İnformasiya sisteminin profilinin formalaşdırılma prinsipləri
İnformasiya sisteminin profilindən istifadə edilməsi aşağıdakı məsələlərin həllinə kömək edir:
layihənin zəhmətinin azaldılması;
İS-in komponentlərinin keyfiyyətinin artırılması;
sistemin genişləndirilməsinin və miqyaslaşdırılmasının təmini;
əvvəllər ayrılıqda həll olunan məsələlərin informasiya sistemi ilə funksional inteqrasiyasının təmin edilməsi;
tətbiqi proqram təminatının daşına bilməsinin təmini.
Bu məsələlərdən hansıların daha üstün olmasına görə profilin formalaşdırılması üçün standartlar və sənədlər seçilir.
İnformasiya sistemlərinin profillərindən istifadə olunmasının aktuallığı informasiya texnologiyalarının standartlaşdırılmasının aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunan müasir vəziyyəti ilə təyin edilir:
mürəkkəb informasiya sistemlərinin hazırlanmasına və tətbiqinə qoyulan tələbləri tam və eyni ölçüdə təmin edə bilməyən çoxlu sayda beynəlxalq və milli standartların mövcudluğu;
beynəlxalq və milli standartların hazırlanmasının, razılaşdırılmasının və təsdiqinin uzun vaxt tələb etməsi onların müəyyən dərəcədə köhnəlməsinə və müasir informasiya texnologiyalarından geri qalmasına səbəb olur;
funksional standartlarla yalnız ən sadə obyektlər və atil, kütləvi proseslər: telekommunikasiya, proqramlaşdırma, sənədləşdirmə və s. dəstəklənir və reqlamentləşdirilir. Daha mürəkkəb və yaradıcılıq tələb edən böyük miqyaslı paylanmış informasiya sistemlərinin yaradılması və inkişafı- sistemli təhlil və layihələndirmə, komponentlərin və sistemlərin inteqrasiyası, sınaqdan keçirilməsi və sertifikasiya- formallaşdırmanın və unifikasiyanın çətinliyindən standartlaşdırmanın tələbləri və tövsiyyələri ilə dəstəklənə bilmir.
normativ və metodik sənədlərin təkmilləşdirilməsi və razılaşdırılması bir sıra hallarda onların əsasında milli və beynəlxalq standartların yaradılmasına imkan verir.
Açıq sistemlərin mühitinin etalon modeli (OSE/RM) hər bir informasiya sistemini iki hissəyə ayırır: tətbiqi hissə (tətbiqi proqramlar və proqram kompleksləri) və həmin tətbiqin fəaliyyət göstərdiyi mühit. Tətbiqi hissə ilə mühit arasında əlaqələr istənilən açıq sistemin profillərinin vacib hissəsi olan standartlaşdırılmış interfeyslə (Application Proqram Interface (API)) vasitəsilə yaradılır. Bundan əlavə, profillərdən fuksional hissələrin bir-biri ilə qarşılıqlı əlaqələrinin və mühitin komponentlərinin bir-biri ilə qarşılıqlı əlaqələrinin unifikasiya edilmiş interfeysləri təyin oluna bilər. Yerinə yetirilən fuksiyaların və qarşılıqlı əlaqə interfeyslərinin spesifikasiyaları sistemin komponentlərinin profilləri kimi tərtib edilə bilər. Beləliklə, iyerarxik strukturlu informasiya sisteminin profilləri aşağıdakılardan ibarət ola bilər:
sistemin yerinə yetirdiyi funksiyaların standartlaşdırılmış formada təsviri;
sistemin xarici mühitlə qarşılıqlı əlaqələrini ifadə edən funksiyalar;
-informasiya sisteminin tətbiqi hissəsi ilə mühit arasında standartlaşdırılmış interfeyslər;
-sistemə daxil olan ayrı–ayrı komponentlərin profilləri;
Konkret profilin səmərəli istifadəsi üçün aşağıdakılar tələb olunur:
Bir və ya bir neçə təşkilat üçün ümumi olan standartların tətbiqini təmin etmək məqsədilə bir-biri ilə məntiqi əlaqələrlə bağlı olan problem-yönlü sahələrin seçilməsi.
Profilə daxil edilməli olan standartların və normativ sənədlərin , onların istifadə variantlarının və parametrlərinin təyin edilməsi.
Yeni standartların və ya normativ sənədələrin yaradılması tələb olunan konkret profilin sahəsinin rəsmi surətdə müəyyənləşdirilməsi və həmin standartlarda və ya normativ sənədlərdə vacib olan xarakteristikaların təyin edilməsi.
Kateqoriyasına uyğun olaraq standartları, normativ sənədlərin müxtəlif variantlarını və profillə bilavasitə əlaqəli olan əlavə parametrləri əks etdirən profilin formalaşdırılması.
Profilin nəşr etdirilməsi və onun gələcəkdə yayılması üçün formal instansiyalardan keçirilməsi .
Profillərdən istifadə edilməsi zamanı onların tətbiqinin düzgünlüyünün yoxlanmasını təmin edən testlənmə, sınaq və sertifikasiya prosesləri vacib əhəmiyyət daşıyır. Bunun üçün profilin tətbiqi prosesində nəzarət və testləmə texnologiyasının işlənib hazırlanması tələb olunur. Həmin texnologiya metodikalardan, istrumental vasitələrdən, layihənin hər bir mərhələsində tərtib olunan sənədlərin tərkibi və məzmunundan ibarət toplu ilə dəstəklənir.
Profillərdən istifadə edilməsi layihələndirilən informasiya sisteminin komponentlərinin keyfiyyətini və qarşılıqlı əlaqələrini yoxlayan testlərin hazırlanmasında unifikasiyaya imkan yaradır.
Dostları ilə paylaş: |