TÜrkməN ŞEİRİ antologiyasi (XVII – XIX əsrləR) Bakı – 2011



Yüklə 2,4 Mb.
səhifə9/17
tarix02.12.2016
ölçüsü2,4 Mb.
#672
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

GETDİ
Ey ağalar, Yolötənin düzündən,

Mənim sona boylum çıxdı da getdi,

Alma yanağından, ağ-ağ üzündən,

Ləli-mərcanları tökdü də getdi.


Cüt bilərzik xub yaraşır dəstində,

Cəllad gözlər can almağın qəsdində,

Aycamalım ağ mayanın üstündə,

Bir kəniz başını çəkdi də getdi.


Yerdən, göydən üzülübdür qərarım,

Şana alıb, siyah zülfün darayım,

Aycamalım, ap-ağ üzlü maralım,

Məlul-məlul bizə baxdı da getdi.


Ceyranı var, ovlağı var bu çölün,

Ördəyi var, qazları var bu gölün,

Kəminə der, sona boylu bu gəlin,

İnləyib göz yaşın tökdü də getdi.



GÜLLƏRƏ
Xubların nazlısı qara göz olar,

Tamaşa et bülbül ilə güllərə.

Gözəlin işvəsi şirin söz olar,

Söylə, qurban olum şirin dillərə.


Al-yaşıl geyinib gülü dərəndə,

İpək qurşaq incə beli saranda,

Su sonası yaşılbaşı görəndə

Laçın könlüm həvəs edər göllərə.


Ayrı düşsəm əlif qəddim yay olar,

Ayrılmasam könlüm əcəb bay olar,

Gül üzün görməsəm, günüm ay olar,

Ayım uzar gedər ildən illərə.


Kəminə, qoymazlar yar ilə yarı,

Fələkdən dad edər gələnin varı,

Mənim dilim, sənin əlin hünəri,

Nüsxə olub qalsın eldən ellərə.




QƏLƏM QAŞLI QIZ
Gəldi qələm qaşlı qız,

Toyladılar yanıma.

Kirpikləri sivri ox,

Batar mənim canıma.


Mən dedim ki, can təlaş,

Gözdən axar qanlı yaş.

Baxsana bir, bağrı daş,

Hali-pərişanıma.


Mən dedim, ey ruyi-gül,

Xidmətində bəndə qul,

Qəhrini bas, səbr qıl,

Susamısan qanıma?


Kəminə der, qul oldum,

Yana-yana kül oldum,

Bu gecə daxil oldum

Tazə gülüstanıma.



BƏRABƏR
Könül, sən mərdlərə belin bağlasan,

Haq verər muradın dilə bərabər.

Riya olmaz, Allah deyib ağlasan,

Bülbülün qan-yaşı gülə bərabər.


Hər şeyi yoxluqdan yaratdı cabbar,

Özünün mülküdür, sahib-ixtiyar,

Ölüm şərbətini içməyən kim var,

Ölüm bir mirasdır, elə bərabər.


Verən, alan özü pərvərdigardır,

Özgədən yapışmaq namusdur, ardır,

Ölüm el içində əvvəldən vardır,

Çəkilən qatarlı yola bərabər.


Əvvəl adam bu dünyaya gəlməsə,

Əgər gəlib ömür sürsə, ölməsə,

Vay, əgər igiddən züryət qalmasa,

Gəlməyi gəlməmək ilə bərabər.


Dəmbədəm artmada dərdim dünyada,

Mən kimin üstünə gedim imdada,

Həvəsim yox, bəylər, fani dünyada,

Hər günüm bir aya, ilə bərabər.


Kəminə, əskildim, düşdüm gün-gündən,

Həmişə şom ölüm ayrılmaz məndən,

Əvvəl-axır, Allah, umudum səndən,

Yetir dövlətini elə bərabər.




BİLMƏDİM
Sən qıza aşiqəm, qorxaram səndən,

Könlündə nə varsa bilə bilmədim.

Eşq odu yamandır, eyb etmə məndən,

Sənin ilə həmdəm ola bilmədim.


Dağdan bülənd aşiqlərin hümməti,

Yar deyib yanmasın rəsul ümməti,

Qiymət desən, beş min tümən qiyməti,

Səndə bir nar gördüm ala bilmədim.


Ağlım divanədir eşqin əlindən,

Mehrim heç doymadı qızdan-gəlindən,

Rəqibin dərdindən, elin dilindən,

Qayğısız qapından gələ bilmədim.


İgidin sevdiyi olsa mehriban,

Girsə qucağına, qalmaz arzuman,

Kəminə der, yaxdı məni Gülüstan,

Biəlac, dərdindən ölə bilmədim.




GƏLİNLƏR
Xoş gəlibsiz, xoşluq ilə gedərsiz,

Dünyanın seyrinə gələn gəlinlər.

Dağılan şəhrimi abad edərsiz,

Qəmdə qalan könlüm alan gəlinlər.


Ağ öyün yiyəsi, bayın qızları,

Əyyamın sultanı derlər sizləri,

Xidmətə münasib görün bizləri,

Məhəbbət sayəsin salan gəlinlər.


Ərə söhbət gərək, gözələ tinət,

Kimin gücü çatar, bahalı, qiymət,

Uzun boylu, gen sinəli, xoş surət,

İzzəti, hörməti bilən gəlinlər.


Ağ üzünə qara zülfün yayıbdır,

Sanki ay üzünü bulud alıbdır,

Xəstə canım, müjdə, təbib gəlibdir,

Dərdimin dərmanı olan gəlinlər.


Bağ meyvəsi olmaz şirin dil kimi,

Bəlli-bəlli sözün vardır bal kimi.

Kəminə der, ağlı-qızılgül kimi,

Aşığın canını alan gəlinlər.


ƏRSARININ QIZI
Yarım deyib yola çıxsam,

Yollar ərsarının qızı.

Ceyran üçün çölə cıxsam,

Çöllər ərsarının qızı.


Çölistanda vardır baylar,

Zindan oldu ağ saraylar,

Keçib gedər illər, aylar,

Günlər, ərsarının qızı.


Alma-narın qoxusu var,

Tər məmələr əldən qaçar,

Üzü görklü, əli uçar,

İşlər ərsarının qızı.


Yerdə yatmaz yazın günü,

Oxuyar bağın bülbülü,

Mən istəməm özgə gülü,

Güllər ərsarının qızı.


Kəminə bir dastan yayar,

Kimlər dadar, kimlər doyar,

Ürəyimdə dağlar qoyar,

Dağlar ərsarının qızı.



EDƏR
Ey ağalar, yaman arvad

Saqqal çıxmamış ağ edər.

Abırını yerə tökər,

Ürək-bağrını dağ edər.


Başı çıxmaz heç bir işdən,

Nə gedişdən, nə gəlişdən,

Ağ iplikdən, göy ərişdən

Saçına ipdən bağ edər.


Kim deyir ki, sözə baxar,

İnci taxar, muncuq taxar,

Paltar geysə, yarsın yaxar,

Yaxasın yırtıb çak edər.


Əri qazanıb gətirər,

Çuval dolmadan bitirər.

Gedib küllükdə oturar,

Deyər: ərim həlak edər.


Sözünün yox dal-qabağı,

Allahın bir balqabağı.

Eldən yığışmaz ayağı,

Öz öyünə hey lağ edər.


Baxıb alın əslin-zatın,

Nə boşayın, nə də atın.

Kəminə der, axmaq xatın

Qara saçı dümağ edər.




SEYİDNƏZƏR SEYDİ

(1775 – 1836)

Türkmən ədəbiyyatı tarixində Seydi təxəllüslü iki şair var­dır. Onlardan birincisi olan Seyidnəzər Seydi Çərçov vila­yə­tinin Qarabəkavul qəzasının Ləmmə kəndində 1768-ci ildə, di­gər bir versiyaya görə, 1775-ci ildə, bəzi alim­lə­rin fikrincə isə 1760-cı ildə anadan olmuşdur. O, türk­mən­lərin ərsarı boyun­dandır. 1836-cı ildə vəfat etmişdir.

Şairin ömrü və yaradıcılığı vətənpərvərliyin parlaq bir ör­nəyidir. Onun şeirlərində ərsarı türkmənlərinin tarixi və sosial həyatı, xüsusilə 1801-02-ci illərdə baş verən üsyanlar haqqında məlumatlar verilir. Buxara əmiri Şahmuradın ölümündən sonra oğlu Mirheydərin taxta çıxması ilə Amu-Dərya sahillərində ya­şayan türkmənlərin vəziyyəti daha da pisləşmişdir. Onlar üsyan etmiş, nəticədə doğma yurdlarını tərk edərək Mərvə köçmək məcburiyyətində qalmışlar. Seyidnəzər Seydi «Xoş in­di», «Ər­sarının igidləri», «Vardır», «Bədəvsuvar indi», «Qo­çaq­­lar», «Ay­rıldıq», «İgidlər» və başqa şeirlərində bu olayları qə­lə­mə al­mışdır. Mərvə köçdükdən sonra şair öz qələmini qılınca çe­virə­rək bu dəfə də türkmənləri İran hücumlarına qarşı və­tən uğ­run­da savaşa ruhlandırmışdır.

Seyidnəzər Seydinin lirikası da qüvvətlidir. Aşıq Ələsgər kimi o da el gözəllərinə şirin qoşmalar həsr etmişdir.

Şairin özünün xəttilə yazılmış əsərləri bizə gəlib çatma­mışdır. Üzü köçürülmüş şeirləri hazırda Türkmənistan Elmlər Akademiyası Milli Əlyazmalar İnstitutunun fondlarında qo­ru­nur.


GƏRƏKDİR
Sultan Niyaz bəyin toyuna indi,

Münəccimlər saat tutsa gərəkdir.

Gələn dostu getməz öyünə indi,

Xidmət edib burda yatsa gərəkdir.


Çar tərəfə çapar getdi xətt ilə,

Xoş libaslar geyib, yüyrək at ilə,

Gəlsə qayı eli, həm bayat ilə,

Əvvəl altın tabaq atsa gərəkdir.


Başdan-ayaq külli ərsarı gəlib,

Təkə, salur, sarıq bisyarı gəlib,

Bil ki türkmən adlı el, varı gəlib,

At minib, don geyib getsə gərəkdir.


Yenə hər el sağdan-soldan yetişib,

Qarşı, Buxar, Qaragüldən yetişib,

Bud ətindən yaxşı plov, aş bişib,

Hamı xursənd olub getsə gərəkdir.


Yeddi gün peykədən bədəv çapılıb,

Meydanlar süpürüb, sular səpilib,

Ol gün hər nə istəyirsən tapılıb,

Var işi Allahdan bitsə gərəkdir.


Ürgəncdən, Balkandan, Qəzvin, Tehrandan,

Məşhəddən, Heratdan, Bəlx, Bədəxşandan,

Qazaxdan, Konraddan, qırğız, Kokanddan,

Eşidənlər sürüb yetsə gərəkdir.


Necə doqquz bəxşi xoş avaz ilə,

Söhbətlər quralar dürlü saz ilə,

Yenə çox oyunçu, çox dərbaz ilə

Əcaib oyunlar etsə gərəkdir.


Min dana, iki min qoyun soyulub,

Ulu ata bir gül bayraq qoyulub,

Oğuz xanın toyu kimi toy olub,

Çox tamaşa ilə ötsə gərəkdir.


Məhəbbətli bütün yaxını-dışı,

Gətirər halına layiq peşkəşi,

Oturub yeyəndə çox dürlü aşı,

Əli-ağzı yağa batsa gərəkdir.


Xəlq edəndə mövlam əzəldə bunu,

Könlünə salmamış zərrə qayğını,

Bu toy üçün xalqı cəm edən günü,

Ənamının sanı itsə gərəkdir.


Gələn elin bütün kasıbı-bayı,

Geyərlər özünə layiq sərpayı,

Çox eşidib nağarayı, zurnayı,

Xalqın göz-qulağı batsa gərəkdir.


Yeyən deyir: «Afərinü mərhəba!»

Dürlü ziyafətlər hər şamü səba,

Bəlkə gələn bütün qərib-qürəba,

Dadmadıq təamı dadsa gərəkdir.


Bu Seydinin yalan olmaz sözləri,

İnşallah, hamının görür gözləri,

Yeddi gün çapılan atın tozları,

Ay-gününün şöləsin tutsa gərəkdir.



MÜBARƏK OLSUN!
Ey qaravul bəyi, Ləbabdan qaçıb,

Bu gələn yurdunuz mübarək olsun!

Mirheydərin külli varından keçib,

Bu gələn yurdunuz mübarək olsun!


Xarəzmdə sürüb dürlü «işrəti»,

Görüb gəldinizmi, ol xan «həzrəti?»

İndi heç görməyin qəmi-həsrəti,

Bu gələn yurdunuz mübarək olsun!


...eyləyib uzun əndişə,

Əl vurubsuz bu gün çox yaxşı işə,

İlahi şərəfli etsin həmişə,

Bu gələn yurdunuz mübarək olsun!


Bəndi bağlasanız, cəfalar çəkib,

Çox hasil alarsız əkinlər əkib,

Oturmağa qatar boz öylər tikib,

Bu gələn yurdunuz mübarək olsun!


Eşitmişəm çox ağızdan, çox dildən,

Özün keçiribdir derlər hər eldən,

Haq versə, çox əkib ağdan-qızıldan,

Bu gələn yurdunuz mübarək olsun!


Biz həm gəldik bu gün sizi görməyə,

Nəsib olsa, dürlü dövran sürməyə,

Seydi deyər, sağlıq ilə yürməyə,

Bu gələn yurdunuz mübarək olsun!




AYRILDIQ
Ey ağalar, ərman ilə,

Dürlü dövrandan ayrıldıq,

El olub Rəhim xan ilə,

Heydər sultandan ayrıldıq.


Bədəv minib, yunlar geyən,

Nə nazi-nemətlər yeyən,

Çox işrətli Ləbab deyən,

Bir qədirdandan ayrıldıq.


Girdik bir çöli-Muğana,

Su içmədik qana-qana,

Tuş olduq əzabi-kana,

Rahəti-candan ayrıldıq.


Ərsarının adı itdi,

Hər igid bir yana getdi,

Xan «həzrətin» könlü bitdi,

Biz addan-sandan ayrıldıq


Sübhi-şam ilə yürüşən,

Xeyri-şəri tən görüşən,

Zövqi-səfalar sürüşən,

Yari-yarandan ayrıldıq.


Dağlarda dikilmiş ərən,

Qırılmışdır sansız ceyran,

Ürgənç, Ləbaba su verən

Bəhri-ümmandan ayrıldıq.


Kürsüsü neçə payəli,

Bəylər qaldı çox dayəli,

Sər hovuzlu, xoş sayəli,

Köşki-eyvandan ayrıldıq.


Neçə işvəli, şivəli,

Qaçdıq, tapmadı Xivəli,

Dürlü ağaclı, meyvəli,

Bağü bostandan ayrıldıq.


Tapmadan önkü işrəti,

Udarıq qəmi, həsrəti,

«İstəyərək» xan «həzrəti»,

Axır məkandan ayrıldıq.


Seydi deyər, hayıf, Ləbab!

Qaldı elsiz-günsüz bitab,

Əldən çıxdı mülki-əsbab,

Var xanimandan ayrıldıq.



ƏRSARININ İGİDLƏRİ
Hər yerdə çox şərəf tapar

Ərsarının igidləri,

Yağıların üstə çapar

Ərsarının igidləri.


Heç zada salmaz nəzərlər,

Daima məstan gəzərlər,

Həm oxurlar, həm yazarlar

Ərsarının igidləri.


Orta yerdə top dikərlər,

İki yanda səf çəkərlər.

Vətən üçün qan tökərlər

Ərsarının igidləri.


Özü Hatəm çörəklidir,

Hamı aslan ürəklidir,

Dava günü gərəklidir

Ərsarının igidləri.


İki yana əlləşərlər,

Alıb ovun bəlləşərlər,

Qəniməti bölüşərlər

Ərsarının igidləri.


Seydi deyər, bu cahanda,

Ölsə, ərman yoxdur onda,

Mötəbərdir, bil, hər yanda

Ərsannın igidləri.




VARDIR
Bizim ərsarının igidlərnin

Hər zaman başı cəm olduğu vardır!

Məclis içrə gülgün sərablar içib,

Şad-xürrəm oynayıb güldüyü vardır.


Türfə ədəblidir, otursa-gülsə,

Hamı qulaq asar, biri söz desə,

Hər yerdə özündən böyüyü görsə,

Onun qədrin yaxşı bildiyi vardır.


Yaxşısı, yamanı aylı-saylıdır,

Ata minsə, yaraqlıdır, şaylıdır,

Gön sadaqlı, isfahani yaylıdır,

Görənlər heyrana qaldığı vardır.


Dünyada igid yox bu adda-şanda,

Qeyri müxənnəslər heç olmaz sanda,

At yıxılıb, yoldaş qalsa meydanda,

Dönüb nizə, qılınc çaldığı vardır.


Alğır quş tək sağü soluna baxıb,

Gündə at oynadıb, meydana çıxıb,

Harda qənim görsə, atından yıxıb,

Qolu bağlı alıb gəldiyi vardır.


Zirehi əynində, dəbilqə sərdə,

İstəsən tapılar, hər şuri-şərdə,

Külli türkmən, özbək yığılan yerdə,

Əvvəl başda şöhrət aldığı vardır.


Gündüzlər ovlayıb sonanı, qazı,

Gecələr qurarlar söhbəti-sazı,

Seyid kimi şairlərin avazı

Bu yalan cahana dolduğu vardır.



GEDƏLİM
El birlik etmədi bizə, igidlər,

Gəlin bu vətəndən çıxıb gedəlim.

Düşmənin yalına alışan itlər,

Getməsə, ip ilə çəkib gedəlim.


Durdurmayın qoçaqların atını,

Batırmayın ərsarının adını,

İndi mövlam versə elin dadını,

La hövla billanı deyib gedəlim.


Bəylərin üzünə qara çəkildi,

Onun üçün şərəf yerə töküldü,

Üstümüzə əmir tuğu dikildi,

Əldən gəlsə, onu yıxıb gedəlim.


Gün-gündən halımız olubdur xarab,

Bir neçə axmağın sözünə səbəb,

Seydi deyər, haram oldu bu Ləbab,

Bir yana sel kimi axıb gedəlim.



ÜSTÜ BƏDƏVİN
Minəndə tamamsa bütün əsbabı,

Təxti-Süleymandır üstü bədəvin.

Çul eyləsən atlas ilə zərbabı,

Bil ki, biərmandır üstü bədəvin.


İncə at, igidi yetir murada,

Əcəb xoş görünər yaxına, yada,

Bilsəniz, yaranlar, ötər dünyada,

Dövləti-dövrandır üstü bədəvin.


Bədəv minən xəstə olsa, sağalar,

Gözü qara olar, kefi çağ olar,

Könlü xub açılan təzə bağ olar,

Əcəb gülüstandır üstü bədəvin.


Bədəv minən dərhal girər oyuna,

Onu görən gözlər əcəb sevinə,

Verib alsan yüz min dəvə, qoyuna,

Yenə də ərzandır üstü bədəvin.


Mən olaram bir bədəvin şeydası,

Bu dünya, bu ömrüm onu fədası,

Bədəvə mərd minsə çoxdur faydası,

Namərdə ziyandır üstü bədəvin.


Aləmə dolubdur bədəvin adı,

Ona çox yaraşır, etsə hər zadı,

Gedib tanımağa yaxını-yadı,

Bir türfə seyrandır üstü bədəvin.

Kim minsə, meydanda rəqibə çatar,

Istəsə hər yerdə ovunu tapar,

Uzaq yerə əgər eyləsə səfər,

Hür dar ül-amandır üstü bədəvin.


Bir igidin əsli olsa zinadan,

Ölüncə əlini çəkməz günadan,

Seydi deyər, mənə ata-anadan

Əcəb mehribandır üstü bədəvin.



GƏLİNİN
Əsli bəşər, huri-qılman surətli,

Bənzər pərizada özü gəlinin.

Türfə xoş qılıqlı, üzü hicablı,

Ürəyə od salar sözü gəlinin.


Qırx cüvan kənizdir, əlli qız nökər,

Hər görən, görməyən həsrətin çəkər,

Gündə yüz aşiqin qanını tökər,

Bir zalım cəlladdır gözü gəlinin.


İnanmayın bu fələyin alına,

Şirin canı tapşırıram əlinə,

Dəyər yüz min qıza, yüz min gəlinə,

Asta-asta basan izi gəlinin.



DÖVRANI VARDIR
İşabaşı oğlu Sultanniyaz bəyin

Bu dünyada dürlü dövranı vardır.

Bədəv minib yaxşı igidlər ilən,

Gündə çox səfalı seyranı vardır.


Həmişə yürüşü hünkar tutumlu,

Sözləsə, hər kimə sözü ötümlü,

Sübhi-şam süfrəsi yeyib-içimli,

Haq bərəkət verən aş-nanı vardır.


Şanı çatıb həm yaxına, uzağa,

Bəlkə yetişibdir Ruma, İrağa,

Qismət olsa bütün bəylərə ağa

Olmağına neçə nişanı vardır.


El içində hökmü ola həm cari,

Heç bir müsəlmana yoxdur azarı,

Hər ramazan ayı gətirib qare,

Səvab üçün xətmi-Quranı vardır.


«Səxavətdə Hatəm Taydan ziyadə»,

Deyən adam yalan deməz dünyada,

Xidmətinə hər kim gəlsə piyada,

At minib, don geyib gedəni vardır.


Ağıldan ucadır onun hər işi,

Mərd oğuldır, mərdanədir yürüşü,

Xoş görər mollanı, xoca-dərvişi,

Onlara çox lütfü, ehsanı vardır.


Təbi bülənt, özü ağıllı, huşlu,

Yanı mirşikarlı, qolları quşlu,

Əcəb fərasətli, mərdanə işli,

Hansı mülkün belə sultanı vardır.


Savaş günü kəsərlidir qılıncı,

Özü əhli-savaş, döyüş bilici,

Daim izi üzülməyən, gəlici,

Hər gün dörd tərəfdən mehmanı vardır.


Hazır at-yarağı, bütün əsbabı,

Geyər daim atlas ilə zərbabı,

Axtar Buxaranı, axtar Ləbabı,

Belə bəyi tapmaq imkanı vardır?


Atlansa, din-islam qılıncın çalsa,

Yaraşar kafirdən bac-xərac alsa,

Otursa, önünə ərizəçi gəlsə,

Ədaləti, doğru divanı vardır.


Heç kimə oxşamaz sözü-söhbəti,

Özgə bəyzadədir, çoxdur hümməti,

Yalan desə bir Məhəmməd ümməti,

Əlbəttə, dininə nöqsanı vardır.


El yığılıb gündə verər salamı,

Xidmətdə dayanıb neçə qulamı,

Qul Seydi söyləyər xalis kəlamı,

Söyləsəm, tükənməz dastanı vardır.




Qurbandurdu ZƏLİLİ

(1780 - 1852)
Dəvlətməmməd Azadinin nəvəsi, böyük şair Məxdum­qu­lunun bacısı oğlu olan Qurbandurdu Zəlili 1800-cü ildə Gürgən yaxınlığındakı Qaraquzu kəndində dünyaya gəlmişdir. Türk­­mən­­lərin gök­lən boyunun gərkəz tayfasındandır. Əvvəlcə kənd məktəbində, sonra isə Gürgəndə mədrəsədə oxumuşdur. Ömrü­nün son illərini Ətrək və Qarrıqala ətrafında keçirmişdir Ha­­zır­da onun nəslindən olanlar Gürgən, Ətrək, Qarrıqala və Qızıl­ar­vat civarında yaşayırlar. 1852-ci ildə vəfat etmiştir.

Büyük Məxdumqulunun yanında yetişən və onun sənətini davam etdirən Zəlilinin şeirləri öz humanist ruhu, nəsihətamiz üslubu, sadəliyi və axıcılığı ilə seçilir. Şeirləri XIX əsr türkmən ədəbiyatında realiz­min inkişafında mühüm rol oynammışdır.

Zəlili öz müasiri Seydulla Seydi ilə yaxın dost və axirət qardaşı olmuşdur. Onlar birlikdə böyümüş, eyni məktəbdə oxu­muşlar. 1837-ci ildə İran ordusu Türkmənistana hücum edə­rək bəzi vilayətləri tutmuş, əhalini müxtəlif yerlərə sürmüşdür. Zə­lili də sürgün olunmuş, iki dost bir-birindən ayrı düşmüşdür. Zə­lili 1845-ci ildə sürgündən qayıdanda Seydulla Seydinin və­fat etdiyini öyrənmiş və bundan çox sarsılmışdır.

Zəlili sürgün dövründə elə-obaya, vətənə, dostu Seydiyə bir çox şeirlər həsr etmişdir. Onun «Vətənim, səni», «Oldum», «Nişan, Seyidi», «Salam, Seyidi», «Yaxşıdır», «Qara döndü», «Bəllidir», «Söyləmək ilə», «Olmasa», «Leyla gərəkdir» kimi şeirləri şairin vətənsəvərlik, həsrət və məhəbbət hisslərini orta­ya qoyan ən güzəl örnəklərdir.

Zəlilinin əsərlərinin 30-dan artıq əlyazması mövcuddur.
ALDATDI MƏNİ
Əvvəl başda çirkin dünya

Saz ilə aldatdı məni.

Dilbər gəlinə bənzəyib

Naz ilə aldatdı məni.


Fayda dedilər ziyanı,

Göstərib neçə xubanı.

Yox ikən sonu, pəyanı,

Söz ilə aldatdı məni.


Bu məkana qonan köçdü,

Neçə çıraq yanıb öçdü,

Sansız illər gəlib keçdi,

Yaz ilə aldatdı məni.


Zəlili çəkdi cövrünü,

Görmədi yaxşı dövrünü,

Hey yada saldı Gürgəni,

Boz ilə aldatdı məni.



OLDUM
Qəriblik aldı qüvvəti,

Çəkər oldum məşəqqəti,

Yüz min qayğı-gərəməti,

Başa qoyan kimi oldum.


Atıb gəldik ol məkanı,

Cövrə saldıq şirin canı,

Fəhm edib fayda-ziyanı,

İndi duyan kimi oldum.


Xof aldı ağlın öyünü,

Aldırdıq elin yerini,

İndi vətənin şükrünü,

Yaxşı bilən kimi oldum.


Görmədim könül çağını,

Aldırdım ürək yağını,

Çəkib vətənin dağını,

Oda yanan kimi oldum.


Gəldi ayrılıq qəzası,

Qaçdı Xivənin məzəsi,

Sanki bir odlu libası

Əynə geyən kimi oldum.


Nələr gördük zalim xandan,

Ayırdı əziz vətəndən,

Zəlili der, bu məkandan,

Axır doyan kimi oldum.




ƏLLİ YAŞIN İÇİNDƏ
Ərzi-halım bir-bir bəyan eyləyim,

Gəzər oldum qayğı-qəmin içində.

Dərdim güclü, mən yanıram, neyləyim,

Qovğa çoxdur sinə-başın içində.


Cəfa çəkib, dünya yolun tapmadım,

Toylar tutub, hər yana at çapmadım,

Çəkib qonaqları, xələt yapmadım,

Bisan oldum tayın-tuşun içində.


Bu qəriblik üstümüzdən getmədi,

Könül məqsəd-muradına yetmədi,

Qayğı-qəmsiz mənim vaxtım ötmədi,

Gəzmədim heç könül xoşun içində.


Fələk saldı məni tükənməz hala,

Dünyada uğradım yüz qilü-qala,

Bəd oldı güzəran, düşdük bir hala,

Gücsüz olduq neçə başın içində.


Biməzə görünər gözə məkanım,

İlbəil ufaldı ağır dükanım,

Ayrılıb fərzənddən, yandı bu canım,

Gözlərim qaldı da yaşın içində.


Ölümün heybəti basdı gün-gündən,

Acıdır, şirin can ayrılsa təndən,

İki yar sualı sorarlar məndən,

Əndişə çox ağıl-huşun içində.


Zəlili der, ağıl hər yana çaşdı,

Dar oldu bu yerlər, məzəsi qaçdı,

Başıma çox ələm-sevdalar düşdü,

Hər şey gördüm əlli yaşın içində.



NİŞAN, SEYİDİ
Yaxın könül ilə bu iraq yerdən,

Göndərdim mən sana nişan, Seyidi!

Gündoğdudan, Xallıqılınc sərdardan,

Yazıb bir zarına dastan, Seyidi!


Qaldıq bu möhnətdən burda saqınıb,

Rizqimizi sağdan, soldan tapınıb,

Gen qaçarıq görənlərdən utanıb,

Məskənimiz çöl-biyaban, Seyidi!


Başdan bəri vətən düşməz ağzımdan,

Nanü-nəmək asan getməz boğzımdan,

Gecə-gündüz səni deyib gözümdən,

Axar yaşım badi-baran, Seyidi!


Xətt yollamaq burdan asan iş deyil,

Ayrılıq bir dağ-düyündür, onu bil,

Gürgənin düzündə toy qurub bu il,

Yenə sürək kaş ki dövran, Seyidi!


Bu odlara bu can dözməz, mən dözsəm,

Yurd şirin zad, ondan necə əl üzsəm,

Tapmaram Xivəni, Buxarı gəzsəm,

Sənin tək özümə yaran, Seyidi!


Ata-baba keçən yerləri görsəm,

Gürgəndə nan yesəm, Ətrəkdə yürsəm,

Dəyməsələr, at üstündə bir varsam,

Heç olmasa etsəm seyran, Seyidi!


Mən neyləyim, qaldı ara daş olub,

Qanadım yox, uçub gedəm, quş olub,

Kaş sağ ikən bir-birinə tuş olub,

Ayrılsaq da qalmaz ərman, Seyidi!


Gəzər bu Zəlili, yanaraq bişib,

Vardı neçə ayrılanlar qovuşub,

Ötən bahar Kəsarxacda sataşıb,

Hanı etdik əhdi-peyman, Seyidi?



SƏNİN
Çox heyif, ötdü ömrün, Mənli xoca xan, sənin,

Ayrılıqdan bu canımda qaldı çox ərman sənin,

Hər kişi görsə bu halın, oldu bağrı qan, sənin,

Əhli-beytin ağlaşıb cox etdilər əfğan sənin,

Heç unutmaz el-ulus ol etdiyin ehsan sənin.
Gələni qarşılayıb xidmət edərdin can ilən,

Onca dövranlar sürüb, xəlvət edərdin xan ilən,

Hamısı oldu yalan ol qüdrəti-sübhan ilən,

Sinədə qoydun düyün, öldün qərib, ərman ilən,

Tutdular yasını ol bacı-qardaş, doğan sənin.
Bu fələyin zülmü ilə onlar vətəndən ayrılıb,

Düşdülər üftadə, aciz, at önündə sürülüb,

Neçəsi batdı qara, neçəsi palçığa girib,

Neçəsi çıxdı ordan, neçəsi qaldı qırılıb,

Elin, xalqın oldular bu dəşt ara viran sənin.
Heyif, getdi bu cahandan yaxşı adın sus olub,

Xalq ara düşdü xəbər, ağladı amü-xas olub,

Titrədi asman, zəmin, yıxıldı dağlar pəs olub,

Ad-sanını eşidənlər qayıbından dost olub,

Görməyə didarını müştaq idi İran sənin.
Çərxi-kəçrov ov edib, yoluna qurdu duzağı,

Ta ki ölməzdən əvvəl, eylədi göz dustağı,

Beləymiş təqdir əzəldən, çəkdi Ürgənc torpağı,

İndi şükr etməkdən özgə çarəsi yoxdur dəxi,

Dedi yar olsun, Zəlili, həmrahın iman sənin.


Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin