1.Oyanma və ləngimənin qüvvəsi. Yəni beyin qabığı hüceyrələrinin iş qabiliyyətini, onların dözümlülüyünü müəyyən edir.
2.Sinir proseslərinin müvazinəti. Yəni oyanma və ləngimə qüvvəsinin tarazlığı.
3.Sinir proseslərinin mütəhərrikliyi. Yəni oyanma və ləngimənin bir-birini əvəz etmə sürəti.
Sinir sisteminin xassələri bir-birilə qarşılıqlı əlaqədardır. Onlar bir-birilə özünəməxsus surətdə uzlaşır və sinir sisteminin tipini müəyyən edir. Pavlov sinir sisteminin dörd tipini müəyyən etmişdir.
1.Zirək tip-qüvvətli, müvazinətli, cəld.
2.Coşqun tip-qüvvətli, müvazinətsiz.
3.Sakit tip-qüvvətli, müvazinətli asta.
4.Zəif tip-zəif.
Pavlov tərəfindən müəyyən edilmiş sinir sisteminin tipləri həm insan, həm də heyvanlar üçün ümumi xarakterə malikdir. Beləliklə, temperamentin fizioloji əsasını sinir sisteminin ümumi tipi təşkil edir.
Sovet psixoloqları B.M.Teplov və V.D.Nebilitsin 50-ci illərin əvvəllərində müvafiq xassələrin fizioloji mənasını aydınlaşdırmaq məqsədilə riyazi metodlardan istifadə etdilər. Onlar sinir sisteminin məlum xassələrini öyrənməklə yanaşı dinamiklik və labillik kimi yeni xassələr müəyyən etdilər. Onların tədqiqatları göstərdi ki, qüvvə, dinamiklik, mütəhərriklik və labillik sinir sisteminin əsas xassələridir.
İnsanlar psixi fəaliyyətin dinamik xarakteristikasına görə bir-birindən fərqlənirlər Gəlin, eyni şəraitdə müxtəlif adamların davranış və rəftarına diqqət yetirək. Tutaq ki, dayanacaqda bir neçə nəfər avtobus gözləyir. Onlardan biri dirəyin yanında sakit dayanıb. Digəri bir yerdə qərar tuta bilmir. Üçüncüsü tez-tez saatına baxır. Avtobus gələndə isə biri qaça-qaça ona yaxınlaşır, bir başqası avtobusa minərkən heç yerişini də pozmur. Yaxud, teatrda tamaşaçılardan biri az qalır uğunub özündən getsin. Başqa birisi də gülür, lakin o, elə gülür ki, heç dodaqları da tərpənmir. Bu xüsusiyyətlər temperament xüsusiyyətləridir. Onlar insanın psixi fəaliyyətini məzmuna görə deyil, dinamik cəhətdən xarakterizə edirlər. Temperamentin aşağıda qeyd edilən xassələrinə xüsusi diqqət yetirirlər:
1.Ümumi aktivlik. Onun mahiyyətini insanın özünü ifadə etmək, xarici aləmi səmərəli surətdə mənimsəmək və dəyişmək meyli təşkil edir. Temp, ritm, sürət, intensivlik, plastiklik, dözümlülük və s. ümumi aktivliyin göstəriciləridir. Ümumi aktivlik müxtəlif temperamentli adamlarda müxtəlif dərəcədə özünü göstərir.
2.Hərəki aktivlik. Bu mahiyyət etibarilə ümumi aktivliyin tərkib hissəsidir. Onda hərəki keyfiyyətlər (xüsusilə nitq-hərəkət) əsas yer tutur. Hərəki aktivlik elə sahədir ki, bütün fərdi çalarları ilə birlikdə psixi halların daxili dinamikası onun köməyi ilə aktuallaşır. Hərəki aktivliyi əzələ hərəkətinin tezlik, qüvvə, kəskinlik, ritm və s. əlamətləri ilə xarakterizə edirlər.
3.Emosionallıq. İnsanın affekt və əhvalları emosionallıqla bağlıdır. Onun əsas cəhətlərini mütəəssirlik, impulsivlik və emosional labillik təşkil edir (təəssüratın əvəz olunması). Məsələn, bir neçə uşaq yıxılıb əlini əzib. Onların hamısı ağlayır. Onların üstünə qışqıranda biri ağlamağını kəsir, digəri daha da bərk ağlayır. Yaxud onlara məzəli əhvalat danışanda biri hərdənbir içini çəkir, digəri uğunub özündən gedir. Biz emosional labillik dedikdə, bu cəhəti başa düşməliyik.
Temperamentin xassələri müxtəlif yaş dövrlərində-məktəbəqədər, kiçik məktəbli, yeniyetməlik, gənclik, eləcə də sonrakı yaş dövrlərində özünəməxsus xüsusiyyətlərlə meydana çıxır. Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almadan onların temperament tipi üçün səciyyəvi olan xassələri düzgün təhlil etmək olmaz.
Dostları ilə paylaş: |