YETDİN
Bir gün atan eşq etdi,
Sülbündan cuşə yetdin.
Əvvəl sudun, qan oldun,
Qandan son leşə yetdin.
Hökm eylədi ol xuday,
Doqquz saat, doqquz ay,
Yeddi əndam caybacay,
Sünnə ulaşa yetdin.
Guş verdi, dəhan verdi,
Dəhana zəban verdi,
Ağıl verdi, can verdi,
Göz verdi, qaşa yetdin.
Yaşdın, ələ ulaşdın,
Yürüb, yola ulaşdın,
Sözlə dilə ulaşdın,
Nan yedin, aşa yetdin.
Yeddində məktəb gördün,
Oxudun, yolun bildin,
Qız ilə bazı qurdun,
Ta on dörd yaşa yetdin.
Haq verdi, yeyib-içdin,
Hər yola bir baş qoşdun,
Məhbub ilə sevişdin,
Elə çolaşa yetdin.
İyrmi dörd yaşa gəldin,
İgid olub, sən yeldin,
At mindin, qılınc aldın,
Cəngə-savaşa yetdin.
Otuzunda yerindən,
Duman getməz sərindən,
İgidliyin zorundan,
Gəzdin tamaşa yetdin.
Sürdün, dünyanı sürdün,
Axır vəfasın gördün,
Qırxına qədəm vurdun,
Kamilsən, huşa yetdin,
Var almadın bağından,
Xəzan vurdu tağından,
Əlli, saqqal ağından,
Utan, bir yaşa yetdin.
Altmışa yaş yetirdin,
Başın qəmə batırdın,
Xoş günlərin ötürdün,
Yazın yox, qışa yetdin.
Yetmişdə aşdan qaldın,
Qüvvətin yox, yıxıldın,
Qocaldın, işdən qaldın,
Söylə, nə pişə yetdin.
Səksənə yetişsə sal,
Necə keçər böylə hal,
Ötdü ol coşğun mahal,
Oraqsız xoşa yetdin.
Doxsanda yanılar söz,
Qara rəngi görər boz,
Tamam nurdan düşər göz,
Yüz min əndişə yetdin.
Məxdumqulu oturdun,
Ömrün qafil ötürdün,
Haqçün nə iş bitirdin,
Əgər yüz yaşa yetdin.
MƏNA BİLMƏZ YAŞINDA
Ey yaranlar, adəmzad
Məna bilməz yaşında
Biqəm olar dünyada,
Dördündə, ya beşində.
Beşində bəydir, bilməz,
Dünyanı gözə almaz,
Zərrə qayğısı olmaz,
Gəzər oyun daşında.
Əgər ki on yaş gələr,
Cavanlıqdan huş gələr,
Yemək-içmək xoş gələr,
Küy çox olar başında.
On beşə yetsə salı,
Uçar könül xəyalı,
Əsər cavanlıq yeli,
Cüvan görər düşündə.
Cüvanlıq odu yanar,
Cavanlıqdan nırx dönər,
Hər gün bir eşqə minər,
Ol iyirmi yaşında.
Gözü sataşsa mala,
Uğrarsa xam xəyala,
Gücü gələr kamala,
Otuza ulaşanda.
Cahil olan kəm olar,
Nə ona mərhəm olar,
Qırxda ağıl cəm olar,
Adamzadın başında.
Yaş əlliyə gedəndə,
Olar qoca adında,
Ölüm olar yadında,
Diqqət edər işində.
Düşmüşəm sevdaya der,
Sevdalı qovğaya der,
Keçdi ömrüm zaya der,
Ah edər altmışında.
Yetmişində «ah»lanar,
Can cəsəddə saxlanar,
Qayği-həsrət çoxlanar,
Asta olar işində.
Qüvvəti yox tutanda,
Dincələmməz yatanda,
Yaş səksənə çatanda,
Tanımaz uğraşanda.
Çıxmaz içərdən dışa,
Baxmaz qohum-qardaşa,
Ölü derlər ol kişə,
Yaş doxsandan aşanda.
Məxdumqulu hümməti,
Qalmaz qədir-qiyməti,
Peyğəmbərin ümməti,
Heç olar yüz yaşında.
GƏRƏK
Nə bəlasan, adəmzad,
Çılpaq doğdun, don gərək,
Ağ süd əmdin, böyüdün,
Ağlayırsan, nan gərək.
Atan xoşnud olmağa,
Anan mehrin salmağa,
Yeddində din bilməyə,
Oxuya Quran gərək.
Əgər seçsən dilbəndin,
Bərkiyər belin, bəndin,
On beşdə arzuməndin,
Qız gərək, cüvan gərək.
Cüvan tapdın qucmağa,
Eyşi-işrət açmağa,
Sonra yeyib-içməyə,
Bir tükənməz nan gərək.
Könlün incidib xəlqin,
Xoşnud etsən öz xülqün,
Rum, Firəng olsa mülkün,
Hənüz «azdır», kan gərək.
Yatsan döşəkdə bimar,
İsti etməz malu kar,
Zər töksən xalvar-xalvar,
Gözə gəlməz, can gərək.
Dua ilə ər göyər,
Yağmir ilə yer göyər,
Ər oldur – alqış alar,
Yerlərə varan gərək.
Əcəl gələr rəydə yox,
Görmək ildə, ayda yox,
Heç bir zaddan fayda yox,
Bir nuri-iman gərək.
Məxdumqulu, sözləyən,
Neçə məxfı gizləyən,
Bir məna fəhm eyləyən,
Ağıllı yaran gərək.
GƏLDİN
Bu nağıldır, adəmzad, sən bu məkana gəldin,
Əvvəl atan belindən sızıb nihana gəldin,
Ondan anaya varıb, bir qətrə qana gəldin,
Anada surət olub, bu şirin cana gəldin,
Doqquz ayı ötürüb, enib cahana gəldin,
Əmib ana südünü, böyüyüb, dona gəldin.
Yaradan qüdrətindən diş ilə dəhan verdi,
Sözləməyə söz ilə dəhanda zəban verdi,
Könlün gedib hər yana, durdu, ayağın yürdü,
Bildin yaxın-yadını, gözün dünyanı gördü,
Yeddi-səkkiz yaşında atan mollaya verdi,
Oxub Quran kitabı, yetişib ona gəldin.
On beş yaşa varanda cavanlığa boylandın,
Qız-gəlinə meyl edib, könül verib küyləndin,
Guya varıb ağ öyün dörd daşına dolandın,
Haqqın fərmanı ilə axır bir gün öyləndin,
İyirmi yaşa vardın, əsbabını şaylandın,
Bədəv minib, səyridib, sürüb meydana gəldin.
Otuz yaşa varınca, sanki bir alğır şirsən,
Dünya qəmi başında, guya yürüb, yelirsən,
Dünyaya doymaq yoxdur, olunca olsun dersən,
Əhli-müsəlman olsan, ölüncə halal yersən,
Qırxında tövbə edib, bir mürşidə əl versən,
Könlünü birə bağlar, əziz sübhana gəldin.
Əlli yaşa varanda, doğruluqda olarsan,
Kobudluqdan ayrıldın, incəliyi bilərsən,
Hər necə cəfa çəksən, axır bir gün ölərsən,
Beş vəxt dua oxuyub haqqa şükür qılarsan,
Altmış yaşa varanda, qocalığı bilərsən,
Əkən əkinin biçıb, oraq-ormana gəldin.
Yetmiş yaşa varanda, qanın qaçar üzündən,
Ağ dişlərin tökülər, şölə gedər gözündən,
Qüvvət səndən ayrılar, gücün qaçar dizindən,
Heç kişi hədər etməz, söylədiyin sözündən,
Səksən yaşa varanda, könlün keçər özündən,
Gedər olub dünyadan, yaxasız dona gəldin.
Məxdumqulu, möhnətdir hər kim doxsana yetsə,
Kəm-kəm gələr cahana əgər yüz yaşa yetsə,
Heç kimdən haray olmaz əcəl yaxanı tutsa,
İmanını qazansan, yolunu rəvan etsə,
Axır olacağın budur – tənin yer ilə yatsa,
İşığı, tünlüyü yox, qaranlıq xana gəldin.
QURBANƏLİ MƏĞRUBİ
(1735 – 1810)
Şairin əsl adı Qurbanəli, təxəllüsü Məğrubidir. O, türkmənlərin yəmrəli boyunun məğrub tayfasından olduğu üçün bu adı özünə təxəllüs kimi qəbul etmişdir. Əldə olan məlumatlara görə, şair 1735-ci ildə Göytəpə yaxınlığında anadan olmuş, 1810-cu ildə Manqışlaq bölgəsində fani dünyadan köçmüşdür. Gəncliyində Axal vilayətində, yaşlılıq çağında isə Daşoğuz və Ürgənc ətrafında yaşadığı bilinir. Məğrubi öz dövrünün savadlı adamlarından biri olmuşdur. Bunu şairin poetik irsi və yaratdığı dastanlar aydın şəkildə göstərir. Onun qələmindən çıxan bütün şeirlər xalq mahnısına çevrilmişdir.
Məğrubi türkmən ədəbiyyatında Nurməhəmməd Əndəlibdən bəri davam edən ənənəyə sadiq qalaraq bir neçə xalq dastanını yenidən işləmiş və mükəmməl bir hala gətirmişdir. Bunlardan «Yusif –Əhməd», «Dövlətyar», «Alıbəy–Balıbəy» adlı dastanlar qəhrəmanlıq, «Seyfülməlik–Mədhülcamal» isə məhəbbət dastanıdır. Bu əsərlər türkmən aşıqlarının repertuarında mühüm yer tutur. Şairin işlədiyi dastanlardakı qəhrəmanların bir əlində saz, digər əlində dütar vardır.
Qurbanəli Məğrubinin poeziyasında vətən sevgisi, qəhrəmanlıq, igidlik motivləri çox güclüdür. Bu da həmin dövrdə İranın türkmən torpaqlarına aramsız hücumları ilə bağlıdır. Şairin bu mövzuda bir çox şeirləri, o cümlədən «Vətənim qaldı» rədifli iki qoşması var. Məğrubinin bütün dastanları və şeirləri nəşr olunmuş, haqqında dissertasiyalar yazılmış, çoxlu elmi-tədqiqat işləri aparılmışdır. Əsərlərinin əlyazma nüsxələri Milli Əlyazmalar İnstitutundakı yetmişdən artıq qovluqda saxlanır.
TUTULDU – BİTİLDİ
(deyişmə)
Məğrubi:
Bizdən salam olsun, molla Qayibi,
Dünyanın binası haçan tutuldu?
Küntü-kənzil-məhfiyəndən xəbər ver,
Kəlmeyi-şəhadət harda bitildi?
Qayibi:
Bizdən salam olsun molla Məğruba,
Haq «kün» dedi, ol gün bina edildi,
Tuba ağacının yarpaqlarında
Kəlmeyi-şəhadət sonda bitildi.
Məğrubi:
Haq əvvəl naməni kimə oxutdu,
Ol kim idi, oxub özün unutdu,
Adəmdən irəli neçə qövm ötdü,
Dərgahda hansının sözü tutuldu ?
Qayibi:
Haq əvvəl naməni Adəmə oxutdu,
Oxudu, Əzrayıl özün unutdu,
Adəmdən irəli Bənican ötdü,
Dərgahda rəsulun sözü tutuldu.
Məğrubi:
Hansı gündə bina etdi o quşu,
Necədir qanadı, quyruğı, başı,
Yediyi nəmədir, neçədir yaşı,
Neçə min ildən son başı ütüldü?
Qayibi:
Çərşənbədə bina etdi o quşu,
Dörd olar qanadı, quyruğı, başı,
Yeməyi darıdır, əlli min yaşı,
Əlli min ildən son başı ütüldü.
Məğrubi:
Sudakı balığın puştu1 neçədir,
Üstündəki əti, quştu2 neçədir,
Ol ərşi-əzəmin hıştı neçədir3,
Neçə mələk hesabında bitildi?
Qayibi:
Sudakı balığın uludur puştu,
Yeddi min yeddi yüz batmandır quştu,
Qüdrətlə salındı əzəmin hıştı,
Dört məlaik hesabında bitildi.
Məğrubi:
Bilirsənmi xali nədir, boş nədir,
Cəsəd nədir, mənzil nədir, quş nədir,
Ol nə bazar, qiymətbaha daş nədir,
Kimin daşı kəmbahaya satıldı?
Qayibi:
Əgər bilsəm xali budur, boş budur,
Cəsəd mənzil, ordan uçan quş budur,
Ol imandır, qiymətbaha daş budur,
Şeytan daşı kəmbahaya satıldı.
Məğrubi:
Məğrubi der, qismətdə nə yazıldı,
Nə zəncirdir, bir-birinə düzüldü,
Neçə ildə vaxtı yetib üzüldü,
Ay ilə gün hansı vaxtda tutuldu?
Qayibi:
Qayibi der, qürbət ilə yazıldı.
Gecə-gündiz bir-birinə düzüldü,
Sansız ildə vaxtı yetib üzüldü,
Ay ilə gün ərəsatda tutuldu.
MOLLA NƏFƏS
(1810 – 1862)
Molla Nəfəsin həyatı haqqında məlumat olduqca azdır. Şairin 1810-cu ildə Marıda (Mərv) təkə türkmənlərinin yazı, başqa bir məlumata görə, toxtamış tayfasına mənsub Qədirverdi adlı bir sərracın ailəsində dünyaya gəldiyi təxmin edilir. Molla Nəfəs ilk təhsilini evdə atasından, sonra Mərvin məşhur pedaqoqlarından olan Molla Məmmədsalihdən almışdır. Daha sonra Buxarada və Xivədə mədrəsədə oxumuş, çağatay, ərəb və fars dilləri ilə yanaşı həmin dövrdə tədris olunan elmləri, o cümlədən ilahiyyat (Quran, fiqh, təfsir), riyaziyyat, hesab, həndəsə, nücum, kimya, dil, ədədbiyyat, tarix, coğrafiya sahəsində dərin bilik əldə etmişdir. Şair Şərq poeziyasının Xoca Əhməd Yəsəvi, Füzuli, Nəsimi, Nəvai, Yunus İmrə, Nizami, Sədi, Hafiz, Cami kimi nümayəndələrinin əsərlərini, türkmən şairlərindən Əndəlibin, Azadinin və Məxdumqulunun şeirlərini, habelə şifahi xalq ədəbiyyatını, dastan və nağılları diqqətlə öyrənmiş, ədəbiyyat nəzəriyyəsini, bədii ifadə vasitələrini, ədəbi canrların növlərini, bir sözlə, Şərq poetik sistemini mükəmməl şəkildə mənimsəmiş, ilk əsərlərini də elə burada yazmağa başlamışdır.
Təhsilini başa vuran Molla Nəfəs oz doğma yurduna qayıtmış, burada ailə qurmuşdur. Onun Molla Rəsul və Molla Rəhim adlı iki oğlu olmuşdur. Molla Nəfəsin nəslinin davamını kişi xəttilə 1940-cı illərin sonuna qədər izləmək mümkün olsa da, ikinci dünya müharibəsi dövründə baş verən aclıq və qıtlıq, həmin illərdə bölgədə tüğyan edən qarın yatalağı epidemiyası nəticəsində tükəndiyi təxmin edilir.
Maraqlıdır ki, Molla Nəfəslə onun dahi sələfi Məxdumqulu Fəraqinin ədəbi taleyi arasında böyük bənzərlik vardır. Onların hər ikisi əvvəlcə evdə öz atalarından dərs almış, sonra mollaxanada, daha sonra isə Buxara və Xivə mədrəsələrində oxumuşlar. Zaman etibarilə aralarındakı yetmiş illik fərqə baxmayaraq təxminən eyni proqram üzrə təhsil almış, eyni elmi və ədəbi məktəblərdə, eyni mənəvi iqlimdə və mühitdə nəşvi-nüma tapmışlar. Bu oxşarlıq onların yaradıcılığında da özünü biruzə verir. Xüsusilə üç mövzu hər iki sənətkara çox doğma və əzizdir: türkmən birliyi, dini-ruhani şeirlər və lirika. Onu da vurğulamaq lazımdır ki, Molla Nəfəs məhz Məxdumqulunun davamçısıdır. Mövzu və canr baxımından Məxdumqulu daha geniş və əhatəli olduğu halda, Molla Nəfəsin yaradıcılığında lirika üstünlük təşkil edir. Onun məhəbbət şeirləri saf və göz yaşı kimi dumduru bir çeşməni andırır. Bu əsərlər sadə, incə, həzin və səmimidir, mayasını və qidasını xalq yaradıcılığından, doğma türkmən folklorundan alır. Şairin gəraylı, qoşma, qəzəl, müxəmməs, müsəddəs canrlarında qələmə aldığı əsərlər, xüsusilə türkmən qızının fiziki və mənəvi gözəlliyini, saf eşqi, məhəbbəti vəsf edən «Dəlbəra», «Nazənin», «Gözlərin», «Ayrıldım», «Ola, ya olmaya», «İstəyib gözəl yarı», «Gözəl», «Kiçginə», «Tapılmaz», «Dilbər», «Qız», «Dedim-dedi» və digər şeirləri öz ülviliyi ilə seçilir.
Molla Nəfəsin «Bu məkana gəlmişəm» adlı poeması isə öz orijinallığına görə dünya poeziyasında misli-bərabəri olmayan bir şedevrdir. Bu əsərdə eşq ən yüksək poetik səviyyədə ülviləşdirilmiş, hətta ilahiləşdirilmişdir. Şairin lirikasının zirvəsi olan bu əsər müsəddəs canrında aaaaba, ccccda, ssssta sxemi üzrə yazılan poema altı misralıq 34 bənddən ibarətdir. Sərbəst olan hər beşinci misra iki yerə bölünərək öz arasında qafiyələnir ki, bu da gözəl bir şeiriyyət yaradır. Məhəbbət himni adlandırılan bu poemanın aşağıdakı xüsusiyyətlərini qeyd etmək mümkündür:
1. Poema qəhrəmanlarının böyük əksəriyyəti dini obrazlardır. Onların arasında Allahı (əsərdə başqa adları ilə – Mövlam, Rəhman, Mürtəza pirim adları ilə də yad edilir), mələkləri (Cəbrayıl və Əzrayıl), peyğəmbərləri (İbrahim, Xıdır, İlyas, Davud, İsa, Yəqub, Əyyub, Loğman, Yusif, Süleyman, sahib-axır-əz-zaman Mehdi), fəriştələri (adbaad göstərilməsə də) görürük;
2. Poemanın bəzi personajları islam dininə mənsub tarixi şəxsiyyətlərdir. Burada Məhəmməd peyğəmbəri (əsərdə Əmin adı ilə verilir), onun dörd əshabəsindən üçü (Ömər, Osman, Əli) və ardıcılı Veysəl Qərani, böyük mütəsəvvif şair Xoca Əhməd Yəsəvi iştirak edirlər;
3. Bunlardan başqa, poemada bəzi mifik, əfsanəvi və tarixi şəxsiyyətlərin, o cümlədən dində böyük yeri olan 360 ərənin, Süleymanın arvadı Bilqeysin, Yusifin sevgilisi Züleyxanın, Məcnunun və Fərhadın, Harunun və Hatəm Tainin adları çəkilir.
Molla Nəfəsin vətəndaşlıq, vətənpərvərlik şeirləri də öz milli ruhuna görə diqqəti cəlb edir. Həmin dövrdə Türkmənistanı, eləcə də bütün Türküstanı istila etməyə çalışan çar Rusiyasına, ara-sıra baş verən İran hücumlarına qarşı mübarizədə öz sazı-sözü, hətta silahıyla iştirak edən Molla Nəfəsin belə vuruşmaların birində yaralanaraq şəhid olduğu barədə rəvayətlər də vardır. O, ana vətəni, yurdu igidliklə qoruyan türkmən sərkərdələrinin, xanlarının, bəylərinin rəşadətini tərənnüm etmiş, döyüşçüləri qələbəyə ruhlandırmışdır. Bunların arasında «Yetişsin», «Sərdarı», «Bərqərar olsun», «Qaraoğlan», «Gələn Qaraoğlan», «Gəldi», «Bəylər», «Deyim», «Sultnanıdır» şeirləri öz mübariz ruhu ilə fərqlənir.
Molla Nəfəs tanınmış sənətkar kimi Orta Asiyanın və Qafqazın bir çox şəhərlərində olmuş, yerli şairlərlə, aşıqlarla, sənət adamları ilə görüşmüş, toylar və məclislər keçirmişdir. Onun əsərlərində Çərcov, Səraxs, Murqala, Mürqab, Marı-Şahi-cahan, Ürgənc, Səmərqənd, Buxara, Əndican, Xarəzm, Qəndəhar, Kabil, Herat, Astarabad, Həmədan, İsfahan, Xorasan, Tehran, Qəzvin, Şam, Bağdad şəhərlərinin, hətta Misir, İraq, Rum, Firəng ölkələrinin adı çəkilir. Təbii ki, bu coğrafi məkanların bir qisminin adı poetik ehtiyaca görə zikr edilmişdir. Lakin onun Azərbaycanda olduğu heç bir şübhə doğurmur. Şair bir şeirində yazır:
Təvriz diyarında olmuşam səyyad,
Həzirbaycan şəhrin gəzdim adbaad.
Şairin ictimai-siyasi məzmunlu şeirləri sayca o qədər çox olmasa da, məzmunca dərin və dəyərlidir. Bu əsərlərdə haqsızlığa, ədalətsizliyə qarşı etiraz, dünyanın gərdişindən şikayət motivləri güclüdür. Onun «Nər kimi gəz», «Gəlmişəm», «Xəbər ver», «Ayrıldım», «Var ikən», «Olar», «Baş olar», «Vəqtidir» adlı şeirlərində sosial motivlər güclüdür.
Molla Nəfəsin yaradıcılığında dini şeirlər də mühüm yer tutur. Şairin Allaha, Məhəmməd peyğəmbərə həsr olunmuş «Edən cəlil», «Gördüm», «Məhəmməd», «Fəda eylədi» kimi şeirləri diqqəti cəlb edir.
Sovet dövründə Molla Nəfəsin yaradıcılığı öz həqiqi qiymətini almamışdır. Onun ilk şeirlər kitabı yalnız 1940-cı ildə (cəmisi 27 şeir) nəşr edilmişdir. 1947-ci ildə çapdan çıxan kitabında 75 şeir, 1955-ci ildə buraxılan kitabinda isə vur-tut 70 şeir verilmişdir. 1961, 1962, 1963 və 1973-cü illərdə də nəşr olunan kitablara şairin ədəbi irsinin sovet ideologiyası ilə «səsləşən» kiçik bir qismi daxil edilmişdir.
Molla Nəfəsin zəngin irsində «Zöhrə-Tahir» dastanı xüsusi yer tutur. Bu əsər Molla Nəfəs tərəfindən tamamilə yenidən işlənərək orijinal bir hala gətirilmiş, türkmən həyatının, ruhunun, mədəniyyətinin və etnoqrafiyasının ensiklopediyası səviyyəsinə çatdırılmışdır. Molla Nəfəs dastanı tam bir zərgər dəqiqliyi ilə cilalamış, onun süjetini, qəhrəmanlarının xarakterini təkmilləşdirmiş, şeirlərini yenidən yazmışdır. Buna görə də Molla Nəfəs dedikdə ilk növbədə «Zöhrə-Tahir» dastanı, «Zöhrə-Tahir» dastanı dedikdə isə Molla Nəfəs yada düşür.
Türkmən xalqı 2010-cu ildə öz Molla Nəfəsin 200 illik yubileyini böyük təntənə ilə qeyd etdi. Bu münasibətilə bir-birindən maraqlı tədbirlər təşkil edildi. Türkmənistan Elmlər Akademiyası Marı vilayətinin icra hakimiyyəti ilə birlikdə 7-10 aprel 2010-cu ildə Marıda «Molla Nəfəs və XIX əsrdə tükmənlərin həyatı» mövzusunda beynəlxalq elmi konfrans keçirdi.
Molla Nəfəsin anadan olmasının 200 illiyi münasibətilə bu sətirlərin müəllifi şairin iki kitabını («Bu məkana gəlmişəm». Bakı, 2010, 160 s. və «Seçilmiş əsərləri. Bakı, 2010, 240 s.) Azərbaycan dilində nəşr etdirdi. Onu da qeyd etmək lazımdır ki, əvvəllər ölkəmizdə şairin bəzi şeirləri çap edilsə də, bu, Molla Nəfəsin Azərbaycanda nəşr olunan ilk kitablarıdır.
SƏRAXSLI ŞAİR – MOLLA NƏFƏS
Səraxslı Şair:
Molla, sən vergil xəbər, sözlə süxənvər hansıdır?
Başı asmana yetən ol şahi-ərər hansıdır?
Özünün bənzəri yox, pakizə gövhər hansıdır?
Bəhri-rəhmətdə açılan müşki-ənbər hansıdır?
Molla Nəfəs:
Əvvəla, sözlə süxənvər bir xudanın özüdür,
Başı asmanda – şəriət rahnəmanın özüdür,
Özünün bənzəri yox, nuri-imanın özüdür,
Bəhri-rəhmətdə Mühəmməd Mustafanın özüdür.
Səraxslı Şair:
Yenə bir quş görmüşəm türfə, əcaib pərlidir,
Bətinində cəm olan altın mürəssə zərlidir,
Yazılı yeri tutan qanadları ləngərlidir,
Quşların sərkərdəsi balayi-şahpər hansıdır?
Molla Nəfəs:
Ol əcaib pərli Cəbrayıl-əminulla olar,
Bətinində cəm olan Quran-kəlimulla olar,
Yazılı yeri tutan «xalisan lillə» olar,
Quşların sərkərdəsi elə onun özüdir.
Səraxslı Şair:
Əvvəla, həqqin kəlamın barısın bilən nədir?
Çox təkəbbürlük edib, özün ulu qılan nədir?
Neçələrin azdırıb, öz yanına alan nədir?
Gərdanına yüklənən əlayi-harvar hansıdır?
Molla Nəfəs:
Həqq kəlamın barısın bilən ləin şeytan olar,
Çox təkəbbürlük – ulu qılan ləin şeytan olar,
Neçələrin azdırıb, alan ləin şeytan olar,
Gərdanına yüklənən harvar günahın özüdür.
HANSIDIR
Ey Murad, bu şəhr içində daxili-dış hansıdır?
Dövrəsi altın tamam, zərrin münəqqəş hansıdır?
Pənci-divari-zəhəb, əlayi-sərkəş hansıdır?
Babı yetmiş, bağlı həmmə, birisi boş hansıdır?
Nagəhandan vasil oldum, gördüyüm düş hansıdır?
Görmüşəm bu şəhr içində bir quşu dustaq olar,
Bars ilı bimar olub, ilxı ilində sağ olar,
Cüma gün qəmgin olub, şənbə günündə çağ olar,
Yüz otuz batman dəmir, boynunda zincir bağ olar,
Mərkəbi-atəş onun, əsbabi-dilkəş hansıdır?
Yenə bir quş görmüşəm mən, gəzər ol quş qəsdində,
Yeddi yüz dev məskən etmiş ol ki quşun üstündə,
Qış günü dağa çıxıb, yaz gün gəzər yer pəstində,
Çün qədəm qoysa qıya bitməz ayağı altında,
Kim anı görsə udar bir dəmdə, ol quş hansıdır?
Gözləri adam sifətdir, misli kirpi tək bədən,
Payları rəcül, əsəd tək, bir dəhanda beş zəban,
Yüz otuz gəzdir arası firqəti-kəmi-zədən,
Çünki avaz babında hər sözü tuti-süxən,
Biməcazət tərbiyət danayı-dilkəş hansıdır?
Bu sözün itmamına hərblər gərəkdir, «sad» gərək,
Loğmanın bişməyinə alət gərəkdir, ot gərək,
Gəminin getməyinə yelkən gərəkdir, bad gərək,
Bunu bilən arifə, elmi-lədün ustad gərək,
Çünki sən miskin Nəfəs fəhm et, ağıl-huş hansıdır?
QIZLA GƏLİNİN DEYİŞMƏSİ
Bir qız ilə bəhs eyləyir bir gəlin,
Gəlin deyir: «Hüsnüm İrəm bağıdır.
Neçə aşiq həsrətində tər gülün,
Aşiq olan bir-birinə yağıdır».
Qız da deyir: «Üzüm xurşidi-xavər,
Hüsnümə möhtacdır mahi-münəvvər,
Uzundur qamətim sərvi-sənubər,
Yaşım on dörd, xub məstanə çağıdır».
Gəlin deyir: «Mənim söhbətim, bacı,
Neçə igidlərnin başının tacı,
Əgər qıya baxsam, gözümün ucu
Görən aşiqlərın ağlın dağıdır».
Qız da deyir: «Aləm yaxar nazlarım,
Bir cüt nərgiz təki mənim gözlərim,
İndi gər açılsa bahar-yazlarım,
Bağın sünbülünü zülfüm dağıdır».
Gəlin der: «Bəzənsəm min dürlü əlvan,
Görməyə acizdir xurşidi-taban,
Aşiq sinəsində yaradır, müdam,
Nərgiz gözlərimin qoyan dağıdır».
Qız da deyir: «Gəlin mənə tay deyil,
Qoynum bir cənnətdən özgə şey deyil,
Tər görünən təzə doğan ay deyil,
Yaxamdan görünən köksüm ağıdır».
Gəlin deyir: «Bəhs eləmə boşuna,
Mən gəlirəm cahılların xoşuna,
Bu sözümü sırğa elə guşuna,
Ləblərim açılan gül yarpağıdır».
Qız da deyir: «Hüsnüm aləm peyvəndi,
Alınmış gəlinin qalası, kəndi,
Abaddır şəhrimin hasarı-bəndi,
Sinəm çox arzulu şah otağıdır».
Gəlin deyir: «İndi heyran olub mən,
Sənin bu sözünə təslim qılıb mən,
Yüz tumən alaram, özüm satıb mən,
Qoç igidin seyran edən çağıdır».
Nəfəs bölər sizə bərabər varı,
Sərdən çıxmaz qız-gəlinin xumarı,
İkiniz də təzə bağın gülzarı,
Bağların açılan qol-budağıdır.
CAHANA GƏLDİ
Əzəl gündə bütün canı yaratdı,
Ruhu fayda olub, cahana gəldi.
Qüdrətin bildirdi, yoxdan var etdi,
Tanrısın rast salıb, sübhana gəldi.
Pakizə gövhərsən, çox xiridarın,
Müdama xalq arzu qılar didarın,
Yenə sordu «Kimdir pərvərdigarın»
«Yaradan sən» deyib, imana gəldi.
Tərifin, dastanın eşidin məndən,
Haq dövlətin ziyad etsin gün-gündən,
Atası sülbündən, ana nəslindən,
Qaraoğlan Onbəyi cahana gəldi.
Onun şan-şöhrəti aləmə düşdü,
Bütün müsəlmana qüvvət yetişdi,
İki yaş üstündən səlamət keçdi,
Üç yaşda danışıb zəbana gəldi.
Dörd yaşında oldu cavanar başı,
Sevindi, güvəndi qohum-qardaşı,
Böyük oğlan olub keçirdi beşi,
Altıda at minib, meydana gəldi.
On yaşında dağ sərinə sər çəkib,
Qəsd edib, yağıdan qırmız qan döküb,
Çolləri yandırıb, dağları yıxıb,
Dünya at tozundan dumana gəldi.
On beşində əsdi igidlik badı,
Təzə məhbub quçub, könlünün şadı,
İyirimi yaşında Qaraoğlan adı,
Yayıldı, şöhrəti asmana gəldi.
İyirmi beşdə dörd yana çarx vurub,
Qoçaqlara Əli təlimin verib,
Mehman gəlsə, qarşı çıxıb, rast durub,
Ol günü məst olub, ehsana gəldi.
Otuz yaşda olub el kəndxudası,
Elin sərəncamı – sərdə qovğası,
Otuz beşdə yetib bəylik binası,
Qırx yaşında hökmi-rəvana gəldi.
Yavuz günlər elin başına düşdü,
Sağlar burda qaldı, sayrılar qaçdı,
Əli kimi yalnız özü yetişdi,
Ellər işrət ilə dövrana gəldi.
Dostməmməd, Qaraoğlan iki bəradər,
Bəradərə ərzə yazdı sərasər,
Xarəzm şəhrindən səksən min ləşkər,
Məmmədəmin xandan nişana gəldi.
Xuda, hər kişinin çırağın yandır,
Bir söz şərbətinə min təşnə qandır,
Kim ona «tüf» desə, dişlərin sındır,
Xəsmlərin işi ziyana gəldi.
Çağırdılar pəhləvanı, pirləri,
Yetişdi Ürgəncin vəli şirləri,
Axaldan, Ürgənçdən ərin ərləri,
Şükrülillah, bizim məkana gəldi.
Türkmənin tacıdır Onbəy övladı,
Ata-baba bəydir, bəllidir adı,
Baharın yağışı, səhərin badı,
Harda olsa əcəb zamana gəldi.
Ağır uruqludur, çox bülənd elli,
Meydanda qılınçlı, divanda dilli,
Səd həzar ləşkərdə avazı bəlli,
Kafir, Əli deyib, gümana gəldi.
Kafirə din üçün Zülfüqar çalıb,
Namus üçün elin arxasın alıb,
Düşməni dörd yana dərbədər salıb,
Qılıncından aləm lərzana gəldi.
Nəfəs der: içmişəm əzəl gün camı,
Zehnimə qüvvət ver, haqqın kəlamı,
Qənimətdir xan həzrətin əyyamı,
Dostlar şad, düşmənlər amana gəldi.
Dostları ilə paylaş: |