Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Yeniyetmələrin psixoloji xarakteristikası



Yüklə 277,04 Kb.
səhifə158/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   154   155   156   157   158   159   160   161   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

29. Yeniyetmələrin psixoloji xarakteristikası

Plan:

1. Yeniyetməlik dövrünün ümumi səciyyəsi

2. Yeniyetmələrdə cinsi yetişkənlik

3. Yeniyetmənin sinir sistemində baş verən dəyişikliklər

Yeniyetməlik dövrü 10-11 yaşdan 14-15 yaşadək müddətə aid olub, orta məktəbin V-IX sinif şagirdlərini əhatə edir. Lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq mümkün deyildir. Müxtəlif amillərin təsiri altında həmin yaş dövrü bir il tez və ya gec başlaya bilər, yaxud bir il tez və ya gec başa çata bilər. Bu dövr özünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji xüsusiyyətləri ilə nəzər-diqqəti cəlb edir.

Yeniyetməlik dövrünü bir çox müəlliflər keçid dövrü, çətin dövr, dönüş dövrü, hətta böhran dövrü adlandırırlar. Sözsüz bu adlar çoxluğunun yaranması tamamilə təbii xarakter daşıyır. Uşaq öz həyatının bir mərhələsindən digərinə, uşaqlıqdan yaşlılığa keçir. Bu vaxt fiziki və psixi inkişaf həm sürətlə, həm də bütün sahələrdə həyata keçirilməyə başlayır. Əgər IV sinif şagirdi ilə VIII sinif şagirdini müqayisə etsək, görərik ki, bu qısa müddət ərzində uşaq fiziki, əqli, əxlaqi və ictimai-sosial baxımdan nə qədər yaşlanmış olur. Əlbəttə, bu yaşlılaşma hələ əsl və tam xarakter daşımır, onun gələcəkdə inkişafa böyük ehtiyacı olur.

Bəs nə üçün bu dövr yaş psixologiyasında başqa cür deyil, məhz yeniyetməlik dövrü adlanır? Ona görə ki, həmin dövrdə uşaq şəxsiyyətinin inkişafında bir çox yetkinliklər, dəyişkənliklər baş verir ki, onların sayəsində şagirdin təlim və tərbiyəsində, rəftar və davranışında şıltaqlıq, kobudluq, inadkarlıq, tənbəllik, qapalılıq, adamdan qaçmaq və bu kimi keyfiyyətlər meydana gəlir. Bu isə valideynlərin işini lap çətinləşdirir, uşağı cəzalandırmaq qətiyyən səmərə vermir, valideyn uşaqla ümumi dil tapmaqda çətinlik çəkir. Yeniyetmə get-gedə valideynlərindən uzaqlaşır, öz qapalı şəxsi həyatını yaşamağa başlayır. Bu yaş dövrü ən tərəddüdlü, ən böhranlı və ən müvazinətsiz dövrüdür. Yeniyetmə həm valideynlər, həm müəllimlər, həm də özü üçün ən çətin obyektə çevrilir.

Yeniyetməlik dövründə uşağın anatomik-fizioloji və psixi inkişafında nəzərə çarpan ciddi dəyişikliklər baş verir və yetkinliyin cinsi, psixoloji və sosial səviyyəsi özünü göstərir. Yeniyetmənin bir şəxsiyyət kimi formalaşması üçün yetkinliyin cinsi, psixoloji və sosial səviyyəsi vəhdətdə inkişaf etməlidir. İnkişafın bioloji, sosioloji və psixoloji nəzəriyyələri arasında mübahisə bu gün də davam etməkdədir. Amerika psixoloqu Stenli Xoll və Avstriya psixiatrı Ziqmund Freydə görə yeniyetməlik yaşı bioloji amillərlə, o cümlədən cinsi yetişkənliklə şərtlənir. Lakin elə həmin dövrdə aparılmış bir sıra tədqiqatlarla sübut edildi ki, şəxsiyyətin təşəkkülü heç də təkcə bioloji deyil, sosioloji, psixoloji amillərdən asılıdır. Bu, ilk dəfə A.S.Makarenkonun çətin tərbiyə olunan yeniyetmələr üzərində apardığı tədqiqatlarla təsdiq olundu. Amerika etnoqrafı Marqaret Mid yeniyetmələr üzərində tədqiqat aparmış və aşkar etmişdir ki, yeniyetməlik dövrünün böhranı heç də bioloji amillərlə deyil, sosioloji amillərlə şərtlənir. Beləliklə, bioloji və sosial amillər qarşı-qarşıya qoyula bilməz, vəhdət halında olmalıdır.

Yeniyetmənin fizioloji inkişaf xüsusiyyətlərini nəzərə almadan onun tərbiyəsini, böyüklərlə qarşılıqlı münasibətlərini tənzim etmək mümkün deyildir. Yeniyetmənin orqanizmində baş verən fizioloji proseslərin mahiyyəti ilə yaxından tanış olduqdan sonra onun təlim və tərbiyəsini lazımi istiqamətdə tənzim və idarə etmək mümkündür. Yeniyetməlik dövründə nəzərə çarpan ən mühüm cəhətlərdən biri fiziki inkişafla əlaqədar cinsi yetişkənliyin baş verməsidir. Cinsi yetişkənlik qızlarda əsasən 11-13 yaşda, oğlanlarda isə 13-15 yaşda daha intensiv inkişafa başlayır. Bu dövrdə yeniyetmələrin zahiri görünüşü də əsaslı şəkildə dəyişir. Əlbəttə, cinsi yetişkənliyi yalnız bioloji hadisə kimi başa düşmək səhv olardı. Özünün kişi, yaxud qadın cinsinə mənsubluğunu təsbit etdiyi andan oğlan və qızlarda həm psixoloji, həm də sosial yetkinliyinin təməli qoyulur.

Cinsi yetişkənliklə əlaqədar yeniyetmənin inkişafında mütəxəssislərin “boyda sıçrayış” adlandırdıqları hadisə baş verir. Qızların boyu 11-12 yaşda bir il ərzində 10 sm uzanır, oğlanlarda isə bu cür inkişaf 13-14 yaşda müşahidə olunur. Qızların boy artımı təxminən 18 yaşında başa çatdığı halda, oğlanlarda bu proses 20-25 yaşlarınadək uzanır. Yeniyetmənin fiziki inkişafına akselerasiya hadisəsi də öz təsirini göstərir. Aparılan tədqiqatlardan məlum olur ki, son əlli ildə yeniyetmələrin boyu 10 sm, çəkisi 10 kq, döş qəfəsi 5 sm artmışdır.

Cinsi yetişkənliklə əlaqədar yeniyetmələrin bədən çəkisində də ciddi dəyişikliklər nəzərə çarpır. 14-15 yaşda qızların çəkisi il ərzində 4-8 kq, oğlanların çəkisi isə 7-8 kq artır. Yeniyetməlik dövründə ürək il ərzində təqribən özünün dörddə biri qədər böyüyür. Ürək böyüdükcə onun qanqovma qüvvəsi də çoxalır, damarların darlığı isə ürəyin fəaliyyətinə müəyyən qədər müqavimət göstərir. Yeniyetmənin ürək-damar fəaliyyətinə təkcə fiziki cəhətdən artıq yüklər deyil, mənfi emosiyalar da pis təsir göstərir.

Yeniyetmənin sinir sistemində də əsaslı dəyişikliklər baş verir. Yeniyetmənin rəftar və davranışında əsəbilik, hövsələsizlik, səbirsizlik, emosional reaksiyaların davamsızlığı kimi hallar müşahidə olunur. Yeniyetmələrin rəftar və davranışında öz mənliyini ifadə və təsdiq etmək, özünü göstərmək, başqalarını onun mövcudluğuna cəlb etmək tələbatları güclənmiş olur. Onların şəxsiyyətində qeyri-sabit, dəyişkən hallar meydana gəlir, etinasızlıq və hövsələsizlik halları artır. Belə kövrək yaş dövrü valideynlər və müəllimlərdən həssaslıq, qayğı və mərhəmət tələb edir. Uşağın düşdüyü bu çətin vəziyyəti anlamaq, yaranmış böhrandan onu çıxarmaqda yardımçı olmaq lazımdır. Tərbiyə işi düzgün qurulduqda bu cür davranış formaları yeniyetmənin özü tərəfindən dəf edilir, düzgün qurulmadıqda isə yeniyetmənin mənfi xarakter əlamətlərinə çevrilir.



Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin