Temperamentin tipləri. Temperamentin tipləri dedikdə bir-biri ilə qanunauyğun şəkildə bağlı olan və müəyyən insan qrupu üçün ümumilik təşkil edən psixoloji xassələrin cəmi nəzərdə tutulur. Temperamentin 4 əsas tipi vardır:
1.Sanqvinik – (zirək tip)
2.Xolerik – (coşqun tip)
3.Fleqmatik – (sakit tip)
4.Melanxolik – (zəif tip)
1.Sanqvinik tipə məxsus şəxslər olduqca zirək, diribaş olur. Dərsdə bir dəqiqə rahat otura bilmir, daim vəziyyətini dəyişdirir, əlini qaldırır, yoldaşı ilə söhbət edir. Sürətlə yeriyir və tez-tez danışır. Onun marağı, həvəsi çox davamsız və qeyri-sabitdır. Mimikası zəngin və ifadəlidir. Onun əhval-ruhiyyəsini, insanlara münasibətini üzündən oxumaq olar. Təlim fəaliyyəti zamanı maraqlandığı dərslərdə fəallıq göstərir, mövzuları asanlıqla mənimsəyir, maraqlanmadığı dərslərdə isə müəllimə qətiyyən qulaq asmır, öyrənməyə cəhd etmir. Hissləri çox dəyişkəndir, lakin hisslərinə hakim olmağı bacarır. İki alan kimi doluxsunur və özünü güclə saxlayır, lakin yarım saat keçməmiş pis qiymət aldığını tamamilə unudur, tənəffüsdə sevinc və gurultu ilə dəhlizdə qaçır. Çevik və narahat olsa da intizama, yeni şəraitə və tələblərə tez alışır. Risk və məsuliyyətdən qorxmur. Uşaqlarla asanlıqla dil tapıb çoxları ilə dostlaşır. Bu tipli adam ona təsir edən xarici qıcıqlara olduqca həssasdır. Sanqvnik tipə malik olan adamlarda aktivlik və reaktivlik müvazinətdə olur.
2.Xolerik tipə məxsus şəxslər öz çoşqunluğu ilə seçilir. Dərsdə çox vaxt səs salır, kobudluq edir, hətta müəllimin sözünü kəsir. Pərt olduqda və əsəbiləşdikdə tez özündən çıxır, dava salır. Tənəffüs zamanı heç vaxt yerində oturmur, dəhlizdə qaçır, ya da uşaqların biri ilə güləşir. Tez-tez ucadan danışır. Cəld və səliqəsiz yazır, xətti əyri-üyrüdür. Çox ifadəli sifəti vardır. Maraqları sabit və davamlıdır. Mimikası canlı, cəzbedici, nitqi ifadəli, hərəkəti çevik və qətidir. Digər tiplərə nisbətən təhlükələr haqqında az fikirləşir, həmişə cəsarətlə, qətiyyətlə və yüksək səviyyədə hərəkət edir. Çətinlik meydana çıxdıqda özünü itirmir və onu öz gücünə aradan qaldırmağa çalışır. Xolerik tipə malik olan adamlarda reaktivlik onun aktivliyindən üstün olur. Ona görə də hövsələsiz, səbirsiz və tündməcaz olurlar. Onlar ünsiyyət zamanı özlərini ələ ala bilmirlər, məsələlərə kəskin yanaşırlar, səbirsizlik göstərirlər ki, bu da onlarda ünsiyyət çətinliyi yaradır. Bu xüsusiyyətlərinə görə xolerik tipə malik olan adamlar çox vaxt hadisələri obyektiv qiymətləndirə bilmirlər. Fransız yazıçısı Stendal xolerik temperament tipinin parlaq xarakteristikasını vermişdir. O, yazır ki, “alov xolerik temperamentli adamı hərəkətə gətirir, daha çox özünə inam, daimi olmayan fikirlər və hərəkətlər yaradır. O, hər an təhlükə və çətinliyi bütövlükdə dərk edir, özünün mövcudluğundan zövq alır”.
3.Fleqmatik tipə məxsus şəxslər sakit olur. Dərs zamanı parta yoldaşı ondan söz soruşanda çox vaxt cavab vermir. Onu güldürmək, həyəcanlandırmaq və ya hirsləndirmək o qədər də asan deyildir. Fəaliyyət prosesində ölçülü-biçili davranırlar. Qayda-qanuna əməl etməyi, adət etdikləri şəraitdə çalışmağı xoşlayırlar. Ağlayarkən üzünün ifadəsi qətiyyən dəyişmir, yalnız axan göz yaşları onun kədərləndiyini göstərir. Hərəkətləri, yerişi ləng və astadır. Ləng olmaları təlim fəaliyyətində onları çətinliklərlə üzləşdirir. Belə ki, yeni materialı öyrənib yadda saxlamaq üçün dəfələrlə təkrar etməyə ehtiyacları olur. Uşaqlarla çətin dostlaşır. Digər tərəfdən mehriban və istiqanlıdır. Fleqmatik tipə malik olan adamlarda reaktivlik azdır. Səbirli, təmkinli və soyuqqanlıdır, emosional oyanıqlığı zəifdir. Tərbiyə işi düzgün qurulduqda, onlarda işgüzarlıq, dözümlülük, hadisələrdən düzgün nəticə çıxara bilmək keyfiyyəti formalaşır. Münbit olmayan şəraitdə isə tənbəllik, əzginlik kimi mənfi xüsusiyyətlər özünü göstərir. İ.P.Pavlov fleqmatik temperamentli adamları belə səciyyələndirir: “Fleqmatik-sakitdir, həmişə tarazdır, həyatda təkidli, dözümlü və zəhmətkeşdir”.
4.Melanxolik tipə məxsus şəxslər çox sakitdir. Dərsdə həmişə vəziyyətini dəyişmədən oturur. Əhvalı çox cüzi təsirlərdə dəyişir. İfrat dərəcədə həssasdır. Ona kiçik bir nöqsan tutan kimi özünü tez itirir, sıxılır, səsi dəyişir, güclə eşidilir. Öz hisslərini çox zəif ifadə edir. İki alanda üzünün ifadəsini dəyişmədən gedib yerində sakitcə oturur, lakin evdə uzun müddət sakitləşə bilmir. Hərəkətləri süst, zəifdir, ağır-ağır usandırıcı danışır. Melanxolik tipə malik olan adamlar üçün yüksək senzitivlik səciyyəvidir. Bu özünü onun ifrat həssaslılığında, küsəyənliyində göstərir. Bu tipə malik olanlar ünsiyyətə meyl göstərmirlər. Onlar həm də daha çox qapalı, qaraqabaq adam təsiri bağışlayırlar. Hissiyatlı, inciyən, əhvalı tez pozulan, həyatın hər cür hadisələrini kədərlə, narahatlıqla qəbul edən adamları melanxolik adlandırırlar. İ.P.Pavlova görə başqa adamlar arasında ən bədbəxt adam belələridir. Melanxolik tipli adama hər cür güclü təsir ləngidici reaksiya yaradır, bunun fonunda onlarda inciklik, inamsızlıq, özünün tam dəyərli olmaması kimi hisslər inkişaf edir. Melanxolik tipə malik olan adamlar adətən musiqidə, ədəbi yaradıcılıqda, rəssamlıqda daha çox uğur qazanırlar.
Şagirdlərin temperamentini tərbiyə etməyin əsas vəzifəsi, məhz onun müsbət cəhətlərini inkişaf etdirməkdən, mənfi cəhətləri isə tədricən aradan qaldırmaqdan ibarətdir. Buna görə də, müəllim şagirdlərin temperament xüsusiyyətlərini diqqətlə öyrənməli və onları təlim-tərbiyə prosesində nəzərə almalıdır. Temperamentin inkişafında həyat şəraiti də həlledici rol oynayır. Müəllim bunu nəzərə alaraq şagirdin ailə şəraiti, ailə üzvlərinin ona münasibəti, ümumiyyətlə ailə tərbiyəsinin bütün cəhətləri ilə maraqlanmalı, onları temperament tərbiyəsi nöqteyi-nəzərindən qiymətləndirməli və valideynlərə lazımi məsləhətlər verməlidir.
Dostları ilə paylaş: |