TÜrkməN ŞEİRİ antologiyasi (XVII – XIX əsrləR) Bakı – 2011



Yüklə 2.4 Mb.
səhifə3/17
tarix02.12.2016
ölçüsü2.4 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

VƏZİ-AZAD
(Parçalar)
III BAB
Babi-sevvom içrə vəsfil-aliman,

Zikr edəyim onları bəlli-bəyan.


Kəşf açıbdır Tanrı özü bulara,

Bəs lədin elmin veribdir onlara.


Bəs əməlsiz alim oxşar cahilə,

Nəfi yetməz elmindən hərgiz elə.


Elmi-dindən hər kişi tapsa xəbər,

Gər əməl qılmasa, bil, günah edər.


Yəni bil heyvanı ondan yaxşıraq,

Olsa ağlın, daim ol ondan iraq.


Çünki bildin məqsədi dünya imiş,

Elmi-dinə kim ki, bipərva imiş.


Misli-bünyad etmiş ol, gülzari-xoş,

Meyvəsinə eyləmiş çox pərvəriş.


İndi özü yemədi ol meyvəni,

Yeməyə həm xalqa vermədi onu.


Batdı yerə, çürüdü ol meyvəsi,

Almadı nəf yəni ondan kimsəsi.


Elm oxusa, tanrı əmrin tutmasa,

Bu şəriət yoluna rast getməsə,

Əmri-məruf, nəhyi-münkər tutmayan,

Haq kəlamın dəxi təzim etməyən,


Surətin alimlərə təşbih qılıb,

İşdə özü xalq ara fisq işləyib,


Elm ona məhşər günü düşmən olar,

Çox əzabi-kin ona şəksiz olar.


Dünya içrə tən olar eyşi ona,

Bəs məşəqqət olar ol işi ona.


Kor olar iki gözü məhşər günü,

Kim əzab içrə olar canü təni.


Der: xudaya, dünyada vardı gözüm,

Bəs nədən kor eylədin sən, ya özüm.


Haq təala der: bilib çün tutmadın,

Kim mənim buyruqlarım etmədin.


Bildinü oldun vəli, bilmən kimi,

Bəs kəlamıma nəzər salman kimi,


Ol səbəbdən əzabi-bihesab

Eylədim, indi inan, budur kitab.


Budur işin, gər əməl etməz isən,

Tanrı buyruğun bilib tutmaz isən.


Az bilib, kim elminə qılsa əməl,

Bütün aləm alimidir, yox cədəl.

Haq qaşında sevgilidir ol kişi,

Çünki var könlündə ol din təşvişi,


Elmi çox kim bilsə, əməl etməsə,

Haq təala buyruğun rast tutmasa,


Bilgil onu cümlə cahildən betər,

Eyləməz xalqa əmri-vəzi əsər.


Misli-xərdir ona yüklənmiş kitab,

İstəsən budur sana dedim cavab.


Alim kim, əməlindən yoxdur nişan,

Gövdədir kim, yox dürur içində can.


Alimi-bikar hasil almayacaq,

Hiylə-təzvir ona sud qılmayacaq.


Heç nə tikməz riştəsiz iynə həman,

Girsə-çıxsa səd həzaran, yox güman.


Üzməsi mümkün deyil qolsuzların,

Deməsi mümkün deyil dilsizlərin.


Bir oraqçı kim, oraq yox əlində,

Biçməsi mümkün deyildir, ey dədə.


Katibin kim, əlində yoxdur qara,

Yazmaq oynamaqda nə fayda görə?


Sayıçı kim, çubuğu əlində yox,

Bəs ki sayılmaz əl ilə vursa çox.

Yonğuçu kim, yox əlində kərkisi,

Yox əlac yonmaq əlin vursa bəsi.


Söyləsəm də mərifət payanı yox,

Hamısın desəm sənə, imkanı yox.


Elmdən məqsəd əməl etmək dürur,

Ol elm birlə haqqa yetmək dürur.


Ol elmdən məqsəd almasa əməl,

Yüzlənər kibr, təkəbbür, yüz cədəl.


Gər elmdən məqsədin həqq olmasa,

Dosti-həqq, ya nuri-mütləq olmasa,


Bil, zəlalət bəhrinə qərq oldu ol,

Həm riya birlə işi zərq aldı ol.


Var, riyadan can ilə qılgil həzər,

Haqqı istər sidq ilə, əlbət, tapar.


Var, əməli sidq ilə qıl biriya,

Felin düz olsa yetərsən tanrıya.


Bir hədis içində bu söz söyləndi,

Elm tərifindən bir gap eyləndi.


Elm ki ondan kişi nəf almadı,

Misli böş lafdır ki, xeyri olmadı.


Elminin nəfi budur, ey əhl-i dil,

Yəni xalqı haq yola salmaqdır ol.


Elm oxub artırmasa zühdü həman,

Tanrısına misli etgəndir üsyan.

Tanrıdan yetər ona sonsuz qəzəb,

Olmas asayiş ona, illa kərəb.


Nəfi yetməz elmdən ol haq rəsul,

Tanrıya etdi pənah, ey bi1-füzul.


«Elm iki dürlü olur» dedi yenə,

Ona rəğibsən, gəlib dinləsənə.


Birinə bu elmi-qəlbi dedilər,

Birinə həm elmi-rəbbi dedilər.


«Elmi-qəlbi elmi-nəfidir» dedi,

«Xalqa onun nəfi çox» söylədi.


Hər zaman könlünə enər xofi-haqq,

Görülən əşyadan ol alar sapaq.


Ol sapaqdan özünü tutar aşağ,

Hübbi-dünya könlündən olar iraq.


Can içində oxular haqq ayəti,

Xəlqi-aləm birlə bilməz ülfəti.


Eşq odu hər dəm onun könlün yaxar,

Durmadan iki gözündən yaş axar.


Bağrı susayar yəni ol didar üçün,

Eyləyər qurban canın yar üçün.


Olmaz onda zərrə bəhs ilə cədəl,

Tanrı əmrin qılmağa hərgiz bədəl.


Doludur haq zikrindən canü dili,

Mərifət bağından ol açmış gülü.

Söyləyər hər dəmdə dürlü mərifət,

Ağzından söz çıxmağa ol bicəhət.


Əhli-dillər mərifət bostanından,

Meyvələr yeb eyşlənirlər şəksizin.


Zahirində haqqa xidmət eyləyər,

Batinində mərifətlər söyləyər.


Haq sarı hər yanından yol açılar,

Hər saətdə dürlü rəhmət saçılar.


Bahri-rəhmətini üzər, qəvvas olub,

Dürri-gövhərlər taparlar xas olub.


Haq rəsulillanı tapar şəksizin,

Görər ol könül gözüylə dost üzün.


Dostu haqdır, dostu haqdır, dostu haq,

Elmi-nəfı istəsən budur sapaq.


Haq-təalanın əziz bəndəsidir,

Ol rəsul ümmətlərinin xasıdır.


Bəs lisani-elmi söylədim sana,

Gəl qulaq tut, bir zaman məndən yana.


Elmi-zahir elmi-şəri dedilər,

Zahirin eylər düzgün hər kim istər.


Tanrı demiş kim düzətsə zahirin,

Düzəldərəm fəzlim ilə batinin.


Elmi-zahir xalq ara rəhmətdir al,

Eşidib tutanlara rəhmətdir ol.

Bəs dəlildir onlara bu söz həman,

Eşidər, anar, tutar der bigüman.


Tanrı tövfiqi bilə hər kim tutar,

Üşbu sözdən özünə hüccət edər.


Eşidib bu sözləri kim tutmasa,

Can ilə haq buyruğunca getməsə.


Bəs əzab tapsa budur hüccət ona,

Bir əzab kim olmaya rahət ona.


Şəridə gər olsa bir iş narəva,

İraq dur, ol işdə var sonsuz bəla.


Şəriətsiz olmaz təriqət yolları,

Bitəriqət mərifətin gülləri.


Şəriət ağacdır, təriqət budağı,

Mərifətdir ol ağacın yarpağı.


Bəs həqiqət ol ağacın nüvəsi,

Haq əridir üşbu xanın yiyəsi.


İndi bilgil şərisiz iş bitməyir,

Haq ərənlər şərisız yol getməyir.


Bəs ağacsız bitməyir budaq həmin,

Yarpaq olmaz, budaq olmasa yəqin.


Meyvə bitməz yarpağı gər olmasa,

Tapmaz yol şəriətə üz tutmasa.


Olmasa tövfiqü taət qula yar,

Qul haçan şər işin edər ixtiyar.

Ləyk fərman etdi qullara cələb,

Əmri-haqqa vacib olmuşdur tələb.


Alimi kim biəməldir, qıl həzər,

Nəfi yetməz kimsəyə, illa zərər...


Elm oxub, əməl edənləri xuda,

Çox sevmişdir, eşit, ey kətxuda...



ABDULLA ŞAHBƏNDƏ

(1720 – 1800)
1720-ci ildə Vas şəhərində anadan olmuşdur. Türkmən­lə­rin yomut bo­yunun qoçaq tayfasındandır. Ömrü Yasda və Köh­nə Ürgəncdə, Qafqazda və İranda (Ətrək, Gürgan və İsfa­handa) keçmişdir. Atasının adı Məmi, ana­sının adı Dövlətbikə, sev­gilisinin (arvadının) adı Mənlidir. Özünün əsl adı­nın Əb­dü­nə­zər olduğu söylənir. Şairin Seyidnəzər, Dövlətnə­zər, Məm­məd­­nə­zər və An­namənli adlı dörd oğlu olmuşdur. Şahbəndənin nəs­lindən olanlar hazır­da Türk­mə­­­nis­tanın Daşoğuz vilatətinin Köh­­nə Ür­gənc və Taxta mahalında ya­şa­yır­lar. Şair 1800-cü il­də vəfat etmiş və Daşoğuzda Aşiq Aydının kümbəzi yanında dəfn olunmuşdur.

Əldə olan məlumata görə, Şahbəndə yaxşı təhsil almış, Xi­vədəki məş­hur Şirqazi mədrəsəsində oxumuş, dövrünün ən bilgə adamlarından biri ol­muşdur. Şeir­lə­ri, xüsusilə müəm­ma­ları onun Şərq ədəbiyyatı, ilahiyyat, mi­fo­logiya, tarix, coğ­rafi­ya, astronomiya, təbabət sahələrində dərin bilik sahibi oldu­ğu­nu göstərir.

Şahbəndənin gerçək həyatı başdan-başa əfsanə dumanına bürünmüş­dür. Onun adı haqqında da xüsusi rəvayət var. Deyi­lənə görə, ən yaxın dostu savaşda əsir düşür və Şahbəndə onu axtarmağa çıxır. Gəlib görür ki, dostu bir şahın əlində əsirdir. Öz-özünə belə deyir: «Dostumla mənim aramda heç bir fərq yoxdur. Əslində, mən də şahın bir bəndəsi və əsiriyəm». Bun­dan son­ra onun adı Şahbəndə olaraq söylənir.

Abdulla Şahbəndə Məmmədvəli Kəminə və Murad Talıbi ilə (rəvayətə görə, həm də Məxdumqulu Fəraqi ilə) yaxın dost olmuşdur. Xalq arasında on­ların dostluğu haqqında maraqlı rəvayətlər dolaşır.

Şahbəndənin yaradıcılığı geniş və çoxşaxəlidir. Onun mövzularının ək­­­səriyyəti real həyat hadisələrindən götürül­müş­dür. Bəzi şeirləri avtobio­qra­fik səciyyə daşıyır. Şeirlərində di­daktik motivlər güclüdür. O, insanları da­im yaxşılıq etməyə, xe­yirxahlığa səsləmiş, xüsusilə gənclərə mərdlik, şü­caət, əda­­lət duyğuları aşılamağa çalışmışdır. Şairin dini mövzuda yazdığı şe­­ir­lərdə həzrəti peyğəmbərin həyatı və islam dininin gözəl­lik­ləri ustalıqla və səmimiyyətlə vəsf edilmişdir.

Abdulla Şahbəndənin poetik irsinin böyük hissəsi itib-batmış, çox az bir qismi gəlib bizə çat­mış­dır. Onun bəzi şeirləri başqa şairlərin adına çıxıl­mış, dini məzmunlu şeirləri isə sovet dövründə ümimiyyətlə ortaya çıxarıl­mamışdır. Bununla birlik­də şa­irin yaradıcılığı türkmən ədəbiyyatında çox mühüm bir mərhələ təşkil edir. O, sələfləri Nurməhəmməd Əndəlibdən və Dövlətməmməd Azadidən təsirləndiyi kimi, özündən sonra gə­lən xələfləri­nə, o cümlədən Məxdumquluya, Zəliliyə, Molla Nə­­­fəsə, Katibiyə, Aşiqiyə və başqa şairlərə qüv­vətli təsir gös­tərmiş, onlara nümunə olmuşdur.

Şahbəndə bir neçə dastan müəllifidir. Onun «Şah Bəh­ram», «Gül-Bül­bül», «Xocamverdixan» adlı dastanları var. Bun­lardan «Şah Bəhram» hind mifologiyasının savaş, ovçuluq və zəfər tanrısı Varaxra, yaxud Viret-rana ilə bağlıdır. Bu surət sonralar İran mifologiyasına keçərək Bəhram kimi sabit­ləş­mişdir. Mifik obraz olaraq Bəhram Mars və Mərrix kimi savaşı simvolizə edir. Sasanilərin on dördüncü şahı olan, ədəbiyyatda qulan (gur, çöl eşşəyi) ovlayan Bəhram Gur ki­mi məşhurlaş­mışdır. Nizami Gəncəvi «Yeddi gözəl» əsərində, Əmir Xos­rov Dəh­ləvi isə «Həşt behişt» poemasın­da onun surətini yarat­mış­lar. Şah­bəndə də on­ların təsiri altında bu mövzuya müraciət etmiş­dir. Lakin «Şah Bəhram» das­tanının süjeti xeyli fərqli və orijinaldir. Şeirləri isə müs­təs­na dərəcədə gözəldir. Hə­min şeir­lərdən biri nümunə kimi bu anto­logiyada veril­miş­dir.

Şahbəndənin «Gül-Bülbül» adlı dastanı da çox maraqlı­dır. Bu möv­zu­da on­dan əvvəl də əsərlər yazılmışdır. 1456-cı ildə Bədiəddin Mənuçöhr ət-Təbrizi, daha sonra özbək şairin­dən Səlahi «Gül-Bülbül», Lütfi isə «Gül və Novruz» adlı əsər yazmışlar. Şahbəndə öz dastanına başqa bir ruh vermiş, onun sujetini öz istəyinə və poe­tik məramına görə dəyişdirmişdir. Şair das­ta­nın sonunda onun yazılma tarixi barədə (hicri təq­vimlə 1214, miladi təq­vimlə 1799/1800-cü il) məlumat verərək yazmışdır:

Min iki yüz on dörd oldu tarixdə,

Bicin (meymun) ili yazdım qissəni, bəylər.

Şairin qələmindən çıxan «Xocamverdixan» dastanı da öz ori­jinallığı ilə seçilir.

Bunlardan başqa, mənbələrdə verilən məlumata görə, Şahbəndənin gə­zib-gördüyü yerlərdən bəhs etdiyi «Səyahət­namə» adlı bir əsəri də olmuşdur, lakin bu əsər indiyədək aşkar edilməmişdir.

Abdulla Şahbəndənin şeirləri və dastanlarının yüzdən artıq əlyazması hazırda Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutun­da saxlanır. Şairin əsərləri dəfələrlə nəşr edilmiş, haqqında elmi tədqiqat iş­ləri yazılmışdır.

Şahbəndənin əsərləri Azərbaycanda çox da bilinmir. Öl­kəmizdə əvvəl­lər onun cəmi bir neçə şeiri çap olunmuşdur. Ya­radıcılığı Bakı Dövlət Uni­versitetinin tükr xalqları ədə­biy­yatı kafedrasında və bəzi ali məktəblərin fi­lologiya fakültə­lərində tədris olunur.



MƏNLİ
Qaşına çəkibsən sürmə

Bugün, sevər yarım Mənli.

Al yanaqda burma-burma

Siyah zülfün tarım, Mənli.


Gözə gəlməz dünya malı,

Pərişandır aşiq halı.

Xəzan vurdu sən gedəli,

Soldu bağçam-barım, Mənli.


Sənsən mənim Bəlx-Ürgəncim,

Səndən özgə yox güvəncim.

Qoynun içrə gizli gəncim –

Qızıl alma, narım, Mənli.


Seyrə çıxdın zülfün töküb,

Ağ üzünə örpək çəkib,

Şahbəndənin halın sorub,

Gəl, ey vəfadarım, Mənli.



QIRX
Xəbər vergil, Bəkir xocam,

O nə anddır, vallahı qırx,

Doqquz oğlan bir beşikdə,

Anası dörd, Allahı qırx?


Önü yürür, izi yetməz,

Yerdə-göydə məskən tutmaz,

O nə quşdur ölməz-itməz,

Ayağı dörd, kəlləsi qırx?


Nə mizan olar, nə yerdə,

Nə şəfadır yüz min dərdə,

Yeddi kiriş, yetmiş pərdə,

Sazı birdir, zilləsi1 qırx?


Nə dəryadır, girdabı dörd,

O nə bağdır, ərbabı dörd,

Atı doxsan, əsbabı dörd,

Donu doxsan, hülləsi2 qırx?


Nə ölkədir, eli beşdir,

Yağar yağmur, seli beşdir,

Nə tüfəngdir, nili1 beşdir,

Çaxmağı bir, mərmisi qırx?


Nə ölüdür, yaşı doqquz,

Nə mizandır, başı doqquz,

Nə tirəndaz, daşı doqquz,

Nə əjdəha, kəlləsi qırx?

Nə qaladır, bürcü doxsan,

Nə bəzirgan, borcu doxsan,

Nə qumaşdır, xərci doxsan,

Dağı on dörd, qallası2 qırx.


O nə oddur, tütünü yüz,

O nə sözdür, ütünü3 yüz,

Nə məsciddir, sütunu yüz,

Oğlanı üç, mollası qırx?


Sınsa çoxdur, daşsa azdır,

O nə söhbət, o nə sazdır,

O nə novruz, o nə yazdır,

Qışı doxsan, çilləsi qırx?


Aşma, xocam, bu bir pillə,

Bu sözümdə yoxdur hiylə,

Tapa bilməz neçə molla,

Məğər olsa silləsi4 qırx.


Şahbəndə söylər hər sözdən,

Tut hesabın yüzdən, yüzdən,

Dörd çeşmə axar bir gözdən,

Bəndi beş yüz, damlası qırx.



BEŞ
Xəbər vergil, Haşım xocam,

Nə çölistandır, dağı beş?

Ağzında qırx min qırx dişi,

Nə ilandır, ayağı beş?


Sinəmdə eşqin dağı var,

Dilsiz-ağızsız yağı var,

Üç yüz altmış ayağı var,

Hər ayağın barmağı beş.


Nə qumaşdır, xərci səksən,

Nə tüccardır, borcu səksən,

Nə qaladır, bürcü səksən,

Bağbanı yetmiş, bağı beş?


Qaranlıq dünyada aləm,

İyirmi beş at bir öydə cəm,

Hər atda iyirmi beş adam,

Hər birinin yarağı beş?


Şahbəndə deyər, nə filan,

Nə gün yazılmış, nə divan,

Səhər vaxtı doğan keyvan,

Qarası qırx min, ağı beş.



NƏDİR
Xəbər vergil, nə məxluqdur, üç dilli,

Hər dilin şərh eylə, bəyanı nədir?

İkisi mənalı, biri bikamal,

Birinə bənd olmuş, zamanı nədir?


Bir dilində yüzdə birdə hesab var,

Bir dilində yüzdə səksən cavab var,

İki yüzdə səkkiz dənə hicab var,

Doqquz xəbər, üç and, zəbanı nədir?


Birini üçə böl, üç-dörd baş olar,

Birin iki bölsən, neçə baş olar?

Üçdə üç, dörddə dörd, beşdə beş olar,

Üç yerdə salınan dükanı nədir?


Nə məxluqdur, dildə çoxdur qovğası,

İki ayaqlıdır, yetmiş kəlləsi,

Dişi iyirmi doqquz, yüz on pilləsi,

Fəhm eylə, qurulmuş mizanı nədir?


Fəhmin olsa, tut sən gündüz gecədən,

Neçə yumurta çıxar tək bir cücədən,

Sən bilməzsən, soruş Bəkir xocadan,

Ölkəsi, məskəni, məkanı nədir?


Bunların şanında otuz bir yağı,

Yetmiş baş, qırx bir tən, otuz ayağı,

Başın tutub, taxıb qıçına bağı,

Dörd qılıncla salan nişanı nədir?


O nə quşdur, onda nə tən var, nə can,

Çərx vurar, çevrilər misali-asiman,

Yumurtlayar toyuq kimi hər zaman,

Xoruz tək banlayar, fəğanı nədir?


Ayağı məğribdə, başı məşriqdə,

Çəpər tək tikilmiş, nə sirdir haqda,

Məşq edibdir hansı kitab-varaqda,

Fəhm eylə, katibi, yazanı nədir?


Məna sor, məna al, can ilə təndən,

Doğru söz çıxarmı əyri bədəndən?

Utanma, şairim, soruşum səndən,

Bildinmi başında qovğanı, nədir?


Nə ümmandır, daşdı, coşdu, səngidi,

Bu yolda bağlamış Şahbəndə bəndi,

Əkdi, biçdi, çəkdi, durma sən indi,

Gəlibsən dərməyə, başağı nədir?



BİLİNMƏZ
Arif olsan, səndən xəbər alım mən,

Nə millətdir, hardalığı bilinməz?

Xəbər ver, soruşum, gənci-xəzinə,

Fəqirdəmi, baydalığı1 bilinməz.


Nə kirişdir, bənd olubdur kamana,

Hansı gün qopacaq axır-zamana?

Nə səbəbdən qərq olubdur ümmana,

Kənardamı, saydalığı2 bilinməz.


Nə gövhər, nə yerdə yatar kəmbaha,

Necə isbat etmiş sureyi-Taha,

Qarkı3, çoban, quzu, bülbül, əjdəha,

Beşinin bir öydəliyi bilinməz.


O nə quşdur, qonduğu yer gümüşlü,

Altı min qanadlı, əlli min başlı,

Atası qırxında, oğlu yüz yaşlı,

Yasdalığı, toydalığı bilinməz.


O nədir ki, dörd yanında üzü var,

O nədir ki, sinəsində gözü var,

Nə kəlamdır, üç yüz altmış sözü var,

Yerdə, göydə, aydalığı bilinməz.


O nədir ki, önü var da, ardı yox,

O nədir ki, qonar-köçər, yurdu yox,

Hesab edib görsəm, yenə dördü yox,

Nə məkanda, caydalığı bilinməz.


Şahbəndə der: üç min üç yüzü dursun,

Dörd min dörd yüz qırx dörd səfasın sürsün,

Hər kim ustad isə, cavabın versin,

Dörd dalın bir zedəliyi1 bilinməz.



HANSIDIR – BUDUR
Ver xəbər, arif olsan, sirri-pünhan hansıdır?

On iki darvazalı ol şəhri-əbdan1 hansıdır?

Tut hesab həftadi-həft, bürci-gərdan hansıdır?

Üç yüz altmış cuyi-abı2, iki ruhdan hansıdır?

Ver xəbər, ustad isən, ol şəhrə sultan hansıdır?
Feyzi-haqdır, söhbət içrə ol sirri-pünhan olur,

On iki darvazalı şəhri-bədən insan olur,

Bürcü yetmiş yeddi peydir, şəhər bəndi an olur,

Üç yüz altmış damar həblül-vəridə3 qan olur,

İşbu şəhər içrə bilin kim, könül sultan olur.
İki yüz ol qırx səkkiz həm köyi-büzürg4 qıl bəyan,

Pənc sədü bistü həşt5 xana, beş yüz iyirmi beş dükan,

İki vəzir çox qulama buyurur kari-gəran6,

Mənası çoxdur, hesab et, tez dolandırgil zəban,

Qazısı nədir, hökmü nə, adil fərman hansıdır?
İki yüz ol qırx səkkizdir üstüxan7, etsəm bəyan,

Beş yüz iyirmi səkkiz öy bu əsli ərmiş məkan,

Ol bədən peyvəndidir beş yüz iyirmi beş dükan,

..............................................................................

..............................................................................
Ol nə quş, yetmiş başı, qırx tən, iki yüzdür ayaq,

İki türfə qanadı – biri qaradır, biri ağ,

Ol nə səyyad qəsd edib, kim yolunda qurmuş duzaq,

Fəhm edib, ustad isən, əbcəd hesabı birlə bax,

Ver xəbər indi görüm, ol quşa aşyan hansıdır?
Ömür – quş, yetmiş başı, qırx tən, iki yüzdür ayaq,

Gecə-gündüz qanadı – biri qaradır, biri ağ,

Bu əcəl səyyad olur, kim yolunda qurmuş duzaq,

Çün ömür üç hərf, əbcəddən etsəm iftiraq,

Bizi ustad bilsən, indi bu cəsəd aşyan olur.
Arif olsan, ver xəbər, xar nədir, xunxar nədir?

Qafil ol kim könlü xəstə, dərdi-biazar nədir?

Bilmənəm ağıl neyçin, dəhr içrə ol bidar nədir?

Sirri-pünhanına dolmuş, aləmə aşkar nədir?

Ol nə başdır, həm yenə baş içrə pünhan hansıdır?
Aşiqi-məşuq durur kim, xar budur, xunxar budur,

Qafil adam, könlü xəstə, dərdi-biazar budur,

Dünyadan ağıl qaçar, eşqli könül bidar budur,

Ol xuda pünhan gözünə, aləmə aşkar budur,

Ol cahan dostu riza, xəşmi-qədər pünhan olur.
Dəhr ara Şahbəndeyi-biçarə eyləyər sual,

Ol nə zülmətdir ki, rövşənliyə dönmək müxal2,

Müfti-biəməl nədir, qəm dəştində fasid xəyal,

Dürri-gövhər kanı kimdir, binəva, biintiqal,

Ol nə gənc, xərc etsən artar, etməsən nöqsan olur?
Dəşt ara verdi cavab şol yerdə ol miskin həlal,

Qocalıq bir zülmətdir, rövşənliyə dönmək müxal,

Müfti-biəməl riyadır, ücb1 olar fasid2 xəyal,

Binəva ələmlər imiş, binəva, biintiqal,

Elm – gənc, xərc etsən artar, etməsən nöqsan olur.

GÖZƏLİM
Pərilərin sultanı, gəlsənə, xan gözəlim,

Aldın səbrü qərarım, arami-can, gözəlim,

Tuti kimi süxənvər, şirin zəban, gözəlim,

Kirpiklərin xəncərdir, qaşı kaman, gözəlim,

Ləblərin şəhdi-şəkər, püstə dəhan, gözəlim,

Qoynun içində bitmiş bağü bostan, gözəlim,

Eşqində divanəyəm, dəli, heyran, gözəlim,

Açılıbsan qönçə gül, tər gülüstan, gözəlim,

Hicrində çıxdı canım, insaf, aman, gözəlim,

Həsrətindən olubdur bağrımız qan, gözəlim,

Sallanışın yaxıbdır bəlli məstan, gözəlim,

Sənsiz mənə gərəkməz aydın cahan, gözəlim.


Seyrə çıxsan, niqarım, bəzənib yaşıl-alı,

Hər sözün min tüməndir, baxışın xun bahalı,

Şirin ilə ol Fərhad çəkdi onca vəbalı,

«Leyli» deyib ol Məcnun oldu divanə, dəli,

Vərqa aşiq «Gülşah» deb ötdü cövri-cəfalı,

Zöhrə, Tahir sarılıb çıxdı sərvi-nihalı,

Arzu ilə ol Qəmbər bir-birinə vəfalı,

Yusif ilə Züleyxa keçdi zövqi-səfalı,

Seyfülməlik alıbdır sevib Məthalcəmalı,

Bizdən əvvəl qoyubdur yeddi aşiq bu yolu,

Yatsam gecələr düşüm, gündüz könlüm xəyalı,

Aləm görkü, güvəncim, sərvi-rəvan, gözəlim.


Gəl, ey qələm qaşlı yar, bağ seyrinə varalım,

Xidmətində payəndaz, qol bağlayıb duralım,

Təşnəyəm, ləblərindən bir busə ver, soralım,

Qoyma daği-hicrində sinəm üzrə yaralı,

Mən səyyadam, ovlamam səndən özgə maralı,

Gəl, açılıb bir gülşən, şirin canı verəlim,

Ötər işbu gözəllik, beş gün söhbət quralım,

Açılıbsan qönçə-gül, tər bağçana girəlim,

Bağına bağban olub gönçə gülün dərəlim,

Haq müyəssər eyləsə, zövqi-səfa sürəlim,

Həsrətindən öldürdün, gəl bir zaman görəlim,

Yalançıda qalmasın canda ərman, gözəlim.


Altın-gümüş bəzənib, geyindiyin kətəndir,

Başdan-başa ətirsən, saçın müşki-fətəndir,

Bir neçə bivəfalar ömrü yelə satandır,

Gerçək aşiqlə məşuq bir iqrara yetəndir,

Hər kim haqqa dayansa, müşkil işi bitəndir,

Aşiq olub pərvanə, özün oda atandır,

Aşiqin incidənlər namurada yetəndir,

Kimlər baqi qalıbdır, dünyanı kim tutandır,

Oyunçudur şum fələk, onca canı udandır,

Bəlxü Buxar, Bədəxşan, bəhan şəhri-Xotəndir,

Keçər gülün mövsümü, onca xublar ötəndir,

Dünya baqi verilməz, qalmaz dövran, gözəlim.


Sadağan olum, canan, zülmün bilirəm rahət,

Hər necə cövr eyləsən,olsun canıma afət,

Qurbanam göz-qaşına, pəh, nə qəddü, nə qamət,

Yesiri-zarın oldum, qalmadı səbrü taqət,

Gözlərin cəllad məgər, qaşın canıma afət,

Şirin canım dışında pərvaz olsun əmanət,

Bir öpsəm al yanaqdan, tapsam şəhdi-nəzakət,

Odun çıxmaz içimdən, qopsa ruzi-qiyamət,

Şahbəndə der: gövhərim, qoynun dürri-səadət,

Alsa şirin ləbindən dərdli canım həlavət,

Altın-gümüş, qumaşım sahibkiran gözəlim.

BƏLLİDİR
Dostlar, dörd gözəlin vəsfin söyləyim,

Bu dördü də məşhurluqda bəllidir,

Bəzənibdir bir-birinə təsibkeş,

Əsli söyünxanlı, ağır ellidir.


Birinin əyninin yaşıl-alı var,

Birinin belinin tirmə şalı var,

Birisinin ağ üzünün xalı var,

Biri bağrım dələn şirin dillidir.


Biri bənzər gölün quba qazına,

Biri bənzər fəsli-bahar, yazına,

Biri oxşar Sayad xanın özünə,

Biri püstə dəhan, biri ballıdır.


Biri vardır bağda belə gəzməyə,

Biri vardır suda belə üzməyə,

Birinin şanına dastan düzməyə,

Biri mürçə-miyan, incə bellidir.


Dörd gözəl görmüşəm, əlhəzər, aman,

Kirpikləri oxdur, qaşları kaman,

İkisi tər gəlin, biri növcavan,

Şahbəndə der: biri səri tellidir.



NƏ BİLSİN
Türkcədən xəbərsiz neçə mollalar,

Ərəb dilin, divan xəttin nə bilsin,

Əlifdən şərməndə quru səllələr,

Hər sözün doğmasın, yadın nə bilsin.


Əksən bar gətirməz ol quru söyüd,

Əbləhlər, nadanlar almaz heç öyüd,

Başıboş, biqeyrət, təsibsiz igid

Yaxşı məhbub qədrin, adın nə bilsin.


Sözün şirin olar baldan, şəkərdən,

Yaxşı öyüd alsan gövhər tökərdən,

Sahib xüruc şahlar doymaz nökərdən,

İnsanın yaxşısın, bədin nə bilsin.


Otururlar hər kim sərsə döşəklər,

Bağda durmaz izzət görsə eşşəklər,

Çöldə miyoldayıb gəzən pişiklər

.................................. nə bilsin.


Şahbəndə der: igid doğsa lənətli,

Vacibi bitirməz, qoyar minnətli,

Hərfin xarab edər, pozar ləzzəti,

Zirü zəbər, təşdid, mətn nə bilsin.


1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə