Milli parklar– xüsusi mühafizə edilən obyektlərin içərisində milli parklar özünəməxsusluğu ilə seçilir. Milli parklarda mühafizə edilən ərazi ilə yanaşı, geniş sahələrdən rekreasiya məqsədləri üçün də istifadə edilir.
Milli parklar çoxfunksiyalıdır. Onların əsas funksiyası təbiəti mühafizə olsa da, elmi-tədqiqat, ekoloji monitorinq, rekreasiya-turizm, təbii-tarixi abidələrin mühafizəsi və s. funksiyalar da böyük əhəmiyyət kəsb edir.
Eyni zamanda milli parklar təbii etalon ərazilərdir. Təbii-tarixi və mədəniyyət abidələrinin qorunduğu obyektlərdir. Onun xüsusi əraziləri ekoturizmin, rekreasiyanın inkişaf etdiyi təsərrüfat istehsalat zonalarıdır.
Göründüyü kimi milli parklar mürəkkəb ərazi strukturuna malikdir. Təbii komplekslərin mühafizəsi, sistemli tədqiqi, zəifləmiş biotopların bərpası ilə yanaşı, ərazinin təbii potensialından və landşaft komponentlərindən, ecazkar abidələrdən turizm və rekreasiya məqsədləri ilə istifadə edilməsi də mühüm əhəmiyyət kəsb edir. Lakin milli parklarda təbiəti mühafizə və rekreasiya funksiyaları ziddiyyət yaratmır. Rekreasiya fəaliyyəti mühafizə rejiminə ciddi təsir göstərmir. Əksinə düzgün təşkil edilmiş rekreasiya fəaliyyəti mühafizə məsələlərinin xüsusi nəzarətə alınmasına kömək edir.
Qərbi Avropanın və Şimali Amerikanın müasir milli parklarının ərazisi funksional xüsusiyyətlərinə görə bir neçə fəaliyyət zonasına bölünür:
1. Qoruq şəklində mühafizə edilən zona;
2. Rekreasiya fəaliyyətinə cəlb edilən zona;
3. Turist və istirahətə gələn rekreagentlərə xidmət zonası;
4. Milli parkın fəaliyyətini təmin edən təsərrüfat-idarəetmə zonası
Qoruq ərazisində təsərrüfat işləri tamamilə qadağan edilir. Turistlərin, xidmət sahəsində çalışanların qoruq ərazisinə daxil olması qadağan edilir.
Rekreasiya zonası istirahət, ov, idman, hovuz, balıq tutmaq üçün yer, kiçik qulluq sahələri, oturacaqlar və s. ilə təmin edilir.
Xidmət zonasında kiçik kempinqlər, otellər, yeməkxanalar, xırda istehsal və satış sahələri yerləşdilir.
XX əsrin 60-70-ci illərinə qədər Milli parklar başlıca olaraq təbiəti mühafizə məqsədlərinə xidmət edirdi. Müasir faunanın, floranın qorunmasında artırılmasında milli parklar misilsiz rol oynamışdır. Onların sayəsində Avstraliyanın, Şimali və Cənubi Amerikanın, Afrikanın, Cənub və Cənub-Şərqi Asiyanın iri heyvanları, nadir quşları, qiymətli ağac və kol bitkiləri qorunaraq bu günə qədər saxlanılmışdır.
Son onilliklərdə xüsusilə XX əsrin 80-ci illərindən sonra milli parkların funksiyaları xeyli dəyişilmişdir. Onların əksəriyyəti turizm, rekreasiya və istirahət zonalarına çevrilmişdir. Dünyanın milli parkları 100 milyondan çox turist qəbul edir.
Təkcə ABŞ milli parklardan hər il 10-15 milyard dollar gəlir əldə edir. Keniya, Tanzaniya, Uqanda kimi geri qalmış ölkələrin milli parkların əldə etdiyi gəlirin miqdarı ildə 100 milyon dollardan çoxdur.
Milli park anlayışı ilk dəfə 1872-ci ildə ABŞ konqresində qəbul edilmişdir. Dünyanın ilk milli parkı həmin konqresin qərarı ilə Yellostounda yaradılmışdır. Bu park Mərkəzi Kordilyerdə ecazkar qeyzerləri, isti bulaqları, füsünkar təbiəti ilə seçilir və hər il milyonlarla turisti cəlb edir.
Cənubi Amerikada ilk milli park 1903-cü ildə Argentinada (Pataqoniyada) yaradılmışdır. Braziliyada ilk dəfə olaraq 1919-cu ildə Amazoniya cəngəlliklərində, komposlarda (savannalar) milli parklar təşkil olunmuşdur. Avropanın ilk milli parkları Fransada (1913) Normandiyada, İsveçrədə (1914) Qraubyunderdə, İspaniyada (1915) Kataloniyada yaradılmışdır.
1985-ci ildə dünyada cəmi 85 milli park olduğu halda, hazırda onların sayı 3000-dən artıqdır. Milli parkların sayı daima artır. Azərbaycanda ilk milli park 2003-cü ildə yaradılmışdır(Ordubad milli parkı). Hazırda respublikamızda 10-dan artıq milli park fəaliyyət göstərir.
Dünyanın ən nəhəng milli parkı Qrenlandiyadır. Qrenlandiyanın cənub-qərbini əhatə edən bu parkın sahəsi 7,5 milyon hektardır. Afrikanın cənubunda yerləşən Sentral-Kalaxari (Botsvana dövləti) milli parkının sahəsi 5,4 milyon hektardır. Böyük Qobi (Monqolustan) milli parkı 5 milyon hektardan artıq ərazini əhatə edir.
Kanadanın Vud-Buffalo milli parkının sahəsi 4,5 mln. ha-dan çoxdur. Ərazisi 1 milyon hektardan artıq olan milli parklara İaru (Braziliya), Ca (Kamerun), Belovojye (Belarus), Voronej, Taymır (Rusiya) və s. aiddir.
Hazırda dünyada mövcud olan milli parkların 100-ə yaxınının ərazisi 0,3 milyon hektardan çoxdur. Onların 30-a yaxını Afrikada (Keniya, Tanzaniya, Uqanda, Sudan, Seneqal, Mərakeş, Konqo, Botsvana və s.), 20-dən artığı Şimali Amerikada, o cümlədən ABŞ-da (Böyük Kanyon, Florida, Appalaç, Yellostoun, Yosimit və s.), Kanadada (Yukon, Nyufaundlend, Niaqara, Atabaska və s.) yerləşir. Cənubi Amerikanın əsas milli parkları Braziliya, Peru, Ekvador, Venesuella, Argentina və Kolumbiya ərazisindədir. Avstraliya və Okeaniyanın 10-dan artıq milli parkında kisəli heyvanlar (kenquru, koala, kisəli canavar, şeytan), yexidna, nadir bitkilər, unikal landşaft qorunur.
Milli parkların təşkili ölkənin milli gəlirinin artırılmasına da müsbət təsir göstərir. ABŞ-da fəaliyyət göstərən 50 milli parka hər il 200-300 milyon turist gəlir. Bunların sayəsində ABŞ dövləti 45-50 milyard dollar illik gəlir əldə edir. Bu isə ölkənin kənd təsərrüfatından əldə etdiyi gəlirdən (15-20milyard dollar) 2-3 dəfə çoxdur.
Dostları ilə paylaş: |