TAHİRLƏ İGİDİN DEYİŞMƏSİ
Tahir:
Bəy oğlu, xəbər ver bizə:
Zöhrə qız hardadır, harda?
Məcnun olub çıxdım düzə,
Zöhrə qız hardadır, harda?
İgid:
Xəbər alsan, vəzir oğlu,
Zöhrəcan bağdadır, bağda.
Pəri sifət, huri görklü,
Zöhrə qız bağdadır, bağda.
Tahir:
Firqətindən cəfa çəkib,
Gözümdən qanlı yaş yöküb,
Görə bilməm, hər yan baxıb,
Zöhrəcan hardadır, harda?
İgid:
Seyr etməyə bağa girdi,
Qırx kənizlə belə yürdü,
Ürəkdə dərdi Tahirdi,
Zöhrə qız bağdadır, bağda.
Tahir:
Molla məlun əvvəl günü,
Çox xəbərdar etdi məni,
Qaraçomaq almış onu,
Zöhrəcan hardadır, harda?
İgid:
Bağçası gündə talandır,
Bülbül fəğanda qalandır,
Ağlama, bu söz yalandır,
Zöhrə qız bağdadır, bağda.
Tahir:
Gözümü giryan eyləyən,
Ağlımı heyran eyləyən,
Qara bağrım qan eyləyən
Zöhrəcan hardadır, harda?
İgid:
Tahir deyib, yanar canı,
Bu şəhrin əziz mehmanı,
Qırx kənizin bir sultanı
Zöhrə qız bağdadır, bağda.
Tahir:
Tərk etdim dünyanın varın,
Dünyaya verməm bir tarın,
Yandım, görmürəm didarın,
Zöhrəcan hardadır, harda?
İgid:
Yar deyib ağlın çaşdırıb,
Dərdini başdan aşdırıb,
Ağlar, qəlbinə daş vurub,
Zöhrə qız bağdadır, bağda.
Tahir:
Başqa oda mən yanmaram,
Ölsəm yolundan dönmərəm,
Doğru söylə, inanmaram,
Zöhrəcan hardadır, harda?
İgid:
Seyr edir səhər çağında,
Qızıl güllər qucağında,
Ağlar ayrılıq dağında,
Zöhrə qız bağdadır, bağda.
Tahir:
Doqquz aylıq yoldan gəldim,
Xızır ilə həmrah oldum,
Tahir deyər, görməz qaldım,
Zöhrəcan hardadır, harda?
İgid:
Bəy oğlu söylər həmişə -
Düzünü deməyim nişə?
Sən qılma qayğı-əndişə,
Zöhrəcan bağdadır, bağda.
TAHİRLƏ ZÖHRƏNİN DEYİŞMƏSİ
Tahir:
Doqquz aylıq yoldan durub gəlmişəm,
Oyanmadın bu əfğana, Zöhrəcan!
Gündə yüz yol dirilmişəm, ölmüşəm,
Gəlməyəydim bu cahana, Zöhrəcan!
Zöhrə:
Neçə günlər gəzdim, yarım gələr deb,
Yolun baxıb, ağlım heyran eylədim.
Bağlarıma bülbül-zarım qonar deb,
Bu gün güllərimə seyran eylədim.
Tahir:
Oyanmadın bunca bülənd saz ilə,
Göllər oyanmazmı quba qaz ilə?
Ya qəflətdə qaldın, ya da naz ilə,
Odlar saldın şirin cana, Zöhrəcan!
Zöhrə:
Sən mənə demə gəl belə sözünü,
Töhmət edib başa tutma özünü,
Dediyin düz olsa, görməm üzünü,
Söylə, kimlə əhdi-peyman eylədim?
Tahir:
Xarabadan çıxdı ağsaqqal özü,
Qaradır əsbabı, siyahdır üzü,
Şeyxi-Ləna xəbər verdi bu sözü,
Getdi könlüm bədgümana, Zöhrəcan!
Zöhrə:
Şeyxi-Ləna derlər, şeytandır adı,
Haqqın məlunudur əhli-övladı,
Yalan deyib, sənə salandır odu,
Haqq edibdir – yerin zindan eylədim.
Tahir:
Sevdiyim, rəhm eylə bağrı paraya,
Məlhəm eylə rəqib qoyan yaraya,
Səni deyib, qılınc qoydum araya,
Gözləmədim Mahım qızı, Zöhrəcan!
Zöhrə:
Yeddi il olubdur gedəli varı,
Bu köşk içrə yalnız çəkdim azarı.
Canımın rahatı, tənim müdarı,
Surətin qəlbimdə mehman eylədim.
Tahir:
Qurban olam yarın Zöhrə adından,
Mən qəribi çıxarmamış yadından,
Ayrılıq dərdindən, eşqin odundan
Kül olmuşam yana-yana, Zöhrəcan!
Zöhrə:
Şum rəqib tənindən gülə bilmədim,
Ata qəzəbindən ölə bilmədim,
Zöhrə der, Tahirim, bilə bilmədim,
Qaraçomaq deyib güman eylədim.
Tahir:
Tahir deyər, uzaq yoldan gəlmişəm,
Özümü eşq bazarına salmışam,
Dediyim bu sözə tövbə qılmışam,
Dolanalım o dövrana, Zöhrəcan!
YUSİFLƏ ZÜLEYXANIN DEYİŞMƏSİ
Yusif:
Xoş qal, Züleyxacan, fani dünyadan
Daha dayanmayıb köçməli oldum.
Kim gələrsə, yenə gedər bu yerdən,
Xoş, aman ol, canım, getməli oldum.
Züleyxa:
Yusifcan, vurma sən hicran dağını,
Dayan, bir neçə gün sirdaş olalım.
Seyr eyləyək fani dünya bağını,
Sonra sonsuz yola yoldaş olalım.
Yusif:
Bugün bizə haqdan fərman yetibdir,
Bağıma, bağçama xəzan yetibdir,
Ömrümə, günümə tufan gedibdir,
Xoş, aman ol, canım, getməli oldum.
Züleyxa:
Sən olmasan əziz canı nedərəm,
Mən də axirətin yolun tutaram,
Səbr eləsən sənin ilə gedərəm,
Dayan, sonsuz yola yoldaş olalım.
Yusif:
Bu dərdə yetişməz heç kimin dadı,
Gedibdir, qalmayıb könlümün şadı,
Bizə bugün dəyməş əcəlin badı,
Xoş, aman ol, canım, getməli oldum.
Züleyxa:
Özü kömək etsin, yaradan cabbar,
Mənim səndən özgə qeyri kimim var?
Gen dünya başıma sənsiz olar dar,
Dayan, sonsuz yola yoldaş olalım.
Yusif:
Yusif haqq əmrinə belin bağladı,
Züleyxacan Yusif üçün ağladı,
Ölüm bütün adamları dağladə
Xoş, aman ol, canım, getməli oldum.
Züleyxa:
Züleyxa der: yaxşı-yaman görmüşəm,
Dünyada amansız dövran sürmüşəm,
Gedər olsan, mən izində yürmüşəm,
Dayan, sonsuz yola yoldaş olalım.
ABDULLA ŞAHBƏNDƏ
(1720 – 1800)
Görkəmli türkmən şairi Abdulla Şahbəndə 1720-ci ildə Vas şəhərində anadan olmuşdur. Türkmənlərin yomut boyunun qoçaq tayfasındandır. Ömrü Vasda və Köhnə Ürgəncdə, Qafqazda və İranda (Ətrək, Gürgan və İsfahanda) keçmişdir. Atasının adı Məmi, anasının adı Dövlətbikə, sevgilisinin (arvadının) adı Mənlidir. Özünün əsl adının Əbdünəzər olduğu söylənir. Şairin Seyidnəzər, Dövlətnəzər, Məmmədnəzər və Annamənli adlı dörd oğlu olmuşdur. Şahbəndənin nəslindən olanlar hazırda Türkmənistanın Daşoğuz vilatətinin Köhnə Ürgənc və Taxta mahalında yaşayırlar. Şair 1800-cü ildə vəfat etmiş və Daşoğuzda Aşiq Aydının künbəzi yanında dəfn olunmuşdur.
Əldə olan məlumata görə, Şahbəndə yaxşı təhsil almış, Xivədəki məşhur Şirqazi mədrəsəsində oxumuş, dövrünün ən bilgə, ən savadlı adamlarından biri olmuşdur. Şeirləri, xüsusilə müəmmaları onun Şərq ədəbiyyatı, ilahiyyat, mifologiya, tarix, coğrafiya, astronomiya, təbabət sahələrində dərin bilik sahibi olduğunu göstərir.
Şahbəndənin gerçək həyatı başdan-başa əfsanə dumanına bürünmüşdür. Onun adı haqqında da xüsusi rəvayət var. Deyilənə görə, ən yaxın dostu savaşda əsir düşür və Şahbəndə onu axtarmağa çıxır. Gəlib görür ki, dostu bir şahın əlində əsirdir. Öz-özünə belə deyir: «Dostumla mənim aramda heç bir fərq yoxdur. Əslində, mən də şahın bir bəndəsi və əsiriyəm». Bundan sonra onun adı Şahbəndə olaraq söylənir.
Abdulla Şahbəndə Məmmədvəli Kəminə və Murad Talibi ilə (rəvayətə görə həm də Məxdumqulu Fəraqi ilə) yaxın dost olmuşdur. Xalq arasında onların dostluğu haqqında maraqlı rəvayətlər dolaşır.
Şahbəndənin yaradıcılığı geniş və çoxşaxəlidir. Onun mövzularının əksəriyyəti real həyat hadisələrindən götürülmüşdür. Bəzi şeirləri avtobioqrafik səciyyə daşıyır. Şeirlərində didaktik motivlər güclüdür. O, insanları daim yaxşılıq etməyə, xeyirxahlığa səsləmiş, xüsusilə gənclərə mərdlik, şücaət, ədalət duyğuları aşılamağa çalışmışdır. Şairin dini mövzuda yazdığı şeirlərdə həzrəti peyğəmbərin həyatı və islam dininin gözəllikləri ustalıqla və səmimiyyətlə vəsf edilmişdir.
Abdulla Şahbəndənin poetik irsinin böyük hissəsi itib-batmış, çox az bir qismi gəlib bizə çatmışdır. Onun bəzi şeirləri başqa şairlərin adına çıxılmış, dini məzmunlu şeirləri isə sovet dövründə ümimiyyətlə ortaya çıxarılmamışdır. Bununla birlikdə şairin yaradıcılığı türkmən ədəbiyyatında çox mühüm bir mərhələ təşkil edir. O, sələfləri Nurməhəmməd Əndəlibdən və Dövlət Məmməd Azadidən təsirləndiyi kimi, özündən sonra gələn xələflərinə, o cümlədən Məxdumquluya, Zəliliyə, Molla Nəfəsə, Katibiyə, Aşiqiyə və başqa şairlərə qüvvətli təsir göstərmiş, onlara nümunə olmuşdur.
Şahbəndə bir neçə dastan müəllifidir. Onun «Şah Bəhram», «Gül-Bülbül», «Xocamverdixan» adlı üç dastanı var. Bu dastannlardan «Şah Bəhram» hind mifologiyasının savaş, ovçuluq və zəfər tanrısı Varaxra, yaxud Viret-rana ilə bağlıdır. Bu surət sonralar İran mifologiyasına keçərək Bəhram kimi sabitləşmişdir. Mifik obraz olaraq Bəhram Mars və Mərrix kimi savaşı simvolizə edir. Sasanilərin on dördüncü şahı olan ədəbiyyatda qulan (gur, çöl eşşəyi) ovlayan Bəhram Gur kimi məşhurlaşmışdır. Nizami Gəncəvi «Yeddi gözəl» əsərində, Əmir Xosrov Dəhləvi isə «Həşt behişt» poemasında onun surətini yaratmışlar. Şahbəndə də onların təsiri altında bu mövzuya müraciət etmişdir. Lakin «Şah Bəhram» dastanının süjeti xeyli fərqli və orijinaldir. Şeirləri isə müstəsna dərəcədə gözəldir.
Şahbəndənin «Gül-Bülbül» adlı dastanı da çox maraqlıdır. Bu mövzuda ondan əvvəl də əsərlər yazılmışdır. 1456-cı ildə Bədiəddin Mənuçöhr ət-Təbrizi, daha sonra özbək şairlərindən Səlahi «Gül-Bülbül», Lütfi isə «Gül və Novruz» adlı əsər yazmışlar. Şahbəndə isə öz dastanına başqa bir ruh vermiş, onun sujetini öz istəyinə və poetik məramına görə dəyişdirmişdir. Şahbəndə dastanın sonunda onun yazılma tarixi barədə (hicri təqvimlə 1214-cü il, miladi təqvimlə 1799/1800-cü il) məlumat verərək bu sətirləri qələmə almışdır:
Min iki yüz on dörd oldu tarixdə,
Bicin (meymun) ili yazdım qissəni, bəylər.
Şairin «Xocamverdixan» dastanı da orijinal və maraqlı əsərdir.
Bunlardan başqa, mənbələrdə verilən məlumata görə, Şahbəndənin gəzib-gördüyü yürlərdən bəhs etdiyi «Səyahətnamə» adlı bir əsəri də olmuşdur, lakin bu əsər indiyədək aşkar edilməmişdir.
Abdulla Şahbəndənin şeirləri və dastanlarının yüzdən artıq əlyazması hazırda Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunda saxlanır. Şairin əsərləri dəfələrlə nəşr edilmiş, haqqında elmi tədqiqat işləri yazılmışdır.
Şahbəndənin əsərləri Azərbaycanda çox da bilinmir. Ölkəmizdə əvvəllər onun cəmi bir neçə şeiri çap olunmuşdur. Yaradıcılığı Bakı Dövlət Universitetinin tükr xalqları ədəbiyyatı kafedrasında və bəzi ali məktəblərin filologiya fakültələrində tədris olunur.
QIRX
Xəbər vergil, Bəkir xocam,
O nə anddır, vallahı qırx,
Doqquz oğlan bir beşikdə,
Anası dörd, Allahı qırx?
Önü yürür, izi yetməz,
Yerdə-göydə məskən tutmaz,
O nə quşdur ölməz-itməz,
Ayağı dörd, kəlləsi qırx?
Nə mizan olar, nə yerdə,
Nə şəfadır yüz min dərdə,
Yeddi kiriş, yetmiş pərdə,
Sazı birdir, zilləsi1 qırx?
Nə dəryadır, girdabı dörd,
O nə bağdır, ərbabı dörd,
Atı doxsan, əsbabı dörd,
Donu doxsan, hülləsi2 qırx?
Nə ölkədir, eli beşdir,
Yağar yağmur, seli beşdir,
Nə tüfəngdir, nili3 beşdir,
Çaxmağı bir, mərmisi qırx?
Nə ölüdür, yaşı doqquz,
Nə mizandır, başı doqquz,
Nə tirəndaz, daşı doqquz,
Nə əjdaha, kəlləsi qırx?
Nə qaladır, bürcü doxsan,
Nə bəzirgan, borcu doxsan,
Nə qumaşdır, xərci doxsan,
Dağı on dörd, qallası1 qırx.
O nə oddur, tütünü yüz,
O nə sözdür, ütünü2 yüz,
Nə məsciddir, sütunu yüz,
Oğlanı üç, mollası qırx?
Sınsa çoxdur, daşsa azdır,
O nə söhbət, o nə sazdır,
O nə novruz, o nə yazdır,
Qışı doxsan, çilləsi qırx?
Aşma, xocam, bu bir pillə,
Bu sözümdə yoxdur hiylə,
Tapa bilməz neçə molla,
Məğər olsa silləsi3 qırx.
Şahbəndə söylər hər sözdən,
Tut hesabın yüzdən, yüzdən,
Dörd çeşmə axar bir gözdən,
Bəndi beş yüz, damlası qırx.
BEŞ
Xəbər vergil, Haşım xocam,
Nə çölistandır, dağı beş?
Ağzında qırx min qırx dişi,
Nə ilandır, ayağı beş?
Sinəmdə eşqin dağı var,
Dilsiz-ağızsız yağı var,
Üç yüz altmış ayağı var,
Hər ayağın barmağı beş.
Nə qumaşdır, xərci səksən,
Nə tüccardır, borcu səksən,
Nə qaladır, bürcü səksən,
Bağbanı yetmiş, bağı beş?
Qaranlıq dünyada aləm,
İyirmi beş at bir öydə cəm,
Hər atda iyirmi beş adam,
Hər birinin yarağı beş?
Şahbəndə deyər, nə filan,
Nə gün yazılmış, nə divan,
Səhər vaxtı doğan keyvan,
Qarası qırx min, ağı beş.
NƏDİR
Xəbər vergil, nə məxluqdur, üç dilli,
Hər dilin şərh eylə, bəyanı nədir?
İkisi mənalı, biri bikamal,
Birinə bənd olmuş, zamanı nədir?
Bir dilində yüzdə birdə hesab var,
Bir dilində yüzdə səksən cavab var,
İki yüzdə səkkiz dənə hicab var,
Doqquz xəbər, üç and, zəbanı nədir?
Birini üçə böl, üç-dörd baş olar,
Birin iki bölsən, neçə baş olar?
Üçdə üç, dörddə dörd, beşdə beş olar,
Üç yerdə salınan dükanı nədir?
Nə məxluqdur, dildə çoxdur qovğası,
İki ayaqlıdır, yetmiş kəlləsi,
Dişi iyirmi doqquz, yüz on pilləsi,
Fəhm eylə, qurulmuş mizanı nədir?
Fəhmin olsa, tut sən gündüz gecədən,
Neçə yumurta çıxar tək bir cücədən,
Sən bilməzsən, soruş Bəkir xocadan,
Ölkəsi, məskəni, məkanı nədir?
Bunların şanında otuz bir yağı,
Yetmiş baş, qırx bir tən, otuz ayağı,
Başın tutub, taxıb qıçına bağı,
Dörd qılıncla salan nişanı nədir?
O nə quşdur, onda nə tən var, nə can,
Çərx vurar, çevrilər misali-asiman,
Yumurtlayar toyuq kimi hər zaman,
Xoruz tək banlayar, fəğanı nədir?
Ayağı məğribdə, başı məşriqdə,
Çəpər tək tikilmiş, nə sirdir haqda,
Məşq edibdir hansı kitab-varaqda,
Fəhm eylə, katibi, yazanı nədir?
Məna sor, məna al, can ilə təndən,
Doğru söz çıxarmı əyri bədəndən?
Utanma, şairim, soruşum səndən,
Bildinmi başında qovğanı, nədir?
Nə ümmandır, daşdı, coşdu, səngidi,
Bu yolda bağlamış Şahbəndə bəndi,
Əkdi, biçdi, çəkdi, durma sən indi,
Gəlibsən dərməyə, başağı nədir?
BİLİNMƏZ
Arif olsan, səndən xəbər alım mən,
Nə millətdir, hardalığı bilinməz?
Xəbər ver, soruşum, gənci-xəzinə,
Fəqirdəmi, baydalığı1 bilinməz.
Nə kirişdir, bənd olubdur kamana,
Hansı gün qopacaq axır-zamana?
Nə səbəbdən qərq olubdur ümmana,
Kənardamı, saydalığı2 bilinməz.
Nə gövhər, nə yerdə yatar kəmbaha,
Necə isbat etmiş sureyi-Taha,
Qarkı3, çoban, quzu, bülbül, əjdəha,
Beşinin bir öydəliyi bilinməz.
O nə quşdur, qonduğu yer gümüşlü,
Altı min qanadlı, əlli min başlı,
Atası qırxında, oğlu yüz yaşlı,
Yasdalığı, toydalığı bilinməz.
O nədir ki, dörd yanında üzü var,
O nədir ki, sinəsində gözü var,
Nə kəlamdır, üç yüz altmış sözü var,
Yerdə, göydə, aydalığı bilinməz.
O nədir ki, önü var da, ardı yox,
O nədir ki, qonar-köçər, yurdu yox,
Hesab edib görsəm, yenə dördü yox,
Nə məkanda, caydalığı bilinməz.
Şahbəndə der: üç min üç yüzü dursun,
Dörd min dörd yüz qırx dörd səfasın sürsün,
Hər kim ustad isə, cavabın versin,
Dörd dalın bir zedəliyi4 bilinməz.
HANSIDIR – BUDUR
Ver xəbər, arif olsan, sirri-pünhan hansıdır?
On iki darvazalı ol şəhri-əbdan2 hansıdır?
Tut hesab həftadi-həft, bürci-gərdan hansıdır?
Üç yüz altmış cuyi-abı2, iki ruhdan hansıdır?
Ver xəbər, ustad isən, ol şəhrə sultan hansıdır?
Feyzi-haqdır, söhbət içrə ol sirri-pünhan olur,
On iki darvazalı şəhri-bədən insan olur,
Bürcü yetmiş yeddi peydir, şəhər bəndi an olur,
Üç yüz altmış damar həblül-vəridə3 qan olur,
İşbu şəhər içrə bilin kim, könül sultan olur.
İki yüz ol qırx səkkiz həm köyi-büzürg4 qıl bəyan,
Pənc sədü bistü həşt5 xana, beş yüz iyirmi beş dükan,
İki vəzir çox qulama buyurur kari-gəran6,
Mənası çoxdur, hesab et, tez dolandırgil zəban,
Qazısı nədir, hökmü nə, adil fərman hansıdır?
İki yüz ol qırx səkkizdir üstüxan7, etsəm bəyan,
Beş yüz iyirmi səkkiz öy bu əsli ərmiş məkan,
Ol bədən peyvəndidir beş yüz iyirmi beş dükan,
..............................................................................
..............................................................................
Ol nə quş, yetmiş başı, qırx tən, iki yüzdür ayaq,
İki türfə qanadı – biri qaradır, biri ağ,
Ol nə səyyad qəsd edib, kim yolunda qurmuş duzaq,
Fəhm edib, ustad isən, əbcəd hesabı birlə bax,
Ver xəbər indi görüm, ol quşa aşyan hansıdır?
Ömür – quş, yetmiş başı, qırx tən, iki yüzdür ayaq,
Gecə-gündüz qanadı – biri qaradır, biri ağ,
Bu əcəl səyyad olur, kim yolunda qurmuş duzaq,
Çün ömür üç hərf, əbcəddən etsəm iftiraq,
Bizi ustad bilsən, indi bu cəsəd aşyan olur.
Arif olsan, ver xəbər, xar nədir, xunxar nədir?
Qafil ol kim könlü xəstə, dərdi-biazar nədir?
Bilmənəm ağıl neyçin, dəhr içrə ol bidar nədir?
Sirri-pünhanına dolmuş, aləmə aşkar nədir?
Ol nə başdır, həm yenə baş içrə pünhan hansıdır?
Aşiqi-məşuq durur kim, xar budur, xunxar budur,
Qafil adam, könlü xəstə, dərdi-biazar budur,
Dünyadan ağıl qaçar, eşqli könül bidar budur,
Ol xuda pünhan gözünə, aləmə aşkar budur,
Ol cahan dostu riza, xəşmi-qədər pünhan olur.
Dəhr ara Şahbəndeyi-biçarə eyləyər sual,
Ol nə zülmətdir ki, rövşənliyə dönmək müxal1,
Müfti-biəməl nədir, qəm dəştində fasid xəyal,
Dürri-gövhər kanı kimdir, binəva, biintiqal,
Ol nə gənc, xərc etsən artar, etməsən nöqsan olur?
Dəşt ara verdi cavab şol yerdə ol miskin həlal,
Qocalıq bir zülmətdir, rövşənliyə dönmək müxal,
Müfti-biəməl riyadır, ücb2 olar fasid3 xəyal,
Binəva ələmlər imiş, binəva, biintiqal,
Elm – gənc, xərc etsən artar, etməsən nöqsan olur.
PƏRİ İLƏ ŞAH BƏHRAMIN DEYİŞMƏSİ
Pəri:
Qaçıb çıxdım qollarından,
Sənin yarın mən deyiləm.
Yürü, qalma yollarından,
Sənin yarın mən deyiləm.
Şah Bəhram:
Əylən, qara gözlü pərim,
Sənin yarın mənəm, mənəm.
Şəhdi-şəkər sözlü pərim,
Sənin yarın mənəm, mənəm.
Pəri:
Qafil idim, saldın ala,
Aşiq oldun bu camala,
Yeri, düşmə xam xəyala,
Sənin yarın mən deyiləm.
Şah Bəhram:
Gül qalmadı bağça-barda,
Əlim yetməz, zülfün darda,
Qoyma bizi ahu zarda,
Sənin yarın mənəm, mənəm.
Pəri:
Nə qəzirsən ançalarda,
Bağ içində bağçalarda,
Tər açılan qönçələrdə,
Sənin yarın mən deyiləm.
Şah Bəhram:
Bəndivanam sözlərində,
Qara xallı üzlərində,
Səfil qaldım izlərində,
Sənin yarın mənəm, mənəm.
Pəri:
Pəri adamzada yetməz,
Yetən yerdə məskən tutmaz,
Pərizadam, əlin yetməz,
Sənin yarın mən deyiləm.
Şah Bəhram:
Gah doluyam, gah xalıyam,
Sənin eşqində dəliyəm,
Gül üzünün abdalıyam,
Sənin yarın mənəm, mənəm.
Pəri:
Libaslarım aldın mənim,
Nə sözün var, nə mətləbin?
Vardır məndə nə məqsədin?
Sənin yarın mən deyiləm.
Şah Bəhram:
Düşdüm sənin xəyalına,
Aşiq oldum camalına,
İntizaram vüsalına,
Sənin yarın məməm, mənəm.
Pəri:
Gəl ey adamzadım mənim,
Kimə yetər dadım mənim,
Balahüsn adım mənim,
Sənin yarın mən deyiləm.
Şah Bəhram:
Şah Bəhram der, həvəsiyəm,
Qönçə gülün nəvasıyam,
Fars elinin paşasıyam,
Sənin yarın mənəm, mənəm.
BALAHÜSN İLƏ ŞAH BƏHRAMIN DEYİŞMƏSİ
Balahüsn:
Mən qorxuram şum ayrılıq
Üstümüzə düşə bir gün.
Bu rəhmsiz qəhbə fələk
Ağı qata aşa bir gün.
Şah Bəhram:
Qaçmaq olmaz, qəhbə fələk
Tor qurubdur dışımıza,
Sığınarıq yaradana,
Hər nə gəlsə başımıza.
Balahüsn:
Ər gərəkdir ölüşməyə,
Yoxsa nə var döyüşməyə?
Bizi qoymaz sevişməyə,
Dev Səfid yetişsə bir gün.
Şah Bəhram:
Bir allahı yada salsam,
Əli zülfüqarın çalsam,
Sənin yolunda mən ölsəm,
Yiyə olgil leşimizə.
Balahüsn:
Boyun-boyun qol salışsaq,
Sirr veribən sirr alışsaq,
. Dönər, sevib ayrılışsaq
Yaz günümüz qışa bir gün.
Şah Bəhram:
Gözəllikdə yoxdur tayın,
Şöləsisən günün, ayın,
Tutiyadır xaki-payın,
Gözümüzə, qaşımıza.
Balahüsn:
Balahüsn fəhmsizdir,
Yaradandan vəhmsizdir,
Qəhbə fələk rəhmsizdir,
Ağı qatar aşa bir gün.
Şah Bəhram:
Şah Bəhram der yana-yana,
Od düşübdür şirin cana,
Sığınarıq yaradana,
Qayğı gəlməz huşumuza.
MƏXDUMQULU FƏRAQİ
Məxdumqulu Fəraqi tarix boyu gəlib keçmiş ən böyük türkmən şairidir. Onun türkmən ədəbiyyatı tarixindəki yerini ve mövqeyini bir cümlə ilə belə səciyyələndirmək olar: Bayron ingilis, Dante italyan, Puşkin rus ədəbiyyatı üçün nədirsə, Məxdumqulu da türkmən ədəbiyyatı üçün odur. Böyük türkoloq Barthold yazmışdır ki, tarixdə hələ heç bir türk şairi öz xalqı arasında Məxdumqulu qədər populyar olmamış, onun qədər sevilməmiş, oxunmamış və əzbərlənməmişdir.
Məxdumqulu Fəraqi 1733-cü ildə Türkmənistanın Ətrək vilayətində Kümbəzhovuzun şərqindəki Hacıqovşan adlı yerdə, başqa bir məlumata görə, Qızılbayır (indiki Şarlavuk) obasında türkmən ədəbiyyatının klassiki Dövlətməmməd Azadinin ailəsində dünyaya gəlmişdir. O, əvvəlcə qonşu kənddəki İdris Baba məktəbində, daha sonra Buxaradakı məşhur Göyəltaş və Xivədəki Şirqazi mədrəsələrində oxumuş, başda Quran olmaqla ilahiyyat elmini, həndəsə, hesab, nücum, tarix, coğrafiya və digər fənləri dərindən öyrənmiş, ədəbiyyata və dilə xüsusi maraq göstərərək Şərq ədəbiyyatı klassiklərini ciddi mütaliə etmiş, Xoca Əhməd Yəsəvi, Füzuli, Nəvai, Nəsimi, Hacı Bəktaş Vəli, Yunus İmrə, Nizami, Hafiz, Xəyyam, Cami, Dəhləvi kimi şairlərin yaradıcılığını mənimsəmiş, Şərqin böyük alimlərindən Fərabinin, Biruninin, ibn Sinanın, əl-Xarəzminin, Mənsur Həllacın, Qəzalinin, Zəməxşərinin, Nəiminin, Bəyazid Bistaminin və başqalarının elmi-fəlsəfi irsi ilə tanış olmuş, cağatay, ərəb və fars dillərinə mükəmməl şəkildə yiyələnmişdir. Məxdumqulu Buxarada nəqşibəndi ordeninə ciddi maraq göstərmiş, bu ordenin şeyxi Bəhaəddin Nəqşibəndinin yaratdığı sufi məktəbinin güclü təsirinə məruz qalmış, şeyxin «Dilin yar ilən, əlin kar ilən olsun» şüarını öz həyatının və sənətinin əsas kredosu, mayası və mənası kimi qəbul etmişdir.
Məxdumqulunun şəxsi həyatı faciələrlə keçmişdir. Abdulla adlı qardaşı hansı səbəbdənsə ata yurdunu tərk etmiş, 1754-cü ildə üç ailə üzvü – bacısı Xanmənli, kiçik qardaşı Canəsən və onun arvadı Bayram eyni gündə dünyadan köçmüş, bu dərd Məxdumqulunu, atası Azadini və anasını dərin kədərə qərq etmişdir. Üstəlik, şairin iki uşağının ikisi də kiçik yaşlarında ölmüş, çırağını yandıracaq başqa övladı olmadığından Məxdumqulu bir ata və insan kimi bunu böyük ürək ağrısı ilə qarşılamışdır.
Məxdumqulu gənc yaşlarından etibarən səyahətə çıxaraq bütün Türkmənistanı, Orta Asiyanı, İranı və Hindistanı gəzib dolaşmış, böyük ehtimala görə, Azərbaycanda və Anadoluda da olmuşdur.
Statistik hesablamalarına görə, şairin yaradıcılığında işlədilmiş real coğrafi, dini-mövhumi məntəqələrin, tarixi və əfsanəvi şəxs adlarının sayı 258-dir. Məxdumqulu bir sözün dəfələrlə işləndiyini nəzərə alınmaqla ümumən 101 min kəlmədən istifadə etmişdir.
Məxdumqulunun sonraki həyatı barədə dəqiq məlumatlar yoxdur. Onun vəfat tarixi də mübahisəlidir. Bəzi araşdırmaçılar şairin 1783-cü ildə, bəziləri isə 1793-cü, hətta 1798-ci ildə vəfat etdiyini yazırlar.
***
Məxdumqulu hər şeydən əvvəl böyük şair və istedadlı aşıqdır. Artıq XVII əsrdən etibarən türk ədəbiyyatında divan ədəbiyyatı ilə klassik aşıq yaradıcılığı qovuşaraq yeni bir mərhələyə qədəm qoymuş, yazılı ədəbiyyatla şifahi ədəbiyyatın sintezi nəticəsində şair-aşıq sənətkarlar yetışmışdir. Türkmənistanda Məxdumqulu, Azərbaycanda Vaqif, Türkiyədə isə Nədim bunların ən parlaq nümayəndəsi sayılır. Saz çalıb-çalmamasından, məclislərdə çıxış edib-etməməsindən asılı olmayaraq onların yaradıcılığı şifahi xalq ədəbiyyatı ənənələri üzərində yüksəlmiş, folklordan bəhrələnərək nəşv-nüma tapmış, aşıq şeiri canrları aparıcı mövqedə olmuş, eyni zamanda divan ədəbiyyatı da öz qüvvətli təsirini qorumuşdur. Bu tipli sənətkarların yaradıcılığında qoşma, gəraylı, təcnis canrında yazılmış əsərlərlə bərabər qəzəl, qəsidə və məsnəvilərə də rast gəlirik.
Məxdumqulu söz sənətinə aşıq kimi qədəm qoymuş, türkmən və ümumtürk folklorunu dərindən mənimsəyən və inkişaf etdirən bir haqq aşığı səviyyəsinə yüksəlmişdir. O, digər haqq aşıqları kimi badə içmişdir. Üstəlik, Məxdumqulu yeganə aşıqdır ki, onun həyatında badə içmə doqquz dəfə baş vermişdir. Müqəddəslər əlindən badə içməsi (türkməncə buna «haqdan içmə» deyilir), bunun məkanı və zamanı, kimlərin iştirakı ilə və nə şəkildə baş verməsi şairin öz şeirlərində təsvir edilmişdir.
Məxdumqulunun yaradıcılığının əsasını və mayasını, heç şübhəsiz, məhəbbət lirikası təşkil edir. Vətəndaş qeyrətli şairin türkmən birliyinə səsləyən şeirləri də az deyil. Öz dövrünə görə mükəmməl ruhani təhsili alan, yetkin ərən və irfan sahibi olan Məxdumqulunun dini məzmunlu şeirləri də olduqca çoxdur. Böyük şairin ədəbi irsində ictimai-siyasi məzmunlu şeirlər, fəlsəfi-didaktik əsərlər də əhəmiyyətli yer tutur. Bunlardan başqa, Məxdumqulunun müxtəlif vəsilələrlə yazdığı şeirlər də (məsələn, vücudnamələr, atasına, qardaşı Abdullaya həsr etdiyi şeirlər, şəxsən özünün başına gələn faciələr haqqında şeirlər) vardır. Doğma xalqına minbir qırılmaz tellə bağlı olan bu bötük sənətkar bütün hallarda xalq ruhunun tərcümanı kimi onun arzu və istəklərini, həyatını və taleyini qələmə almış, bunu geniş poetik vüsət və sonsuz ilhamla, əlvan və parlaq boyalarla yerinə yetirmişdir. Məxdumqulunun üç əsrdən bəri türkmən ədəbiyyatına hakim olması, yön verməsi və sevilməsinin sirri də məhz bundadır.
Məxdumqulunun yaradıcılığı bütün türk dünyasında olduğu kimi, Azərbaycanda da həmişə sevilmişdir. Müxtəlif dövrlərdə mətbuatda onun şeirlərindən nümunələr çap olunmuş, haqqında yazılar qələmə alınmış, yaradıcılığı haqqında dissertasiya yazılmışdır.
Vaxtilə nəşr olunmuş «Klassik türkmən şeiri» kitabında (Bakı, 1983, 239 s.) və Fəxrəddin Əliyevin tərtib və tərcümə etdiyi «Türkmən nəğmələri» (Bakı, 1989, 180 s.) kitabında Məxdumqulunun bir sıra şeirləri verilmişdir. 1984-cü ildə isə şairin 250 illiyi münasibətilə «Qəm seli» adlı şeirlər kitabı buraxılmışdır. İsmayıl Vəliyevin tərtib və tərcümə etdiyi bu kiçikhəcmli kitabda böyük sənətkarın 102 şeiri öz əksini tapmışdır. Firuzə Ağayevanın tərtib etdiyi «Şeirlər» kitabında (Bakı, 2006, 160 s.) isə Məxdumqulunun 156 şeiri toplanmışdır. Sovet dövründə nəşr olunan bu kitablarda Məxdumqulunun dini məzmunlu şeirlərindən heç bir nümunə verilməmişdir. Sovet dövründə Türkmənistanda da şairin dini-ruhani şeirlərini çap etmək mümkün olmamış, onların üstündən sükutla keçilmişdir. Ona görə də müstəqillik dövründə Məxdumqulunun kitablarından birini «Bağışla bizi» adıyla çap edən naşirlər (bu, şairin ən məşhur dini şeirlərindən birinin adıdır) həmin çatışmazlığı da aradan qaldırmış, ulu sənətkardan bir növ üzr istəmişlər.
2010-cu ildə bu sətirlərin müəllifi tərəfindən Məxdumqulunun «Seçilmiş əsərləri» (448 s.) türkməncə orijinalından tərcümə olunmuş və Ankarada TürkSOY xəttilə nəşr edilmişdir. Həmin kitabda şairin 400-ə yaxın şeiri verilmişdir. Bu nəşr də həcm məhdudluğu üzündən Məxdumqulunun yaradıcılığını tam şəkildə əhatə etmir. Burada onun şeirlərinin təxminən yarısı toplanmışdır.
Türkmən şairlərindən biri Məxdumqulu haqqında obrazlı şəkildə belə demişdir: «Xalqın sönməz çırağı Ulu ustad Fəraqi». Bu, olduqca isabətli bənzətmədir. Məxdumqulu türkmənlər üçün o qədər böyük əhəmiyyət kəsb edir ki, onlar bir şeyi daha dolğun şəkildə ifadə və izah etmək üçün Fəraqidən bir şeir parçasını misal gətirirlər. Bu mənada Türkmənistan Dövlət Universitetinə, Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstituna, bir sıra müəssisə və mərkəzə dahi şairin adını verilməsi heç də əbəs deyil. Türkmənistan Respublikasının beynəlxalq miqyasda verilən ən yüksək dövlət mükafatlarından biri isə «Xalqara Məxdumqulu Bayrağı» adlanır.
Dostları ilə paylaş: |