Тяхмини тявгим тематик план



Yüklə 1,34 Mb.
səhifə7/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

ƏDƏBİYYAT:


        1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 2002

        2. Əliyev B.H., Cabbarov R.V. Təhsildə şəxsiyyət problemi. Bakı: 2008

        3. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri, Bakı, Ozan, 1998, 368 s.

        4. Əliyev B.H. Sosial sifariş və özəl təhsilin bəzi məsələləri. Bakı, 1996

        5. Əliyev B.H., J. Piajenin nəzəriyyəsinin təlim fəaliyyəti üçün əhəmiyyəti. Bakı, 1996

        6. Əliyev B.H. Müəllim-tələbə münasibətlərinin təlim prosesinə təsiri. Bakı, 1998

        7. Əliyev B.H. Şəxsiyyətə yeni baxış nəzəriyyəsi. Bakı, 1999

        8. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2002

        9. Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı, 2001

        10. Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı, Çaşıoğlu, 2003

        11. Vaxramov E. Psixoloqiçeskie konüepsii razvitiə çeloveka: teoriə samoaktualizaüii. M. 2001

        12. Vulğfov B.Z. Ubanov V.D. Osnovı pedaqoqiki. M., 2000

        13. Vıqotskiy L.S. Pedaqoqiçeskaə psixoloqiə. M., 1996

        14. Djeyms U. Besedı s uçiteləm o psixoloqii. M., 1998

        15. Zinçenko V.P. Affekt i intellekt v obrazovanii. M., 1995

        16. Zinçenko V.P. Psixoloqiçeskie osnovı pedaqoqiki. M.: 2002


Mövzu 5. Təlim və psixi inkişaf
Plan:

  1. Təlim və psixi inkişafın başlıca məsələləri

  2. Təlim və irsiyyət

  3. Psixi inkişafın mexanizmiləri

  4. Aparıcı fəaliyyət

Psixi funksiyaların formalaşmasında təlimin rolunu aydınlaşdırmaq üçün onun inkişaf və yetkinləşmə prosesi ilə əlaqəsinin ayırd edilməsi zəruridir. Bu ona görə lazımdır ki, təlimə nə zaman başlanmanın təmin edilməsinin nəzərə alınması, şagirdin nə qədər müvəffəqiyyətli oxumasının yol və vasitələrininseçilməsini və onu gözləyən çətinlikləri müəyyən etmək mümkün olsun.


Təlimin psixoloji qanunauyğunluqlarının öyrənilməsi üçün inkişaf və yetkinləşmə anlayışlarına aydınlıq gətirməyə çalışaq.
Yetkinləşmə ideyasını A.Qezell tərəfindən yaradılmış elmi məktəb irəli sürmüşdür. Həmin nəzəriyyəyə əsasən yetkinləşmə anadangəlmə proses olub optimal inkişafa aparan tendensiyadır. Fiziki böyümə, hərəki və psixi inkişaf müxtəlif yaş mərhələlərindən və müəyyən ardıcıllıqdan keçir. Bu baxımdan A.Qezell yetkinləşməni davranışın mürəkkəbləşməsi və ya inkişaf dinamikası kimi xarakterizə edirdi. A.Qezell tərəfindən müəyyən edilmiş psixi inkişafın ümumi qanunu göstərir ki, daha optimal və yüksək templi psixi inkişaf bir yaşına qədərki dövrdə baş verir. Uşaq böyüdükcə onun inkişafının tempi aşağı düşür və bəzən ləngiyir.
A.Qezell inkişafı bioloji amillər əsasında dayanan orqanizmin yetkinləşməsinin ətraf gerçəkliyə adaptasiyası forması adlandırır. O, hesab edirdi ki, müxtəlif qabiliyyətlərin təzahürü bioloji yetkinləşmə ilə müvafiqdir və müəyyən ardıcıllığa malikdir. Bu müddəanı A.Qezell motor və sensor inkişafa xüsusi olaraq aid edirdi. Onun fikrincə, inkişafın hərəkətverici qüvvələri tərbiyə vasitəsilə deyil, təkamül və təbii amillərin təsiri əsasında baş verir. O yazırdı ki, uşağın qabiliyyətlərinin formalaşması və yetkinləşməsi az və ya çox dərəcədə uzunmüddətli təkamülün nəticəsidir. Bu o deməkdir ki, təlimə o zaman başlamaq olar ki, o zaman uşağın bioloji strukturu – bədən, beyin, daxili orqanlar hazır vəziyyətə gəlsin və ya yetkinləşsin. Bu nəzəriyyənin əsasında belə bir qənaətə gəlmək olur ki, təlim yetkinləşmədən asılı olaraq həyata keçirilməlidir.
Yetkinləşmə–insanın bioloji varlıq kimi onun daxili strukturundan başlamış fiziki, fizioloji, konstitusional əlamətlərin ardıcıl olaraq açılmasıdır. Bu proses bioloji yetkinliyn təzahürü ilə yekunlaşır.
Yetkinləşmə orqanizmin müxtəlif orqanlarında ciddi dəyişilmələrin, o, cümlədən, beyin yarımkürələrində, ağciyərlərdə və ürək-damar sistemində dəyişilmələrin baş verməsi prosesidir. Bununla belə bu prosesə yalnız irsiyyət amili təsir etmir, buraya, həmçinin, qida rejimi, xarici şərait və s. də təsir göstərir.
Yetkinləşmədən fərqli olaraq inkişaf psixi funksiyaların və şəxsiyyətin başqa adamlarla qarşılıqlı təsiri və aparıcı fəaliyyətlə şərtlənmiş dəyişilmə prosesidir. Bununla belə pedaqoji psixologiyada psixi inkişafa təsir göstərən amilləri də ayırd edirlər.
Psixi inkişafa aparan amillər insanın inkişafının aparıcı şərtləridir. Buraya irsiyyət, mühit və fəallıq daxildir.
Bəs görəsən irsiyyət dedikdə nə başa düşülür? İrsi faktorlar və ya genotip psixi inkişafa necə təsir göstərir? Təbii ki, bunları bilmədən uşağın psixi inkişafından danışmaq və tərbiyə üsullarını tətbiq etmək olduqca çətindir:
1. İrsiyyət - orqanizmin özünəməxsus xüsusiyyəti olub, ayrı – ayrı nəsillərdə uyğun maddələr mübadiləsinin və fərdi inkişafın təkrarlanmasıdır. İrsiyyət amili insanın fərdi xüsusiyyətlərində təzahür edir və inkişafın hərəkətverici qüvvəsi kimi çıxş edir.
M.S.Yeqorova və T.N.Maryutina sosial və irsi amilləri qarşılaşdıraraq göstərirlər ki, genotip keçmişi özündə çevrilmiş formada saxlayır. Genotipdə birincisi, insanın tarixi keçmişi haqqında informasiya və fərdi inkişafı haqqında proqramm mövcud olur. Genotipik amillər inkişafı tipikləşdirir, başqa cür deyilsə, görünən genotip proqramın gerçəkləşməsini təmin edir.
Genetiklər göstərir ki, hər bir insan heç bir zaman təkrar olunmayan, unikal genetik obyektdir.

  1. Mühit - insanı əhatə edən və onun yaşamasını təmin edən ictimai,

maddi, mənəvi şəraitdir. Qeyd etmək lazımdır ki, mühit anlayışı olduqca geniş əhatə dairəsinə malikdir. Mühitin insanın inkişafına müxtəlif təsir göstərən fərqli növlərini ayırd edirlər. Buna görə də psixi inkişafa mühit amilinin təsirindən danışarkən mühit anlamı konkretləşdirilməlidir. Mühit amili isə şəxsiyyətin sosial keyfiyyətlərinin formalaşmasının leytomotivi kimi çıxış edir.
Təlim psixi inkişafa təsir göstərən mühit amilləri içərisində ən geniş anlamdır.
Uşağın psixi inkişafına makro (ölkə, etnos, cəmiyyət, dövlət), mezo (region, subkultura, əhalinin tipi) və mikro amillər (ailə, qonşular, həmyaşıdları və s.) mühüm təsir göstərir. Təlim-tərbiyə prosesində bu amillərin təsi dərəcəsi nəzərə alınmalıdır.

  1. Fəallıq - orqanizmin mövcudluğunun və davranışının xüsusi şərtidir.

Fəallıq o zaman təzahür edir ki, orqanizm tərəfindən müəyyən məqsədlə proqramlaşdırılmış davranış bir sıra çətinliklər ilə və onların aradan qaldırılması ilə rastlaşır. Fəallıq prinsipi reaktivliyə qarşı dayanır.
Fəallıq prinsipinə əsasən orqanizmin həyat fəaliyyəti- çətinliklərin aradan qaldırılmasına, reaktivlik prinsipinə görə isə orqanizm öz vəziyyətini mühitlə balanslaşdırır. Fəallıq özünüfəalaşdırmada, müxtəlif reflekslərdə, axtarış fəaliyyətində, ixtiyari hərəkətlərdə, iradi proseslərdə, özünü azadtəyinetmədə gerçəkləşir.
İnsan fəallığı müxtəlif formalarda, məsələn, əmək, təlim və ya oyun formalarında özünü göstərir. Fəaliyyət genetik cəhətdən əvvəlcə praktik fəaliyyət kimi formalaşmış və onun əsasında isə tədricən nəzəri fəaliyyət təşəkkül etmişdir.
Uşağın psixi inkişafında fəaliyyətin rolu A.N.Leontyevin əsərlərində öz əksini tapmışdır. A.N.Leontyev pedaqoji psixologiyaya aparıcı fəaliyyət növünü gətirmiş və onun digər fəaliyyət növlərindən fərqini göstərmişdir. Onun fikrincə, aparıcı fəaliyyət digər fəaliyyətdən, şəxsiyyətin inkişafına təsirinə görə, bir fəaliyyət növünün digərinin yaranmasında hərəkətverici qüvvə olmasına görə və psixi proseslərə təsiri ilə fərqlənir. Bununla belə fəaliyyət həm də insanın şüurunun formalaşmasına hərtərəfli təsir göstərir.
Psixologiyada şüur və fəaliyyətin vəhdəti prinsipini yaradan S.L.Rubinşteyn göstərir ki, fəaliyyət şüurun formalaşmasının əsas amilidir. Yəni, fəaliyyətsiz şüur yoxdur. Həmçinin, fəaliyyətdən danışarkən ünsiyyətdən də danışmaq yerinə düşərdi. Çünki ünsiyyət psixi inkişafa elə fəaliyyət qədər təsir göstərir.
Uşağın psixi inkişafında ünsiyyətin aparıcı rola malik olmasını bir sıra faktlar sübut edir. Onlar aşağıdakılardır:

  • Mauqli-uşaqların öyrənilməsi;

  • Uşaq qospitalizmi effektinin mövcudluğu;

  • Formalaşdırıcı eksperimentlər.

Bu faktlar M.İ.Lisinovun «Ünsiyyətin ontogenezi problemləri» əsərində hərtərəfli təhlil olunmuşdur. Müəllif göstərir ki, uşağın böyüklərlə ünsiyyəti istər motivasiya, istərsə də əməliyyat planında elə fəaliyyətin özüdür.
Psixi inkişafın başlıca mexanizmlərindən danışarkən L.S.Vıqotskinin ideyalarına toxunmamaq olmaz.
O, inkişaf və təlim arasındakı qarşılıqlı əlaqəni araşdırarkən «yaxın inkişaf zonası» ideyasını irəli sürür. Onun qənaətincə, təlim inkişafetdirici də ola bilər. Yəni təlim forma və məzmununa görə uşağın inkişafına uyğun olduqda inkişafetdirici və fəallaşdırıcı olur. Təlim məzmununa görə inkişafdan qabaqda getməlidir. Əks halda o, intellektə heç nə verə bilməz. Bununla belə o, «inkişafın yaxın zonasının» sərhədlərini keçməməlidir. Əgər təlim inkişafın yaxın zonasını keçərsə, uşaq sadəcə olaraq yeni materialı mənimsəyə bilməz.
L.S.Vıqotski formasına görə reaktiv (proqrama əsaslanan), spontan (uşaq bəyəndiyini oxuyur) və spontan-reaktiv (proqram uşağın marağını nəzərə alır) təlim növlərini ayırd edirdi. Bu halda potensial inkişaf səviyyəsi uşağın qabiliyyətlərinə uyğun gəlməlidir.
Pedaqoji ədəbiyyatda psixi inkişafın mexanizmləri içərisində əsas olan bir neçə anlayışı fərqləndirirlər. Uşağın psixi inkişafının mexanizmini başa düşmək üçün bu prosesi özündə ehtiva edən kateqoriyaları ayırd etmək lazımdır. Bunlar aşağıdakılardır:

  1. Uşağın inkişafının sosial situasiyası;

  2. Aparıcı fəaliyyət növü;

  3. İnkişafın böhran dövrləri;

  4. Psixi funksiyaların keyfiyyət dəyişilmələri.

1.Uşağın inkişafının sosial situasiyası. Uşağın inkişafının sosial
situasiyası dedikdə, hər şeydən öncə, uşağın bu və ya digər yaş mərhələsində əhatəsində olduğu sosial gerçəkliklə yaratdığı və onun üçün əhəmiyyətli olan münasibətlər forması nəzərdə tutulur.
İnkişafın sosial situasiyası - mövcud yaş mərhələsi müddətində uşağın inkişafında baş verən bütün dinamik dəyişilmələrin çıxış nöqtəsidir. İnkişafın sosial situasiyası bütünlüklə uşağın inkişafının forma və yollarını, onlar tərəfindən mənimsənilən yeni psixi xüsusiyyətləri və fəaliyyət növünü müəyyənləşdirir. Uşağın həyat tərzi inkişafın sosial situasiyası ilə şərtlənir.
Hər bir yaş dövrü inkişafın özünəməxsus spesifik, təkrarolunmaz sosial
situasiyası ilə səciyyələnmişdir. Sadəcə olaraq inkişafın sosial situasiyasını qiymətləndirməklə biz uşağın inkişafının yaş xüsusiyyətlərini özündə əks etdirən psixi inkişafın qanunauyğunluqlarını müəyyən edə bilərik. Məhz inkişafın sosial situasiyası çərçivəsində bu və ya digər aparıcı fəaliyyət yaranır və inkişaf edir.
2. Aparıcı fəaliyyət - psixi inkişafın hər hansı bir mərhələsində əsas rol
oynayan fəaliyyət növünə deyilir. Müəyyən fəaliyət növü hər hansı yaş dövründə aparıcı olur və şəxsiyyətin inkişafında mühüm əhəmiyyət kəsb edir. Bir yaş mərhələsindən digərinə keçid fəaliyyət növünün dəyişilməsi ilə xarakteriedir. Aparıcı fəaliyyət inkişafın müəyyən mərhələsini səciyyələndirir və onun diaqnostikası üçün vacib meyarlardan biri kimi çıxış edir.
Aparıcı fəaliyyət birdən-birə meydana gəlmir, bu və ya digər sosial sosial situasiya çərçivəsində öz inkişafının ayrı-ayrı mərhələlərinə keçir. Qeyd etmək lazımdır ki, hər bir yaş mərhələsində yeni aparıcı fəaliyyətin meydana gəlməsi özündən əvvəlki mərhələni inkar etmir.
Aparıcı fəaliyyət yeni keyfiyyət dəyişilmələrində özünü göstərir və psixi inkişafın dəyişilməsində təzahür edir.
Psixoloji və pedaqoji mənbələrdə aparıcı fəaliyyətin aşağıdakı növlərini ayırd edirlər:

  • Vasitəsiz emosional ünsiyyət. Bu fəaliyyət növü uşaq anadan olandan

- birinci həftədən bir yaşına qədərki dövrü əhatə edir və çağada böyüklərlə ünsiyyət tələbatı və predmet hərəkətləri formalaşdırır.

  • Əşyavi- manipulyativ fəaliyyət. Bu fəaliyyət növü erkən uşaqlıq

dövrü üçün xarakterikdir və bir yaşdan üç yaşa qədərki dövrü əhatə edir.

  • Oyun fəaliyyəti və ya süjetli-rollu oyunlar. Bu fəaliyyət növü

məktəbəqədərki dövrü əhatə edir və üç yaşdan altı yaşa qədərki dövrdə özünü göstərir.

  • Ünsiyyət fəaliyyəti. Bu fəaliyyət növü əsasən yeniyetməlik yaş

dövrünü (10-14) əhatə edir və təlim, əmək, idman, bədii yaradıcılıq və s. kimi fəaliyyət növlərində daha qabarıq özünü büruzə verir.
Aparıcı fəaliyyət növü çərçivəsində uşağın bütün psixi funksiyalarının inkişafı baş verir və sonda bu dəyişiklik keyfiyyət dəyişilmələrinə gətirib çıxarır.
İnkişaf etməkdə olan psixi funksiyaların potensial imkanları uşaqların böyüklərlə qarşılıqlı münasibətlərində ziddiyyətlərin meydana çıxmasında mənbə rolunu oynayır. Bu ziddiyyətlər yeni psixi imkanların yeni münasibətlər sisteminə uyğun gəlməməsində təzahür edir və köhnə münasibətlərin dəyişilməsini tələb edir. Məhz belə şəraitdə böhran dövrü meydana çıxır.
3. İnkişafın böhran dövrləri. Psixologiyada və pedaqoji psixologiyada bir yaş dövründən digər yaş dövrünə keçid mərhələsinə yaş krizləri və ya yaş böhranları deyilir.
Bu problemi ilk dəfə L.S.Vıqotski qabartmışdır. Pedaqoji psixologiyada müxtəlif yaş krizləri (1 yaş, 3 yaş, 7 yaş, 11-12 yaş) təsvir olunsa da, bunlardan daha çox 3 yaş və 11-12 yaş böhranlarına xüsusi əhəmiyyət verilir.
Yaş böhranlarının iki dövrünə – parapubertat və pubertat dövrünə xüsusi fikir vermək tələb olunur.
Parapubertat (3yaş) və pubertat (11-12) yaş böhranları üçün ümumi cəhət ondan ibarətdir ki, həmin yaş dövrlərində uşağın sosial inkişafı şəraitində köklü dəyişikliklər baş verir. Yəni bu dövrdə uşaqlarla yaşlılar arasında yeni tipli münasibətlər meydana çıxır, bir fəaliyyət növü başqası ilə əvəzlənir. Faktlar göstərir ki, keçid mərhələsində uşaqlara və yeniyetmələrə düzgün istiqamət verdikdə yaş krizləri spesifik əhəmiyyət kəsb etmir.
4. Psixi funksiyaların keyfiyyət dəyişilmələri. Psixi inkişafın keyfiyyət dəyişilmələri dedikdə, iki əsas məqam nəzərdə tutulur. Bunlar aşağıdakılardır:
1. İnkişafın müəyyən mərhələsində ortaya çıxan psixi və sosial dəyişilmələr. Bu dəyişilmələr uşağın şüurunu, onun ətraf gerçəkliyə münasibətini, daxili və xarici aləmə münasibətini inkişafın müəyyən mərhələsində istiqamətləndirir və ya müəyyən edir.
2. Psixi funksiyaların keyfiyyət dəyişilmələri psixi inkişafın müəyyən yaş dövrünə müvafiq gələn dəyişilmələrin ümumiləşməsidir. Bunlar uşaq şəxsiyyətinin və psixi funksiyaların formalaşmasının çıxış nöqtəsi rolunu oynayır.
Hər bir yaş dövrü üçün spesifik və inkişaf prosesi üçün aparıcı olan psixi yeniləşmələr xarakterikdir. L.S.Vıqotskinin fikrincə, psixi yeniləşmələr uşağın inkişafının ayrı-ayrı yaş dövrlərinə bölünməsinin meyarı hesab oluna bilər. Qeyd olunan fikirləri ümumiləşdirərək psixi inkişaf və təlim anlayışına aydınlıq gətirməyə çalışaq.
Psixi inkişaf - psixi proseslərin zamana uyğun qanunauyğun dəyişilməsi olub, kəmiyyət, keyfiyyət və struktur yeniləşmələrində təzahür edir. Məhz psixi yeniləşmələr hər bir yaş dövrünün sona çatdığını göstərir və aparıcı fəaliyyətin və sosial inkişafın nəticəsi kimi özünü təqdim edir.
Məlumdur ki, uşaq məhz böyüklərin köməyi ilə ətraf gerçəkliyi özü üçün kəşf edir, dəyişir və bu fonda təkmilləşir. Bu prosesdə təlim və tərbiyə şəxsiyyətin inkşafı üçün mühüm əhəmiyyət kəsb edir. Bununla belə inkişaf müxtəlif həyat situasiyalarının təsiri ilə dəyişə bilər. Bu danılmaz faktdır. Yetkinləşmə və inkişaf identik anlayışlar deyil, ancaq onlar qarşılıqlı vəhdətdədirlər.
İnkişaf bilavasitə bioloji indikatorlara uyğun gəlir. Yəni uşaq şəxsiyyəti dəyişirmi? O bir mərhələdən digərinə keçirmi? Yeni elementlər əxz edirmi? və s. Məsələn, 5 və 7 yaş dövrləri arasındakı mərhələdə alın payının inkişafında ciddi dəyişilmələr baş verir. Aydındır ki, beynin bu şöbəsi hərəkətlərin və fikrin zaman ardıcılığının planlaşdırılmasında və təşkilində mühüm əhəmiyyət kəsb edir. Bunu əyani şəkildə başa düşmək üçün A.R.Luriyanın eksperimentlərindən nümunə gətirək. Eksperiment zamanı uşaq yaşıl işıq yanarkən əlindəki rezin topu sıxmalı, qırmızı işıq yanarkən isə hərəkəti dayandırmalıdır. Eksperiment göstərdi ki, məktəbəqədər yaşlı uşaqlar bu tapışırığın öhdəsindən gələ bilmədilər. Onlar işığın rənginə fikir vermədən işıq yanana kimi əllərindəki topu sıxmağa başlayırdılar. Verbal təlimat uşaqlar tərəfindən dərk olunsa da istənilən nətiəcəni vermədi. Kiçik məktəblilər isə bu tapşırığın öhdəsindən müvəffəqiyyətlə gəldilər.
Bu fenomendən 3 yaş mərhələsində olan uşaqlar nitqdən öz davranışlarını idarə etmək üçün istifadə edirlər. Bu onların ləngimə və fəallaşma prosesini müvəfəqiyyətlə idarə etmələrinə imkan verir.
Böyüklər tərəfindən erkən stimulyasiya da uşaqlarda inkişafa ciddi təsir göstərir. Məsələn, 1972-ci ildə Tokioda keçirlən XX psixoloji konqresdə «danışığa qədər öyrənmə» adlı məruzə edilmişdir. Orada göstərilirdi ki, bir yaşından başlayaraq uşaqlara əlifbanın hərflərini müfaviq səslə dəfələrlə təqdim etmişdilər. Bundan əlavə böyük hərflər uşaqların çarpayısının başından asılmışdı. Belə öyrənmə nəticəsində onlar sözlərin mənasına və tələffüzə malik olduqdan sonra sözləri birbaşa oxumağa başladılar. Bu onu göstərir ki, öyrənməni hətta nitqəqədərki mərhələdə də həyata keçirmək olar.
Təlim, inkişaf və yetkinləşmə probleminə həsr olunmuş yanaşmaların təhlili göstərir ki, burada birmənalı fikrə gəlmək çətindir. Bəziləri bioloji amilləri, bəziləri isə sosial amiləri və müəllimin rolunu yüksək qiymətləndirlər. Psixoloqlar təsdiq edirlər ki, bioloji əlamətlər şəxsiyyət tərəfindən qazanılan struktura daxil olur. L.İ.Bojoviçə görə yeni psixi keyfiyyətlər köhnələrin yeni­dən təşkili yolu ilə meydana çıxır. Bunula belə tədqiqatçıların bioloji və sosial olan cəhətlərin üstünlüyünə görə fikirləri haçalanır. Onların fikrincə «alma öz budağından kənara düşməz», «pis şagird yoxdur, pis müəllim var» və s.
Ümumiyyətlə, bu problemin həlli yolları çətin olsa da L.S.Vıqotski bu problemin həll olunmasında üç istiqaməti göstərir. Bunlar aşağıdakılardır:
1. İnkişaf və təlim müstəqil proseslərdir. Uşağın inkişafı təbiət qanunlarına tabedir. Bu nöqteyi-nəzərə görə inkişaf öz oxu istiqamətində gedir və təlimin köməyi olmadan optimal səviyyəyə çatır. Buradan belə çıxır ki, heç zaman öyrənməyən uşaqların intellektual imkanları məktəbdə oxuyan və təlim alan uşaqların səviyyəsi ilə eynidir. Bəzi hallarda isə bu iki proses arasında asılılıq olduğunu güman edirlər. İnkişaf imkan yaradır, təlim isə onu gerçəkləşdirir. Lakin bir faktı unutmaq olmaz ki, inkişaf müəyyən mərhələyə çatmasa təlim onu gerçəkləşdirə bilməz.
2. Təlim və inkişaf vəhdətdədir. Onlar arasındakı fərqli cəhətlərə baxılmır. Uşaq nə qədər öyrədilibsə, o bir o qədər də inkişaf edib. Təlim elə inkişafın özüdür. İnkişaf elə təlimdir.
3. Təlim nəinki inkişafın arxasınca gedə bilər, həm də onu qabaqlaya bilər. Yəni təlim inkişafı öz arxasınca aparıb yeni psixoloji funksiyaların inkişafını şərtləndirə bilər.
Bütün bunlar göstərir ki, öyrənmə və təlimi düzgün təşkil etmək üçün onun şəxsiyyətdə hansı dəyişikliklər yaratdığını anlamaq və elementlərə sistemli yanaşmaq lazımdır.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin