İndiyədək heca vəzninin ritmik xüsusiyyəti yalnız bölgülənmə və heca sayı baxımından araşdırılmışdır. Başqa sözlə, heca vəzninin ritmik xüsusiyyətinin yalnız bölgülənmə və heca sayı ilə bağlı olduğu zənn edilmişdir. Halbuki, bu vəznin ritmik xüsusiyyətinin məhz uzun və qısa hecalar (metrik) baxımından da araşdırılmasına ehtiyac vardır. Yəni heca vəzni uzun və qısa hecalar baxımından da müəyyən qanu-nauyğunluqlara (qaydalara) malikdir. Əruz vəznində uzun və qısa hecaların dəyişməz ardıcıllığı tələb olun-duğu halda, heca vəznində uzun və qısa hecalarla bağlı başqa tələblər var.
Heca vəzninin uzun və qısa hecalar baxımından ritmik xüsusiyyəti (metro-ritmik xüsusiyyəti) ondan ibarətdir ki, bu vəzn misranın bölgüləri daxilində uzun və qısa hecaların bərabərliyini – balansını tələb edir. Belə ki, misraların bölgüləri daxilində uzun hecalar nəzərə çarpacaq dərəcədə azlıq təşkil etdikdə, qısa he-calarda saitlər məcburi uzadılır və bununla da bölgü daxi-lində uzun və qısa hecaların say fərqi minimuma endirilir. Yəni təqribi də olsa bərabərlik təmin edilir. Bu hal 7-hecalı şeirdə özünü daha çox göstərir. Misal (uzanan saitlər tünd rənglə verilmişdir):
Ba-ğa gir-di/4mü-zü-mə/3,
Ti-kan bat-dı/4 di-zi-mə/3.
Ə-yil-dim çı/4xart-ma-ğa/3,
Yar sa-taş-dı/4 gözümə
Xalq bayatısı
Göründüyü kimi bayatının 1-ci misrasının 4-lük böl-güsündə üç qısa və cəmi bir uzun heca olduğundan bölgünün ikinci hecasının (“ğa”) saiti məcburi uzadılır. Həmin misranın 3-lük bölgüsündə isə hər üç heca qısa olduğundan bölgünün ikinci hecasının (“zü”) saiti məcburi uzadılır. Eyni hadisə 2-ci və 4-cü misraların 3-lük bölgü-lərində də baş verir. 2-ci, 3-cü və 4-ü misranın 4-lük böl-gülərində uzun və qısa hecaların sayları biri-birinə bəra-bər (2:2) olduğundan heç bir hecada saitin məcburi uzan-ması baş vermir. 3-cü misranın 3-lük bölgüsündə isə birinci heca uzun, qalan iki heca qısadır və üçüncü heca-nın saiti uzanır. 3-lük bölgülərdə bir hecanın uzun olması adətən təqribi balansı təmin edir. Lakin burada iki qısa heca dalbadal gəldiyindən bu hecalardan birində saitin məcburi uzanması baş verir.
Bölgülərdə uzun hecalar çoxluq təşkil etdikdə isə şeir deyilişi ləngləşir və çətinləşir. Misal (uzun hecalar tünd rənglə verilmişdir):
...Qəfil gün doğ/4sa bir gecə/4,
Min-min gizli/4 günah görsək/4,
Üstünü ör/4tə bilməsə/4,
Bu dünyanı/4 çılpaq görsək/4,
Başımıza/4 hava gələr/4,
ağlımız ça/4şar bəlkə də/4.
Hamı birdən/4 baş götürüb/4
dünyadan qa/4çar bəlkə də/4...
R.Rövşən
Əruz vəzni və onun haqqında formalaşmış
yanlış təsəvvürlərə aydınlıq
Əruz – uzun və qısa hecaların müəyyən kombinasi-yalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının bütün misralarda dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəznidir. Uzun hecalara qapalı hecalar və saiti uzanan açıq hecalar, qısa hecalara isə saiti uzanmayan açıq hecalar aiddir.
Əruzda misraların uzunluğunu, ritmik quruluşunu (uzun və qısa hecaların düzülüşünü) və bölgülərini əvvəl-cədən tərtib olunmuş qəliblər müəyyən edir. Əruzun tarixə məlum ilk geniş nəzəriyyəçisi olan ərəb filoloqu Xəlil İbn Əhmədin (718-792) müəyyən etdiyi qəliblərdə bölgüləri təfilələr (ərəbcə “fə’ələ” feilindən yaranmış müxtəlif ifadələr), uzun və qısa hecaların yerini isə təfilə-lərdəki uzun və qısa hecalar müəyyən edir.
X.İ.Əhmədin əruz nəzəriyyəsinin ən kiçik anlayışın-dan (vahidindən) ən böyük anlayışına qədər olan inkişafı-nı sxem–2-dəki kimi təsvir etmək olar.
Sxemdən göründüyü kimi X.İ.Əhmədin nəzəriyyəsin-də ən kiçik vahid (ünsür) ritmik yox, qrafiki xarakter daşıyır. Ən kiçik ritmik vahidlər isə 6 rükndən ibarət qəbul olunmuşdur. Əslində əruzun ən kiçik ritmik vahidi olan uzun və qısa heca anlayışları isə bu nəzəriyyədə yoxdur. Halbuki rükn kimi yalnız həmin iki növ hecanı qəbul etmək və elə ərəb qrafikası ilə onu asanlıqla ifadə etmək olardı. Belə ki, ərəb əlifbasında uzun hecaları birincisi hərəkəli, ikincisi hərəkəsiz olmaqla iki hərf (bu “yüngül səbəb” adlı rüknlə eynidir), qısa hecaları isə bir hərəkəli hərf (buna uyğun rükn yoxdur) kimi izah etmək olardı.
Nəzəriyyədə rüknlərdən qəliblərə qədər daha iki mürəkkəb mərhələ (əsli və törəmə təfilələr) keçilir. Hal-buki, ən kiçik vahid olan uzun və qısa heca anlayışından birbaşa qəliblərə də keçmək olardı.
Məlum araşdırmamızda (13) sadələşdirilmiş qəlibləri tərtib etməklə bu problemi artıq həll etmişik. Sadələş-dirilmiş qəliblərdə ən kiçik ritmik vahid kimi cəmi iki ünsürdən istifadə edilir: qısa hecalar – “da”, uzun hecalar isə “dah” ünsürü ilə ifadə olunur. Azərbaycan əruzunda işlənən qəliblərin variantlarının sayı yüzlərlədir. (Daha ətraflı məlumat üçün bax, 7 və 13). Azərbaycan əruzunda işlənən əsas qəliblərin sadələşdirilmiş variantlarının siyahısı 46-61-ci səhifələrdə verilmişdir.
Hərəkəsiz və hərəkəli ərəb hərfləri. Şərti işarələri uyğun olaraq: ا (əlif) və ه (hə)
|
Müxtəlif kombinasiyaları nəticəsində
6 rükn yaranır:
Rüknlər: yüngül səbəb (bir hərəkəli və bir hərəkəsiz hərf), ağır səbəb (iki hərəkəli hərf), yanaşı vətəd (iki hərəkəli və bir hərəkəsiz hərf), aralı vətəd (bir hərəkəli, bir hərəkəsiz və bir hərəkəli hərf), kiçik fasilə (üç hərəkəli və bir hərəkəsiz hərf), böyük fasilə (dörd hərəkəli və bir hərəkəsiz hərf).
|
Müxtəlif kombinasiyaları nəticəsində
8 əsli təfilə yaranır:
Əsli təfilələr: fə’Ulün, fA’ilün, məfA’İlün, fA’ilAtün, müstəf’ilün, müfA’ələtün, mütəfA’ilün, məf’UlAtü
|
Müxtəlif dəyişmələr – zihaflar nəticəsində
60-dan çox törəmə təfilə yaranır:
Müxtəlif kombinasiyaları nəticəsində
qəliblər yaranır
Yarandığı əsli təfilələrdən asılı olaraq
16 bəhrdə qruplaşdırılır:
Bəhrlər: Təvil, mədid, bəsit, vafir, kamil, həzəc, rəcəz, rəməl, səri, münsərih, xəfif, müzare, müqtəzəb, müctəs, mütəqarib, mütədarik
|
Ritmik yaxınlıqlarına görə 5 dairədə
qruplaşdırılır:
Dairələr: I dairə - təvil, mədid, bəsit; II dairə - vafir, kamil; III dairə -həzəc, rəcəz, rəməl; IV dairə - səri, münsərih, xəfif, müzare, müqtəzəb, müctəs;
V dairə - mütəqarib, mütədarik.
|
Sxem-2
Adətən əruzun ərəb dilindən öz-özünə doğduğunu, yəni ərəblərin xalq yaradıcılığının məhsulu olduğunu de-yirlər. Əslində isə əruz elə bir dəqiq ritmik sistemə ma-likdir ki, heç bir xalqın (o cümlədən ərəblərin) dilində öz-özünə formalaşa bilməzdi. Yəni bu vəzn xalq yaradıcı-lığının məhsulu ola bilməz (bax, 13). Bu gün əruzdan isti-fadə edən xalqlar (ərəblər, farslar və s.) da əruz yaranana qədər xalq yaradıcılığı məhsulu kimi məhz sillabik vəzn-dən istifadə etmişlər. Məsələn, Ərəblər özləri də əruz ya-ranana qədər sillabik xarakterli “rəcəz” şeir formasından (bax, 54 və 13) istifadə ediblər və bu forma üzərində şüurlu fəaliyyət nəticəsində əruzu yaradıblar. Belə olan halda heca vəzninə necə yalnız türk dilinə məxsus və əruzdan mənşəcə tamamı ilə fərqlənən bir vəzn kimi baxmaq olar?
Əruz vəzni haqqında yanlış təsəvvür yaradan (hətta əksər filoloqlarda) əsas amillərdən biri əruzun guya heca vəznindən fərqli olaraq misralarda heca sayının bərabərliyinə əsaslanmadığı fikrinin irəli sürülməsi-dir. Yuxarıda istinad etdiyimiz kitabımızda toxunduğumuz bu problemə yenə və daha ətraflı toxunmağı lazım bilirik. Çünki, kiminsə nə vaxtsa belə yanlış fikri irəli sürməsi və əruzu yaxşı bilməyən şəxslərin kor-koranə bu fikri dönə-dönə təkrarlaması demək olar ki, şeirşünaslığı-mızın yanlış bir istiqamətdə inkişaf meylinə səbəb olmuşdur. Bu fikri inanan şəxslər əruzla heca vəznini mənşəcə tamamı ilə biri-birindən ayırırlar və elə güman edirlər ki, əruz mənşə etibarı ilə ərəb dilinin, heca vəzni isə türk dilinin təbiətindən doğmuşdur. Başqa sözlə, heca vəzni türk dilindən necə doğmuşdursa, əruz vəzni də ərəb dilindən elə doğmuşdur. (halbuki, yuxarıda da qeyd etdiyimiz kimi ərəblər özləri də əruz yaranana qədər sillabik vəzndən istifadə ediblər və bu vəzn üzərində əruzu yaradıblar). Və hesab edirlər ki, heca vəzninin misralarda heca sayının bərabərliyi prinsipi türk dilindən doğan və heca vəzninə məxsus müstəsna xüsusiyyətidir ki, əruz vəznində yoxdur. Əslində isə, əruz vəznində də misralarda sırf səsləniş baxımından heca sayları bərabər olur (bəzi hallar istisnadır, bax 13, s. 19-20), bunu inkar etmək olmaz. Və bu vəzn heca vəznindən əsasən əlavə bir şərtlə – uzun və qısa hecaların dəyişməz ardıcıllığı ilə fərqlənir. Burada sabit, dəqiq, ahəngdar ritm yarandığın-dan yeni, heca vəznindəkindən fərqli bölgülənmə forma-ları meydana çıxır və sözlərin bölgülərdə parçalanması həmişə normal səslənir. Yəni əruza əslində heca vəzninin xüsusi halı kimi də baxmaq olar. Bu baxımdan əruz əslində yalnız metrik yox, sillabik-metrik vəzndir.
Bəs əruzda misralarda heca saylarının bərabər olmaması fikri haradan qaynaqlanır? Bu yanlış fikir onun-la əlaqədar meydana çıxmışdır ki, ərəb müəllifləri şeirə hecalar və onların səslənişi baxımından yox, ərəb qrafi-kasındakı hərflərin sayı və xüsusiyyəti baxımından ya-naşmışlar. Problemin kökü burdadır. Ərəb dilində də əruz şeirinin səslənməsindən açıq-aşkar heca saylarının bəra-bərliyini müşahidə edə bilərik.
Bütün bu yanlış baxışlar əruzvəznli türk poeziya-sının inkişaf tarixinin də düzgün qiymətləndirilməməsinə səbəb olmuşdur. Guya əruz vəzninin türk dilinə tətbiq olunması ərəb və fars dilləri ilə müqayisədə həddən artıq çətin və problemli olmuş, şairləri bu həmişə narahat etmişdir. Əsas və demək olar ki, yeganə problem kimi isə türk sözlərində saitlərin süni uzadılması göstərilir. Əslində isə şeirdə əruzun tələbi ilə saitlərin süni uzadılması (“imalə”) klassik poeziyamızda nəinki böyük problem hesab edilməmiş, hətta bir ənənəyə çevrilmişdir. Belə uzanmalara ərəb və fars şeirində də rast gəlinir. Bunu böyük bir problemə, faciəyə çevirmək lazım deyil. Bu hal hətta heca vəznində də (bax, səh. 39-40), musiqimizdə də baş verir. Özü də türk şeirində bu uzanmalar əsasən uzun hecaları daha çox olan əruz qəliblərindən istifadədə baş verir. Halbuki, əruzda uzun və qısa hecaların balans təşkil etdiyi və hətta qısa hecaların daha çox olduğu qəliblər də var. Yəni əruz uzun hecaların çoxluğu de-mək deyil. Əruzvəznli türk şeirində imalələrə yol verməmək də mümkündür (daha ətraflı məlumat üçün bax, 13, səh. 3-17).
Əgər doğrudan da əruz vəzninin türk dilinə tətbiq olunması həddən artıq çətin və problemli olubsa, bəs son min illik yazılı türk poeziyasının böyük əksəriyyəti əruz vəznində necə yaradılmış, dahi şairlər necə yetişmişdir? Ədəbiyyatşünaslarımız bir az da irəli gedərək son min illik əruzvəznli türk poeziyasını təmiz türk poeziyası yox, “ərəb-fars təsirli poeziya” adlandıraraq bu böyük milli sərvətimizi qiymətdən salırlar. Halbuki əruz yalnız bir poetik vasitədir, nə ərəb, nə də fars dili demək deyil və onun ritmik ünsürləri türk folklorunda da var (bax, yenə ora).
Ən nəhayət, XX əsrin əvvəlindən təmiz türkcədə, imalələrə demək olar ki, yol vermədən əruz şeiri yazmaq ənənəsinin başlanması və çox uğurla davam etdirilməsi əruzun türk dilinə uymaması haqqında irəli sürülən fikir-lərin yanlış olduğunu praktiki olaraq sübut etdi. Təmiz türkcədə əruz yaratma ənənəsi M.Ə.Sabir, A.Səhhət, T.Fikrət, Ə.Vahid, S.Rüstəm, S.Vurğun, M.Seyidzadə, M.Müşfiq, M.Şəhriyar, C.Xəndan, H.Qəni, B.Azəroğlu, B.Vahabzadə, Qabil, H.Mail, B.Pünhan, Ş.Fazil və b. ya-radıcılığında yaranmış və davam etdirilmişdir. Bu gün də bu hərəkatın A.Buzovnalı, İ.Fəhmi, Ə.Qurbanlı və adını bilmədiyimiz onlarla gənc, istedadlı nümayəndələri var. Fikrimizcə, əruzvəznli yaradıcılıqda bu müsbət ənənənin yaranmasının əsas səbəbi XX əsrdə məhz təmiz ədəbi dilimizin formalaşması və bu dildə kütləvi tədrisin aparıl-ması olmuşdur. Artıq təmiz ədəbi dilimizin təsiri altında formalaşmış şairlərimiz istəsələr də əruz vəznində yaz-dıqları şeirləri yad leksik və fonetik ünsürlərlə yaza bil-məzlər və ya bu onlar üçün daha çətin olar.
Azərbaycan əruzunun sadələşdirilmiş qəliblərinin siyahısı
Bu siyahıda əvvəlki kitabımızdakı (13) siyahı ilə mü-qayisədə bəzi qəliblərin bölgülənmə variantlarında əlavə-lər var. Həmçinin istifadəsi yeni aşkar edilmiş səri-3 və həzəc-19 qəlibləri siyahıya əlavə edilmişdir. Beləliklə qə-liblərin sayı artıq 78-yə çatmışdır. Digər fərqli cəhət on-dan ibarətdir ki, bu siyahıda qəliblərin X.İ.Əhməd təfilələri ilə ifadəsi verilməmişdir.
Həzəc bəhri
1. Dadah-dahdah dadah-dahdah dadah-dahdah dadah-dahdah
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər
İ. Həsənoğlu
2. Dadah-dahdah dadah-dahdah dadahdah
Cənabından səva yoxdur gümanı
X. B. Natəvan
3. Dadah-dahdah dadah-dahdah
Yıxılmış gördüyun dövran
S.Vurğun
4. Dadah-dahdah dadahdah dadah-dahdah dadahdah
Dəva dərdimə qılma ki, dərdin xoş davadır
Q. Ə. Bürhanəddin
5. Dadah-dahdah dadahdah
Könül hicrində qandır
C. Rəmzi
6. Dadah-dadah dadah-dadah dadah-dadah dadah-dadah
Payız çağında hər səhər soyuq-soyuq külək əsər
A. Səhhət
7. Dadah-dadah dadah-dadah
Baharın özgə hüsnü var
Ə. Cəmil
8. Dah-dahda dadah-dahda dadah-dahda dadahdah
Daha ahəngdar bölgülənmə ilə:
Dah dahda-dadah dahda-dadah dahda-dadahdah
Aydanmı, Günəşdənmi yarandın, de, nədənsən?
S. Vurğun
9. Dah-dahda dadah-dahdah dah-dahda dadah-dahdah
Daha ahəngdar bölgülənmə ilə:
Dah dahda-dadah dahdah dah dahda-dadah dahdah
Heç şəm ilə ram olmaz pərvanələriz bizlər
Qövsi Təbrizi
10. Dah-dahda dadah-dahdah
Daha ahəngdar bölgülənmə ilə:
Dah dahda-dadah dahdah
Alqış sənə, ey zəhmət
A. Şaiq
11. Dah-dahda dadah-dadah da-dahdah
Daha ahəngdar bölgülənmə ilə:
Dah dahda-dadah dadah-dadahdah
Məcnun deyə tən edir xəlayiq
M. Füzuli
12. Dah-dah-dah dah-dadah dadahdah
Daha ahəngdar bölgülənmə ilə:
Dahdah-dahdah dadah-dadahdah
Qurbandır hər şeyim vətənçün
Şərti
13. Dah-dahda dadah-dahda dadahdah
Daha ahəngdar bölgülənmə ilə:
Dah dahda-dadah dahda-dadahdah
Neft olmasa işlərmi zavodlar
M. Müşfiq
14. Dah-dahda dadah-dahdah dah-dahda dadah
Daha ahəngdar bölgülənmə ilə:
Dah dahda-dadah dahdah dah dahda-dadah
Sövda ilə əqlimdir bir tac ilə sər
Q. Bürhanəddin
15. Dah-dahda da-dahdah
Və ya:
Dah dahda-dadahdah
Dəng oldu qulağım
M. Ə. Sabir
16. Dahdadah dadah-dahdah dahdadah dadah-dahdah
Və ya:
Dahda-dahda dah-dah-dah dahda-dahda dah-dah-dah
Söylədi gəlim qoy bir şurə mən də bülbül tək
Ə. Raci
17. Dah-dahda dadah-dahda dadah-dahda dadah
Daha ahəngdar bölgülənmə ilə:
Dah dahda-dadah dahda-dadah dahda-dadah
Zahid yüyürür məscidə əcr almaq üçün
M. Ə. Sabir
18. Dah-dahda dadah-dadah dadah-dahda dadah
Daha ahəngdar bölgülənmə ilə:
Dah dahda-dadah dadah-dadah dahda-dadah
Jurnal, qəzetə çıxır ki, millət oxusun
M. Ə. Sabir
19. Dah-dahda dadah-dahda dadah-dahda dadah-dahdah
Daha ahəngdar bölgülənmə ilə:
Dah dahda-dadah dahda-dadah dahda-dadah dahdah
Çох güldürəcəksənmi, gülüm, üstümə düşmanı?
Ə. Qurbanlı
Rəməl bəhri
1. Dahda-dahdah dahda-dahdah dahda-dahdah dahda-dahdah
Daha ahəngdar bölgülənmə ilə:
Dah-dadah dahdah-dadah dahdah-dadah dahdah-dadahdah
Və ya:
Dah-dadah dahdah-dadahdah dah-dadah dahdah-dadahdah
Şövqi-vüslət əldən aldı taqətü səbrü qərarın
M. H. Səhhaf
2. Dahda-dahdah dahda-dahdah dahda-dahdah dah-dadah
Daha ahəngdar bölgülənmə ilə:
Dahdadah dahdah-dadah dahdah-dadah dahdah-dadah
Sevgidir, yalnız məhəbbətdir həyatın gövhəri
Ə. Vahid
3. Dahda-dahdah dahda-dahdah dahdadah
Daha ahəngdar bölgülənmə ilə:
Dahdadah dahdah-dadah dahdah-dadah
Ey üzü gül, ləbləri mərcanımız
İ. Nəsimi
4. Dahda-dahdah dahda-dahdah
Daha ahəngdar bölgülənmə ilə:
Dahdadah dahdah-dadahdah
Gündə bir baş, gündə bir qan
Ü. Hacıbəyli
5. Dada-dahdah dada-dahdah dada-dahdah dada-dahdah
Daha ahəngdar bölgülənmə ilə:
Dadadah dahda-dadah dahda-dadah dahda-dadahdah
Və ya:
Dadadah dahda-dadahdah dadadah dahda-dadahdah
Sinə gərdim yağıya əzm ilə son hərbə girişdin
S. Rüstəm
6. Dada-dahdah dada-dahdah dada-dahdah dadadah
Daha ahəngdar bölgülənmə ilə:
Dadadah dahda-dadah dahda-dadah dahda-dadah
Daş ürəklərdə yanıb daşları sındırdı muğam
B. Vahabzadə
7. Dada-dahdah dada-dahdah dada-dahdah
Daha ahəngdar bölgülənmə ilə:
Dadadah dahda-dadah dahda-dadahdah
Bir ölümlə ayı mən göydə qapardım
F. Qoca
8. Dada-dahdah dada-dahdah dadadah
Daha ahəngdar bölgülənmə ilə:
Dadadah dahda-dadah dahda-dadah
Çevirib laylaya “can” kəlməsini
M . Dilbazi
9. Dada-dahdah dada-dahdah
Daha ahəngdar bölgülənmə ilə:
Dadadah dahda-dadahdah
Səni alqışlayır ümmət
Ə. Nəzmi
10. Dada-dahdah dadadah
Daha ahəngdar bölgülənmə ilə:
Dadadah dahda-dadah
Sənə coşmaq yaraşır
S. Rüstəm
11. Dada-dahda dahda-dahdah dada-dahda dahda-dahdah
Daha ahəngdar bölgülənmə ilə:
Dadadah dadah-dadahdah dadadah dadah-dadahdah
Nə üzüqaralıq etdim, mənə bu cəfa neçindir?
S. Ə. Şirvani
12. Dada-dahda dahda-dahdah
Daha ahəngdar bölgülənmə ilə:
Dadadah dadah-dadahdah
Vuracaq düz ortasından
B. Pünhan
13. Dada-dahda dahdadah
Daha ahəngdar bölgülənmə ilə:
Dadadah dadah-dadah
Bu nə novbahardır
M. Ə. Ləli
Mütədarik bəhri
1. Dahdadah dadah dahdadah dadah
Daha ahəngdar bölgülənmə ilə:
Dahda-dahdadah dahda-dahdadah
Səndən əl çəkib kəsməm ülfəti
M. Ə. Ləli
2. Dahdadah dahdadah dahdadah dah
Elm ilə əqli təkmil edək biz
Rza Zəki
3. Dahdadah dahdadah dahdadah dadah
Gövhərim, kövsərim, sağərim gözəl
C. Rəmzi
4. Dahdadah dadah
Daha ahəngdar bölgülənmə ilə:
Dahda-dahdadah
Olmur olmasın
Ə. Nəzmi
5. Dahdadah dahdadah dadah dadah
Tapmadım, tapmadım macal, macal
H. M. Şükuhi
6. Dahdadah dadah dahdadah dadah dahdadah dadah
Daha ahəngdar bölgülənmə ilə:
Dahda-dahdadah dahda-dahdadah dahda-dahdadah
Gül camalına düşsə toz əgər, qan olar könül
M. Ə. Ləli
7. Dahdadah dadah dahdadah dadah dahdadah dadah dahdadah dadah
Daha ahəngdar bölgülənmə ilə:
Dahda-dahdadah dahda-dahdadah dahda-dahdadah dahda-dahdadah
Nəqdi-canımı xaki-payinə bəzl edim həmən, ey gülüm, gülüm
Ö. Kəşfi
8. Dadadah dadadah dadadahdah
Sanasan canımın canısan sən
Q. Bürhanəddin
9. Dahdah-dahdah dahdah-dahdah
Rədd olsun bəy, rədd olsun xan
Ü. Hacıbəyli
Rəcəz bəhri
1. Dahdah-dadah dahdah-dadah dahdah-dadah dahdah-dadah
Axır zamanın fitnəsi şol gözləri şəhla imiş
İ. Nəsimi
2. Dahdah-dadah dahdah-dadah
Aşiq olan kamil gərək
Ş. H. Rəncur xanım
3. Dahda-dadah dadah-dadah dahda-dadah dadah-dadah
Məndə sığar iki cahan, mən bu cahana sığmazam
İ. Nəsimi
Dostları ilə paylaş: |