Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem



Yüklə 1,51 Mb.
səhifə72/78
tarix02.01.2022
ölçüsü1,51 Mb.
#44315
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   78
C fakepathMühazir

MühazirƏ 12


SƏNƏDLİ İNFORMASİYA SİSTEMLƏRİ

Praktikada bir çox hallarda isə informasiya strukturlaşdırılmış verilənlər massivləri şəklində deyil, təbii dildə ifadə olunmuş müxtəlif sənədlər şəklində (monoqrafiyalar, dərsliklər, məqalələr, dövri nəşrlər, normativ və hüquqi sənədlər, arxiv sənədləri və s.) ifadə olunur. Sənədli və ya tammətnli informasiya bazaları ilə işləmək üçün informasiya sistemlərinin digər sinifindən-sənədli informasiya sistemlərindən istifadə olunur.



Sənədli və ya sənəd-yönlü informasiya sistemi sənədlərin saxlanması, axtarışı və emalını avtomatlaşdırmaq üçün nəzərdə tutulan və texniki, proqram, linqivistik və təşkilati vasitələrdən ibarət olan mürəkkəb kompleksdir. Sənədli informasiya sistemlərinin tipik nümayəndəsi informasiya-axtarış sistemləridir.

İnformasiya - axtarış sistemi (İAS) təbii dildə sənədlərin toplanmasını, saxlanmasını və müxtəlif kriterilərə görə axtarışını təmin edir. Bu cür sistemlərdən həm müəssisə (korporasiya) səviyyəsində, həm də INTERNET şəbəkəsində müxtəlif tip sənədlərin toplanması, sistemləşdirilməsi və axtarışı ücün istifadə edilir.

Sənədli informasiya sistemləri, o cümlədən informasiya-axtarış sistemləri tarixən faktoqrafik sistemlərə nəzərən daha erkən yaranmışlar. Bunun səbəbini dəqiq demək çətindir. Çox güman ki, burada strukturlaşdırılmış verilənlərin təsviri üçün modellərin nisbətən gec formalaşdırılması müəyyən rol oynamışdır. İnformasiya -axtarış sistemi girişdə mətn formasında verilən və semantik(məna) strukturu daha mürəkkəb olan informasiya (sənədlər) ilə işləyir. Odur ki, İAS-ın verilənlər bazasına informasiya və ya sənədlər bazası demək daha düzgün olardı.

İstənilən İAS-ın əsas funksiyası sorğulara verilən cavablar əsasında istifadəçiləri informasiya ilə təmin etməkdən ibarətdir. Tələb olunan informasiyanın tapılıb istifadəçilərə çatdırılması sistemin yerinə yetirdiyi və informasiya axtarışı adlanan əsas əməliyyat vasitəsilə həyata keçirilir.

İnformasiya axtarışı istifadəçinin sorğusuna uyğun cavabları özündə əks etdirən sənədlərin və ya həmin sənədlərin göstəricilərinin tapılması prosedurundan ibarətdir[54]. Faktoqrafik informasiya sistemlərində istifadəçinin sorğusuna cavab kimi konkret faktlar (verilənlər) təqdim edilir, sənədli sistemlərdə isə informasiya axtarışı nəticəsində istifadəçiyə onun sorğusuna uyğun sənədlər verilir. Bəzən istifadəçiyə sənədlərin özü yox, onların göstəriciləri (saxlandıqları yer və ya şəbəkə ünvanı (URL)) təqdim edilir.

Sistemdə informasiya axtarışı istifadəçinin informasiyaya olan tələblərini ödəmək üçün verdiyi sorğu əsasında aparılır. İnsanın praktiki fəaliyyəti prosesində müəyyən informasiyaya olan ehtiyacı informasiya tələbatı adlanır. Alınan informasiyanın işlənməsi nəticəsində insanların informasiya təlabatı formaca və məzmunca daima dəyişir. Odur ki, informasiya təlabatını birmənalı ifadə və təsvir etmək mümkün deyil. Lakin informasiya təlabatı xüsusi hallar üçün və müəyyən vaxt anları ərzində ifadə oluna bilər. Müəyyən vaxt müddəti ərzində bu cür xüsusi hallar üçün təbii dildə ifadə olunmuş informasiya təlabatı istifadəçi tərəfindən sistemə verilən informasiya sorğusu vasitəsilə ödənilir. İnformasiya sorğusu düzgün tərtib edilməlidir, əks halda o istifadəçinin həqiqi informasiya təlabatını dəqiq ifadə etməyə bilər. İnformasiya axtarışı zamanı istifadəçinin həqiqi informasiya təlabatına deyilir, yalnız informasiya sorğusuna baxılır. Odur ki, sistemin göstəricilərinə təkcə informasiya təlabatına görə yox, həm də informasiya sorğusuna nəzərən baxılır.

Bu münasibətlərin ifadə edilməsi üçün informasiya-axtarış sistemlərinin nəzəriyyəsinə iki fundamental anlayış daxil edilmişdir: pertinentlik və relevantlıq. Pertinentlik dedikdə sənədin məzmununun istifadəçinin informasiya təlabatına uyğunluğu başa düşülür. İnformasiya təlabatını ödəyən sənədlərə pertinent sənədlər deyilir. Relevantlıq sənədin məzmununun informasiya sorğusuna uyğunluğunun göstəricisidir. Sorğuya cavab verən sənədlərə relevant sənədlər deyilir.

İnformasiya axtarışı prosesinin kompüter vasitəsilə avtomatlaşdırılması sənədlərin və informasiya sorğusunun əsas məzmununun formal təsvirini tələb edir. Sənədin məzmununun formal təsviri sənədin axtarış surəti (SAS), sorğunun məzmununun formal təsviri isə sorğu təlimatı (ST) və ya sorğunun axtarış surəti (SOAS) adlanır. Sənədlərin və sorğuların axtarış surətlərinin tərtib edilməsi üçün xüsusi dillərdən istifadə edilir. Həmin dillərə informasiya-axtarış və ya sadəcə informasiya dilləri deyilir.

İnformasiya axtarışı prosesində sənədin axtarış surətini sorğunun axtarış surəti ilə müqayisə etməklə sənədin və sorğunun məzmunlarının uyğunluq dərəcəsi müyyənləşdirilir. Bu cür müqayisə əsasında sənədin sorğuya relevant olub-olmaması təyin edilir.

Baxılan sənədin sorğuya cavab verib-verməməsi haqqında qərar SAS və SOAS arasında məna oxşarlığının dərəcəsini təyin edən müəyyən qaydalar əsasında qəbul edilir. Bu cür qaydalar dəstinə məna oxşarlığının kriterisi (MOK) deyilir. MOK aşkar və ya qeyri-aşkar verilə bilər.

Əslində məna oxşarlığı kriterisi relevantlıq anlayışına deyil, formal relevantlıq anlayışına, yəni SAS ilə SOAS arasında formal uyğunluğa əsaslanır. Sənədin məzmununun informasiya sorğusuna mənaca uyğunluğu, yəni faktiki relevantlıq yalnız insan tərəfindən sənədin və sorğunun araşdırılmasından sonra təyin edilə bilər.


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin