Vizual proqramlaşdırma
Obyekt-yönlü texnologiyanın tətbiqi vizual proqramlaşdırma adlanan yeni texnologiyanın yaranmasına yol açdı. RAD-ın vizual vasitələri proqram kodu yazmadan mürəkkəb qrafik interfeyslərin qurulmasına imkan verir. Bu zaman icraçı istənilən mərhələdə qəbul edilmiş qərarları müşahidə edə bilər.
Vizual vasitələr verilənlər bazaları ilə asan əlaqələndirilə bilən və monitorun ekranında əks olunan standart interfeys obyektləri- pəncərələr, siyahılar, mətnlər və s.-ilə əməliyyat aparırlar. Digər obyektlər qrupunu standart idarəetmə elementləri-düymələr, çeviricilər, bayraqlar, menyular və s.- təşkil edir. Bu elementlər vasitəsilə əks olunan verilənlər idarə edilir. Bütün bu obyektlər dil vasitələri ilə standart şəkildə təsvir oluna bilər və bu təsvirlər sonradan təkrarən istifadə olunmaq üçün saxlanıla bilər.
Hazırda çoxlu sayda müxtəlif vizual vasitələr mövcuddur. Onlaran hamısını 2 qrupa ayırmaq olar: universal və xüsusiləşdirilmiş.
Universal vizual proqramlaşdırma sistemlərindən ən çox yayılanları Borland Delphi və Vizual Basic sistemləridir. Bu sistemlər ona görə universal adlandırılır ki, onlar təkcə verilənlər bazalarının qurulması üçün deyil, istənilən tətbiqin, o cümlədən, informasiya sistemlərinin hazırlanması üçün istifadə oluna bilərlər. Həmin sistemlərin köməyilə hazırlanmış proqram istənilən VBİS-lə qarşılıqlı əlaqələr yarada bilər. Bu imkan həm də ODBC və ya OLE DB drayverlərindən istifadə olunmaqla, həm də xüsusi vasitələrin (komponentlərin) tətbiqi ilə əldə edilir.
Xüsusiləşdirilmiş vizual vasitələr yalnız verilənlər bazalarının qurulması üçün istifadə olunur. Onlar əksər halda konkret VBİS-lə bağlı olurlar. Bu sistemlərə misal olaraq Sybase firmasının Power Builder, Microsoft firmasının Vizual FoxPro sistemlərini göstərmək olar.
Prototiplərin hazırlanması və istifadəçi interfeysinin qurulması məsələləri birlikdə həll olunduğundan, proqramçı istifadəçilərlə fasiləsiz əks əlaqə yaratmaq imkanına malik olur. Bu da proqrama lazımi düzəlişlər etməyi asanlaşdırır və sistemin yaradılmasına sərf olunan vaxtı azaldır.
RAD-ın vizual vasitələri informasiya sisteminin qurulma mərhələlərini bir-birinə yaxınlaşdırır. Hər bir mərhələdə icraçılar vizual obyektlərlə əməliyyat apardıqlarından, sifarişin təhlili, sistemin layihələndirilməsi, prototiplərin hazırlanması və sistemin tam formalaşdırılması oxşar xarakter daşıyırlar.
Dostları ilə paylaş: |