QAYIBNƏZƏR QAYIBİ
(1755 - ?)
Qayıbnəzər Qayıbi türkmənlərin uva/yıva boyundandır. Onun doğum tarixi 1755-ci il olaraq qəbul edilsə də, nə zaman vəfat etdiyi dəqiq olaraq bilinmir. Şairin Qurbanəli Məğrubi və Seyidnəzər Seydi ilə eyni dövrdə yaşadığı, Məğrubi ilə deyişdiyi məlumdur. Şeirlərini Qayıbi və Molla Qayıb təxəllüsü ilə yazmışdır. Uzun bir ömür sürdüyü təxmin edilir. Bir şeirində 62 yaşına çatdığını göstərir:
Molla Qayıb, nələr gəldi başıma,
Məhəbbət eyləsəm dosta-eşimə,
Ömrüm yetdi altmış iki yaşıma,
Yaşlılıq dərdinə dərman olarmı?
Şeirlərindən anlaşıldığına görə, Qayıbi yaxşı təhsil almış, ərəb və fars dillərini, əruz vəznini mükəmməl şəkildə öyrənmişdir. Yaradıcılığında qəzəl janrı xüsusi yer tutur. Qəzəlləri əsasən əruzun rəməl, rəcəc və həzəc bəhrindədir. O, klassik türkmən ədəbiyyatı tarixində gerçək mənada divan sahibi olan yeganə şairdir. Divanında 600-ə gədər şeiri əlifba sırası ilə düzülmüşdür. Şairin farsca şeirləri və təxmisləri də var.
Həyatının məşəqqət içində keçdiyi bilinir. 24 yaşında ikən gözünün biri kor olmuşdur. Şair bunu «Gözlərim» adlı şeirində belə dilə gətirmişdir:
Altı kəm otuzda idim, yaşımı etdim hesab,
Ansızın gəldi bəla, gözümə çəkdi niqab.
Qayıbi bundan sonra saza-sözə daha çox bağlanmış, öz dövrünün tanınmış aşığı-şairi kimi parlamışdır. Bir rəvayətə görə, Qayıbinin dövründə günəş tutulmuş, mürtəce mollalar bunun səbəbini saz çalanların çoxalması ilə bağlamışlar. Buxara əmiri bütün şairləri, sənətkarları yığaraq onların hamısını dar ağacından asmağı əmr etmişdir. Orada olan Qayıbi
Saz ilə söhbətə yaman deməyin,
Adəm-Həvva yerə enəndə vardı.
Habıl bilə Qabil ana qarnında,
Onlar həm dünyaya gələndə vardı
bəndi ilə başlayan qoşmasını deyərək əmirin qəzəbini soyutmuşdur.
Qayıbi müxtəlif janrlarda yazdığı şeirlərlə yanaşı, alleqorik səpkidə qələmə aldığı «Otuz iki toxum qissəsi» adlı poemanın da müəllifidir.
Qayıbnəzər Qayıbinin kitabları dəfələrlə nəşr edilmiş, haqqında xeyli elmi əsər və dissertasiya yazılmışdır.
FANİ DÜNYA, FANİ DÜNYA
Yenə könlüm qara qıldın, fani dünya, fani dünya,
Ürəyimi yara qıldın, fani dünya, fani dünya.
Şərmsaran günahımdan, çıxar his odlu ahımdan,
Ayırdın məni şahımdan, fani dünya, fani dünya.
Neçələr canın alıbsan, qara torpağa salıbsan,
Onlardan belə qalıbsan, fani dünya, fani dünya.
Sənin əsla qərarın yox, qərar ilə durarın yox,
Yalançı, etibarın yox, fani dünya, fani dünya.
Neçələri türab etdin, neçələrə əzab etdin,
Abadları xarab etdin, fani dünya, fani dünya.
Cəfa canlara bağlarsan, fəraq odunda dağlarsan,
Qara torpağa çağlarsan, fani dünya, fani dünya.
Sən kişiyə olub həmrah, şad eyləyirsən onu gah,
Bir möhnət yurdusan, vallah, fani dünya, fani dünya.
Nə bir sultan, divan deməz, olar bunda güman deməz,
Aldın, piri-cavan deməz, fani dünya, fani dünya.
Neçələri cüda qıldın, zülm ilə əda qıldın,
Alıb malın, gəda qıldın, fani dünya, fani dünya.
Cəfana Qayıbi doymaz, onu dərdin-qəmin qoymaz,
Vəfasız şövqünə uymaz, fani dünya, fani dünya.
ALƏM GƏDA, MƏN HƏM GƏDA
Ey şahi-aləm, üzünə aləm gəda, mən həm gəda,
Ol şəhdi-şirin sözünə aləm gəda, mən həm gəda.
Düşdüm sənin mən kuyinə, heyran olub mən ruyinə,
Ol zülfi-ənbər muyinə aləm gəda, mən həm gəda.
Gəldi fələk zir nəlinə heç kim ərişməz felinə,
Ey cani-şirin, ləlinə aləm gəda, mən həm gəda.
Hüsn içrə olmuş dəng qəni, aləmdə səndən şah hanı?
Ey, cümlə xalq istər səni, aləm gəda, mən həm gəda.
Açıldı hüsnün gülləri, ötər qəmin bülbülləri,
Zar eyləmişsən elləri, aləm gəda, mən həm gəda.
Şol arizi-gülzarına, ol nərgizi-bimarına,
Ey məh liqa, didarına aləm gəda, mən həm gəda.
Lütf eyləgil mən zarına, mən bidili-bimarına,
Ey məh, sənin asarına aləm gəda, mən həm gəda.
Vəsfini söylər Qayıbi, görməz cəmalin qayıbi,
Hüsnünə, ey haq naibi, aləm gəda, mən həm gəda.
OLMASIN
Ey sənəm, sənsiz mənə aləmdə bu can olmasın,
Sən ki canlar canısan, səndən cüda can olmasın.
Can əgər səndən cüda aləmdə canın istəsə,
İstərəm hərgiz ona aləmdə cahan olmasın.
Kim ki vəslini dilər, vəslinə kim vasil olar,
Ayrılıb vəslindən ona dəxi hicran olmasın.
Can alana qəsd edər türkanə qatil gözləri,
Vəh, giriftarı onun heç bir müsəlman olmasın.
Həsrətində eli əfğanım yatırmaz gecələr,
Heç kimin dərdi mənim tək firavan olmasın.
Hər kişi eşqində qəm çəkib, pərişan olmasa,
Dərdi-qəm birlə həmişə şadi-xəndan olmasın.
Tiğ çəkib yar əgər desə «səni qətl eylərəm»,
Qayıbi, öylə işlərdən peşiman olmasın.
GECƏLƏR
İstərəm ay tək üzlərin, dilbər, qaranğu gecələr,
Zar olub mən, gözlərimə gəlməz uyğu gecələr.
Gecələr dərdli fəğanım eşidib, rəhmin gəlib,
Nə olar sorsan gəlib, halimi qarşu gecələr.
Özgələr məhrəm olub, mən tilbə məhrum olanam,
Çox olubdır əksəri könlümdə qayğu gecələr.
Vəh, kim gündüz xalq ilə hər növ könlüm aldanar,
Kar edər dərdi-qəmin canıma əsru gecələr.
Dəli tək getməm gələr hər dəm biyabanlar sarı,
Fikr ilə vurar sanki başıma yüz küy gecələr.
Şövq ilə eşqin xeyli gəldiyincə könlümə,
Çəkərəm fəryad edib hər ləhzə «ya hu» gecələr.
Qərq olubdır ağlamaqdan Qayıbi biçarə gör,
Gözlərimdən arx-arx kimi axar su gecələr.
PƏRVANƏSİ
Olmuşam bir dilbərin şeyda ilə divanəsi,
Atəşi-eşqində yanan natəvan pərvanəsi.
Eşq ilə hər necə kim canım fəda qıldım vəli,
Qılmadı bir dəm nəzər ol canımın cananəsi.
Naz ilə bağrım kəsib, hər dəmbədəm canım alar,
Kim qıya baxmaq ilə ol gözlərin məstanəsi.
Eşqbazlıq ilən, namərdlərin işi deyil,
Eşq ilə can oynayır aşiqlərin mərdanəsi.
Püstə ağzını açıb, ləlini xəndan eyləgəc,
Taqətimi qarət eylər dişlərin dürdanəsi.
Aləmi eylər müəttər, müşki-ənbərlər saçar,
Tar-tar eylər saçın hər sübhdəmdə şanəsi.
Qayıbi, eşqin hərarətində yandı canü dil,
Vəh, haçan tanrım, içib ləli-şərabın qanəsi.
EYLƏDİ
Yağdı nisan yağmuru, aləmi gülzar eylədi,
Ötərək bülbül dəxi dərdimi izhar eylədi.
Haq təala qüdrətindən yağdı nisan yağmuru,
Yer üzünü lölöyi, həm dürri-şəhvar eylədi.
Dürlü-dürlü don geyib aləm içrə zinət bilə,
Görkəzib özün canan, xalqına izhar eylədi.
Laleyi-əhmər, bənövşə, nərgizi-reyhani-gül,
Açılıb hər yan çəmənlər içrə bizar eylədi.
Cami-işrət tutdu gül saqi olub bülbülə kim,
Cüreyi-ləlində anı məsti-xumar eylədi.
Şövq ilə aləmlərə qovğa salıb vəhşü tüyur,
Hər biri bir dildə zikri-həmdi-bisyar eylədi.
Qayıbi gördü əcəb əsərin Allahın bu gün,
Xatirindən xoş olub bu nəqşi təkrar eylədi.
YENƏ
Cıxdılar gülgün geyib ol qəddi-rənalar yenə,
Qıldılar can qəsdini ol şuxi-zibalar yenə.
Halqa-halqa arizin pürnuri-müşk əfşan edib,
Zülməti-din qıldılar ol zülfi tərsalar yenə.
Aldılar aşiqlərin səbrü qərarü taqətin,
Düşdülər möhnət oduna zari-şeydalar yenə.
Gül dəxi yaşıl niqabın aldı üzdən naz ilə,
Bülbüli-biçarəyə kim saldı qovğalar yenə.
Bağlar içrə çəmənlər oldu cənnət tək əyan,
Huri-qılman tək təriqə girdi mirzələr yenə.
Xublar könlün alıb naz ilə yağma qıldılar,
Düşdü başıma əcəb aşüftə sevdalar yenə.
Qayıbi, ay cəyridib meydanda çabuq şuxlar,
Görsədərlər özlərin edib tamaşalar yenə.
OLDU YENƏ
Çünki novruz oldu, aləm gülizar oldu yenə,
Qönçədən güllər açıldı, mürğzar oldu yenə.
Çıxdı yerdən rəngbərəng hər səbzələr kim, var idi,
Xoş müzəyyən oldu aləm, laləzar oldu yenə.
Gül tamaşasın qılıb bülbül yenə qıldı fəğan,
Mey içib gül camından, məst xumar oldu yenə.
Sayə saldı hər tərəf sərv, çinar sərfəraz,
İşrət əhlin cəm edib, gör, üstüvar oldu yenə.
Xublar hər yan çıxıb seyri-gülüstan eylədi,
Eşq əhli gördü onları, intizar oldu yenə.
Oldu qalib şövqü hər könüldə kim, vardır həvəs,
Qüdrəti-həq birlə xoş fəsli-qubar oldu yenə.
Dad kim, dövran verib bunca çəmənləri ilə,
Aqibət zaye olub gərdi-qubar oldu yenə.
Heyf kim, ey Qayıbi, bunca cahanın xubları,
Köç edib bu dünyadan əhli-məzar oldu yenə.
ETMİŞ MƏNİ
Görsədib üz dilbərim, heyrani-zar etmiş məni,
Od salar canıma andağ, xakisar etmiş məni.
Heyrət içrə eşq alıb ağlım başımdan güc ilə,
Bənd edib, əhli-xunun birlə qatar etmiş məni.
Gələli yarın xəyalı kari-varın dünyanın,
Kim çıxarıb xatirimdən bərkənar etmiş məni.
Eyb qılmam, eyləsəm viranələr içrə vətən,
Küy urub, Bəhlul kimi divanələr etmiş məni.
Deməyin kim, nə üçün yoxdur qərarın bir zaman,
Şövqü qalıbdır könüldə, biqərar etmiş məni.
Yar dedikcə xəyalım cuş urub, ah eylərəm,
Zikri-feyzi öylə xoş, biixtıyar etmiş məni.
Yar demiş: «Qayıbi, fəzlimə tut könlünü xoş»,
Üşbu söz birlə bəsi ümudivar etmiş məni.
OLMASIN
Eşq oduna mən kimi heç kimsə büryan olmasın,
Yar vəslin arzulayıb hicr ilə giryan olmasın.
Heç kimsə ötürməsin ömrün mənim tək zar ilən,
Taqəti-bitab olub halə pərişan olmasın.
Müddəilərin cəfası bağrımı qan eylədi,
Heç müsəlman bəndənin düşməni şeytan olmasın.
Ey rəqibi-rusiyah, get, var eşiyindən uzaq,
İkimizin aramızda nagəhan qan olmasın.
Qayıbi, sən tezrək canını qurban eyləgil,
Səndən əvvəl heç kişi ol yarə qurban olmasın.
XUBLARIN
Dostlar, vermə könül, yoxdur vəfası xubların,
Hər nə qədər çəksəniz çoxdur cəfası xubların.
Aqibət can ilə dili verməyin, qurtulmadı
Kim ki yar idi əzəldən mübtəlası xubların.
Fəhm qılmaqla çü gəlməz xatirimə onların
Yoxdurü aşiqlərə qeyr əz bəlası xubların.
Xublara mehr ilə hər kim ki oldu iştiyaq,
Oldu ondan oynamaq can iltiması xubların.
Aşina oldum, əmma yüz min bəlaya uğradım,
Olmayaydım kaş ki mən aşinası xubların.
Qılmadılar, Qayıbi, bir gün inayət neçə kim,
Olmuşam mən neçə vaxtdan binəvası xubların.
VARDIR
Saz ilə söhbətə yaman deməyin,
Adəm-Həvva yerə enəndə vardı.
Habıl bilə Qabil ana qarnında,
Onlar həm dünyaya gələndə vardı.
Adəmi qovdular behişt öyündən,
Hər kim tapar öz felindən-huyundan,
Özün saxla abi-həyat suyundan,
Nuhun gəmisini minəndə vardı.
Məhəmməd peyğəmbər din yolun açdı,
Bilal əzan dedi, kafirlər qaçdı,
Əbubəkr, Ömər, Osman yetişdi,
Əli zülfüqarın çalanda vardı.
Mollalar cəm olub tapmadı dəlil,
Mən sənə sığındım, ya rəbbim cəlil,
İsmayıl peyğəmbər, İbrahim Xəlil
Məkkə-Mədinəni alanda vardı.
Mollalar cəm olub, getdilər həmmə,
Ədalət deyənin mənası nəmə?
Böylə ədalətli sultan Cümcümə
Dünyanın ləzzətin görəndə vardı.
Adəm oğlu hər hansısa bir işdə,
Yer üzünü tutmaq üçün səriştə,
Harut-Marut atlı iki fəriştə
Babil quyusına düşəndə vardı.
Söhbət üçün Musa asmanda qaldı,
İskəndər Zülqərneyn dünyanı aldı,
Musanın əsası əjdərha oldu,
Nəsiminin postun soyanda vardı.
Həzrəti Davudun qırx oğlu oldu,
Mən-mənlik eylədi, qırxı da öldü,
Qırx oğlun yerinə bir oğul gəldi,
Davudun qırx oğlu öləndə vardı.
Dağların başından getməz dumanı,
Bir gün olar yaradanın fərmanı,
Mehdi gəlib alar yalan dünyanı,
Davudun bir oğlu olanda vardı.
Molla Qayıb deyər, Xızırdır pirim,
Pirim Şahimərdan, Əli dəstgirim,
Sultan Söyün Mirzə, Mir Əlişirim1,
Dünyanın toyunu tutanda vardı.
YARSIZLIĞIN DƏRDİNİ
Ey yaranlar, müsəlmanlar, ərənlər,
Sormayın siz yarsızlığın dərdini,
Xəbər verin, bizim yarı görənlər,
Sormayın siz yarsızlığın dərdini.
Ala dağın başı qarsız olmasın,
Qarsız olsa-olsun, narsız olmasın.
Məhəmməd ümməti yarsız olmasın,
Sormayın siz yarsızlığın dərdini.
Baban sandığında tamam zər olar.
Yarsız ötsə, ömrün dərbədər olar.
Ən yaxın qonşun da gümangər olar.
Sormayın siz yarsızlığın dərdini.
Bu gaplar qalıbdır şahü gədadan,
Molla nalə çəkər «təbbətyəda»dan,
Molla Qayıb dilər yarın xudadan,
Sormayın siz yarsızlığın dərdini.
İSTƏR KÖNÜL
Dünya mülkündə, yaranlar, şəhriyar istər könül,
Səyridib minsə bədəvi, şahsuvar istər könül,
Qul bilə qırnaq da olsa, xanəvar istər könül,
Taci-təxti, ləl-gövhər, zərnigar istər könül,
Kafirə vursam qılıncı, zülfiqar istər könül.
Atlanıb çıxsam şikara, at yarağı, əsbabı şay1,
Salsam yüyrək tazılar, tuğun, ütəlgi, qarçığay2,
Aşü nan verməkdə olsam guya ki Hatəmi-Tay,
Xoş avaz şair gərək, tənbur, qicaq3, həm dəfü ney,
Zinəti-zövqi səfalar, kari-var istər könül.
Məscidin molla, imamı qərreyı-qürra4 gərək,
Balalar məktəbdə olsa dilləri bürra5 gərək,
Təzə məhbub zərnigarın ağlı bih-çıra6 gərək,
Eli bay, cəmiyyətin taxtında adil şah gərək,
Çarvadarımız, çöldə olsa, yaylalar istər könül.
Xeyir üçün qılsam ziraət neçə dehqan, ər gərək,
Öyə qalla7 daşımağa yeddi qatar nər gərək,
Nər başında qübbəsi altın, gümüş ovsar gərək,
Zahidə məscid gərək, kim vaizə minbər gərək,
Hafizim Quran oxusa, xoş avaz istər könül.
Tövlədə dursa bədəvlər, yanında olsa seyis8,
Binamazü əsrarkeşləri ixtisab qılsa rəis,
Qırx dəvəm sövdaya getsə, əl atsa Sultan Veys,
Sər hovuz, ləli-hərəmdən gəlsə müşki-ənbər is9,
Öyə gərək nazənin, çeşmi-xumar istər könül.
Ver, ilahi, neyləyim, bəxtim olubdır əncümən,
Yari-qabil tapsamü sərf eyləsəm yüz min tümən,
Dəşti-səhraya çıxıb gəşt eyləsəm bağü çəmən,
Rəngi qır, rəftarı xub, minsəm yenə yorğa səmən(d),
Fəslimiz novruz da olsa, laləzar istər könül.
Qayıbi der, ver, ilahi, aç bu qulunun baxtını,
Kəbə sarı baş qoyuban oxusun beş vaxtını,
Dostlara bizdən nəsihət, nisyə etmə nağdını,
Gördünüzmü, neylədi Davud, Süleyman taxtını,
Kəbeyi-beytülharam deyib, ixtiyar istər könül.
ANNASULTANIM MƏNİM
Özü bir daha gözəl, sallanıb yoldan keçər,
Həsrətindən gecə-gündüz fəryadım ərşə yetər.
Gözlərin cəllad imiş, kirpiyin tiğdən betər,
Afəti-can, lalə-xəndan, ay aman, xanım mənim,
Vədəsinə yalançıymış Annasultanım mənim.
Çün qızıl geydin, bəzəndin, canıma qəsd eylədin,
Sünbülün reyhanıyam deyib, özün məst eylədin,
Bizlə etdin əhdi-peyman, özgəni dost eylədin,
Afəti-can, lalə-xəndan, ay aman, xanım mənim,
Vədəsinə yalançıymış Annasultanım mənim.
Özü bir daha gözəl, sallanıb məstan gəzər,
Vəsfini ellərə desəm, bir çox aşıqlar yazar,
Şanına dastan qoşum mən aşiqi-Qayıbnəzər,
Afəti-can, lalə-xəndan, ay aman, xanım mənim,
Vədəsinə yalançıymış Annasultanım mənim.
MURAD TALİBİ
(1766 – ?)
Məşhur türkmən şairi Murad Talibi təxminən 1766-cı ildə Axal vilayətinin Göytəpə mahalında dünyaya gəlmiştir. O, türkmənlərin təkə boyunun amaşa tayfasının zərən tirəsinə mənsubdur. Şairin həyatı haqqında kifayət qədər məlumat yoxdur. Ailəsinin maddi sıxıntısı üzündən yalnız mollaxana təhsili ilə kifayətlənmiş, mədrəsə bitirə bilməmişdir. Lakin öz üzərində əzmlə çalışaraq savad və biliyini artırmışdır.
Talibi gəncliyində Tuticamal adlı bir qızı sevmiş, onunla evlənmiş və bir oğlu olmuşdur. Şair «Yardan ayrıldım» şeirini arvadının ölümünə həsr etmişdir.
Murad Talibi böyük Məxdumqulunun yolu ilə gedərək sadə dildə xalqın həyatı, yaşayışı haqqında, igidlik, mərdlik, gözəllik barədə şeirlər yazmış, öz əsərlərində çoxlu atalar sözü və deyimi ustalıqla işlətmişdir. Vətənpərvərlik şeirləri də çoxdur. O, türkmən milli ruhunun yüksək səviyyəyə qaldırılmasına çalışmış, gəncləri ana yurdun müdafiəsinə səsləmişdir. Şair öz müasirləri olan Seyidnəzər Seydi, Seydulla Seydi, Qurbandurdu Zəlili ilə birlikdə vətəni qoruyan qəhrəmanları vəsf edən şeirlər qələmə almışdır.
Murad Talibinin dastan yaradıcılığı klassik türkmən şairlərindən bir qədər fərqlidir. O, özündən əvvəlki şairlər kimi hər hansı bir dastanı yenidən işləməmiş, öz dastanını yaratmışdır. «Talibi və Sahibcamal» adlı bu dastan forma baxımından klassik dastanlara, oradakı şeirlər isə klassik şeir janrlarına tam uyğundur. Şairin yaradıcılığı ilk dəfə ötən əsrin 40-60-cı illərində tədqiq edilməyə başlanmış, əsərləri çap olunmuşdur.
QOCALIQDIR, YARANLAR
İgidliyin zoru getdi əlimdən,
Dərd yamanı qocalıqdır, yaranlar.
Artıq onun dərmanı yox ölümdən,
Dərd yamanı qocalıqdır, yaranlar.
Xəstələr qurtular, qoca qurtulmaz,
Könül quşu uçar gedər, tutulmaz,
Bu dərdə kimsədən çarə yetilməz,
Dərd yamanı qocalıqdır, yaranlar.
Ağzına baxarsan, bir dişi olmaz,
Yanında qədirli tay-tuşu olmaz,
Yorğan-döşək ilə heç işi olmaz,
Dərd yamanı qocalıqdır, yaranlar.
Ağzına nə qoysa dişi basmaya,
Oğul-qız sözünə qulaq asmaya,
İraqdan gözləsə, gözü kəsməyə,
Dərd yamanı qocalıqdır, yaranlar.
Yetmişin öyünə girəndə yaşın,
Fırlanar, çiynində dayanmaz başın,
Çörəklə işin yox, qovuddur aşın,
Dərd yamanı qocalıqdır, yaranlar.
Getdi tamam qədir bilən tay-tuşun,
Qalmadı sağlamlıq, dərddir yoldaşın,
Səninçün fərqi yox yazın, ya qışın,
Dərd yamanı qocalıqdır, yaranlar.
Talibi der, dostlar, qocalmaq betər,
Altmışın - yetmişin arası yetər,
Özünü bilməyən yüzdən pay istər,
Dərd yamanı qocalıqdır, yaranlar.
QƏRİBLİK
Fələk, səndən bir şikayət eyləyim,
Gün-gündən sürünüb gəldi qəriblik.
Qoy ərzi-halımı sənə söyləyim,
İxtiyarım əldən aldı qəriblik.
Sərvət əl kiridir, yuyulsa gedər,
Qəribə aclıqdır zəhərdən betər,
Varlı əl uzatsa, hər yana yetər,
Məni sıxdı, bağrım dəldi qəriblik.
Bir dilək diləsəm, diləyim bitməz,
Bu könül arzusu heç yana yetməz,
Varlılar əl tutmaz, qardaş rəhm etməz,
Qədəmimi geri saldı qəriblik.
Altım döşəksizdir, ürək dağlıdır,
Soruşsan açılmaz, bənddir-bağlıdır,
Dilim çox qısadır, başım bağlıdır,
İxtiyarım əldən aldı qəriblik.
Tay-tuşu görəndə basar xəcalət,
Yoxluğu yad edib, ollam bitaqət,
Nə söz soruşarlar, nə də məsləhət,
Bütün dərddən yaman oldu qəriblik.
Talibi der, könlüm, qəmli olma gəl,
Zinhar, Allah adın dildən salma gəl,
Xəsis varlılardan ümid qılma gəl,
Bir zaman əylənməz, keçər qəriblik.
OLMAZ
Cahanda çox təəccüb iş,
Əlacın eyləmək olmaz,
Alim olsun, ya da dərviş,
Ona söz söyləmək olmaz.
Müğayir çoxdur el içrə,
Axar hər nəsnə sel içrə,
Girib dəryayi-Nil içrə,
Suyunu əyləmək olmaz.
Əsir olsun, ya da azad,
Uşaq, qoca, yabançı, yad,
Əsilsiz olarsa hər zad,
Ona bel bağlamaq olmaz.
Eşq oduna düşsə insan,
Geci-tezi olar peşman,
Əgər and içsə bir düşman,
Onu dost eyləmək olmaz.
İgid gər olsa himmətsiz,
Əndək-döndək, dəyanətsiz,
Əvvəldən olsa qeyrətsiz,
Onu heç düzəltmək olmaz.
Ey Talibi, sən ey həmdil,
Biçarəsən, sən onu bil.
Bildiyini söyləsin dil,
Gümanı söyləmək olmaz.
İLƏ
Könlüm, eşit nəsihəti,
Dost olma bəd bəndə ilə.
Bəd ərin olmaz hörməti,
Xor olarsan sən də elə.
Şəriətdən çıxma zinhar,
Bil ki hər yerdə qulaq var,
Şeytan deyən məkri-əyyar
Yıxar səni gündə belə.
Talibi der, min bədəv at,
Kəskin qılınc, cövhər polad,
Borc eylə, paltarın düzəlt,
Gəzmə yırtıq cında ilə.
GƏLDİM
Dilbər, sənin ilə könlüm bir edib,
Canımı canına qatmağa gəldim,
Zülflərin boynuma xub zincir edib,
Başımı başına çatmağa gəldim.
Hərf içində qəddin bənzər əlifə,
Zinhar, onu görsətmə sən rəqibə,
Əgər xuda yazmış isə nəsibə,
Şirin ləblərinndən dadmağa gəldim.
Üzün təzə açan bağın gülzarı,
Bülbül tək edərsən naleyi-zarı,
Mən sənin bağından almanı, narı
Özüm dərib, alıb getməyə gəldim.
Dünyada görmədim sən tək zalımı,
Rəhmin gəlib heç sormadın halımı,
Mən sənin yolunda mülkü-malımı
Hamısın bir pula satmağa gəldim.
Üzün yaxşı yeni açan güllərdən,
Mən sənə bağlıyam özgə qullardan,
Arzu edib gəldim uzaq yollardan,
Bəllicə bir sözün tutmağa gəldim.
Talibi der, bu gün gəldim şanına,
Gündə sorsam, sən qoymazsan yanına,
Rəhm edib sən məni alsan qoynuna,
Almanı, narını dərməyə gəldim.
GÜL ÜZLÜ DİLBƏR
Səfalı sevdiyim, gül üzlü dilbər,
Öpsəm badam gözün qapaqlarından,
Qəddin bir tubudır, qamətin ər-ər,
Əl uzadıb tutsam budaqlarından.
Sənin hüsnün mənim gözümdən getməz,
Nə qədər istəsəm, sənə əl yetməz,
Sən olmasan bizi nura qərq etməz,
Günəş şölə alar yanaqlarından.
Qaşını oynadıb gözün güldürsən,
Bizə öz mehrini acza bildirsən.
Görürəm nə qədər həya edirsən
Qızarmış üzündən, qulaqlarından.
Neçə günlər səni arzu eyləyib,
Şükr, bu gün sənə ərzim söyləyib,
Nəsib olsa, ləblərinə ləb qoyub,
Əmib sorsam incə dodaqlarından.
Könlünü soyutma, sevdiyim, bizdən,
Umudum lap çoxdur, dildarım, sizdən,
İnci-inci tər süzülsə gül üzdən,
Utanarsan, axsa buxaqlarından.
Gül üzlü sevdiyim, mən sənə bəndə,
Mürüvvət et, mehribanlıq çox səndə,
Keç sinəmdən, mən yoluna payəndə,
Zövq alım o incə ayaqlarından.
Nə olar, Talibin halını sorsan,
Rəhm eyləyib, üzdə əhvalın görsən,
İltifatlar ilə bir busə versən,
Qəbqəb zahir olar damaqlarından.
YADIMA DÜŞDÜ
Bir gecə yatırdım yüz xəyal ilə,
Alma yanaqların yadıma düşdü,
Sözləşəndə şirin candan yol salan,
Badam qabaqların yadıma düşdü.
Sevdiyim, həsrətin hər şeydən yaman,
Zülfünün telləri boynuma kaman,
Sözləşəndə qətrə-qətrə bal daman
İncə dodaqların yadıma düşdü.
Dilin nə şirindir misli-bal kimi,
Hüsnün yeni açan təzə gül kimi,
Tağ üstündə bitən dəstəmil1 kimi,
Qoşa məmələrin yadıma düşdü.
Bostan gülşənində bağçanın gülü,
Dağın sünbülüsən, bağın bülbülü,
Başımın altına yastıq etməli,
O ağ biləklərin yadıma düşdü.
Talibi der, alma, narı bəllənən,
Hüsn içində məşhur olan, ünlənən,
Yürüyəndə min naz ilə sallanan,
Şümşad ayaqların yadıma düşdü.
AYRILDIM
Ərzi-halım bəyan etsəm, yaranlar,
Allah cüt eyləyən yardan ayrıldım.
Bu fələyin sitəmindən, cəbrindən,
Qaşı kaman, zülfü tardan ayrıldım.
Təzə hilal oxşar yarın qaşına,
Sədəflər küsənər gövhər dişinə,
Bənzər ayın on dördü, on beşinə,
Alma zənəxdanlı nurdan ayrıldım.
Bu hicrətə razı oldı ol pəri,
Dağlar sünbülüdür, dərya gövhəri,
Elm derlər, gümrahların rəhbəri,
Rəhbər üçün ol dildardan ayrıldım.
Fəraq miras qalmış Adəm, Həvvadan,
Sən vəfa istəmə mən bivəfadan,
Dərdimə acizəm, qılsam davadan,
Dərmansız dərd üçün zordan ayrıldım.
Qurban olum yarın qaşü gözünə,
Bəndivanam onun şirin sözünə,
Doyunca baxmadım barı üzünə,
Yol gözləyib intizardan ayrıldım.
Talibi, gedirəm ahı-zar ilə,
Yarım burda qaldı alma-nar ilə,
Söhbətim az oldu sevən yar ilə,
Onun üçün namus-ardan ayrıldım.
Dostları ilə paylaş: |