Təlim nəzəriyyələrini diqqət mərkəzinə gətirərəkən ilk növbədə P.Y.Qalperin əqli əməliyyatların formalaşması mərhələlərini qeyd etməyi vacib hesab edirik.
O qeyd edirdi ki, mənimsəmə təfəkkürdə aparılan əməliyyatdır. İrteriorizasiya nəticəsində əqli əməllərin 4 başlıca xarakteristikalarını nəzərdən keçirir: 1) əqli əmələ yiyələnmə səviyyəsi; 2) onu ümumiləşdirmə səviyyəsi; 3) yerinə yetirilən əməliyyatların həcmi, yaxud əməlin ixtisar olunma səviyyəsi; 4) mənimsəmə dərəcəsi. P.Y.Qalperin əqli əmələ yiyələnmənin 4 səviyyəsini ayırd edir: predmeti səviyyəsi (əşyavi) əməli səviyyə (kiçik məktəblilərin hesab öyrənərkən çubuqları saymaları); predmetlərə arxalanmadan şifahi nitq səviyyəsi (həll edilmiş hesab əməli haqda danışmaq); fikirdə əməl. O, hesab edir ki, bu səviyyələr xarici əməlin daxili əməllərə çevrilməsi üçün zəruri fazalardır.
Digər xarakteristikalar – fikri əməliyyatları ümumiləşdirmə, ixtisaretmə və mənimsəmə onun yetkinliyini müəyyənləşdirir. Əməl nə qədər çox ümumiləşmiş, ixtisar olunmuş və işlənmişdirsə, bir o qədər yetkindir.
P.Y.Qalperin tərəfindən işlənilmiş eksperimental proqramlar üzrə iş göstərdi ki, şagirdlər təlim materialını ənənəvi metodlarla təhsil alan şagirdlərə nisbətən daha effektiv və keyfiyyətli mənimsəyirlər. Lakin əqli əməliyyatların mərhələli formalaşdırılması nəzəriyyəsi geniş yayılmadı və məktəbdə praktik olaraq tətbiq olunmadı.
V.V.Davıdovun irəli sürdüyü nəzəri ümumiləşdirmə nəzəriyyəsi. O hesab edirdi ki, əqli əməllərin ümumiləşdirilmiş üsulunun öyrənilməsi iştirakçılarda məzmun xarakterli mücərrədləşdirmə və ümumiləşdirmə ilə bağlıdır, onların nəzəri anlayışları mənimsəmələri ilə əlaqədardır.
V.Davıdovun qənaətincə empirik təfəkkürün səciyyəvi cəhəti ondan ibarətdir ki, o, obyektlərin yalnız zahiri əlaqələrini əks etdirmək və məfhumların daxili mahiyyətinə varmağa qabil deyil. Bu, bizim məişətdə, gündəlik həyatımızda istifadə etdiyimiz təfəkkür tipidir. Ona induktiv əqli nəticə yolu, yəni konkretdən mücərrədə varmaq xasdır. Nəzəri təfəkkür obyektlərin daxili əlaqələrini və onların inkar qanunlarnı əks etdirir. Ona deduktiv əqli nəticə, yəni mücərrəddən konkretə gedən yol xasdır.
Müasir məktəbdə nəzəri təfəkkür bir qayda olaraq, formalaşdırılmır. Məhz bu vəziyyəti V.V.Davıdov düzəltməyi təklif edir. Bunu eksperimental proqramlar vasitəsilə həyata keçirməyi tövsiyə edir.
Eksperimental proqramların digər proqramlardan başlıca fərqi ondan ibarət idi ki, uşaqlar lap əvvəldən bu və ya digər bilik sahəsinə aid anlayışların yaranma qanunları ilə tanış olurdular. Müəllimin rəhbərliyi ilə müəyyən əşyavi əməlləri yerinə yetirərkən iştirakçılar obyektlərin elə müəyyənedici xüsusiyyətlərini aşkar edir və qeydə alırdılar ki, bu sinfə istənilən tapşırığı həll etməyə imkan verirdi. O göstərirdi ki, bu əməllərin yerinə yetirilməsi dörd mərhələdən keçir :
1) Uşaqlar müəllimin təklif etdiyi çalışma ilə tanış olur, ona bələdləşirlər;
2) Verilən tapşırıq növünü həll etməyə xidmət edən mənimsəmə yoluna yiyələnirlər ki, bu da tapşırıqda müəyyənedici əlaqələri aşkar edir;
3) Bu əlaqə (münasibət) hər hansı model şəklində qeydə alınır;
4) Əlaqənin (münasibətin) tapşırığın həllinə aparıb çıxaran şərt və vasitələr aydılaşdırılır.
Bu sistemdə müəllimin təməl metodik vəzifəsi şagirdlərə öyrənilən əlamətin özlərinin kəşf edə biləcəkləriə imkan verən qrammatik materialı öyrətməkdir. Təlimin belə üsulları uşaqların intellektual inkişafını kəskin şəkildə stimullaşdırır. Materialın nəzərə çarpan çətinliyinə baxmayaraq uşaqlar da səhvlərin sayı xeyli aşağı düşür, təlimin effektivliyi isə dəfələrlə artır.
Son dövrlərdə L.V.Zankovun inkişafetdirici təlim prinsipləri də diqqət mərkəzindədir. İnkişafetdirici təlimin ümumi məsələləri aşağıdakıları özündə ehtiva edir.
1.Təlimin yüksək səviyyəli çətinlik prinsipi. Onun gerçəkləşdirilməsi, çətinlik dərəcəsini nəzərə almağı, maneələri aşmağı, öyrənilən hadisələrin qarşılıqı əlaqəsini mənalandırmağı və sistemləşdirməyi gərəkli edir. Bu prinsipin məzmunu təlimdə problem qoyma ilə əlaqələndirilə bilər.
2. Nəzəri biliklərin aparıcı rol oynaması prinsipi. Belə ki, təlim predmetinin daxilindəki və predmetlərarası əlaqələrlə, münasibətlərlə, anlayışlarla işləmək, vərdişlərə yiyələnmə qədər vacibdir.
3. Şagirdlərin öyrəndiklərini dərk etməsi prinsipi.
Bu prinsip refleksiyanın inkişafına, şagirdi öyrənmənin subyekti kimi dərk etməyə yönəldir.
4. Bütün şagirdlərin inkişafına çalışmaq prinsipi.
Bu prinsipə əsasən şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınmalı və təlim bütün şagirdləri inkişaf etdirməlidir.
L.V.Zankovun sisteminin fərqli cəhətləri şagirdlərin ümumi yüksək inkişafına istiqamətlənməsi, təlimin yüksək çətinlikdə aparılması, təlim materialının sürətli tempdə keçilməsi, nəzəri biliklərə verilən payın kəskin çoxalmasından ibartədir. Bu sistem təfəkkürü, emosional sferası inkişaf etdirir, biliklərin ümumi mənasını başa düşmək və üzə çıxartmağı öyrədir. Lakin şagirdlərin fərdi xüsusiyyətlərinə əsasən dərsin məzmununu hər bir müəllim özü işləməlidir.