonra ona ata dedi. Körpə mağarada qalırdı, canavar da ge­dib mağaraya ye­mək gətirirdi. Körpə böyüdü. Ak-Pöri dedi:

Mənim balam, sənə böyük bir at gətirəcəyəm, sürmək istəyirsən? Sənə qara zi­reh gətirəcəyəm, geyəcəksən?

Körpə dedi:

– At nədir ki? Bəs zireh nədir?Bilmirəm.

Ak-Pöri dedi:

– Mən bunların hamısını gətirəcəyəm. Məni gözlə.

Ak-Pöri körpəni qaçırıb gətirəndə iki Ker-cilan1 torpağın altından çıxıb Altın-Kuçkaş ilə arvadından soruşmuşdu:

– Körpəni hara apardılar?

Altın-Kuçkaş demişdi:

– Arvadım belə uşaq doğmayıb, biz də belə körpəni tanı­mırıq.

O zaman iki Ker-cilan demişdi:

– Bir vaxt gələcək, oğlunu yeyəcəyik. Oğlun artıq Erlikin kitabına düşüb.

İki Ker-cilan bunu deyib yoxa çıxmışdı.

Ak-Pöri oğlana dedi:

– Sənə Taş-Kuren at gətirmişəm, çıx, bax!

Oğlan çıxıb baxdı, gördü ki, mağaranın ağzında Taş-Ku­ren at dayanıb, onun yə­hə­­­ri­nə zireh bağlanıb, üstündə də ara­qay-saadak var. At qulaqlarını şəkləyəndə buludlar tər­pənir. Oğ­lan qara zirehi açıb götürdü, geyinməyə başladı, doxsan doq­quz düyməsini bağ­ladı, araqay-qara-saadakı çiyninə keçir­di, doqquz buğa dərisindən toorçik qamçını əlinə götürdü. Ak-Pöri dedi:

– Bala, hara istəyirsən, get. Amma sonra geri qayıt.

Körpə atını minib getdi. O, yollara baxmayıb gedirdi, çayların dərinliyinə, da­yaz­lı­ğına fikir verməyib dağların uca-alçaqlığına məhəl qoymayıb atını çapırdı. O, bir az gəzib do­laşdı, sonra qızıl mağaraya qayıtdı. Ak-Pöri bayıra çıxıb dedi:

– Hə, necə gedib gəldin, mənim balam?

Oğlan cavab verdi:

– Hara istəyirəmsə, gedə bilərəm.

Ak-Pöri dedi:

– Hər yerə gedə bilirsənsə, onda mənə Tenqere-xanın qızı­nı gətirə bilərsənmi?

Körpə dedi:

– Gətirərəm.

Ak-Pöri ona boş bir tulun1 verib dedi:

– Tenqere-xanın yanına çatan kimi tulunu əlində tutub deyərsən: “Qızına elçi gəl­mi­şəm. Verirsən, yoxsa yox?”

Oğlan getməyə razı oldu. Ak-Pöri dedi:

– Sənin adın qoyulmayıb. Qoy sənin adın Taş-Kuren atlı Aru-Manday olsun.

Aru-Manday Tenqere-xanın yurduna yola düşdü. Ak-Pöri ona belə bir tapşırıq ver­di:

– Tenqere-xanın yanına gedəndə yolda bir dəstə qız görə­cəksən; onlar soruşacaqlar ki, hara gedirsən? Deyərsən ki, Ten­qere-xanın qızına atam üçün elçi gedi­rəm. Qızlar əllərini sənin ayaqlarına çırpıb güləcəklər. Onlardan təkcə biri gülməyəcək, üç dəfə dönüb sənə baxacaq. Bu, elə Tenqere-xanın qızıdır.

Aru-Manday yolda yüz qıza rast gəldi. Onlar soruşdular:

– Sən kimsən?

Aru-Manday cavab verdi:

– Aru-Mandayam.

– Hara gedirsən?

– Tenqere-xanın qızına atam üçün elçiliyə gedirəm.

Bütün qızlar qəhqəhə çəkib gülməyə başladılar, dedilər:

– Mütləq alacaqsan!

Qızlardan təkcə biri gülmədi, üç dəfə dönüb baxdı. Aru-Manday öz-özünə dedi:

– Yəqin elə bu, Tenqere-xanın qızıdır.

O, tulunu əlində saxlayıb Tenqere-xanın yanına yollandı; də­mir örqönün yanına gəlib dəmir axurun yanında atdan düş­dü, rəngi getmiş tulun əlində alaçığa girdi. Ten­qe­re-xan soruşdu:

– Niyə gəlmisən, Aru-Manday?

– Gəlmişəm, qızını atam Ak-Pöriyə istəyəm. Verirsən, yox­sa yox?

Tenqere-xan göy kimi guruldadı, əlindən tulunu alıb başına çırpdı, özünü də ala­çıq­dan çıxartdı. Tenqere-xan Aru-Mandayın huşunu əlindən aldı. Aru-Manday özünə gələndə gördü ki, qızıl mağaranın ağzındadır. Ak-Pöri onun qarşısına çıxıb dedi:

– Hə, nə oldu?

– Təkcə o yadımdadır ki, Tenqere-xan tulunu əlimdən alıb başıma çırpdı. Ala­çıq­dan bayıra atdı, mən də huşsuz halda yerdə qaldım; ayılanda özümü burada gördüm.

Ak-Pöri soruşdu:

– Bəs indi necə? Yenidən ora gedə bilərsən?

Aru-Manday dedi:

– Gedərəm.

O, tulunu yəhərin üstünə aşırıb yenidən yola düşdü. Aru-Manday yenə yolda yüz qıza rast gəldi. Onlar soruşdular:

– Aru-Manday, hara gedirsən?

– Tenqere-xanın qızını atam Ak-Pöriyə istəməyə gedirəm.

– Hə, belə görünür ki, alacaqsan!

Qızlar belə deyib gülüşdülər. Onlardan yalnız biri gülmə­di; bu, Tenqere-xanın qızı idi. Aru-Manday fikirləşdi: “Nə vax­tacan dözəcəyəm, nə vaxtacan tulunu başıma çırpacaqlar? Yax­şı olmazmı ki, elə mən onu burdan tutub aparım, elçilik etmə­yim?” O, əlini uzadıb cada etməyə başladı; göydən ağac­la­rın yarısı boyda qar yağdırdı; günəşi yalnız öz yanında, öz yolunda havanı isitməyə vadar etdi. Tenqere-xanın qızı qarsız yer­də löh­rəmə qaçırdı. O, ipək yapaş1 düzəldib altında otur­muş­du. Aru-Manday gəlib onu atda öz tərkində oturtmaq istə­di. Qız razı olmadı. Oğlan onu məcburən atda oturtdu. Qız soruşdu:

– Məni hara aparmaq istəyirsən?

– İstəyirəm səni atam Ak-Pöriyə ərə verim.

– Məni ağ canavara ərə verməkdənsə, özün alsan yaxşıdır.

– Sən mənə lazım deyilsən, ağ canavarın arvadı olacaqsan.

Qız yalvarıb onu yola gətirməyə çalışdı:

– Məni ağ canavara ərə vermək istəyirsənsə, onda apar böyük bacım Altın-Tana, bir də kürəkənimiz Altın-Kuçkaşla görüşüm.

Aru-Manday dedi:

– Səni ora-bura daşıya bilmərəm, birbaş atam Ak-Pörinin yanına apara­ca­­ğam.

Qız ağlayıb qışqırmağa başladı:

– Aparmırsansa, heç olmasa, qoy onlara atın üstündən ba­xım.

Aru-Manday razı oldu. O, qızı Altın-Kuçkaş ilə Altın-Ta­nanın alaçığına gətirdi. Al­tın-Kuçkaş ilə Altın-Tana onları qarşıladılar. Altın-Tana dedi:

– Bacı, hara gedirsən?

– O, məni zorla aparır, məni Ak-Pöriyə ərə vermək istəyir.

Altın-Kuçkaş ilə Altın-Tana öz oğlanlarını tanıyıb dedilər:

– Mən sənin atanam.

– Mən də sənin ananam.

Aru-Manday da cavab verdi:

– Mən sizi ata-anam kimi tanımıram. Mənim atam Ak-Pöridir, ağ qurd.

Belə deyib atını çapdı. Aru-Manday qızı Ak-Pörinin ya­nı­na gətirdi. Ağ qurd dedi:

– Sən doğulan kimi Erlikin kitabına düşmüşdün, ölməli idin. Sənə yazığım gəldi. Mən Altın-tayqanın qızıl ruhuyam. Səni ölümün cəngindən alıb yedirt­dim. Dağ­la­rı­n ru­hu evlənə bilməz. Bu qız sənin arvadın olacaq. Onu götürüb atan Altın-Kuçkaş ilə anan Altın-Tananın yanına qayıt.

Ak-Pöri bunu deyib qurtaran kimi özü də, qızıl mağara da yoxa çıxdı. Beləcə, Aru-Manday ata-anasının yanına gəldi, qızı da özü ilə gətirdi. Altın-Kuçkaş ilə Altın-Ta­na çox sevindilər, toy etdilər, qıza iki hörük hörüb Altın-Yustükü Aru-Mandaya ver­di­lər. Onlar yeyib-içib şənlik etdilər.

Günlərin bir günündə qara duman qalxdı, qara toz aləmə yayıldı. Kara-quron atlı Kara-matır1 gəlirdi. O, gəlib Aru-Man­dayın alaçığına girdi. Aru-Manday soruşdu:

– Hardan gəlib, hara gedirsən?

Kara-matır dedi:

– Yerin ortasında işıqla qaranlığın arasında Kara-kaan ya­şayır; onun qızı Petek-Kara ərə gedir, gəlmişəm toya çağı­ram. Məni sənin arxanca göndəriblər.

Aru-Manday dedi:

– Səhər gələrəm.

Kara-matır qayıdıb getdi. Altın-Kuçkaş dedi:

– Ora pis yerdir. Adamlarımız o toya gedə bilməzlər. Ora­nın camaatı Erlikə, biz Burxana məxsusuq. Oğlum, getmə, dayan!

Aru-Manday cavab verdi:

– Axı, mən söz vermişəm, getməmək olmaz. Qismətimə öl­mək yazılıbsa, öləcə­yəm, sağ qalmaq yazılıbsa, yaşayacağam.

O, belə deyib yola düşdü. Aru-Manday işıqla qaranlığın arasında yaşayan Kara-ka­anın yanına gedirdi. Zirehin səsini ata-anası yeddi gün eşitdi. O, Kara-kaanın tor­pa­ğı­na gəlib Ka­ra-tayqa dağlarına qalxdı, Kara-kaanın yurduna baxmağa baş­ladı. Kara-ka­a­nın qapısında bir at da görünmürdü. O, başa düş­dü ki, burda bir hiylə var. Aru-Manday Kara-tayqa dağlarının başında dayanıb fikirləşir, qəzəblənirdi: “Niyə belə olsun? Ka­ra-matır dedi ki, Kara-kaan yer üzündəki yetmiş xan ilə yerin altındakı altmış xanı bir yerə yığıb. Amma axurun yanında bir at da yoxdur”. Onun zirehinin gurultusu eşidildi; temir çakıya1 yaxınlaşıb əlində düyə dişli qamçısı Kara-kaanın alaçığına girdi. Kara-kaan qara şiredə oturmuşdu. Aru-Manday soruşdu:

– Hanı sənin bir yerə yığdığın yer üzündəki yetmiş xan ilə yerin altındakı altmış xan? Sənin ərə gedən qızın hanı?

O, Kara-kaanı qamçılamağa başladı. Onun səsi yerin al­tında da, üstündə də eşi­di­lir­di. Kara-kaan dedi:

– Yeyib-içmək istəyirsənsə, alaçığımın yanında üç örqö var, ora get, orada yeyib-içənləri görəcəksən.

Aru-Manday qamçı əlində gedib birinci örqöyə girdi; qa­pının hər iki tərəfində iki ayı bağlanmışdı. Ayılar onun üstünə tullandı. Aru-Manday heyvanların qulağından tu­tub onların boynunu qırdı, dərilərini soyub cibinə qoydu, dedi:

– Bir qoluma çatar!

O biri örqöyə girdi; qapının hər iki tərəfində iki xallı Ka­rakul bağlanmışdı, onu görən kimi üstünə atıldılar. Aru-Man­day onların qulağından tutub bellərini sındırdı, dərisini soyub dedi:

– İndi o biri qoluma da çatar.

O, axırıncı örqöyə girdi; bu örqödə dörd cavan gəlin otur­muşdu. Onlar bir-birinə baxıb dedilər:

– Altın-Kuçkaşın tək bədbəxt oğlu. Yəqin ki, o, bizimlə Erlikin yanına gedə­cək. Altın-Kiçkaş ilə Altın-Tana tək oğul­larına göz yaşı tökəcəklər.

Aru-Manday soruşdu:

– Niyə elə fikirləşirsiniz ki, mən Erlikin yanına gedəcəyəm?

– Bax, indi gecə düşəndə görərsən. Kara-kaan qaranlıqla işığın arasında yaşayır, Erlikə vasitəçilik edir; işıqlı dünyadan adamları aldadıb bura çağırır, qaranlıq dünyaya gön­dərir.

– İndi ki belədir, ay gəlinlər, Erlikin yanına getmiş olsam, məni həmişəlik yadı­nız­da saxlayın.

Aru-Manday bunu deyib ciblərindən ayı dəriləri ilə Kara­kul dərilərini çıxartdı, cavan gəlinlərin üstünə atıb dedi:

– Mənə iki qol tikin! Nə qədər ki, sağam, qollarıma keçi­rə­cəyəm.

Gəlinlər gecənin yarısınadək nəfəs çəkmədən qolları tikdi­lər. Gecə düşdü, yerin altından kurmos, almıs, şulmus1 çıxdı; onların bəzisi musiqi aləti çalır, bəzisi oynayır, bəzisi də oxu­yurdu. Aru-Manday onlarla oynamağa başladı. Üç gün, üç ge­cə oynadılar. Aru-Manday özünə gələndə gördü ki, örqödə heç kim yoxdur, öz-özünə oynayır. Oradaca and içdi ki, dörd cavan gəlini Erlikdən xilas etməsə, adı ona haram olsun. Aru-Man­day örqödən çıxdı, gördü ki, Altın-Kuren dəmir axurun yanındadır. O, atını minib cəhənnəmin ağzına atıldı. Ayılanda gördü ki, qaranlıq bir yerdədir, burada nə ay, nə də günəş görünür. O, yəhərə çatan dərin bir cığırla gedirdi.

Bundan sonra Çoltoşun sərbəst hekayəsi başlayır:

Aru-Manday naxoş adamların ruhunun getdiyi yol ilə gedirdi. İnsan bərk xəstələnəndə ruhu irəli getdikcə, gedir. Sa­ğalırsa, ruhu həmin yolla geri qayıdır. Bu yolda yanında həmi­şə boran, şaxta olan kötük var. Kötüyə çatanda Aru-Manday qı­zıl ququ quşuna çevrildi, qovağın başına qonub oxumağa başladı. Bütün kurmoslar, ölülərin ruhu başına yığışdı. Dörd cavan gəlin də burada idi. Aru-Mandayın mis qamçısı vardı; qamçı vurulanda ondan qığılcımlar sıçrayıb odlu yağış yağırdı. O, qamçını vurdu, qığılcım yağışı yağdı, bütün kurmoslar, ölü­lərin ruhları yoxa çıxdı. Amma o, dörd cavan gəlini tutub sax­laya bildi. Onları iki cüt sırğaya döndərib cibinə qoydu. Sonra gedib Erlikin yanına çatdı, onun əl-ayağını bağlayıb çarmıxa çəkdi, itburnu çubuqları ilə döyməyə başladı.

Aru-Manday qıl körpüdən keçdi. Qara kötüyün ətrafı qum dumanına bürünmüş­dü. O yolu yarı etmişdi ki, ucu bilinməyən dəmir qovaq gördü. Aru-Manday silkinib qızıl ququ quşuna çev­rildi, qovağın başına qonub oxumağa başladı. Erlik-biyin bütün adamları yığışıb dedilər:

– Günçıxanda oxuyan ququ quşunu dinləmək lazımdır.

Qara camaat ot-ələfdən çox idi; dörd cavan gəlin başqaları ilə gəldi. Aru-Manday qo­va­­ğın başından yerə uçub dedi:

– Salam, gəlinlər!

O, dörd gəlini qızıl üzüyə çevirib yer üzünə qayıtdı, evə yollandı, dedi:

– Sumer-Ulan-tayqam, Sutter-kolerim1.

O, belə deyib gölə düşdü. Sutter-kolun suyu çirkləndi, qurudu. O, Sumer-Ulan-tayqaya girdi, oradan üzüaşağı yuvar­landı, Sumer-Ulan-tayqa his kimi qaraldı. Aru-Manday ardıc kolunu tüstülədib evə getdi. Mal-qara, arka yon sağ-salamat idi, adamlar onu salamlayırdı, deyirdilər:

– Yaman yerdən qayıtdı.

Tayfa-qəbilələr, mal-qara geri qalıb onunla görüşdü:

– Ezen! Mendu!

Ata-anası ona qapıdan baxıb deyirdilər:

– Aru-Manday Erlikin yanından gəlib, təəccüblüdür ki, təmiz qayıdıb.

Onların səs-küyü ətrafa yayılmışdı. Aru-Manday gəlib qızıl axurun yanında atdan düşdü, dedi:

– Aldığım, yarım.

Gurultu qopdu. Temir-Mize gəlib atdan düşdü, dedi:

– Salam, yestem!

O, əl verib görüşdü, dedi:

– Yestem sağ-salamat, təmiz qayıdıb.

İndi onlar bütün camaatı yığıb dəvə kimi yağlı heyvanlar kəsdilər, tayfalar, ca­ma­at şənlik qurub bayram etdilər. Aru-Man­day qanını qaraltmadı, müharibəyə getmədi. Onlar qırx bur­xanın ocağı başında, otuz burxanın törəsində oturub bayram etdilər.

Çoltoşun daha bir əlavəsi:

Erlikin cəhənnəmində olan Aru-Manday təmizlənməli idi. O, Ak-sut koldə yuyundu. Göldəki süd bundan sonra çirkləndi, rəngi bulandı. Sonra o, Sumer-Ulan-tayqa dağlarından aşağı yu­varlandı. Dağların yanları meşə yanğınından çıxmış kimi qap­qa­ra oldu. Ona görə də Aru-Manday bir də ardıc kolunu tüstülətdi.



MANI
Manının1 yeddi oğlu vardı. Böyük oğlu porsuq, o biri mıy2, sonra irbis3, sonra ulu4, teken5, bar6, bir də kara-qula7. Buna görə də Manı insan görəndə qorx­mur­du, deyirdi:

– Yeddi oğlum var, mənə nə edə bilərlər?

Qardaşlardan biri dedi:

– Bu gün azık8 tapmaq, ət yemək lazımdır. Budur, may­qak9 balası ilə yatıb. Bu gün onu tutmaq lazımdır.

O biri qardaşlar dedi:

– Sən hamıdan güclüsən. Get, tut.

Porsuq ayağa qalxıb dedi:

– Ay uşaqlar, dayanın! Mən sizdən böyüyəm, mən gedim.

O, üst-başını çırpıb dayandı, qarşısına baxmağa başladı:

– Uşaqlar, deyəsən, kürəyimdə yun var?

Ona cavab verdilər:

– Kürəyində yun ağarır.

O bir dəfə də silkinib soruşdu:

– İndi gözlərim necədir?

Ona cavab verdilər:

– İki gözün Çolmon ulduzu kimi qığılcım saçır.

Porsuq oğrun-oğrun getməyə başladı, o tullanıb ana maralı qucaqladı. Ana maral yerindən sıçrayıb onu ayağı ilə vurdu. Oboyqon10 özündən gedib yıxıldı. Kara-qula yaxınlaşdı:

– Bu azıkı yesəydik.

O, belə deyib onu tutmaq istədi, tuta bilmədi.

O da ana maraldan ayaq zərbəsi alıb huşunu itirdi. Kara-qula dedi:

– Qoy, bütün nəsillərin, xalqların dilində kuçin1 olsun. Qoy, kurt-konqusa gücün çatsın, başqasına çatmasın.

Kara-qula belə deyib onun alnında dırnağı ilə yazdı (çiib idi).

O vaxtdan bəri porsuğun alnında qaşqası var. Bundan son­ra yeddi qardaş dedi:

– Bundan belə hər birimiz ayrıca yaşayacağıq.

Altı qardaş dedi:

– Biz hər birimiz özümüzü təkbaşına yedirə bilərik.

Pişik dedi:

– Bəs mən necə yaşayacağam?

Kara-qula dedi:

– Get, insanların içində yaşa. Bundan başqa əlacın yoxdur.

O vaxtdan bəri pişik insanlar arasında yaşamağa başlayıb.


ARQAÇİ İLƏ KUÇEÇI
Kurmöslər Tas-xanın qızının canını almağa gedirdilər. Yed­di çay qovşağında onların qarşısına Arqaçi çıxdı. Kur­mös­lər ondan soruşdular:

– Sən kimsən?

– Mən Arqaçiyəm, hələ dünən ölmüşəm.

Arqaçi də öz növbəsində onlardan soruşdu:

– Bəs siz kimsiniz?

Onlar cavab verdilər:

– Biz kurmöslərik, Tas-xanın qızının canını almağa gedirik.

– Məni də yoldaşlığa götürün.

Kurmöslər dedilər:

– Gedək!


Onlar hamısı birlikdə Tas-xanın xəstə qızının yanına gəl­dilər. Kurmöslər xəstənin burnunu qamışla qıdıqlamağa başla­dılar. O qaqqıldadı. Kurmöslər dedilər:

– Oş kap!1

Arqaçi dedi:

– Taş kap2!

Buna görə də kurmöslər qızdan syu ne3 ala bilmədilər. Kur­möslər dedilər:

– Sən niyə belə dedin?

– Bəs necə demək lazımdır?

– Koş kap de!4

Arqaçi dedi:

– Oş kap!

Syune bədəndən sıçrayıb çıxdı, kurmöslər onu apardılar ki, ondan tını alsınlar. Kurmöslər onunla asta-asta gedirdilər, onların ayağının altında su şırıldamırdı, Arqaçi gedəndə su şırıldayırdı. Onlar soruşdular:

– Niyə ayağının altında su şırıldayır?

Arqaçi cavab verdi:

– Bəs necə? Axı mən hələ bu günlərdə ölmüşəm. Buna görə də su şırıldayır.

Arqaçi gizlicə qum götürüb kurmöslərin ayağının altına atdı, soruşdu:

– Bəs sizin ayağınızın altında niyə su şırıldayır?

Kurmöslər fikirləşdilər:

– Su ayağımızın altında şırıldayırsa, onda Arqaçinin ayağının altında da şırıl­da­ma­lıdır.

Arqaçi kurmöslərdən soruşdu:

– Sizin bu dünyada qorxduğunuz nədir?

Kurmöslər dedilər:

– Biz bu dünyada teqenekdən, tolonodan qorxuruq. Bəs sən nədən qorxursan?

– Oo, mən təkcə yağ qabarcıqlarından, bir də qurut topa­larından qorxuram.

Növbə Arqaçiyə çatanda o, Tas-xanın qızının syunesini aparmağa başladı. Arqaçi sıx itburnu, yemişan kollarının ara­sına girib oradan çıxmadı. Kurmöslər Arqaçini heç cür kolların arasından çıxara bilmədilər. Onlar yağ qabarcıqları ilə qurut topaları gətir­di­lər, Arqaçiyə atmağa başladılar. Arqaçi guya qorxurmuş kimi “Uy” deyib qışqırır, o biri tərəfə keçirdi. Kur­möslər o tərəfdən qurut topaları atırdılar, yenə də Arqaçi guya qorxurmuş kimi “Uy” deyib əvvəlki yerinə keçirdi. Kurmöslər bunları Arqaçiyə atdılar, atdılar, axırda onu kolların arasında qoyub çıxıb getdilər.

Arqaçi syuneni Tas-xana gətirib dedi:

– Xəstə qızını mənə ərə versən, onu sağaldaram.

Xan razı oldu. Arqaçi syuneni xəstənin bədəninə qoyub onu sağaltdı. Karatı-xan eşit­di ki, adaxlısını Arqaçiyə ərə ve­rirlər. O, Arqaçini bom1da yandırmağı əmr etdi. Arqaçinin əl-qolunu bağladılar, kollarla örtüb uzatdılar. Arqaçi onun yan­dırılması əmr olunmuş adamlara dedi:

– Mən belə odunların üstündə yanmaram. Siz məni arçin-korçin ilə örtsəniz, hə, onda yanaram.

Həmin adamlar ardıc kolu gətirməyə getdilər. Karatı-xanın bir çəpgöz oğlu vardı. Oğlan əli-qolu bağlı Arqaçiyə yaxınlaşıb soruşdu ki, niyə o, kollara bürünüb uzanıb? Ar­qaçi əvvəlcədən gözünün birini qıymışdı, buna görə də ona belə cavab verdi:

– Uzanmışam ki, gözümü sağaldam.

Karatı-xanın oğlu soruşdu:

– Məgər bu, kömək edir?

Arqaçi cavab verdi:

– Bəs necə.

Oğlan dedi:

– Onda qoy mən sənin yerinə uzanım, mənim də gözüm çəpdir.

Arqaçi dedi:

– Zil qara yorğa atını, tülkü dərili papağını mənə versən, öz yerimi sənə verərəm.

Karatı-xanın oğlu atını, papağını Arqaçiyə verib onun yerinə uzandı, nökərləri onu yandırdılar.

Arqaçinin arvadı ölmüşdü. O, sağ adam kimi onu oturdub əlinə sap vermişdi, gu­ya yumaq edirdi, yanına da iki torba kö­mür qoyub xanın obasına gedib deyir ki, guya o, tacirdir, cür­bəcür mallar satır. Xanın üç qızı bunu eşidib mallara baxmağa tələsirlər. Ar­qa­çi onlara deyir:

– Ey, siz mənsiz ora getməyin. Arvadım qorxaqdır, mənsiz ölə bilər, mallar da kö­­mü­rə çevrilər.

Qızlar onu dinləməyib yüyürə-yüyürə malların olduğu ye­rə qaçdılar. Onlar gəlib gördülər ki, Arqaçinin arvadı oturub sap dolayır. Onlar salam verdilər. Ölü qadın susdu. Qızlar ba­xıb gördülər ki, o, ölüb, mallar da kömürə çevrilib. Arqaçi ağ­lamağa başladı, xana şikayət etdi ki, qızlar onu dinləməyib qa­baqda gediblər, arvadı da onları görüb qorxusundan ölüb, mal­lar da kömürə çevrilib. Xanın ona rəhmi gəldi, ona icazə ver­di ki, xanın üç qızından birini seçib özünə arvad etsin, onun­la evlənsin, malın haqqını da ödədi.



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin