Üzeyir hacibəYLİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix01.12.2016
ölçüsü2,34 Mb.
#541
1   ...   13   14   15   16   17   18   19   20   21

ARŞIN MAL ALAN 

 

 

 

4 MƏCLİSLİ OPERETTA 



 

 

Əfradi-əhli-məclis 



 

Ə s g ə r--dövlətli bir tacir oğlandır. 

C a h a n--Əsgərin xalası, kök arvaddır. 

S ü l e y m a n--Əsgərin yoldaşı. 

V ə l i--Əsgərin nökəri. 

S o l t a n  b ə y--qoca mülkədardır. 

G ü l ç ö h r ə--Soltan bəyin cavan qızıdır. 

A s y a--Soltan bəyin qardaşı qızıdır. 

Telli--Soltan bəyin qulluqçusudur. 

Qonşu qızlar. 

 

 

 



 

__________________Milli Kitabxana___________________ 

289 


 

BİRİNCİ MƏCLİS 

 

 

Ə s g ə r i n evində vaqe olur. Otaq yaxşı bəzənib, fərş ilə döşənibdir. Stol və 



səndəllər dəxi vardır. Pərdə qalxmazdan qabaq Ə s g ə r sağ tərəfdə və x a l a s ı sol 

tərəfdə oturublar. Qapının ağzında nökər V ə l i hazır durubdur. Musiqi müqəddiməsi 

çalınır.  Pərdə qalxır. Ə s g ə r oxuyur. 

 

Ə s g ə r.   



Nalədəndir ney kimi avazeyi-eşqim bülənd, 

 

M u s i q i 



Nalədəndir ney kimi avazeyi-eşqim bülənd.  

Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd. 

 

M u s i q i 



Nalə tərkin qılmazam, nalə tərkin qılmazam,  

Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd. 

 

M u s i q i 



Qıl mədəd, ey bəxt, yoxsa kami-dil mümkün deyil. 

 

M u s i q i 



Qıl mədəd, ey bəxt, yoxsa kami-dil mümkün deyil.  

Böylə kim ol dilrüba bidərddir, mən--dərdimənd. 

 

M u s i q i 



Nalə tərkin qılmazam, nalə tərkin qılmazam,  

Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd. 

 

M u s i q i 



Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb. 

 

M u s i q i 



Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb,  

Açar ol gülrüx təbəssüm birlə ləli-nuşxənd, 

 

M u s i q i 



Nalə tərkin qılmazam, nalə tərkin qılmazam,  

Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd. 

M u s i q i 


__________________Milli Kitabxana___________________ 

290 


 

 

C a h a n. Xalan sənə qurban, nə olubdur ki, belə qəmli-qəmli oxuyursan, adam 



eşidəndə ürəyi yanır? 

Ə s g ə r. Ürəyin yanırsa görünür ki, sənin ruhun var, ay xala! 

C a h a n. Qanmadım nə dedin, xalan sənə qurban, bir də de, başa düşüm. 

Ə s g ə r. Heç, bir elə söz demədim ki, bir də təzədən deyim.... İndi sən bura bax, 

ay xala. Bircə mənə de görüm axı belə olmaz ki, belə də qalsın, bu dünya belə gəlib 

belə getsə, bəs axırı nə olsun, onda işimiz necə olsun? 

C a h a n. Xalan sənə qurban, allaha şükür, dünyaya nə olubdur ki? 

Ə s g ə r. Belə deyirəm ki, axı bunun axırı necə olsun, nəticəsi necə olsun, 

məsələn, biz, bəli, böyudük, başa çatdıq. Allaha şükür, mal-dövlət hamısı var, amma 

yenə də bilirsən, bununla adamın işi düz olmur, ürəyi toxtamır, nə isə bir şeyə yenə 

ehtiyac görünür. Düz deyirəm, yoxsa yalan deyirəm? 

C a h a n.  Xalan sənə qurban, əlbəttə, düz deyirsən, amma yenə də əməlli başa 

düşmədim ki, nə deyirsən. 

Ə s g ə r. Dediyim aşkar söhbətdir, ay xala! Belə sözün doğrusu o tərəfə, bu 

tərəfimə baxıb göz yetirirəm, görürəm bir şeyim çatmır. 

C a h a n. Bay!... Çatmayan bir şey varsa, gədəni göndər bazardan alsın, onda nə 

fikir var ki? 

Ə s g ə r. Sən mən deyəni başa düşmədin. Əşi, mən səninlə böyük şeyin söhbətini 

eləyirəm, sən bazardan danışırsan. Belə deyirəm ki, bu cürə dolanacağın axırı  nə 

olsun? Malım var, pulum var, amma pul sahibi gərək bir özgə şeyin də sahibi olsun. 

Vəhalün ki, heç malı, pulu olmayanların görürsən ki, bir sürüsü var. 

C a h a n. Xalan sənə qurban, sən bir tacir adamsan, sürünü nə eləyirsən? 

 

V ə l i başını bulayır.  



 

Ə s g ə r. Of, ay xala. Yenə bilmədin nə istəyarəm?  

V ə l i (birdən-birə). Mən bilirəm ağam nə istəyir....  

Ə s g ə r (ona tərəf yönəlir). Ədə, sən də burdasan? Hə, de görüm nə istəyirəm....  

V ə l i (irişə-irişə). Mən bilirəm sən nə istəyirsən....  

Ə s g ə r və C a h a n. Di bilirsən de, nə dayanıbsan?  

V ə l i. Sən istəyirsən.... (Birdən hırıldayıb tez qapıdan çıxır, Əsgər gülümsünür).  

C a h a n. Bay, elə bil ki, gədənin dəliliyi var. (Əsgərə) Xalan sənə qurban, bircə 

məni yaxşıca başa sal görüm nə istəyirsən?  


__________________Milli Kitabxana___________________ 

291 


 

Ə s g ə r. Ay xala, bura bax, ağlınca mənim neçə yaşım var?  

C a h a n. Boy, bu ramazan yox, gələn ramazan gəlib ötəndən sonra sənin iyirmi 

səkkiz yaşın tamam olacaqdır. Nəyin dərdin çəkirsən? Sən ki, hələ  uşaqsan, səni 

görüm yüz yaşayasan! 

Ə s g ə r. Çox əcəb. Axı nə qədər uşaq olsam da yenə də ayaq üstə dura bilərəm 

ki? 

 

V ə l i daxil olub haman sayaq dayanır. 



 

C a h a n. Əlbəttə, dura bilirsən, allaha şükür, sağ-salamat cavansan. 

Ə s g ə r. Yaxşı indi bu sağ-salamat cavan bəs neyləsin, elə yeyib-yatsın? 

C a h a n. Əsgər, sən allah, gəl mənimlə açıq danış ki, mən başa düşüm; axı mən 

türkəsayəcə bir arvadam, ərəb dilini nə başa düşürəm, xalan sənə qurban. 

Ə s g ə r (kənara).  Əşi, daha utanmaq yeri deyildir. (Cahana). Belə bilirsən nə 

var, xala? (Bərkdən). Mən arvad almaq istəyirəm ey, arvad, arvad!... 

V ə l i. Bax, mən deyən oldu.... (hırıldayır).  

C a h a n. Bay ... ay xalan sənə qurban, habeləcə de ki, mən də başa düşüm, daha 

bunun nə çək-çeviri var ki?! 

Ə s g ə r. Hə, bəs bunu bil ki, arvad almaq istəyirəm.  

C a h a n. Belə çox yaxşı eləyirsən, xalan sənə qurban. Allah o günləri eləsin ki, 

belə toyunda oynayım. (Vəli oynayır). Bax, Əsgər, xalan sənə qurban, gördün ki, 

axırda sən gəldin mən deyənə. Neçə vaxtdır mən sənə deyirəm ki, Əsgər, gəl evlən, 

ev-eşik yiyəsi ol, oğul-uşaq sahibi ol, amma nə fayda ki, sən qulaq asmırdın deyə, 

mən də daha dinmirdim. İndi görünür ki, mən deyənə getdin. Əlbəttə, arvad al, toy 

elə, dost sevinsin, düşmən yansın. (Vəli ah çəkir). Bax, istəsən günü bu güncə 

gedərəm, sənə  qız axtararam. Rəhmətlik bacım canı  ağzından çıxana kimi mənə 

deyirdi: Cahan, bax, Əsgəri sənə qoyub gedirəm; onu tək qoyma, evləndir. (Ağlayır. 

Vəli bərk ah çəkir). 

Ə s g ə r. Əşi, daha bura ağlamaq yeri deyildir ki? Qoy, söhbət açmışıq, görək 

axırı necə olur.  

C a h a n. Xalan sənə qurban, evlən. 

Ə s g ə r. Axı nə sayaq evlənim, iş elə burasındadır ki, evlənmək asan iş deyildir. 

C a h a n. Xalan sənə qurban, evlənmək su içmək kimi asan şeydir, onda nə 

çətinlik var ki? Ələlxüsus sənin kimi cavana ki, Allaha şükür,  



__________________Milli Kitabxana___________________ 

292 


 

həmi pulun var, həmi dövlətin var, həmi cavansan. Vallah, lap padşahın da qızını 

istəsən sənə verər. Bax, burda çox fikir lazım deyildir, qoy elə bu güncə çadramı 

başıma salıb gedim sənin üçün qız bəyənib seçim. Ya özün, istəsən mənə de, hansı 

bəyin və ya tacirin qızını istəsən, gedim sənə alım. 

Ə s g ə r. Axı mən nə bilirəm ki, hansı bəyin və ya tacirin qızı yaxşıdır ki, deyim 

get al; mən ki, onları görməmişəm. 

C a h a n. Buy. Xalan sənə qurban, bəs mənim gözlərim kordur? Vallah, gedərəm, 

dolanaram, gəzərəm, baxaram, bəyənərəm, seçərəm, bir qız alaram ki, adam baxanda 

ağlı gedər. 

Ə s g ə r (gülür). Ay xala, bəs elə olsa ağlım gedər, dəli olaram ki.... Yox, xala, 

bu,  əl verməz. Mən gərək  əvvəlcə özüm qızı görəm, xoşuma gəldi alam, gəlmədi 

almayam. 

C a h a n. Sən bir ağıllı-başlı mənə nağıl et görüm necə qız alarsan? (Oxuyur və 

oynayır). 

 

Çadramı sallam başıma,  



Üz-gözümü bəzərəm. (2 dəfə)  

Gedib sənə qız axtarıb,  

Hər tərəfi gəzərəm. (2 dəfə) 

 

M u s i q i 



 

Bəyin, xanın və tacirin  

Qızlarını düzərəm. (2 dəfə)  

Çəməndəki o güllərin  

Ən gözəlin üzərəm. (2 dəfə) 

 

M u s i q i 



 

Xalan sənə qurban ola, 

Zəhmətinə dözərəm. (2 dəfə) 

Toyunda da sənin, bala, 

Bax, beləcə, süzərəm. (2 dəfə) 

 

M u s i q i 



 

C a h a n. Bəs sən kişi xeylağı, qızı  nə sayaq görərsən, xalq qızını  sənə 

göstərərmi? 

Ə s g ə r. Hə, bəs mətləb elə buradadır ki, səhərdən bəri sənə deyirəm ki, bunun 

axırı  nə olsun? İstəyirəm evlənim, amma bilmirəm kimi alım; çünki heç kəsi 

görməmişəm və görmək də olmaz. 



__________________Milli Kitabxana___________________ 

293 


 

C a h a n. Ay xalan sənə qurban, sən gəl ata-baba yolu ilə evlən. Sənin nə 

borcundur, qoy mən gedim sənə qız alım, hərgah pis olsa təqsir mənim boynuma. 

Ə s g ə  r.  Ay  xala,  sən nə fikir edirsən? Mən arşını iki şahılıq çiti görməmiş 

almaram; halbuki diri gözlü arvad ola. Yox, mən bu sayaq evlənmək istəmirəm. 

Bacarsan mənə bir yol göstər ki, qızı görüm, sonra alım. 

C a h a n. Xalan sənə qurban, nə yol göstərim? 

Ə s g ə r. Görünür ki, heç bir yol yoxdur. Onun üçün mən də evlənmirəm. 

 

V ə l i ah çəkir. Sükut. Musiqi  çalınır, sonra S ü l e y m a n daxil olur. 



 

S ü l e y m a n. Cahan xala, kefin yaxşıdırmı? Vəli, sən necəsən? 

C a h a n. Allaha şükür, sağ olasan, Süleyman.  

V ə l i. Bəy, iltifatın artıq olsun. 

 

S ü l e y m a n  Ə s g ə r ə tərəf gedib oxuyur.  



 

M u s i q i 

 

Nədir sənin dərdin, bu nə ahü zardır? (2 dəfə)  



Nədir sənin fikrin, belə tarü mardır? (2 dəfə)  

Utanma gəl söylə, belə dərdini mənə, (2 dəfə)  

Nə qüssədir böylə əsər eyləyib sənə? (2 dəfə)  

Bu dünyada yoxdur belə dərdi-bidəva. (2 dəfə)  

Dəvasın al dərdin, belə görginən səfa. (2 dəfə)  

Eşitməmişsənmi belə bir məsəl də var, (2 dəfə)  

Nə arzu varsa, belə axtaran tapar! (2 dəfə)  

 

Balam nə olub ki, belə qaradinməzcə oturubsan, yoxsa dünyanın dərdi sənə 



qalıbdır? 

 

Ə s g ə  r.  Ay    Süleyman,  yaxşı oldu sən gəldin; axı deyirlər ki, sən bir ağıllı 



adamsan, gəl görək sən nə məsləhət tökürsən? 

S ü l e y m a n. Deməli, sən özün inanmırsan ki, mən ağıllıyam? 

Ə s g ə r. İnanıram,  amma  məsləhət töksən lap yaxşı inanaram. 

S ü l e y m a n. İndi bir-bir söylə görüm nə olubdur? 

Ə s g ə r. Nə olacaqdır, onu fikir edirəm ki, yaxşı, axı bunun axırı nə olsun? Elə 

bu dünya belə gəlib belə getsə....  



__________________Milli Kitabxana___________________ 

294 


 

S ü l e y m a n (sözünü kəsir). Dayan, bildim nə istəyirsən.  

Ə s g ə r. Nə istəyirəm?  

S ü l e y m a n. Əlbəttə, arvad almaq istəyirsən. 

 

H a m ı təəccüb edir. 



 

Ə s g ə r (təəccüblə). Paho, nə bildin? 

S ü l e y m a n. Sifətindən görürəm. Onu bilmək çətin deyil ki.  (Cahana). 

Belədir, belə deyil, Cahan xala?! 

C a h a n. Qadan alım, əlbəttə, elədir. 

S ü l e y m a n (Vəliyə). Belədir, belə deyil, Vəli. 

V ə l i. Bəy, əlbəttə, belədir. 

S ü l e y m a n (Əsgərə). İndi bildin ki, mən ağıllıyam?! 

Ə s g ə r. Yarısına qədər bildim. Aşna, indi bir iş də var; hərgah ona bir tədbir 

töksən, onda bilərəm ki, başdan ayağa qədər ağıllısan. 

S ü l e y m a n. Di bir-bir söylə, qulaq asım. 

Ə s g ə r. Bax, Süleyman, mən belə fikirdəyəm ki, qız almaq mal almaq kimi bir 

şeydir. İndi malın pisi-yaxşısı olan kimi.... 

S ü l e y m a n. Dayan, bildim nə istəyirsən.  

Ə s g ə r. Nə istəyirəm? 

S ü l e y m a n. İstəyirsən ki, əvvəlcə qızı görüb, baxıb sonra alasan. 

 

Yenə h a m ı təəccüb edir. 



 

Ə s g ə r. Balam necə bildin? 

S ü l e y m a n. Ağzını açan kimi. Onu bilməyə nə var ki.... (Cahana). Belədir, 

belə deyil, xala?... 

C a h a n Qadan alım, əlbəttə, elədir.  

S ü l e y m a n. Belədir, belə deyil, Vəli?  

V ə l i. Bəy, doğru buyurursan. 

S ü l e y m a n (Əsgərə). İndi bildin ki, başdan ayağa qədər ağıllıyam? 

Ə s g ə r. Bir azca qalıbdır, hərgah bir işi də bilsən, onda imanım kamil olar. 

S ü l e y m a n. Bir-bir söylə. Qulaq asaq. 

Ə s g ə r. Yaxşı, ağıllı oğlan, bəs, mən qızı harada görüm və nə sayaq görüm ki, 

heç olmasa bir balaca bələd olum? 

S ü l e y m a n. Ondan asan nə var ki; paltarın dəyiş, köhnəsini gey, qoltuğuna bir 

top çit-mit nə varsa vur, əlinə də bir arşın al. Ondan sonra düş qapı-qapı gəz və arşın 

mal sat. Bu halda, gördüyün qızların birisini seç, sonra lələşini göndər, gedim elçilik 

eləyim, vəssəlam.  



__________________Milli Kitabxana___________________ 

295 


 

Ə s g ə r (sevinir). Əcəb fikirdir, vallah! 

C a h a n. Qadan alım, əlbəttə, yaxşı fikirdir. 

S ü l e y m a n. Ayrı cürə əlacı yoxdur. (Cahana). Belədir, belə deyil, xala? 

C a h a n. Qadan alım, əlbəttə, belədir. 

S ü l e y m a n. Belədir, belə deyil, Vəli? 

V ə l i. Bəy, doğru buyurursan. 

S ü l e y m a n (Əsgərə). İndi gördün ağıllıyam? 

Ə s g ə r. Ağıllısan qardaş, ağıllısan. Vallah, sən deyən kimi edəcəyəm. 

C a h a n. Ay Süleyman, bəs sən niyə özünü qocaldıb evlənmirsən? 

S ü l e y m a n. Mən də evlənərəm, xala. O fikirdən mənim də başımda var. Hələ 

indi  əvvəlcə bir Əsgəri evləndirək, görünür ki, bu çox tələsiyir. Sonra mən də 

evlənərəm.... (Birdən). Yaxşı, xala, bəs sənin fikrin nədir? 

C a h a n. Heç nə, qadan alım, nə olacaqdır ki?... 

S ü l e y m a n. Yox, xala, daha bu qədər dul qaldın bəsdir. Qoy səni bir allah 

bəndəsinə verək, canımıza dua eləsin. 

C a h a n. Buy, qadan alım, mənim nə ərə getmək vaxtımdır ki? 

S ü l e y m a n. Necə, çox balacasan? Əlbəttə, vaxtındır, belədir, belə deyil, ay 

camaat? Əlbəttə, belədir. (Vəliyə). Balam, Vəli, sən də hazırlaş ha! 

 

V ə l i utanır, başını aşağı salır. 



 

S ü l e y m a n. Hə, Əsgər, fikrə gedibsən. 

Ə s g ə r. Vallah, sabahdan arşın malı satan olacağam. 

S ü l e y m a n. Əcəb elərsən, allah səni də tez muradına yetirsin, bizi də. Belədir, 

belə deyil, xala? 

C a h a n. Qadan alım, əlbəttə, elədir. 

S ü l e y m a n. Belədir, belə deyil, Vəli? 

V ə l i. Bəy, doğru buyurursan. 

S ü l e y m a n. Bəs indi ki, belə oldu, qulaq as. (Oxuyur)  

 

M u s i q i 



 

Öyrən bu kələyi arvadı tap, tez toy elə. (2 dəfə).  

Bil kim, düşməyəcək böylə kələk bir də ələ. (2 dəfə).  

Amma bax, unutma sən, unutma sən, bizləri sən,  

Görəndə qaşı qara, gözü qara qızları sən. 

 


__________________Milli Kitabxana___________________ 

296 


 

H a m ı. (Əsgərdən başqa). 

 

Amma bax, unutma sən, unutma sən, bizləri sən,  



Görəndə qaşı qara, gözü qara qızları sən. 

 

M u s i q i.  Oynayırlar.  



 

C a h a n. 

O gün ola, balam, toy edəsən, qız alasan, (2 dəfə)  

Evlənmək işini aramıza dəb salasan. (2 dəfə).  

Bizə də sən qur kələk, sən qur kələk, sən qur kələk.  

Bəlkə biz də gün görək, bir gün görək, bir gün görək. 

 

H a m ı. 



Bizə də sən qur kələk, sən qur kələk, sən qur kələk.  

Bəlkə biz də gün görək, bir gün görək, bir gün görək. 

 

M u s i q i. Oyun.  



 

V ə l i. 

Düş bazar--şəhərə, sat arşın mal, Əsgər ağa (2 dəfə)  

Axtar, bax, qızı tap, tez arvad al, Əsgər ağa (2 dəfə)  

Dərdinə tapdın əlac, tapdın əlac, tapdın əlac,  

Bizə də tez bir yol aç, sən bir yol aç, sən bir yol aç. 

 

H a m ı 


Dərdinə tapdın əlac, tapdın əlac, tapdın əlac,  

Bizə də tez bir yol aç, sən bir yol aç, sən bir yol aç.   

(Oyun) 

 

P ə r d ə 



 

İKİNCİ MƏCLİS 

Musiqi  müqəddiməsi  çalınır,  sonra pərdə qadxır. Soltan bəyin evinin  qabağıdır. 

G ü l ç ö h r ə, A s y a və T e l l i oturub, biri tikiş tikir, digəri corab hörür. 

 

G ü l ç ö h r ə (tikiş tikə-tikə oxuyur) 



 

M u s i q i 

 

Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir. M u s i q i 



__________________Milli Kitabxana___________________ 

297 


 

Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir, 

Pərişan olduğum, xəlqi pərişan etdiyimdəndir. (2 dəfə) 

 

M u s i q i  



 

Dili-zarimdə dərdi-eşq gün-gündən füzun olmuş, 

 

M u s i q i 



 

Dili-zarimdə dərdi-eşq gün-gündən füzun olmuş.  

Yetən  bidərdə tədbirilə dərman  etdiyimdəndir. (2 dəfə)  

Deyil bühudə gər yağsa fələkdən başıma daşlar,  

Binasın tişeyi-ahımla viran etdiyimdəndir. (2 dəfə) 

 

Ü ç ü bir yerdə 



 

Ah, ah, ah.... Gəl yarım 

Gəl yarım, gəl yarım, gəl yarım. 

A s y a (ah çəkir). Ay Gülçöhrə, sən oxuyanda həmişə  mənim ürəyim tutulur, 

bikef oluram. 

G ü l ç ö h r ə. Görünür ki, oxumağım sənə xoş gəlmir. 

A s y a. Yox, çox xoş  gəlir, elə ona görə  də  məni bir sayaq qəm basır, qüssə 

eliyirəm. 

G ü l ç ö h r ə. Ah, bizim ömrümüz başdan-ayağa kimi qəm-qüssə deyilmi? 

A s y a. Hə, vallah, doğru deyirsən. 

T e l l i. Ay xanımlar, nə olub ki, qəm-qüssə eləyirsiniz? Allah qoysa, Soltan bəy 

bu gün-sabah sizi ərə verər, gedib ev yiyəsi, oğul-uşaq sahibi olarsınız, onda qəminiz 

də olmaz. 

G ü l ç ö h r ə. Ah, Telli, o cürə ki, bizi ərə verirlər, heç verməsələr yaxşı olar. 

T e l l i. Nə üçün, ay xanım, niyə elə danışırsan? 

G ü l ç ö h r ə. Doğru deyirəm, vallah, o cürə ərə getmək mənim xoşuma gəlməz 

ki, heç bilmirsən səni kimə verirlər,  ərin kim olacaqdır, getdiyin adam cavandır, 

qocadır, keçəldir, qoturdur, adam döyəndir.... 

A s y a (təəccüblə). Bəs, ay Gülçöhrə, onda daha heç ərə getməyib evdə qalıb un 

çuvalına tay olacaqsan? 

T e l l i. Allah eləməsin. 

G ü l ç ö h r ə. Mən deyirəm ki, evdə qalıb un çuvalına tay olasan? Mən onu 

demək istəyirəm ki, belə adam əvvəlcə bir kərə ki, kimə gedəcəkdir. Baxa, bəyənə, 

təhəp-tövpünə bələd ola, sonra ərə gedə. 

A s y a (gülür). Elə söz danışırsan ki, bişmiş toyuğun gülməyi tutar. Sən bu dörd 

divarın içində kimi görə bilərsən, a yazıq ki, (rişxəndlə) hələ baxıb bəyənəsən? 



__________________Milli Kitabxana___________________ 

298 


 

G ü l ç ö h r ə. Elə olanda, evdə qız qalmaq yaxşıdır. 

T e l l i. Əşi, təki ağam sizi ərə versin, mən qaçıb, gedib nişanlını görərəm, evinə-

eşiyinə baxaram, sonra gəlib hamısını sizə nağıl edərəm. 

 

G ü l ç ö h r ə ilə A s y a gülürlər. 



 

G ü l ç ö h r ə. Yaxşı, ay Telli, görünür ki, bizim adaxlımızı bir sən görsən 

kifayətdir, dəxi bizim görməyimiz lazım deyilmiş. 

T e l l i. Yox, xanım, əvvəl mən görərəm, sonra siz görərsiniz. 

A s y a. Yaxşı, Telli, qoy sən deyən olsun, təki bizi ərə versinlər, yerdə qalanı 

asandır. 

G ü l ç ö h r ə. Yox, mənciyəz görüb bəyənməyincə ərə getməyəcəyəm. Amma 

siz elə görməmişdən ərə gedərsiniz. 

T e l l i. Vallah xanım, elə görməmişdən  ərə getmək lazımdır, yoxsa əvvəl 

görəndə daha sonra yaxşı olmur. Amma görməyəndə ürəyin tələsir ki, bir tez 

görəsən. (Oxuyur) 

 

Sən o yanda, yar bu yanda,  



Ceyran tək boynun buranda  

Baxışın min canlar alır,  

Məni qəmə-dərdə salır. 

 

M u s i q i 



Sən o yanda, yar bu yanda,  

Hərdən qıyqacı baxanda,  

Gözüm o gözlərdə qalır,  

Məni qəmə-dərdə salır. 

 

M u s i q i 



Sən o yanda, yar bu yanda.  

Saçların üzə salanda,  

Göylərə ahım ucalır, 

Məni qəmə-dərdə salır. 

 

(Nağıl edir). Səni yaxşıca geyindirirlər, bəzəyirlər, sonra faytona mindirib allah-



allahla aparırlar. Hələ desən ayağının altında qurban da kəsirlər, sonra otağa aparıb 

gərdək dalında oturdurlar, ürəyin döyünə-döyünə gözləyirsən. Bir də görürsən ki, 

qapı açılıb oğlan çıxdı.... 

 

Bu əsnada  qapı açılıb S o l t a n bəy çıxır. Qızlar səslərini kəsib işlərinə məşğul 



olurlar. 

__________________Milli Kitabxana___________________ 

299 


 

 

T e l l i (kənara). Allah eləməsin ki, belə oğlan olsun.  



S o l t a n  b ə y (əsnəyir). Ay qız Telli, min kərə demişəm ki, mən yatanda gəl 

mənim üstümü basdır; indi üstü açıq yatmışam, deyəsən belimə soyuq dəyibdir. 

(Əsnəyir). Ay ... rəhmətlik Sona sağ olaydı.... Qərəz ki, təklik bir sənət deyildir. 

G ü l ç ö h r ə.  Ay ata, bizə desəydin örtərdik, bilmədik. 

S o l t a n  b ə y. Demədim, demədim, keçibdir. (Əsnəyir). Di, durun gedin evə, 

mən də şəhərə çıxıram. Evdən yaxşı muğayat olun. Durun. (Qızlar hamısı durub içəri 

daxil olurlar.) Olmur, təklik mənə əl vermir. Beş ildir ki, gün-gündən geri gedirəm. 

Srağagün həkim Mirzə Hüseynə deyirəm ki, oram ağrıyır, buram ağrıyır, deyir ki, bir 

arvad al. Hanı bir elə arvad ki, uğruma gələydi alaydım. Əlbəttə, mənə qız verməzlər. 

Çünki yaşım çoxdur, pulum da yox. Və bir də təzədən top-tüfənglə evlənmək mənə 

yaraşmaz; mənimki bir hallıca, dulluca arvaddır ki, bir nəfər molla, üç manat pul və 

bir kəllə  qənd ilə  iş tamam ola. Ondan sonra arvad başlar gecələr saqqalıma həna 

yaxar, səhərlər də yuyar. Yatanda da belimə soyuq dəyməz. Qərəz, gedək, bazara, 

görək nə var, nə yox. (Gedir). 

 

M u s i q i  



 

Ə s g ə r pərdə dalında oxuyur. 

 

Ə s g ə r. 



 

Arşın mal alan. (2 dəfə)  

Arşın mal alan.  

Bafta, tafta, buxça hey.... 

 

Ə s g ə r qoltuğunda arşın malı və arşın səhnəyə çıxır. 



 

Ə s g ə r. Tamam üç gündür, qapı-qapı dolanıb gəzirəm, amma axtardığımı tapa 

bilmirəm. Bu günü də başa çıxardım görüm nə olur. Ey bəxt səndən mədəd. 

 

M u s i q i  



(Yenə oxuyur). 

Arşın mal alan. (2 dəfə)  

Arşın mal alan.  

Bafta, tafta, buxça hey.... 

 

Bu halda G ü l ç ö h r ə, A s y a və T e l l i bir tərəfdən və qonşu qızlar o tərəfdən 



bayıra çıxırlar. Qızlar Ə s g ə r i çağırır. 

 


__________________Milli Kitabxana___________________ 

300 


 

Q ı z l a r. Arşınmalçı, arşınmalçı bura gəl.  

Q ı z l a r xoru. (Soprano) 

 

Arşınmalçı mal göstər,  



Bir-bir yerə sal göstər.  

Göstər-göstər hər nə var,  

Qızlar bəzənmək istər. 

 

M u s i q i 



 

H a m ı. 

 

Ah, nə gözəl parçadır, 



Gülləri də qonçadır, 

Toy bəzəyi xonçadır, xonça, (2 dəfə) 

Xonça.... 

Ondan bir paltar tikdirsəydim,  

Oynardım mən doyunca-doyunca, 

 

M u s i q i  



Xor bir də təkrar olunur. 

Ə s g ə r (gedə-gedə). Aha, deyəsən qız mədəninə düşmüşəm. Bir sürü birdən 

çıxdı. Görək necə şeydirlər. (Onlara). Deyin görüm, gözəl xanımlar, nə istəyirsiniz? 

Çit, ipək, məxmər, bafta, tafta, hər şeyim var. 

G ü l ç ö h r ə. Aç görək xoşumuza gələn nə var.  

Ə s g ə r. Bu saat, xanım. (Açır, Gülçöhrəyə diqqət yetirir). 

A s y a (kənara). Batmış nə göyçək oğlandır. 

Ə s g ə r. (yenə diqqətlə baxır). Bax, xanım, hər nə könül istəyən desən, hamısı 

burada vardır. (Kənara). Amma əcəb qızdır. 

T e l l i. Ay xanım, o tumanlıq nə yaxşıdır.  

A s y a. A, nəyə lazım olan şeydir ki.... 

G ü l ç ö h r ə (Asyaya). Sənə lazım olmaz, amma Telliyə lazım olar. 

Ə s g ə r. Doğru buyurursan, xanım. (Kənara). Agıllı  qızdır, ha!... (Ona) Neçə 

arşın buyurursan qulluqçunuz ünün kəsim. 

G ü l ç ö h r ə. Arşını neçədəndir? 

Ə s g ə r. Heç neçə, on iki qəpikdir. Amma sizə iki şahıdan hesab elərəm. 

G ü l ç ö h r ə. Bu cürə çitin arşınını biz həmişə səkkiz qəpikdən alırıq, elə versən 

on arşın kəs. 

Ə s g ə r. Zərər yoxdur, sizə qurban olsun. (Olcur). Bir ... İki. (Kənara) Amma, 

deyəsən, axtardığımı tapmışam ... üç ... dörd ... vallahi çox  



__________________Milli Kitabxana___________________ 

301 


 

gözəl qızdır ... beş ... altı ... yeddi ... deyəsən elə qismətim bu olacaqdır ... səkkiz ... 

doqquz, görünür zahiri, gözəl olan kimi batini də gözəldir ... on ... on bir ... on iki.... 

G ü l ç ö h r ə. On arşın bəsdir. 

Ə s g ə  r.  Buy,  hə. Fikrimdən çıxdı, budur elə on arşındır. (Kəsir qulluqçuya 

verir). 


A s y a. Ah, bizə yaraşan heç zadın yoxdur. 

Ə s g ə r. Xanım, sizə yaraşan şeyim çoxdur, ancaq evdədir. İnşallah gələn səfər 

gətirərəm. (Gülçöhrə pul verir). Xanım evin abadan, sənin  əlinin bərəkəti mənə 

bəsdir. 


G ü l ç ö h r ə.  Nə bildin ki, əlimin bərəkəti vardır? 

Ə s g ə r. Elə belə ürəyimə damdı ki, sənin  əlin bərəkətlidir. (Kənara). Vallah, 

mən deyən elə budur ki, var. (Ona). Xanım, bura Soltan bəyin evi deyilmi? 

G ü l ç ö h r ə. Özüdür. 

Ə s g ə r. Abad olsun! Bəs Soltan bəyin qızı hansınızdır? 

A s y a. Bu özüdür. 

Ə s g ə r. Allah ömür versin. (Kənara). Çox gözəl qızdır. 

A s y a. Ay Gülçöhrə gedək evə; yoxsa əmim gələr acığı tutar. 

 

Gedirlər. 



 

Ə s g ə r. Sağ olun, var olun! 

G ü l ç ö h r ə (gedə-gedə). Sən də sağ ol! 

Ə s g ə r (tək). Sözün doğrusu, bundan yaxşı qız görmədim və ola bilsin ki, heç 

görməyim. Gəl  Əsgər, ya qismət de, bunu al. Soltan bəy məni görməyibdisə  də, 

adımı  eşidibdir. Bilir ki, dövlətli tacir oğlanam. Yəqin qızı istəsəm verər.  İndi 

görəsən, qız bilsə ki, mən doğrudan da arşın mal satanam, mənə  gələrmi? Qızı 

bilmirəm, amma Soltan bəy bilsə ki, mən arşın mal satanam, min il də qalsa, qızı 

mənə verməz. Allahın altında qız bir də çıxaydı, yenə bir görəydim, danışdıraydım. 

Dayan.... (Qapıya baxır). Deyəsən, gələn var. Qoy gizlənim görüm kimdir. (Gizlənir, 

qapı açılıb Gülçöhrə çıxır). 

G ü l ç ö h r ə. Asya demişkən, arşınmalçının sir-sifəti yaxşı idi. İndi Asyaya 

desən ki, gəl səni ona ərə verək, bir həşir qatar, deyər ki, mən arşınmalçının tayıyam? 

Amma məncə, arşınmalçılıq pis iş deyil ki. O da tacir kimi bir şeydir. Vallah, atam 

razı olsa mən ona ərə gedərəm. Çünki nə sayaq olsa, yenə  də üzünü görmüşəm, 

bilirəm ki, şil deyil, kor deyil, keçəl deyil, sifəti də xoşuma gəldi. Üzü nəcib adamın  



__________________Milli Kitabxana___________________ 

302 


 

üzünə oxşayır. Vallah onu qəşəng geyindirəsən, bir oğlan çıxar ki, bəy balası kimi.... 

Mənə deyir ki, yəqin sənin  əlin bərəkətlidir. Özü də elə baxırdı ki, guya tək məni 

görür.... Bir də görsəydim, yaxşıca diqqət edərdim.... Ah, gör nə danışıram, kim bilir, 

bəlkə onun arvad-uşağı vardır.... (Fikrə gedir). 

Ə s g ə r  (çıxır hüzura, arşın ğoltuğunda). Xanım, bağışla.... 

G ü l ç ö h r ə (səksənir), Uy, qorxdum a....  

Ə s g ə r. Qorxma, xanım, deyəsən mən arşını burada qoyub getmişəm. 

G ü l ç ö h r ə. Olsa burada qalardı....  

Ə s g ə r.  Zərər yoxdur, evdə alahı arşınım vardır.  

G ü l ç ö h r ə (kənara). Yenə o sayaq baxır, gözü-gözümə sataşanda elə bil ki, 

ildırım kimi məni vurur. 

Ə s g ə r. Xanım, allahın altında Soltan bəyin on iki nəfər sən kimi qızı olaydı. 

G ü l ç ö h r ə. Yəni nə demək istəyirsən?  

Ə s g ə r. Onu demək istəyirəm ki, bir qızını  bəyə, birini xana, birini tacirə, birini 

mollaya, birini də seyidə verib, axırda birini də mənə verəydi....  

G ü l ç ö h r ə. Nə olar ki.... 

Ə s g ə r.  Amma yox, verməz, əlbəttə verməz. O  bir bəy adamdır, amma mən 

arşınmalçı. O mənə qız verməz.... (Kinayə ilə) və bir də versə də, qız gəlməz....  

G ü l ç ö h r ə. Görünür ki, sən subaysan.  

Ə s g ə r.  Lap subayam, allahın bərəkətindən işim də çox yaxşı gedir. Bir parça 

çörəyim var, ac deyiləm. 

G ü l ç ö h r ə. Bəs nə üçün indiyə qədər evlənməyibsən?  

Ə s g ə r.  Nə sayaq evlənim; görmədiyim qızı almaram; gördüyüm qızlardan da  

xoşuma gələn, ürəyimə yatan bir nəfər olubdur ki, onu mənə verməzlər....  

G ü l ç ö h r ə. Qız özü sənə getməzmi?  

Ə s g ə r. Yəqin ki, getməz, çünki o bəy qızıdır.  

G ü l ç ö h r ə. Sən əvvəlcə qızdan soruş, sonra de. Nə bilirsən getməz? 

Ə s g ə r. Doğru buyurursan, xanım, bəs, elə isə de görüm mənə gələrsənmi? 

G ü l ç ö h r ə (təəccüblə). Kim? Mən? 



__________________Milli Kitabxana___________________ 

303 


 

Ə s g ə r. Bəli sən, mənim xoşladığım qız bircə sənsən. 

G ü l ç ö h r ə. Mən elə bildim ki, özgə qızdır.... 

Ə s g ə r. Səndən başqa özgəsi ola bilməz. 

G ü l ç ö h r ə. Bəs sən məni bir kərə görməklə xoşladın? 

Ə s g ə r. Əlbəttə, xanım, göz gördü, könül sevdi. Gözüm səni görən kimi, qəlbim 

sevindiyindən çırpınmağa başladı.  

G ü l ç ö h r ə (kənara).  Vallah mənimki də elə oldu. 

 

M u s i q i 



 

Ə s g ə r. 

Öyrənib pürfənd oldum,  

Özgəyə rüşxənd oldum. (2 dəfə)  

Hər bir dərdə mən doldum,  

Səni gördüm, bənd oldum. (2 dəfə)  

Elə bənd oldum, elə bənd oldum,  

Elə bənd oldum, dilbər!  

Dura bilməm mən sənsiz. 

 

M u s i q i 



 

G ü l ç ö h r ə. 

Heç kəsi mən görməzdim, 

Sirrimi söyləməzdim. (2 dəfə) 

Nədir aşiq bilməzdim, 

Səni gördüm bənd oldum. (2 dəfə) 

Elə bənd oldum, elə bənd oldum. 

Elə bənd oldum, dilbər! 

Dura bilməm mən sənsiz. 

 

M u s i q i 



 

İ k i s i  b i r  y e r d ə. 

Kömək etdi çün ol bəxt, 

Gəldi çatdı axır vəxt. (2 dəfə) 

Ömrümü bildim xoşbəxt, 

Səni gördüm bənd oldum. (2 dəfə) 

Elə bənd oldum, elə bənd oldum, 

Elə bənd oldum dilbər. (2 dəfə) 

Dura bilməm mən sənsiz. 

M u s i q i 



__________________Milli Kitabxana___________________ 

304 


 

Ə s g ə r. Xanım, mən sənə yaraşan deyiləm.  

G ü l ç ö h r ə. Bilmirəm, amma xoşlamışam. 

 

M u s i q i 



 

Ə s g ə r. Görünür, doğru deyirlər ki, qəlb qəlbi istər, xanım.... 

G ü l ç ö h r ə. Mənə xanım demə, adım Gülçöhrədir.  

Ə s g ə r. Gülçöhrə, bəs nə sayaq edək ki, atan səni mənə versin? 

G ü l ç ö h r ə. Məni atamdan istə, verər, verər, verməz--mən özgəsinə  ərə 

getmərəm.... 

Ə s g ə r (kənara). Çox əcəb. (Ona) Atan səni güclə verər.  

G ü l ç ö h r ə. Güclə də getmərəm.  

Ə s g ə r. Səni zorla apararlar.  

G ü l ç ö h r ə. Özümü boğaram. 

Ə s g ə r. Allah eləməsin. İndi ki, belə oldu, qoy bir yaxşı fikir edək görüm bəlkə 

bir əlac taparam. İndi sən get evə, yoxsa bizi görərlər, xudahafiz. 

G ü l ç ö h r ə. Xudahafiz. Amma onu bil ki, sözüm sözdür. (Gedir). 

Ə s g ə r (tək). Deyirəm vallah, ürək elə bir olur. Yazıq qız məni xoşlayıbdır. Özü 

də bilmir ki, dövlətli tacirəm. Mən də  qəsdən demədim ki, qoy axıra kimi qızı 

sınayım. Çox əcəb. İndi mən gedim bir bəhanə ilə xalamı dəxi buraya göndərim ki, 

baxsın, görsün necə qız seçmişəm. 

 

Gedir.  



 

G ü l ç ö h r ə çıxıb ora-bura baxır və sonra oturub fikrə gedir. 

 

G ü l ç ö h r ə. Bu nə iş idi mən elədim. Yad oğlanla nələr danışdım ki, heç qıza 



yaraşmaz.... Bilmirəm haradan gəldi çıxdı. Özü yaxşı, sözü yaxşı.... Heç fikrimdən 

çıxmır.... Ah, necə könlüm pərişan olubdur (Oxuyur). 

 

M u s i q i  



 

Aşiq oldum necə bir tazə güli-rənayə. 

 

M u s i q i 



 

Aşiq oldum necə bir tazə güli-rənayə  

Ki salıbdır məni ol işvə ilə qovğayə. (2 dəfə)  

Aşiq oldum, aşiq oldum, aşiq oldum,  

Necə bir tazə güli-rənayə. (2 dəfə)  

M u s i q i 



__________________Milli Kitabxana___________________ 

305 


 

Gözümün qanı ilə sinəmi al etdim kim, (2 dəfə) 

Səbəbi-sənət ola ol büti-bipərvayə, (2 dəfə)  

Pərvayə, pərvayə. 

Bu bir işdir ki, məni iynə kimi incəldib, (2 dəfə) 

Salır iplik kimi hərdəm bir uzun sövdayə, 

Aşiq oldum, aşiq oldum, aşiq oldum, 

Necə bir tazə güli-rənayə. (2 dəfə) 

 

A s y a və T e l l i çıxıb oxuyurlar.  



 

A s y a və T e l l i. 

 

Nə pərişandır halın 



Gülçöhrə, Gülçöhrə?! 

Nədir bu ahı-zarın? 

Tez söylə, tez söylə. 

Niyə solmuş rüxsarın? 

Gülçöhrə, tez söylə. 

Qıza layiq olmaz kim,   

Dərd etsin, qəm çəksin. (2 dəfə)  

Nədir bu ahı-zarın? 

Gülçöhrə, tez söylə,  

Gülçöhrə, tez söylə. (2 dəfə)  

 

H a m ı s ı içəri girirlər. Bu halda Ə s g ə r  x a l a s ı ilə bərabər çıxır. Cahan 



çarşaba bürünübdür. 

 

Ə s g ə r. Bax, xala, haman qız bu evdə olur. Apararsan bu məxməri və deyərsən 



ki, arşınmalçı göndəribdir. Soruşan olsa ki, sən kimsən, deyərsən ki, arşınmalçının 

xalasıyam. Başa düşdünmü? 

C a h a n. Başa düşdüm, xalan sənə qurban, gedirəm. (Gedib içəri girir). 

Ə s g ə r (tək). Amma getdikcən qıza daha artıq bənd oluram. Günü bu günü 

Süleymanı görsəm göndərəcəyəm ki, gedib elçilik eləsin.... Belə istədiyimi tapdım.... 

Bu ev, bu həyət, bu yol hamısı elə bil ki, üzümə gülür. (Oxuyur). 

 

M u s i q i 



 

Axtarıb tapdım səni, səndəmi sevdin, yar məni? (2 dəfə)  

Gör nə haldır görmür gözüm, şadlığımdan dünyanı  

Gəl-gəl maralım, gəl, gəl-gəl, ceyranım, gəl. (2 dəfə)  

Səni sevdim, yar səni sevdim, gözüm görməz özgəni. 


__________________Milli Kitabxana___________________ 

306 


 

 

M u s i q i 



 

Halal olsun Süleyman. 

 

M u s i q i 



 

Halal olsun Süleyman, sən nə kələkbazsan, şeytan! 

Öyrədib məni yola saldın, mənə rast gəldi yar can. (2 dəfə) 

 

M u s i q i 



 

Gəl-gəl maralım gəl, gəl-gəl ceyranım gəl! (2 dəfə)  

Səni sevdim, yar, səni sevdim, gözüm görməz özgəni. (2 dəfə)  

 

İndi burada dayanmayım. Gedim evə, xalam gəlsin görək nə söyləyəcəkdir. 



(Gedir). 

 

S o l t a n  b ə y bazardan qayıdır, yavaş-yavaş gələ-gələ özbaşına danışır. 



 

S o l t a n  b ə y. Elə hamı mən deyəni deyir: bir hallıca dul arvad ola ki, bir nəfər 

molla, üç manat pul və bir kəllə  qəndlə  iş tamam ola.  İndi mən nə qayırım? Elə 

arvadı haradan tapım? Gəl, ay arvad. Haradasan? Gəl, gəl. (deyən kimi Cahan çıxır 

və buna tərəf gəlir ki, keçsin. Soltan bəy təəccüblə). Paho!... Yoxsa məni qara basır.... 

Yox, deyəsən diri gözlü arvaddır. Özü də bizdən çıxdı. Deyəsən, allah mənimkini 

yetirdi.  (Cahana tərəf gedir) Ay bacı, kimsən, bizdə nə işin var idi? 

C a h a n. Arşın mal aparmışdım, qızlara  göstərəm.  

S o l t a n  b ə y (kənara). Arvad olmağına arvaddır, ancaq üzünü görsəm pis 

olmaz.  (Ona). Yaxşı, bacı bir de, çarşaba bürünmüş kişi olmayasan? 

C a h a n. Buy ... ay qardaş, nə söz danışırsan?  

S o l t a n  b ə y. Bəs elə isə bir balaca üzünü mənə göstər ki, yəqinlik hasil olsun. 

C a h a n (üzünü açıb göstərir). Gördün ki, arvadam! 

S o l t a n  b ə y. Hə, gördüm. (Kənara). Arvadsan, özü də lap mən deyəndən. 

(Ona). Di yaxşı, bir məni başa sal görüm sən kimsən, nəçisən və kimin adamısan? 

C a h a n. Mən arşınmalçının xalasıyam, özüm də qızlara, arvadlara mal satıram. 

S o l t a n  b ə y. Yaxşı, mənə bir demədin ki, görək kimin adamısan. 

C a h a n. Bəy, dəllal Kərbəlayı Nəsirin külfətiyəm, bəlkə tanıyasan? 

S o l t a n  b ə y. Xeyr, tanımıram, mənim dəllal-məllal ilə işim olmaz.... Yaxşı, 

deməli, sənin kişin dəllallıq edir, özün də arşın mal satırsan. 

C a h a n. Bəli, kişim dəllallıq elərdi.  

S o l t a n  b ə y. Edərdi? Bəs indi nə iş görür?  



__________________Milli Kitabxana___________________ 

307 


 

C a h a n. İndi allah bilir ki, nə iş görür; rəhmətlik on iki ildir ki, ölübdür. 

S o l t a n  b ə y (sevinir). Ölübdür? Deməli, sən dulsan?  

C a h a n. Bəli, dulam. 

S o l t a n  b ə y. Belə de də. (Öskürür və özünü düzəldir). Deyirsən on iki ildir ki, 

ərin ölüb dul qalıbsan.... Çox əcab, indi-bəs necə eyləyək? 

C a h a n. (təəccüblə) Nəyi necə eyləyək?  

S o l t a n  b ə y (karıxmış). Yox, belə onu deyirəm ki, mənim də arvadım budur, 

beş ildir ki, mərhum olubdur. Belə olmaq çox pis şeydir. Adam lap tək qalır, bilmir 

ki, nə etsin. (Kənara). Yaxşıca əlimə düşübdür, heç buraxmaq lazım deyildir.  (Cahan 

istəyir getsin Soltan, bəy tez qabaqlayır). Əşi, bir dayan, hara tələsirsən?  

C a h a n. Tələsiyirəm, işim var.    

S o l t a n  b ə y. Daha bundan gözəl nə iş olar, əcəb söhbət eləyirik. Sən dul, mən 

dul, gəl dərdləşək də.... Yaxşı, indi sən deyirsən ki, dulsan, hə? 

C a h a n. Buy, dedim ərim on iki ildir ki, ölübdür....  

S o l t a n  b ə y. Axı burası var ki, mən də dulam....  

C a h a n. Nə olar, allahın əmridir. Tək sənin başında görünməyib ki.... 

S o l t a n  b ə y. Orasını bilirəm.... Bura bax, gəl biz ikimiz bir iş edək.  

C a h a n. Nə iş? 

S o l t a n  b ə y. Belə iş ki, nə sən dul olasan, nə də mən....  

C a h a n. Nə sayaq eləyək? 

S o l t a n  b ə y. Nə sayağı var ki, bir nəfər molla, üç manat pul, bir kəllə qənd, 

şütt-tamam, vəssalam.  

C a h a n. Heç başa düşmürəm ki, nə deyirsən.  

S o l t a n  b ə y. Başa düşmürsən? Əcəb dilbilməzsən! Bəs, elə isə, dürüst qulaq 

as gör nə deyirəm, a dilbilməz. 

 

M u s i q i  



 

(Çırtı vura-vura oxuyur.) 

 

Bir at aldım, hər yanı çapdım, 



Gəl alım, gəl alım, dilbilməz! 

Axır gəlib səni tapdım, maralım, maralım, dilbilməz! 

Aman, aman oy, qaşı kaman oy! 

Gəl alım, gəl alım, maralım, dilbilməz! (Oynayır). 

 

M u s i q i 



 

__________________Milli Kitabxana___________________ 

308 


 

Bir ev tikdim, daş-üstədir, gəl alım, gəl alım, dilbilməz!  

Hər nə desən baş üstədir, gəl alım, maralım, dilbilməz!  

Aman, aman oy, qaşı kaman oy! Gəl alım, maralım, dilbilməz! (Oynayır).  

 

M u s i q i 



 

Sən dul, mən dul, gəl mənə bənd ol, gəl alım; gəl alım, dilbilməz!Hər nə desəm 

ona razı ol, maralım, maralım, dilbilməz!  

Aman, aman oy, qaşı kaman oy! Gəl alım, gəl alım, dilbilməz! 

 

(Bu halda Ə s g ə r gəlir və bunları görür.) 



 

Ə s g ə r. Aha! Xalamın da işi düzəldi. Əcəb! (İrəli gəlir, oynamaqda olan Soltan 

bəyin qulağına.) A bəy! A bəy! Bir dayan söz deyirəm (Soltan bəy səksənib dayanır). 

Axı belə iş yaxşı deyildir; özgənin arvadına eşqnamə oxuyursan. 

S o l t a n  b ə y. Balam, sən kimsən, sənə nə? 

Ə s g ə r. Necə mənə nə? Bu mənim xalamdır. 

S o l t a n  b ə y. Xalandır? Deməli, arşınmalçı sənsən? 

Ə s g ə r. Bəli, mənəm. 

S o l t a n  b ə y. Çox gözəl, çox pakizə. Balam, heç sənin insafın-zadın yoxdur?  

Ə s g ə r. Nə olubdur ki? 

S o l t a n  b ə y. Nə olacaq ki? Bu yazıq arvadı on iki ildir ki, dul saxlayıb ərə 

vermirsən. 

Ə s g ə r (gülümsünür). Nə edim, bir yaxşı adam tapmıram. 

S o l t a n  b ə y. Yaxşı adam--mən. Gəl də!... Gəl qohum olaq, mən də dulam. 

Ə s g ə r (kənara). Aha, yaxşı fürsətdir. (Ona). Doğru deyirsən, bəy, ya zarafat 

edirsən? 

S o l t a n  b ə y. Tayımsan ki, zarafat edim? Lap ürəkdən doğru deyirəm. 

Ə s g ə r. Yaxşı, bəy, fərz edək ki, mən xalamı verdim sənə, bəs  əvəzində  sən 

mənə nə verərsən? 

S o l t a n  b ə y. Nə verəcəyəm? Sənin muzdun bu olar ki, mənim kimi bəylə 

qohum olarsan. Xalanın muzdu o olar ki, canı rahat olar.  


__________________Milli Kitabxana___________________ 

309 


 

Mənim də muzdum budur ki, savab yiyəsi olaram. Daha bundan artıq nə istəyirsən? 

Ə s g ə r. Yox, bəy, bu sayaq sərf eləməz.... 

S o l t a n  b ə y. Bəs nə sayaq sərf elər? 

Ə s g ə r. Bax, bəy, indi ki, mənimlə qohum olmaq istəyirsən, gəl ikibaşlı qohum 

olaq. 


S o l t a n  b ə y (təəccüblə). Nə sayaq ikibaşlı? 

Ə s g ə r. Bu sayaq ki, mən xalamı verim sənə, sən də qızını ver mənə. 

S o l t a n  b ə y (bərk acıqlı). Axmağın birisi axmaq! Nə yava-yava danışırsan?! 

(Xəncərdən yapışır). Mən bəy balası kimi qızımı arşın mal satana verəcəyəm?! 

Cəhənnəm ol buradan sən də, sənin xalan da!... Qudurğanın birisi, bir sillə çəkərəm 

ki, dişlərin qarnına gedər. Rədd ol gözümün qabağından! 

Ə s g ə r (arxayınca). Xala, gəl gedək. (Gedirlər. Kənara). Arşınmalçı Əsgərə qız 

vermədi, amma tacir Əsgərə verəcəkdir. 

S o l t a n  b ə y. Tez ol, itil buradan! (Evə tərəf gedib qapının azğında dayanır və 

gedənlərə baxır. Onlar gedirlər.) Gör nə qudurğan gədədir ki, cürət edib qızımı 

istəyir. (Xəncərini çəkib yüyüryr). Öldürərəm səni qudurğan oğlu, qudurğan. 

(Qayıdıb fikrə gedir). Yoxdur, yoxdur məndə bəxt. Arvad əlimə göydən düşmüş kimi 

olmuşdu, özü də əsl mən deyən hallıca arvad ki, iş bir nəfər molla ilə bir kəllə qəndə 

bənd idi; mərdüməzar oğlu, mərdüməzar hayandan gəldisə bütün işi korladı. Planımı 

dağıtdı. Ey vay.... (Oxuyur). 

 

Nə pis oldu halım mənim, gəl alım, gəl alım, gəl alım, dilbilməz! 



Getdi əldən yarım mənim, gəl alım, maralım, dilbilməz! Aman, aman oy.... (Girir 

içəri.) 


 

P ə r d ə 

 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin