Maddə 328. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma
328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-
on manat məbləğində cərimə edilir.
328.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-
əlli manat məbləğində cərimə edilir.
328.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə-
yüz əlli manat məbləğində cərimə edilir.
328.4. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə-
iki yüz əlli manat məbləğində cərimə edilir.
Maddə 329. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması
329.1. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -
qırx manat məbləğində cərimə edilir.
329.2. Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə -
qırx manat məbləğində cərimə edilir.
329.3. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-
otuz manat məbləğində cərimə edilir.
Qeyd: Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş bu Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanın gün ərzində təkrar törədilməsinə görə şəxs bu Məcəllənin 122 və 123-cü maddələrində müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu, həmin xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərək xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunması hallarını istisna etmir.[22]
Dostları ilə paylaş: |