Avrasiyanın təbii landşaftları və ekoloji problemləri
Avrasiya dünyanın ən böyük materikidir. Onun ərazisi ətrafındakı adalarla birgə 53,4 mln km², adalarsız isə 50,7 mln km²-dir. Şimaldan cənuba doğru materik 8 min km məsafədə uzanır, qərbdən şərqə doğru isə materikin eni 16 min km-ə çatır. Avrasiya dünyanın ən mürəkkəb landşaft quruluşuna malik materikdir. Burada Yer kürəsinin demək olar ki, bütün landşaft vahidləri formalaşmışdır. Materikin geniş ərazisini əhatə etməsi və burada bütün geoloji dövrlərə aid olan strukturların cavan və qədim qırışıqlıqların, geniş platforma düzənliklərinin, hündür kristallik bünövrələrin Yer səthinə çıxması nəticəsində yaranan yaylaların mövcud olması landşaft komplekslərinin mürəkkəb zonal və azonal differensasiyasını yaradır.
Avrasiyanın enlik istiqamətində geniş ərazini əhatə etməsi, burada arktik qurşaqdan ekvator qurşağına qədər bütün iqlim qurşaqlarını və ona müvafiq olan bütün landşaft zonaların yaranmasına səbəb olur. Materikin daxili hissələrinə doğru getdikcə iqlimin kontinentallaşması bir-birindən fərqlənən landşaft sektorlarını əmələ gətirir. Atlantik və Sakit okeanı sahillərində müvafiq olaraq Qərbi Avropa və Şərqi Asiya rütubətli əsasən meşə landşaftlarından ibarət humid landşaft sektorları, Şərqi Avropada mülayim kontinental, əsasən humid, Mərkəzi Asiya ərazisində kəskin kontinental arid, Qərbi və Şərqi Sibir ərazilərində kəskin kontinental boreal sektorlar əmələ gəlir. Cənub Şərqi, Şərqi və Cənubu Asiyada rütubətli musson, Cənub Qərbi Asiyada kəskin arid landşaft kompleksləri üstünlük təşkil edir.
Dostları ilə paylaş: |