TÜrkməN ŞEİRİ antologiyasi (XVII – XIX əsrləR) Bakı – 2011



Yüklə 2.4 Mb.
səhifə1/17
tarix02.12.2016
ölçüsü2.4 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17


TÜRKMƏN
ŞEİRİ
ANTOLOGİYASI

(XVII – XIX ƏSRLƏR)

Bakı – 2011


TürkSOY kitabxanası seriyası: 13
AMEA Folklor İnstitutu

Elmi Şurasının

qərarı ilə çap olunur
Тərtib edən,

türkməncədən uyğunlaşdıran

və ön sözün müəllifi:

Prof. Dr. Ramiz ƏSKƏR
Redaktoru:

AMEA-nın müxbir üzvü,

Prof. Dr. Tofiq HACIYEV
Məsləhətçi:

Prof. Dr. Annaqurban AŞIROV
Türkmən şeiri antologiyası (XVII-XIX əsrlər).

Bakı, MBM, 2011, 400 s.
Kitabda zəngin türkmən ədəbiyyatının Əndəlib, Aza­­di, Şah­bəndə, Məx­­dim­qu­lu, Şey­dayi, Məğrubi, Qayıbi, Talibi, Qur­d­­oğlu, Kə­mi­nə, Se­yidnəzər Se­y­di, Zəlili, Seydulla Seydi, Zinhari, Molla Nəfəs, Aşiqi, Ka­tibi, Dostməhəmməd, Möh­­ta­ci, Miskin Qılınc, Bal­­qızıl ki­mi ta­nın­­mış nü­mayəndələrinin seçilmiş əsər­ləri toplan­mışdır. Kitab 31 mart - 4 aprel 2009-cu ildə İstan­bul­­­da TürkSOY tərəfin­dən təşkil olu­nan «Türk Ləh­cələri Ara­sında Uyğun­laşdırma Çalış­malarının Bu­günkü Du­rumu və Qar­şı­la­şı­lan Problemlər» möv­­zu­sunda Bey­nəlxalq simpoziu­mun tövsi­yə­­lərinə və yekun bəyanna­mə­sinə uy­ğun olaraq nəşr edilir.
İSBN: 978-9952-29-041-7

Ó MBM

Ó Ramiz Əskər

TÜRKMƏN ƏDƏBİYYATININ

QIZIL DÖVRÜ

...Nurmühammet Andalyp, Döwletmämmet Azady, Magtymguly Pyragy, Mämmetweli Kemine, Mollanepes yaly yüzlerçe alymla­ry­myz, akyldar­larymyz, şahyrlarymyz, sunqat ussatlarymyz öçme­jek yz qal­dyrdylar, ylym we döredijilik dünyäsinde uly meşhurlyga eye bol­du­lar.
Gurbanguly Berdimuhamedow,

Türkmenistanyň Prezidenti

...Nurməhəmməd Əndəlib, Dövlətməmməd Azadi, Məxdumqulu Fəraqi, Məmmədvəli Kəminə, Molla Nəfəs kimi yüzlərcə alimləri­miz, müdrik­lərimiz, şairlərimiz, sənət ustadlarımız sönməz iz qoy­du­lar, elm və yaradıcılıq dünyasında böyük məşhurluğa sahib oldular.
Qurbanqulu Berdimühəmmədov,

Türkmənistan Prezidenti

Bakı Dövlət Universitetinin türk xalqları ədəbiyyatı ka­fed­rasında qardaş türk xalqları ədəbiyyatı ilə yanaşı türkmən ədəbiyyatı da tədris edilir. Lakin əldə kifa­yət qədər elmi ədə­biy­yat, xü­susilə tərcümə əsərləri yoxdur. Bu da öz növbəsində təd­ris­də, eləcə də tədqiqat sahəsində müəyyən prob­lemlər ya­radır. Düz­dür, son iki-üç ildə klassik türkmən ədəbiyyatının bir sıra gör­kəmli nümayəndələrinin əsərləri ana dilimizdə çapdan bura­xıl­mışdır ki, bunlardan Nurməhəmməd Əndəlibin, Məx­dum­qulu Fəraqi­nin və Molla Nəfəsin kitablarını göstərə bilə­rik. Ancaq bu da qardaş xalqlarımız və ölkələrimiz arasında get­dik­cə artan mədəni-ədəbi əlaqələrin fonunda olduqca azdır. Ona görə də ilk etapda klassik dövrü əhatə edən «Türkmən şeiri an­to­logiyası (XVII-XIX əsr­lər)» ki­tabını hazırlamağı qərara aldıq. Gələcəkdə mü­a­sir türk­mən po­eziyası, nəsri və drama­tur­giyası ilə bağlı xüsusi tədqiqatların və an­tologi­yaların da hazır­lan­ması gün­dəmdə durur.

XVII-XIX əsrlər türkmən ədəbiyyatı son dərəcə zəngin və çoxşaxəlidir. Həmin dövrdə Nurməhəmməd Əndəlib, Döv­lət­­məmməd Aza­­di, Abdulla Şah­bəndə, Məx­­­dim­qu­lu Fəraqi, Şey­­­dayi, Qurbanəli Məğrubi, Qayıbnəzər Qayıbi, Murad Ta­lıbi, Orazpolad Qurdoğlu, Məmmədvəli Kəminə, Seyid­nə­zər Seydi, Seydulla Seydi, Qurbandurdu Zəlili, Əbdür­rə­him Zinhari, Molla Nəfəs, Oraz Aşiqi, Əvəztaqan Katibi, Dostməhəmməd, An­na­qılınc Möhtaci, Miskinqılınc, Döv­lət­məmməd Bal­qızıl kimi istedad və sənətkarlıq baxı­mın­dan bir-birindən fərqli bir çox türk­mən şairi yaşayıb ya­ratmışdır.

Bu dövrün əsas özəlliyi ədəbi türkmən dilinin cila­lan­ması və bu dildə əsərlər yazılmasıdır. Doğrudur, türk­mənlərin ədəbiyyatı XVII əsrdən başlanmır, onun ilkin kökü daha qədimlərə gedib çıxır. Xüsusilə saysız-hesab­sız əf­sa­nələr, dastanlar, rəvayətlər, folklor nümunələri ən azı min illik bir tarixi əhatə edir. Lakin yazılı ədəbiyyat qis­mən gəncdir. Burada da iki məsələni bir-birindən ayır­maq vacibdir. Bunlardan birincisi oğuz-türkmən konteks­tində nəzərdən keçirilən ədəbiyyatdır. Məlumdur ki, türk xalqlarının oğuz boyuna mənsub olan qismi islam dinini qə­bul etdikdən sonra qonşu xalqlar tərəfindən türkmən ad­­landı­rılmışdır. Ona qədər və ondan sonra da uzun müd­dət türkmənlər-oğuz­lar özlərinə həm oğuz, həm də türk­mən demişlər.

XI əsrdə Səlcuk ibn Dukakın nəvələri Toğrul bəyin (993-1063) və Çağrı bəyin (991-1061) qurduqları dövlət qısa müddət ərzində Mavəraünnəhr, İran, Azərbaycan, Qafqaz, İraq, Suriya, Anadolu və Ərəbistan yarımadasını ələ keçirərək Böyük Səl­cuq­lu imperiyasına çevrildi. Rəsmi tarixşünasliqda bu imperiy­anın 1038-1157-ci illər arasında mövcud olduğu qəbul edilir. Əs­lin­də, Osmanlı imperiyasının təşəkkülünə qədər (1299) və hətta on­dan xeyli sonra da keçmiş Böyük Səlcuqlu imperiyası­nın əra­zilərində meydana gələn yeni dövlət qurumları idarə­çi­lik, hü­quq, hərbi və mədəni baxımdan səlcuqların varisi və da­vamıdır, ona görə də səlcuqlu dövrü sayılır. Səlcuqlu dövrü isə doğrudan-doğruya oğuz, dolayısı ilə türkmən dövrüdür. Burada belə sual ortaya çıxır: 1041-ci ildə Dandənakan meydan müha­ribəsində İranı tutan 18 yaşlı oğuz-türkmən döyüşçüsü 30 il sonra 1071-ci ildə Malazgirt savaşında Bizansı məğlub edərkən 48 yaşında deyildimi? Alparslan özü oğuz-türkmən deyildimi? Onun ya­nın­da öz sazı-sözü ilə əskərləri döyüşə ruhlandıran ozan mahnı­larını hansı dildə oxuyurdu? Bu ozanın nəvəsi, nə­ticəsi olan şa­irlər öz əsərlərini hansı dildə yazmışlar? Təbii ki, oğuz-türkmən dilində. Elə isə nə üçün bu ədəbiyyat eyni za­man­da türkmən ədəbiyyatı adlanmasın? Tarixi aspektdə bax­dıqda sanki buna heç kim eti­raz etmir. Lakin milli-ərazi kon­tekstində etiraz var. Mi­sal üçün, biz azərbaycanlılar belə hesab edirik ki, İzzəddin Hə­sən­oğlu, eləcə də Qazi Bürhanəddin, Ca­han şah Həqiqi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli yüz faiz Azərbaycan şairidir. Bunu həm dil faktoru, həm də həmin şair­lə­rin yaşadıqları coğrafiyanın bir zamanlar Azərbaycan kültür sferasına və ya dövlət qələmrovuna daxil olması ilə izah edirik. Təxminən eyni dövrlərdə yaşamış və eyni dildə yazmış Yunus İmrəni coğrafi əlamətə görə türk, eyni zamanda ümumtürk şai­ri sayırıq. Məncə, keçmişdə oğuz-türkmən dilində yazmış bütün ədiblər eyni zamanda türkmən şairidir. Və türkmən alimlərinin onları türkmən şairi saymasına etiraz etmək doğru deyil. Həmin şairlərinin müasir türkmən dilində yaxşı anlaşılmaması tarixi və linqvistik bir məsələdir. Ona qalsa, Füzuli də bugün yüzdə yüz anlaşılmır, Nizami isə əsərlərini farsca yazmışdır. Lakin bu bi­zə onların hər ikisini öz şairimiz saymağa mane olmur.

Türkmən ədəbiyyatının ikinci problemi isə çağatay dili­dir. Bu dildə yazan bir çox türkmən şairi özbək ədəbiyyatının nü­­ma­yəndəsi hesab edilir. Bayram xan və Vəfai bunlara ən par­laq nü­mu­nə­dir. Üstəlik, baharlı boyundan olan, bir müddət Şah İs­mayıl Xətainin yanında qulluq edən Bayram xan bizim bəzi elektron sayt­larında Azərbaycan şairi kimi təqdim olunur.

Göründüyü kimi, nəinki oğuz kontekstində, hətta ça­ğa­tay kontekstində də bəzi iç-içə keçmələr, müxtəlif ədəbi əriş-arğaç­lar möv­cud­dur. Odur ki, özünəçıxma hallarına normal bax­maq lazımdır. Əgər etnik mənşəyi, coğrafi məkanı və ləhcəsi fərqli olan bir şair qardaş bir xalqın ədəbi-estetik zövqünü oxşayırsa və həmin xalq onu öz şairi saya bilirsə, bunda heç bir qəbahət yoxdur.

XVII əsrdə bugünkü türkmən dilində ilk yazılı əsərlərin meydana çıxması ilə türkmən ədəbiyyatında yeni dövr başlan­mışdır. Türkmənlərdə bu işin öncülü Nurməhəmməd Əndəlib, bizdə isə Molla Pənah Vaqifdir. Lakin dil amili yeni ədəbiyyat üçün özlüyündə birinci dərəcəli məsələ olsa da, hər şey demək deyil. Onun arxasınca Şərq ədəbiyyatının ənənəvi poetik siste­mindən sıyrılmaq, gül-bülbül orbitindən çıxmaq, ədəbiyyatı hə­yata və xalqa yaxınlaşdırmaq, ictimai-sosial mövzuları işlə­mək­­ vəzifəsi gəlir.

Yeni türkmən ədəbiyyatı Nurməhəmməd Əndəlibin sima­sında öz banisini, Dövlətməmməd Azadinin şəxsində öz fəlsə­fi-estetik meyarını, Məxdumqulu Fəraqinin şəxsində öz xəlqili­yini və realizmini, Məmmədvəli Kəminənin simasında tənqidi­ni və satirasını, Molla Nə­fə­­sin şəxsində yeni lirikasını tapdı. Ədəbiyyata vətənsevər­lik, milli təəssübkeşlik, türkmən birliyi, digər adı ilə, türkmən­çilik ideyaları yerləşdi. Mərdlik, cəsarət, qəhrəmanlıq, səxavət və di­gər insani keyfiyyətlər yeni məzmun kəsb etdi, gözəlin və gözəl­liyin tərənnümü yeni çalarlar qazan­dı, bir sözlə, mövzu baxımından böyük dəyişikliklər meydana gəldi. Bəzi ənənəvi mövzu­larda qələmə alınan əsərlər, özəlliklə dini-ruhani şeirlər, nətlər, münacatlar artıq xalqın ana dilində yazılmağa başlandı. Tərcüməçilik və nəzirəçilik ədəbi əlaqə­lə­rin güclənmə­si­nə, qarşılıqlı zənginləşməyə səbəb oldu.

Ədəbi janrlar sahəsində də böyük dəyişikliklər ortaya çıx­dı. Divan ədəbiyyatının qəzəl, qəsidə, məsnəvi janrları ilə para­lel xalq yaradıcılığından, folklordan, dastanlardan gələn qoşma, gəraylı, müxəmməs, təcnis kimi milli janrlar geniş intişar tapdı, əruz vəzni öz yerini böyük ölçüdə heca vəzninə tərk etdi.

Yeni türkmən ədəbiyyatının ən mühüm xidmətlərindən bi­ri də milli folklor irsinə, xüsusilə xalq dastanlarına yeni ruh, yeni can və nəfəs verməsi oldu. Türkmən ədəbiyyatında başqa türk xalqlarında müşahidə olunmayan bir yenilik özünü gös­tər­di. Şairlər xalq dastanlarını yenidən işlədilər, onların şeirlə­rini ci­la­ladılar, süjet xəttini təkmilləşdirdilər.

XVII-XIX əsrlər türkmən ədəbiyyatının ən böyük xidməti isə, bizcə, türkmən millətini formalaşdırmaq oldu. Heç də əbəs deyildir ki, Məxdumqulu Fəraqi Türkmənistanın mənəvi yara­dı­cısı hesab edilir. Bu işdə digər şairlərin də böyük rolu vardır.

Bir sözlə, XVII-XIX əsrlər dövrü türkmən ədəbiyyatının qızıl dövrüdür. Bu ədəbiyat qədim və zəngin dövlətçilik tarixi olan, neçə-neçə imperiyalar quran bir xalqın yeni dövrdə mədə­ni sahədə yeni yüksəlişi, bədii söz sahəsində yenidən parlama­sıdır. Əks halda, ona qızıl dövr demək mümkün olmazdı.

Bu antologiyada xronoloji ardıcıllıqla XVII-XIX əsrlərdə yaşamış 21 türkmən şairinin şeirləri toplanmışdır. Hər şair haq­qında qı­sa oçerk ve­rilmiş, əsas bioqrafik bilgilər və yaradıcılı­ğının ən ümdə özəl­likləri göstərilmişdir. Daha sonra hər şairin ən gözəl şeirləri verilmişdir. Bunu nəzərə alaraq bu kiçik gi­riş­də şairlər haqqında fərdi söhbət açmağa lüzum görmürük. Oxu­cular bizim Vaqıf, Vidadi, Zakir, Natəvan, Nigari, Şakir, Salik, Nəvvab kimi sənətkarlarımızın yaradıcılığı ilə türkmən şairlə­rinin sənəti arasında forma və məzmun baxımından çox böyük bən­zərliklər olduğunu əyani şəkildə görəcəklər.

Biz inanırıq ki, Azərbaycan oxucuları və elmi-ədəbi icti­maiyyəti bu kitabı rəğbətlə qarşılayacaq, onun vasitəsilə qardaş türkmən ədəbiyyatının klassik dövrü ilə, dil və poetik ənənə ba­xımından bizə çox yaxın olan bir xalqın ədəbi irsi ilə tanış ola biləcəkdir. Bu kitabın çıxması Azərbaycan-türkmən ədəbi əla­qə­ləri tarixində də yeni bir səhifə açacaq, ədəbiyyatşünaslıq və təd­ris sahəsində mühüm bir boşluğu dolduracaqdır.

Şeirlər ana dilimizə imkan daxilində orijinala yaxın şək­lində uyğunlaşdırılmışdır. Dilimizdə qarşılığı olmayan sözlərin mənası mətnaltı haşiyədə göstərilmiş, axır­a isə çətin anlaşılan sözlərin kiçik bir lüğəti əlavə edilmişdir.

Biz öz ənənəmizə sadiq qalaraq bu kitabı da TürkSOY ki­tabxanası seriyasından nəşr edirik. Çünki TürkSOY-un türk dünyasının UNESCO-su olaraq türk xalqlarının mədəni inte­qrasi­ya­sına böyük töhfə verdiyinə, onları bir-birinə yaxınlaş­dır­dığına və qarşılıqlı surətdə zənginləşdirdiyinə ürəkdən ina­nır və onun nə­cib fəaliyyətini dəstəkləyirik.

Burada bir məsələni növbəti (on üçüncü!) dəfə vurğula­maq istə­yi­rik: TürkSOY kitab­xa­nası seriyası layihəsi bu seri­ya­nın ilk kitabından bəri bü­­­tün­lüklə kö­nüllülük əsasında hə­yata ke­çi­ril­ir. Bu layihə­də iştirak edən hər kəs, o cüm­lədən bu an­tologiyanı tər­tib edən­, türk­mən­cədən ana di­­li­mizə uyğunlaş­dıran və ön sö­zün mü­əl­lifi bən­dəniz Ramiz Əs­kər, kitabın re­dak­toru, görkəmli türkoloq, türk dünyasının böyük təəs­süb­ke­şi, əziz dostu­m və müəllimim, Azərbay­can Milli Elmlər Aka­demi­ya­sının müxbir üzvü, Türk Dil Qurumu­nun fəxri üzvü hör­mətli Prof. Dr. Tofiq Haciyev, kitabın məsləhətçisi, məni lazımi ədəbiyyatla təchiz edən, dəyərli tövsiyələr verən Türk­mənistan Elmlər Aka­­demiyası Milli Əl­yaz­ma­lar İnstitutunun direktoru hörmətli Prof. Dr. Annaqurban Aşı­rov bu işi türk­­lü­yə bir xidmət ol­sun deyə heç bir mə­­va­cib və ho­norar al­ma­dan tə­mən­nasız ye­ri­nə ye­­tir­miş­lər. Əməyi keçən hər kəsə, o cüm­lə­dən Türkmənistanın Azərbaycandakı səfirli­yi­nin əməkdaşı Bi­bisara Məmmədovaya sonsuz təşəkkürlə, qəhrə­man və nə­cib türkmən millətinin zəngin mədəniyyətinə ehtiramla,
Ramiz ƏSKƏR.

Bakı, 10 may 2011-ci il.


NURMƏHƏMMƏD ƏNDƏLİB

(1660 – 1740)
Nurməhəmməd Əndəlib zəngin türkmən ədəbiyyatının ən gör­kəm­li nü­ma­­yən­dələ­rindən biri, özündən sonra gələn bü­tün türk­­­mən şa­ir­­lərinin müəl­limi və ustadıdır. Aza­­di, Şah­bəndə, Məx­­­dim­qu­lu, Şey­­dayi, Məğrubi, Qayıbi, Talıbi, Qur­d­­oğlu, Kə­mi­nə, Seyidnəzər Se­y­di, Zəlili, Seydulla Seydi, Zinhari, Molla Nəfəs, Aşiqi, Katibi, Möh­­ta­ci, Miskin Qılınc, Bal­qızıl ki­mi ta­nın­­mış söz us­taları onun ar­dıcılları və şa­gird­­ləri­dir.

Əndəlibin türkmən ədəbiyyatı qarşısındakı xidmətləri son dərəcə­ bö­yükdür. Hər şeydən əvvəl o, müasir türkmən ədə­biy­ya­tı­nın və ədəbi ya­zı di­li­nin ba­ni­sidir. Ondan əvvəl yaşayıb-ya­radan türk­mən şairlərindən Bay­ram xan və Və­fai öz əsər­lə­ri­ni həmin dövr­­də bü­tün Orta Asiyada geniş yayı­lan və əsa­sən məd­rəsə təhsili gör­müş adam­ların işlətdiyi ədə­bi çağatay türk­cə­si ilə qələmə almış­lar. Əndəlib isə əsərlərini uşaqlıq­dan bəri sevə-se­və din­lə­di­yi milli-məhəlli dastanların təsiri al­tında şirin türk­mən dilində yaz­maqla bir il­ki ger­çəkləş­dir­miş­dir. Şairin ikin­ci böyük xidməti türkmən ədə­biy­­yatını möv­zu və janr baxı­mın­dan zənginləşdirməsidir. Əs­lin­də, o, realist türk­mən poeziyasının ilk rü­şeymlərini qoy­muş, Məx­dum­qulu isə onu zir­vəyə qal­dır­mışdır. Milli ədə­biy­yat­da ilk poe­manın, ilk dastanın mü­əllifi də Əndəlibdir. Nəhayət, o, türkmən ədə­biy­yatında ilk tər­cümə­çi­lər­dən biri­dir.

Nurməhəmməd Əndəlibin həyatı haqqında əldə dəqiq mə­­­lu­­mat­ yoxdur. Son dövrlərdə aparılan təd­qiqatlar nəticəsində onun 1660-cı ildə Daş­oğuz vi­layə­ti­nin İlanlı bölgəsinin Qa­ra­mazı kən­­dində ana­dan olduğu təsbit edil­mişdir. Şair 1740-cı il­də 80 ya­şında vəfat etmişdir.

Əndəlib amansız bir xəs­təliyə tutulduğu için təbdili-iqlim məqsədilə öz­bəklər ara­sına köçmüs, Ür­gəncdə, əsasən də Xi­və­də yaşamışdır. O, «Risa­le­­yi-Nəsimi» po­­e­ma­sı­nın gi­riş qismin­də həyatı, do­ğul­duğu və ya­şadığı yer, ha­­­­belə tə­xəl­lüsü haqqın­da kiçik bilgilər vermiş­dir:

Adım idi Nurməhəmməd Qərib,

Sözdə təxəllüsüm idi Əndəlib.


Şəhrimiz Urgənc – vilayət idi,

Xanımız Şirqazi himayət idi.


Əsli-məkanım ki Qaramazıdır,

Adəmi işrətdə qışı-yazıdır.


Bil ki, Qaramazı bizim cayımız,

Zikri-xuda eşq ilə dilxahımız...


Barça xəlayiq içində bəd işim,

Yetdi əlli beşə mənim bu yaşım.

Şair öz əsərlərini Əndəlib təxəllüsü ilə yazmışdır. Rəva­yə­tə görə, o, gəncli­yin­də Gül adlı bir qızı sevmiş, ona nisbət ol­sun de­yə özünə Əndəlib, yə­ni «Bül­bül» təxəllüsünü seçmiş­dir. Adının tərkibindəki Qərib sözü isə doğ­ma vətəndən, el-oba­dan uzaqda yaşamasına işarədir. Şeirlərində özünü Əndəlibi-binə­va, Əndə­li­bi-zar, Əndəlibi-bəlakeş adlandırması həyatı­nın mə­şəq­qət için­də keçdiyi­ni göstərir:

Gahi xərabatda işim, gah fəğan,

Külbeyi-əhzan idi gahi məkan.

Şairin təhsili, şəxsi həyatı haqqında yazılı mənbələrdə elə bir ciddi mə­lu­mat yoxdur. Ancaq əsərlərindən anlaşıldığına gö­rə, o çox mükəmməl təh­sil al­mış, Şərq poeziyasını, onun bədii ifadə va­sitələrini dərindən mənim­sə­miş, ərəb, fars, tacik dillə­ri­ni də yaxşı öyrənmişdir. Şairin «Şahnamə»ni tər­cümə etməsi barədə bəzi mə­xəzlərdə bilgi verilir. Təəssüf ki, bu tərcümə in­diyədək tapıl­ma­mışdır. Əndəlibin bir sıra şairlərin əsərlərinə nə­­zi­rə yaz­ması onu gös­tərir ki, o, klassik Şərq şeirini ciddi mü­taliə etmiş, söz sə­nəti­nin bütün incəliklərinə yiyə­lənmişdir.

Əndəlibin zəngin poetik irsinin çox az qismi bizə gəlib çat­mışdır. Ha­zırda əlimizdə onun səkkiz qəzəli, bir neçə mü­rəbbəsi, müxəmməsi və mü­səddəsi, bəzi başqa şeirləri var. Bunlar sayca az ol­sa­­lar da, janr və məzmun­ca çox əlvan, bədii cə­hətdən isə çox mü­kəmməl əsərlərdir. Əndəlib sənətinə dərin ehtiram bəslə­diyi Nəvainin on yeddi, Fü­zulinin iki, Vəfai, Übey­­di, Hə­bib və Ca­mi­­nin birər qəzəlinə təx­mis, Nəvainin bir qəzəlinə təs­min, Məş­­­rə­bin bir qəzəlinə və bir mü­­rəbbəsinə təz­min yaz­mışdır. Onun qə­lə­mə al­dığı təz­min, təx­mis və təs­minlər ən yüksək poetik sə­viyyədədir, orijinalla­rın­dan əs­­la geri qal­mır. Bu, Əndəlibin par­laq istedadın­dan xəbər ve­rir.

Onun sə­nətinə hörmət əlaməti olaraq özbək şairləri Müx­lis və Munis də hərəsi Əndəlibin bir qəzəlinə təxmis yazmışlar. Belə­liklə, Əndəlib Orta Asiyada nəzirəçiliyin, dolayısı ilə, ədəbi əlaqə­lərin inkişafında mühüm rol oynamışdır. O, məşhur fars şairi Ca­minin on bir qəzəlini türk­mən dilinə eyni ilhamla tərcümə etmişdir.

Böyük sənətkar yazdığı poemalarla özündən sonrakı şa­ir­lərə də nümu­nə ol­muşdur. Onun «Risa­le­yi-Nə­si­mi», «Oğuz­na­mə», «Səəd Vəqqas» və «Qis­­se­yi-fi­ron» adlı dörd po­e­­ması var.

Əndəlibin «Oğuznamə»si digər oğuznamələrlə məzmun eti­barilə ümumən səsləşə, əksər məqamlarda üst-üstə düşsə də, bir sıra fərqlər də mü­şahidə edilir, yəni bu­rada şairin orijinal dəst-xətti, bə­dii üs­lubu və təh­­kiyəsi özünü gös­tərir. Əndəlibdə Oğuz xanın türk ca­han haki­miyyəti uğr­unda mü­barizəsi daha yığcam, daha fərqli epizodlarla təsvir edilir. Hətta ey­ni de­tal­larda belə bəzi fərqlər görmək mümkündür. Oğuz xanın ölü­münə şairin mər­siyəsi onun ən orijinal tərəfidir.

Əndəlib «Risa­le­yi-Nəsimi» poemasında məşhur şair İma­dəddin Nəsi­minin parlaq obrazını yaratmışdır. «Səəd Vəqqas» və «Qisseyi-firon» adlı po­e­­malar dini sə­ciy­­yəli əsərlərdir. Səəd Vəqqas məşhur islam sərkərdəsi və döv­lət xadimi, öz səxavəti və xeyirxahlığı ilə əfsanəvi şöhrət qa­zanmış tarixi şəxsiyyətdır. Poemada onun mərdliyi və co­mərdliyi, bu yolda hətta oğlunu qurban verməsi təsvir olunur. «Qisseyi-firon» isə yəhudi pey­ğəmbəri Mu­sanın doğul­ması və zülmkar Misir fironunu devir­məsi haqqındadır.

Əndəlib türkmən ədəbiyyatında ilk dəfə olaraq dastanları, rəvayətləri, xalq he­kayələrini nəzmə çəkmiş, onları ədəbi cə­hət­dən cilalamış, süjet xət­tinə əl gəz­dirmiş, şeirlərini yeni­dən iş­ləmişdir. Bunlar «Leyli və Məc­nun», «Yusif və Züleyxa», «Baba Rövşən» və «Zeynal Ərəb» dastanlarıdır. Başqa bir mə­lumata görə, «Mirzə Həmdəm» dastanı da ona məxsusdur.

Bu dastanlardan ikisi, daha doğrusu, «Ley­li və Məc­nun»la «Yusif və Zü­leyxa» eynən Azərbaycan versiya­sı ilə səs­ləşir və bizə məlum olan məz­mun­dadır. Şa­irin dini-mən­qibə­vi səciyyə daşıyan «Baba Rövşən» və «Zey­nal Ərəb» das­tanları isə bizdə bilinmir və aşıq­la­rımızın dastan re­per­tuarında yoxdur. Şairin dastanlarının hamısı süjet və sə­nətkarlıq baxı­mın­­­­dan çox mü­kəmməl, şeirləri isə çox gözəldir.

2011-ci il Əndəlibin 350 illik yubileyi ilidir. Bu müna­sibətlə Türk­mə­nis­ta­nın müxtəlif şə­hər­lərində bir sıra yu­bi­­ley tədbirləri, təntənəli məra­sim­lər ke­çi­ri­lir. 10-12 mart ta­rix­lərin­də isə şairin vətəni Daşoğuzda Türk­mənis­tan Elmlər Aka­­demi­yasının və Daşoğuz vilayət icra hakimiyyəti­nin birgə əmək­daş­lığı ilə Ən­də­li­bə həsr olunan beynəl­xalq elmi konfrans təş­kil edil­di. Biz bu yubileyə töh­fə olaraq Nurməhəmməd Ən­dəlibin «Şeirlər, poe­malar, dastanlar» (Bakı, 2011, 292 s.) adlı kitabını Azər­baycan dilində nəşrə hazır­ladıq. Şairin burada verilən şe­ir­ləri həmin kitabdan alınmışdır.


XƏNDAN-XƏNDAN
Gəldi ol sərvi-səxi naz ilə xəndan-xəndan,

Aldı könlümü nəvaziş bilə çəndan-çəndan.


Şükrülillah ki, gözüm düşdü günəş tək üzünə,

Müntəzir olmuş idim yolunda çəndan-çəndan.


Cismimə salmaq üçün işvə bilə tab üzə tab,

Sünbülün gül üzünə eylədi piçan-piçan.


Qaldılar seyr qılarda üzü-ləli-ləbinə

Gül baxıb, qönçə açıb ağzını heyran-heyran.


Əndəliba, qıla ver vəsl gününün şükrün,

Qalmazsan sən yenə hicarnında nalan-nalan.



NƏ BƏLA XUB
Ey rəşki-pəri, mehri-camalın nə bəla xub,

Vey nilufəri tək qoşa xalın nə bəla xub.


Fikrində olub, gözlərimə cilvə nümayən

Hər saətü hər ləhzə xəyalın nə bəla xub.


Ləlin qəmindən dışladı Xızır abi-həyatın,

Kövsər suyu tək safi-zülalın nə bəla xub.


Ey huri, üzünün biri ay, birisi gün tək,

Bu ayü günəş üzrə hilalın nə bəla xub.


Başdan ayağındır açılan gülşəni-xubu,

Sər ta beqədəm tazə nihalın nə bəla xub.


Öldürsə gözün, iki ləbin leyk verir can,

Canbəxşliyin xubi-qitalın nə bəla xub.


Baxsa üzünə, Əndəlibə heç əcəb olmaz,

Firqətzədə olana vüsalın nə bəla xub.



XURAMAN QAMƏTİ NAZİK
Xuraman qaməti nazik, nihali-sərvi-azadi,

Güləndami-məlaik, surəti-rəşki-pərizadi.


Vüsali-bəzmində üşşaqlarını kamiyab eylər,

Və likən eyləməz hərgiz məni-azadəni yadi.


Söndürdüm arizi-hicranında ayü günəş şəmin,

Çəkib bir ah munluq eylədim yer-göyü bərbadi.


Çəkib müjgənindən xəncər, sürüb meydan ara aşkar,

Tənim riş etdi ol kafir, əcəb birəhmi-cəlladi.


Hilalı əbrü müsəffa çü nazik təbi-şirinquy,

Pəri tələt, səmən nükhət, ləbi qənd, özü qənnadi.


Nolar, köyündə xara mənə olsa tikan bəstər,

Qılaram həsrət oduna yanıb, hər gecə fəryadi.


Üzi-qəddi-səmənsə kakilinin sədqəsi eylər,

Güli-sünbül bilə sərvi-çəməni qıldı azadi.


Ayağına düşüb, başından çevrilsəm əcəb olmaz,

Nəvazişlər qılıb, qılmış pozuq könlümü abadi.


Zəxi kağıl, zəxi qamət, zəxi bir işvə cadu göz,

Zəxi xalı, zəxi qəb-qəb, zəxi hüsni-xudadi.


Camalı nəqşi Çin-surətgəri saldı təxəyyirə,

Ki heyran qaldı, fani rəşk oduna yandı bizadi.


Nəsimi-ism hər beyt ibtidasından gəlir, əmma

Gərəkdir Əndəlibə ad çıxarmaqlıqda ustadi.



OLDU ƏNDƏLİB
Daş ara eylər vətən, daşbağa oldu Əndəlib,

Torpağa bağrın basıb qurbağa oldu Əndəlib.


Olmasa qurbağa, daşbağa ol nəsbi-yaman,

Nə üçün bir öydə daim yekkə oldu Əndəlib.


Biqənaətlik tutub əzasından balü pərin,

Bu üqubət birlə tikkə-tikkə oldu Əndəlib.


Dost olanlar eşitsələr soyuqdan ölməyini,

Gülüşüb söylərlər, ölsə xəkdə oldu Əndəlib.


Olsa qış, urmuş qovağa, yaz olsa yazılar,

Gəh bayquş oldu, gəhi çəkkə oldu Əndəlib.



AÇDI
Bahar əyyamı gözdən qönçələr gülşəndə xab açdı,

Səba məşşatəsi sünbülün zülfün yaydı, tab açdı.


Görüb sərgəştə əhvalını bəzmi-bustan içrə,

Təbəssümlər ilən bülbülə güllər ləli-nab açdı.


Dodağın gül qönçəsi güllər dəmə-dəm bülbülün səslər,

Hərəmi-gülşən içrə səbz süfrədən kitab açdı.


Təqdimi-bülbülə zərrin piyalə birlə gülşəndə,

Diymənlər nəstəran ləbə-ləb güli-şərab açdı.


Xəlil kimi özünü atəşi-eşq içrə uran çün,

Bilin, həq rövzeyi-gülzarından bülbülə bab açdı.


Dəbistani-çəməndə tifl sayaq Əndəlibi-zar,

Ki bismilla oxuban eldə həmradan kitab açdı.



YETSƏ
Nə xoş gündür, müsahiblər, kişi cananına yetsə,

Görüb dürlü məlamətlər, axır dildarına yetsə.


Çəkib rənci-məşəqqətlər, ki eşq yolunda afətlər,

Görüb yüz min əlamətlər, könül ərmanına yetsə.


Fələk ursa ona şəbxun, yıxılsa başına gərdun,

Görüb yüz dərdü qəm əfzun, yenə dərmanına yetsə.


Dilü canım xarab olsa, yolunda min əzab olsa,

Yanıb bağrım kabab olsa, nə ərman canına yetsə.


Mələk sima, qəddi ziba, gözü ahu, üzü həmra,

Olub çün Əndəlib şeyda, güli-xəndanına yetsə.



  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə