TÜrklüK ÇAĞDAŞliq



Yüklə 1,77 Mb.
səhifə6/16
tarix31.01.2017
ölçüsü1,77 Mb.
#6973
1   2   3   4   5   6   7   8   9   ...   16
Müsavatçılıq – böyük Türk kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cum-huriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənse-vərliyidir.

Proqramda ən mühüm yeniliklərdən biri “Milli təsanüd” prinsipinin qəbulu olmuşdur. Bu ideoloji prinsipin mahiyyətini ümumi şəkildə aşağıdakı kimi ifadə etmək olar:



Milli təsanüd (həmrəylik, solidarizm) – cəmiyyəti siniflərə bölməmək, sinfi mübarizəni rədd etmək, fərdiyyətçiliklə kollektivçiliyi uzlaşdıran orta mövqeyi qorumaq prinsipidir.

Əgər bu dövrə qədər Müsavat partiyasında “solçu” meyl (xalqçılıq, ilk növbədə zəhmətkeş təbəqənin mənafeyini müdafiə etmək, iri sənayenin milliləşdirilməsi trərəfdarı olmaq və s.) daha güclü olmuşdusa, Milli təsanüd prinsipi qəbul olunduqdan sonra partiya “sağ”a meyllənərək mərkəzçi mövqe tutmuşdur. Bu meyllənməyə təbii ki, bolşeviklərin iqtisadi islahatlarının fəsadlrı da öz təsirini göstərmişdir.

1920-ci illərin əvvəllərindən milli düşüncəli Azərbaycan kommunistləri (“Milli təmayülçülər”) də Sovet hakimiyyətinin müstəmləkəçilik, milli ayrıseçkilik, ruslaşdırma, antitürk və s. mürtəce siyasətinə biganə qalmamış, bu siyasətə qarşı ciddi çıxışlar etmişlər. Milli təmayülçülər hakimiyyət tərəfindən partiya sıralarından xaric edilir, həbs və sürgünə məruz qoyulur, hətta sui-qəsd (zəhərləmə və s.) nəticəsində öldürülürdü. 1920-ci illərdə minlərlə milli düşüncəli Azər-baycanlı “təmizləmə” siyasəti nəticəsində partiya orqanlarından xaric edilmişdir. N.Nərimanovun da məhz milli düşüncəsinə görə sui-qəsd nəticəsində öldürüldüyü ehtimal edilir.

1925-ci ildə türk xalqlarının birləşib SSRİ-dən ayrılması uğrunda mübarizə aparan gizli təşkilat da yaranmışdır. Buraya müsavatçılar, millətçi kommunistlər və b. müxalif qüvvələr qo-şulmuşdur. S.M.Əfəndiyev (1887-1938), D.Bünyadzadə (1888-1938), R.Axundov (1897-1938), M.Quliyev, B.Çobanzadə (1893-1937), Q.Qubaydilin (1887-1937), Z.Zakirov və b. bu təşkilatın üzvü olmuşdur. Ə.Haqverdiyev, Ə.Cavad (1892-1937), M.Baharlı (1896-1937), T.Şahbazi (1892-1937) kimi yazarlar da bu təşkilatla fəal əməkdaşlıq etmişlər (3.114, s.292).

1926-cı ildə Bakıda I Türkologiya Qurultayı keçirilir. Bu, türkologiya elminin inkişafında mühüm addım idi. Lakin təsadüfi deyil ki, qurultayda Azərbaycandan iştirak edən 16 nümayəndədən 15-i sonradan repressiya qurbanı olmuşdur.

1934-cü ildə “yeni millətçilər”in lideri R.Axundovun başçılığı ilə “Azərbaycan milli təşkilatı” yaradılır. Təşkilatın məqsədi sovet rejiminə qarşı digər qüvvələrlə birgə silahlı üsyan edib SSRİ-ni dağıtmaq və şimallı-cənublu, bütöv, burjua-demokratik Azərbaycan respublikası yaratmaq idi. Bu təşkilatla “Trotskiçilər” arasında blok (“Qarber-Axundov" müqaviləsi) da yaradılır. Bu bloka “milli təmayülçü”lər, müsavatçılar, “ittihadçı”lar, “türkçü”lər, yaradıcı ziyalılar və b. da qoşulur (3.114, s.293-294).

ÜK(b)P MK-nin 1937-ci il plenumunda İ.Stalin “sosializm inkişaf etdikcə sinfi mübarizənin güclənməsi” tezisini irəli sürməklə milli azadlıq uğrunda mübarizə aparan qüvvələrə qarşı amansız mübarizədə özünə əsas yaradır. Stalinin başçılığı ilə antisovet milli təşkilatları aşkara çıxarılır, üzvləri öldürülür, həbs və sürgünlərə məruz qoyulur. 1937-38-ci illərdə ümumilikdə 200 mindən çox azərbaycanlı repressiyalara məruz qalmışdır. Onlardan 29 mini məhz ziyalı təbəqəsinin nümayəndələri olmuşdur. Bu ziyalıların siyahısına Hüseyn Cavid (1882-1941), Əhməd Cavad (1892-1937), Mikayıl Müşfiq (1908-38), Y.V.Çəmənzəminli (1887-1943), T.Şah-bazi (1892-1937), S.Hüseyn (1887-1938), S.Qənizadə (1866-1937), S.Mümtaz (1884-1941), H.Sanılı (1878-1937), M.Baharlı (1896-1937) və b. milli yazarlar və alimlər, R.Axundov (1897-1938), D.Bünyadzadə (1888-1938), S.M.Əfəndiyev (1887-1938), Ə.H.Qarayev (1896-1938), Q.Musabəyov (1888-1938), H.Sultanov (1889-?), Ç.İldırım (1890-1938) və b. siyasi xadimlər, Q.Vəzirov (1899-1937), C.Əliyev (?-1937), M.Talıbzadə (1902-1938) və b. hərbçilər daxildir.

Bu təqib və repressiyalar ikinci dünya müharibəsindən sonra da müəyyən səviyyədə və formada davam etdirilmişdir.

Bütün bunlarla yanaşı SSRİ yarandıqdan (dekabr, 1922) sonra qeyri-rus xalqları, o cümlədən Azərbaycan türkləri Çar Rusiyası dövrü ilə müqayisədə müəyyən üstünlüklər də əldə etmişdi. Bu üstünlüklərə respublikaya malik olma, kütləvi savadsızlığın ləğvi, orduda xidmət, ana dilində orta və ali təhsil, ədəbi dilin formalaşması və s. aid etmək olar. Xalqımızın bu nailiyyətləri əldə etməsinin bir səbəbi sovet hakimiyyətinin imperiyanı qorumaq üçün apardığı siyasət (mütərəqqi qüvvə kimi özünü dünyaya təqdim etmək, “gözdən pərdə asmaq” siyasəti) idisə, bir səbəbi də öncə formalaşmış Azərbaycan milli hərəkatı və onun nəticəsi kimi 2 il yaşamış AXC-nin mövcud olması idi.

Sovet hakimiyyəti xalqlara bu milli haqları versə də, onların bir çoxu formal xarakter daşımış, müstəmləkəçilik siyasəti başqa formada davam etdirilmişdir. Belə ki, xalqlarda milli azadlıq hərəkatının qarşısını almaq və milli şüuru öldürmək üçün totalitar rejim yaradılmış, keçmiş hərəkatçılara və milli düşüncəli ziyalilara qarşı təqib və repressiyalar həyata keçirilmiş, elm və təhsil əsasən rus dilinin inhisarında saxlanılmış, tədricən qeyri-rus əhalinin də rusdilliləşdirilməsi (assimilyasiya) siyasəti aparılmış, xalqların etnik və dövlətçilik tarıxi saxtalaşdırılmış, türk xalqlarının üzərindən “türk” adı götürülmüş, bir çox milli adət-ənənələr sıxışdırılmış, elm tutumlu aparıcı sənaye sahələri (iri maşınqayırma, elektronika və s.) əsasən Rusiyanın mərkəzi bölgələrində yerləşdirilmiş, digər respublikalar isə əsasən kənd təsərrüfatı məhsulları və xammal mənbəyinə çevrilmişdir. Bütün bu siyasət sosialist ideyaları ilə məharətlə pərdələnmişdir.

İkinci Dünya Müharibəsi dövründə də həm ölkə daxilində həm də mühacirətdə olan hərəkatçılar Azərbaycanın azadlığı uğrunda mübarizəni davam etdirmişlər. 1930-cu illərin repressiyaları milli hərəkata böyük zərbə vursa da, digər tərəfdən rejimə qarşı nifrəti daha da artırmış və antisovet fəaliyyəti gizli şəkildə davam etmişdir. Bu fəaliyyətdə gizli tələbə təşkilatları xüsusi yer tutmuşdur. 1941-ci ildə tələbə Süleyman İsgəndərovun başçılığı ilə millətçi antisovet qrup yaradılmışdır. Bu qrup tezliklə aşkara çıxarılmış və fəalları güllələnmişdir. 1943-cü ildə tələbə Gülhüseyn Hüseynoğlunun (Abdullayev) (1923) təşəbbüsü ilə gizli “İldırım” təşkilatı yaradılmışdır. Bu təşkilat Sovet hökumətinin milli siyasətinə qarşı təbliğat aparmışdır. İsmixan Rəhimov, Hacı Zeynalov, Aydın Vahidov və b. bu təbliğatda fəal iştirak etmişlər. 1944-cü ildə Bakının Sabunçu qəsəbəsində bir qrup gənc fəhlənin rejimə qarşı gizli beynəlmiləl təşkilat yaratdığı da məlumdur (3.114, s.353).

Müharibədə bolşevizmin mütərəqqi ideyalara xidmət etdiyinə inanan və onu faşizmdən üstün tutub sovet dövləti üçün səmimi döyüşən azərbaycanlılarla yanaşı SSRİ-nin dağılmasını və Azərbaycanın azadlığını istəyən azərbaycanlılar da vardı ki, Almaniya tərəfindən döyüşmək üçün qəsdən əsir düşürdülər. Onlar Almaniyanın qələbəsindən sonra SSRİ-nin dağılacağına və Azərbaycanın müstəqillik əldə etməsinə şərait yaranacağına inanırdılar. Müharibənin ilk illərində Pribaltikada almanlar tərəfə keçmiş hərbi mütəxəssis mayor Əbdürrəhman Fətəlibəyli Düdənginski (1908-1954) də belə şəxslərdən idi.

Müharibənin ilk aylarında 3.6 milyon sovet döyüşçüsü, o cümlədən 150 min azərbaycanlı almanlara əsir düşmüşdü. Sovet ordusu tərəfindən əsir düşmüş müsəlmanların, o cümlədən azərbaycanlıların Almaniya tərəfindən döyüşməsində Hitler maraqlı idi. Hətta Hitler Qafqaz və Volqadakı uğur-suzluqlardan (1943-cü ilin əvvəlləri) sonra türk xalqlarının yaşadığı Türküstan əyalətinə özünüidarəetmə hüququnun veriləcəyini vəd etmişdi.

1941-ci ilin payızında Azərbaycan mühacirləri ilə da-nışıqar aparmaq üçün Almaniya Xarici işlər Nazirliyi tərəfindən M.Ə.Rəsulzadə Almaniyaya dəvət olunur. Danı-şıqlarda Azərbaycan siyasi mühacirləri 12 bəndlik me-morandumda öz mövqelərini bildirirlər. Memorandumda azərbaycanlıların hərbi əsir düşərgəsindən azad edilməsi, onların mülki işlərdə işlədilməsi, Azərbaycan ordusunun yaradılması, ordu başçılarının azərbaycanlılardan olması, Azərbaycanlıların yalnız Şərq cəbhəsində vuruşması, Azər-baycan ərazisinə ilk olaraq milli ordunun daxil olması və b. şərtlər öz əksini tapmışdı.

1941-ci ilin dekabrında Hitler Qafqaz müsəlmanlarından ibarət hərbi hissələr yaradılması haqqında əmr verir. Tərkibində 7 min azərbaycanlı olan bu hərbi hissələr 1942-ci ilin yayında Qafqaz cəbhəsində sovet ordusuna qarşı vuruşmuşdur.

1943-cü ilin yazında Berlində Milli Azərbaycan Komitəsi təşkil olunur. Bu komitə Azərbaycan mühacirlərinin tələblərini Almaniya dövlətinə qəbul etdirmək üçün fəaliyyət göstərirdi. Lakin Almanların gələcəkdə türk xalqlarına, o cümlədən Azərbaycan türklərinə müstəqillik verməyəcəyini başa düşən M.Ə.Rəsulzadə 1943-cü ilin avqustunda Azərbaycan legionu qarşısında çıxışında Almaniyanın işğal etdiyi ərazilərdə heç bir xalqa azadlıq verməyəcəyini qeyd edir. Bundan sonra Hitler M.Ə.Rəsulzadənin ölkəni tərk etməsinə göstəriş verir.

Azərbaycan mühacirlərinin bir hissəsi isə alman hökuməti ilə əlaqəni davam etdirir. 1943-cü ilin noyabrında həmin mühacirlər tərəfindən Milli Azərbaycan Komitəsinin qurultayı keçirilir. Qurultayın qərarında türk xalqlarının azadlığı üçün Almaniya ilə birgə bolşevizmə qarşı mübarizənin lazım olduğu qeyd olunur. Bu mövqe Almaniyanı qane edir. 1943-cü ilin payızında Ə.F.Düdənginskinin başçılığı ilə mühacir Azər-baycan hökuməti (Fuad bəy Əmircan (müavin), İsrafil bəy İsrafilbəyov, professor Cabbar Əliyev və b. ibarət) yaradılır. Almaniya hökuməti mühacir hökumətini tanıyır. Mühacir Azərbaycan Hökuməti 1944-cü ilin axırlarına qədər fəaliyyət göstərmişdir.

Azərbaycan legionu müharibənin sonlarında Cənubi Faransa və Şimali İtaliya istiqamətində döyüşmüş, müharibə qurtardıqdan sonra isə ayrı-ayrı ölkələrin ərazilərinə da-ğılmışdır. Vətənə qayıdan legionerlər isə təqib və sürgünlərə məruz qalmışlar.

Müharibədən qalib çıxmış SSRİ-nin nüfuzu dünyada xeyli artır. Onun tezliklə dağılacağını gözləyənlərin inamı özünü doğrultmur. Bu vəziyyət milli azadlıq hərəkatına da öz təsirini göstərir. Lakin rejimə qarşı fəaliyyət müəyyən gizli formalarda yenə də davam etdirilir.

Müharibədən sonrakı illərdə xüsusən ruslaşdırma siyasəti güclənir. Belə ki, məktəblərin Azərbaycan bölmələrində rus dili saatlarının sayı artırılır, tədricən elm və tədris tamamı ilə rus dilinin inhisarına verilir, rus dili yeganə ünsiyyət dilinə çevrilirdi (xüsusən də Bakı şəhərində). Son məqsəd isə qeyri-rus xalqlarını tamamı ilə ruslaşdırmaq idi. Hətta sovet hökuməti tərəfindən ali məktəblərdə tədris dili kimi yalnız rus dilindən istifadə olunması haqqında yeni qanunun qəbulu da nəzərdə tutulurdu. Bu isə milli respublikalarda, o cümlədən Azərbaycanda ciddi etirazla qarşılanmış və bu etirazlar nəticəsində sovet hökuməti bu qanunun qəbulunu dayan-dırmağa məcbur olmuşdur. 1956-cı ildə isə Azərbaycan SSR-in konstitusiyasına ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili olması haqqında bənd əlavə edilmişdir.

1957-ci il, mayın 28-də AXC-nin ildönümü münasibəti ilə gizli hərəkatçılardan olan Cahid Hilaloğlu (Şirinov) (1928-91) tərəfindən Bakıda Qız Qalası üzərində üçrəngli Azərbaycan bayrağının dalğalandırıldığı da məlumdur. C.Hilaloğlu bu hərəkətinə görə 10 il həbsə məhkum edilmişdir.

Stalinin müharibədən sonrakı hakimiyyəti illərində türk xalqları, o sıradan Azərbaycan türkləri kütləvi deportasiya və köçürmə siyasətinə məruz qalmışdır. Məqsəd isə türk xalqlarını ayrı-ayrı ərazilərə səpələmək və yox etmək idi. 1948-53-cü illərdə Qərbi Azərbaycandan 100 mindən çox Azərbaycan türkü deportasiya edilmişdir. Bu isə tarixi türk torpaqları olan Qərbi Azərbaycan ərazisində türk əhalinin mövqeyinin zəifləməsində və ermənilərin həmin ərazidə möhkəmlənmə-sində həlledici rol oynamışdır.

Sovet hakimiyyətinin II Dünya Müharibəsindən sonrakı dövründə Azərbaycanda milli düşüncə və milli azadlıq ideyası Mirzə İbrahimov (1911-93), Bəxtiyar Vahabzadə (1925-2009), Şıxəli Qurbanov (1925-67), Xəlil Rza Ulutürk (1932-94), Tofiq Bayram (1934-91), Nəriman Həsənzadə (1931) və b. yazarlar və siyasi xadimlər, Ramazan Qurbanov (1916-1982), Xudu Məmmədov (1927-1988), Məhəmməd Hatəmi (1935), Əbülfəz Elçibəy (1938-2000) və b. ziyalılar tərəfindən yarıgizli şəkildə olsa da yaşadılmış və inkişaf etdirilmişdir. Bu dövrdə MMD-imiz uğrunda rejiminin şovinist siyasətinə qarşı fədakarcasına mübarizə aparan milli düşüncəli ziyalılarımız təqib və təzyiqlərə, hətta sui-qəsdlərə məruz qalmışlar. Ə.Elçibəy 1975-76 illərdə antisovet fəaliyyətinə görə həbsdə olmuşdur.

İkinci Dünya Müharibəsindən sonra Türkiyə və bəzi Avro-pa ölkələrində yaşayan Azərbaycan mühacirləri sovet imperi-yası tərkibində olan digər xalqların mühacirləri ilə əlaqəli şəkildə antisovet fəaliyyətini davam etdirmişlər. M.Ə.Rə-sulzadənin vəfatından sonra mühacir Müsavat partiyasına M.B.Məmmədzadə (1955-59), Kərim Odər (1959-81) və Mə-həmməd Azər Aran (1981-92) başqanlıq etmişdir. Bu dövrdə Türkiyədə Müsavat partiyasından başqa onunla əlaqəli mühacir Azərbaycan Milli Mərkəzi Azərbaycan Kültür Dərnəyi də fəaliyyət göstərmişdir. Bu təşkilatlar milli ideyaları yaşatmış və təbliğ etmiş, Avropadakı antisovet tədbirlərində iştirak edərək Azərbaycan siyasi mühacirətini təmsil etmişlər.

Hələ 1924-cü ildə İstanbulda M.Ə.Rəsulzadə tərəfindən yaradılmış Azərbaycan Milli Mərkəzinə 1955-59-cu illərdə M.B.Məmmədzadə, 1959-76-cı illərdə Əbdülvahab Yurd-sevər, onun vəfatından (1976) sonra isə Müsavat başqanları K.Odər və M.A.Aran rəhbərlik etmişlər.

1949-cu ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə yaradılmış Azərbaycan Kültür Dərnəyinin isə ilk başqanı Həmid Ataman olmuşdur. 1955-2005-ci illərdə dərnəyə Müsavat liderlərindən olan Əhməd Qaraca başçılıq etmiş, 2005-ci ildən bu günədək isə dərnəyə Cəmil Ünal başçılıq edir.

İkinci Dünya Müharibəsindən sonra Ə.F.Düdənginski, C.Hacıbəyli, Ə.A.Şeyxülislam və b. mühacirlər isə bir müddət “Azərbaycan Milli Birlik Məclisi” adlı mühacir təşkilatında fəaliyyət göstərmişlər. Bu təşkilat Visbaden (noyabr, 1951) və Münhen (oktyabr, 1952) konfranslarında iştirak etmişdir. Bu konfranslar antisovet xarakterli olsa da, onun Qərbdən maliyyələşən təşkilatçıları – keçmiş rus burjua inqilabçıları (Kerenski (1881-1970) və b.) rus imperiyasının bütovlüyünü müdafiə etmiş və onun tərkibində olan qeyri-rus xalqlarının müstəqilliyini tanımamışlar. Ona görə də bu konfranslarda yaradılan təşkilatlar da tezliklə parçalanmış və fəaliyyətini dayandırmışdır (1.36).

İkinci Dünya Müharibəsindən sonrakı dövrdə Türkiyə və Avropa ölkələrində yaşamış mühacir Azərbaycan ziyalıları tərəfindən Azərbaycandakı ictimai-siyasi proseslər daim izlənmiş, milli ideyalar yaşadılmışdır. Azərbaycan mühacirləri (M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Kərim Odər (1901-1981), Məhəmməd Azər Aran (1911-1993), Əbdülvahab Yurdsevər (1898-1976), Hüseyn Baykara (1904-1984), Ə.F.Düdənginski, Ceyhun Hacıbəyli (1891-1962), Əhməd Qaraca (1929-2005), Məhəmməd Kəngərli (1914-2006), Nağı Şeyxzamanlı (1883-1967), Süleyman Təkinər (1917-2006), Məcid Musazadə (1914-1990), Əhməd Cəfəroğlu (1899-1975) və b.) mətbuat səhifələrində mütəmadi olaraq sovet imperiyasını ifşa edən və Azərbaycanın azadlığını tərənnüm edən yazılarla çıxış etmiş, həmçinin milli-ideoloji mövzuda dəyərli əsərlər də yaratmışlar. Mühacirət mətbuatında Ankarada nəşr olunan “Azərbaycan” dərgisi (1952) xüsusi yer tutmuşdur.

XX əsrin 80-ci illərində SSRİ-nin süqutunun başlanması ilə müstəmləkə respublikalarda, o cümlədən Azərbaycanda milli azadlıq hərəkatı formalaşmağa başladı və onilliyin axırlarında təşkilatlanma mərhələsinə qədəm qoydu. İlk ictimai təşkilatlar (“Yurd”, “Çənlibel”, “Varlıq”, Azərbaycan Xalq Cəbhəsinin (AXC) təşəbbüs qrupu və s.) 1987-ci ilin sonu, 1988-ci ilin əvvəllərində yaranmağa başladı. İlk etiraz aksiyaları da 1988-ci ilin əvvəllərindən keçirilməyə başladı və davamlı xarakter aldı. Həmin dövrdən başlayaraq ermənilərin Azərbaycana qarşı qaldırdığı ərazi iddiaları, Ermənistanda və Qarabağda erməni silahlılarının sovet ordusunun və sovet rəhbərliyinin dəstəyi ilə Azərbaycan türklərinə qarşı apardığı silahlı hücumlar, etnik təmizləmə əməliyyatları Azərbaycanda sovet rəhbərliyinə qarşı etirazları daha da coşdururdu.

1988-ci il, noyabrın 17-də Bakıda indiki “Azadlıq” (o vaxtkı “Lenin”) meydanında ilk kütləvi mitinq keçirildi. Mitinqdə erməni təcavüzünə və sovet rəhbərliyinə qarşı sərt şüarlar səsləndi, meydanda ilk dəfə üçrəngli Azərbaycan bayrağı dalğalandırıldı. Etirazçılar dekabrın 4-ə kimi meydanı tərk etmədilər. Həmin gün axşam güc strukturlarının köməyi ilə mitinq dağıdıldı, mitinqçilərin bir hissəsi həbs edildi. Lakin etiraz aksiyaları və tətillər növbəti aylarda Bakıda və bölgələrdə yenə də davam etdi. 17 noyabr tarixi sonradan milli dirçəliş günü kimi qəbul edildi.

1989-cu il, iyulun 16-da Azərbacan Xalq Cəbhəsi (AXC) rəsmən təsis edildi və Əbülfəz Elçibəy onun sədri seçildi. AXC ona qədər yaranmış təşkilatları və milli düşüncəli ziyalıları özündə birləşdirməklə milli azadlıq hərəkatının avanqardına çevrildi. AXC-nin sədri Ə.Elçibəy milli azadlıq hərəkatının lideri olmaqla yanaşı həm də dövrün milli ideoloqu idi. Onun milli ideya və görüşləri “Türk dili və rus imperiya siyasəti” (1996), “Fars şovinizmi” (1997) və b. əsərlərində, çoxsaylı məqalə və çıxışlarında öz əksini tapmışdır.

AXC-nin qəbul etdiyi nizamnamənin “Ümumi prinsiplər”ində deyilir: “AXC müstəqil, vahid, demokratik Azərbaycan uğrunda mübarizə aparan şəxsləri və qurumları birləşdirən ictimai-siyasi təşkilatdır. ...AXC müsavatçılıq ideyalarına, Azərbaycan Demokratik Respublikasının dövlət quruculuğu ənənələrinə və M.Ə.Rəsulzadənin qaldırdığı Azərbaycan milli bayrağında əksini tapmış ideoloji sistemə istinad edir, Azərbaycanın milli mənafeyini və demokratiyanı – insan hüquqları, xalq hakimiyyəti və qanunun aliliyi prinsiplərini əsas götürür” (1.10).

AXC-nin 1992-ci ildə qəbul olunmş məramnaməsində (1.10) milli ideologiyamızın əsas görüşləri öz əksini tapmışdır. Məramnamənin giriş hissəsində deyilir:

AXC ...xalqımızın totalitar rejimli müstəmləkə əsarətində saxlanıldığını, siyasi hüquqsuzluğa, iqtisadi məhrumiyyətlərə, mənəvi aşınmalara düçar olduğunu xatırladaraq, çağdaş dünyada ciddi, siyasi, iqtisadi, milli proseslərin getdiyini, ictimai şüurda və mənəviyyatda əsaslı dəyişikliklər baş verdi-yini, yeni siyasi qurumların yarandığını, bölünmüş xalqların birləşməkdə olduğunu, kölə xalqların milli azadlıq mü-barizəsinin yeni mərhələyə qədəm qoyduğunu qeyd edərək, ...millətlərin öz müqəddəratını təyin etmə hüququna, ...hər bir xalqın azad, müstəqil yaşamaq və öz milli iradəsinə uyğun dövlət qurmaq hüququna beynəlxalq normalarla müəyyənləş-dirilmiş ümumdünya insan hüquqlarına əsaslanaraq Azər-baycanın bütün vətəndaşlarının milli, siyasi, iqtisadi, mənəvi, dini və s. mənafelərini nəzərə alaraq insanın xoşbəxtliyi naminə millətin, vətənindövlətin yüksəlişi uğrunda mü-barizə aparır. Yolumuz milli azadlıq və demokratiya yoludur. Məhz bu yol Azərbaycanın işıqlı sabahı – insan azadlığı, mülki cəmiyyət və hüquq dövləti yoludur.”

Məramnamədə həmçinin ayrılıqda siyasi, hüquqi, iqtisadi, mədəni, mənəvi-dini və ekoloji sahələr üzrə sistemli görüşlər öz əksini tapmışdır.

Məramnamənin “siyasi sahə” bölməsində deyilir:



...-Azərbaycanda yalnız Azərbaycan xalqının iradəsini ifadə edən və Azərbaycan xalqının mənafeyini qoruyan müstəqil, milli-demokratik, dünyəvi hüquq dövləti yaradıl-malıdır.

...-Azərbaycan dövləti ...Azərbaycan ərazisindəki azsaylı xalqların və etnik qrupların hüquqlarını tanımalı, onların öz dillərini, milli mədəniyyətlərini, adət-ənənələrini qoruması və sərbəst inkişaf etdirməsi üçün hər cür şərait yaratmalıdır.

Əhalinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türkləri azsaylı xalqların inkişafına xüsusi qayğı ilə ya-naşmalıdır.

-Azərbaycan türkcəsinin dövlət dili kimi ictimai həyatın bütün sahələrində geniş istifadəsi və hərtərəfli inkişafı tam təmin olunmalı, onun tarixi mövqeyi bərpa edilməlidir.

-...Azərbaycan dövləti öz xarici siyasətində aşağıdakılara xüsusi diqqət yetirməlidir: ...demokratiya, azadlıq və milli müstəqillik uğrunda imperiya qüvvələri əleyhinə mübarizə aparan Qafqaz xalqları ilə qarşılıqlı surətdə həmrəy olmaq, eləcə də iqtisadi, mədəni və s. yönlərdə sıx əməkdaşlıq etmək məqsədiylə ”Qafqaz evi” yaratmaq; asılı xalqların milli azadlıq uğrunda apardıqları mübarizə ilə həmrəylik və onların haqq işini müdafiə etmək; türk dövlətləri ilə hərtərəfli sıx əlaqələr yaratmaq, milli və mənəvi dəyərlər sistemini əlaqəli araşdırmaq və bu dəyərləri gələcək nəsillər üçün qoruya bilmək məqsədiylə ümumtürk mədəni birliyi yaradılmasına nail olmaq; dünya müsəlman dövlətləri ilə hərtərəfli əməkdaşlıq etmək; sülh, əmin-amanlıq və bəşəriyyətin tərəqqisi naminə demokratik rejimli bütün dünya dövlətləri ilə hərtərəfli münasibətlər yaratmaq.

Məramnamənin “iqtisadiyyat” bölməsində deyilir:



...AXC respublikanın təbii şəraitini, coğrafi mövqeyini, tarixi-ənənəvi və milli xüsusiyyətlərimizi nəzərə alaraq iqtisadiyyatımızın qurulması və inkişafı üçün aşağıdakıların həyata keçirilməsini zəruri sayır:

-...iqtisadiyyatın asılı, müstəmləkə xarakterli struktu-rundan rəqabət qabiliyyətli mütərəqqi struktura keçidinin sürətləndirilməsi.

-İqtisadiyyat üzərində ifrat dövlət inhisarının aradan qal-dırılması...

-Müxtəlif mülkiyyət formalarının ahəngdar vəhdətinə, azad sahibkarlığa, təşəbbüskarlığa, işgüzarlığa, sağlam rəqabətə, ədalətli vergi və ödənclər sisteminə əsaslanan uyumlu, çoxukladlı və sosial-ekoloji təmayüllü iqtisadiyyatın formalaş-dırılması.

-İqtisadiyyatın idarə olunmasında inzibati-amirlik metod-larından imtina edilməsi, özünüinkişafa və iqtisadi yüksəlişə təkan verən tənzimləmə üsullarına üstünlük verilməsi, çevik, demokratik idarəetmə sisteminin yaradılması.

...-Torpağın müvafiq norma ilə pulsuz və vərəsəlik hüququ ilə kəndliyə verilməsini təmin edən aqrar islahatın həyata keçirilməsi və kəndli təsərrüfatının inkişaf etdirilməsinə güzəştlı şərtlərlə yardım göstərilməsi.

...-Dünyanın bütün ölkələri ilə qarşılıqlı faydaya əsaslanan iqtisadi əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan xalqının mənafeyinə uyğun şərtlərlə xarici kapitalın cəlb olunması üçün əlverişli şərait yaradılması, respublikanın beynəlxalq əmək bölgüsü sistemində öz yerini tutmasına nail olunması.

Məramnamənin “sosial sahə” bölməsində deyilir:



AXC cəmiyyətin hər bir üzvünün ləyaqətli yaşayışını təmin etmək üçün sosial sahədə aşağıdakı məsələlərin həllini zəruri sayır:

...-Əhalinin sosial müdafiəsinin təşkili məqsədiylə sahə və peşə birliklərinin, azad həmkarlar təşkilatlarının fəaliyyətinə kömək göstərilməlidir.

-...hər bir vətəndaş üçün minimum yaşayış vəsaiti təyin edilməli, dövlət tərəfindən düzgün sosial sığorta siyasəti hazırlanıb həyata keçirilməlidir.

-...cəmiyyətin ilkin əsası kimi gələcək nəsillərin yetişməsinin və tərbiyəsinin təməl, milli mədəniyyətin ötürücüsü və mənəviyyatın formalaşmasında mühüm əhəmiy-yəti olan ailənin dövlət tərəfindən qorunması və hərtərəfli təminatı üçün şərait yaradılmalıdır.

Məramnamənin “demokratiya və insan hüquqları” bölməsində deyilir:



-Hüquq sistemində demokratik islahatlar keçirilməli, dövlət də daxil olmaqla bütün hüquq subyektlərinin qanun qarşısında bərabərliyi təmin edilməlidir.

...-Qanunlar qəbul edilərkən xalqın milli-mənəvi xüsusiyyətləri gözlənilməli, mövcud qanunların və hüquq normalarının demokratikləşməsinə çalışılmalı, vətəndaşların qanun qarşısında bərabərliyi, insan hüquqlarına hörmət prinsipləri əsas götürülməli, köklü məhkəmə islahatı keçirilməli, azadlıqdan məhrum olunmuş vətəndaşların insan hüquqları təmin edilməlidir.

-...çoxpartiyalılıq bərqərar edilməli, ordu, milli təhlükəsizlik, məhkəmə, ədliyyə və hüquq mühafizə orqanla-rının əməkdaşlarından başqa, bütün vətəndaşların ictimai-siyasi qurumlarda birləşmək hüququ qorunmalıdır.

...-Vətəndaşların siyasi hüquqlarının, seçmə və fəaliyyət azadlıqlarının, sosial hüquqlarının, şəxsi mənafe və maraqla-rının qorunması mexanizmi yaradılmalıdır.

Məramnamənin “Mədəniyyət, təhsil, elm” bölməsində deyilir:



...-Milli mədəniyyətin hərtərəfli inkişaf konsepsiyası hazırlanmalıdır.

...-Mədəniyyət tarixinin öyrənilməsi, Azərbaycan xalqı üçün milli-mənəvi dəyərə və tarixi əhəmiyyətə malik abidələrin – miniatürlərin, xalçaların, əlyazma kitablarının, sənədlərin və s. Azərbaycana qaytarılması, tarixi yaddaşımızın salnaməsi olan milli mədəniyyətimizin tədqiqi və təbliği üçün dövlət maliyyələşməsi artırılmalı, maddi mədəniyyət abidələrinin qorunması, bərpası və təbliği ilə bağlı dövlət orqanlarının və vətəndaşların məsuliyyətini artıran normalar müəyyənləş-dirilməli və beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndiril-məlidir.

-Azərbaycanda yaşayan hər bir şəxsin (öz) mədəni tələbatını ödəməsi təmin olunmalı, azsaylı xalqlara və etnik qruplara mədəni muxtariyyət verilməli, onların öz dillərində təhsil almaları üçün şərait yaradılmalıdır.

-Azərbaycan mədəniyyəti və tarixi ümumtürk mədəniy-yətinin və tarixinin tərkib hissəsi kimi öyrənilməli, türk xalqlarının tarixi, mədəniyyəti və mənəviyyatı sistemli və hərtərəfli araşdırılmalı, vahid əlifba və ümumi ədəbi dil ənənəsi bərpa edilməli, daimi informasiya mübadiləsi təmin edilməli və türk ölkələri televiziyalarının vahid ötürücü sistemi yaradılmalıdır.

-Azərbaycan türklərinin milli və mədəni bütövlüyünü təmin etmək məqsədiylə Azərbaycanla İran arasında iqtisadi, siyasi, dini, elmi-texniki və s. əlaqələr inkişaf etdirilməli, gediş-gəlişlə bağlı məhdudiyyətlər aradan qaldırılmalı, sərhəddən keçid mexanizmi sadələşdirilməli, Azərbaycan xalqının tarixini, mədəniyyətini, mənəviyyatını və s. vəhdətdə öyrənmək üçün əlaqəli tədqiqatlar aparılmalı, birgə mədəni cəmiyyətlər yaradılmalı, dini və tarixi abidələrin bərpası üçün qarşılıqlı əməkdaşlıq genişləndirilməli, birgə bayramlar, mədəni-kütləvi və idman tədbirləri keçirilməlidir.

-Xalqımızın Azərbaycan hüdudlarından kənarda yaşayan övladlarının milli kökdən ayrılmaması, milli və mənəvi dəyərlərimizi qoruya bilməsi üçün onların Vətənlə hərtərəfli əlaqələri təmin edilməli, Azərbaycana gediş-gəlişləri sadələşdirilməli, yaratdıqları milli və mədəni cəmiyyətlərə yardım göstərilməli, həmin cəmiyyətlərin fəaliyyətlərini əlaqələndirmək üçün tədbirlər həyata keçirilməlidir.

Azərbaycanın güney və quzey hissələri arasındakı mənfur sərhəd qurğularının söküldüyü gün – 31 dekabr Dünya Azərbaycan türklərinin həmrəylik günü kimi hər il bayram edilməlidir.

-Pulsuz icbari təhsilin zəruriliyinə, müxtəlif təhsil sistemlərinin tətbiqinə, qabaqcıl ölkələrin təhsil sistemi təcrübəsinə və milli ənənələrə cavab verən milli təhsil konsepsiyası hazırlanıb həyata keçirilməlidir.

-Azərbaycanın öncül dünya dövlətləri arasında layiqli yer tuta bilməsi üçün çağdaş dünya elm və texnikasının uğurlarına və Azərbaycanın elm ənənələrinə əsaslanan elmin inkişaf konsepsiyası hazırlanıb həyata keçirilməlidir.

-Elmin inkişaf tarixi öyrənilməli, milli iftixarlarımız olan elmi uğurlarımız, böyük kəşflərimiz və görkəmli alimlərimiz xalqa tanıdılmalı, Azərbaycan elm klassiklərinin əsərləri çağdaş dilimizdə nəşr edilməli, xalqımızın tarixi təcrübə, sınaq və müşahidələri əsasında formalaşmış milli biliklər sistemi müasir elmi səviyyədə öyrənilməli və ayrı-ayrı elm sahələrinin inkişafında onlardan istifadə edilməlidir

Məramnamənin “Mənəviyyat və din” bölməsində deyilir:



-Milli mənəviyyatımız elmi əsaslarla geniş şəkildə araşdırılmalı və o, milli dövlət quruculuğumuzun, iqtisadi inkişafımızın, hüquq sistemimizin və mədəni yüksəlişimizin təməli kimi götürülməlidir.

-Milli mənəviyyatımız hər cür yabançılaşmadan, pozucu yad təsirlərdən qorunmalı, mənəviyyatsızlığa, milli tarix şüuruna, milli əxlaqımıza zidd, bayağı “mədəniyyət”lərin yayılmasına qarşı təbliğat aparılmalı, maddi və mənəvi dəyərlərimizin təbliğinə ciddi diqqət yetirilməlidir.

-Azərbaycanda əhalinin böyük əksəriyyətinin tapındığı islam dininin gerçək mövqeyinin bərpası üçün din işləri üzrə idarə yaradılmalı, orta və ali məktəblərdə dinin tədrisinə yer verilməli, islam mədəniyyəti, tarixi və şəriət dərindən öyrənilməli, dini ədəbiyyatın tərcüməsinə və nəşrinə xüsusi diqqət yetirilməlidir.

-İslam ölkələri ilə dini və mədəni əməkdaşlıq genişlən-dirilməli, daimi informasiya mübadiləsi təmin edilməli, müqəddəs yerləri ziyarət etməkdə dindarlara hər cür şərait yaradılmalı, yüksək ixtisaslı və savadlı din xadimlərinin yetişdirilməsi, üçün islam dini mərkəzlərinə tələbə gön-dərilməlidir.

-Mənəviyyatın formalaşmasında əsas amillərdən olan vicdan azadlığının – din və dünyagörüşü azadlıqlarının gerçək-ləşdirilməsinə imkan yaradan dindarların öz mənəvi borclarını yerinə yetirməsi üçün hər cür şərait yaradılmasını nəzərdə tutan, etiqad müxtəlifliyini və din ayrılığına dözümlülüyü qəbul edən, başqa dinlərə mənfi münasibət bəsləməyi insanlığa, humanizmə zidd düşüncə düzümü sayan ayrı-ayrı din və təriqətlər arasında kəskin qarşıdurmanı barbarlıq hesab edən, hər cür fanatizmi, xurafatı rədd edən, bütün dinlərin azad inkişafına təminat verən xüsusi proqram hazırlanıb həyata keçirilməlidir.

AXC milli azadlıq hərəkatının avanqardı olmaqla yanaşı Azərbaycanın ictimai-siyasi həyatında da əhəmiyyətli rol oynamışdır. Belə ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış ilk siyasi partiyalar (AQP, ASDP, AMİP, “Musavat” partiyası və s.) məhz AXC-nin fəal funksionerləri tərəfindən yaradılmışdır ki, bu da cəmiyyətin partiyalaşmasında və siyasi mədəniyyətin formalaşmasında mühüm hadisə olmuşdur. AXC özü də 1995-ci ildən partiyaya (AXCP) çevrilmiş və Ə.Elçibəy vəfatına qədər onun sədri olmuşdur.

AXC təsis olunduqdan sonra milli azadlıq hərəkatı daha da gücləndi, 1989-cu ilin avqust-sentyabr ayları və ilin sonlarına doğru kütləvi etiraz aksiyaları və tətillər daha mütəşəkkil və intensiv xarakter aldı. Hakimiyyətə göstərilən bu təzyiqlər nəticəsində sentyabrın 23-də Azərbaycan SSR Ali Soveti “Azərbaycan SSR-nin suverenliyi haqqında” Konstitusiya qanunu qəbul etdi, oktyabrın 5-də AXC rəsmən qeydə alındı, noyabrın 28-də isə Ermənilərin mənafeyinə uyğun fəaliyyət göstərən DQMV-nin Xüsusi İcraiyyə Komitəsi (XİK) (yanvarın 12-də yaradılmışdı) SSRİ Ali Soveti tərəfindən ləğv edildi. Burada idarəçilik Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı. Dekabrın 31-də AXC-nin təşəbbüsü ilə Naxçıvanda Araz çayı boyunca 137 km.-lik sərhəd qurğuları əhali tərəfindən dağıdıldı. 1990-cı il, yanvarın 7-də Azərbaycan-Türkiyə sərhədində, 18-də isə Biləsuvar və Cəlilabad rayonlarında Azərbaycan-İran sərhədində sərhəd qurğuları dağıdıldı. Sərhəd hərəkatı simvolik məna kəsb edirdi və əhalisi haqsız olaraq biri-birindən ayrı salınmış xalqın azad olub birləşmə arzusunu ifadə edirdi. Sonradan 31 dekabr Azərbaycanlıların həmrəylik günü kimi qəbul olundu.

1990-cı il, yanvarın əvvəllərində Bakıda kütləvi mitinqlər və tətillər ara vermirdi. Yanvarın 19-da SSRİ ali soveti rəyasət heyəti “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” fərman verdi. Fərmana görə fövqəladə vəziyyət yanvarın 20-si saat 24:00-dan başlamalı idi. Lakin Bakıya hərbi müdaxilə daha tez baş verdi. Yanvarın 19-u, saat 19:27-də Azərbaycan Televiziyasının enerji bloku partladıldı. Bundan sonra Bakı ətrafında yerləşdirilmiş sovet qoşunları SSRİ Müdafiə Naziri R.Yazovun əmri ilə gözlənilmədən şəhərə daxil oldu və dinc əhalini amansız qırğına məruz qoydu, yüzlərlə etirazçı həbs olundu. Dinc əhaliyə qarşı qırğınlar bölgələrdə də törədildi.

20 yanvar qırğını xalqımızın iradəsini heç də qıra bilmədi, əksinə, sovet rejiminə nifrəti daha da artırdı, tam istiqlaliyyətə meyl və imperiyaya qarşı mübarizə daha da gücləndi. 20 yanvar hadisəsindən sonra 40 günlük ümumrespublika tətili oldu. Fövqəladə vəziyyət olmasına baxmayaraq Bakıda və bölgələrdə kütləvi etiraz aksiyaları yenə də keçirilirdi.

1990-cı il, iyunun 28-də demokratik qüvvələrin res-publuka forumunda 20-dən artıq ictimai təşkilatın qoşulduğu demokratik blok (“demblok”) yaradıldı. Sentyabrın 30-da saxtakarlıq şəraitində keçirilən parlament seçkilərində 360 yerdən cəmi 30-u “demblok”a verildi. 1990-cı il, noyabrın 17-də Naxçıvan parlamentinin Heydər Əliyevin (1923-2003) sədrliyi ilə keçirilən sessiyasında muxtar vilayətin adından “Sovet Sosialist” sözləri çıxarıldı, üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edildi. 1991-ci il, fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında demokratik qüvvələrin tələbi ilə dövlətin adı “Azərbaycan Respublikası” adlandırıldı, üçrəngli bayraq isə onun rəsmi bayrağı kimi təsdiq edildi. Lakin Ali Sovetdə SSRİ-nin saxlanılıb-saxlanılmaması ilə bağlı keçiriləcək referen-dumda Azərbaycanın iştirak etməsi haqqında qərarın qəbul olunmasını əngəlləmək mümkün olmadı. Ermənistan refe-rendumu baykot etmişdi.

Martın 17-də SSRİ-nin saxlanılıb-saxlanılmaması ilə bağlı keçirilən referendumu demokratik qüvvələr baykot etdi. Saxtakarlıq şəraitində keçirilən referendumun nəticələrinə görə SSRİ saxlanılırdı.

Sovet rəhbərliyində gizli fəaliyyətini getdikcə gücləndirən mühavizəkar qüvvələr 1991-ci il, avqustun 19-da SSRİ prezidenti M.Qorbaçovun Krımda istirahətdə olmasından istifadə edərək dovlət çevrilişinə cəhd göstərdilər. Həmin gün SSRİ-nin birinci vitse-prezidenti G.Yanayevin (1937-2010) başçılığı ilə güc nazirlikləri rəhbərləri və digər ali vəzifəlilərdən ibarət Dövlət Fövqəladə Vəziyyət Komitəsi (“QKÇP”) yaradıldı və hakimiyyət səlahiyyətlərinin ona verildiyi elan edildi. Lakin çevriliş baş tutmadı. Rusiya prezidenti B.Yeltsinin (1931-2007) başçılığı altında islahatçı qüvvələrin ciddi müqaviməti nəticəsində çevrilişin qarşısı alındı. M.Qorbaçov avqustun 22-si Moskvaya qayıdaraq öz hakimiyyətini bərpa etdi. Azərbaycan prezidenti A.Mütəllibov isə çevriliş zamanı “QKÇP”-ni dəstəkləmişdi.

Bu hadisələrdən sonra artıq SSRİ-nin saxlanılmasının qeyri-mümkünlüyü hamıya aydın oldu. 30 avqust, 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında dövlət müstəqilliyinin bərpası haqqında bəyanat qəbul edildi. Sentyabrın 8-də hakimiyyətin nəzarəti altında keçirilən prezident seçkilərində A.Mütəllibov prezident seçildi. Sentyabrin 14-də Azərbaycan Kommunist Partiyası 33-cü qurultayında özünü buraxdı. Oktyabrın 9-da Azərbaycan Respublikası Ali Sovetində “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” qanun qəbul edildi. Oktyabrın 18-də “Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı” qəbul edildi. Oktyabrın 30-da keçid dövrü üçün Ali Sovetin 50 deputatdan ibarət Milli Şurası yaradıldı. Buraya həm demokratik həm də mühafizəkar qüvvələrin nümayəndələri (hər tərəfdən 25 deputat) daxil idi. Noyabrın 26-da DQMV ləğv edildi. Dekabrın 8-də Müstəqil Dövlətlər Birliyi (MDB) yaradıldı və bununla SSRİ-nin mövcudluğuna son qoyuldu. Dekabrın 25-də M.Qorbaçov istefa verdi. Dekabrın 29-da Azərbaycanda keçirilən referendumda müstəqillik haqqında konstitusiya aktı yekdilliklə qəbul edildi.

Müstəqillikdən sonra Azərbaycan Respublikasında millətçilik və Bütöv Azərbaycan ideyası
SSRİ-ni saxlamaq mümkün olmadıqda Rusiya siyasi müstəqillik əldə etmiş respublikalarda öz imperialist, işğalçı siyasətini həyata keçirməyə başlamışdı. Azərbaycanda hələ milli hərbi qüvvələrin tam formalaşmadığı bu dövrdə Rusiyanın Azərbaycanda, o cümlədən Qarabağ bölgəsində hərbi təsiri böyük idi. 1988-ci ilin əvvəllərindən müstəqillik əldə edilənə qədər artıq Qərbi Azərbaycan ərazilərindən, Əskəran, Xocavənd, Hadrut, Ağdərə rayonlarından, həmçinin Xankəndi şəhərindən (1989-cu ilin iyununda) Azərbaycan türkləri əsasən çıxarılmış və bu ərazilər Azərbaycan dövlətinin nəzarətindən çıxmışdı. 1992-ci ilin yanvar-fevral aylarında Yuxarı Qarabağın Kərkicahan, Malıbəylı, Quşçular və Qaradağlı kəndləri də işğal edildi. Fevralın 25-dən 26-a keçən gecə mühasirədə olan Xocalı şəhəri rus-erməni birləşmələri tərəfindən işğal edildi və Azərbaycan türklərinə qarşı soyqırım törədildi, əhali görünməmiş vəhşiliklərə məruz qaldı.

Xocalı faciəsindən sonra hakimiyyətə qarşı etirazlar daha da gücləndi. 1992-ci il, martın 6-da A.Mütəllibov bu təzyiqlər qarşısında istefa verməyə məcbur oldu. Prezident səlahiyyətləri Ali Sovetin sədri Y.Məmmədova keçdi.

Mayın 8-9-da Şuşa şəhəri işğal olundu. Mayın 14-də A.Mütəllibov hakimiyyətə qayıtmaq cəhdi etdi. Ali Sovetin həmin gün keçirilən sessiyasında o, öz vəzifəsinə geri qaytarıldı. A.Mütəllibov dərhal ölkədə fövqəladə vəziyyət elan etdi. Lakin səhəri günü AXC tərəfdarları və onun tabeliyində olan silahlı qüvvələrin köməyi ilə dövlət idarələrinin binaları və dövlət televiziyası ələ keçirildi. A.Mütəllibov ölkəni tərk edərək Rüsiyaya sığındı. AXC faktiki olaraq ölkədə hakimiyyəti ələ aldı. Mayın 18-də AXC funksioneri İ.Qəmbər Ali Sovetin sədri seçildi. Həmin gün Milli Şuranın adı dəyişdirilərək “Milli Məclis” adlandırıldı və Ali Sovetin səlahiyyətləri ona verildi. Həmin ərəfədə Laçın işğal edildi.

1992-i il, iyunun 7-də keçirilən prezident seçkilərində AXC sədri Ə.Elçibəy prezident seçildi. AXC-nin hakimiyyətə gəlməsi rəsmiləşdi. AXC-nin bir illik hakimiyyəti dövründə ölkədə mühüm milli-demokratik islahatlar həyata keçirildi. Bütün silahlı dəstələr Müdafiə Nazirliyinin tabeliyinə verildi, ordu yenidən qurulmağa başladı. 1992-ci ilin iyun-avqust aylarında cəbhədə uğurlu əməliyyatlar keçirildi. Ağdərə rayonu demək olar ki, bütövlükdə işğaldan azad edildi, cəbhənin digər istiqamətlərində də irəliləyişlər oldu. Avqustun 15-də milli valyuta dövriyyəyə buraxıldı, ali məktəblərə qəbulda test üsulu tətbiq edildi, Azərbaycan türklərinin ana dili rəsmi olaraq “türk dili” adlandırıldı (dekabr, 1992) və məktəblərdə də bu ad altında tədris olundu (12 noyabr, 1995-ci ildə Konstitusiya qəbul olunana qədər), bütün rus məktəblərində paralel olaraq Azərbaycan bölmələri yaradıldı, rus dilinin mövqeyi xeyli zəiflədi, 1-ci siniflərdə latın qrafikalı əlifba rəsmən tədris olunmağa başladı, milli soyadları haqqında qanun qəbul edildi, təhsil haqqında yeni qanun qəbul edildi, Azərbaycan MDB üzvlüyündən çıxdı, Qəbələ RLS və işğal olunmuş ərazilərdəki hərbi hissələr istisna olmaqla bütün rus hərbi qüvvələri ölkə ərazisindən çıxarıldı. Azərbaycan tarixi və mədəniyyəti yeni milli konsepsiya əsasında tədris və təbliğ olunmağa, bu istiqamətdə yeni tədqiqatlar aparılmağa və kitablar yazılmağa başladı, Azərbaycanın və türk dünyasının bütövlüyü ideyası təbliğ olundu, xalqa rus və fars şovinizminə qarşı mübarizə ruhu aşılandı, siyasi partiyaların fəaliyyəti üçün demokratik mühit yaradıldı, yeni-yeni partiyalar yarandı. 1992-ci ilin noyabrında mühacir müsavat liderlərinin (Məhəmməd Azər Aran, Məhəmməd Kəngərli və Əhməd Qaraca) razılığı və xeyir-duası ilə Bakıda Müsavat partiyasının III – bərpa kon-fransı keçirildi və İ.Qəmbər partiyanın sədri seçildi.

1992-ci ildə Türk dövlətləri arasından mədəni əməkdaşlıq istiqamətində danışıqlar başlandı və bunun nəticəsi kimi 1993-cü il, iyunun 12-də TÜRKSOY (“Türk Kültür və Sanatları Ortaq Yönətimi”) yaradıldı.

1993-cü ilin əvvəllərindən Rusiyanın ciddi hərbi müda-xiləsi ilə Azərbaycan ordusu cəbhədə qazandığı mövqeləri itirməyə başladı. Fevral-mart aylarıında Ağdərə rayonunun bir hissəsi itirildi, aprelin 1-3-də Kəlbəcər işğal edildi.

Azərbaycanda millətçilərin hakimiyyətdə olmasından qətiyyən qane olmayan Rusiya öz təsirlərindən istifadə edərək AXC-Müsavat hakimiyyətinin süqutuna nail olmağa çalışırdı. 1993-cü il, iyunun 4-də Rusiya xüsusi xidmət orqanlarının dəstəyi ilə Gəncədə milli qəhrəman Surət Hüseynovun başçılığı altında hərbi qiyam baş verdi. Qiyamçıların tələbi prezident və hökumətin istefası idi. Hakimiyyət yetkililərinin bir hissəsi gizli və açıq şəkildə qiyamçıların tərəfinə keçdi, hakimiyyət böhranı və vətəndaş müharibəsi təhlükəsi yarandı. Baş Nazir, Parlament sədri və güc nazirliklərinin rəhbərləri istefa verdi. Prezidentin dəvəti ilə Bakıya gəlmiş Naxçıvan MR-nın Ali məclisinin sədri H.Əliyev iyunun 15-də onun təklifi ilə Milli Məclisə sədr seçildi. Ayın 17-dən 18-ə keçən gecə Ə.Elçibəy Bakını tərk edərək doğulduğu Kələki kəndinə getdi, ayın 23-də Milli Məclis prezident səlahiyyətlərini H.Əliyevə verdi. AXC-Müsavat cütlüyünün hakimiyyəti süqut etdi.

Qiyamçı qüvvələr tərəfindən qoşunların cəbhə bölgələ-rindən çıxarılması nəticəsində iyul-oktyabr aylarında Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal edildi.

1993-cü il, sentyabrın 24-də Azərbaycan yenidən MDB-yə daxil oldu, həmin il, oktyabrın 3-də keçirilən prezident seçkilərində H.Əliyev prezident seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) hakimiyyəti rəsmiləşdi. 1994-cü il, mayın 8-də Bişkekdə atəşkəs haqqında protokol imzalandı. 1980-ci illərin axırlarından başlamış və 1993-94-cü illərdə ən yüksək həddə çatmış iqtisadi böhran, o cümlədən kəskin inflyasiya 1995-ci ilin yazından sabitləşməyə başladı. 1995-ci il, noyabrın 12-də ümumxalq səsverməsi ilə Konstitusiya qəbul edildi. 1998-ci ildə “mədəniyyət” qanunu qəbul edildi, Həmin il mətbuatdan senzura götürüldü. 2001-ci il, avqustun 1-dən latın qrafikalı əlifba yeganə yazı vasitəsi kimi tətbiq olundu, 2002-ci ilin sentyabrında dövlət dili haqqında qanun qəbul edildi, 2008-ci ilin yanvarından telekanallarda xarici dildə verilişlər qadağan edildi, o cümlədən Rusiya telekanallarının birbaşa yayımı dayandırıldı.

1994-cü ildə əsası qoyulmuş neft layihələrinin həyata keçirilməsi nəticəsində 2000-ci illərin əvvəllərindən Azərbay-can iqtisadiyyatının həcmi sürətlə artmağa başladı.

Müstəqillikdən sonra Azərbaycan Respublikasında millətçi ideyalara söykənən siyasi təşkilat kimi əsasən AXCP, qismən də Müsavat partiyası və AMİP (Azərbaycan Milli İstiqlal Partiyası) fəaliyyət göstərmişdir. AXCP daxilində 1990-cı illərin ortalarından birinci müavin Ə.Kərimlinin başçılığı altında əsasən keçmiş “Yurd” təşkilatının üzvlərindən ibarət müxalif qrup yarandı. Şərti olaraq “yurdçular” və ya “isla-hatçılar” adlandırılan bu qrup partiyanın Güney Azərbaycanın azadlığı və Azərbaycanın bütövlüyü uğrunda mübarizəsini məqbul saymır və yalnız Azərbaycan Respublikasının milli-demokratik inkişafının hədəf kimi götürülməsinin tərəfdarı kimi çıxış edirdilər. Partiya sədri Ə.Elçibəyin ətrafında olan “klassik” (“mühafizəkar”, “Elçibəyçi”) cəbhəçilər isə millətçi ideyalardan uzaqlaşmağın əleyhinə olamaqla Bütöv Azər-baycan uğrunda mübarizəni əsas hədəf kimi qəbul edirdilər. Ə.Elçibəyin vəfatından (22.08.2000) sonra partiya parçalandı. Ə.Kərimlinin sədrlik etdiyi AXCP yalnız liberal-demokratik ideyalara əsaslanan təşkilat kimi fəaliyyət göstərməyə başladı. M.Mirəlioğlunun sədrlik etdiyi AXCP (2006-ci ildən Klassik Xalq Cəbhəsi Partiyası – KXCP) isə təşkilatın klassik millətçi ideyalarına sadiq qalaraq fəaliyyətini davam etdirdi və bu gün tam mənada millətçiliyə söykənən demək olar ki, yeganə partiyadır.

Müsavat partiyası da öz fəaliyyəti dövründə tədricən millətçi ideyalardan uzaqlaşmış və hazırda demək olar ki, əsa-sən liberal-demokratik ideyalara söykənən bir siyasi təşkilat kimi fəaliyyət göstərir. Hətta partiyanın nizamnaməsində də bu yöndə dəyişikliklər aparılmışdır. 1992-ci ildə yaranmış AMİP-in fəaliyyəti isə son illər xeyli passivləşmişdir.

Milli hərəkat tariximizdə mühüm hadisələrdən biri Ə.El-çibəyin başçılığı altında Azərbaycanın quzeyindən və gü-neyindən olan ən dəyərli milli düşüncəli ziyalıları, mübariz gəncləri özündə birləşdirən ictimai təşkilatın – Bütöv Azər-baycan Birliyinin (BAB) yaradılması oldu. 1997-ci ildə əsası qoyulmuş bu təşkilat 1998-ci ilin noyabrında rəsmən təsis edildi və qısa müddətdə ölkədə böyük nüfuz qazandı. BAB-ın 2000-ci ildə qəbul olunmuş Məramnaməsində (1.13) milli ideologiyamızın görüşləri geniş şəkildə öz əksini tapmışdır. Bu iri həcmli Məramnamə milli hərəkat tariximizdə çox mühüm yer tutan bir tarixi sənəddir.

Məramnamənin giriş hissəsində Azərbaycanın bölünməsi və milli hərəkat tariximiz haqqında qısa məlumat verilir, mövcud durum qiymətləndirilir və Azərbaycanın bütövləş-məsinin və bunun üçün bütövlük ideyasının irəli sürülməsinin vacibliyi qeyd edilir.

Məramnamənin giriş hissəsinin “Təbii haqlarımız” bölməsində deyilir:

...təbii insan haqlarına uyğun, hər bir xalqın da, sadəcə bir xalq kimi yaranışdan var olan yaşama haqqı mövcuddur. Xalqın yaşama haqqı onun kompakt halda, birgə yaşamasını və məhz özü kimi yaşama istəyini nəzərdə tutur. Birgə yaşamaq xalqın parçalanmasının, bölünməsinin yolverilməzliyi demək-dir. ...Özü kimi yaşama xalqın öz dilini, ədəbiyyatını, tarixini, musiqisini, adət-ənənələrini, əxlaqını, davranış biçimlərini, bir sözlə özünə məxsus bütün maddi və mənəvi mədəniyyətini qoruyub yaşatması, gəlişdirməsi və azad surətdə, maneəsiz olaraq gələcək nəsillərə ötürə bilməsi deməkdir. Əsarətdə olmaq, yaxud parçalanmaq bunu ortadan qaldırır, xalqın birgə və özü kimi yaşama haqqını pozur...



Hər xalqın bir xalq olaraq yaşaması və öz milli sərvətinə özünün sahiblik edə bilməsi üçün azadlıq haqqı vardır. Xalqın azadlığı onun müstəqil dövlət qurub öz-özünü idarə etməsi, milli iradəsinin üstün tutulması, öz maddi və mənəvi mədəniyyətini sərbəstcə yaşadıb gəlişdirə bilməsi, öz Vətəninin milli sərvətlərindən bir xalq olaraq hamılıqla yararlanması və s. deməkdir.

...Xalqın yaranışdan var olan bu təbii haqlarının məhdud-laşdırılmasında imperiyaçılıq, müstəmləkəçilik, istismar, diktatorluq, totalitarlıq, avtoritarlıq və s. kimi zorakılıqlar cid-di rol oynayır. Bu cür zorakılıqlara qarşı çıxmaq, müqavimət göstərmək, mübarizə aparmaq xalqın təbii haqqıdır və heç bir qanun, heç bir şəriət, sinif, qrup, yaxud “külli-ixtiyar” sahibi bu təbii haqqı xalqın əlindən ala bilməz.

...Dünyadakı əlli milyonluq Azərbaycan türkü ...Müstəqil Bütöv Azərbaycan dövlətini qurub öz-özünü idarə etmək və öz müqəddəratını özü təyin etmək hüququna malikdir.

Məramnamədə daha sonra son yüz ildə fars şovinizmi tərəfindən Azərbaycan türklərinin təbii haqlarının məhdudlaş-dırılması və həmin haqların mövcud durumu haqqında məlumat verilir.

Məramnamədə “millətləşmə” anlayışına xüsusi yer verilir. Millətləşmə dedikdə bir xalqın milli kimlik şüurunun, milli ideologiyasının və milli hərəkatlarının formalaşması prosesi nəzərdə tutulur.

Məramnamənin giriş hissəsinin “Bütöv Azərbaycan Birliyinin yaranma zərurəti” bölməsində deyilir:



...Xalqımız siyasi tarix səhnəsinə əlli milyonluq vahid bir millət olaraq çıxmasa, Azərbaycana qurtuluş yoxdur! Azər-baycanın qurtuluşu Güneydəki istiqlalımızdan və sabah möv-cud olacaq iki Azərbaycan dövlətinin ümumxalq referendumu yolu ilə birləşib bütövləşməsindən asılıdır. O bütövləşməyə indidən hazırlaşmaq və onu gerçəkləşdirəcək milli gücü vaxtında yetişdirə bilmək üçün bu gün bütövlüyü hədəf alan milli təşkilatlanmaya böyük ehtiyacımız var.

Milli təşkilatlanma ehtiyacımız Azərbaycanın güneyində, Azərbaycanın quzeyində və xaricdəki soydaşlarımız arasında Bütöv Azərbaycan ideyasına bağlı kütləvi xarakter daşıyan təşkilatların yaranmasını və bu təşkilatların qarşılıqlı əmək-daşlığını, sıx iş birliyini bir zərurət olaraq irəli sürür.

Biz Azərbaycanın azadlığı, istiqlaliyyəti, bütövlüyü uğrun-da mübarizə aparan şəxslər, siyasi və ictimai qurumlar bu zərurəti dərindən dərk edərək əlli milyonluq xalqımızın milli təşkilatlanma formalarından biri kimi Bütöv Azərbaycan Birliyini (qısaca: BAB) yaradır və Müstəqil, Bütöv, Demokratik Azərbaycan hədəfli bütün qurumlarla qarşılıqlı əməkdaşlığa, sıx iş birliyinə ürəkdən hazır olduğumuzu bildiririk.

Məramnamənin “Bütöv Azərbaycan anlayışımız” adlanan birinci bölümündə başlıca hədəflər, mərhələlər, görüşlər, prinsiplər və vəzifələr göstərilir.

Məramnamədə Müstəqil, Bütöv və Demokratik Azərbay-can BAB-ın başlıca hədəfləri kimi qəbul edilir. Bu hədəflərə çatmaq üçün isə üç strateji mərhələ hazırlıq, istiqlaliyyət bütövləşmə mərhələləri müəyyən edilir.


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin