pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)
Təlim fəaliyyəti «təmiz» idrak aktıdır və şagirdlər tərəfindən mövcud təcrübənin mənimsənilməsi sayəsində gerçəkləşir. Öyrənmə fəaliyyəti isə təlim fəaliyyətinin müvəffəqiyyətli təşkilinə və təminatına yönəlmiş fəaliyyətdir.
Təlim şagirdlərin biliklər sistemini mənimsəmələrinə və mənimsənilmiş bilikləri təcrübəyə tətbiq etmək üçün lazım olan vərdiş və bacarıqlara yiyələnmələrinə yönəlmiş məqsədyönlü idrak fəaliyyətidir. S.L.Rubinştenyn yazırdı ki, iki təlim forması mövcuddur. Hər iki təlim növündə insan yeni bilik və bacarıqlara yiyələnir.
Bunlardan biri bilik və bacarıqlara yiyələnməni özünün xüsusi məqsədi kimi təqdim edir. Digəri isə bilik və bacarıqlara yiyələnməni başqa məqsədlərin gerçəkləşməsi üçün istifadə edir. İkinci planda təlim müstəqil fəaliyyət kimi deyil, başqa fəaliyyətə (oyun və əmək fəaliyyəti) daxil olan proses kimi özünü göstərir.
Öyrənməni və ya təlimi son nəticəyə çatdırma, adətən, hər iki üsulla həyata keçirilir; təlim məqsədləri kimi həyata keçirilən hərəkətlər və bu hərəkətlərin yerinə yetirilməsinə yiyələnmə.
Təlim işgüzar planda həyata keçirilən xarici hərəkətlərdən özünün psixoloji məzmununa görə fərqlənir. Birinci halda subyekt hərəkətlərin yerinə yetirilməsi üsullarına, onun sxeminə, ikinci halda isə nəticəyə yönəlir. Qeyd etmək lazımdır ki, tarixi inkişafda toplanmış müəyyən biliklər sisteminə yiyələnmə həm məqsəd, həm də üsul kimi özünü göstərir.
Təlim və inkişafın real gedişində müəyyən biliklər sisteminə yiyələnmə və uşaqlarda qabiliyyətlərin inkişafı baş verir.
Şagirdlərin bütünlüklə təlim fəaliyyətinə qoşulmaları üçün onların qarşısında qoyulan məsələlərin onlar tərəfindən dərk olunması, həm də daxilən qəbul edilməsi, onlar üçün xüsusi məna kəsb etməsi vacibdir.
Ümumiyyətlə, təlim haqqında pedaqoji psixologiyada mövcud olan ənənəvi yanaşmalarda təlimə yalnız biliklərin mənimsənilməsi prosesi kimi yanaşılmır, uşağın dəyişməsi, onun şəxsiyyətinin inkişafı prosesi kimi baxılır.
Həqiqətən insanlıq tərəfindən toplanmış təcrübə və biliklər təlim prosesində dəyişmir, təlim subyektləri dəyişir (şagirdlər). Bu dəyişiklik yalnız bilik, bacarıq və vərdişələrdə əks olunmuş insanın sosial təcrübəsinə toxunmur, həm də şəxsiyyəti, onun tələbat-motivlər sferasını dəyişir, onun münasibətlərinə yenilik gətirir.
S.V.Sarıçıev və İ.N.Loqvinov təlim məqsədlərini ümumi və xüsusi hissələrə bölürlər. Təlimin bütün mərhələlərində ümumi məqsədlər xaricdən verilir. Ümumi məqsədlərin qoyuluşunda şagird birbaşa iştirak edə bilmirsə, xüsusi məqsədlərin qoyuluşunda şagirdlər birbaşa iştirak edə bilir.
Təlim prosesi elə qurulmalıdır ki, nəinki şagirdlər təlim məqsədlərini başa düşsünlər, həm də özləri təlim fəaliyyətinin strukturundan çıxış edib müəyyən yaxın və uzaq məqsədlər qarşıya qoya bilsinlər.