Layihə və onun idarə olunması
İnformasiya sistemi bir layihə kimi yaradılır. Layihənin hazırlanma mərhələləri və idarə olunmasının bir çox xüsusiyyətləri problem sahəsindən və layihənin xarakterindən (texniki, iqtisadi və s.) asılı olmayaraq eyni olur. Layihə anlayışı mürəkkəb olduğundan, onun bütün əlamətlərini əhatə edən tərifini vermək çox çətindir. Lakin başa düşülməsi üçün onun aşağıdakı tərifini məqbul hesab etmək olar.
Layihə dedikdə əvvəlcədən dəqiq təyin olunmuş məqsədlərə çatmaq üçün ayrıca sistemin vaxta, nəticələrə, riskə, sərflərə və təşkilatı struktura qoyulmuş tələblərə cavab verən məqsədyönlü dəyişmələri başa düşülür. Qoyulmuş məqsədlərə nail olduqda layihə bitmiş hesab olunur.
Idarə olunan obyekt kimi layihə aşağıdakı xüsusiyyətlərə malik olur:
-dəyişkənlik: sistemin mövcud vəziyyətdən tələb olunan vəziyyətə məqsədyönlü keçirilməsi;
-son məqsədin məhdudluğu;
-vaxtın məhduduluğu;
-maliyyənin məhduduluğu;
-tələb olunan resursların məhdudluğu;
-layihə reallaşdırılan müəssisə üçün yenilik;
-komplekslik: layihənin nəticələrinə və inkişafına birbaşa və ya dolayısı ilə təsir edən amillərin çoxluğu;
-hüquqi və təşkilatı amillər: layihənin reallaşdırılması ərəfəsində xüsusi təşkilati struktur yaradılır.
Layihənin planlaşdırılmasına və idarə olunmasına baxarkən nəzərə alınmalıdır ki, söhbət dinamiki obyektin idarə olunmasından gedir. Bu baxımdan layihənin idarəetmə sistemi kifayət qədər çevik olmalıdır ki, işçi proqramda qlobal dəyişiliklər aparmadan modifikasiya imkanı olsun. Işin səmərəliliyi resursların paylanmasını, yerinə yetilən işlərin ardıcıllığının koordinasiyasını, daxili və xarici pozuntuların kompensasiyasını təmin edən layihənin reallaşdırılması prosesini idarə etməklə əldə edilir.
Layihənin əsas texniki-iqtisadi göstəricilərinə aşağıdakılar aiddir: işin həcmi, yerinə yetirilmə vaxtı, maya dəyəri, layihənin reallaşdırılmasından əldə olunan iqtisadi səmərəlilik, layihənin sosial və ictimai əhəmiyyəti.
Tipinə görə layihə texniki, təşkilati, iqtisadi, sosial və qarışıq tipli ola bilər.
İnformasiya sistemi aşağıdakı xüsusiyyətlərə malik olan texniki layihə kimi yaradılır:
-layihənin əsas məqsədi dəqiq təyin olunur, ayrı-ayrı məqsədlər isə müəyyən nəticələrin alınma ərəfəsində dəqiqləşdirilir;
-layihənin müddəti və tamamlanma vaxtı əvvəlcədən təyin edilir və onlara əməl edilməsi tələb olunur, lakin alınan aralıq nəticələrdən və layihənin ümumi inkişafından asılı olaraq onlar dəyişdirilə bilər.
Dostları ilə paylaş: |